“Aldanmaq istədim, aldandım sənə…” – Şahin Zeynalov Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Növbəti təqdimatdakı ŞahinZeynalovdur. O, çox gəncdir, cəmi 19 yaşı var.

 

2007-ci ildə Şabran rayonunda anadan olub. Uşaq yaşlarından ədəbiyyata böyük maraq göstərib. Buna görə də Azərbaycan dili və ədəbiyyatı müəllimi olmağı məqsəd seçib. 2024-cü ildə qəbul imtahanında 700 bal üzərindan 644 bal toplayıb və Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub. Həmin ildən etibarən, fəal şəkildə şeirlər yazır. İlk kitabı üzərində çalışır.

Gənc Yazarlar Birliyinin üzvüdür.

 

 

ŞAHİN ZEYNALOV

KAŞ OLAYDI…

 

Kaş, səndə də sevən ürək olaydı,

Sevərdin, qalardın yanımda mənim.

Kaş ki, xəyallarım gerçək olaydı,

Çəkərdi telinə sığal əllərim.

 

Yoxluğun qəlbimə dərd olub qalıb,

Sevincdən uzaqdır gənclik illəri.

Kaş, bir dəfə gözün gözümə baxıb,

Yoxa çıxarardı qəmli günləri.

 

Tale də dərdimi sanki bilməyir,

Ona bəlli deyil necə sevməyim?

Bilirsə, bəs niyə üzə gülməyir?

Ona çoxmu gəlir arzu, istəyim?

 

İnan, səndən başqa yoxdur bir arzum,

Səni düşünürəm hər an, gözəlim.

Gəl yuxuma, onu yaxşıya yozum,

Sən gələnə qədər olsun təsəllim.

 

 

O BEŞ GÜNÜMDƏ

 

Dünya beş gündürsə, o beş günümdə

İstərəm ki, baxım gözünə sənin.

Qoy keçsin yanında bütün ömrüm də,

Bənd olum hər şirin sözünə sənin.

 

Çəkməyək heç zaman kədəri, qəmi,

Sənlə olur dünya cənnət aləmi.

Uzaq olsun bizdən ayrılıq dəmi,

Baxım doya-doya üzünə sənin.

 

Bir ömür əlimdə qalsın əllərin,

Mənə xoşbəxtlikdir varlığın sənin.

Nə yollar çəkirsə tale, qismətin,

Düşsün hər addımım izinə sənin.

 

Aylar, illər ötüb keçsə də belə,

Qoymaram baharın qışa çevrilə.

Neçə şeir yazsam, gəlsəm də dilə,

Çatmaz gözəllikdə özünə sənin.

 

 

ALDANDIM SƏNƏ

 

Düşünmə, olmadı kimsə səbəbkar,

Bir sönməz ocaqtək qalandım sənlə.

Heç demərəm sənə, sənsən günahkar,

Aldanmaq istədim, aldandım sənə.

 

Gözümü kor etdi, yəqin, bu sevda,

İtirdim özümü mən bu röyada.

Olmazdım aldanan, inan, dünyada,

Aldanmaq istədim, aldandım sənə.

 

Sən məni endirdin göylərdən yerə,

Vurdun ürəyimə yara min kərə,

Mən də qəribəyəm, göz görə-görə,

Aldanmaq istədim, aldandım sənə.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.