İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Azərbaycan aktyoru, rejissoru Əşrəf Quliyevin doğum günüdür. Unudulmaz teatr xadimi kimi o, bir neçə teatrda səmərəli fəaliyyət göstərib.
O, 29 iyul 1924-cü ildə Bakıda anadan olub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib.
Əşrəf Quliyev Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılan Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib.
1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib "Aktyor sənəti" fakültəsinin dekanı olub.
Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib.
Quruluş verdiyi tamaşalar
Nəcəf bəy Vəzirov adına Lənkaran Dövlət Dram Teatrın səhnəsində
- Mirzə İbrahimov "Yaxşı adam"
- Nəbi Xəzri "Sən yanmasan"
- Mirzə İbrahimov " Kəndçi qızı"…
- Nəbi Xəzri "Əks səda"
Akademik Milli Dram Teatrın səhnəsində
- Vasili Şkvarkinin "Özgə uşağı"
- Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli"
- Həsən Seyidbəylinin "Bağlı qapılar"
- Mirzə Fətəli Axundzadənin "Hacı Qara"
- Sabit Rəhmanın "Əliqulu evlənir"
- Vilyam Şekspirin "Heç nədən hay-küy"
- Aleksandr Ostrovskinin "Müdriklər"
- Cəfər Cabbarlının "Oqtay Eloğlu"
- Sabit Rəhmanın "Toy"
- Cavad Fəhmi Başqutun "Köç"
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
Azərbaycan SSR əməkdar incəsənət xadimi Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.07.2026)


