Super User

Super User

Çərşənbə, 26 Fevral 2025 10:44

Helsinkidə Xocalı faciəsi anılıb

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 26 fevral – Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Xocalı soyqırımı zamanı həlak olmuş günahsız insanların, qadın və uşaqların əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Helsinki Azərbaycan Evinin sədri Ülviyyə Cabbarova “Xocalıya ədalət” beynəlxalq şüarının həm milli, həm də beynəlxalq səviyyədə ədalət çağırışı olduğunu vurğulayıb. O, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Anım mərasimində Türkiyənin Finlandiyadakı Səfirliyinin nümayəndələri, eləcə də Finlandiyada yaşayan soydaşlarımız iştirak edib. İştirakçılar Xocalı faciəsi haqqında ətraflı məlumat verib, beynəlxalq ictimaiyyətin  bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib. Qeyd olunub ki, Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.

Finlandiyada fəaliyyət göstərən “Azər-Türk Gənclər Təşkilatı”nın və Helsinki Azərbaycan Evinin fəal üzvü Mona Savaşovar 2021-ci ildə Finlandiyada Xocalı haqqında nəşr olunmuş məqaləsi barədə məlumat verib. O, məqalənin yerli ictimaiyyətə Xocalı həqiqətlərini çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə bu mövzuda daha genişmiqyaslı işlərin aparılmasının vacibliyini xatırladıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Sizə bir adıyaman alaydan danışacam amma az sonra… Öncə diqqətinizi bir soyada, bağışlayın, soysuz ada çəkim: İvanyan derlərdi ona. - Bu soysuz ad sizə tanış gəldimi? - Kristafor İvanyan (ԻվանյանՔրիստափորԻվանի; ИванянХристафорИванович; 20.12.1920, Tiflis – 30.08.1999, Sankt-Peterburq) — keçmiş SSRİ-nin və müvəqqəti Ermənistanın generalı idi. O, həm II Dünya müharibəsində, həm də I Qarabağ müharibəsində iştirak etmiş, qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun yaradıcılarından biri olmuşdu.

 

Ermənilər soyqırımı törətdikləri Xocalıya İvanyanın adını qondarmışdılar. Öz kəmağılları ilə Xocalı küçələrini də ermənicə dəyişdirmiş, Xocalıya qanunsuz köç təşkil etmiş, “ikinci erməni dövləti”ni ev-ev, küçə-küçə, kənd-kənd, Xocalı-Xocalı qurduqlarına özlərini inandırmışdılar.

Tarix təkcə baş verənlərdən ibarət deyil; ona verdiyimiz anlamlar, ondan çıxardığımız nəticələr və gələcəyə necə daşıdığımızdır, tarix!.. Xocalı bu baxımdan yalnız bir faciənin baş verdiyi yerin adı deyil, həm də Azərbaycan xalqının iradəsinin, mübarizəsinin və yenilməz ruhunun simvoludur. Qanla yazılmış, göz yaşları ilə möhür vurulmuş bu səhifə artıq bir matəm gününü anlatmır; eyni zamanda, dirənişin, əzmkarlığın və zəfərin hekayəsidir!..

Xocalı Soyqırımı tariximizin ən ağrılı, lakin eyni zamanda ən böyük dərslərindən biridir. O gecə dinc insanların qətlə yetirilməsi təkcə bir xalqın yox, bəşəriyyətin yaddaşına həkk olunmalı dəhşət idi. O dəhşətli gecədən 33 il keçib. Hissimizin adı kin deyil - biz qalib xalq və qalib dövlət olaraq bizə yaraşanı edirik; lakin bu, əsla unutmaq anlamına gəlməməlidir. Unutmaq düşmənin arzuladığı bir məşğuliyyət və məğlubiyyətdir. Xocalının ən ağır gününü unutmamaq bizim borcumuzdur – ancaq ağlaşma ilə deyil, onu gələcəyə ədalət, güc və quruculuqla daşımaqla!..

 

Haşiyə:

366-cı alayı da unutmamışıq. Necə bir “təsadüf”dür: o alay qurulduğu ilk illərdə də türk ulusuna, İslam ümmətinə qarşı vuruşub, son pisliyini də türk ulusuna, İslam ümmətinə etdi: Türküstandan Xocalıyadək!..

Alay öz başlanğıcını bolşeviklərin Türkistanda açdığı cəbhənin 3-cü Türkistan süvari diviziyasından götürüb. 366-cı alayın “əcdad”ı olan diviziyanın bir qolu olan süvari briqadası 30-cu illərə qədər Türkmənistanda basmaçılarla döyüş əməliyyatlarında iştirak edib. Bundan öncə də, sonra isə yenidən təşkil edilmiş alayın yeri, bir müddət sonra, Özbəkistana - Fərqanə və Namanqana dəyişdirilmişdi.

 

II Dünya müharibəsindən sonra (1945-ci ilin oktyabrında) adı, sayı və s. bir daha dəyişdirilmiş alay, o zamankı Zaqafqaziya Hərbi Dairəsinin 40-cı Ordusunun tərkibinə - Azərbaycana köçürülümüşdü. 31-ci mexaniki qvardiya qərargahı (qoşun hissəsi 06715) və diviziyanın hissələrinin çoxu Şəmkirdə yerləşdirilmişdi. 1957-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 31-ci qvardiya mexanikləşdirilmiş diviziyası 25-ci qvardiya motoatıcı diviziyasına çevrilmişdi. Diviziyanın xətt alaylarının sayı, sıralaması yenidən dəyişincə, keçmiş qvardiya mexanikləşdirilmiş alayı 366-cı qvardiya motoatıcı alayına çevrilmiş oldu.

1985-ci ildə 366-cı alay Şəmkirdən keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati mərkəzinə köçürüldü. Rəhbərliyində xeyli erməninin olduğu keçmiş SSRİ Silahlı Qüvvələrinin bu yerdəyişmə qərarı, sizcə, təsadüf idimi? 366-cı alayın köçürülməsinə qədər keçmiş DQMV ərazisində böyük hərbi birləşmələr mövcud deyildi. Bu yerdəyişmə keçmiş Zaqafqaziya Hərbi Dairəsinin rəhbərliyi ilə yüksək vəzifəli erməni millətçilərinin gizli danışıqlarına əsasən baş verməyibsə, bəs nəyə və kimə görə baş vermişdi?..

Belə sualların cavabı, yerdəyişmədən cəmi 3 il sonra Xankəndinin baş meydanında duyulan “Miatsum” bağırtısında üzə çıxmadımı? Xocalı Soyqırımı 366-cı alayın yerdəyişməsinin öncədən planlaşdırılmış bədniyyətli hərəkətin və hərəkatın tərkib hissəsi olduğunu təsdiqləmədimi?..

Bəli,

Xocalı Soyqırımı rəsmi İrəvanla Kremlin ortaqlaşa törətdiyi insanlıq dramıdır. Nə tarixin, nə də bizim unutmaq haqqımız yoxdur!

 

***

Beləliklə, 

uzun illər Azərbaycan öz səsini dünyaya çatdırmaq üçün mübarizə apardı. Biz bizi eşitmək istəməyənlərə haqq davamızın ədalətli olduğunu sübut etmək üçün diplomatiya meydanında, informasiya savaşında, beynəlxalq platformalarda mübarizə apardıq. “Xocalıya Ədalət” kampaniyası təkcə bir çağırış deyil – bu, xalqımızın toxtaqlığını, diplomatik bacarığını, haqq yolunda dönməz iradəsini, ləyaqətli davranışını nümayiş etdirir.

Tarix göstərdi ki, çağdaş dünya heç də çağdaş deyil və ədalət yalnız güclə qorunur. 2020-ci ildə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək, bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad etdi.

Bundan 17 ay öncə - 2023-cü ilin payızının ilk ayında antiterror tədbirləri oldu və çox keçmədən Xocalıda da bayrağımız qaldırıldı!

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalıda Dövlət Bayrağını ucaltdığı an təkcə bir simvolik hadisə deyil, tarixin dönüş nöqtəsi, daha doğrusu, haqqın qalibiyyət nidası oldu!

Xocalı artıq nə yas yeri, nə də intiqam meydanıdır!

Xocalıya qayıdış Zəfərin dirçəltdiyi ruhun təntənəsidir! Biz təkcə məğlubiyyətin yaralarını sağaltmırıq, biz torpağa yeni həyat verir, onu yenidən Azərbaycan ruhu ilə canlandırırıq.

Xocalı indi yalnız keçmişin adı, xatiratı deyil – o, gələcəyin şanıdır!

 

Xocalı Soyqırımını, 

Qarabağın keçmişdəki qara günlərini, 

bir sözlə, Azərbaycan həqiqətlərini dünyaya məğrur görkəmdə çatdırmaq, milli gücümüzü qorumaq başqa bir dirçəliş hadisəsi, ayrı nizam, fərqli düzəndir.

Nə ağlaşmağa, nə də unutmağa bir daha yol verməyəcəyik! 

Biz Xocalını, Qarabağı, Zəngəzuru, Azərbaycanı yaşadacaq, quracaq və gələcəyə daha güclü addımlarla irəliləyəcəyik! And olsun!

Şəhidlər ölmədi, 

Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Çərşənbə, 26 Fevral 2025 08:30

Heş vaxt unudulmayacaq BƏŞƏRİ CİNAYƏT!

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

İllərdi xalqımıza min cür müsibət, bəla gəlmişdi. İstər keçmiş dövrlərdə, istərsə də indiki dövrdə ölkəmizin başına yalnızca vicdansız, qansız insanların törədə biləcəyi oyunlar açılmışdı. Xocalı Faciəsində, Qanlı Yanvar və  uğrunda neçə  min igidin canından keçdiyi 1-ci və 2-ci Qarabağ müharibəsində də günahsız insanlara qarşı zorakılıq edilmişdi.

 

Təkrar-təkrar deyilir ki, bu rəqəmləri hamı yadında saxlasın: 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni dəstələri Xocalının işğalına başladılar və neçə-neçə insanı qətlə yetirdilər. 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər ahıl və qoca insanlardan ibarət nə az, nə çox tam 613 nəfər amansızcasına öldürülməklə qalmamış, meyitləri də təhqir olunmuşdu. Taleyi hələ də məlum olmayan 150 nəfərində içində olduğu 1275 nəfər isə girov götürülmüşdü. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən 1-ni itirmişdi. Bu, erməni  milləti tərəfindən xalqımıza törədilmiş qanlı bir qətliamdı.

 

Xocalıya 3 istiqamətdən hücum olunmuşdu. Buna görə də əhali kürün sağ qolu olan və Şuşa, Xankəndi, Ağdam və Ağcabədi rayonları ərazisindən axan Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Bu çay Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, Xəlfəli və Zarıslı çaylarının birləşməsindən əmələ gəlir. Meşədə zəifləmiş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

 

Xocalı faciəsində baş vermiş həyat hekayələrindən söz açım.

 

Xocalıda bir ailə yaşayırdı. Cəmi-cümlətanı bir övladları var idi. O qızcığaz illər sonra onlara bəxş olunmuşdu. Qaçdıqları yerdə 6 yaşlı uşağın ayaqqabısı ayağından çıxdı, geriyə dönüb onu götürmək istəyəndə erməni gülləsinə tuş gəldi. Anası: balam – deyə qışqırdı. Alnından vurmuşdular. O alın ki, atası qızını hər daim üzünün o hissəsindən öpürdü. Və indi anasının bütün üzü qızının al qanına boyanmışdı. Üzərindəki qanı görən qadın özünü itirdi. Gözləri, dodaqları əsməyə başladı. Ayaqları cismini saxlaya bilmədi, o, tirtap yerə yıxıldı. Çox qəribə idi, bu mənzərə qarşısında onun gözlərindən yaş axmırdı, qurumuşdu göz yaşları sanki. Öz – özünə danışmağa başladı: gözəl qızım, nastı balam, mavi gözlüm deyə sayıqlayırdı. Atasının gözləri doldu, hönkür – hönkür ağlamağa başladı. Erməni vəhşiləri kişini tutub kənara çəkdilər. Vəhşi sözü az qalar bu caniləri təsvir etməyə. Gözləri qarşısında qızını tankın süngüsünə keçirdilər. Qan ətrafa fışqırdı. Ermənilərin əllərindən vurnuxub çıxmaq istədi, alınmadı. Döyməyə başladılar, sonra dizləri yerə  çökük vəziyyətdə başını yuxarı qaldırdılar. Onsuz da canı yanırdı, bir az da yandırmaq istədilər. On il bir yastığa baş qoyduğu yoldaşını gözləri önündə təcavüz etməyə başladılar. O qədər qəddar insanlardı ki, acı verməkdən doymurdular. Xanımı dinmirdi, yerdə yatan cansız bir bədən idi sanki. Qadının saçından tutub ayağa qaldırdı vəhşi erməni canisi. Əlindəki bıçaqla qadının başını kəsməyə başladı. Yoldaşının gözü hədəqəsindən çıxacaq qədər böyüdü. Bir insan necə mərhəmətsiz, vicdansız ola bilər axı? Qızını, xanımını gözləri önündə həyatdan məhrum etdilər. Yaşasaydı bu anlar gözləri önünə bəlkə də hər an gələcəkdi. Yaşamağa imkan versəydilər. Lakin onu da öldürdülər, qollarından tutub qarın üzərində sürüyə -  sürüyə tankın altına atdılar, sonra da üzərindən keçib qanına qəltan etdilər. Onlar bir ailəni beləcə məhv etdilər.

 

O vaxtı Hüseynağa adlı bir döyüşçü var idi. Düşmənimiz olan ermənilər onun qabırğalarını sındırmışdılar. Yadıma gəlir, Səttar adlı bir adama deyirlər: Səttar kişi, sənin Zahid adında oğlun var?

Deyir, “yox”.

—Səttar kişi diqqətli ol, sənin Zahid adında oğlun var?

Deyir, “yoxdur”.

Meyitin üstünə fanarı vurun deyirlər. Pərdəni çəkirlər, açılır pərdə. Ata görür ki, oğlunu öldürüblər burda. Aman Zahid oğul – deyəndə həmin əyləşdiyi stolda, taxta stolda iynə vurmadan 5 dişini çıxarmışdılar erməni terrorçuları. Bunlar vicdansız ermənilərin insanlara etdikləri vəhşiliklərin bir qismidi. Çox əzab veriblər, çox.  Faiq Alməmmədova deyirlər ki – „Faiq, sən denən ki, Qarabağ ermənilərindi, biz səni öldürməyəcəyik. Lakin Faiq bunu demir. Ona görə də bədənini “aşsüzənə” döndərmişdilər, bədənində salamat yer yox idi onun. Eyni sualı Təvəkkül adlı yaşlı bir sürücüyə də verirlər. O da demir. Bağlayırlar ağaca əlləri arxada çarpazlanmış şəkildə. 8 yaşlı Xəzəngül :  mənim atamı öldürməyin nolar – deyir . Orda camaatın gözü qarşısında onu diri – diri benzin töküb yandırdılar ermənilər. 

 

O günlərin şahidi olmuş Bahar ana yaşanmış erməni vəhşiliklərindən birini danışır. O belə qeyd edir: Bir cavan gəlinin meyidini gətirirlər. Görürlər ki, qadının qarnı enib – qalxır,  tərpəniş var. Qarnını açırlar, 4 dənə pişik balası gəlinin qarnından çölə çıxır.

 

Xocalı faciəsində və Vətənimizə qarşı edilmiş bütün terror əməliyyatlarında həyatını itirən cəmi Şəhidlərimizə Allah rəhmət eləsin!

Amin!


19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

3 rəngli, şanlı bayrağımız daim ucalarda dalğalan inşəAllah!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

ABŞ-in İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransı keçirilib. Tədbir ölkənin aparıcı ali təhsil ocaqlarından Harper Kollecində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransda müxtəlif ştatlarda fəaliyyət göstərən və Amerika Azərbaycan Təşkilatları Alyansına daxil olan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan icmasının üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dəki Səfirliyinin, Türkiyənin Çikaqodakı Baş Konsulluğunun əməkdaşları, ölkənin aparıcı ali təhsil müəssisələrinin professorları, siyasi analitiklər, jurnalistlər iştirak edib.

Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub.

Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və təşkilatın sədr müavini  Mehriban Məmmədova soyqırımı haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, hər il Amerika cəmiyyəti sistemli şəkildə bu müdhiş hadisə ilə bağlı məlumatlandırılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, dünya azərbaycanlılarının “Xocalıya Ədalət” kampaniyasında fəal iştirakından və beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən danışıb.

Türkiyənin Çikaqodakı baş konsulu Tahir Bora Atatanır, ölkəmizin Vaşinqtondakı səfirliyinin birinci katibi Fərid Zeynallı, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü, Şimali Karolina Universitetinin professoru Əli Əsgərov çıxışlarında soyqırımı ilə bağlı geniş məlumat verib, bu dəhşətli hadisəni törədənlərin hüquqi müstəvidə cəzalandırılmasının və beynəlxalq səviyyədə cavab verməsinin vacibliyini vurğulayıblar.

Çində fəaliyyət göstərən geosiyasi analitik Malik Ayub Sumbal Xocalı soyqırımı ilə bağlı tarixi faktlara diqqət çəkib, faciənin dəhşətlərinin xarici mətbuatda işıqlandırılması haqqında danışıb. “Tovuz to Karabakh: A Comprehensive Analysis of War in South-Caucasus” (“Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili”) adlı kitabın müəllifi münaqişənin tarixinə dair fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Mark Ermənistanın Xocalıda törətdiyi qətliamı müasir dünyanın ən böyük və ağlasığmaz vəhşiliklərindən biri adlandırıb.

Amerika Azərbaycan Təşkilatları Alyansının katibi, Floridadakı Azərbaycan-Amerika Gənclər Təşkilatının sədri Nabat Eminova ədalətin bərpa olunmasında soydaşlarımızın birgə səylərinin ciddi rol oynadığını nəzərə çatdırıb. Gənc soydaşımız Fatimə Əsgər tədbir iştirakçılarının soyqırımı haqqında daha müfəssəl məlumatlandırılması üçün fəallıq nümayiş etdirib.

Konfrans çərçivəsində ABŞ-də təhsil alan azərbaycanlı tələbə Ağadadaş Balaqadaşovun moderatorluğu ilə panel baş tutub. Panel müzakirələri tarixi faktlarla zənginliyi və soyqırımla bağlı dərin təhlillərin aparılması ilə yadda qalıb. Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarına səfər etmiş braziliyalı jurnalist Fabiana Mendes Qarabağda gördüklərini dilə gətirib və qədim Azərbaycan torpaqlarında törədilən vandalizmdən dəhşətə gəldiyini bildirib. O, azərbaycanlı jurnalistlərin mina partlayışları nəticəsində həlak olmalarına da diqqət çəkib.

Amerikalı jurnalist, “BBC”, “CNN” və “Əl-Cəzirə” kanallarında siyasi şərhçi kimi fəaliyyət göstərən Kelvin Dark müzakirələrdə yaxından iştirak edib, Qarabağa səfəri barədə danışıb, səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib. O, hazırda mina təhlükəsi səbəbi ilə Qarabağda insanların həyatlarının davamlı təhlükə altında olduğunu, həmçinin bölgədə böyük yenidənqurma işlərinin aparıldığını qeyd edib.

“Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransında bir neçə videoçarx və sənədli film nümayiş olunub. Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşünün əks olunduğu videoçarx, ELTV Media qrup və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin “Azərbaycan tarixi” layihəsi çərçivəsində hazırlanmış Xocalı soyqırımından  bəhs edən film, soyqırımı şahidlərinin xatirələrini əks etdirən videoçarx, Azərbaycanın tarixi torpaqlarında aparılan yenidənqurma işlərinin yer aldığı digər videomateriallar maraqla izlənilib.

Konfransın bədii hissəsində Aqil Hüseynov tarda Bayatı-Şiraz ifa edib, İllinoys ştatında yaşayan pianoçu Günay Ələskərovanın ifasında öz bəstəsi olan “Xatirələr”  səslənib.

Qeyd edək ki, artıq ikinci ildir Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə elmi və tarixi müzakirələrin aparıldığı belə konfrans təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəllimlərin attestasiya prosesi iki il ərzində başa çatdırılacaq. 

Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son iki il ərzində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin həm forması, həm də məzmunu üzrə geniş islahatlar həyata keçirilməyə başlanılıb. İlk dəfə olaraq ötən il şagirdlərin musiqi məktəblərinə qəbulu elektronlaşdırılıb. Müəllimlərin işə qəbulu isə iki mərhələli və tam şəffaf şəkildə təşkil edilib. 2023-cü ildə 253, 2024-cü ildə isə 237 müəllim uğur qazanıb. Yeni müəllimlərin 63 faizi ali təhsillidir.

Qeyd olunub ki, bu il ilk dəfə incəsənət məktəblərinin idarəedilməsi üçün İMES rəqəmsal platforması yaradılıb. Bu sistem tədris prosesinin izlənilməsi, müəllim-şagird məlumat bazasının formalaşdırılması, elektron cədvəllərin yaradılması və analitik təhlillərin aparılmasına xidmət edəcək. Hazırda bu sistemdə çalışan müəllim heyətinin 80 faizə yaxını orta ixtisas təhsillidir. Ali təhsilli müəllimlərin sayı cəmi 17 faizi təşkil edir ki, onların da yalnız yarısı profil üzrə ixtisaslaşıb.

Mədəniyyət Nazirliyi müəllimlərin peşəkar bacarıqlarının qiymətləndirilməsi və inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirir. İlk dəfə olaraq nazirlik tabeliyində fəaliyyət göstərən müəllimlərin peşəkar bacarıqlarının və səriştələrinin ölçülməsi məqsədilə qiymətləndirmə-attestasiya prosesi təşkil ediləcək. Bu prosesin iki il ərzində başa çatdırılması nəzərdə tutulur. Bundan sonra isə musiqi və incəsənət müəllimlərinin ehtiyaclarına uyğun təlimlərin keçirilməsi, açıq dərslərin təşkili və müəllim hazırlığı ilə bağlı ali və orta ixtisas təhsil müəssisələri ilə əməkdaşlıq planlaşdırılır.

Attestasiya prosesi ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində başlayacaq və daha sonra digər bölgələri əhatə edəcək. Sosial mediada bəzən musiqi və incəsənət məktəblərində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə ehtiyac olub-olmaması müzakirə edilir. Bəziləri bu addımı işdən azad etmə vasitəsi kimi dəyərləndirir. Lakin nəzərə almaq lazımdır ki, müəllimlər gələcəyimizin təminatçısı olan şagirdlərin təhsilinə birbaşa təsir göstərir və öz üzərində daim işləməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Azərbaycan Turizm Bürosu fevralın 18-dən 24-dək müvafiq olaraq Bakı, Daşkənd və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində iştirak edib.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 25-dən çox aparıcı turizm şirkətləri və turoperatorları ilə görüşlər keçirilib, sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Premium turizm bazarına fokuslanan müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq səviyyəli dağ-xizək, sağlamlıq və istirahət mərkəzləri, o cümlədən lüks turizm imkanları və biznes turizmi sektoru haqqında iştirakçılara məlumat verilib.

 

Qeyd edək ki, ümumilikdə 2024-cü il ərzində Mərkəzi Asiya regionundan Azərbaycana səfər sayı 180 min 528 nəfər təşkil edib ki, bu da öz növbəsində 2023-cü illə müqayisədə 34 faizdən çox artım deməkdir.

 

“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana, Aktau, Daşkənd və Düşənbə arasında yerinə yetirdiyi birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artırır və ölkələrarası əlaqələri gücləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 20:01

Rostovda Azərbaycan klubu fəaliyyətə başlayıb

 

Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində fəaliyyət göstərən Don Dövlət

Texniki Universitetində Azərbaycan klubu yaradılıb.

 

Tədbirdə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Rostov Regional bölməsinin fəalları və Don Dövlət Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, klubun həm Azərbaycanlı tələbələr, həm də Azərbaycan mədəniyyəti və ənənələrinə daha yaxından bələd olmaq istəyənlər arasında birliyi, həmrəyliyi təşviq edəcəyi, onlar arasında əlaqələrin, təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyi bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 19:51

Xarici media nümayəndələri “ASAN xidmət”də

 

Fransa müstəmləkəçiliyi altında olan ərazilərin media nümayəndələrinin “ASAN xidmət” mərkəzinə səfəri təşkil edilib. Görüşdə “ASAN xidmət” konsepsiyası, habelə vətəndaşların müvafiq dövlət xidmətlərindən effektiv şəkildə istifadə etməsi təcrübəsi qonaqlara təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, bu modelin müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Görüş zamanı ASAN könüllüləri və onların fəaliyyəti ilə yaxından tanışlıq olunub, eləcə də könüllülük prinsipləri müzakirə edilib. Adalardan olan könüllülər üçün təlimlərin keçirilməsi ilə bağlı niyyət ifadə edilib. Beynəlxalq əməkdaşlıq perspektivlərini genişləndirmək baxımından “ASAN xidmət” təcrübəsinin paylaşılmasının, oxşar təşəbbüslərin tətbiq edilməsinin faydalı ola biləcəyi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bazar ertəsi səhər Kiyevə qatarda gəlib, özü də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının üçüncü ildönümünü qeyd etmək üçün. 

Xanım Lyayen, eyni zamanda gəlişinin digər səbəbini də izhar edib: Donald Trampın Moskvayla danışıqlara gedən irəliləyişləri Avropa ittifaqı tərəfdaşlarında narahatlıq yaradıb, tələsik bir razılaşmanın bütün qitəni Kremlin ekspansionizminə qarşı həssas edə biləcəyinə dair qorxuları artırıb.

Avropa Komissiyasının sədrinin Ukraynanın gərgin maliyyə vəziyyətinə əlavə likvidlik təmin etmək və onun yerli sənayesindən hərbi avadanlıq alımını asanlaşdırmaq üçün 3,5 milyard avroluq maliyyə yardımı paketini təqdim etməsi gözlənilir.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

“Uzun illərdir davam edən 1915-ci il hadisələri hekayəsini şübhə altına alaraq mübahisələri alovlandıran Ermənistan Baş naziri Nikol Paşinyan həm ölkə daxilində, həm də qlobal erməni diasporunda tənqidlərə məruz qalır. Onun açıqlamaları “erməni soyqırımı”nın formalaşmasında Sovet İttifaqının roluna və bu təbliğatın arxasında duran geosiyasi motivlərə işıq salır...”

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Nikol Paşinyan və 1915-ci il hadisələri” başlıqlı məqalədə Paşinyanın Davosda çıxışının qəbul edilmiş tarixi təsəvvürlərə meydan oxuduğu, bununla da həm qızğın müzakirələrə, həm də erməni millətçilərinin və beynəlxalq müşahidəçilərin kəskin reaksiyalarına səbəb olduğu göstərilib. 1915-ci il hadisələrinə dair soydaşlarının şərhinə şübhə ilə yanaşdığını bildirən erməni Baş nazir onların uzun illər formalaşmış versiyalardan əl çəkməmələrini tənqid edib.

Paşinyana görə, bu hadisələr zamanı dəqiq nəyin və niyə baş verdiyini, eləcə də “erməni soyqırımı” məsələsinin nə üçün 1939-cu ildə gündəmə gətirilmədiyini, 1950-ci illərdə qəfildən aktuallaşdığını anlamaq vacibdir. Paşinyanın bəyanata həm Ermənistan daxilində, həm də qlobal erməni diasporunda çox sərt reaksiya verilib. O, Ermənistanın milli təhlükəsizliyini təhdid sayılacaq “təhlükəli” bəyanatlar səsləndirməkdə ittiham olunub. Paşinyan ermənilərin uzun illərdir “erməni soyqırımı” adlandırılan 1915-ci il hadisələrindən siyasi və milli məqsədlərlə öz maraqlarını dünyada təbliğ etmək, hətta Türkiyəyə siyasi ziyan vurmaq üçün istifadə etdiklərini söyləyib. Onun sözlərinə görə, bunu təkcə ermənilər deyil, həm də sovetlər edib. Bu da Ermənistanın baş nazirinin daha kəskin şəkildə tənqid olunmasına gətirib çıxarıb.

Məqalədə Paşinyana istinadən yazılıb ki, əlavə miflərlə “soyqırımı” hekayəsini Sovet İttifaqı uydurub, Ermənistan Sov.İKP MK üzvü Karen Dəmirçyan isə təbliğ edib. Müəllifin fikrincə,  Paşinyanın 1950-ci illərin adını çəkməsi də təsadüfi deyil. Belə ki 1952-ci ildə Türkiyə NATO-ya üzv qəbul olunub. Nəticədə sovetlər Türkiyəyə təzyiq göstərmək üçün erməni tarixindən istifadə etməyə başlayıblar. Bu vəziyyət sovetlərin ermənilərin qayğısına qalmaq və ya 1915-ci il hadisələri ilə bağlı həqiqəti üzə çıxarmaq istəyindən deyil, türklərə nifrətindən və Sovet İttifaqının düşməni olan NATO üzvlərinə zərər vermək istəyindən irəli gəlib. Bununla belə, Sovetin “erməni soyqırımı”nı təbliğinə, hadisələrin şərhinə miflər əlavə etməsinə baxmayaraq, bu hekayənin yaradıcısı elə ermənilər özləridir.                                                            

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://thej.ca/2025/02/17/nikol-pashinyan-and-the-events-of-1915/

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.