
Super User
Sumqayıtda “Gənclərə tövsiyələr"in panel- müzakirəsi
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt Gənc Müəllimlər birliyinin və Sumqayıt MKS uşaq bölməsinin birgə təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovun "Gənclərə tövsiyələr" kitabı üzərindən panel- müzakirə keçirilib.
Öncə ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra uşaq bölməsinin hazırladığı millət vəkilinin fəaliyyətini əks etdirən "Yol və zirvə" adlı videoçarx nümayiş etdirilib.
Moderator, yazıçı- dramaturq, kulturoloq Hafiz Ataxanlı dövlətçilik tariximizə ekskurs edib, yeni dünya nizamında önəmli yer tutan ölkəmizin siyasi- beynəlxalq nüfuzunu, iqtisadi inkişafını vurğulayıb və təbii ki, bu tərəqqidə hər bir gəncin uğur hekayəsinin ümümi işə töhfəsindən danışıb.
"Gənclərə tövsiyələr"in müəllifi, kreativ layihələri ilə seçilən millət vəkili kitabın yazılma ideyasından söz açıb. Dövlətimizin gənclər siyasətinin istedadlı gənclərə yol açdığını xatırladıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, "Zərdabi" nəşriyyat- poliqrafiya müəssisəsinin direktoru, Həsən bəy Zərdabi nəslinin nümayəndəsi Aydın Məlikov, REHA təhsil- təlim mərkəzinin rəhbəri İlhamə Axundova, şəhər 5 nömrəli məktəbin direktor müavini Arzu Əliyeva, şair Hikmət Fərzəli, şair-publisist İlhamə Məhəmmədqızı, şair Gülnar Ümid, tələbə İlahə Bağıyeva və başqalarının çıxışlarında və millət vəkilinə ünvanlanan suallarda vacib məsələlərə işıq salınıb.
Lütfizadə məntiq olimpiadasının qalibi Kənan Nəcəflinin səmimi çıxışı da maraqla qarşılanıb.
Sumqayıt MKS uşaq bölməsinin rəhbəri Yeganə Hüseynova və Sumqayıt Gənc Müəllimlər birliyinin rəhbəri Rəna Nəcəfli millət vəkilinə və qonaqlara təşəkkürlərini bildiriblər.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin Simli kvarteti Könül Bəbirovanın rəhbərliyi ilə musiqi nömrələri ifa ediblər.
Sonda millət vəkili Ceyhun Məmmədov bir daha gənclərə öz tövsiyələrini söyləyib, qaldırılan məsələlərin həllinə yardımçı olacağına söz verib.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Dohada “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi keçirilib
NARGIS jurnalı Dohanın Qətər Milli Kitabxanasında “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatını keçirib.
Tədbirdə Qətər Milli Kitabxanasının prezidenti Dr. Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Şeyha Vadha Al Tani, mədəniyyət nümayəndələri, həmçinin Qətərdəki Azərbaycan səfirliyinin qonaqları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə jurnalın redaksiyası mediada reklam materialı yerləşdirib.
“Əlifba: A Cultural Alphabet” kitabı rəngarəng illüstrasiyalardan ibarət olan, həm böyüklər həm də uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının hər bir hərfi ölkəmizdə yerləşən memarlıq abidələri, sənət əsərləri, ölkəmizin tarixi ənənələri və folkloru ilə bağlıdır. Hər bir hərfə aid mətn geniş araşdırmalar əsasında yazılıb.
Layihənin ideyası NARGIS jurnalının baş redaktoru və bir çox unikal yaradıcı layihələrinin müəllifi olan Ülviyyə Mahmuda aiddir. Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünə gətirməkdir.
Kitab dörd dildə təqdim olunub: ingilis, ərəb, fransız və ispan dillərində. Kitabın əsas məqsədi Azərbaycanın tarixini, mədəni irsini və Azərbaycan dilini təbliğ etməkdir.
Mərasimdə NARGIS jurnalının direktoru Müjgan Qafarzadə qonaqları salamlayaraq, layihənin tarixindən danışıb.
Təqdimat çərçivəsində “History in Letters” adlı sənədli animasiya dramı nümayiş olunub. Bu film tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu, sadəcə, bir sənədli animasiya filmi deyil, həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.
Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animasiya rəssamları isə Kənan Şeyxzamanlı və Nərgiz Heydərdir. İllüstrasiyalar rəssam Orxan Hüseynov tərəfindən hazırlanıb.
Heykəltaraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusi altlıq hazırlayıb. Tədbir zamanı Ülviyyə Mahmud kristalı Şeyha Vadha Al Taniyə hədiyyə edib.
Layihə üçün xüsusi olaraq hazırlanan “Welcome to Baku” adlı instalyasiya isə rəssam və heykəltaraş Rəşad Ələkbərov tərəfindən təqdim olunub.
Daha sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin NARGIS jurnalının fevral buraxılışı, posterlər, açıqcalar, xəritə və kəlağayı hədiyyə olunub.
Axşam saatlarında isə “Əlifba. A Cultural Alphabet” kitabında təqdim olunan illüstrasiyaların işıq proyeksiyası Marina Twin Tower binasının üzərində nümayiş etdirilib. Beləliklə, şəhərin sakinləri və qonaqları layihəmizlə vizual şəkildə tanış olublar.
“Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə ilk dəfə İstanbulda, 2024-cü ilin iyun ayında isə Berlində təqdim olunub. 2025-ci ildə layihə dünyada daha da genişlənəcək: Dohadan sonra kitab Rabatda, Madriddə, Londonda və digər şəhərlərdə təqdim ediləcək.
NARGIS jurnalı baş sponsor "PASHA Holding"ə, Qətərdəki Azərbaycan Ticarət Korporasiyasına, Azərbaycan Respublikasının Qətərdəki səfirliyinə tərəfdaşlıq və dəstək göstərdiklərinə görə və "Kazunion Turoperator"a dərin minnətdarlığını bildirir.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
“Bir özgə üzüyə küsər əllərin…” - İbrahim Aybarsın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İbrahim Aybarsın şeirləri təqdim edilir.
Titanik, bəlkə də
batar içində...
Bir ürək bu qədər kövrələcəksə,
Sirrini dil niyə tutar içində?
Əzmlə sahilə üzən insanın
Titanik, bəlkə də batar içində...
Dərd-qəm sizlərə gəlməsin şirin,
Şirinsə, dərdimin götürün birin.
Bu coşqun adamı gecə dindirin,
Əsrin yorğunluğu yatar içində...
Köhnələn oyunlar və köhnə hamam,
Qəlbləri daşdandır, qayadandır tam.
Həyatda arzuya çatmayan adam
Asılmış bir dara çatar içində.
Yıxılar, gülüm
Unutmaz Tanrı heç olub-keçəni,
Hər şeyə məhşərdə baxılar, gülüm.
Bir özgə üzüyə küsər əllərin,
Vaxt gələr, barmağın sıxılar, gülüm!
Axı çox gözəldi sənin gülüşün,
Axı məhv elədi məni gedişin.
Axı həsrətini çəkdim keçmişin,
Çıxar axırımıza "axı"lar, gülüm.
Məni sən ovutdun, səni seanslar,
Pozulub həyatda olan balanslar.
Taleyin hökmüylə bütün bu şanslar
Bizim üzümüzə çaxılar, gülüm!
Bu zaman oxundan geriyə baxsaq,
Sevgimiz olmazdı bu cürə axsaq.
Bir illik həsrətin əlin buraxsaq
Böyüməz, böyüməz yıxılar, gülüm!
Gözlədim mən səni...
Gözlədim mən səni, harda qalmısan?
Gözlərim yol çəkir, şəkil əvəzi.
Gözlədim mən səni, harda qalmısan?
Yoruldu qəmlərdən sınıq tərəzi...
Gözlədim mən səni, harda qalmısan?
Doğmatək girmişdim bəs ürəyinə?!
Gün gələr, torpaqla doğmalaşaram
Torpaq qucaqlayar sənin yerinə.
Gözlədim mən səni, harda qalmısan?
Həsrətin gör məni nə hala salıb.
O günəş gözlərin uzaqlaşandan
Günün gündüzündə günüm qaralıb.
Gözlədim mən səni, harda qalmısan?
Gözləmək yerinə, kaş getməyəydi.
Kabuslu yuxudan oyanan zaman
Dərdimi başqası eşitməyəydi...
Mən uşaq olanda
Mən uşaq olanda belə deyildi,
Heç nə bilmirdim, amma xoş idi.
Nə qədər qəlbi boş bədən gəzirmiş,
Onda "kukruz"ların içi boş idi...
Mən uşaq olanda belə deyildi,
Yaramı öpərdi, anam keçərdi.
Böyüdük, ölümlü həyatı gördük,
Onda oyuncağın daşı ölərdi.
Mən uşaq olanda belə deyildi,
Zaman da sovrulub tez keçməz idi.
Mən belə anladım, onda əcəl də
Bizdən can almağa tələsməz idi.
Mən uşaq olanda, uşaq olanda
İstərdim böyüyüm bir an içində.
Və tapdım özümü zaman köçündə...
Öyrəndim dərdimi gizli tutmağı,
Öyrəndim şad günü mən unutmağı.
Böyüyün göz yaşı böyük olarmış,
Böyüklük gizlicə ağlamaq imiş.
Uşaqlıq həsrəti, öz uşağında
Axtarmaq, qoxlamaq, aramaq imiş...
Yıxanım oldun
Gedirəm mən daha çox uzaqlara,
Qismətdən, taledən, bəxtdən uzağa.
Gedirəm, düşünmə səndən uzağa,
Sən mənim ən uzağ yaxınım oldun.
Fərhad, ya Şirintək işim yox ünlə,
Gedibsən, özünü apar özünlə.
Mən sənə "yaxınım" desəm də fəqət,
Sən acı sözünlə yıxanım oldun.
Bülbül intizarla nə deyir mənə?
Sevgini duymayan kəs gülür mənə.
Bəlkə də, çox idi xoş ömür mənə,
Ömrümü axıra çıxanım oldun.
*
Poladtək sınmayan dilək əridi,
Havanın nə şıltaq, dəcəl fəslidi.
Mindiyin qatarın yolu bəllidi,
Vaqonun içində geri gəzirsən...
Sevgidə kim uddu, kimsə uduzdu,
Yırtıcı bir hicran qəlbimə cumdu.
Tutaq ki, lap mənə acığın tutdu,
Yazdığım məktubu niyə əzirsən?
Könüldə olan yük qalxmaz əlimlə
Həyatı maraqlı etmisən kimlə?!
Sən uşaq deyilsən, axı mənimlə
Oynayıb-oynayıb niyə bezirsən?..
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
“İnsan bölüşə-bölüşə xoşbəxt olur” – AKTYOR 50-YƏ YETİŞDİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Teatr ağır sahədir və adamdan zəhmət tələb edir. Aktyorların səhnədə harada səhv etdiyini yalnız özləri və həmkarları bilirlər. Tamaşaçı bunu hiss etmir. Kinodan fərqli olaraq teatrda elədir ki, aktyor axırıncı cərgədə oturan tamaşaçıya da öz hislərini çatdırmağı bacarmalıdır. Ancaq kinoda bütün bu işləri kamera görür. Bu da aktyora daha çox rahatlıq gətirir və işlərini asanlaşdırır. Əslində mən teatr aktyoruyam, ancaq kinoda da az çəkilməmişəm...”
Bu sözlər, haqqında söhbət açmaq istədiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüqar Məmmədəliyevə məxsusdur. O, 23 fevral 1975-ci ildə Sumqayıt Şəhərində dünyaya gəlib. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Gənclər Teatrının, 1999–2000-ci illərdə isə "İlham" Miniatür teatrının aktyoru olub. 2006-cı ildən Bakı Kamera Teatrının, 2009-cu ildən isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur...
Deyir ki:- “Hələ orta məktəbdə oxuyarkən aktyor olmaq istəyirdim. Ümumiyyətlə, incəsənət həmişə mənə maraqlı olub. Bir zamanlar Sumqayıt Teatrı bütün Azərbaycana səs salmışdı. Rəhmətlik Rövşən Almuradlının hazırladığı “Dəyirman” tamaşasındakı dörd balaca uşaqdan biri mən olmuşam. Elə həmin tamaşadan da başlamışam səhnədə rol ifa etməyə. Onda çox kiçik idim. Və heç vaxt danmıram, mənim üzərimdə Təranə Mahmudovanın zəhməti çox böyük olub. Məni İncəsənət Universitetinə o xanım hazırlaşdırıb. Orta məktəbi bitirən il bir bal çatmadığı üçün, ali məktəbə qəbul ola bilmədim. Heç atam da istəmirdi ki, mən İncəsənət Universitetinə sənəd verim. Amma qərarım qəti idi. Nəhayət növbəti il İncəsənət Universitetinin tələbəsi oldum...”
Dərin emosional quruluşa, optimist bir təbiətə malikdir, çox güclü hissləri var. Adamlarla münasibətdə səbirli, mərhəmətli və diqqətlidir. Həmsöhbəti danışarkən, onu saatlarla dinləməyi bacarır. Amma kiminsə əziyyət çəkməsinə dözümsüzdür, kömək etmək üçün əlindən gələni əsirgəməməyə hazırdır. Yüksək mənəviyyatı, sədaqəti onu həmişə insanlara sevdirə bilib və sevdirir də...
“Ali məktəbi bitirəndən sonra Əkrəm Əylislinin “Yazığam, sevmə məni” adlı əsəri əsasında tamaşa hazırlanırdı. Orda mənə parlaq görünən bir rol verildi. Ondan sonra rəhmətlik Hüseynağa müəllim mütəmadi olaraq mənə tamaşalarda öndə olan rol verirdi. Görünür, rəhmətliyin etimadın doğrultmuşdum. Doğrudur, heç zaman baş rol oynamağa can atmamışam. Teatrda elə aktyorlar var ki, baş rol ifa etməkdən ötrü az qalır özlərin öldürsünlər. Bir aktyor kimi mən həmişə belə düşünürəm ki, rol kiçik də ola bilər. Yetər ki, həmin rol yaxşı rol olsun. Xarakterik rolları çox sevirəm.”- söyləyir...
İnanılmaz dərəcədə romantik və sevgi dolu adamdır. Eyni zamanda, çox güclü intuisiyaya malikdir, xəyal qurmağı, macəraları, romantikanı xoşlayır. Səxavətinə söz ola bilməz, son tikəsini bölməyə hazırdır. Yaxşı bilir ki, insan bölüşə-bölüşə xoşbəxt olur...
Deyir ki:- “Bəzən aktyoru kinoya dəvət edəndə, aktyor umduğu qonararı söyləyir və hərə bir tərəfdən deyir ki, sən heç teatrda bu qədər maaş almırsan. Niyə yüksək qonarar istəyirsən? Mən həmişə bu məsələdə aqressiv oluram. Adama deyərlər ki, bəlkə mən teatrda bir tikə çörəyə çalışmalıyam? Məni aktyor kimi rola dəvət etmisən, mən də öz qonarar qiymətimi deyirəm. Sənə uyğundur razılaş, uyğun deyilsə “yox” de.”
Teatrda otuza yaxın obraz yaradıb, ona yaxın filmdə isə müxtəlif rolları canlandırıb. Onun oynadığı filmlərdən “Yanmış körpülər”, “Aşiqlər”, “Qardaşımdan yaxşısı yox idi”, “Səhərə inan”, “Bir ovuc torpaq”, “Ömür elə qısadır ki...”, “Oğlan evi” kimi filmləri nümunə göstərmək olar...
Ötən gün - fevralın 23-ü Vüqar Məmmədəliyevin 50 yaşı tamam oldu. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Səhvlər və onların kvalifikasiyası barədə - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Çox səhvim ola bilər, amma əsla ilk səhv məndə olmayıb.
Bəzən insanın səhvləri külək kimi dalğa-dalğa üzərinə gəlir. Birini düzəltmək istədikcə digəri peyda olur. Sanki özünü müdafiə etməyə çalışdıqca daha çox günahkar çıxırsan. Amma bir həqiqət var: hər səhvin bir başlanğıcı var, bir qığılcımı, bir səbəbi… Və mən heç vaxt o ilk qığılcımı yandıran olmamışam.
Mənim günahım, bəlkə də, həddindən artıq inam olub. Mənim səhvim, bəlkə də, hər kəsi özümdəki kimi bilmək olub. Heç kimə qarşı pis niyyətim olmayıb, amma bəziləri bunu zəiflik sanıb, verdiklərimi götürüb getməyi seçib.
Mən yanlış hərəkət edə bilərəm, amma heç vaxt ilk addımı səhv atmamışam. Mən insanları itirmiş ola bilərəm, amma heç vaxt ilk atan olmamışam. Mən susqunluq qarşısında susmamış, xəyanət qarşısında göz yummamış, biganəliyə biganəliklə cavab vermişəm. İnsanlar bunu səhv sayırsa, deməli, mən elə səhv olaraq qalmağa hazıram.
Çünki mən heç vaxt bir sevginin sonunu gətirən olmamışam. Amma bitmiş bir sevgidə qalacaq qədər də aciz deyiləm. Mən heç vaxt bir inamı sarsıdan olmamışam, amma sarsılan bir inamı da yalandan qorumaq istəməmişəm. Mən heç vaxt ilk səhv etməmişəm, amma səhvlərin məni dəyişdirdiyini inkar edə bilmərəm.
Bəzən insanlar səni incidər, sonra da səni günahkar çıxararlar. Sanki onlar heç nə etməmiş, sən isə hər şeyi pozmuşsan. Amma mən bilirəm: hər səhvin kökündə bir başlanğıc var. Mən isə heç vaxt o başlanğıc olmamışam.
Bəlkə də kimlər üçünsə bu sadəcə bir bəhanədir. Amma mənim üçün bir prinsipdir: Kiməsə ilk zərbəni vurmaram, amma vurulan zərbəni cavabsız da qoymaram.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
MİLLİ KİNOMUZ - Tariximizin zirvəsi “Babək”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Ta əzəldən həm millət, həm də dövlət olaraq azadlığımız uğrunda canını, qanını fəda edənlərin xatirəsini hər zaman uca tutmuşuq. Bu gün haqqında danışacağım film də məhz bu qəhrəmanlardan biri olan Babəkdən bəhs edən “Babək” filmi haqqındadır.
Film 1979-cu ildə rejissor Eldar Quliyev tərəfindən çəkilib. Hər zaman millətini, dövlətini sevən və onlara sadiq olan Babək ərəblərin əhaliyə qarşı tutduğu divanı və etdikləri vəhşiliyi görür və buna səssiz qalmayaraq dağlara çəkilir, onlara qarşı mübarizə aparmaq üçün ordu toplayır. Onu da qeyd edim ki, Naxçıvanda baş tutan çəkilişlər zamanı aktyor azlığına görə çəkilişlərin axsadığı barədə məlumat alan Heydər Əliyevin tapşırığı ilə o dönəm üzüm yığımı ilə məşğul olan Naxçıvan əhalisinin də filmin çəkilişlərində “massovka” adlanan kütləvi səhnələrdə iştirak etməsi təmin edilir. Beləcə filmin çəkilişi baş tutur və çox uğurlu şəkildə də alınır. Film müharibə janrı üzərində çəkilmişdir. İlk vaxtlarında hamı kimi zərdüşt olaraq oda sitayiş edən Babək əhalinin başına gətirilənləri gördükdən sonra xalqına qənim kəsilənlərə qarşı mübarizəyə qalxır.
Hətta filmdən bir neçə səhnənin çıxarıldığı da bildirilirdi. Məsələn, Babəkin əslən erməni olan Səhl İbn Sumbat tərəfindən satıldığı səhnə Moskvanın təkidi ilə çıxarılmışdır. Səbəb isə iki millət arasında problem yaranmaması idi.
Sonda Babək ərəblər tərəfindən ələ keçirilir və ərəblərin başçısı Əbu İmranın əmri ilə vəhşicəsinə edam edilir.
Babəkin son sözləri isə hər zaman qulaqlarımızdadır: “Mən hər zaman səninləyəm, Azərbaycanım”.
“Ədəbiyyat və İncəsənət”
(24.02.2025)
UNUTMADIQ, UNUTMAYACAĞIQ - Milli Qəhrəman Əfqan Hüseynovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə doğum günü olan növbəti Milli Qəhrəman barədə söhbət açmaq istəyirəm.
Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov barədə.
O, 24 fevral 1963-cü ildə dünyaya göz göz açmışdır. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və taqım komandirinin müavini təyin edilmişdir.
1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən ona leytenant hərbi rütbəsi verilmişdir.
11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqan Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.
1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi" medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandir təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır.
Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
Həmin dönəmdə gün-gündən mətinləşən, yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yeni alay yaranması məsləhət görmüşdür. Həmin alayın ilk komandiri Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Hüseynov Əfqan Qaraxan oğlu təyin edilmişdir. Yeni təyin olunmuş təcrübəli komandir Milli Qvardiyanın rəhbərliyinin köməyi və özünün təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını və təlimini qısa bir vaxt ərzində lazımı səviyyəyə çatdırmışdır.
Qubadlı, Laçın bölgələrində acınacaqlı vəziyyət yaranmışdı. Dişinə qədər silahlanmış ermənilər daim təhlükə yaradırdılar. 186 saylı sərəncamı ilə 26 oktyabr 1992-ci il tarixində alayın şəxsi heyəti, başda alay komandiri mayor Hüseynov olmaqla həmin bölgələrə göndərilmişdir.
Bu döyüşdə alay komandiri mayor Hüseynov xüsusi fədakarlıq göstərmişdir. Bacarıqlı, igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmışdır. Lakin özü 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı başına dəyən düşmən gülləsindən əbədi olaraq gözlərini yummuşdur.
Onun bu itkisi Milli Qvardiyanın zabit və əsgərlərini çox məyus etsə də, sonrakı döyüşlərdə onlar Əfqanın intiqamını almaq arzusu ilə ağır döyüşlərə girmiş, belə döyüşlərdə itkilər versələr də şərəflə çıxmışdılar.
Əfqan Hüseynovun bir qız övladı yadigar qalmışdır.
Allah qəhrəmanımıza rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Nədir mədəniyyət? - BİLGİLƏR
Rəqsanə Babayeva, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “ Gənclik” xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün
Mədəniyyət bir cəmiyyəti digər cəmiyyətlərdən fərqli edən, keçmişdən bəri dəyişməyə davam edən, özünəməxsus sənəti, inancları, adət-ənənələri, anlayışı və davranışı ilə onun kimliyini formalaşdıran yaşayış və düşüncə tərzidir.
Xalqın maddi və mənəvi dəyərlərinin məcmusuna mədəniyyət deyilir.
Tarixi-ictimai inkişaf prosesində yaranmış bütün maddi və mənəvi dəyərlərin, onların yaradılması və sonrakı nəsillərə ötürülməsi üçün istifadə olunan vasitələrin məcmusu insanın öz təbii və sosial mühiti üzərində hökmranlığının miqyasını göstərir. Və insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir.
"Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture"- "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa - maarifçilik, bilik, adət-ənənə kimi sözlər kimi tanınmağa başladı.
Mədəniyyət (cultura) sözü ilk olaraq Qədim Romada təcəssüm etmişdir. Bu sözün ilk mənası torpaqşünaslıq və bitkiçilik anlamına gəlmişdir. Bu söz zamanla dəyişərək insanın əxlaqı, tərbiyəsi örnək yaşam tərzi mənasında işlədilməyə başlamışdır. Tarixdə Maarifçilik əsri kimi tanınmış XVIII əsrdə mədəniyyət anlayışı ancaq mənəvi mədəniyyət statusunda işlədilmişdir. “Cultura” termini geniş mənalar kəsb etməyə başladı. Buraya bilikli, tərbiyyəli, düşüncəli, xoş ünsiyyətli, başqalarına qarşı hörmətli, xalqın tarixi, dili, dini, adət-ənənəsi, elmi, ədəbiyyat və incəsənəti daxil idi. Mənəvi dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydaları, dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamış və davam etməkdədir.
Bugünkü günümüzdə mədəniyyət maddi və mənəvi mədəniyyət olaraq tanımlanır. Maddi mədəniyyətə tarixi abidələr, kitablar və s... kimi anlayışlar, mənəvi mədəniyyətə isə incəsənət, ədəbiyyat, adət- ənənə və s... anlayışlar daxildir.
İncəsənət, teatr, musiqi mənəvi mədəniyyət nümünəsi olub insanlara xoş duyğuları aşılamağla yanaşı nəsildən – nəsilə ötrülərək yaşadılır. İnsan hansı mədəni mühitdə doğulub yaşayırsa o mühitin mədəniyyəti ilə mədəniyyətə xas davranış nümunələri və düşüncə sistemi, dolayısıyla şəxsiyyət əldə edir.
Mədəniyyətin əhəmiyyəti nədir?
Mədəniyyəti xarakterizə edən ortaq dəyərlər, adət-ənənələr və tarixlər insanın düşüncə tərzini, hərəkətlərini və dünyaya baxışını formalaşdırır. Ortaq mədəni irs qrupun üzvlərini birləşdirir və cəmiyyətdə qəbul və aidiyyət hissi yaradır.
Hər bir xalqın özünəməxsus mədəniyyəti vardır. Bu mədəniyyəti yaşatmaq, nəsildən- nəsilə ötürmək onun hər bir fərdinin mənəvi borcudur. Çunki mədəniyyəti yaşayan, var olan xalq daim var olacaqdır!
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
SUMQAYIT SƏHNƏSİndə Turqut Özakmanın "Ocağ"ı
Fərhad Dost, “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıt Dövlət Dram Teatrında türkiyəli yazıçı Turqut Özakmanın "Ocaq" psixoloji dramının səhnə təcəssümünə tamaşa etmək üçün şəhərin mədəni elitası toplaşmışdı.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tamaşanın sujet xətti, personajlar və onların xarakteristikası, dramatik yükü və tamaşaçıya təsiri.
Tamaşa tamaşaçılara sosial-iqtisadi çətinliklər içində mübarizə aparan yoxsul Türk ailənin hekayəsini təqdim edir. Ailə dörd uşaqdan, ana, ata və nənədən ibarətdir. Və ailənin hər üzvü yoxsulluq, xəyallar, ümidsizlik və birlik anlayışları arasında sıxışıb qalıblar. Əsər ailənin birliyi və yoxsulluqla mübarizəsini göstərməklə yanaşı, nəsillərarası konfliktlərə və dəyişən cəmiyyətin yaratdığı problemlərə işıq tutur. Hər bir personaj fərqli dünyagörüşünə sahibdir, malikdir və bu da dramın əsas dinamikasını yaradır. “Ocaq” pyesi ailənin yaşadığı dramı tamaşaçının gözləri önündə canlandıraraq, onları dərin bir emosional səyahətə çıxarır. Əsərin əsas mesajlarından biri də odur ki, ailə çətinliklərə baxmayaraq, bir ocaq ətrafında birləşməlidir. Əsərin əsas gücü, tamaşaçını ailənin içindəki çətinlikləri hiss etməyə vadar etməsi və sevgi ilə fədakarlığın birləşdirici gücünü vurğulamasıdır. Turqut Özakman “Ocaq” pyesi vasitəsilə tamaşaçını yalnız bir ailənin yoxsulluq və mübarizə dolu həyatına aparmır, həm də ailə bağlarının, sevginin və fədakarlığın insanı birləşdirən gücünü vurğulayır. Tamaşaçı bu emosional səyahət boyunca kədər, ümid, sevgi və acizlik arasında gedib-gəlir, lakin sonda ailənin birlikdə qalmasının əsl dəyərini anlayır.
Personajlar və onların xarakteristikası
Evin atası Tarık (Əməkdar artist Rauf Ağakişiyev) obrazı, ailənin bütövlüyünü qorumaq və ailə üzvləri arasındakı birliyi təmin etmək məqsədilə mübarizə aparan bir ata modelini əks etdirir. Xarakterin təqdimatında, onun məsum ifadələri və çətinliklər qarşısında yaşadığı çarəsizlik hissinə baxmayaraq, ümidini itirməməsi xüsusi vurğulanır. Aktyorun interpretasiyası, atanın psixoloji və emosional dinamikasını ustalıqla ifadə etməklə, tamaşaçıya xarakterin daxili dünyasını dərindən anlama imkanı yaradır.
Evin anası Səfiyyə (Əməkdar artist Xatirə Süleymanova) obrazı, ailənin əsas dayağı kimi mühüm funksiyanı yerinə yetirən və müxtəlif sosial-psixoloji yükü daşıyan bir xarakter kimi təqdim olunur. O, təkcə övladlarının deyil, həmçinin anasının və həyat yoldaşının emosional vəziyyətini tənzimləmək və ailədaxili balansı qorumaq vəzifəsini icra edir. Tamaşa boyu onun əhval-ruhiyyəsində hər hansı bir dəyişiklik müşahidə edilmir, bu da xarakterin iradəli və prinsipial mövqeyini vurğulayır. Safiyyə, bir tərəfdən həyat yoldaşının inancına tamamilə sahib olmasa da, onu dəstəkləməyə davam edir, digər tərəfdən isə övladları arasındakı münaqişələri idarə edərək, ailə içində harmoniya yaratmağa çalışır. Bundan əlavə, yaşlı anasının xəstəliyi və qızının yaşadığı emosional çətinliklər fonunda, obrazın situativ analiz qabiliyyəti və hadisələrə münasibəti məntiqli və adekvat şəkildə təqdim edilir.
Əməkdar artist Cəlal Məmmədov tamaşada evin böyük oğlu Nihat obrazını canlandırır. Nihatın xarakteri, məsuliyyətsiz, sərbəst həyat tərzinə üstünlük verən, avara və xəyalpərəst bir fərd kimi qurulmuşdur. Onun obrazı klassik Romeo tipajına yaxın olmaqla, tamaşada dinamik və emosional kontrast yaradır. Aktyorun ifası, zarafatları, canlı intonasiyaları və səs tonu ilə obrazın xarakterik xüsusiyyətlərini vurğulayır. Həmçinin, ağır psixoloji yüklü səhnələrə qatdığı yüngül və təbii oyun tərzi tamaşanın ritmini balanslaşdırır və tamaşaçılar üçün emosional rahatlıq yaradır.
Səhnə əsərində atası ilə birgə ailənin dolanışığını təmin etməyə çalışan Fazil obrazı, aktyor Oktay Mehdiyev tərəfindən yüksək ustalıqla təqdim edilmişdir. Fazıl obrazı realizm və xəyalpərəstlik arasında tarazlıq saxlayan, ailə üzvlərinin maddi və mənəvi rifahını təmin etmək üçün fədakarlıq edən bir şəxs kimi xarakterizə olunur. O, qardaşına cib xərcliyi verəcək qədər məsuliyyətli olmaqla yanaşı, ailədaxili gərginlikləri öz daxilində yaşayan, emosional baxımdan çətinlik çəkən və bu səbəbdən də hər an gərgin vəziyyətə düşə biləcək bir obrazdır. Aktyor bu xarakterin daxili dünyasını dərindən təhlil edərək, onun psixoloji vəziyyətini tamaşaçılara obyektiv şəkildə çatdırmağa nail olmuşdur.
Aktyor sənətində obrazın tamaşaçıya təbii və inandırıcı şəkildə təqdim edilməsi mühüm rol oynayır. Xüsusilə fiziki məhdudiyyətləri olan obrazları ifa etmək aktyor üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, tamaşada Sevda obrazını canlandıran Şəhla Məmmədova öz rolunu yüksək peşəkarlıqla icra edirdi. O, tamaşa boyu fiziki vəziyyətini daim nəzarətdə saxlayaraq, obrazın təbii davranışlarını ustalıqla nümayiş etdirirdir. Bu personajın hissi keçidləri – tamaşanın əvvəlindəki pozitiv əhval-ruhiyyədən finaldakı ümidsizlik və peşmançılığa qədər olan duyğular, aktrisa tərəfindən yüksək inandırıcılıqla çatdırılırdı.
Ailənin kiçik oğlu, tələbə Özcan obrazında Şəmistan Süleymanlının ifası xarakterin özünəməxsus xüsusiyyətlərini vurğulamaq baxımından diqqətəlayiqdir. Özcan obrazı, sosial və iqtisadi reallıqlara uyğun şəkildə, dominant qüvvələrin təsiri altında mövqeyini müəyyən edən bir gənc kimi təqdim edilir. O, həyatdakı mövqeyini dəyişən şəraitə uyğunlaşdıran və bu yolla varlığını qorumağa çalışan tipik bir tələbə xarakterini əks etdirir. Aktyor bu xarakterin psixoloji motivasiyalarını uğurla mənimsəmiş və tamaşaçılara dolğun şəkildə təqdim edirdi.
Nənə (Əməkdar artist Fəranə Musayeva) obrazı yaşlılıq bunaması əlamətlərini özündə əks etdirən bir şəxsiyyət kimi təqdim edilir. Aktyorun ifasında yaşlı insana xas olan nitq intonasiyası və səslənmə tonu davamlı olaraq qorunmuş, bu da tamaşanın realizmini artırırdı. Xüsusilə diqqət çəkən məqam odur ki, aktisa səhnədə uzun müddət eyni vəziyyətdə qalaraq, hər hansı qeyri-iradi hərəkətlər etmədən obrazın psixoloji və fiziki vəziyyətini qoruyub saxlamağa nail olmuşdur. Onun minimal fiziki hərəkətlərlə xarakterin daxili aləmini ifadə etməsi, peşəkar teatr ifaçılığında yüksək səviyyəli ustalıq nümunəsi kimi qiymətləndirilə bilər. Obrazın bədən dili və fiziki jestləri də mükəmməl şəkildə aktrisa tərəfindən idarə olunmuşdur. Aktrisanın hərəkət etmədiyi vəziyyətlərdə belə, səhnə plastikasını qoruması və personajın yaşı ilə uyğun olan fiziki məhdudiyyətləri (məsələn, belin əyilməsi, addımlardakı çətinliklər) ardıcıl olaraq nümayiş etdirməsi xarakterin inandırıcılığını artırmışdır. Bu yanaşma tamaşaçılara obrazın gerçəkçiliyini hiss etdirmiş və onun psixoloji vəziyyətini daha aydın başa düşməyə imkan yaradırdı. Əməkdar artist Fəranə Musayevanın ifası, teatr sənətində realist ifa üslubunun ən mühüm göstəricilərindən biri olan xarakterin ardıcıl və təsirli təqdimatına nail olunduğunu nümayiş etdirmişdir. Bu baxımdan aktrisanın performansı yüksək dəyərləndirilməli və peşəkar teatr ifaçılığında uğurlu nümunə kimi qeyd olunmalıdır.
Beləliklə, tamaşa iştirakçılarının hər biri öz obrazlarını yüksək səviyyədə canlandıraraq, tamaşanın uğurlu alınmasına töhfə verdilər. Aktyorların hərəkətləri, mimikası və bədən dili onların oynadıqları personajların xarakterik xüsusiyyətlərini dəqiq çatdırmağa imkan yaradırdı.
Tamaşanın dramatik yükü və tamaşaçıya təsiri
Əsər, sadə yoxsul ailənin gündəlik mübarizəsini və yoxsulluğun onların münasibətlərinə necə təsir etdiyini realist şəkildə təqdim edir.Tamaşaçı bu çətinliklərin içində öz ailəsindən və ya tanış olduğu insanlardan izlər tapa bilər, bu da əsəri daha təsirli edir. Ana və atanın övladları üçün çəkdiyi əziyyətlər, sevginin fədakarlıqla birləşdiyi anları ortaya qoyur. Böyük uşaq ailəni tərk edib getmək istəyir, amma ata və ana üçün bu, “ocağın sönməsi” deməkdir. Bu nöqtədə sevgi ilə gələcəyin axtarışı arasında böyük bir konflikt yaranır. Evin tək qızı sevdiyi oğlan ilə qoşulub qaçsa da aylar sonra təkrar ata evinə qayitmaq məcburiyyətində qalır. Getdiyi yerdə də xoşbəxtçiliyi tapmayan Sevda, bir zamanlar bədbəxt yuvası olaraq gördüyü ocağa təkrar geri dönür. Nənə, keçmişin və ailə dəyərlərinin qoruyucusu kimi ənənəvi ailə bağlarının gücünü xatırladır. Tamaşaçılar bu ailənin yaşadığı emosional sınaqlara şahid olduqca, öz həyatları ilə paralellər qurmağa başlayırlar. Ailədəki münaqişələr universal bir mövzu olduğundan, pyes hər kəsin qəlbinin sarı siminə toxuna bilən gücə malikdir. Çətinliklərə baxmayaraq, ailənin bir yerdə qalması və ocağın sönməməsi üçün göstərilən fədakarlıqlar ümid mesajını gücləndirir. Əsərin sonunda ailənin birliyi qorunur və tamaşaçıya müsbət və təsirli bir nəticə verir.
Bəli. Mən qətiyyətlə deyə bilərəm ki, “Ocaq” tamaşası Sumqayıt Dövlət Dram Teatrının ən yaxşı tamaşalarından biridir. Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmov tərəfindən də yüksək peşəkar səviyyədə qurlub. Onun tərəfindən verilən mizanlar özləri tamaşaçı ilə danışır. Buna görə də tamaşanı daha baxımlı edir. Bu tamaşanı təkcə Sumqayıt tamaşaçılarına yox, məmləkətin və xarici ölklərin tamaşaçılarına da göstərmək olar və inanıram ki, onlar tərəfindən də çox maraqla qarşılanar.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Ağdamın qarlı mənzərələri – ŞEİRLƏ REPORTAJ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bütün ölkə ağ yorğana bürünüb. Eləcə də, bizim Ağdam rayonu. Qarlı bazar günü – 23 fevral barədə reportaj hazırlamaq istədim. Bir neçə foto çəkdim kameramla. Amma sözlər nədirsə şeirlə gəldi.
Bəzən hisslərimiz yalnız şeirlə ifadə olunur.
Kədərli bir şeir yarandı. Amma bu, insanın fərdi kədəri deyil, ümumbəşəri kədərdir.
Doğmalar içində bir yadam mən.
Sanki yaddan çıxıb, unudulub
xatirə dəftərinin vərəqləri arasında
qurumuş gül ləçəkləri…
Dərdlərimi çətir etdim başıma.
döyəcləyir yaz yağışı.
Öz əlimlə ağı qatdım aşıma.
Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.
Yaralı budaqlar sərilib yerə,
Əlimdə ağlayır nar çiçəkləri…
Dua etdim üflədim ovuclarıma.
Uça bilmədi…
Arzularım, istəklərim, diləklərim
qanadları islanmış may böcəkləri…
Qar yağır varlığıma.
Ruhumda fırtınalar, tufanlar
İçimdə şaxta, sazaq.
Ürəyim buz bağlamış bir qaya.
Boynubükük ümidlərim günəşə boylanan
qar çiçəkləri…
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)