Super User

Super User

Çərşənbə axşamı, 25 Fevral 2025 10:29

Bu gün Akademik Akif Əlizadənin 91-ci doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün – 25 fevral tarixi təqvimdə Akademik, geologiya-mineralogiya elmləri doktoru Akif Əlizadənin doğum günü ilə də yadda qalır.

 

Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Orta məktəbi gümüş medalla bitirən Akif Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olub. İnstitutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıdıb. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib.

Əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edib. SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük akademik A. Əlizadəyə məxsusdur.

O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm dünyası A. P. Pavlov və Q. Y. Krımholtsla yanaşı akademik Əlizadənin də daxiliqabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir. Təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi — "Akifibelidlər" adlandırılmışdır (1984-cü il).

Geologiya İnstitutunun 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktoru olmuşdur, rəhbərliyi ilə səkkiz cildlik unikal fundamental əsərlər — "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası yaradılmış və nəşr edilmişdir. Təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradılmışdır (2014-cü il).

Görkəmli akademik bu gün 91 yaşını qeyd edir. Belə baxsan, 100-ə bir şey qalmayıb. Onu təbrik edir, cansağlığı və 100 illik yubileyini tam gümrah halda qarşılamağını arzulayılrıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

 

Çərşənbə axşamı, 25 Fevral 2025 10:14

Gəncədə Ümumrespublika musiqi festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə 4-9 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalıan Filarmoniyadan verilən məlumata görə, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, "Gəncənin döyünən ürəyi" adlı film və kitabın  təqdimatı, "Sevil" operası, "Min bir gecə" baleti nümayiş etdiriləcək. 

9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Çərşənbə axşamı, 25 Fevral 2025 10:02

İki dahi məsləkdaş: Ü.Hacıbəyli və B.Vahabzadə

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

2025-ci ilin avqust və sentyabr aylarında ölkəmizdə iki böyük dühanın Ü.Hacıbəyli və B.Vahabzadənin 140 və 100 illik yubiley tədbirləri keçiriləcəkdir. Artıq bu barədə Azərbaycan Respublikasının Prezidenti  İ.Əliyev 03 və 21 fevral tarixlərində müvafiq sərəncamlar da imzalamışdır. 

 

Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, dövlət himnimizin müəlliflərindən biri, dünya musiqi tarixində şərəfli yeri olan Üzeyir Hacıbəyli ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, türk dünyasının böyük şairi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq şairi Bəxtiyar Vahabzadənin milli azadlıq ideallarına bağlı, istiqlal və azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş ictimai-siyasi fəaliyyətləri bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamış, onlarda mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Bu dahi şəxsiyyətləri XX əsr Azərbaycan ictimai-siyasi fikrinin  fenomenlərinə çevirən  əsas  reallıqlar da elə bunlardır.

Həm Xalq artisti Ü.Hacıbəyli, həm də Xalq şairi B.Vahabzadə XX əsrdə içtimai fikrə xüsusi təsir göstərmiş tanınmış içtimai-siyasi xadim, pedaqoq, publisist, dramaturq və alimlərimizdəndirlər. Yeganə fərq orasında idi ki, Ü.Hacıbəyli həm də peşəkar müsiqiçi idi. B.Vahabzadə isə musiqidə peşəkar olmasa da, onun vurğunu olan, yüksək musiqi duyumuna malik şairlərimizdən idi. “Zabul-segahın mayəsinə dəfnn olunmağı” arzulayan böyük şair “Muğam” poemasında “haqqa düşmən olanı haqqa tapındıran muğamı” bədii obraz səviyyəsinə qaldırmışdı. Özü çıxışlarının birində etiraf edirdi ki, Ü.Hacıbəyliyə ithaf olunmuş bu poemanı yazanda böyük bəstəkarın nurani sifəti həmişə gözünün qabağında olub.  

Ömürlərində cəmi bircə dəfə bir-birini uzaqdan görən bu dahilərin içtimai fəaliyyətlərində, fikir və düşüncələrində o qədər oxşar və ortaq cəhətlər var ki, heyrət etməmək olmur. Heç tərəddüd etmədən B.Vahabzadəni Ü.Hacıbəylinin əqidə məsləkdaşı, yeni içtimai-siyasi mühitdə onun fikir və düşüncələrinin davamçısı hesab etmək olar. Çünki hər  iki     ictimai xadim xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə eyni cür ziyalı mövqeyi nümayiş etdirmişlər.

Bir yazıda bu böyük şəxsiyyətlərin içtimai fəaliyyətlərində, fikir və düşüncələrindəki bütün oxşar və ortaq cəhətlərdən bəhs etmək qeyri-mümkündür. Bu çox geniş  bir  söhbətin  mövzusudur. Həm də bizim iqtidarımız çatan iş deyil.

 

Ona görə də yazımızda ancaq onların ana dili haqqında ortaq və oxşar bəzi fikirlərindən söhbət açacıq.

 

Üzeyir bəyə görə, dil bəşəriyyətin həyatında mühüm rol oynayır, insanlar arasında əsas ünsiyyət vasitəsidir, o bizə babalarımızın həyat və məişətindən xəbər verir, hətta insanlığın gələcəyini təxmin etməyə imkan yaradır. O deyirdi: “Hər bir millətin bütün milliyyəti bəqasına baş səbəb olan dildir və dilin tərəqqisidir, “dilimiz vasiteyi nicatımızdır”. U.Hacıbəyli kimi B.Vahabzadənin də qənaətincə, dil hər bir millətin varlığının ilkin təzahürlərindəndir; “dili olmayan xalqın özü də yoxdur”, yəni dilini qeyb edən bir toplumun öz mövcudluğunu qoruyub saxlaması mümkün deyildir. Şair   «Ana dili», «Oğluma», «Latın dili», «Uzun illər boyu öz vətənindən», «Mənim ana dilim», «Özümdən özümə şikayət», «Fəxriyyə», «Özgə», «Mənim anam», «Hara gedir sabahımız» və bir sıra başqa şeirlərində, həmçinin məqalələrində ana dilinin əhəmiyyəti, milli düşüncənin formalaşmasındakı rolu barədə öz düşüncələrini əks etdirmişdir. B.Vahabzadə yazırdı: “Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər quru rəqəmlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşadır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısını, beyninin fikrini ifadə  edir”. Şair şeirlərinin birində deyirdi: “Hər ulusun ən qiymətli sərvətidir ana dili. Övladları yer üzünə səpələnsə, pərən-pərən düşənlərin vəhdətidir ana dili”.

Dahilərimiz dönə-dönə qeyd edirdilər ki, hər bir millətin varlığı, mövcudluğu ana dilinin istifadəsi və nə dərəcədə qorunub yaşadılması ilə bağlıdır. Ü.Hacıbəyli dili qorumağı və yaşatmağı həyati məsələ hesab edərək “Dil” məqaləsində yazırdı ki, “...əgər biz öz ana dilimizə indiyə kimi baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, onda millətin özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”. O, dil daşıyıcılarından ana dilini sevməyi və onu yaxşı-yaxşı öyrənməyi tələb edərək deyirdi: ”İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir…Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir…Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq.” O, hələ XX əsrin əvvələrində bir-birinin ardınca yazdığı üç məqalədə insanlara ana dilini öyrənməyin yollarını göstərirdi. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il fevral saylarında dərc olunmuşdu. O, hətta 1907-ci ildə rus məktəblərində təhsil alan azərbaycanlı şagirdlərin öz ana dilini daha yaxşı öyrənmələri üçün “Türkcə – Rusca və Rusca – Türkcə lüğət “ adlı kitab da çap etdirmişdi.

Öz dilini “ana köküm” adlandıran B.Vahabzadə də ata-babalardan miras qalan ana dilini göz bəbəyi kimi qorumağı, onu "öz dadı-tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil verməyi” hamının müqəddəs borcu hesab edirdi. Bu  barədə “Ana dili” şerində belə yazırdı:

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

 

Öz məsləkdaşı Ü.Hacıbəyli kimi B.Vahabzadə də hər bir azərbaycanlıdan ana dilini mükəmməl öyrənməyi və bilməyi tələb edirdi. O yazırdı ki, “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır”. O, “Ana dilim-ana köküm” məqaləsində də dili bilməyin zəruriliyindən söz açırdı. Ana dilini bilməyənlər haqqında yazırdı: “Axı, sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan. Demək, bu millətə övlad deyilsən”. O, “doğma dilində danışmağı ar bilənlər” haqqında deyirdi:

 

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

 

Hər iki düha xarici dillərdə danışmağı yüksək mədəniyyət göstəricisi sayıb, özünü mədəni göstərən ziyalıların ana dilinə laqeydliyini və biganəliyini kəskin tənqid etmişdir. Onlar ana dilimizə qarşı heç bir biganə münasibəti qəbul etmirdilər. Üzeyir bəy öz  doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” qarşı həmişə barışmaz olmuş və belələrinə istehza ilə gülmüş, onları “zavallı” adlandırmışdı. B.Vahabzadə isə belələrini “fasonlu ədabazlar” adlandırırdı. O, ana dilinə ögey münasibəti özümüzə - öz milli kimliyimizə və varlığımıza ögey münasibət sayırdı, Ç.Aytmatov kimi “biganəlik nəticəsində milli dillərin məhvə məhkum edilməsini milli faciə” hesab edirdi. Öz doğma dilinə yad olan, ondan üz döndərənləri, xüsusən ziyalıları (həkim, yazar, müəllim və b.) qınayırdı. 1967-ci ildə yazdığı “Riyakar” şeirində xalqın övladlarına ana dilində dərs verən, lakin öz övladlarını rus məktəblərində oxudan müəllimlər tənqid olunurdu. “Gəlin açıq danışaq” kitabında isə şair ziyalıların mövqeyinə, dilin yaşadılması və inkişaf etdirilməsində onların roluna  münasibət bildirərək yazırdı ki, “Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”. “Ana dilim-ana kokum” məqaləsində isə o, “bizim obrazovannılar” haqqında deyirdi: “Hansi dilin zərurətindən danışsaq, bizi alqışlayır və beynəlmiləlçi adlandırırlar. Amma “çaşıb” ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi “geri qalmış adam”, özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir”. “Özümdən özümə şikayət” şeirində də müstəqillik illərində dilimizə olan biganəlik və laqeydlik tənqid olunurdu.

Ü.Hacıbəyli və B.Vahabzadə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən təmizlənməsinə xüsusi əhəmiyyət verirdilər. Üzeyir bəy özünün “Yeni üsuli - təbii haqqında bir neçə söz”, “ Üsuli - təbii ”, “Dilimizi korlayanlar” məqalələrində və “Zurna” felyetonunda, məşhur “O olmasın, bu olsun” komediyasında (Rza bəyin şəxsində) dilimizi zibilləyənləri və korlayanları ifşa  edirdi. Bu yazılarda öz danışığında yersiz xarici kəlmələr işlədənləri, qəzet səhifələrini “həlim aşının qazanı bilib, nə gəldi içinə dolduran” yazarları kəskin tənqid edərək yazırdı: “Danışıq əsnasında fikrimizin əcnəbi kəlmələrdən təmiz olaraq öz türk sözlərimiz vasitəsilə ifadəsinə səy etməliyik və qəzetlər sayəsində öyrəndiyimiz yeni təbirat və islahatı lazım olan yerdə işlətməliyik...Öz sözlərimizlə ifadəsi imkan daxilində olan təbiri ərəb və fars kəlimatı vasitəsilə istemal etməyimizin heç bir mənası olmasın gərək”. O, tərcüməçilərin, “ziyalıların” dillə gətirdikləri yersiz ərəb-fars, rus dili və osmanlı türkcəsindən olan kəlmələrə müharibə elan etmişdi.

B.Vahabzadə də qəzet və jurnallarda dərc etdirdiyi “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” və s. kimi məqalələrdə bu fikirlərin davamşısı kimi çıxış edirdi. O yazırdı ki, “Mənim torpağa “xak” deyil, məhz torpaq deməyim, suya “ab” deyil, məhz su deməyim mənim psixologiyam, mənim dünya baxışım, mənim ruhumdur”. O, dilimizi əcnəbi sözlərlə zibilləyənlər barədə yazırdı:

 

Bir vaxt rusca idi, bütün reklamlar,

İndi ingiliscə dürtülür gözə.

İtin də dilinə hörmətimiz var

Bircə öz dilimiz yaramır bizə!

 

Ana dilini öyrənməyin və onu qoruyub saxlamağın əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında görən hər iki dahimizin ana dilli məktəb və ana dilinin tədrisi barədəki fikir və düşüncələrində də ortaq və oxşar cəhətlər çoxdur. Xalq musiqisinin də “böyük dilçisi” (professor Y.Braudo) olan Ü.Hacıbəyov vaxtı ilə ana dilli məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli məktəbin vəzifəsi ana dilini uşaqlara mümkün qədər mükəmməl öyrətməklə yanaşı, digər dilləri də onlara təlim etməkdir.  Yuxarıda adını çəkdiyimiz “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəli məqalələrdə ana dilinin tədrisindən də söhbət gedir. Onun kimi V.Vahabzadə də Sovet hakimiyyəti illərində qələmə aldığı «İftiraya cavab» adlı məqaləsində ana dili problemi ilə bağlı məsələyə özünün münasibətini bildirərək yazırdı: “Milli dildə məktəblərin və uşaq bağçalarının açılmasını tələb etmək hər bir xalqın ən adi və haqlı tələbi deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?” Onlar bildirirdilər ki, doğma ana dilində təlim-tərbiyə görməyən, özgə dili ilə dil açan, özgə məktəblərində təhsil alan ziyalının öz millətinə, öz vətəninə xidmət etməyəcəyi gün kimi aydındır. Ona görə də, azərbaycanlıların kütləvi şəkildə rus məktəblərində təhsil alması ilə barışa bilmirdilər. B.Vahabzadə “Ana dili (Bir məktuba cavab)” adlı publisistik yazısında bir nəfər valideynin “bircə cümlə yazın, uşaqların məktəbini dəyişim, ya dəyişməyim? Hər halda siz gələcəyi bizdən yaxşı görürsünüz” sualına belə cavab vermişdi: “...sən bir şeyi unudursan ki, ana dili millətin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. El demişkən, namusu itə atıblar, it yeməyib. Amma yeyənlər var...”

Onu da deyək ki,  həm ərəb, fars, türk, tatar, gürcü, ləzgi, fransız dillərini bilən Ü.Hacıbəyli, həm də türk və rus dillərini bilən B.Vahabzadə  heç vaxt çox dil  bilməyin əleyhinə olmamışlar. Onlar uşaqları dünyagörüşlərinin formalaşdığı dövrdə kökdən, milli ruhdan ayırmağın, xarici dilləri öyrənməyin doğma dilin unudulması hesabına olmasının, uşaqları özgə ruhda böyütməyin əleyhinə olmuşlar. B.Vahabzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibələrinin birində deyirdi: “Hər bir millətin övladı orta təhsilini ana dilində almalıdır. Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər”. Ona görə də yazırdı:

 

Anasının dilində

Dil açmayan kəs

Millətin dərdini

Anlaya bilməz.

 

Öz övladlarını, nəvə-nəticələrini ana dilli məktəbdə oxudan Bəxtiyar müəllim qeyd edirdi ki, bir dəfə "Universitetin həyətində (Bakıda fəaliyyət göstərən “Amerika” Universiteti nəzərdə tutulur – İ.V.) bir neçə tələbə qıza rast gəldim. Onlardan iclasın harda keçəcəyini xəbər aldım. Heç biri mənə ana dilində cavab verə bilmədi. Mənimlə bərabər iclasa gələn professor N.Rzayev qəsdən onlara ingilis dilində eyni sualı verdi. Sualımızı həm rus, həm də ingilis dilində bülbül kimi ötərək cavablandırdılar. Mən bu dəfə onlardan rus dilində soruşdum: “A vı ne znaete svoy rodnoy yazık?". Rus dilində qayıtdılar ki, xeyr, ana dilimizi bilmirik. Mən də əsəbi şəkildə onlara dedim ki, lap əcəb eləyib bilmirsiniz. Bu dil kimə lazımdır ki?” (Vahabzadə B. əsərləri. 11 cilddə, X c., Bakı: Azərbaycan nəşriyyatı, 2002) O deyirdi ki, "Ən ürək ağrıdan cəhət burasıdır ki, sovet dönəmində rus dilini mükəmməl bilməyənləri işə götürmürdülərsə, indi də ingilis dilini bilməyənləri qapı arxasında qoyurlar". B.Vahabzadə tanınmış türk alimi O.Sinanoğlunun söylədiyi "Əgər bir milləti məhv etmək istəyirsinizsə, onun təhsilini yabançılaşdırın” fikrinə haqq qazandırırdı.

Hazırda ölkədə işə qəbul zamanı ingilis və digər xarici dilləri bilməyin ən vacib şərt kimi irəli sürüldüyü, 80 mindən çox şagirdin dövlət maliyyəsi hesabına rus dilində təhsil aldığı, rus dilində 15 ümumtəhsil məktəbinin olduğu, 800 mindən çox şagirdə rus dilinin ikinci xarici dil kimi (könüllü yox, icbari qaydada) tədris edildiyi dövrdə də bu sözlər böyük aktuallıq kəsb edir. 

Görkəmli şəxslərimiz dilimizin keşiyində də ayıq-sayıq durmuş, ona qarşı haqsız hücumlara sinə gərərək öldürücü cavablar vermişlər. Bu barədə çox nümunələr söyləmək olar. Biz iki nümunə ilə kifayətlənəcəyik. Məsələn, Üzeyir bəy 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında dərc olunmuş “Bir xanım əfəndinin bizlərə hüsni - təvəccöhi” məqaləsində “Peterburqskiye vedemosti” qəzetində gənc jurnalist Maqda Neyman adlı bir yazarın ana dilimiz əleyhinə yürütdüyü  həyasız böhtana öz nifrətini bildirmiş, ona kəskin cavab vermişdir. B.Vahabzadə isə Cənubi Azərbaycanda milli varlığımızı danan, dilimizi yad kökə bağlamaq istəyən milliyyətcə “azərbaycanlı” olan Yəhya Zəkaya “Cavab” adlı şeirində layiqli qarşılıq verərək yazırdı:

 

 

Ey özündən əmin, özündən razı,

Yalanı söylədin kimin adından?

Ananın laylası, atanın sazı

Babanın ocağı çıxdı yadından?

 

Şübhəsiz ki, 140 və 100 illik yubileylərini  qeyd etməyə hazırlaşdığımız  Ü.Hacıbəyli və B.Vahabzadənin fikir və düşüncələri, görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin, dil və ədəbiyyatının, musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verməkdə davam edir.

Ulu öndərimiz H.Əliyev B.Vahbzadə haqqında deyirdi ki, onun “...şəxsiyyəti vəyaradıcılığı xalqın milli təfəkkürünün formalaşmasına  xidmət  etmiş,  onu  milli  dirçəlişə  səsləmiş,  istiqlaliyyət  uğrunda mübarizədəəvəzsiz rol oynamışdır”. O, dahi Ü.Hacıbəyli barədə isə belə söyləyirdi:“Üzeyir Hacıbəylinin yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəylinin xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə də artırmalı, daha da inkişaf etdirməliyik”.     

Bizcə, Üzeyir bəyin görkəmli və tanınmış şəxslər barədə 1910-cu ildə ”Həqiqət” qəzetində çap olunmuş yazısında dediyi “…onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında…öləndən sonra da camaata mənfəət veriblər”, - sözlərini ilk növbədə onun özünə və məsləkdaşı B.Vahabzadəyə də aid etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

    

 

Çərşənbə axşamı, 25 Fevral 2025 09:31

Bu ilin qarı - ESSE

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

Hə, bu il Bakıya qar yağdı. 

Bakının zədəli asfaltları ağ örpəyə büründü. Çat-çat olmuş yollara ərimiş qarın palçığı suvaq kimi vuruldu. İnsanların dodaqları çatladı soyuqluqdan. 

 

Uşaqlar bir ovuc qar üçün küçələrə düşdü. Sevgililər əlcəklərinə yapışıq qalan qarın xatirəsini xoşbəxtliklərinə əlavə etdi. Buz üstündən qocalar yıxıldı. Yağan qara yox, keçib getmiş yaşına şikayət etdi ehtiyatsızlıqlarını. 

Sahibsiz heyvanlar insanların qar topunu düzəltdikləri yerə sığındılar bir yuva üçün. Ən çox tapdalanan yerlərə baş həriflərini yazırdı aşiqlər. Bir-biri ilə tanışlığı olmayan qardan adamlar düzəldildi. 

Bəlkə də ən çirkinlərin bu qarlı havada şəkilləri çəkildi. 

Bu gün dərmanlar darıxmadı apteklərdə. Bu gün bircə kofe düzəldənlər yoruldu. 

Hər yerə qar yağdı, hər yağan qar yerdə qalmadı. 

Ancaq bu soyuqda səninlə əl-ələ gedən olmadı.

 

Fotolar: Kübra Quliyevanındır

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 10:44

Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

 

Mərkəzdən AzərTAC-a bildirilib ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandan gəlmiş qonaqlar, diasporumuzun fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə foyedə Xocalı faciəsi haqqında foto və kitab sərgisinə baxıblar.

 

Mərkəzin Heydər Əliyev Muzeyində keçirilən mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, faciə haqqında sənədli film nümayiş edilib.

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Səfir faciə zamanı həlak olanlarla bağlı konkret faktları göstərib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu xatırladıb. O deyib ki, Prezident İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti sayəsində torpaqlarımız işğaldan azad edilib, işğalçılar layiqli cəzalarını alıblar. Səfir bildirib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası keçirilir. Bu kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib və bu istiqamətdə fəaliyyət davam edir.

 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləyib, qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.

 

Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adxambek Alimbekov, şair və tərcüməçi Şəhla Qasımova, özbək şairi Kərim Bəhriyev və başqaları vurğulayıblar ki, həmin dəhşətli gecədə azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.

 

Sonra şair İradə Əlilinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilində tərcümə edilmiş “Xocalı: şahidlər danışır” kitabının təqdimatı olub. Kitabın müəllifi İradə Əlili Xocalı faciəsini əsrin ən böyük soyqırımlarından biri kimi xarakterizə edib, kitabın yaranma zərurətindən danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Küveyt Dövlətinin Milli Günü və Əl-Küveyt şəhərinin 2025-ci il üçün Ərəb Dünyasının Mədəniyyət və Media paytaxtı seçilməsi münasibətilə “Küveytdən xalqların hekayələrini kəşf edirik” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyinə istinadla xəbər verir ki, tədbir Küveyt Dövlətinin informasiya naziri Əbdürrəhman əl-Muteyrinin himayəsi və diplomatik korpusun duayeni, Tacikistan Respublikasının Küveyt Dövlətindəki səfiri Zubaydullo Zubaydzodanin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) rəhbəri Ameera əl-Həsənin təşkilatçılığı baş tutub.

 

Tədbirdə 60-dan çox ölkənin Küveytdə akkreditə olunmuş səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının səfirliyi öz pavilyonu ilə mədəni tədbirdə təmsil olunub.

 

Küveyt informasiya nazirinin müavini Nasir Muheysin tədbirin açılış mərasimində iştirak edib və ölkələrin pavilyonları ilə tanış olub.

 

Mədəniyyətlərarası dialoqu, mədəni mübadiləni, dünya mədəniyyətlərinin zənginliyini və insanlararası əlaqələrin yaradılmasını təşviq edən bu tədbir çərçivəsində xalqların adət-ənənələrini, mətbəxini, milli geyimlərini, sənətkarlığını, musiqisini, mədəni irsini, turizm potensialını əks etdirən sərgi təşkil olunub və mədəni proqramlar təqdim edilib.

 

Sərgini diplomatik korpusun nümayəndələri ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Bütöv quzunun içində dəmlənmiş plovun hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR (nüsxə):

§ Quzu – 159 qr (adambaşı pay)

§ Ərinmiş kərə yağı – 45 qr

§ Uzun düyü – 100 qr

§ Albuxara – 25 qr

§ Ərik qurusu – 25 qr

§ Şabalıd – 40 qr

§ Zəfəran – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr 

 

HAZIRLANMASI:

Quzu kəsilir, təmizlənir, kəllə hissəsi ütülür. Ərinmiş kərə yağı, duz, istiot, sarıkök qarışdırılır, məhlul hazırlanır. Hazırlanmış qarışıq quzunun iç və üst tərəfinə çəkilir, 5-6 saat sərin şəraitdə saxlanılır. Adi qaydada düyü bişirilir, sü- zülür. Düyünün yarısı quru meyvələr və şabalıdla qarışdırılır. Həmin qazanda qazmaq hazırlanır, quru meyvələr və şabalıdla qarışdırılmış düyü yığılır, üzə- rinə zəfəran şirəsi, yağ əlavə edilir, ağzı bağlanır və dəmə qoyulur.

Düyünün qalan yarısı həmin qayda ilə quru meyvələr və şabalıdla qarışdırı- lır, yağ, zəfəran şirəsi əlavə olunur, quzunun içinə yığılır və qarın hissəsi tikilir. Sobada 160°C-də 2,5-3 saat ərzində bişirilir. Kürədə, təndirdə isə 2-2,5 saat ər- zində bişirilir. Quzunun başı qızardılır, hazır olduqda quzunun boynu ilə birləş- dirilir, bütöv halda süfrəyə verilir.

 

QEYD: Quzu soba və ya kürəyə qoyularkən üzərinə folqa sərilir. Yaxşı qızarması üçün bişənə yaxın üzərindən çıxarılır. Quzunun

baş hissəsi də eyni qayda ilə qızardılır. Quzuplov 20 nəfər üçün nəzərdə tutulduğu üçün quzunun içindəki düyü kifayət etmir. Bu səbəbdən düyünün digər hissəsi ayrıca qazanda dəm

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda şair Rəfail İncəyurdun təqdim etdiyi yeni şeiri yer alacaq. Şeir 19.02.25 tarixində yazılıb.

Xoş mütaliələr. 

 

Əylən, getmə günaha,

Boylan düz bax sabaha.

Gedənlər gedib daha – 

Qalanları hifz elə.

 

Nə oyanıb dan atma, 

Nə gecəni qanatma.

Olmazlara can atma,

Olanları hifz elə.

 

Hirs-hikkə bunca olmaz,

İrfanı da sev bir az.

Sidq ilə Haqqa namaz

qılanları hifz elə.

 

Kimin nədi hədəfi?

Hara düzlənir səfi?

İşıq gələn tərəfi 

bulanları hifz elə.

 

Yerin-göyün eşqi nə?

Sev, yayılsın eşq ünə.

İllac zəhrin eşqinə

İlanları hifz elə.

 

Bir daş götürüb hərə

Tolazlasın qəlplərə.

Vətənləşən qəlblərə

Dolanları hifz elə.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Əl də çatmır əsaya,

Nəyim var ki, nə sayam?

Gedin deyin İsaya

Dünya da çarmıxdadı...

 

-deyir şair. Və bu dəfə də mükəmməl deyir. 

Xoş mütaliələr!

 

 

Gedin deyin İsaya...

               Qulu Ağsəsə

 

Yaman yorulmuşam mən,

Bəlkə də iş qırxdadı?

Günah köhnə bazarda 

Yoxsa təzə nırxdadı?

 

Gəldik  sözü qazmağa,

Misra-misra azmağa...

Papaq yoxdu asmağa,

Divar özü mıxdadı.

 

Əl də çatmır əsaya,

Nəyim var ki, nə sayam?

Gedin deyin İsaya

Dünya da çarmıxdadı...

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 15:06

“Hava limanı” - İlqar Rəsulun hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlqar Rəsulun hekayəsi təqdim edilir. 

 

Anası dedi, axşam saat səkkizdə gəl məni apar hava limanına. O, - yaxşı, ana, gələrəm, - deyib, getdi. Evləndi, oğlu oldu, xanımı onu atıb başqası ilə getdi, uşağı tək böyütdü, əsgərliyə yola saldı, işinin başına qayıtdı, bütün günü yeni layihələr üzərində çalışdı. Axşama doğru işdən çıxdı, saat səkkizdə gedib anasını hava limanına apardı. Özünə bilet alıb evə gəldi. Oğlu əsgərlikdən qayıtmışdı. Sevindi. Məclis düzəldib, qohumlu-qardaşlı əlamətdar hadisəni qeyd elədilər. Axşam qonaqlar dağılışandan sonra, oturub ikilikdə çay içəndə oğluna dedi ki, sabah günorta saat üçdə gəlib məni hava limanına apararsan...

Oğul, - yaxşı, ata, gələrəm, - deyib getdi. Ali məktəbə qəbul olundu, oxuyub yaxşı cərrah oldu, məşhur klinikada işə düzəldi, həkim qızla evləndi. Səhəri - günorta saat üçdə getdi gördü atası geyinib qapıda gözləyir. Kişini evə qaytardı, oturub çay içdilər, çoxlu söhbət elədilər. Oğul atasını hava limanına aparmadı. - Sabah axşama doğru gələcəyəm, - deyib, getdi öz evinə, xanımının yanına. Övladı olmurdu deyə xanımı ilə ikisi idi evdə. Heç vaxt axşamlar qadını tək qoymurdu. Səhəri xanımını götürüb dünyanın məşhur məbədlərinə, ziyarətgahlarına apardı. Birlikdə dua etdilər, Allahdan övlad dilədilər. Həkim idilər deyə anlayırdılar ki, tibb onlara övlad verə bilməyəcək. Ona görə üz tutmuşdular göylərə...

Axşam saat səkkizdə gedib atasını hava limanına apardı. Özünə sabah günorta saat üçə bilet alıb evə gəldi. Xanımından xahiş etdi ki, sabah onu hava limanına aparsın. Gecə səhərəcən çoxlu ağır əməliyyat edib xeyli adamın biletini əlində qoydu. Təqaüdə çıxıb günorta saat üçə yaxın evə gəldi. Gördü masada iki qatlanmış kağız var. Açıb oxudu. Xanımı yazmışdı ki, məni bağışla, saat üçdə hava limanında olmalı idim, səni gözləyə bilmədim...

Maşına oturub hava limanına sürdü. Düşüb təngnəfəs uçuş zolağı görünən yerə qaçdı. Gecikmişdi. Səma bomboş idi. Biletini dəyişib axşam saat səkkizə aldı. Qayıdıb evini, maşını satdı, bankdakı pullarını da çıxartdı. Özünə beş-üç manat saxlayıb, qalanını "Valideyn himayəsindən məhrum olmuş uşaqlar fondu"na keçirtdi. Ödənişin qəbzinə baxıb sevindi, gözləri yaşardı, bir anlıq ona elə gəldi ki, çoxlu uşağı var. Hər yaşda çoxlu oğlan və qız. Hamısının da adını bilir. Tez-tələsik bir neçəsinin adını pıçıldadı öz-özünə. Atasının, xanımının, bir də qızı olarsa, qoyacağı ad idi dodaqlarının arasından xəfifcə çıxıb uçuşan adlar. Bankdan çıxıb şəhərdə gəzindi. Parka gedib uşaq vaxtı atasının onu yellətdiyi yelləncəyə oturdu. Gözlərini yumdu, dabanları ilə təkrar-təkrar yeri itələyib özünü göyə qaldırdı. Külək qulaqlarını batıranda sürücüdən pəncərəni bağlamağı xahiş etdi. Küçənin səsi şüşənin arxasında qalanda gözlərini açdı. Bayırda hava qaralmışdı. Qolunda saat səkkizə doğru gedirdi. Onu hava limanına aparan kimsəsi olmadığına təəssüfləndi. Bankın qəbzi ilə gözlərinin yaşını yığıb cibinə qoydu. Arxanı göstərən güzgüdə özünə baxdı. Xanımı ilə atası yanında oturmuşdular. Güzgüdən ona əl edib gülümsünürdülər. Eybi yox - düşündü - yola salan olmadısa da, qarşılayan olacaq. Üzünə təbəssüm qondu. Sürücünün səsini eşitdi: çatmışıq. Taksidən enib ətrafa göz gəzdirdi. Hava limanı saysız-hesabsız işığa qərq olmuşdu...

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.