Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bəzən musiqi dinləyərkən sadəcə özünü və yaşadıqlarını düşünürsən. Keçmişinə qayıdırsan, xatirələrin içində itib-batırsan. Bir səs səni illər öncəyə aparır, bir söz köhnə yarana toxunur.
Amma elə sənətkarlar olur ki, onları dinləyərkən yalnız mahnını yox, sənətkarın özünü görürsən. Onu göz önündə canlandırırsan. Səsi ilə birgə baxışları, duruşu, hissləri də səninlə danışır. Elə bil səhnədən enməyib, elə bil hələ də oxuyur…
Duy səsimi, qəlbimin ruhu ol
Gəl, nə olar, qorusun bizi Yaradan
Kaş həmişə yanımda sən olasan
İnan, gözləyir zaman, nə qədər düşünür səni ürək
Gəl bir olaq, sevgini sənlə bölək
Bax üzümə həmişə gülərək
Getmə...
Bu misralar oxunarkən, heç kim bilmirdi ki, bir gün biz sənin üçün “kaş həmişə yanımızda olaydın” deyəcəyik.
Bu misraları sən oxuyarkən isə heç düşünməzdin ki, gün gələcək, sənin ifalarını dinləyərək sənə rəhmət diləyəcəyik…
Bu gün Aygün Bəylər xalqımızın sevimlisidir.
Sənətkar dünyasını dəyişə bilər, lakin sənətkar heç zaman ölmür.
O və onun sənəti daim yaşayır — qəlblərdə, qulaqlarda və xalqımızın içində.
Filan-filankəs deyildi Aygün Bəylər…
O, səsi ilə iz buraxan, səhnəyə ruhunu qoyan sənətkar idi.
Bu gün -6 yanvar- Aygün Bəylərin vəfatının ikinci ildönümüdür.
Aygün Bəylərin “Getmə”, “Nə yaxşı sən varsan”, “Özün günahkarsan”, “Bağışlaram səni” və daha neçə-neçə duyğulu ifaları var ki, illər keçsə də, hələ də dinlənilir, hələ də insanın qəlbinə toxunur. Onun səsi bir dövrün hisslərini, ağrılarını, sevgisini özündə daşıyır.
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də səhnə mədəniyyəti və geyim tərzi ilə yaddaşlarda qalacaq.
48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya təkcə mahnıları yox, həm də 14 yaşlı bir qız övladı qalıb.
Qeyd edək ki, Əməkdar artist uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.
İkinci il dönümü münasibətilə “Ədəbiyyat və İncəsənət”ə müsahibə verən Aygün Bəylərin bacısı Zümrüd Hümbətova bacısının sənət yolunda yaşadığı çətinlikləri bizimlə bölüşüb:
“Bizim dahi, unudulmaz sənətkarımız- bacım sənətə çox az yaşlarında gəlib. Təxminən 12–13 yaşlarında nağara ifaçısı kimi. Buna baxmayaraq, o nağara ifa edəndə sənətdə çox çətinliklər çəkdi. Oxuyarkən belə böyük əziyyətlər gördü. Çünki o vaxt bu sənətdə addım atmaq heç də rahat deyildi.
Çox heyif ki, bu qədər əziyyət 48 yaşında bitdi. Kimi imkan vermədi, kimi ayağının altını qazıdı. Bacımın başına bu sənətlə bağlı çox işlər gəldi.
Amma bacım gedişi ilə möhür vurdu getdi. Yaddaşlarda, ürəklərdə qaldı. Xalqımız onu və onun musiqisini daim yad edir”.
Zümrüd Hümbətova bacısı ilə bağlı xatirələrini bölüşərkən duyğularını gizlətməyib:
“Mən az yaşlarımda, daha sonra isə son zamanlarında Aygünlə daha çox yaxın idim. Çünki hərə öz ailəsini qurdu, başımız qarışdı. Biz də çox əziyyətlər çəkmişik. Atam gənc yaşında dünyasını dəyişib. Aygün bizə ata da olub, ana da, qardaş da. İkinci ildir ki, Aygünü itirmişik. Mən hələ də unuda bilmirəm. Həm bacı kimi yeri çox görünür, həm də onun musiqilərini dinləyəndə, hətta ifa edəndə çox kövrəlirəm, ağlayıram. Bəzən deyirlər ki, bəsdir bu qədər fəryad etmə, artıq iki il keçib. Amma bu mənim üçün çox çətindir”.
Aygün Bəylərin son konserti isə ailəsi üçün xüsusilə yadda qalan olub:
“O konsert o qədər təsirli oldu ki…Pərdə arxasında dayanmışdım. Konsert başlayandan bitənə qədər ancaq ağladım. Nə başlanğıcını, nə də sonunu hiss etdim. Konsert günü səhər tezdən onunla Heydər Əliyev Sarayına getdik. Səhər 9-dan axşama qədər bir yerdə olduq. Məşqlər etdi, danışdıq, güldük. O günlər çox stress keçirirdi. Həmin konsert həm sevincli, həm də kədərli idi. Sevincli idi, çünki arzusuna çatmışdı…"
Zümrüd Hümbətova deyir ki, bacısının həyatı çətinliklərlə dolu olub:
“Aygün çox çətin günlər yaşadı. Taleyi elə də üzünə gülmədi. O, övladı ilə xoşbəxt oldu. Övladı dünyaya gələndə sanki dünyası bir az dəyişdi. Amma yenə də sənətinə canını fəda etdi.
Birinci sinifdən dostlaşdığıolan rəfiqələri hələ də məni tək qoymur. Tez-tez görüşür, Aygün haqqında danışır, məzarını ziyarət edirik. Amma Aygünün arzularının çoxu yarım qaldı”.
Aygün Bəylər getdi…
Amma səsi qaldı.
Mahnıları qaldı.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)


