Oğuz toponimi barədə bilgilər Featured

 

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonu Oğuz rayonu adlandırılmışdır.  İndi Oğuz keçmiş Vartaşen rayonunun və onun mərkəzi Vartaşen şəhərinin hazırkı adıdır. Oğuz şəhər və rayonunun adı qüdrətli bir oğuz tayfasının adı olduğu üçün  etnotoponimdir.

 

 

Bizcə, Vartaşendən sonra Oğuz adı rayon üçün ən uğurlu seçimdir. Çünki bütün Azərbaycan ərazisi kimi bu rayon da oğuzların  dosdoğmaca yurdudur. Onlar burada nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. (R.Orucoğlu).  

Tarix üzrə fəlsəfə doktoru Z.Ə.Cavadova özünün “Şimal-qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası” əsərində haqlı olaraq yazırdı ki, “Şimal-Qərbi Azərbaycan oguz-turk tayfalarının…yaşadığı ən qədim insan məskənlərindən biridir. Yurdumuzun tarix salnaməsi olan “Kitabi-Dədə-Qorqud”la səsləşən toponimlər bu bölgənin zəngin və qədim tarixindən xəbər verir...Bu gün Dədə Qorqud qəhrəmanlarının dilindən qopan şirin oğuz türkcəsini kim öz qulaqları ilə eşitmək istəyirsə, Şimal-Qərbi Azərbaycana gəlsin, Şəkinin, qədim Taraqayın (Qaxın) dağ kəndlərinə - Baş Köynüyə, İlisuya, Sarıbaşa getsin, Zaqatalanın, Balakənin muğal kəndlərinə baş vursun, Oğuz, Qəbələ camaatı ilə görüşsün! Bu yerlərin istiqanlı camaatının minillərlə qoruyub saxladığı qədim türk məişəti ilə canlı təmasa girsin!” Hələ vaxtı ilə “Kitabi-Dədə-Qorqud” dastanının ilk tədqiqatçılarından V.Bartold da yazırdı ki, “Qorqudun adı ilə bağlı bu epik silsilə çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi”.  

Rayon ərazisində dəniz səviyyəsindən 1150 və 1160 metr yüksəkdə olan Baş Daşağıl və Filfilli kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış, əhalinin hələ də “oğuz (uğuz) qəbirləri” adlandırdığı qəbirlər, ərazidə müəyyən olunmuş kurqanlar, daş və qutu məzarlar, Dədə Qorqud qəhrəmanlarının adı ilə səsləşən Daşüzə yaxın bölgədəki Qazan xan qalası, Oğuz şəhərinin cənubundakı Bayan kəndi, onun yaxınlığındakı Bayandur (Baydar) talası, Oğuz şəhərinin yaxınlığındakı qədim qala, Baş Daşağıl (bəlkə də Baş Dışağıl) kəndindən yüksəkdəki Qazanın ağılı və Qazanuçan yaylaqları, Daşüz silsiləsi, Xalxal kəndinin şimalında Böyük Qafqazın cənub yamacında olan Xızovuz dağı; Oğuz boylarından “Qarabölük”lərlə, dastan qəhrəmanları  Qarabudaq və Qaragünə ilə əlaqəli olması ehtimal edilən Qarabaldır və Qarabulaq kənd adları; rayon ərazisindən toplanmış “Daşüz haqqında”, “Uğuz baba”, “Oğuz xan dayanan yer” və digər rəvayətlər (toplayıcı Y.Rzayev) də bunu sübut edir. Zənnimizcə, bunlar rayonun qədim oğuzların tarixi-coğrafi arealına daxil olduğunu sübut etmək üçün yetərlidir. 

Kim olub oğuzlar? Mahmud Kaşğari qeyd edirdi ki, Oğuzlar ən böyük və ən nüfuzlu türk boyu olub. Türkiyə tarixçisi, professor, türkoloq Faruq Sümər "Oğuzlar (Türkmənlər)” əsərində onlar barəsində yazır ki, "Oğuzlar azərbaycanlıların əcdadlarıdır... Oğuzlar Türkiyə türkləri, Azərbaycan türkləri, İran və Türkmənistan türklərinin atalarıdır”. 

Türkoloq B.Tuncay isə qeyd edir: “Türk soy və boyları içərisində genezisi haqqında ən çox mənbə bulunan xalq, şübhəsiz ki, oğuzlardır. Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Ancaq onların qədim adları çox dəyişmişdir. Ancaq Ön Asiya və Qafqaz oğuzlarının, yəni Azərbaycan və Anadolu türklərinin etnik tərkibi genoloji cəhətdən klassik şəklinə  uyğun gəlir”.

B.Tuncay Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun olduqlarını yazır.

F.Rəşidəddin öz “Oğuznamə”sində Oğuzun soyunu Nuh oğlu Yafəsə bağlayır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. F.Bayat yazır ki, Azərbaycandan toplanmış bir  əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır. (https://bextiyartuncay.wordpress.com/2012/03/11/ oguzlarla-bagli-etnoqonik-mifl%C9%99r-ilk-oguz-yurdu-mahan-%C9%99fsan %C9%99-yoxsa-realliq/)

Araşdırmaçı H.Əliyev"Oğuz" adının mənşəyinə bir baxış” adlı məqaləsində görkəmli türk alimi F.Sümərin  "Oğuzlar (Türkmənlər)" əsərinə istinadən göstərir ki, "oğuzlar" məfhumu "türklər" (“türkmənlər) sözündən öncə işlənən məfhum olub. F.Sümər adı çəkilən əsərdə qeyd edir ki, XI əsrdən Oğuzlar Yaxın Şərqdəki qonşularından onlar barədə "türk" (türkmən) kəlməsini duymağa başlayıblar.  Oğuzlara XI əsrdə "türkmən" adı verilib ki, bu da təqribən iki əsr sonra hər yerdə "oğuz" adının yerini tutub. (Mahmud Kaşğarinin də qeyd etdiyi kimi, Oğuzlar ən böyük və nüfuzlu türk boyu olub, buna görə də onların "türk" adlandırılmaları təbii idi.) 

Ancaq "oğuz" sözü dastanlarda xatirəsi yaşadılan əcdadlarımızın adı kimi türklər (türkmənlər) arasında uzun müddət işlənib.

"Oğuz" sözünün etimologiyası barədə müxtəlif fikirlər vardır. Məsələn, tədqiqatçılar Oğuz sözünün ağız südü mənasını verən ağuz; çay və dərə mənasını verən “oğuz”; buynuz mənasını verən “ugur”; heyvan mənasında olan “öküz” sözlərindən formalaşdığını, o cümlədən ox-tayfa və qəbilələr; insan, şəxs; doğuşla gələn sübh tanrısı demək, ruh və hər şeyi bilən mənasında hesab edilən “öz/ös” sözlərindən əmələ gələn semantik şaxələnmə olduğunu və s. bildirirlər.   (https://turkishstudies.net/social?mod=tammetin&makaleadi=&makaleurl= 1755958925_4G%C3%B6k%C3%A7eAziz_sos-37-47.pdf& key=22389)

Bəzi fikrləri xüsusi fərqləndirmək istərdik. Belə ki, fikirlərin bir qismində qeyd olunur ki, sözün ilkin forması "qa+z" olmuşdur. Əgər diqqət versək, oğuz mənşəli xalqların adlarında və yer adlarında "qa+z" məfhumuna çox sayda rast gəlinir. Məsələn, qazax, qaqauz, Qazan (şəhər adı kimi) və sair. "Kitabi-Dədə Qorqud"da işlənən şəxs və yer adlarında da bu məfhuma rast gəlinir: Qazan xan, Qazılıq dağı, Qazlıq qoca. Çox güman, "oğuz" sözü özü də məhz bu cür səs-hərf dəyişmələri nəticəsində "qa+z" kəlməsinin bir törəməsi olaraq meydana gəlib.

"Oğuz"u totemlə bağlamaq, tarixin çox qədim dönəmində öküzün - buğanın güc, qüdrət rəmzi kimi müqəddəs sayılması ilə əlaqələndirmək (yəni oğuz sözünün öküz sözündən yaranması) istiqaməti də vardır. Yer kürəsinin məhz öküz buynuzları üstündə dayanması barədə qədim inanc da elə həmin düşüncədən --öküzün qüdrət mənbəyi hesab edilməsindən irəli gəlib. 

Məşhur macar dilçisi Y.Nemet isə "oğuz" sözünü "ok-uz" şəklində, yəni "ok"u - qəbilə, boy, "z" hərfini isə cəm ədatı kimi izah etmişdi. Bu cür təhlil bir daha onu göstərir ki, "oğuz" kəlməsi "ox" sözündən formalaşıb. Ox alətinin silah növü kimi oğuzlara mənsub olması yəqindir. Məhz bu atribut oğuzların ta qədimdən döyüş qabiliyyətli, ilkin ibtidai strateji arsenala sahib olmalarını sübut edir. (https://525.az/news/149246-oguz-adinin-menseyine-bir-baxis-arasdirma).

Ox və yayın türklərdə simvolik mənası vardı. Ox təbəəlik, yay hakimlik sayılırdı. Siyasi baxımdan hər bir asılı boya bir ox verilirdi. Bu oxların birliyi Oğuz elini təşkil edirdi. (“Kitabi-Dədə Qorqud ensiklopediyası”, “Yeni Nəşrlər Evi”, Bakı-2000, II cild, səh: 236). 24 boydan ibarət olan Oğuzların 12 boyu boz oxlar, 12 boyu isə üç oxlar adlanırdı. Oğuzlar oxlar, boylar, soylar birliyi idi.

Oğuzlar hələ e.ə. 330-cu illərdə döyüşkən və müstəqil bir xalq olublar. Bunu çoxsaylı tarixi faktlar da sübut edir. Rayonumuzun belə igid əcdadlarımızın boyunun adını daşıması bütün oğuzlular üçün fəxrdir.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2026)

 

 

 

 

 

  

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.