Laçında MDB ölkələrinin şirniyyat masası təqdim olunub

İyunun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən MDB ölkələrinin şirniyyat masası təqdim edilib.

 

AzərTAC xəbər verir ki, “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı üzrə Tədbirlər Planına müvafiq olaraq təqdim olunan şirniyyat masasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistanın usta qənnadçılarının təklif etdiyi menyu çeşidləri sərgilənib. Usta qənnadçıların təqdimatında MDB ölkələrinin klassik qənnadı məmulatları ilə yanaşı, həmin məhsulların hazırlandığı biomüxtəliflik nümunələri də nümayiş olunub, ziyarətçilərə bu məhsulların hazırlanma üsulları ilə bağlı məlumat verilib. Tədbirdə Azərbaycan milli şirniyyatları UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilən Azərbaycanın çay mədəniyyəti mərasimi ilə birgə təqdim olunub.

 

Mədəniyyət naziri Adil Kərimli tədbir çərçivəsində hər bir ölkənin milli pavilyonunu ziyarət edib, təqdim olunan kulinariya nümunələri, tarixən formalaşmış dad palitrası və mətbəx ənənələri ilə tanış olub.

 

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.