Hədəf Şirkətlər Qrupu Qarabağ Universitetinin tələbələrinə təqaüd verəcək

Hədəf Şirkətlər Qrupu Qarabağ Universitetinin tələbələrinə təqaüd ayırıb.

İyunun 2-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.

 

Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Hədəf Şirkətlər Qrupundan verilən məlumata görə, forum çərçivəsində fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə Təhsilin İnkişafı Fondu arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandum imzalanıb. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.  

Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu da bu çağırışa müsbət cavab verən qurumlar arasındadır.  Belə ki, şirkət Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq. 

Təqaüd proqramının məqsədi bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərmək və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.