ƏDƏBİ MƏTBƏX: qastronomiyanın sözlə yüklənmiş dünyası Featured

Sərvanə Dağtumas, ədəbiyyatşünas, “Ədəbiyyat və incəsənət” üçün

 

Qastronomiya ilə ədəbiyyatın əlaqələri bugünə qədər akademik səviyyədə ətraflı şəkildə tədqiq olunmayıb. Qastronomiya təkcə yeməklə bağlı sənət deyil, eyni zamanda qida və mədəniyyətin qarşılıqlı əlaqəsini öyrənən elm kimi təqdim olunur. Yeməklərin bioloji və kimyəvi əsaslarını tədqiq edən molekulyar qastronomiya, kulinariya sənətinin incəlikləri və dad psixologiyası məqalədə xüsusi olaraq vurğulanır.

 

Məqalə qastronomiya sənətinin tarixi və bədii-estetik kontekstini araşdıraraq, elmin mifoloji, mədəni, psixoloji və fəlsəfi aspektlərinə diqqət yetirir. Qastronomik ədəbiyyat, qidaların bədii mətnlərdə rolu, qida motivlərinin mifologiyadan başlayaraq klassik və müasir ədəbiyyatda işlənməsi, qida-kimlik münasibətləri və kulinariyanın ədəbi müstəvidə dəyərləndirilməsi ifadəsi məqalədə diqqət mərkəzindədir.

Qastronomiya həm fərdi, həm də kollektiv kimliyi formalaşdıran sosial-mədəni fenomen kimi qiymətləndirilir. Bu elm qidaların fəlsəfi aspektləri, xüsusilə "şüurlu yemək" (mindful eating) və "şüurlu içmək" (mindful drinking) konsepsiyaları ilə əlaqələndirilir. Məqalə yeməyin ekzistensial mənasını araşdıraraq, onun fərdi təcrübə və mədəni irs kontekstində insan həyatındakı yerini də müəyyənləşdirir.  Qida bədii mətnlərdə yalnız fon rolunu oynamır, eyni zamanda məna qatlarını dərinləşdirən əsas elementlərdən birinə çevrilir.

Məqalədə qastronomiyanın bədii müstəvidə tədqiqi, kulinariyanın estetik və metaforik ifadəsi, milli mətbəxin ədəbi irsdə mühafizəsi və yemək festivallarının, şeir-qida gecələrinin ədəbiyyatla əlaqəsi araşdırılır. Qastronomiya və ədəbiyyat festivalları poeziya və kulinariya sintezindən ilhamlanan ədəbi tədbirlər kimi təqdim olunur.

 

1. QASTRONOMİYANIN TARİXİ-BƏDİİ ESTETİKASI: SÖZ VƏ DAD

Qastronomiya yunanca “mədə” və “qanun, adət” sözlərindən yaranıb, mədəniyyətlə qida arasındakı əlaqə, zərif, gözoxşayan və iştahaçan yeməklərin hazırlanması və təqdim olunması haqqında elmdir. Qastronomiya yeməklərin hazırlanması, qidaları dadmaq və təcrübə etmək, dadın psixologiyası və fiziologiyası, müəyyən bölgələrin mətbəxini araşdırır. Eyni zamanda qidalanmanın digər mədəniyyətlərlə əlaqəsini öyrənir.  Yemək bişirməyin bioloji və kimyəvi əsası molekulyar qastronomiya adlanır. Qastronomiya bir yemək sənətidir, yeməkdə dadın kəşfi, (qurman-dada baxan şəxs) kulinariyanın incəliklərinin öyrənilməsi və mətbəxin dərk olunmasıdır.

Qastronomiya ifadəsinin yaranması ilə bağlı mənbələrdə fərqli fikirlər mövcuddur. Məsələn, “Larousse Gastronomiquenin fikrincə, bu terminin ilk dəfə 1801-ci ildə Cozef Berchouxun “Qastronomiya, ya da fermadan süfrəyə adam” kitabında işlədildiyi və fransız dilində yerləşdiyi bildirilir. Bundan əlavə, Charles Monselet qastronomiyanı "hər yaş və şəraitdə dadına baxıla bilən həzz" olaraq təyin etdi və bu terminin 1835-ci ildə Fransa Akademiyası tərəfindən rəsmi olaraq qəbul edildiyi qeyd edildi”. 

Hüquqşünas və “Dadın fiziologiyası” kitabının müəllifi Brillat-Savarin qeyd edir ki, qastronomiya insanın yemək yeyərkən ona aid olan hər şeyi bilməsidir. Onun fikrincə, qastronomiya insanın dad üstünlüklərini mühakimə etmək qabiliyyətinin ifadəsidir, bununla yanaşı insanın qidalanmasına aid olan hər şey haqqında sənətdir və onun məqsədi insanın ən yaxşı qidalanma yollarını təmin etməkdir. Qastronomiya bir sözlə, insanın qayğısına qalan elmdir.

Şokaladçı Victor-Auguste Poulainə görə, qastronomiya mətbəxin estetik sənəti hesab edilir və yeməyin hazırlanması qaydaları da daxil olmaqla süfrə mədəniyyətini formalaşdırır.  “Qastronomiya eyni zamanda “yemək və içkilərin gigiyena və sanitar qaydalar çərçivəsində sistematik şəkildə hazırlanaraq gözə və damağa oxşayacaq şəkildə təqdim edildiyi yemək mədəniyyəti və ya bişirmə sənəti” olaraq da təyin olunur”. 

Qastronomik ədəbiyyatda qida motivləri mədəni, psixoloji, sosial və fəlsəfi kontekstdə təsvir olunur. Bədii nümunələrdə qəhrəmanlar qida vasitəsilə özlərini ifadə edir, xarakterlərini ortaya qoyurlar. Sözlə dad insan təcrübəsinin əsas hissəsidir. Qidalanma fiziki olmaqla yanaşı bədii, mədəni, sosial və fəlsəfi ehtiyaclarımızı qarşılayır və milli kimliyimizi ifadə edir.

Türk dünyasında miflərdən folklor nümunələrinə, klassik poeziyadan müasir ədəbiyyata qədər qastronomik motivlər ədəbi çalarlarda işlənib. Bu cür məqamlar ədəbiyyatla qastronomiyanı bir nöqtədə birləşdirir. Qastronomiyanın ədəbi müstəvidə dəyərləndirilməsi, ədəbi mətbəxdə qida izləri, bədii mətnlərdə qidaların məkan funksiyası, kulinariyanın estetik, metaforik və simvolik ifadəsi, qida-kimlik münasibətləri və mətbəxin ədəbiyyatda irsi mühafizəsi, ədəbiyyat və qastronomiya festivalı- qida və şeir gecələrinin təşkili ideyası, milli kulinariyadan ilhamlanan poeziya və proza bugünə qədər ətraflı şəkildə araşdırılmayıb. 

Yemək və içmək bioloji ehtiyac olmaqla yanaşı, psixoloji və sosial ehtiyacları da ödəməyə xidmət edir. Türk dünyasında yemək və içkilər xalqın kimliyini, mədəniyyətini və həyat tərzini simvolizə edir. Ədəbiyyatda qidalar fərdi və kollektiv kimliyin ifadəsidir. Qida-kimlik əlaqələri həm fizioloji, həm də sosial-mədəni əlaqələrdir. Burada iki kimlikdən bəhs olunur: fərdi və kollektiv.  Fərdi kimlik şəxsin gündəlik həyatında, davranışlarında və seçimlərində vacib rol oynayır. Hansı yeməyi sevməyimiz və mətbəxi seçməyimiz, harada və hansı şəkildə qidalanmağımız fərdi kimliyimizin ifadəsidir.

Yemək toplumun da kimliyini müəyyən edir. Belə ki qida mədəniyyəti, tarixi və kollektiv kimliyi əks etdirir. Yemək qonaqpərvərlik və paylaşmaq kimi dəyərləri təmsil edir, yəni qastronomiya sosial və mədəni kodların simvolu kimi təsvir olunur. Yeməyin fəlsəfi (introspektiv) aspektləri insan həyatındakı yeri, həyatın mənasını, insanın özünü qəbullanması və  özünə qatdığı dəyərdir. Yemək insanın həyatının ekzistensial mənasını axtaran fəlsəfi vasitədir. Yeməyi əllə yemək yeməyin fəlsəfi tərəflərini bizə açıb göstərir. Əllə yemək hissi təcrübəyə əsaslanır,  bu şəkildə qidalanma toxunma hissini işə salır və barmaqlarımız istiliyi daha tez hiss edir. Əllə yemək bir fəlsəfədir və insanı daha çox diqqət yetirməyə, şüurlu şəkildə qidalanmağa təşviq edir. (mindful eating) Suyu da ovcumuza alıb içirik və bu da bir fəlsəfədir, təbiətə bağlılıqdır. Bununla da su ilə canlı təmasda oluruq, həmin anı yaşayırıq və şüurlu olaraq, suyu hiss edirik, içirik. (mindful drinking)

Yemək insanın öz “mən”ini axtararkən seçdiyi yol və hisslərinin ifadəsidir. Qida təcrübələri keçmişi, mədəni kökləri, cəmiyyətin kollektiv dəyərləri və normativlərini əks etdirir, insanları bir araya gətirir. Qida vasitəsilə mədəniyyətlər arasında qarşılıqlı anlaşma, fərqliliklərə tolerant yanaşmaq, yeni bir kimliyin yaradılması geniş yayılır.

1.1. Bədi mətnlərdə qastronomik motivlər

Ədəbiyyatda yemək həyatın yenilənməsi və ölümün yaxınlaşması kimi mövzularla əlaqələndirilir.  Qida əsərdə psixoloji məkanın qurulmasında mühüm rol oynayır. Bununla da obrazın daxili düşüncələri ifadə edilir. Hər hansı bir məkanın təsvirində yemək elementləri istifadə edildikdə oxucu həmin mühiti daha canlı və real şəkildə təsəvvür edə bilir. Yemək personajların daxili dünyasını, onların emosional vəziyyətlərini və düşüncə proseslərini əks etdirir. Müəyyən yemək vərdişləri, yemək zamanı göstərilən davranışlar obrazın xarakteri və psixoloji durumu haqqında informasiya verir. Yeməyin psixoloji aspektləri qəhrəmanın daxili dünyası, həyatla qurduğu ünsiyyət, danışdığı “dil”, qərarları və mənəvi tələbatlarını formalaşdıran amildir. Qədim mənbələrdə ilk günah anlayışı qidadan-qadağan olunmuş meyvədən yaranıb.

Qastronomik ədəbiyyatın kökü miflərdən gəlir. (arxetipik mətbəx) Mifoloji mətnlərdə qida əxlaq və sosial mövqeyi müəyyən edən vasitədir. Məsələn, qədim yunan mifologiyasında məhsuldarlıq tanrısı Demeter və qızı Persefonanın hekayəsində (Demeter məhsuldarlıqdan dünyanı məhrum edir, qış mövsümü yaranır) bolluqla qıtlıq növbələşir. Bundan başqa, yunan mifologiyasına Ambroziya və nektar ölümsüzlük içkiləridir. Qeyd edək ki, ölümsüzlük içkisinin axtarışı motivlərinə  “Gilqamış dastanı”, N.Gəncəvinin “İsgəndərnamə” poeması, Hötenin “Faust”, J.K.Rowlingin “Harri Potter və Fəlsəfə daşı” əsərlərində də rast gəlinir.

Digər mifoloji mətnlərə nəzər salaq. Hind mifologiyasında Amrita iksir və ölümsüzlük tanrısıdır, ölümsüzlük içkisini əldə etmək üçün Süd okeanını çalxalayır. Kelt mifologiyasında isə Sucellus şərab tanrısıdır. Norveç mifologiyasında qida (meyvələr) bilik və hikmətin simvoludur. Bu, qastronomiyanın mənəvi cəhətinə işarədir.

Qastronomik izlərə antik dövrün ən klassik nümunəsi hesab olunan Longun “Dafnis və Xloya” romanında da rast gəlinir. Belə ki, Long kənd həyatı ilə şəhər həyatını müqayisə edir, kənd insanının daha təmiz və saf olduğu qənaətinə gəlir. Kənd həyatının nemətləri də təmizdir. Romanda qidalardan süd məhsulları, ət, çörək, bal və otlar, içkilərdən süd və şərab, meyvələrdən alma, incir və üzüm ön plandadır. Bu qidalar kənd mühitinin saflığını və təbiiliyini simvollaşdırır. Eyni zamanda həmin qidaların bir çoxu xristianlıqda müəyyən mənaları özündə ehtiva edir. Məsələn, süd həyatı, dirçəlişi, analığı, qidalanmanı, məhsuldarlığı simvolizə edir. Çörək təmizlənmə, qurbanlıq rəmzidir, bəzi mənbələrdə İsa Məsihin bədənini təmsil edir. Şərab mənəvi həyat və xilas rəmzidir, həqiqəti doğurur və “ürəyi ağıllara açır”.  Şərab bəzi mənbələrdə İsa Məsihin qanını təmsil edir. Alma xoşbəxtliyin, bəzi qaynaqlarda isə qadın bədəninin simvoludur.  Üzüm “həyat ağacı” ilə eyniləşdirilir, seldən sonra Nuh peyğəmbər tərəfindən əkilmiş ilk bitki hesab olunur.

Qastronomiyanın bədii dili dastanlarda sosial-mədəni və mənəvi fenomendir. Məsələn, “Kitabi-Dədə qorqud” dastanında qida süfrə mədəniyyətinə, məclislərə, sosial münasibətlərə, qəhrəmanların qarşılaşdığı çətinliklərə, düşdükləri çətin situasiyalara (Burla xatun şərabla sınağa çəkilir) işarədir.  “Manaş” və “Alpamış” dastanlarında yemək həyatın və mübarizənin önəmli hissəsi, qəhrəmanlıq və sosial statusa işarədir. “Koroğlu” dastanında isə qida motivləri qəhrəmanın gücünü ifadə edir.  (yeddi qoyunun yarı şaqqası, yeddi batman unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab) Yemək və içmək “Aşıq Qərib” dastanında qonaqlığın, “Əsli və Kərəm” dastanında sevgi və dostluğun rəmzidir.

Ədəbiyyatda (ədəbi mətbəx) yemək insanın özünü tapmağı, keçmişlə barışmağı və gələcəyə yönəlik anlarını göstərmək üçün də ifadə olunur. Depressiya, anoreksiya, stress və təşviş pozuntusu kimi emosional vəziyyətlərlə əlaqələndirilir.  Məsələn, Frans Kafka “Aclıq rəssamı” əsərində aclığı bir növ sənətə çevirir, yeməyin insanın həyatında tutduğu yerə fərqli pəncərədən baxır. Bugün yemək sadəcə dadla kifayətlənmir, sənət və nümayiş kimi də təqdim olunur. “Aclıq rəssamı” əsərinin qəhrəmanı isə oruc tutaraq, qidadan imtina edir və qidanı sənətə çevirir. Rəssam aclığı fiziki yox, mənəvi akt hesab edir, ac qalaraq, özünü təsdiq etməyə və cəmiyyətə qəbul etdirməyə çalışır. (qastronomik performans) Bununla belə sənət dəyər görmür, maraqlar dəyişir və həyatı qəbul edə bilməyən insan zamanla yox olur, acından ölür. (ekzistensial aclıq) Qəhrəmanın vəziyyəti anoreksiya xəstəliyinin bəzi simptomlarına yaxındır. (yeməkdən könüllü imtina) Bir məqama diqqət yetirək ki, rəssmın məqsədi arıqlamaq yox, sənət yaratmaqdır. Onda yeməyə qarşı nifrət hissi yoxdur, sadəcə öz ruhuna uyğun qida tapa bilmir. Bu, fərdi yox, ictimai performansdır. "Çünki heç vaxt zövqümə uyğun yemək tapa bilməyəcəyəm". 

1.2. Dadın şeiri və ya şeirin dadı: ləzzətin poetikası.

Poeziyada yemək kimliyin və mədəniyyətin parçası kimi təqdim edilir, lirik qəhrəmanın daxili aləmini ifadə edir. Qida burada metaforik və simvolik “geyimdə” qarşımıza çıxır. Məsələn, Füzulinin qəzəllərində şərab eşqin və mənəvi azadlığın simvoludur. (bioloji və ruhani aclıq arasında məcazi paralellik) Şərab həm də ruhi təmizlənmə və ilahi məhəbbətə yaxınlaşma vasitəsidir.

Xətayi isə qastronomik motivlərlə dünyəvi və mənəvi həyatın harmoniyasını təsvir edir. Onun şeirlərində şərab həm də hökmdarın dünyəvi rahatlığı və saray mədəniyyətinin ifadəsidir.

Nəsiminin irfani poetik dünyasında içkinin mistik anlamı var. Onun yaradıcılığında şərab insanın mənəvi azadlığını və ilahi eşqi təmsil edir. Qastronomik motivlər mistik təcrübə və ruhi yüksəlişin simvoludur. Bir sözlə, irfani mətnlərdə yemək və içki motivləri mənəvi axtarışları əks etdirir. 

Xəlil Rza Ulutürk Lefortovo zindanından azad edildikdən sonra ona ziyafət təşkil olunur və həmin ziyafətdə şair Qabil də iştirak edir. Qabil şairin “Davam edir 37...” şeirinə göndərmə olaraq, “Davam edir yemək-içmək” şeirini yazır:

“Davam edir yemək-içmək,

Daha ləziz, daha yüksək.

 

Nə qədər ki, beçələrin

Sümüyü də ötürülür.

Nə qədər ki, cücə-plov

Sini-sini gətirilir,

Nə qədər ki, qovurmanın

İşi fövrən bitirilir”.  

Bu misralarda repressiya dövründəki vəziyyətin yerini ziyafət- yemək və içmək əvəz edir.

Müasir poeziyamızda da qastronomik motivlərə rast gəlirik. Məsələn:

Şair Nübar Eldarqızının “Qırmızı” şeirində şair şərabla eşqin gücünü, cazibəli sehrini vurğulayır, içkini sosial-mədəni ritual kimi təsvir edir. O, Şah İsmayıl Xətayinin adını çəkərək, qırmızı xəttin tarixi və simvolik mənasını göstərir. (gücün və bütövlüyün simvolu) Eyni zamanda tarixi şəxsiyyətin fonunda qastronomiya ilə mədəniyyətin tarixi əlaqəsinə işarə edir. Qastronomik motivlər insanları qidalandırmaqla bərabər duyğusal xatirələri canlandırır:

“Şairlər şərabı eşqə bənzədib,

Şərab da qırmızı,eşq də qırmızı.

Qırmızı xəttimiz Şah İsmayıldı!

Eləcə qalaydı keşkə...qırmızı...”. 

Şair Salam Sarvanın “Bu xırda, bu cılız insan” şeirində yemək insanın absurd, monoton həyat tərzini və psixoloji durumunu ifadə edir. Burada yemək daxili boşluğun, absurdizmin simvoludur. İnsan əbədi olduğunu zənn edib özünə bir rahatlıq qurar, yeyər, baxar, yatar. Ömrü ancaq bu cür keçər. Bir növ Sizif kimi:

“Bu xırda, bu cılız insan

fani bir ömürdə əbədiyyət rahatlığı qurar özünə –

mətbəxdə yemək yeyər,

qonaq otağında televizora baxar,

yataq otağında yatar”.  

Gənc şair Orxan Saffari “Mən uşaq olanda fərqliydi hər şey” şeirində yeməyin fəlsəfi və psixoloji aspektlərinə toxunur. Ana balaca uşağın təxəyyülündə müqəddəsləşir. Müəllim kimi ananın da heç vaxt yemək yemədiyini düşünür(ük). Ancaq uşaq bir dəfə görür ki, ana elə doğurdan da yemir, “sivirir”- digər ailə üzvlərini doyuzdurandan sonra artıq qalan qidaları yemir, məhz  “sivirir”.  Şeirdə qazan metaforikdir. Qazan bişirmə aləti olmaq kontekstindən çıxaraq, həyat-ölüm əlaqələrinin, daxili böhranın və məşəqqətli həyatın simvoludur. (qazanı sivirmək və qəhrəmanın “sivrilməsi”) Anasının heç vaxt yemək yeməməsi balaca qəhrəmanımızın daxili dünyasında boşluq yaradır, o, acı reallıqla üzləşir. Onun üzləşdiyi reallıq, şahidlik etdiyi gerçəklik şillə kimi üzünə çırpılır, ürəyi “sivrilir”. (sivrilmənin metamorfozu) Yemək bu şeirdə qastronomik təhlil baxımından fiziki qidalanmadan çox emosional aclığın, yoxsuluğun və daxili böhranın simvoludur:

“Mən əvvəllər elə bilirdim ki,

anam heç vaxt yemək yemir

bir gecə qazanı necə sivirdiyini gördüm

gördüm ki, yemir.

sivrilib, öldüm”.    

Digər gənc şairimiz Eminquey Akifin “Ağzının dadını yaxşı bilir torpaq” şeirində dad həyatla ölümün fəlsəfi dərinliyinin əksidir. Torpaq həyatın başlanğıcı və sonudur, şeirdəki dad qidanın bədii çevrilişidir-ölümün fəlsəfəsidir. Torpağın qidası “insandır”, həm can verir, həm də can alır. Özü də sürətli yediyi yemək “yaxşı adamlar”dır. Heç vaxt doymur, “tıxanırcasına yeyir”. Torpaq sanki bulimiya nevrozundan “əziyyət çəkir”:

“Ağzının dadını yaxşı bilir torpaq,

Tez yeyir yaxşı adamları,

tez tıxır,

nə doydum deyir, nə də iyrəndim..”. 

Qida elementləri şeirlərdə müxtəlif mənalar qazanır, Klassik poeziyada yemək və içmək insanın ruhani yüksəlişi, mənəvi axtarışlarını simvollaşdırırsa, müasir dövrdə qida daha çox insanın daxili boşluğunu, sosial və psixoloji eksperimentlərini, mənəvi aclığını ifadə edir.

 

2. ƏDƏBİYYAT VƏ QASTRONOMİYA FESTİVALLARDA: MƏDƏNİYYƏT-

LƏRARASI DİALOQ VƏ TƏCRÜBƏ

Qastronomiya gözəl yeməkləri seçmək, hazırlamaq, xidmət etmək və ləzzət almaq sənəti hesab olunur. Qastronomiya turizmi ziyarətçilərə öz kulinariya ənənələri vasitəsilə müxtəlif mədəniyyətləri yaratmaq, yaşatmaq və dərk etmək imkanı tanıyır. Qastronomik festivallar turizmin məhsuludur, müxtəlif xalqların mətbəxini tanıtmaq və təcrübədən keçirmək məqsədi daşıyan tədbirlərdən ibarətdir. Festivallar mədəni dəyərlərin mühafizəsi və yaşadılması ilə sıx bağlıdır. Qastronomik festivalları cəmiyyətin mədəni dəyərlərini əks etdirir.

Qastronomiya festivalları vasitəsilə iştirakçılar dadı kəşf edir. Bununla yanaşı, festival zamanı yemək bişirmə texnikası, tərkiblərin fərqliliyi və mədəni yanaşmalar haqqında çoxlu məlumatlar əldə edirlər. Yerli məhsullarla hazırlanan yeməklər hər bir mədəniyyətin özünəməxsus dadını ifadə edir.

Qastronomiyanın festivallaşmış dünyası fərqli bir təcrübə yaradır. Ədəbiyyat və qastronomiyanı birləşdirən ortaq festivallar müxtəlif mədəniyyətin nümayəndələrini birləşdirir, kollektiv psixologiyanı və qida ilə sözün fəlsəfi yükünü ifadə edir. Festivallarda yemək və içki ilə bərabər duyğusal təcrübələr də paylaşılır. Bu cür tədbirlər emosional terapiya və katarsisə (emosional tənzimlənmə) kömək edir. Eyni zamanda qida ilə sözün qarşılıqlı münasibəti emosional və fəlsəfi birliyin tədqiqinə imkan verir.

Qastronomiya ilə ədəbiyyatın sintezi fiziki tətminlə yanaşı, intellektual və emosional tətminə yönəlib. Fərqli mədəniyyətlər bir araya gəlir və qastronomik ədəbiyyatın duyğusal və fəlsəfi yükü ortaya qoyulur. Qida bədii dilə çevrilir, bədii mətndə “əriyir” və həyatı mənasını dərk etmək tərzini formalaşdırır. Ortaq festivalların təşkili xalqların mətbəxi, qida və söz mədəniyyətlərini tanıdır. Ədəbi mətbəx mexanizmi burada işə düşür. Yəni ədəbiyyat adamları yemək və içkiyə yalnız bioloji ehtiyac kimi yanaşmırlar, eyni zamanda qidaları insanın ruhunun simvolu kimi təqdim edirlər.

Ədəbiyyat və qastronomiya festivalında ədəbiyyatın da “mətbəxi” nümayiş edilir. Şeirlərin səsləndirilməsi, müxtəlif təamları dadmaq, şeir və qida gecələrinin təşkili iştirakçılara zəngin təcrübə (intellektual və ədəbi təcrübə) qazandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.