TRİBUNA Ağdamdan Zeynəb Mirzəyeva ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının Tribuna rubrikasında bu gün söz Ağdam gənci Zeynəb Mirzəyevanındır.

 

Mən gəncəm! Hüquqları, məsuliyyətləri, dəyərləri, söz azadlığı olan bir gənc. Dünyadakı 2 milyarda yaxın gəncdən sadəcə biri. Dünya üzrə hər gün 1000-dən çox gənc zorakılıq, sosial ədalətsizlik, işsizlik, ya da psixoloji təzyiqlərlə mübarizə aparır...

 

Mən də hər bir gənc kimi həyatımın gözəl keçməsini istəyirəm. Ancaq yaşanan hadisələr tək sığortalanmağa yox, sığortalanmamış hadisələrin də üstünün örtülməsinə və susulmasına işarət edir.

Bu gün sizlər üçün gənclərin yaşadıqları problemlər, onların üzləşdikləri haqsızlıqlar, hətta müəmmalı ölümlərinin belə üstünün açılmaması haqqında olan fikirlərimi qələmə almaq istədim ...

Bu gün sizə gənclərin "həyatından" danışacağam...

 

"Biri var idi biri yox idi... Hüzur içində, gözəlliyi ilə hər kəsi valeh edən bir şəhər var idi. Şəhər başdan başa çiçəklərlə örtülmüşdü. Çiçəklər başı dik qürurlu, bir o qədərdə zərif idilər... Şəhərin sakinləri o çiçəkləri sevir, ətrini duyur və onları qoruyurdular.

Bu şəhərdə bir bağban da var idi. Ya da bağbana bənzəmək istəyən yad biriləri, nə bilmək olardı..?

Bu "bağban" hər gün şəhərdən bir çiçəyi dibindən çıxarıb aparırdı. Heç kim "niyə?" demirdi. Hətta bəziləri baxıb keçir, bəziləri isə sadəcə gülümsəyirdi. Beləliklə çiçəklər bir-bir yox olurdu...

Bir gün ən parlaq çiçək də yox oldu. O an şəhər susdu. Bir anlıq hiss edilən sükut çökdü. Amma yenə səslər başladı: "Bayram", "gülüş", "laqeydlik"...

Heç kim əli torpağa batmış adama baxmırdı. Hamı bilirdi, amma heç kim danışmırdı. O çiçəklər indi hamının gözündə sadəcə "solmuş çiçək" idi. Hər kəsin gözündə bu çiçəklərin sonu "vaxtı gəlmişdi, ömürlük yaşamayacaqdı" oldu... Bu qədər asan idi bütün çiçəklərin yox oluşu..?

Beləliklə bütün şəhər susdu... Qalan isə çiçəklərin kökündən atılmış və açıq qalmış nəmli torpağı, o əli torpağa batmış "bağban" idi...

Bir də... səssiz hayqırtılar. O hayqırtılar günəşdən gəlirdi. Çünki onun istisi ilə boy atmışdı o çiçəklər. O hayqırtılar buluddan gəlirdi. Çünki o, vermişdi çiçəklərə ilk suyunu.

Çiçəklər unudulacaqdı... Çətini əlləri torpağa bulaşmış "bağban" əllərini yuyana qədər idi...  Hər şey unudulacaqdı. Çünki baxanlar da görməmişdi gerçəyi..."

 

Bu nağıl deyil. Bu bizim gündəlik həyatımızdır. Bu dövrdə, bu yaşda yaşayan gənclərin hekayəsidir.

Gənclərin - çiçəklərin həyatını hər kəsin baxdığı, amma görmədiyi, görmək istəmədiyi o bağban sifətinə bürünmüş cani cəlladların əllərinə verməyin... Çünki bu bağbanlar hər yerdə, hər an, hər birimizi tapa bilərlər. O gənclər əbədi olaraq gənc olaraq - çiçək olaraq qalacaqlar. Çünki onlar çiçək olaraq kökündən çıxarıldılar...

Nə vaxta qədər susacayıq? Nə vaxta qədər gənclərin solmasına göz yummalıyıq? Susmayaq, çünki bu ölkə bir dənə də Şəbnəm, Turan, Elgün kimi qurban vermək istəmir...

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.