Sizifmi, Prometeymi, Orfeymi, Meduzamı? BƏLKƏ ELƏ SƏN ÖZÜN? Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəziləri deyir, miflər uydurmadır. Əfsanədir. Nağıldır. Uşaqlıqda gecələr qorxub işığı söndürməyənlərin beyinlərinin məhsuludur. Amma onlar yanılır. Çünki miflər sadəcə qədim insanların Tanrılardan qorxaraq danışdığı hekayələr deyildi. Onlar insanın özünə yazdığı etiraflardır. Elə etiraflar ki, yalanı bu qədər inandırıcı, ağrını bu qədər poetik, üsyanı bu qədər estetik göstərən başqa heç nə olmayıb tarixdə.

 

Bu yazıda sənə tarix dərsi keçilməyəcək, dostum. Nə də tanrılar aləminin bioqrafiyası oxutdurulmayacaq. Burada danışılacaq olan, sənsən. Sənin içindəki Sizif, qırılmış qanadlı İkar, aynanın içinə düşüb boğulan Narkis, ciyərsiz qalan Prometey, gözlərilə daş kəsən Meduza və heç vaxt dinlənməyən Orfey. Sənə deməyəcəm ki, nələr olub, sənə sadəcə hiss etdirəcəm ki, nələr hələ də baş verir.  Çünki miflər keçmişdə deyil, bu gün səhər yuxudan qalxdığın anda yenidən doğulur.

 Bəzən bir mif oxuyursan, amma əslində öz həyatını görərsən. Yazılan hər mifin ortasında sən varsan. Elə sən, bu gün səhər gecikdiyi üçün avtobusa qaçan, sevgilisi üçün hər gün “keçəcək” yalanını özünə pıçıldayan, sabah nə olacağını bilmədən yaşamağa məcbur buraxılmış insan.

 

  Sən elə bilirsən, bu miflər keçmişə aiddir? Qədim Yunanıstanın qırıq sütunlarına, tanrı heykəllərinə, ney səsi eşidilən boş məbədlərə aiddir? Yox. Bu miflər öz yerini çoxdan dəyişib. Onlar indi metroda çantasına sarılıb ağlayan qızın gözündədir. Sən ofisdə monitora baxıb “hər şey qaydasındadır” deyəndə, içində Sizifin daşı yerindən tərpənmir. Bu miflər indi smartfondakı mesajlara "görüldü" atıb cavab verməyənlərlə yaşanır. Prometey indi az maaşa, gecə-gündüz işləyib ailəsini saxlayan atadır. İkar, ilk fürsətdə ölkədən getmək istəyən gəncdir, amma pasportunun vərəqləri boşdur. Orfey? Keçmiş sevgilisinin profillərinə baxan, amma yazmağa cəsarət etməyən hər kəs Orfeydir indi.

 Biz mifləri yaşayıb, sonra onlardan qaçan insanlarıq. Qəhrəmanlar ölmədi. Sadəcə iş tapdılar. Kredit götürdülər. Tənhalaşdılar. Biz indi tanrısız miflərik. Və bəlkə də bu daha dəhşətlidir. İnsan qədimdən bəri tanrıların süfrəsində oturmaq istəyirdi. Amma indi... indi biz o süfrəyə yemək daşıyırıq. Biz tanrılardan çox əzab çəkirik, amma hələ də adımız "ölümlü"dür. Axı bu qədər yükü daşıyan bəndə necə hələ də bəndə ola bilər?

 Yox, bizə yazılmış nağıl deyil bu. Biz özümüzü yazmışıq. Hər dəfə üsyan edəndə, hər dəfə inadla yaşamağa davam edəndə bir mif daha doğulur. Biz mifləri təkrar yaşamırıq. Biz onları yenidən yaradırıq. Daha qaranlıq, daha gerçək, daha çox ağrılı şəkildə. Çünki insan, artıq tanrıların oyuncaq kuklası deyil. O, öz mifinin yazarıdır. Və bu dəfə qələmi heç kim əlindən ala bilməyəcək.

Əgər daş yuxarı çıxırsa, demək ki, hələ təslim olmamışıq... Sizif, o məşhur, məlum adam. Guya tanrılar cəzalandırıb onu. Guya günahı vardı. Guya daşı dağa daşımaq əbədi işgəncədir. Amma bir dəqiqə… Kim dedi ki, bu cəza idi? Bəlkə bu, bir imtiyaz idi. Bəlkə bu, insana verilən yeganə tanrısal şərəf idi. Hər gün yıxılıb yenidən başlamaq.

 

 Sizifin cəhənnəmi onun inadında gizlidir. O hər səhər yuxudan oyanır və həmin daşla qarşılaşır. Tanrılar onun ruhunu əzmək istəyiblər, amma bir şeyi unudublar: İnsan əzildikcə daha inadkar olur. Daş ağırdı? Əlbəttə. Amma onun mənası daha ağırdır. Bu, “yenə də qalxacağam” deməyin fiziki ifadəsidir.

 İndi bir az geri çəkilib bax. Səncə Sizif qədim bir mifik obrazdır? Yox. Sizif bu gün bizim içimizdə yaşayır. O, təkrar-təkrar özünü bəyənmədiyi həyatına oyadan adamdır. O, artıq 100 dəfə rədd cavabı almış, amma 101-ci dəfə müraciət etməyə cəsarəti qalan gəncdir. O, hər dəfə başa düşür ki, daş yenə düşəcək. Amma buna baxmayaraq, daşı yenidən qaldıran adamdır. Cəmiyyət onu axmaq adlandırır. “Əgər bu iş alınmırsa, niyə davam edirsən?” deyə soruşurlar. Sanki uğur, yalnız nəticədən ibarətdir. Sanki müqavimət göstərmək, nəticə çıxmasa belə, mənasızdır. Amma Sizif bu saxta sualları çoxdan yandırıb. O bilir ki, məsələ daşı dağın başına çıxarmaqda deyil. Məsələ, daşı buraxmamaqdadır. Axı gör nə qədər absurddur, eyni işin içində mənanı tapmağa çalışmağımız. Amma elə bu absurda qarşı üsyan, insanın əsl varlıq savaşıdır. Ölü yazarlardan birinin dediyi kimi: “Biz Sizifi xoşbəxt təsəvvür etməliyik.” Çünki o, məğlub olduğu halda belə, öz işini seçib. Əbədi məhkumdur, amma heç vaxt boyun əyməyib. Və bu, insan olmaq deməkdir.

 Bəlkə də bu dövrdə Sizif olmaq bir üsyan formasıdır. Tək qalmaq, amma davam etmək. Yorulmaq, amma dayanmaq əvəzinə, yenidən başlamaq. Çünki bəzən yaşamaq, sadəcə nəfəs almaq deyil, ayaqda qalmağın özü başqaldırıdır.

 

Amma bəziləri üçün işıq, hədiyyədir. Bəziləri üçün isə, cəza. İndiysə Promoteydən danışacam. Prometey od oğurladı. Yox, sadəcə bir alov parçası yox... O, idarə etmək istəyən tanrılardan azadlıq oğurladı. İnsanlara bilməməli olduqları bir şeyi, öz talelərini dəyişmək hüququnu verdi. Və qarşılığında hər gün qara ciyərini didən bir qartala döndü həyat. Bədəni yenidən bərpa olunur, amma əzab qalır. Tanrılar çox şeydən qorxur. Amma ən çox bilən və inadkar insandan qorxur. 

 Biz Prometeyi sevirik, çünki o, bizi özümüzə qaytardı. Amma onun lənətini də daşıyırıq. O gündən bəri hər kəs öz Prometeyliyini yaşayır. Hər kim azadlıq istəyirsə, hər kim bir az həqiqət deməyə cəhd edirsə, qarşılığında qan ödəyir. Bu gün Prometey universitetdə dərs deyib, gecələr taksi sürən müəllimdir. O, sistemin içində sistemə qarşı susmamağı seçən yazardır. O, həyatını başqaları üçün yandıran analardır. Elə insanlardır ki, boyun əymək əvəzinə, qamətini düz saxlayıb, öz içindəki tanrını danışdırırlar. Amma bu, ucuz başa gəlmir. Əvəzində həm sistem səni əzir, həm xalq susur. Prometeyin ən əzablı taleyi, od verdiyi insanların onun yanmasına göz yummasıdır.

Çünki əslində hamı işıq istəyir, amma çox az adam onun kimin yandığını soruşur. Hər kəs bir “qəhrəman” gözləyir. Amma qəhrəman olmaq, gözlənilməz faciədir. Prometey həqiqəti gətirdi, amma qarşılığında unuduldu. O, Tanrıların düşməni oldu, insanların isə... günahsız qurbanı.

 Sən bəlkə də bir gün bu cəmiyyətə nəsə vermək istədin. Dürüstlük. Ədalət. Hətta sevgi. Amma sonra hiss etdin ki, bu dünya Prometeyləri sevmir. Onlar işıqdan qorxurlar. Onlar istəyir ki, hər kəs qaranlıqda eyni görünsün. İşıq yandıqda fərqlər bəlli olur. Və insan, ən çox fərqli olandan qorxur.

  Prometey hələ də yaşayır dostum. O, hər səhər yorğun halda işə gedib, yenə də başqalarına ümid verən insandır. O, sevgilisinin şübhələrinə baxmayaraq, hələ də sevginin varlığına inanan biridir. O, əzab çəkə-çəkə, başqalarının içində işıq yandırmaqdan çəkinməyən əsl insandır. Və bu cəhənnəm, ona çox yaraşır. Çünki Prometey, odla cəzalandırılan, amma odun özü olan adamdır.

  

Və bir də Orfey var.. Orfey sevdi. O qədər sevdi ki, ölüm belə onun sevgisinə qapı aça bilmədi. O, təkcə mahnı oxumadı, canınla ruhu çaşdıracaq qədər əzablı bir mahnıya həyat verdi. Yeraltı dünyanı ağlatdı. Hades susdu. Persefona gözlərini yumdu. Bu sevgi bir dəfə yox, min dəfə ölməyə dəyərdi. Amma bir şərtlə.. Gərək geriyə baxmasın.. 

Və o da baxdı..

 Çünki insan, sadəcə irəliləyən bir varlıq deyil. İnsan, keçmişinə baxan bir varlıqdır. Orfeyə o bircə anlıq zəiflik baha başa gəldi. Yuxusuz gecələrin, göz yaşlarının, boğazda qalan sözlərin timsalı olan Evridikanı bircə baxışla itirdi. Əslində isə öz içindəki ümidi itirdi. Çünki sevgi, sadəcə bir hiss deyil. Sevgi, bir ehtimalın özüdür. Və Orfey, o ehtimalı gözləri ilə öldürdü.

 Bu mif bəlkə də o qədər də qədim deyil. Bu gün də bir çox insan Orfeydir. Kiminsə ardınca yeraltına enən, içindəki Evridikanı xilas etməyə çalışan. Amma həyatın oyunları sərtdir. Bəzən nə qədər çalışsan da, bircə anlıq tərəddüd hər şeyi alt-üst edir. Və sən artıq bilirsən ki, sevgilər bir anlıq baxış qədər qırılğandır.

 Orfeyin günahı nə idi? Sevgi? Cəsarət? Yoxsa, ümid? Bəlkə o sadəcə insan idi. Geri baxmaq, bəlkə də ən insani refleksdir. Biz bəzən irəliləmək üçün yox, keçmişin “bəlkə”sində ilişib qalmaq üçün yaşayırıq. Və hər “bəlkə”, yeni bir cəhənnəm açar.

 Orfey bu gün sevib də unuda bilməyən insandır. Sevgilisi dönər deyə pəncərə önündə siqaret çəkən biridir. Əlindən buraxdığı o bir nəfəri, həyat boyu içində daşıyan biridir. Bəlkə də artıq həyatındadır, amma həmin saf halıyla bir də geri gəlməyəcək. Bax bu, əsl cəzadır. Və həyatın ən böyük ironiyası da budur. Sən artıq bilirsən ki, o geriyə baxışdan sonra heç nə əvvəlki kimi olmayacaq... Amma baxmamaq da bacarılmaz. Çünki sevgi, bir göz çevirməlik hissdir. Əbədi görünən bircə zəiflikdə bitə bilən hiss. Orfeyin lənəti, əslində hamımızın taleyidir. Bir gözlə sevmək, o biri göz ilə əbədi axtarmaq

 Məhəbbət tək şəxslərə olmur. Özümüzə də məhəbbətimiz bəzən bizi öldürür.. Narkis suya baxdı. Amma orda nə su vardı, nə də bir başqasının üzü. O, sadəcə özünün bəlkə heç tanımadığı bir halına heyran oldu. Həmin baxışda nə eqo vardı, nə təkəbbür. Orda bir az sevgi, bir az tənhalıq, bir az da özünü tapmaq ümidi vardı. Amma bu, bir fəlakətə çevrildi. Çünki insan özünə çox baxanda ya dəli olur, ya da yalnız. Narkis də baxdı, baxdı, baxdı... Və baxışın içinə düşdü. Onu nə kimsə tərk etmişdi, nə də kimsə ona xəyanət etmişdi. O, sadəcə özündə itib getmişdi.

  Bugünün Narkisi, çox uzaqda deyil. Bu gün o, “məni heç kim başa düşmür” deyən biridir. O, başqalarının sevgisini qəbul edə bilməyən biridir. Hər şeyi analiz edib, heç nə hiss etməyən biridir. Çünki o bir vaxtlar çox hiss edib, qarşılığını ala bilməyib. Və indi hisslərini özü üçün gizlədib. Güzgü kimi. Narkis, əslində sevgi axtardı. Amma bu sevgi ona deyil, onun əksi olan bir varlığa aid idi. Sevgi görmək istədiyimiz obrazdır bəzən.. İnsan özünü görəndə, sevdiyi insanın içindəki özünü tanıyır. Narkis bu özünü sevməyə başladı, amma başqasına deyə bilmədi. Və susdu... çünki nə deyəcəyini özü də bilmirdi. 

 Narkisin ölümü fiziki deyildi. O, qıraqda qaldığı dünyanın içində boğulmadı. O, öz qaranlığında, öz “mən”ində boğuldu. Sakit, tərpənmədən. Elə hey ümidlə baxaraq. Bu, bizim də sonumuz ola bilər. Bəzən elə olur ki, kimsə bizi sevir. Biz isə öz içimizdəki əksi sevirik. Bizi sevənləri görmürük, çünki özümüzə baxmaqdan gözümüz doymur. Bəzən də özümüzə nifrət edirik, amma elə dərin baxırıq ki, nifrət də sevgiyə çevrilir. Və bu ikisinin arasındakı sərhəd, ölümcül dərəcədə nazikdir.

 Narkis, sadəcə bir varlıq deyildi. O, insanlığın tək qalmaq qorxusu idi. Və bu qorxunu gizlətmək üçün özünə baxan, baxdıqca içindən keçən biri. O, bir güldür indi. Nə qədər gözəldirsə, o qədər kimsəsiz. Və hər bahar açanda, suya boylanar... amma su çoxdan quruyub

 Onlar qaçırdılar, dostum. Ata və oğul. Labirintin içindən, həyatın qarmaqarışıq zindanlarından. Qaçdıqları sadəcə düşmən deyildi, taleləriydi. Daidalos planladı, İkarus uçdu. Və o uçuş, insanın öz arzularına, azadlığına olan inamının ən kəskin metaforasıydı. Onu heç nə dayandıra bilmədi. Nə atanın qorxulu baxışları, nə “çox yüksəlmə, çox da enmə” deyə deyinən səsi. İkarus dinləmədi. Çünki o, dinləmək üçün doğulmamışdı. O, səmaya baxmaqla başlayan uşaq idi. Və göyü görən insan, artıq yerə qayıda bilmir.

 Bu mif sadəcə günəşə uçmaq deyil. Bu, öz limitlərini sınağa çəkməkdir. Bəzən insan ruhunun öz bədənini aşa bilmə cəhdidir. Amma hər yüksəliş, yanmaq riskini daşıyır. Və bu risk, İkarusa görə dəyərliydi. O, düşəcəyini bilə-bilə uçdu. Çünki uçmamaq, yaşamaq deyil.

 İkarus bu gün hər şeyi buraxıb “gedim” deyən adamdır. Və getdikcə yanacağını bilən, amma yenə də ayaq saxlamayan biridir. Bəlkə də cəmiyyətin “olmaz” dediklərinə qarşı “niyə də yox?” deyən təkidkar bir nəfərdir. Məğlub olacağını bilə-bilə, sınayır. Çünki məğlub olmaq, heç yoxdan üstündür.

 Günəş onu yandırmadı. Onu öldürən, onun inancı idi. Çox inanmaq, çox istəmək, çox yüksəlmək. İnsan öz inamına da bəzən qurban gedə bilər. Və bu, ən gözəl ölümdür, çünki bu ölüm insanı içindəki əjdahaya çevirir. Yəni bu mifin qəhrəmanı ölmədi, əfsanəyə çevrildi.

 İkarus, həmişə yuxarı baxanlardır. Ayaqları yerdə, ruhu göydə olanlardır. Yuxuları reallığa sığmayan, reallığı da bir qəfəs sayanlardır. Onlar bilirlər ki, yerdə qalmaq, təhlükəsizdir. Amma təhlükəsizlik, ruhsuzluqdur. Və ruhu yanan bir varlıq, bədənini yandırmaqdan qorxmaz. Onun yerə çırpılması, əslində bizim hər gün həyatla toqquşduğumuz anlardır. Hər dəfə bir xəyal sınanda, bir az daha yerə yaxınlaşırıq. Amma içimizdə hələ də bir az İkarus qalır, uça biləcəyimizə inanan, və uçuşun dəyərini düşünən o azğın hiss.

 Bəziləri səmaya baxıb susar. Bəziləri isə səmaya baxıb qanad düzəldər. İkarus ikinci qrupdaydı. Və o yandı. Amma heç vaxt yerə məhkum olmadı.

 Və bu miflərin ən gözəli var. Meduza.. 

 Meduza əvvəllər gözəl idi. Onun gözəlliyi tanrıların belə paxıllığını çəkəcək qədər ucalıqda idi. Amma bu gözəllik, onun lənəti oldu. Poseydon gəldi və o müqəddəs məbədin içində, Atenanın qoruyucu divarları altında, Meduzanın bütün qadınlığı tapdalandı. Bəli, bu bir zorakılıq idi. Amma mif onu belə açıq demir. Çünki həmişə olduğu kimi, zülmü edən yox, onu yaşayan cəzalandırıldı. Atena onu qorumaq əvəzinə, onu canavara çevirdi. Saçlarına ilanlar dolandı, gözlərinə isə daş edən nifrət. Çünki qadın ağladıqda cəmiyyət qulaq asmaz. Amma o qadın qışqıranda, dişlərini göstərib qəzəbləndikdə, onu “dəli”, “şeytan”, “məxluq” adlandırar.

 Meduza qurban deyildi artıq. O, qurbanlıqdan qurtulub öz lənətinə çevrilmiş bir qəhrəmandır. Cəmiyyət onu gözəlliyi ilə yox, qorxusu ilə tanıdı. O, insanların çevrilmək istəmədiyi şeyə çevrildi. Amma məsələ burasındadır ki, heç kim onun gözlərinə baxmaq istəmədi. Çünki orada əks olunan, onların özüdür. Öz çirkinlikləri, ikiüzlülükləri, qorxaqlıqları. Meduza, susdurulmuş qadının qəzəbidir. O, boyun əyməyənlərin simvoludur. Onun hər baxışı, özünü güclü sayan kişilərin sarsaq inamını daşlaşdırırdı. Çünki bu dünyada qadın ya itaətkar olmalıdır, ya da daş etməli baxışlarıyla yox edilməlidir. Onun saçlarındakı ilanlar, əslində qorunma instinktidir. Diqqətlə baxsan, onların zəhəri qadını qoruyan qürurdur.

 Meduza öldürüldü, dostum. Persiyus gəldi, aynadan istifadə etdi. Gözlərinə birbaşa baxmağa belə cəsarət etmədi. Çünki hər zaman haqsızlıq edənlər, haqqla üz-üzə durmaqdan qorxar. Qorxularını qəhrəmanlıq adı ilə gizlədər, qətli mübarizə kimi təqdim edərlər. Bu gün biz yenə də Meduzaları yandırırıq. Əxlaq maskası taxıb onları damğalayırıq. Amma hər Meduza, bir Poseydon zorakılığından sonra doğulur. Hər daş heykəl, bir qadının səssiz fəryadına çevrilir. Və bu mif bizə göstərir ki, bəzən canavara çevrilmək, özünü qorumağın yeganə yoludur.

 Meduza, məhv olmayan qadınlıqdır dostum. Qəzəblə müqəddəsləşmiş, zülmlə sərtləşmiş, öz qaranlığını öz gücünə çevirmiş bir yandır. Baxmağa cəsarətin yoxdursa deməli, sən də bir Poseydonsan.

 İnsan isə.. İnsan dostum, Sizifin öz qayasına aşiq olmuş versiyasıdır. Hər səhər təzədən o daşla birlikdə oyanar, özünü motivasiya kitablarından alıntılarla aldadar, “bu dəfə alınacaq” deyə diyirlənər. Daşı təpəyə çıxarmaz, amma buna görə bir də özünü təbrik edər. Sən demə, mübarizə özüdür xoşbəxtlik. Eləmi? Görəsən, bu cümləni Sizif eşitsəydi, qayasını yerə qoyub başını divara çırpardımı?

 İnsan, Prometeydir. Hər dəfə bir az “işıq” tapar, bir az “həqiqət” daşıyar, sonra cəmiyyət tərəfindən linç olunar. Hər dövrdə bir qartal peyda olar, sosial mediada, ailədə, küçədə. Gələrlər və səni didərlər. Çünki sən düşündün. Sən fərqli dedin. Sən yandın, onlar isə isinmədilər. Sonra da “biz demişdik” deyib üstünə torpaq atdılar. Amma onlar anlamadılar. Prometeyin ciyəri yeyildikcə ruhunun böyüdüyünü anlamadılar. 

 İnsan, Orfeydir dostum.. Ən çox sevdiyini xilas etməyə gedib, bir dəfə arxaya baxmaqla onu itirən. Çünki insan, sevdiklərini çox sevir. Dözə bilmir. O bircə “baxış” üçün, o bircə “əmin olum” istəyi üçün bütün ümidi riskə atar. Amma bu cəmiyyət səni sınağa çəkər, sevginin gözü açıq olsun istəyər. Göz açsan, itirərsən. Göz yumsan, əzilərsən.

 İnsan, Narkisdir. Özünə baxar, özünü sevməz. Amma başqalarının gözündəki əksini sevməyə məcburdur. Bir “like” üçün yaşayar, bir “bəyənildin” mesajı üçün nəfəs alar. Öz suyunun dərinliyində boğular, amma görüntüsü parlayar. Özünü tanımaz, amma öz versiyasını satmaqda ustadır. Bəli, insan, təkamül etmiş yalançıdır.

 İnsan, İkarusdur. Uçmağı arzulayar, amma qanadlarını atasının diktəsinə görə tikər. Yüksəlmək istər, amma sistemin verdiyi mumla. Günəşi görər, bədənini qızdırar, ruhunu yandırar, mumunu isə əridər. Və sonra hər yerə səpələnmiş qırıq lələk kimi unudular. İnsan öz arzularının cəlladıdır. Qanadlı intihardır insan..

 İnsan, Meduzadır. Başına ilanlar dolanıb, çünki artıq heç kimə arxasını çevirə bilməz. Baxışlarıyla öldürər, çünki dillə danışsa, yenə başa düşülməyəcək. Həmişə ya cazibədar olmalıdır, ya da təhlükəli. Əgər heç birinə uyğun deyilsə, görünməz. Onun hekayəsi yazılmaz, şəkli çəkilməz. İnsan, ən çox da qadın olduğunda əvvəlcə sevilər, sonra qorxuların hədəfi olar.

 Və bütün bu obrazların ortasında İnsan, özünü Tanrı sayar. Öz qərarlarını mütləq sayar, öz səhvlərini isə başqasının günahı kimi yozar. Onun zəiflikləri “insani”, başqasınınkı isə “qüsur” adlanar. Çünki insan, əxlaqi ikili standartların baş memarıdır. Elə bir varlıqdır ki, həm zərrəcik olub dünyaya təsir etdiyini düşünər, həm də kainatın ona borclu olduğunu iddia edər. İnsan, bir mifin içində yaşayıb, onu qəbul etməz dostum. O, hər şeyi izah etmək istəyər, amma özünü anlamaz. O, tarixin bir səhifəsində tanrılarla qürurlanıb, növbəti səhifəsində ilan çuxuruna çevrilər. Və ən böyük yalanı odur ki, özünə heç vaxt “canavar” deməz.

 İnsan, həm Sizifin daşını daşıyar, həm də başqasının daşını onun üstünə atan olar. Həm Prometey kimi yanan, həm də Prometeyi qınayan. Həm Orfey kimi sevən, həm də Orfeyə “axmaq” deyən. Həm Narkis kimi aynaya baxan, həm də aynanı sındıran. Həm Meduza kimi susan, həm də Meduzanı öldürən.

 İnsan, bütün miflərin birləşdiyi mərkəzdir. Həm hekayədir, həm hekayəni yandırandır. Həm lənətdir, həm də dua...

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.