“Narkomaniyaya qarşı birgə olaq” - SUMQAYITDA TƏDBİR

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıtın Tarixi Muzeyində Səməd Vurğun adına Mərkəzi Kitabxananın və Sumqayıtın Tarixi Muzeyinin birgə təşkilatçılığı, 3, 5, 14, və 25 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə  əlaqədar “Narkomaniyaya qarşı birgə olaq” adlı maarifləndirici saat keçirilib. 

 

Tədbirdə Regional sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri, narkoekspert Emil Maqalov, Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektorları polis baş leytenantı Aytac Aslanova və polis kapitanı Asudə Əliyeva, yazıçı, dramaturq Hafiz Ataxanlı iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sumqayıtın Tarixi Muzeyinin rəhbəri Namiq Əliyev açaraq qonaqları və iştirakçıları salamlayıb, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığından dedikdən sonra tədbiri idarə etmək üçün sözü baş kitabxanaçı Yeganə Hüseynovaya verib. Yeganə Hüseynova bu bəlanın dünyanı öz cənginə almasından, insanların sağlamlığına, yaşam tərzinə vurduğu zərbələrin ağırlığından bəhs edib. Yazıçı-dramaturq Hafiz Ataxanlı çıxışında belə marifləndirici tədbirlərin keçirilməsinin uşaqlara müsbət təsirindən danışıb. Tanınmış narkoekspert Emil Maqalov uşaqlarla səmimi diskussiya yaradaraq, gənclərin asudə vaxtının səmərəli təşkili, narkomaniya ilə mübarizədə başlıca çətinliklər, reabilitasiya mərkəzlərinin olmaması, zərərli vərdişlərə, narkotik maddə istifadəçiliyinə cəlb olmanın əsas səbəbləri, psixotrop maddələrin fəsadları haqqında çıxış edib. Polis əməkdaşı Aytac Aslanova isə narkomaniya ilə mübarizənin yalnız hüquq-mühafizə orqanlarının işi deyil, həm də sosial, tibbi və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacib olduğunu vurğulayıb. Mərkəzi kitabxanaını direktor müavini Natəvan Məmmədli isə yeniyetmə və gəncləri daha düzgün və uğurlu yollara yönləndirmək valideyn və müəllim tandemindən də asılı olduğunu və cəmiyyətin hər bir üzvünün bu üstiqamətdə fəal rolunun vacibliyini bildirib. Tədbir boyu şagirdlərin verdiyi suallar qonaqlar tərəfindən ətraflı cavablandırılıb.

Sonda S.Vurğun adına Mərkəzi kitabxananın hazırladığı videoçarx izlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.