Super User

Super User

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində həyata keçirdiyi layihə çərçivəsində dahi Azərbaycan şairi və Türk dünyası mütəfəkkiri Nizami Gəncəvinin dünya ədəbiyyatının nadir incilərindən olan “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində Ankarada nəşr edilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

 

“Xosrov və Şirin” poeması orijinaldan Türkiyə türkcəsinə Ərzurum Atatürk Universitetinin professoru, tanınmış şərqşünas və tərcüməçi professor Nimet Yıldırım tərəfindən tərcümə edilib.

Tərcüməçi nəşrə yazdığı geniş elmi məzmunlu ön sözdə Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan və Şərq ədəbiyyatındakı mövqeyini, “Xosrov və Şirin” poemasının yaranma tarixini, ideya-fəlsəfi məzmununu və dünya ədəbiyyatına təsirini ətraflı təhlil edib. Ön sözdə əsərin şairin yaradıcılığındakı xüsusi yeri, onun bəşəri və humanist ideyalarının bu gün də aktuallığını qoruduğu vurğulanıb.

Qeyd edək ki, Nizami Gəncəvi yaradıcılığı Azərbaycan ədəbiyyatının və bütövlükdə dünya mədəniyyətinin ən qiymətli mənəvi sərvətlərindəndir.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Xosrov və Şirin” poeması Şərq ədəbiyyatında məhəbbət mövzusunda yazılmış ən möhtəşəm poetik əsərlərdən biri hesab olunur. Xosrov və Şirin obrazlarının taleyi üzərində qurulan əsərdə saf məhəbbət, sədaqət, ədalət, insan ləyaqəti, mənəvi kamillik və zəhmətə verilən yüksək dəyər kimi ümumbəşəri ideyalar dərin fəlsəfi məzmun və bədii ustalıqla əks etdirilib.

Poemada şair yalnız təsirli məhəbbət dastanı yaratmaqla kifayətlənməyərək, insanın mənəvi dünyasını, əxlaqi seçimlərini, cəmiyyət və həyat haqqında düşüncələrini də yüksək poetik sənətkarlıqla ifadə edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Nizami Gəncəvi irsinin Türkiyədə geniş tanıdılması və Azərbaycan klassik ədəbiyyatının ortaq Türk dünyası mədəniyyət məkanında təbliği məqsədilə 2024-cü ildən həyata keçirilən layihə çərçivəsində şairin “İskəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “Xosrov və Şirin” əsərləri orijinaldan Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.

Nəşrlər böyük şairin zəngin ədəbi-fəlsəfi irsinin Türkiyənin elmi, ədəbi və mədəni mühitində daha geniş tanıdılmasına, Azərbaycan və Türkiyə arasında ortaq ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.

Nizami irsinə Türkiyədəki sevginin ən baris nümunəsi isə Türkiyənin Nobel mükafatı laureatı yazıçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanında dahi şairin vəsfidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

 

 

ABŞ-nin Nyu Cersi ştatında 8 Noyabr – Zəfər Gününə həsr olunan “Tarixi Zəfər, sülhə sədaqət” adlı təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nyu-Cersi Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Zəfər Bayramı ərəfəsində keçirilən tədbirin əhəmiyyətinə diqqət çəkib, iştirakçıları möhtəşəm qələbə münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı ilə qazanılan şanlı Zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib. Dövlətimizin diaspor siyasəti, xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında göstərdikləri fəallığa və Vətənə bağlılıqlarına görə soydaşlarımıza təşəkkürünü bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və genişmiqyaslı layihələrini əks etdirən xüsusi təqdimat nümayiş etdirilib.

Nyu Cersi Azərbaycan icmasının üzvləri Rəna Abbasova və Ceyhun Nəzərov Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, belə tədbirlərin soydaşlarımız arasında milli həmrəyliyin və birlik ruhunun güclənməsinə töhfə verdiyini vurğulayıblar. Nyu Cersi ştatının Paterson şəhərinin meri Andre Sayeq də azərbaycanlıları Zəfər Günü münasibətilə təbrik edib, icmamızın yerli cəmiyyətin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Tədbirin keçirildiyi məkanda Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin və Vaşinqtonun “Aceso Art Space” platformasının yetirmələri olan gənc azərbaycanlı rəssamların Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.

Tədbirin bədii və maarifləndirici hissəsində Zəfər tariximizi və milli birliyimizi tərənnüm edən “Birlikdə” və “Tarix dərsi” adlı videoçarxların nümayişi xüsusi maraqla izlənilib. Amerikalı musiqiçi, kamança ifaçısı, Azərbaycan muğamının tədqiqatçısı və Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun musiqili çıxışı tədbirə xüsusi rəng qatıb. Onun kamançada ifa etdiyi Azərbaycan muğamları və milli musiqi nümunələri sürəkli alqışlarla qarşılanıb.

Tədbirin sonunda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin və “Aceso Art Space” platformasının gənc rəssamlarına Vətən sevgisini və Zəfər ruhunu əks etdirən yaradıcılıq nümunələrinə görə xüsusi sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

Almaniyada yaşayan azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev ömrünün 83-cü ilində vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

 

1944-cü ildə Bakıda anadan olan Arif Mirzəyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb. Uzun müddət Moskvada yaşayıb, daha sonra Almaniyaya köçərək yaradıcılıq fəaliyyətini bu ölkədə davam etdirib. Burada diaspor fəaliyyətinə də fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.

Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, müasir musiqidə polistilistikanın ustadlarından biri kimi tanınan Arif Mirzəyev Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasını özünəməxsus şəkildə sintez edərək zəngin yaradıcılıq irsi formalaşdırıb. Alman və rusiyalı həmkarlarının “Şərqin İohann Sebastyan Baxı” adlandırdığı bəstəkar “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülüb. O həmçinin Robin Lenqli adına Orqan kitabxanasının donatorlarından biri olub.

Görkəmli bəstəkar Arif Mirzəyev 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib. 2024-cü ildə 80 illik yubileyi və əvəzolunmaz xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işlər görür.

Diasporla İş üzrə Dövlət Komitəsi Arif Mirzəyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

Kənan Məmmədli,

“Ədəbiyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

13 noyabr. Beynəlxalq gözdən əlillər günü

1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.

Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.

 

13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü

Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

 

 

 

BU GÜN ƏLİAĞA AĞAYEVİ ANIRIQ

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Köhnə lent yazılarına baxıram. Elə görünüşü ilə gülüş yarada bilir bu aktyor. Siması, mimika və jestləri, danışıq tərzi – hamısı yumora xidmət edir. İndi belə aktyorlar nə gəzirlər. İndi çığırtıyla, biədəb spzlərlə gülüş yaratmağa çalışırlar müasir komedik aktyor zümrəsi.

 

Komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib.

 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır.

Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.

Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.

 

İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Uilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi… sevgi…", Emil Braginski və Eldar Ryazanov) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.

Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru olub və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verib. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışıb. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Ulu diyarın mədəni həyatı son günlər xeyli rəngarəng olub. Xəbər verdiyimiz kimi, Noyabrın 6-da növbəti tədbir diqqət mərkəzinə düşüb - Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dəmir yumruğun nağılı” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Müsabiqə Muxtar Respublikanın mədəniyyət naziri səlahiyyətlərini icra edən Fazil Məmmədovun iştirakı ilə keçirilən mərasimdə qeyd olunub ki, müsabiqəyə 18 əsər təqdim olunub, onların da müəlliflərindən 16-sı muxtar respublika, 1-i Gəncə şəhər, 1-i isə Bərdə rayon sakinidir.

Təqdim olunan əsərlər 5 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.

Yekun qərara əsasən ilk 3 yerin qalibləri aşağıdakılar olublar:

1-ci yer:

Abbasov Alməmməd Eldar oğlu,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

2-ci yer:

Fariz Məhəmməd oğlu Əhmədov,

“Məktəbli” qəzetinin baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi.

3-cü yer:

Hicranə Əflatun qızı Əhmədova,

Naxçıvan Dövlət Universitetinin tələbəsi.

Qaliblərə müvafiq diplom və pul mükafatı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilib.

Müsabiqənin məqsədi “Dəmir yumruq” rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunun uşaqlara bədii əsərlər vasitəsilə aşılanmasıdır. Eyni zamanda, müsabiqədə yer tutan əsərlərin gələcəkdə dərsliklərə daxil edilməsi, məktəblərdə tədris və təbliğ olunması gözlənilir.

İndi oxucularımıza müsabiqədə 2-ci yerə layiq görülən hekayəni təqdim edəcəyik.

 

Fariz ƏHMƏDOV

Qarabağın sehrli çiçəyi və "Dəmir yumruq"

(hekayə)

 

Eşitdim ki, bu dünyada bir Qarabağ var idi, bir də başqa yer yox idi…

Daşları ləl, torpağı zər, suyu şəfa, bal idi. Göylər ona çətir açmış, Günəş nurunu səpmişdi. Sanki bu torpağı haqq özü bəzəmişdi. Qarabağın baharı bir ayrı gözəl olar, dağlarına yaşıl xalılar sərilib min bir rəngdə çiçəklər boy atardı. Səhərlər Günəş onun zirvələrini qızıl şəfəqlərlə boyayar, axşamlar Ay işığı qayalara əfsanəvi nağıllar söyləyərdi. Bu diyarın ən ülvi, ən sehrli gözəli isə Xarıbülbül adında qəribə bir çiçək idi. Dünyanın heç bir yerində ona tay çiçək tapılmazdı. Xarıbülbül tək deyildi; göylərdən hər şeyi izləyən Müdrik Qartal onun başı üzərində dövr edər, on bir igid qardaşı isə o səfalı torpağın keşiyində durub hər daşını, hər qayasını göz bəbəyi kimi qoruyurdular. Onlar gündüzlər Cıdır düzündə at çapıb yarışır, İsa bulağının sərin suyundan içib dincəlir, axşamlar ulduzlarla dərdləşirdilər. Namərdlik nədir bilməz, haqsızlığa baş əyməzdilər.

Günlər ötür, aylar dolanır, illər bir-birini əvəz edirdi. Qarabağın hər səhəri bir bayram, hər axşamı bir nağıl idi. Uzaq dağların arxasında, gün üzü görməmiş qaranlıq mağarada yaşayan, daş ürəkli qara Div bu xoşbəxtliyə göz dikmişdi. O, Qarabağın gözəlliyinə, Xarıbülbülün ətrinə, igidlərin pozulmaz birliyinə paxıllıq edirdi. Gecələrin birində min bir fitnə-fəsadla yatmaq istəyən div öz yaramaz nökərini çağırıb dərdini danışdı. Nökərə aləmə qorxunc səs salan, ucunda ölüm daşıyan qara, zəhərli bir silah verdi. Zəhərli ilan kimi sürünən yağı düşmən atını dörd nalla İsa bulağına çapdı. Xarıbülbülü bulaq başında tənha yaxalayıb qorxunc silahını ona tuşladı. Bir anda dağları titrədən dəhşətli səs qopdu. Silah Xarıbülbülün zərif ləçəklərinə dəydi. Zərif çiçək inilti ilə torpağa yıxıldı və vurulduğu yerdə dərindən-dərinə, illər sürəcək bir yuxuya getdi. O anda İsa bulağının şırıltısı kəsdi, dağların başını qara buludlar aldı və zərif çiçəyin qoxusu havadan çəkildi. Müdrik Qartal qanadlarını qatlayıb qəmgin-qəmgin dağlara üz tutdu.

Bunu görən on bir igid qardaşın ürəyi parça-parça oldu. Xarıbülbülün yuxuya getməsi ilə sanki onların da qollarından güc, gözlərindən işıq çəkildi. Onlar da bir-bir torpağa yıxılıb ağır yuxuya daldılar. Düşmən sevinir, qələbə çalır, Cıdır düzündə özünə kef məclisi qururdu. O gündən başladı düşmənin toy-bayramı. Cənnət adlanan bu torpağın dağlarında yad nəfəs dolaşdı, bulaqlarının başında yad səslər eşidildi. Cıdır düzündə at kişnəməz, çəmənlərdə uşaqların gülüşü eşidilməz oldu. Xarıbülbülün ətrini həsrət, torpağın gözəlliyini nisgil bürüdü.

Amma o nadan bilmirdi ki, Xarıbülbül öz kökünü bu torpağın elə dərin qatlarına salıb ki, heç bir silah, heç bir zülüm onu tamamilə yox edə bilməz. İllər bir-birini qovdu. Ana torpaq hər gecə laylaları ilə Xarıbülbülün yaralarını sardı, yağışlar ləçəklərini yudu, səhərlər Günəş ona yenidən can verdi. Babalar nəvələrinə, atalar oğullarına, analar qızlarına Qarabağa “Bir gün qayıdacağıq!” adı altında verdiyi vədlər nəsildən-nəslə and kimi keçdi. Və nəhayət, o mübarək gün yetişdi. Torpağın bağrından ilahi bir səs ucaldı:

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Bu səsi eşidən Xarıbülbül və on bir igid qardaş birdən gözlərini açdılar. Göydən Müdrik Qartal süzülüb gəldi, dağlar silkələndi, qayalar oyanmağa başladı. Düşmən Cıdır düzdündəki əlçatmaz, ün yetməz, fəth edilməz “Şuşa” qalasına sığınmışdı. O yenə öz qorxunc silahını qaldıranda dağlar titrədi, qayalar lərzəyə gəldi. Bu an igidlərin ürəyi bir ürəyə çevrildi. Əllər bir-birinə uzandı, qollar bir-birinə dayaq oldu, biləklər birləşdi. Güclər bir gücə, ürəklər bir ürəyə çevrildi. Və birdən göydən və yerdən gurultulu bir səs qoparaq bir ələ, bir qola, bir biləyə birləşən “Dəmir yumruq” meydana gəldi! O elə bir nərə çəkdi ki, Cıdır düzünün dağları yerindən oynadı. Özünü məğlubedilməz sayan düşmən bu ilahi gücün qarşısında qum dənəsi tək sovruldu. İgidlər onları Qarabağdan “itiqovan” kimi qovub sıldırım qayalardan ataraq “gorbagor” etdilər. O gündən sonra Qarabağa yenidən bahar gəldi. Bürüdü aləmi Xarıbülbülün təravətli ətri. Ətri yayıldıqca ömrü uzandı. Ömrü uzandıqca əbədiləşdi, bu torpağa daha da dərin kök saldı. Uzaq diyardan gələnlər gördü, görənlər bihuş oldu.

 Artıq Xarıbülbül tək deyil, on bir igid qardaşı da yanındadır. Müdrik Qartal isə yenidən azad səmalarda qanad çalır. İndi Şuşada gecələr sakitlik çökəndə, ulduzlar Cıdır düzünə nurunu tökəndə, külək dağların pıçıldayan ruhunu gətirər, bu mənzərəni görən hər kəs bu sehrin qarşısında başa əyər!

Eşitdim ki, o gündən İsa bulağının hər damlasında Zəfər nəğməsi oxunur, Xarıbülbülün ləçəyinə toxunan hər meh şəhidlərin nəfəsi ilə pıçıldayır. "Dəmir yumruq" isə artıq sadəcə, bir güc deyil, görünməz bir qalxan olub Qarabağın səmasında bərq vurur.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Srebrenitsa faciəsi bəşər tarixinə qara ləkə kimi həkk olunub. 11 iyul 1995-ci il general Ratko Mladiç komandanlığı altında ağır silahlarla təchiz edilmiş serb ordusu 5 gün ərzində ən azı 8 372 bosniyalının bütün dünyanın gözü qarşısında qətlə yetirildiyi gündür.

 

Beynəlxalq Qırmızı Xaç Təşkilatının məlumatlarına görə, Bosniya və Herseqovinada 200 000 bosniyalı olmaqla 312 000 insan həyatını itirib. Bir çoxları dağlara qaçmaqla canını qurtarmağa çalışsalar da,aralarında 35 000 uşaq olmaqla snayperlər tərəfindən öldürülüb. Minlərlə uşaq anasız, atasız qalıb.

Serbiyalı əsgərlər cəsədləri basdırdıqdan sonra yenidən geri qayıdıb, meyidləri buldozerlərlə çölə çıxarıb, kilometrlərlə uzaqlara aparıb basdırılar. Kütləvi məzarlıq aşkar olunmasın deyə, ərazinin bitki örtüyünə uyğun abadlaşdırıblar.

Kütləvi qəbirlərin tapılması üçün istifadə olunan peyk görüntülərində maqnit dəyişkənliyinin qarşısını almaq üçün qəbirlərin içərisinə metal parçaları qoyurlar.

Bütün bunlara baxmayaraq,bu vəhşilikləri gizlədə bilməyirlər.

Kütləvi məzarların tapılmasında mavi kəpənəklərin də xüsusi köməyi olmuşdur. Çünki,kütləvi məzarlarda basdırılan meyitlər torpağa qarışdıqca torpağın qida dəyərini artıraraq yerli xalq arasında müşk otu kimi tanınan bitkinin böyüməsinə səbəb olmuş və bu da öz növbəsində yalnız bu bitki ilə qidalanan mavi kəpənəklərin sayının artmasına səbəb olmuşdur.

Həmin ərazilərdə aparılan araşdırmalar nəticəsində bu vəziyyət diqqəti cəlb etmiş və yerli mətbuatda öz əksini tapmış, ictimaiyyət də bu işi araşdırılmaqda iştirak etmişdir. Təkcə bu günə kimi aşkar edilən 500-dən çox kütləvi məzarlıqdan 300-ü mavi kəpənəklərin köməyi ilə olub.

Kütləvi Məzarlar İnstitutu 19 il ərzində 20 000 nəfərin cəsədi tapsa da , onlardan yalnız 18 000 nəfərin şəxsiyyəti müəyyən edilib. Təəssüflər olsun ki, cəsədlə eybəcər hala salınaraq yandırıldığından,onların şəxsiyyətini müəyyən etmək çətinlik yaradır.

Bosniya və Herseqovina xalqı bu günü unutmamaq üçün isə mavi kəpənəkləri simvollaşdırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

MƏŞHUR TƏHSİL OCAQLARININ LAYİQLİ XƏLƏFİ

                     

Neymət Rüstəmli,

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru, Təhsil üzrə menecer Neymət Rüstəmli.

“Ədəbiyyat və incəsənət”

 

Yazılı mənbələrə və rəsmi sənədlərə əsasən, ötən əsrin 30–60-cı illərində Azərbaycanın elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Ağdam şəhərində 4 orta ixtisas təhsil müəssisəsi, 1 ali məktəb, 5 peşə məktəbi və 6 ümumtəhsil məktəbi uğurla fəaliyyət göstərmişdir ki, bu da regionun intellektual mühitinin formalaşmasında müstəsna rol oynamışdır. Bu təhsil ocaqları arasında xüsusi mövqeyə malik olan, illər boyu şərəfli və keşməkeşli inkişaf yolu keçmiş Ağdam Dövlət Sosial-İqtisadi Kolleci mənəvi və hüquqi varisi olduğu müəssisələri rayonun iqtisadiyyatının, mədəni-maarif sisteminin və ziyalılıq ənənələrinin təməlini qoyaraq respublikamızın inkişafına misilsiz töhfələr vermişdir.

 

Sovet dönəmində sürətlə təşəkkül tapan təhsil həyatının əsas mərkəzlərindən birinə çevrilən Ağdamda ardıcıl olaraq yeni elm ocaqları açılmışdır. Belə ki, hələ 1924-cü ildə Ağdam Pedaqoji Məktəbinin, 1925-ci ildə (bəzi mənbələrə görə 1924-cü ildə) isə SSRİ Nazirlər Sovetinin qərarı ilə təsis edilən Ağdam Kənd Təsərrüfatı Texnikumunun fəaliyyətə başlaması bu sahədə təməl hesab oluna bilər. Maraqlıdır ki, bu təhsil ocağının ilk direktoru Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət hesabına xaricə oxumağa göndərilən "Cümhuriyyət tələbələrindən" biri olan, Almaniyada ali təhsil almış Ələkbər bəy Əliyev olmuşdur. Zaman keçdikcə bu təhsil zənciri daha da genişlənmiş, 1936-cı ildə həmin texnikumun mexanikləşdirmə ixtisasının bazasında Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradıldı. Hər iki texnikum Ağdam şəhərində fəaliyyətini uğurla davam etdirərək peşəkar kadrlar yetişdirirdi. Elə həmin ildə Ağdam Tibb Məktəbi və Ağdam Müəllimlər İnstitutu açılmış, eləcə də Qarabağın əsl musiqi beşiyi və mədəniyyət ocağı olan Ağdamda Üzeyir Hacıbəyli adına Ağdam Musiqi Texnikumu (1958-ci il) yaradılmışdır ki, bütün bunlar Ağdamın təhsil salnaməsinə qızıl hərflərlə yazılmışdır.

1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə Ağdam Kənd Təsərrüfatı Texnikumuna Ələkbər Abdullayev rəhbərlik etmişdir. Bu dövrdə texnikumun direktoru olmuş yüksək elmi savad və bacarıq sahiblərindən biri də Xanlar Babakişi oğlu Mamedov idi. O, 1940-cı ildə Azərbaycan Respublikasının Sovxozlar Naziri təyin edilmiş, 1942-ci ildə isə Krım cəbhəsində azərbaycanlı əsgərlərlə görüş zamanı qəhrəmancasına həlak olmuşdur.

Mamedovlar ailəsi Ağdamın maariflənməsində müstəsna xidmətlər göstərmişdir: Xanlar Mamedovun qardaşı Süleyman Mamedov Ağdam Pedaqoji Texnikumunun direktoru,digər qardaşı Əli Mamedov Dövlət Təhlükəsizliyi Komitəsində istintaq şöbəsinin rəisi,bacısı Rübabə Məmmədova isə Ağdam Tibb Məktəbinin direktor müavini işləmişdir. Həmin dövrdə – 1943–1944-cü illərdə Ağdamda  İkiillik Müəllimlər İnstitutu da Ağdam və ətraf regionlarda ziyalılığın yüksəlməsində, böyük müəllimlər ordusunun yaranmasında mühüm rol oynamışdır.

1969-cu ildən Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra respublikanın bütün sahələrində olduğu kimi, Ağdam rayonunun da təhsil həyatında misilsiz canlanma dövrü başladı. 1975-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunması dövrü mətbuatda işıqlandırılıbdır.

Uzun illər – 1961-ci ildən 1994-cü ilə qədər Ağdam Kənd Təsərrüfatı Texnikumuna Mobil Məhəmməd oğlu Quliyev rəhbərlik etmişdir. Bu dövrdə texnikumun üçmərtəbəli tədris korpusu, yataqxanası, idman və akt zalları, zəngin laboratoriyaları fəaliyyət göstərirdi.

Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna isə müxtəlif illərdə Səyyaf Əziz oğlu Əliyev, Məhərrəm Aslan oğlu Musayev və Kərim Balış oğlu Kərimov rəhbərlik etmişlər. 1980-ci illərdə bu texnikum üçün yeni beşmərtəbəli tədris və yataqxana kompleksi istifadəyə verilmişdi. Burada kənd təsərrüfatı mexaniki, avtomobillərin təmiri, iqtisadiyyat, elektrik və inşaat sahələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanırdı.

1993-cü ildə mənfur erməni işğalı ilə əlaqədar olaraq hər iki texnikum doğma Ağdam şəhərini tərk etməyə məcbur oldu. Lakin çətinliklərə baxmayaraq, müqəddəs missiya dayandırılmadı; təhsil ocaqları əvvəlcə Ağcabədi rayonunda, 11 saylı orta məktəbin bazasında fəaliyyətlərini davam etdirdilər.  1994-cü ildən 2002-ci ilə qədər Ağdam Kənd Təsərrüfatı Texnikumuna Mütəllim Yediyar oğlu Cavadov rəhbərlik etmişdir. 1991-ci ildən 2002-ci ilə qədər Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna isə Kərim Kərimov rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı ilə hər iki texnikumun bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradıldı. Kollecə müxtəlif illərdə Mütəllim Cavadov, Fəxrəddin Camal oğlu Zamanov və Natiq Cavadov rəhbərlik etmişlər.

Təhsil Nazirliyinin 2008-ci il tarixli məktubuna əsasən, kollec Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətini uğurla davam etdirməyə başladı. 2024-cü il sentyabrın 20-dən etibarən isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, kollecin direktoru vəzifəsinə Neymət Rüstəmli təyin olunmuşdur.

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecində əyani və qiyabi təhsilalma formaları üzrə 1332 nəfər tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 nəfər pedaqoji, 60 nəfər texniki heyət məşğul olur. Kollecdə Bank işi, mühasibat uçotu, maliyyə, zootexniklik, aqronomluq, baytarlıq, elektrik təchizatı, nəqliyyat vasitələrinin texniki istismarı və digər 14-dən çox ixtisas üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.

Ağdam təhsil ocaqları illər boyu respublikamızın elmi, ədəbi və ictimai həyatında dərin iz qoyan şəxsiyyətlər yetişdirmişdir. Onlardan bəzilərini sizə təqdim edirik:

 Nadir Kərrar oğlu Mikayılov (1939–2011) – Coğrafiya elmləri doktoru, professor. Ağdam Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir (1958).

Dahi kimyaçı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və əməkdar elm xadimi Bahadur Qasım oğlu Zeynalov (1917–1995) da Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş və 1933-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayev – qəhrəman şəhidlərimizdən biridir.

Rahib Məmmədov (1967–1987) – 1984-cü ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olmuşdur. O, 1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı böyük fədakarlıq göstərərək 28 sakini seldən xilas etmiş və qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.

İlqar Rəsul (d. 1966) – Tanınmış Azərbaycan yazıçısı, publisisti, şairi və jurnalistidir.

Rey Kərim oğlu Qasımov (d. 1967) – Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat şöbəsini və sonradan Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun hüquq fakültəsini bitirmişdir.

Ağdam təhsilinin qədim ənənələrini yaşadan bu təhsil ocağı keçmişinə sadiq qalaraq,  azad olunmuş və yenidən dirçələn doğma Ağdama qayıtmaq əzmi ilə gələcəyə inamla addımlayır!

 

Ədəbiyyat:

1. Misir Mərdanov "Azərbaycan təhsil tarixi, ll cild" 2011-ci il, Bakı, "Təhsil" nəşriyyatı.

2. Orxan Zakiroğlu (Baharlı)  “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018)

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cuhi Çavla (Juhi Chawla Mehta) — Hindistanın tanınmış aktrisası, modeli və kino prodüseridir. Bollivud kinosunun 1980-ci illərin sonu və 1990-cı illərin ən məşhur qadın ulduzlarından biri hesab olunur. O, xüsusilə romantik, komediya və dram filmlərindəki rolları, təbii aktyorluğu, şən xarakteri və özünəməxsus təbəssümü ilə tanınır.

 

Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Haryana ştatının Ambala şəhərində anadan olub. O, təhsilini Mumbay şəhərində yerləşən Fort Convent məktəbində davam etdirib. Daha sonra Sydenham College-də ali təhsil alıb. 1984-cü ildə Hindistanın nüfuzlu gözəllik müsabiqəsi olan Miss India yarışmasının qalibi olub.

Həmin il Miss Universe müsabiqəsində Hindistanı təmsil edib və milli geyim nominasiyasında xüsusi mükafata layiq görülüb. Cuhi Çavla kino karyerasına 1986-cı ildə çəkildiyi Sultanat filmi ilə başlayıb. Lakin onun geniş tamaşaçı auditoriyası tərəfindən tanınması 1988-ci ildə ekranlara çıxan Qayamat Se Qayamat Tak filmi ilə bağlıdır.

Bu filmdə Aamir Xanla tərəf-müqabil olub. Film böyük uğur qazanıb və aktrisanın Bollivudda məşhurlaşmasına səbəb olub. Bu roluna görə Filmfare mükafatının ən yaxşı qadın debütü nominasiyasında qalibi olub. 1990-cı illərdə Bollivudun aparıcı aktrisalarından birinə çevrilən Çavla müxtəlif janrlarda özünü sınayıb. Xüsusilə romantik komediyalardakı çıxışları tamaşaçılar tərəfindən sevilib.

 1993-cü ildə çəkildiyi Hum Hain Rahi Pyar Ke filmindəki ifasına görə Filmfare mükafatının ən yaxşı aktrisa nominasiyasında qalib gəlib. Həmin il Darr, Aaina və Lootere filmlərində də rol alıb. Sonrakı illərdə daha ciddi və mürəkkəb obrazlara üstünlük verərək aktyorluq imkanlarını genişləndirib. 3 Deewarein, My Brother... Nikhil və Gulaab Gang kimi filmlərdəki çıxışları ilə diqqət çəkib.

 

Cuhi Çavlanın çəkildiyi filmlərin

1. Sultanat (1986) — Sultanlıq

2. Premaloka (1987) — Sevgi dünyası

3. Qayamat Se Qayamat Tak (1988) — Qiyamətə qədər

4. Swarg (1990) — Cənnət

5. Pratibandh (1990) — Qadağa

6. Bol Radha Bol (1992) — Danış, Radha, danış

7. Raju Ban Gaya Gentleman (1992) — Racunun centlmenə çevrilməsi

8. Lootere (1993) — Soyğunçular

9. Aaina (1993) — Güzgü

10. Hum Hain Rahi Pyar Ke (1993) — Biz sevgi yolçularıyıq

11. Darr (1993) — Qorxu

12. Ram Jaane (1995) — Tanrı bilir

 

Mükafatları və nailiyyətləri

- 1984 – Miss India müsabiqəsinin qalibi.

- 1984 – Miss Universe müsabiqəsində ən yaxşı milli geyim mükafatı.

- 1989 – Qayamat Se Qayamat Tak filminə görə Filmfare mükafatı.

- 1994 – Hum Hain Rahi Pyar Ke filminə görə Filmfare mükafatının ən yaxşı aktrisa nominasiyasının qalibi.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Robert Luis Stivenson adı birdən kiməsə tanış gəlməsə, dərhal onun yazdığı məşhur əsəsrin adını xatırladım – “Dəfinələr adası”.

 

Robert Luis Stivenson(Robert Louis Stevenson, 1850–1894) — şotlandiyalı yazıçı, şair, esseist və səyahət ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. O, dünya ədəbiyyatında xüsusilə macəra romanları, tarixi əsərləri və psixoloji mövzulu hekayələri ilə məşhurlaşıb. Əntanınmış əsərləriarasındaqeyd etdiyimiz “Dəfinələradası” (TreasureIsland) və “DoktorCekilinvə misterHaydınqəribə əhvalatı” (StrangeCaseofDrJekyllandMrHyde) xüsusiyertutur.

 

Robert Luis Stivenson 1850-ci il noyabrın 13-də Şotlandiyanın Edinburq şəhərində anadan olub. Atası Tomas Stivenson məşhur mayak mühəndisi, anası Marqaret İzabella Balfur isə ziyalı ailədən olan qadın idi. Uşaqlıq illərindən səhhətində problemlər yaşayan Stivenson uzun müddət müxtəlif xəstəliklərlə mübarizə aparıb.

Buna baxmayaraq, ədəbiyyata böyük maraq göstərib və erkən yaşlarından yazmağa başlayıb. O, Edinburq Universitetində təhsil alaraq əvvəlcə ailəsinin ənənəsinə uyğun şəkildə mühəndisliklə maraqlansa da, sonradan hüquq sahəsinə yönəlib. 1875-ci ildə vəkillik ixtisası üzrə təhsilini başa vurub. Lakin hüquqşünas kimi fəaliyyət göstərmək əvəzinə həyatını ədəbiyyata həsr edib.

Stivensonun yaradıcılığında macəra, səyahət, insan xarakteri, mənəvi mübarizə, xeyirlə şərin qarşıdurması və insan təbiətinin ziddiyyətləri əsas mövzulardandır. O, oxucunu hadisələrin mərkəzinə aparan canlı təsvirləri və maraqlı süjet qurmaq bacarığı ilə seçilirdi. Stivensonun ədəbi irsində romanlar, hekayələr, şeirlər, esselər və səyahət qeydləri mühüm yer tutur. Onun ən məşhur əsərləri:

 

- An Inland Voyage (1878) — Daxili səyahət

- Travels with a Donkey in the Cévennes (1879) — Sevən dağlarında eşşəklə səyahət

- Treasure Island (1883) — Xəzinələr adası

- The Black Arrow (1888) — Qara ox

- Strange Case of Dr Jekyll and Mr Hyde (1886) — Doktor Cekilin və mister Haydın qəribə əhvalatı

- Kidnapped (1886) — Qaçırılma

- The Master of Ballantrae (1889) — Ballantrenin ağası

- The Wrong Box (1889) — Səhv qutu

- The Wrecker (1892) — Gəmi qəzasına uğrayan

- Catriona (1893) — Katriona

- The Ebb-Tide (1894) — Qabarma-çəkilmə

 

Stivenson yalnız roman yazıçısı deyil, həm də istedadlı şair idi. Onun şeirlərində uşaqlıq xatirələri, təbiət, insan duyğuları və həyatın gözəllikləri əks olunub. Şeir kitablarından ən məşhurları:

 

- A Child's Garden of Verses (1885) — Uşaq şeirləri bağı

- Underwoods (1887) — Ağacların kölgəsində

- Ballads (1890) — Balladalar

- Songs of Travel and Other Verses (1896) — Səyahət nəğmələri və digər şeirlər

 

1876-cı ildə Fransada amerikalı Fanni Van de Qrift Osbornla (Fanny Van de Grift Osbourne) tanış olub. Onlar 1880-ci ildə Kaliforniyada ailə qurublar. Stivenson səhhətindəki problemlərə görə həyatının müxtəlif dövrlərində Fransa, İngiltərə, ABŞ və digər ölkələrdə yaşayıb. 1888-ci ildən etibarən Cənubi Sakit okean adalarına səyahət edib, 1890-cı ildə isə Samoanın Upolu adasında məskunlaşıb. Samoada yerli əhali arasında böyük hörmət qazanıb. Ona Tusitala, yəni “Hekayə danışan” adı verilib.

Yazıçı həyatının son illərini burada keçirib. 1894-cü il dekabrın 3-də, 44 yaşında, Samoada beyin qanaması nəticəsində vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq Vaea dağının zirvəsində dəfn olunub. Dünya ədəbiyyatında yeri

Robert Luis Stivenson macəra ədəbiyyatının inkişafına böyük təsir göstərmiş yazıçılardandır. Onun əsərləri müxtəlif dillərə tərcümə edilib, bir çoxu əsasında filmlər, teatr tamaşaları və televiziya ekranlaşdırmaları hazırlanıb.

 

“Xəzinələr adası” əsəri dəniz quldurları, xəzinə axtarışları və təhlükəli səyahətlər haqqında macəra ədəbiyyatının klassik nümunəsinə çevrilib. “Doktor Cekilin və mister Haydın qəribə əhvalatı” isə insan xarakterindəki ikiliyi, xeyirlə şərin mübarizəsini araşdıran mühüm ədəbi əsərlərdən biri hesab olunur. Stivenson ədəbi irsi ilə həm uşaq, həm də böyüklər ədəbiyyatında özünəməxsus yer tutub. Onun əsərləri bu gün də dünya oxucuları tərəfindən maraqla oxunur.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

1 -dən səhifə 3190

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.