Fatimə Məmmədova, “Ədəbiyyat və İncəsənət” portalınn Xəbərlər və Təqvim şöbəsi
Dünən Türkiyənin tanınmış tarixçi alimi və professoru İlber Ortaylı haqqında yayılan ölüm xəbərini aldıq. Belə xəbərlər insanı istər-istəməz düşündürür. Çünki bəzi insanlar təkcə yaşadıqları dövrdə deyil, fikirləri və yazdıqları ilə uzun illər yadda qalırlar.
Xəbəri eşidəndən sonra internetdə onun yazılarını axtarmaq istədim. “İlber Ortaylı yazıları” sözlərini yazıb axtarış etdim. Qarşıma professorun illər ərzində qələmə aldığı çoxsaylı köşə yazıları çıxdı.
Mövzular da müxtəlif idi: təhsil sistemi, tarix, cəmiyyət, Türkiyə ilə Azərbaycanın qardaşlığı, dövlətçilik ənənələri, Türkiyə Cümhuriyyətinin qurulması kimi mühüm tarixi hadisələr və həyat haqqında düşüncələr. Yazılarının hər biri oxucunu düşündürən, maarifləndirən və tarixə fərqli baxış təqdim edən məqalələr idi. Lakin bu yazılar arasında biri xüsusilə diqqətimi çəkdi və məni kövrəltdi. Professorun ölümündən cəmi bir neçə gün əvvəl qələmə aldığı köşə yazısı idi. O yazıda əməliyyatdan yenicə çıxdığını qeyd edir, həkimlərin əməyini yüksək qiymətləndirdiyini vurğulayırdı. Sətirlərdə həm həyatın dəyərini hiss etmək, həm də insanın yaşadığı çətinliklərə baxmayaraq minnətdar qalmağı bacarması duyulurdu. Bu səmimi və sadə ifadələr yazını daha da təsirli edirdi.
Əslində böyük və dəyərli insanların həyat yolu çox vaxt onların əsərlərində yaşayır. Onlar dünyadan köçsələr də, fikirləri, kitabları, yazıları və elmi irsləri gələcək nəsillərə qalır. İlber Ortaylı da məhz belə insanlardan biridir. Onun tarixə dair araşdırmaları, publisistik yazıları və çıxışları uzun müddət oxunacaq, öyrəniləcək və xatırlanacaq.
İnsan ömrü isə keçicidir. Heç kim bu dünyada əbədi qalmır. Bu gün birinin, sabah isə başqasının həyat yolu başa çatır. Amma insanın arxasında qoyduğu iz – yazdığı sözlər, öyrətdiyi biliklər, yaratdığı dəyərlər onu yaşadan ən böyük xatirəyə çevrilir. Belə iz qoyan insanlardan biri kimi İlber Ortaylınin yazıları və fikirləri də oxunmağa, xatırlanmağa və dəyərləndirilməyə layiqdir.
Qeyd etdiyim köşə yazısı budur:
Əməliyyatlarım və səhiyyə işçilərimiz
"Keçən həftə əməliyyatın uğurla keçdiyini demişdim. Bu bazar gecəsi isə birdən halım pisləşdi. Xəstə baxıcılar və tibb bacıları dərhal köməyə gəldilər. Məni yenidən əməliyyata apardılar və qəfil başlayan qanaxmanı dayandırdılar. Belə anlarda insan bu ölkədə hələ də işini ciddi görən, vicdanla çalışan insanların varlığına şükür edir. Heç bir xalqın qadınları türk qadınları qədər birlik ola bilməz, belə çətin anlarda bu qədər soyuqqanlı və bacarıqlı davranmaz. Keçən həftə bazar ertəsi günü professor doktor Yakup Kordan müəllimlə birlikdə Koç Universiteti xəstəxanasının uzun dəhlizlərindən keçərək anesteziya üçün əməliyyat otağına doğru irəliləyirdik. İnsan belə anlarda istər-istəməz ətrafına baxır. Müasir tibbin intizamlı səssizliyi, dəhlizlərdə eşidilən addım səsləri və insanların üzündəki ciddilik bu işin nə qədər böyük bir təşkilat olduğunu xatırladır. Uzun əməliyyatdan sonra daha bir neçə müdaxilə edildi və hamısı çox tez başa çatdı.
Türkiyə möcüzələr ölkəsidir. Bəziləri möcüzələr yaradır, digərləri isə heç nəyi vecinə almır. Başqa hansı cəmiyyətdə bu qədər keyfiyyətli insanlar digərlərini daşıyır? Bu, ciddi sualdır. Ümidlərini Almaniyaya, Amerikaya bağlayanlara demək lazımdır ki, Almaniya bu gün Hindistanın yüz milyonlarla yoxsul, bacarıqlı və hər işi görməyə hazır insanları ilə üz-üzədir. Almanlar yeni müttəfiq və yeni işçi qüvvəsi tapdıqlarını düşünürlər. Bu onların problemidir. Amma bizim də onlardan uzaq durmağımız lazımdır. Çünki məsələ yalnız işçi qüvvəsi deyil, mədəniyyət və insanlıq məsələsidir".
İnsan ömrü isə keçicidir. Heç kim bu dünyada əbədi qalmır. Bu gün birinin, sabah isə başqasının həyat yolu başa çatır. Amma insanın arxasında qoyduğu iz – yazdığı sözlər, öyrətdiyi biliklər, yaratdığı dəyərlər onu yaşadan ən böyük xatirəyə çevrilir. Belə iz qoyan insanlardan biri kimi İlber Ortaylının yazıları və fikirləri də oxunmağa, xatırlanmağa və dəyərləndirilməyə layiqdir. Ən əsası da belə hallarda onu tanımayan insanlar belə tanımağa başlayır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)


