
Super User
ABİDƏLƏRİMİZ – Xocavənddə Katarovəng monastırı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi - Katarovəng monastırı barədə danışacağıq bu gün. Düşmən istila vaxtı “qədim erməni abidəsi” deyib car çəkirdi, halbuki, bu abidənin ermənilərlə heç bir əlaqəsi yoxdur, ola da bilməzdi. Bu, bir qədim alban məbədidir.
Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir.
Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə Müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır.
Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar. Ter Abbasın Alban Həvari Kilsəsinin katolikos taxtına seçilməsindən əvvəl qaçqınları izləyən massaget ordusu Saneasın rəhbərliyində Haband vilayətinə kimi irəliləyərək qaçqınların gizləndiyi Katarovəng monastırını oda verir.
V əsrdə yaşamış erməni tarixçisi Favstos Buzand eyni hadisələri təsvir edərkən, onları massagetlərin Ermənistana yürüşü ilə əlaqələndirir. Bəli, saxtakarlıq qonşularımızda bütün əsrlərdə olub və onlar öz tarixlərini zorla Qafqaza sırıyaraq buranın aborogen xalqı olduqlarını isbatlamağa çalışıblar.
Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Kilsə divarlarının birnövlü hörgüsünü kiçik və dar pəncərə yerləri pozur. Kilsənin qərbdə yerləşən yeganə qapısı yaxşı yonulmuş daşlardan hazırlanmış çərçivə və kitabəli plitə istisna olmaqla bütün dekor elementlərindən məhrumdur. Şimal divarı yarıya qədər yerin altındadır, cənub divarı isə çılpaq qaya üzərində tikilmişdir.
2015-2016-cı illərdə abidədə ermənilər tərəfindən təmir işləri aparılmış, dam örtüyü tamamilə yeni və müasir materiallarla qurulmuşdur. Halbuki bu, tarixiliyə kobud müdaxilə idi.
İkinci Qarabağ müharibəsi zamanı Katarovəng monastırının yerləşdiyi ərazi işğaldan azad edilmişdir. Tək bura da yox, bütün Azərbaycan torpaqları murdar düşmən ayaqlarından qurtulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
XARİCİ FİLMLƏR – İran kinosu şedevri "Güzgü"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Rejissor Cəfər Pənahinin ekranlaşdırdığı və İran filmi olan "Güzgü" filmi barədə danışmaq istəyirəm. 1997-ci ildə çəkilmiş “Güzgü” filmində dərsdən çıxanda həmişə onu qarşılayan anasını gözləməyə səbiri çatmayan balaca məktəbli Minanın (Ayda Məmmədxani) sərgüzəştləri diqqət mərkəzinə gətirilir.
Sonuncu rəfiqəsi də arxasınca gələn atasının avtomaşınına oturub getdikdən sonra, bir əli gipsdə olsa da, evlərinə təkbaşına yola düşməklə tərsliyini, müstəqilliyini, yaşından böyük görünmək istəyini ortaya qoyan Minanın səs-küylə şığıyıb keçən iri avtomaşınların təkərləri fonunda olduqca köməksiz görünməsi xırda adamı böyük şəhərlə qarşılaşdırır. İlk baxışdan inamlı görünən Minanın qara çadralı bir qadının ətəyindən tutaraq yolu keçməsi maneənin dəf olunması yolunda ilkin qələbəyə çevrilsə də, motosikldəki müəllimlə dostunun avtomobil qəzasına düşməsinin şahidinə çevrilməsi psixoloji gərginliyi artırır. Səhvən mindiyi növbəti avtobusda oğlu ilə münaqişəsindən gileylənən çarşablı qadının, ərlərin xəyanətini çözən qadınların söhbətini, İranla Cənubi Koreyanın söhbəti fonunda balaca Minanın kiminsə verdiyi pulu akkordeon çalıb oxuyan atasını dəfdə müşayiət edən balaca oğlana ötürməsi kimi uzun planda kameranın sevdiyi Aida Məmmədxaninin daxili monoloqunun bir an belə səngimədiyini təsdiqləyir.
Nəhayət ki, kameraya baxmasıyla rejissorun iradını eşitməklə səbir kasası daşaraq oynamaqdan cana doyub yaylığını, əlinin gipsini çıxarıb, paltosunu soyunan Minanın evlərini özü tapmaq istədiyini birbaşa kinokameraya deməsi ilə ekran personajının, ifaçı Aidə Məmmədxaniyə çevrilməsi ilə kinolentin bitməsi, digər kameranın başqa rakursundan Cəfər Pənahi də daxil olmaqla çəkiliş qrupunun ekrana gəlişi filmin gedişatını dəyişir. Bu epizod bədii təxəyyüllə real həyatın sərhədlərini şəffaflaşdırmaqla saxtalıqla, gerçəklik güzgüsünü üzləşdirən rejissorun daxili azadlığını önə çəkir.
Bundan sonra çarşablı qadının evdə münaqişəsinin olmadığını Aidaya bildirməsindən sonra bədii-oyun filminin estetikasının durdurulması, “dördüncü divar”ın dağılması ilə gerçək zaman-məkan parametrlərinin önə keçməsi, müəllifin sufi təbiətinə uyğun təəssürat üzərində qurulan, anilikdə yaranan impessionizmə meydan verilir.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Köhnə radio, oxuyur Yaqub Məmmədov…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə məşhur filimdəki “sehirli xalata” bürünüb sizi keçmişə aparmaq istəyirəm. Yox, yox, narahat olmayın, Babəkin Bəzz qalasına, Şah İsmayıl babamızın Çaldıran döyüşünə getmirik. Sovet dövrünə baş çəkəcəyik...
Təqvimdə 1975-ci il- elə indiki kimi may ayıdır. “Simsiz radio”da bir qız dillənir: “İndi də günorta konsertinə başlayırıq. Oxuyur Yaqub Məmmədov. Onu müşayiət edirlər...”
...Xatırladınızmı? O vaxtlar radioda günorta konsertləri belə başlayardı və biz gənclər də yaşlılara qoşulub, bəzən bu konsertləri dinləməli olurduq. Xanəndənin səsi evə yayılar, yaşlıların zövqünü oxşayardı...
Bəli, Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti, rəhmətlik Yaqub Məmmədovu nəzərdə tuturam. O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Böyüyüb boya-başa çatandan sonra pambıq tarlasında suçu işləyirdi. Tez-tez mahnılar oxuyub pambıqçıları ruhlandırardı. Bir gün xəbər çıxır ki, mədəniyyət evinə Bakıdan Ağcabədiyə komissiya gəlib, səsi yaxşı olan yeniyetmələri axtarırlar. Bir təhər Yaqubu dilə tuturlar ki, o da həmin sınaq müsabiqəsində iştirak etsin. Əvvəlcə getmək istəmir, elə ki, eşidir ki, Xan Şuşinski də onların arasındadır, onu radiodan dinləyib tanıdığı üçün gedir. Növbə Yaquba çatanda Xanın ifa tərzi ilə bir segah oxuyur. Səsi Xanın xoşuna gəlir, amma üstünü vurmur. Sən demə, Şövkət Ələkbərova da münsiflər heyətində imiş. Heyrətindən ayağa qalxıb Yaqubu alqışlayır və xoş sözlər söyləyir. Xanın susub heç nə deməməsi isə onu çox narahat edir. Düşünür ki, yəqin ustadın xoşu gəlməyib. Nə isə, müsabiqə sona çatandan sonra xanəndələr Bakıya qayıdır. Üstündən bir müddət keçir. Bir gün flarmoniyanın bağında heyranları Xan Şuşinskiyə sual verirlər ki, Xan əmi, görəsən yer üzünə bir də sənin kimi oxuyan gələcəkmi? Xan isə cavabında: "Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin."- söyləyir.
Yaqub Bakıya gələndən sonra rus dilini anlayıb danışa bilmədiyi üçün nə operaya gedə, nə də flarmoniyada işləyə bilir. Deyilənlərə görə, o, bu dili bilmədiyindən ilk illər Bakıda çox darıxırmış. Sonradan yavaş-yavaş paytaxt mühitinə alışa bilib. Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi o qədər gözəldir ki, mikrafondan adamları söysə belə onlara ləzzət edərdi...
...Qarabağ torpağında boya-başa çatan Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Görkəmli xanəndə Seyid Şuşinskidən və eləcə də xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə həmişə diqqəti cəlb edib. Muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi...
O, Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta bu kəndlərdə onu doğulduğu Ağcabədidəki hərmyerlilərindən də çox istəyirdilər. Yeganə xanəndədir ki, muğamın sözlərini bəzən səhv oxusa da, Bakı kəndlərində çox sevilib. Böyük sənətkar 2002-ci ildə 72 yaşında ikən dünyasını dəyişib...
O, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi müxtəlif konsertlərdə çıxış edib. İfasında qrammafon vallarına yazılan muğam dəstgahları o vaxt bütün Yaxın və Orta Şərqdə yayılıb. Eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnməkdədir...
Ustad tarzən Vamiq Məmmədəliyevin xatirələrindən birində yazılır: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Onunla neçə il musiqi meydanlarında oldum, amma bir dəfə də olsun ondan "mən" sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları çatmırdı. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi...”
...Təqvimdə 2025-ci ildir. Bu gün - mayın 5-də böyük sənətkarın 95 illiyi tamam olur. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Bəşər tarixinin 7 ən məşhur rəsmi - REYTİNQ
Könül, “Ədəbiyyat və incəsənət”
Rəsm əsərlərini kim sevməz ki. Nəzərə alanda ki, bizim xalq həm də dünyanın ən məşhur rəssamlar pleadasına Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev kimi dühalar bəxş edib, bu gün də Sakit Məmmədov kimi dühalar bəxş etməkdədir, onda bizim rəsm əsərlərinə sevgimizin ikiqat daha artıq olması duyular.
Bu gün Rəssamlıq bölümündə bir qədər maarifləndirici, bilgiləndirici məlumat vermək qərarına gəldim. Bəşər tarixində ayrıca 7 ən məşhur rəsm fərqləndirilir. Əlbəttə, hamınız dəqiq bilirsiniz ki, bunlardan biri və birincisi Leonardo da Vinçinin “Mona Liza” (”Cokonda”) rəsmidir. Bəs digərləri?
Gəlin portalı arts.com-un köməkliyi ilə dünya mədəni irsinin qızıl fondunu təşkil edən 7 ən məşhur rəsm əsərinin adlarına nəzər yetirək, o əsərlərə ki, Qərbdə onları hansısa bir savadlı adamın tanımaması nöqsan hesab edilir.
1.”Ulduzlu gecə”. Van Qoq.
Yerləşdiyi yer: Nyu-York, Müasir İncəsənət Muzeyi.
2.”Veneranın doğulması”. Sandro Bottiçelli.
Yerləşdiyi yer: Florensiya, Uffitsi qalereyası.
3.”Mona Liza”. Leonardo da Vinçi.
Yerləşdiyi yer: Paris, Luvr muzeyi.
4.”Adəmin yapılması”. Mikelancelo Buonarotti.
Yerləşdiyi yer: Vatikan, Sikst kapellası.
5.”Sikst madonnası”. Rafael.
Yerləşdiyi yer: Drezden, Əski Ustalar Qalereyası.
6. “Günəşdə Ruan kilsəsi”, Klod Mone.
Yerləşdiyi yer: Paris, Orse muzeyi.
7. ”Yerüstü həzzlər bağçası”, İeronim Bosx.
Yerləşdiyi yer: Madrid, Prado muzeyi.
Fotolarda:”Sikst madonnası” və ”Ulduzlu gecə”
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Düşmənimiz M.Silikovu (Silikyanı) TANIYAQ VƏ LƏNƏTLƏYƏK
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunun Kərimli kəndinin cənubunda, Yaqublu kəndinin yaxınlığındakı ərazini yaşlı əhali hələ də “Silikovun yeri” adlandırır. Həqiqəti bilməyən bəziləri Silikovlar haqqında fəxrlə danışır, hətta keçmiş “həmyerlilərinin” general olmaları ilə öyünürlər də.
Bəs kim olub bu Silikovlar?
Bunlar mənşəcə Vartaşen (Oğuz) udilərinin qriqorianlığı qəbul edən təbəqələrindən olublar. Pravoslav udilərlə aralarında həmişə münaqişə olub. Məsələn, onlar elit pavoslav udilərdən olan maarifpərvər bejanovlarla daim münaqişəyə giriblər. Hətta Silikovların məzhəb məsələsinə görə soydaşları pravoslav bejanovların bir neçə nəfərini Vartaşendə küçədə gülləmələri barədə o dövrün gürcü qəzetlərində məlumatlar da verilir.
Biz qriqoryan məzhəbli Silikovların nəsilləri barədə məlumat vermək fikrində deyilik. Ancaq bir ata və onun beş oğulundan biri haqqında məlumat verəcəyik. Bəri başdan deyək ki, buradakı faktların bir qismi də rəsmi erməni mənbələrindən götürülüb.
Udi əsilli, irsi zadəgan və qriqoryan inanclı ata Stepan Artemyeviç Silikov 14.07.1841-cı il tarixdə Yelizavetpol quberniyasının Nuxa-Ərəş qəzasının Vartaşen kəndində anadan olmuşdur. (Bəzi mənbələrə görə, sonralar Nuxaya (Şəkiyə) köçmüşdür.)
Rus ordusunun zabiti idi. Tiflis Kadet Korpusunu və I Pavlovsk Hərbi Məktəbini bitirib. Rus-Yapon müharibəsinin iştirakçısı olub. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Qars türk qalasına hücumda iştirak edib. 1878-ci il noyabrın 12-də Cəbrayıl qəzasının (Yelizavetpol quberniyası) başçısı təyin edilib. 09 noyabr 1896-cı ildə illik 860 rubl maaşla general-mayor rütbəsi ilə təqaüdə çıxıb.
Oğuzda onun böyük torpaq sahələri olub. Q.Cavadov və R.Hüseynovun “Udilər” əsərində (səh:96-97) oxuyuruq: “Yaqublu kəndinin sakinləri Stepan Silikovun torpaqlarında yaşayırlar. O, hərbi qulluqçu olmasına baxmayaraq, öz torpaqlarını icarəyə verir, bu yolla geniş sahələrini əkib becərtdirir. Onun kiçik qardaşı Rüstəm isə hər il Yaqublu kəndinə gələrək yetişdirilmiş məhsulun toplanmasında iştirak edir”, icarə haqlarını toplayırdı.
Beş oğlu və iki qızı olub. Stepan Artemyeviçin bütün oğulları Rusiya İmperator Ordusunda zabit olublar.
Biz ancaq S.Artemyeviçin havasını udub, çörəyini yeyib böyüdüyü torpağa xəyanət edən nankor oğlu Movses Silikovdan söz açacağıq. Əslində haqqında danışılası adam deyil. Amma zənn edirik ki, düşməni də tanımaqda yarar var.
Bu bədnam Movses Silikov 1862-ci il sentyabrın 2-də (14-də) Yelizavetpol quberniyasının Vartaşen kəndində hərbçi udi ailəsində (Stepan Artemyeviçin ailəsində) anadan olmuşdur. Moskva Hərbi Gimnaziyasını, Aleksandrovsk Hərbi Məktəbini və Rusiya İmperiyasının Baş Qərargah Akademiyasının zabitlər məktəbini bitirib. 1884-cü ildən kiçik zabit rütbəsində hərbi xidmətə başlamış və bir müddət sonra İrəvana hərbi komendantın müavini vəzifəsinə göndərilmişdir. Batalyon adyutantından diviziya komandirliyinə qədər yüksəlmişdir. 1916-cı ildə general-mayor rütbəsi alıb.
Onun I Dünya Müharibəsində Vandakı, Muşun, Bitlisin alınmasındaki fəaliyyətini və Ərzurum ələ keçirildikdən sonra ora komendant təyin edilməsini və rus ordusundakı digər xidmətlərini (və təltiflərini) bir tərəfə qoyaq. Hərbçi idi, əmr qulu olub. Bunu haradasa başa düşmək olar.
Lakin biz diqqəti rus imperiyası dağılandan sonra bu namərdin azərbaycanlılara və türklərə etdiyi xəyanətə və onlara qarşı törətdiyi cinayətlərə cəlb etmək istərdik.
Qafqaz cəbhəsi dağıldıqdan və rus qoşunları getdikdən sonra M.Silikov təqaüdə çıxmışdı.
Lakin öz razılığı ilə 1918-ci ilin fevralında Qafqaz diviziyasının sabiq komandanı, general Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaş- dırılarkən həmin Nazarbekyanın əmri ilə II atıcı diviziyanın komandiri təyin edilib. (Саркисян Ерванд. Экспансионистская политика Османской империи в Закавказье : накануне и в годы первой мировой войны . Ереван : Изд-во АН Арм. ССР, 1962, с.337.).
Çox güman ki, bu işdə onun ermənilərlə eyni məzhəbdən olması da az rol oynamamışdır. Soyadına –yan artırıb, Silikyan olan bu satqın cani-könüldən ermənilərə hərbi xidmətə başlayıb.
O, günahsız azərbaycanlıların qənimi və qatili olub. Əli türklərin qanına bulaşıb.
Qədim udi xalqının üzqarası olan bu cinayətkar barədə mənbələrin birində oxuyuruq: “…Hansı diviziyaların hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv edəcəkləri əvvəlcədən planlaşdırılmışdı. General Andranik Ozanyan Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Areşov, Dro və Njde İrəvan, Irəvan ətrafı, Zəngibasar, Eçmiədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində; general-mayor M.Silikov isə Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün azərbaycanlıları qırıb məhv etməli idi... (Bu alçaqlar elə bu plan əsasında da “işə” başladılar-İ.V.) Göyçə mahalına hücum edən Silikov Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin evlərini yandırıb, əhalisini qılıncdan keçirəndən sonra Zood kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar taxıl tələb edir. Səməd ağa bu tələbi rədd edir. Ermənilər hücum edib kəndi yandırır, əhalisini qırırlar. Səməd ağanı diri tuturlar, gündə iki dəfə çılpaq kürəyinə qaynar samovar bağlayırlar. Əslən şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyir və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırır...
Silikovun erməni quldur dəstələri Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular, hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı: ”Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar, meyidlərini qurd-quş yesin...” (https://www.adalet.az/az/posts/detail/ermenilerin-qerbi-azerbaycanda-toretdikleri-qirginlar-166665)
07 iyul 1919-cu il tarixli “Azərbaycan” qəzetinin 218-ci nömrəsində isə yazılmışdı: “Erməni Cümhuriyyəti daxilində qalaraq, Novo-Bayəzid uyezdinin Göyçə gölü şərq, cənub və cənub-qərbində yaşayan müsəlman kəndliləri, vaxtilə erməni təcavüzləri müqabilinə mərdanə surətdə irz-namuslarını müdafiədə bulunmuşlar. Sonra Erməni Cümhuriyyəti tərəfindən indiki Hərbiyyə naziri general Movses Silikovun komandası altında top, pulemyot dəstələri göndərilib irzlərini təcavüzçülərdən müdafiə edən məzbur (göstərilən-İ.V.) uyezdin müsəlman kəndlərini topa-pulemyota tutub, əhalisinin salamat qalanlarını yerlərindən qaçırmışlar”.
İrəvan Quberniyası Yenibəyazit qəzası Göyçə mahalının 26 kənd sakininin Gəncə Qubernatoruna ünvanlanmış 02 mart 1919-cu il tarixli, 06 mart 1919-cu ildə 3162 nömrə ilə qeydə alınmış ərizəsində (DİN-in dəftərxanası, 80 saylı işdən çıxarış, IV şöbə) göstərilir ki, “1919-cu il fevralın 28-də Silikov, kornet Xaçaturov və adyutantın dəstəsi müsəlman kəndlərinə gəlmiş və hər kənddən 750 pud taxıl və 100 pud quru ot tələb etmişdir; həmin şeylər bu miqdarda olmadığından camaat mükəlləfiyyətdən azad edilməyi xahiş etmişdir. Bu zaman Silikov qamçı ilə vurmağa və söyməyə başlamış, hətta kənd sakini Məci Süleyman oğlunu öldürmüşdür. Qalan zabitlər isə daha dörd müsəlmanı yaralamışlar”.
M.Şahüseynovun “Qəbələ” qəzetinin 13 aprel 2000-il tarixli sayındakı “Onlara güzəşt oluna bilməzdi” yazısından isə məlum olur ki, “Andraniklə yanaşı, digər erməni generalı Silikov Türkiyədə döyüşmüş erməni hərbiçilərdən ibarət çoxsaylı erməni ordusu ilə Göyçəyə, Basarkeçərə, Kəlbəcərə, indiki Laçın bölgəsinin şimal hissəsinə tez-tez basqınlar etməklə Aran Qarabağa girmək istəyirdilər....Göyçədə, Basarkeçərdə və Kəlbəcərdə Andraniklə 2-ci erməni generalı Silikov çox böyük qırğınlar törətmiş, insanları qaçqın salmışlar... Göyçənin 32 kəndini yandıraraq məhv ediblər. Basarkeçərdə isə demək olar ki, əhali qalmır”.
M.Silikov həm də qısa müddət ərzində döyüşə hazır nizami birliklər yaradıb və onları türk qoşunlarını dəf etmək üçün hazırlayıb. Tezliklə İrəvan qüvvələr qrupunun komandiri təyin edilib.
1918-ci ilin mayında Aleksandropolu (Gümrünü) azad edən türk qoşunları İrəvana, qırğına məruz qalmış azərbaycanlılara köməyə gedəndə Silikov nizami qoşunlara və milislərə ümumi komandanlığı öz üzərinə götürüb, Sardarabad və Başaparan döyüşlərində türk hərbi qüvvələrinə qarşı vuruşmuşdur. Bu döyüşlər sayəsində Ermənistan tam məhv olmaqdan xilas olmuşdur. Buna görə Sərdarabat döyüşünün digər iştirakçılarından bir zamanlar M.Silikovun komandanlığı altında xidmət edən türk düşməni, bədnam İ.Baqramyan sonralar onu “ən istedadlı hərbi lider” kimi tərif etmişdi. Silikyanın müasiri tarixçi H.Ter-Martirosyan isə onu "Ermənicə bilməyən, ancaq örnək bir erməni” adlandırmışdı. Ermənilər indi də Movses Silikovu “erməni generallarının müqəddəs üçlüyündən (D.Pirumyan, D.Kanayan (Dro), M.Silikyan) biri” kimi təsvir edirlər. O həm də xalqımızın qatı düşmənlərindən O.Andranik, Q.Njde, M.Areşov, X.Araratov və Q.Korqanovun yaxın silahdaşı olub.
Rus zabitlərinin aktiv iştirakı ilə Ermənistan Respublika Ordusu yaradılarkən də general-mayor M.Silikov (Silikyan) əlahiddə erməni diviziyasının komandiri təyin olunub. Yuxarıda “Azərbaycan” qəzetindən gətrdiyimiz sitatdan belə məlum olur ki, o hətta bir müddət hərbi nazir də olub.
Sən demə, anadan olduğu torpağa – öz doğma Vətəninə xəyanət edib, Ermənistanı vətən seçən, ”Canımı Vətənə və Allaha verəcəyəm, namusumu özüm üçün saxlayacağam,”- deyən bu cinayətkarın heç namusu da yoxmuş. Zatən belələrində namus olmaz ki?!
1920-ci ildə Ermənistan sovetləşdikdən sonra yeni hökumətin formalaşdığı illərdə M.Silikov ordudan tərxis olunub və ömrünün sonunadək dövlət təhlükəsizlik orqanları tərəfindən təqiblərə məruz qalıb. Bütün təltif və mükafatları əlindən alınıb, 1937-ci il dekabrın 10-da Sardarabadın bir çox digər dırnaqarası “qəhrəmanları” ilə birlikdə Nork dərəsində güllələnib. Cəhənnəmə vasil olub. Arzu edək ki, atəşi bol olsun!
Düşmənlərimizi tanıyaq və unutmayaq! Dədə-babalarımız demişkən, “Əski düşmən dost olmaz!”
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
MARQLI - Dünyanın ən maraqlı, qeyri-adi bitkiləri hansılardır?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu dəfə Marqlı bölümündə istədim sizə flora aləmindən danışım. Araşdırmalar aparıb müxtəlif mənbələrdən bölümümüzün adına uyğun maraqlı faktlar əldə elədim: Dünyada çox maraqlı və qeyri-adi bitkilər varmış. Onların bəziləri ilə tanışlıq əlbəttə ki, pis olmaz.
Sıralanmaya başlamazdan öncə Şuşada bitən unikal Xarı-bülbül çiçəyini qeyd etməyi özümə borc bilirəm. Dünya hələ bizi görməzdən gəlir, amma Xarı-bülbül həqiqətən də ən maraqlı və qeyri-adi bitkilər sırasında dayanmağı özünə haqq edir.
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris
cinsinə aid bitki növüdür. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Amma biz bu cəfəngiyyata inanmırıq.
Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir. Endemik növdür.
1. Rafflesia arnoldii – Bu bitki dünyanın ən böyük çiçəyinə malikdir və çürük ət qoxusu yayır. Ona görə də “cəsəd çiçəyi” də deyilir.
2. Venus Flytrap (Dionaea muscipula) – Həşərat yeyən bitkidir. Toxunma nəticəsində sürətlə bağlanaraq həşəratları tutur və həzm edir.
3. Baobab – Afrikada yetişən bu ağac “tərsinə bitmiş ağac” kimi tanınır. Geniş gövdəsində minlərlə litr su saxlaya bilir.
4. Welwitschia mirabilis – Namib səhrasında bitir. Yalnız iki yarpağı olur, amma bu yarpaqlar yüz illərlə yaşayır. Ən qədim bitkilərdən biridir.
5. Sensitive Plant (Mimosa pudica) – Bu bitkiyə toxunduqda yarpaqları dərhal bağlanır. Müdafiə mexanizmi kimi fəaliyyət göstərir.
6. Hydnora africana – Torpaq altında yaşayır, qəribə quruluşu və pis qoxusu ilə seçilir. Həşəratları cəlb edib, sonra onları həzm edir.
7. Pitcher Plant (Nepenthes) – Qab şəklindəki quruluşu ilə həşəratları tələyə salır və onları həzm edir.
İndi isə onlar haqqında ətraflı məlumat təqdim edirəm:
1. Rafflesia arnoldii (Cəsəd Çiçəyi)
Mənşə: Cənub-Şərqi Asiya, xüsusən İndoneziya və Malayziya.
Xüsusiyyəti: Dünyanın ən böyük tək çiçəyidir – diametri 1 metrə qədər ola bilər.
Çiçəyin qoxusu: Çürümüş ət kimi iy gəlir, bu qoxu milçəkləri cəlb edir.
Parazitdir: Öz kökləri və yarpaqları yoxdur. Ev sahibi bitkinin üzərində yaşayır.
Çiçək ömrü: Cəmi bir neçə gün – çox qısa müddət açıq qalır.
2. Venus Flytrap (Dionaea muscipula)
Mənşə: ABŞ-ın şərq sahilləri (Şimali və Cənubi Karolina).
Xüsusiyyəti: Yarpaqları iki "çənə" kimi açılıb-bağlanır.
Ovlanma üsulu: Həşərat bitkinin yarpağına toxunduqda, 0.1 saniyəyə bağlanır.
Qidalanma: Bitki fotosintez edir, amma əlavə qida üçün həşəratları həzm edir.
Həzm müddəti: 5-12 gün.
3. Baobab
Mənşə: Afrika, Madaqaskar, Avstraliya.
Xüsusiyyəti: 25 metrə qədər hündürlük, 10-14 metr diametrli gövdə.
Su saxlanması: Quruluq dövründə istifadə etmək üçün gövdəsində minlərlə litr su yığır.
Uzunömürlülük: Bəzi baobablar 2000 ildən çox yaşayır.
Meyvəsi: C vitamini ilə zəngindir, bəzi yerlərdə dərman və qida kimi istifadə olunur.
4. Welwitschia mirabilis
Mənşə: Namibiya səhrası.
Xüsusiyyəti: Yalnız iki yarpağı olur – onlar da ömür boyu uzanır, bəzən 2-4 metrə çatır.
Ömrü: 1000 ildən çox yaşaya bilər.
Nəfəsalma və su alması: Səhər şehindən su toplayır. Quraqlığa çox davamlıdır.
Görünüşü: Əyri-buğu, quru və maraqlı forması ilə tanınır.
5. Mimosa pudica (Utancaq Bitki)
Mənşə: Cənubi Amerika, amma artıq tropik bölgələrdə geniş yayılıb.
Xüsusiyyəti: Yarpaqlarına toxunduqda dərhal bağlanır.
Müdafiə mexanizmi: Bu hərəkət heyvanların onu yeməməsi üçün qoruma üsuludur.
Açılıb-bağlanma: Bir neçə dəqiqə sonra yarpaqlar yenidən açılır.
Çiçəkləri: Yumru, yumşaq tükcüklü bənövşəyi çiçəklər açır.
6. Hydnora africana
Mənşə: Cənubi Afrika.
Yaşayış forması: Yeraltı parazit bitkidir. Görünən hissəsi çiçəyidir.
Qoxusu: Çürük ət kimi qoxur, bu da böcəkləri cəlb edir.
Ovlanma üsulu: Böcəklər içəri daxil olduqda çiçək bağlanır və onları bir müddət içəridə saxlayır.
Maraqlı fakt: Yarpaqları, kökləri yoxdur – yalnız digər bitkilərin köklərinə yapışıb qida alır.
7. Pitcher Plant (Nepenthes)
Mənşə: Cənub-Şərqi Asiya, Hindistan, Avstraliya və Madagaskar.
Xüsusiyyəti: Yarpaqları qabı (pitcher) formasındadır.
Tələsi: Həşəratlar qoxuya və şirin nektara cəlb olur, içəri düşür və sürüşüb həzm mayesinə düşür.
Qidalanma: Bitki həm fotosintez edir, həm də həşəratları həzm edir.
Böyük növləri: Bəzi növləri siçan kimi kiçik heyvanları da həzm edə bilir.
Şəkildə: Xarı-bülbül və baobab
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
BİRİ İKİSİNDƏ – Jalə İslamın “Bizi ayıran yollar…” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Jalə İslamın “Bizi ayıran yollar…” hekayəsini təqdim edirik.
Jalə İSLAM
“BİZİ AYIRAN YOLLAR BİR GÜN QOVUŞDURACAQ…”
Həyat yuxuda da öz sonuna doğru gedir.
A.Bule
2003-cü il Bakı.
Bu gün Arazın Bakıda son günü idi. İndi o bu günə qədər böyüdüyü evinin hər küncünə içində qopan dərin fırtınalarla birlikdə baxmaqda idi. Anası evin içində cəld addımlarla o tərəf-bu tərəfə irəliləyir, son qalan əşyaları toplayırdı.
Araz anasını atasının ölümündən bu yana ilk dəfə idi ki, bu qədər xoşbəxt görürdü. Həm də onun üzündə qəribə bir həyəcan da var idi. Nə də olsa, bu gün onun həyatında artıq yeni bir başlanğıc idi.
Amma evdə əgər bir nəfər xoşbəxtdirsə, bu o demək deyildir ki, hər kəs xoşbəxt və bəxtiyar olmalıdır. Belə bir qanunun olduğunu düşünmürəm. O biri otaqda uzun müddətdir ki, yataq xəstəsi olan nənəsinin onların gedişindən xəbərdar olduğu gündən etibarən göz yaşları dayanmırdı. Oğlunun ölümündən sonra ona tək dayaq olan ailə üzvləri də bu yaşlı qadını tərk edib gedirdi...
İnsanlar həyatda bəzən seçim etmək məcburiyyətində qalırlar. Araz anlamışdı ki, nənəsi də bu seçimin qurbanıdır. Anasının düşüncəsiz seçimi onun içinə dərin duyğuların kök salmasına səbəb olmuşdu. Yaşanmış bəzi hadisələr bizi düşünməyə sövq edir. Əgər mən onun yerində olsa idim, nə edərdim? Ya da qarşımdakının seçim şansından biri də mən olsa idim, mən də qurban olardımmı?
Onu bütün bu suallar deyil, anasının növbəti seçimi qorxudurdu...
Bir az sonra maşın artıq qapıda dayanmışdı. Arazın isə anası ilə bərabər getməkdən başqa çarəsi yox idi. Buna seçim demək doğru deyil, çünki bu, məcburiyyətdir.
Bütün vücudu daş kəsilmiş Arazın gözü divarda asılı olan, illər əvvəl çəkdirdikləri ailə şəklində qalmışdı. İndi nələri itirdiyini, nələrin yarımçıq qaldığını çox yaxşı anlayırdı. Ruhu sakitlik nədir, bilmirdi.
Mətbəxə tərəf yönəldi, masanın üzərində olan çörək və su qabını götürdü və nənəsinin çarpayısının yanında olan kiçik masanın üzərinə qoydu, nənəsinin üzərini örtdü, sel kimi axan və bəlkə də, heç dayanmayacaq olan göz yaşlarını əlləri ilə son dəfə sildi. Anasının belə acımadığı bu qadına Arazın yazığı gəlirdi.
Hər zaman olduğu kimi, yenə heç bir söz demədi. Susqunluq onun üçün tək çıxış yolu idi. Həzin addımlarla qapıya tərəf yönəldi, hər addım atdıqca onun içindəki hüzn daha da böyüyür, nənəsinin fəryadı daha da şiddətlənirdi. Artıq arxasına baxmamağa qərar verdi, çünki bu, əzabı özünə pulsuz satın almaq demək idi.
İnsanı uzaq səfərə çıxarkən doğma evindən uzaqlaşmaq düşüncəsi deyil, qayıdanda hər şeyi olduğu kimi tapmamaq düşüncəsi üzürdü.
Arazın içindəki narahatlıq onu kölgəsi kimi təqib edirdi. Əlini uzatsa, tuta bilməyəcəyi buludların üzərindəki ilk səyahət belə ona uşaq ağlının yaşada biləcəyi illüziyaları yaşatmırdı. Səmanı və dənizi onsuz da sevmirdi. İki il əvvəl atasını qurban verdiyi dənizi, ya da bütün bunları etinasızca seyr edən səmanı necə bağışlaya bilərdi ki?! Sağ tərəfində əyləşən anası ilə göz təmasından qaçırdı. Qəbul edə bilmirdi ki, artıq anası da onun içində çoxdan ölüb. Axı necə ola bilərdi ki, iki il əvvəl səni heç kimə dəyişməyəcəm dediyi həyat yoldaşını indi başqa bir adama dəyişirdi?!
Murad anasına böyük vədlər vermişdi. Elə Araz da anası ilə birlikdə bu vədlərin arxasınca yad bir elə üz tuturdu. Lakin anası – Leyla bir şeyi unudurdu ki, yad elin yad qanunları var və bütün qanunlar ədalətə tabe deyil.
Təyyarədən endikləri zaman Murad onlara gülümsəyərək dedi:
– Sizə söz verirəm ki, hər şey çox yaxşı olacaq. Siz, sadəcə, mənə güvənin.
Amma Araz çoxdan bilirdi ki, bu şəhər onu udacaq!
Sankt-Peterburq, 2003-cü il.
Böyük şəhərlər dərin insanlar üçün bir cəhənnəm, dərin insanlar isə kiçik şəhərlər üçün bir tabutdur!
Fikirlərin əsirində keçən bu səyahət artıq sonlanmışdı. Onu bu əsirlikdən maşının ani dayanması oyatdı. Deyəsən, indi, həqiqətən də, hər şey üçün çox gec idi.
Qapıda onları Muradın anası Pakizə qarşıladı.
– Baxın, bu mənim oğlumdur. O çox sakit, mülayim və tərbiyəli uşaqdır. Bəzi problemlərə görə danışmır. Amma mən inanıram ki, o mənə yenə əvvəlki kimi ana deyəcək.
Araz anasının bu qədər həvəsli davranışları ilə ilk dəfə idi ki, üz-üzə qalırdı. Hər şey bir-birinə qarışmışdı. Bütün bunlara yalnız Pakizə və Araz sanki yadplanetli imiş kimi baxırdılar. Elə məhz buna görə də Araz bu hisslərin təlatümündə ilk dəfə tək olmadığını anlamışdı.
…Hər kəs yatmağa hazırlaşırdı. Murad və anası çoxdan getmişdilər. Yaşlı qadının harada olduğu isə məlum deyildi. Araz isə divanın bir küncündə daş kəsilmişdi. Öz evini düşünür və kədərlənirdi. İndi anlayırdı ki, əgər öz evlərində olsa idi, divanın bir küncünə qısılıb qalacaq qədər çarəsiz olmazdı.
Bu dəmdə Pakizə əlində bir balınc və odeyal ilə içəri daxil oldu. Əlini salon ilə qarşı-qarşıya olan otağı işarə etdi. Otaqda iki çarpayı var idi və sol tərəfdəki çarpayıda bir nəfər üzü divara uzanıb yatırdı. Divarlar rəsmlərlə dolu idi. Bu rəsmlər eynilə melanxolik düşüncəli insanların çəkə biləcəyi rəsmlərə bənzəyirdi. Nə qədər gözəl görünsələr də, bir o qədər də vahiməli idilər.
Səhər oyananda qarşısındakı mənzərə onu qorxutmuş, evin sakinləri Arazın qışqırığına oyanmışdı. Bu qorxu sonradan ona utandırıcı gəlsə də, həmin anı xatırlayanda yenə də dizləri əsirdi.
Muradın oğlu ilə bu cür tanış olmaq istəməzdi, lakin qarşısında bu günə qədər görmədiyi görünüşdə bir adam dayanmışdı. Bir insanın xarici görünüşü ilə alçaldılması ona həmişə pis təsir etsə də, o özü də heç istəmədən bu xətaya düşmüşdü. Hər şey bir yana, illər sonra övladının dilindən ilk dəfə “Ana” sözünü eşidən Leyla buna dediyi kimi heyrətamiz deyil, etinasızca yanaşmışdı. Deyəsən, ikinci seçim şansı artıq qarşıda idi. Bəs bu dəfə qurban kim olacaqdı?
Zamanla hər şeyə alışarsan və buna qorxuların da daxildir.
Araz bu vahiməli simaya hər baxanda utanırdı, onun baxışlarının altında əzilirdi. Amma nə qədər təəccüblü olsa da, bu evdəki ümid işığı yalnız onun gözlərində parıldayırdı.
– Hey, cavan oğlan, niyə heç danışmırsan? Nə vaxta qədər belə susacaqsan? Ən sonunda danışmalı olacaqsan və gördüyüm qədərilə səninlə danışmağa heç kim yoxdur.
– Mənə səssizlik yaraşır!
Qapı bir anda şiddətlə açıldı. Evin səssizliyi Muradın gəlişi ilə pozulmuşdu. O, içkili idi. Araz sağına baxdı. Bu vahiməli, həm də şad sima bir anda yerini qorxu ilə əvəzlədi. Evin qapısı açılanda artıq onun da içinə qurd düşmüşdü. İçəri girər-girməz oğlunun üzərinə şığıdı. Gözü dönmüşdü, üst-üstə zərbələr endirirdi. Və hər kəs, sadəcə, tamaşa edirdi. Arazın gözü anasına sataşdı. O, ayırmağa deyil, Muradı sakitləşdirməyə çalışırdı. Artıq zamanı idi, bu dəfə ola bilməzdi, on dörd illik həyatı ona bu qədər riyakarlıq qatmamışdı.
Muradın biləyindən yapışaraq onu var gücü ilə geri itələdi:
– Bəsdir artıq, dayan. Bütün bunlar sənə ağır gəlmir? Qarşındakı sənin oğlundur. Ona bu cür davrana bilməzsən. Heç ürəyin ağrımır?!
– Sən kimsən? Əsas sən mənim qarşıma keçib bu sualları verməyə utanmırsan?!
Dünənə qədər ağzına su alıb oturmuşdun. İndi filosof oldun başıma?
– Mən Tanrının bir bəndəsiyəm. Bəllidir ki, sən də şeytanın bir bənzətməsi. Mən sizin bu nə olduğu bilinməyən məhəbbət adı verdiyiniz illüziyaya artıq dayana bilmirəm. Bizə əzəldən öyrədilib ki, özümüzdən zəif olanları qorumaqla hökmlüyük.
Bu sözləri eşitmək Muradın qürurunu incitmişdi. İrəli gələrək onu vurmağa cəsarət etdi. Buna Leyla icazə vermədi. Araz ilk dəfə anasının onun yanında olduğunu düşünmüşdü, bu düşüncəsindən onu anasının üzündə deyil, ürəyində yara açan şilləsi oyatdı. Bəli, o da artıq qurban idi. Hər kəs öz otağına çəkilmişdi, o isə yenə öz yerində daş kəsilmişdi. Arxadan bir səs eşitdi:
– Təşəkkür edirəm və üzr istəyirəm!
Araz arxasına dönərək dedi:
– O, məni heç sevmədi...
Səssizlik ən gözəl melodiyadır, lakin bu dünyaya şamil deyil.
– Mənim adım Vladimirdi, Araz. Üzüm isə illər öncə evin arxa tərəfindəki kömürlükdə yanıb. Yandırılıb...
Uzun bir sükutdan sonra:
– Mənim adım Arazdır. “Kim yandırıb?” – deyə soruşmayım. “Niyə yandırıb?” – deyə soruşacam.
Vladimir xəfif gülümsədi və üzünü pəncərəyə tərəf döndərədək:
– O, məni heç sevmədi... – dedi. Və davam etdi:
– Bilirsən, Araz, bura ev deyil, cəhənnəmdir. Bu evin pəncərəsindən heç ulduzları da görə bilmirəm. Tanrı bunu belə mənə rəva bilmir.
– Anan haradadır?
– O öldü... Məni bu dünyada çarəsiz qoyaraq getdi... Hərdən üsyan edirəm. “Tanrı ruhu əbədiyyətə qovuşan hər kəsə bir ulduz bəxş edir” – deyirlər. Görəsən, mənim anamın da ulduzu varmı?
– Bəs sənin atan niyə belə edir?
– Bilmirəm. İnanırsan, heç nəyi bilmirəm.
– Bəs o yaşlı qadın, o necə birisidir?
– O var, amma həm də yoxdur. Bəs sənin atan haradadır?
– Mənim atam gəmi kapitanı idi. Onu çox sevdiyi mavi dənizi aldı məndən. Onun üçün çox darıxıram. Əgər yaşasaydı, indi belə bir həyatım, çox güman, olmayacaqdı...
– Bizi onların yoxluğu deyil, geriyə dilimizə bir imza kimi miras qoyduqları “əgər” və “kaş” sözləri tükədir.
– Nənəm isə xəstədir. O, çox gözəl qadındır. Onu çox sevirəm, amma sevgimi bir yana qoyaq, həyata qarşı olan nifrətim belə onu xilas etməyə yetmədi. Bilirsən, biz nə etdik? Biz yeriməyə belə taqəti olmayan o qadını evində təkbaşına qoyub bura gəldik. Səbəbi isə sənin səfeh, ağlı başında olmayan atandır.
– Zamanında belə bir cümlə oxumuşdum: Həyatımızın yarısını valideynlərimiz,digər yarısını isə uşaqlarımız dağıdır. Bu həyat belədir, Araz. Adamlar səni yıxmaq üçün ən çətin zamanını gözləyirlər. Bilirsən, bir gün buradan qurtulmağa çalışdım, hətta demək olar ki, tam qurtulurdum.
– Necə?
– Qazı açdım və evdən çıxıb getdim. Mən gedirəmsə, məni tapa biləcəkləri ehtimalını düşünərək geridə heç bir iz qoymaq istəmədim. Amma heç gedəcəyim ünvana yetişməmiş atam məni tutdu.
– Ən azından cəsur imişsən.
Növbəti səhər Vladimir otağında yenə o qəribə və vahiməli şəkillərindən birini çəkirdi.
– Araz, bax, bizi çəkirəm.
– Biz bu qədər çirkin deyilik, Vladimir.
– Kim deyir ki, çirkinik?! İnsan kimliyi ilə, ya da zahiri görünüşü ilə deyil, əməlləri ilə tanınmalıdır, Araz.
–....
– “Bəs bu həyatda əməllərini həyata keçirməyə taqəti olmayan insanlar necə gün üzünə çıxır?” – deyə içdən-içə soruşduğuna əminəm. Onların baxışlarına, səssiz çırpınışlarına və ürəyinə bax deyərdim. Amma bunu deməklə heç nəyi həll edə bilmədiyimi özüm də bilirəm. Kim bu dünyada ipəyi, ya da göz oxşayan kəpənəyi sevdiyi qədər baramaqurdunu sevir ki?
***
Araz artıq çox sarsılmışdı. Neçə gün idi ki, anası ilə də danışmırdı. Bu burulğanın onu udacağını hiss edirdi. Deyəsən, bunu Vladimir də anlamışdı:
– Get bu evdən, Araz.
– Gedəcəyəm, Vladimir.
Vladimir əli ilə ona paltarlar olan şkafı göstərdi:
– Orda bir az pul və mənim paltarım var, gedəndə o paltarı geyinib get. Amma səndən xahiş edirəm ki, geridə heç bir iz qoyma!
Araz Vladimirin nə demək istədiyini də, artıq nə etməli olduğunu da bilirdi.
***
Gecə saat iki idi. Bu gün artıq Arazın bu evdə son günü idi. Bunu özünə qəbul etdirmişdi. Vladimir çoxdan yatmışdı. Eynilə onun dediyi kimi etdi. Şkafta olan paltarlardan geyindi və pulu götürdü. Son dəfə anası ilə Muradın qaldığı otağın qapısından onları izlədi. Anası çox xoşbəxt bir sima ilə yuxuya getmişdi. Ona baxaraq içində bir yerlərdə qeyb olan ana sevgisini yenidən tapmaq istəsə də, o duyğuları artıq anasının gözündəki nifrəti gördüyü zaman itirdiyinin özü də fərqində idi.Mətbəxə doğru yönəldi və heç düşünmədən qazı açdı. Vladimirlə eynilə nənəsi ilə vidalaşdığı kimi vidalaşmaq istəyirdi.
Onun da üzərini örtdü və son sözlərini qulağına pıçıldadı.
– Bağışla məni!
Arxaya dönüb qapıdan çıxarkən Vladimirin sözlərini eşitdi :
– BİZİ AYIRAN YOLLAR BİR GÜN QOVUŞDURACAQ, AMMA SƏNİ ÖZ ÜNVANINA QOVUŞDURDUQDAN SONRA!
Arazın gözündən yaşlar bir-birinin ardınca süzülməyə başladı:
– Anan ilə qovuşduqda ulduzlarınız ilk mənə parlasın, Vladimir!
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
“Vətəndə vətənsiz olanlara ithaf” - NİCAT HUNALPIN YENİ ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı gənc və istedadlı şair Nicat Hunalpın yeni şeirlərini təqdim edir.
Bu qayalar neçə - neçə dil bilir
Bu qayalar neçə - neçə dil bilir,
Ağacların, çiçəklərin dilini
Qayalarda bitən mamır, gül bilir,
Tənhaların və təklərin dilini
Mən qayıtdım həsrətimə qoşulub,
Otuz ildə tüm arzular puç olub,
Elə bil ki, təbiətdə ac olub,
İndi tapıb bu yerlərin dilini
Özü bilir bu qayalar, bu dağlar,
Tanır məni o suyu buz bulaqlar,
Asan yola gəlir əllər, ayaqlar,
Çətin tapaq ürəklərin dilini
Ölüm marşı
Tənhalar şəhərində,
ümidsizlik adlı otağın
zirzəmisindəyəm.
Və işığı bilmirəm neçə mil,
uzaqlıqdan seçən
köstəbəyə bənzəyir göz bəbəklərim.
Addım - addım ölüm ,
qoxuyur üst - başım.
Dünən gecə aldığım
sirkəni başıma çəkdim.
Sususzluqdan yanan
Misir köləsi kimi.
İndi xəsdəxananın nəmli divarlarında
mən ölümlə qardaşam.
Aşağıda qayın ağacı yarpaqlarını
göyə sovurur.
Səssiz və tənha ruhumdan
doğulur bacı qardaşım.
Və hər doğum özüylə göz yaşı gətirir.
Boz Sərçə taleyi
Görünmür çoxdandı hayana getdi,
Küsdümü taledən, küsdümü baxtdan
Qışın ayazına birtəhər dözər,
Ayrılmaz boz sərçə o piştaxtadan
Tuş gələr taleyi sapand daşına,
Göz yaşı yağışa qarışar indi
Hardasa bir dəcəl, bir nadinc uşaq,
Yazıq boz sərçəyə daş atar indi
Alsan ovucuna hiss eliyərsən,
Görərsən ürəyi titrəyir necə
Vicdanın sızlasa bir ovuc dən səp,
Dənlənsin toyuqlar ilə gizlicə
Hayana yol aldı, hayana getdi,
Qarğalar apardı boz sərçələri
Qanına boyana - boyana getdi,
Çətin görək burda yaz sərçələri
Yayda Vətən - Vətən demək asandı,
Görək kimlər qarlı qışa qalacaq
Bilirsən ,qaranquş gəldi - gedərdi,
Bizə qalan bu boz sərçə olacaq
Çıxmadı kimsəylə dən davasına,
Düşdü bəd zamanda daş davasına,
Oynaya - oynaya daş havasına,
Daşlana - daşlana daş oldu sərçə,
Vətəndə vətənsiz quş oldu sərçə
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Ölkənin yeni bəlası- uşaq qaçaqmalçılığı, yaxud YUSİF SÖNMƏZ KİMDİR?
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün fərqli bir mövzu barədə danışmaq istəyirəm. Son günlər gündəmi zəbt edən orqan mafiyası və uşaq qaçaqmalçılığı ilə bağlı sosial medialarda yayılan tükürpədici iddialar istər-istəməz hər kəsdə ciddi narahatlıq doğurur. Ərinməyib yayılan iddialar və sosial media platformalarında yaranan ajiotajları nəzərə alıb mən də bir neçə araşdırma aparmağa başladım və nəticə etibarilə gördüm ki, yayılan məlumatlar boş iddiadan ibarət deyil.
Bunun əyani sübutlarından biri də bölgələr və paytaxtımızın polis bölmələrinə daxil olan şikayətlərdir. Narkotik və psixatrop maddələrin qanunsuz dövriyyəsindən sonrakı gündəm maddəsinin orqan mafiyası olacağını kimsə dilinə gətirsəydi biraz gülünc səslənərdi. Ancaq həqiqətən də belə oldu. Bir bəlanı aşmadan ikinci bir bəla ilə qarşı-qarşıya qaldıq. Bəs görəsən bu kimi faktlara qarşı necə önləm almaq olar?
Əvvəlki "uşaq oğruları" ən azından valideyndən və ya uşağın yanında böyük birini görəndə istər-istəməz çəkinirdi. Ancaq indikilər nəinki valideynlərdən çəkinir, hətta bəzi uşaqları məktəbin yeməkxanasından belə qaçırdacaq qədər "irəli" gedib. Buna görə də ilk növbədə məktəblərimizdə polis nəzarətinin gücləndirilməsi zəruridir. Ən azından təhlükə bir qədər azalana qədər. Amma əsas təhlükə yaxınlaşan yay fəslindədir. Havaların isinməsi və uşaqlarımızın çölə olan marağı məsələni bir qədər də qəlizləşdirir.
Bu bəla nəinki ölkəmizdə, hətta bütün Avropada,Asiyada da yayılan bir şeydir. Bu barədə tapdığım məlumatları da diqqətinizə çatdırmaq istəyirəm.
Türkiyədə orqan mafiyası ilə əlaqədə suçlu bilinərək haqqında dəfələrlə həbs qərarı verilən, hər dəfəsində isə müxtəlif vasitələrlə həbs edilməkdən canını qurtaran “Frankenşteyn” təxəllüslü şəxs Kosovada da belə qanunsuz transplantasiya ilə məşğul olub. Hətta Kosova onun haqqında İnterpol xətti ilə qırmızı bülletenlə axtarış elan edib. Məlumatda deyilir ki, Yusif Sönməz bir neçə il əvvəl Kosovadakı özəl klinikalardan birində 20 min dollar qarşılığında 23 yaşlı bir türk gəncin böyrəklərini İsrail vətəndaşına köçürüb.
Bundan sonra cinayətin üstü açılıb və onun haqqında axtarış elan edilib, yaxalanmadığı üçün isə İnterpol xətti ilə qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. 1999-cu ildə Kosova müharibəsi zamanı 300 serb əsgərin qaçırılmasının BMT tərəfindən ortaya çıxarılmasından sonra aydın olmuşdu ki, bu işin də arxasında “Frankenşteyn” - Yusif Sönməz dayanır. Serb əsgərlərini öldürərək, daxili orqanlarını çıxaran və bunları başqa ölkələrə göndərdiyi iddia edilən Yusif Erçin Sönməz həmin işdən sıyrıla bilmişdi. Qeyd edim ki, Yusif Erçin Sönməz adını ilk dəfə 1997-ci ildə jurnalist Uğur Dündar “Arena” proqramında “Kasıbların böyrəklərini varlılara satır” iddiası ilə ortaya çıxarmışdı. Bundan sonra 2000-ci ilə qədər 3 dəfə cərrahiyyə masası başında orqan çıxararkən yaxalanan Yusif Sönməz dünya çapında da məşhurlaşdı. Xaricdən kimsəsiz və imkansız insanları Türkiyəyə gətirib, onların daxili orqanlarını ucuz qiymətə alıb baha qiymətə satmaqla ad qazanan Yusif Sönməz haqqında ilk məhkəmə qərarı 2005-ci ildə çıxarılıb. O, qanunsuz transplantasiya əməliyyatları keçirdiyi üçün 1 il 10 gün həbs cəzası alıb. Türkiyə məhkəməsi 2005-ci ildə Yusif Erçin Sönməzin orqan mafiyası lideri olduğunu təsdiqləyib. Ancaq həmin il Türkiyədə çıxarılan yeni cəza qanununa əsasən Yusif Erçin Sönməz müəmmalı şəkildə həbsdə yatmaqdan qurtulub. Belə ki, 2 ildən az həbs cəzasına çarpdırılmış şəxslərin cəzaları ertələndiyi üçün “Frankenşteyn” də həbsə göndərilməyib.
Fəaliyyətini axsatmayan Yusif Sönməz növbəti dəfə 2007-ci ildə Ankarada yenə özəl bir klinikada, lakin bu dəfə öz adını daşıyan “Sönməz Hospital”da polis əməliyyatı nəticəsində yaxalandı. Hətta həmin əməliyyat zamanı orqan mafiyasının üzvləri bir müddət polislə atışmışdı. İki nəfər polis məmurunun yaralandığı atışmada yaxalanan Sönməzin klinikada 5 nəfəri əməliyyata hazırladığı öyrənilmişdi. Bu dəfə yaxalandıqda isə iki ay istintaq müddətində həbsdə yatdı. Lakin yenə məhkum edilmədən azadlığa buraxıldı. Qanundakı boşluqlar və mafiya dəstəyi bu adamı yenidən məsuliyyətdən qurtardı.
Yusif Sönməzin Avropanın bir çox ölkələrindəki kasıb insanların böyrək və ciyərlərini ucuz qiymətə alaraq, qat-qat baha qiymətə alıcılara satması faktları da mövcuddur. Belə ki, onun Rumıniya, Bolqarıstan, Belarus, Kosova, Serbiya, Moldova və s. kimi orta və aşağı səviyyəli ölkələrdən ucuz orqan alaraq, onları fransız, italyan, ingilis və yəhudilərə baha qiymətə satdığına dair yüzlərlə məlumat var. Hətta 2004-cü ilin əvvəllərində bolqar hökuməti Türkiyəyə hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edərək, Bolqarıstan vətəndaşlarının daxili orqanlarını qanunsuz şəkildə əməliyyat edərək çıxarıb satan Yusif Erçin Sönməzin yaxalanaraq Bolqarıstana təslim edilməsini tələb də etmişdi.
Yusif Erçin Sönməzin orqan mafiyasından əldə etdiyi pullar İsraildə fəaliyyət göstərən banklara köçürülür. Onu da qeyd edək ki, “Frankenşteyn” Yusif Erçin Sönməz 1999-cu ildə yenə eyni ittihamla – qanunsuz orqan dəyişdirmək ittihamı ilə Türkiyə qanunlarına əsasən cərrahlıqdan uzaqlaşdırılıb və fəaliyyətinə qadağa qoyulub…
DTX-nin ölkəmizdəki son əməliyyatı “mafiya ölməzdir” fikirlərini bir daha təsdiqləmiş oldu. Hər haldaz Azərbaycanda orqan mafiyasının bu günlərədək fəaliyyətini davam etdirdiyi bir daha təsdiqləndi. Amma biz xüsusi xidmət orqanlarımızın fədakarlıqla azərbaycanlı yusiferçinlərin çiçəklənməsinə imkan verməyəcəyinə çox əminik.
Şəkildə: “Frankenşteyn” - Yusif Erçin Sönməz
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Şəhidlər barədə şeirlər –Salatın Əsgərova
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Salatın Əsgərovaya həsr edilmiş şeirlə tanış olacaqsınız.
SALATIN ƏZİZ QIZI ƏSGƏROVA
(16.12.1991.-09.01.1991.)
Bakı şəhərində doğulmuş, Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbin və Azərbaycan Neft və Kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) məzunu, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın ilk şəhid qadın jurnalisti
Şəhid olduğu yer: Laçın rayonu, Qaladərəsi kəndi
Dəfn yeri: Bakı şəhəri Şəhidlər Xiyabanı
SALATIN
I
Ali məktəbdə təhsil alan zaman Salatın
Maraqla öyrənirdi dahilərin həyatın.
Düşünürdü tələbə çox şeyi bilməlidir,
İnsanı kamil edən işidir, əməlidir.
Ara-sıra maraqlı məqalələr yazırdı,
“Za Neftyanıe Kadrı” da dərc etməyə hazırdı.
O, yazıb yaratmağa bir ehtiyac duyurdu,
Yazdığı məqaləyə “ ürəyini qoyurdu”
Ömrü boyu qəlbində yazmaq həvəsi vardı,
Yazdığı hər yazıda xalqın nəfəsi vardı,
Mühəndis olsa da o, jurnalistliyi seçdi,
Həqiqəti yazmağa qəlbində and da içdi.
II
Oxucular qəzetdə axtarırlar soyadın,
İmzasını tanıyın- Əsgərova Salatın.
-Doğrudan, mənalıdır, fikirləri rəvandır,
Gələcəyi öndədir, axı hələ cavandır.
Hamı onu sevirdi, mehriban, nəzakətli,
Azərbaycan qızıdır, ağıllı, ləyaqətli.
Erməni nankorları yollarını azanda,
Duz-çörəyi itirib, etibarı pozanda,
Bircə anda ahəngi pozuldu bu həyatın,
Necə də qəzəbləndi, hiddətləndi Salatın.
Tez-tez o, ön cəbhəyə, lap irəli gedirdi,
Əsgərlərlə ürəklə, qəlbən söhbət edirdi,
Deyirdi, sözünüzü söyləyin, çəkinmədən,
Həqiqət bizimlədir, axı qorxuruq nədən?
Gənc əsgərlər, zabitlər danışdıqca qürurla,
Salatının çöhrəsi sanki dolurdu nurla.
Söylərdi, bizə candan əzizdir torpağımız,
Qarabağsız ölərik, qana dönər bağrımız.
Döyüş meydanlarında, ən qaynar nöqtələrdə,
Soyuq nəmli səngərdə, dağlarda, təpələrdə,
Olmaq sanma asandır, bu hünər, cəsarətdir,
Gənc xanım-ana üçün bir şərəfdir, qeyrətdir.
Salatın çalışdığı qəzetin hər nömrəsi,
Oxunur sevilərək- onun da məqaləsi.
Bütün günü çalışır, üç-dörd saat yatırdı,
Məqam gəzir, özünü səfərlərə atırdı.
III
Rusdilli qəzetdə çıxıbdı reportajı,
Həqiqətləri yazıb faktlar olsa da acı,
“İmperiya qulları, çatacaqdır sonunuz,
İnsan qanı deyildir, it qanıdır qanınız.
Niyə anlamırsınız, pay olammaz torpaqdan,
Bəsdir, rədd olub gedin, müqəddəs Qarabağdan!”
Peşəkar bir jurnalist, əsil vətəndaş idi,
Bütün duyğularından yurd sevgisi baş idi.
Yenə ezamiyyətə yollanacaq Salatın,
Zaman keçir, hökmü var, hər anın, hər saatın.
Azyaşlı körpəsini qoyub getmək asandı?
Vətən pərvanəsiydi, bu sevgiylə də yandı.
Əyninə geyindi o, hərbçi formasını,
Qucaqlayıb sevgiylə Ceyhunu-balasını.
Atasına dedi ki, gedim, son səfərimdir,
Namərdlər at oynadır, bu mənim kədərimdir,
Qayıdaram, inşallah, yazaram gözəl yazı,
Sevinclə qeyd edərik, bu il Novruzu - yazı.
Salatının necə də möhkəmdir iradəsi,
Onun qəhrəmanlığı heyran etdi hər kəsi.
Erkək-dişisi olmur nə şirin, nə aslanın,
Həqiqətdir, namərdi, mərdi olur insanın.
Laçın-Şuşa yolunda, bir Qarabağ kəndində,
Hiyləgər terrorçular gizlənərək bir tində,
Birdən atəş açdılar, neçə-neçə silahdan,
Dinsizlər, şərəfsizlər qorxmayaraq Allahdan.
Vəhşilik törətdilər, Salatın oldu candan,
Fəxrlə danışırıq bu xanım qəhrəmandan.
Vətən məhəbbətini hər şeydən üstün tutdu,
Bu müqəddəs sevdadan özünü də unutdu.
Salatın qələmiylə yazdı haqqın sözünü,
Həqiqət yollarında qurban etdi özünü.
Xalq üçün candan keçib tarixə yazdı adın,
Əbədi yaçayacaq ürəklərdə Salatın.
“Ədəbiyyat və incəsənət”
(05.05. 2025)