
Super User
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ
“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı, publisist, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin “Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası” məqaləsini təqdim edir.
İnsan varlığının ən sirli və eyni zamanda ən üsyankar tərəfi ruhdur. Ruh nə tamamilə dindir, nə də sadəcə fəlsəfədir. O, bədənin daxilində Allaha doğru çırpınan işıq, bəzən susqunluqla, bəzən fəryadla danışan daxili səslə bərabər yaşar. Zaman keçdikcə bu ruh anlayışı müxtəlif mədəniyyətlərdə, dinlərdə, fəlsəfi sistemlərdə fərqli şəkildə formalaşmış, bəzən riyazi sistemlərə tabe etdirilmiş, bəzən də sadəcə, ibadət çərçivəsində təsvir olunmuşdur. Lakin bəzi insanlar, bəzi şəxsiyyətlər var ki, onlar bu görünməz və müqəddəs varlığı təkcə anlamağa deyil, onu yaşamağa və yaşatmağa çalışıblar.
Onlardan biri də Məhəmməd Hadidir.
Məhəmməd Hadi Azərbaycan ədəbi və mənəvi həyatına yalnız söz ustası kimi deyil, həm də bir ruh filosofu, metafizik düşüncə daşıyıcısı, din və ağıl arasında körpü quran şəxsiyyət kimi daxil olmuşdur. Onun yaradıcılığında ruh təkcə bədii obraz deyil, varlığın mərkəzi, azadlığın təməli, Allahla insan arasında əlaqənin təzahürüdür.
Hadidə ruh anlayışı nə Kant kimi yalnız etik şüur, nə də Descartes kimi düşünən substansiyadır. O, ruha şəxsi ağrılar, mənəvi yanğılar, ictimai ədalətsizliklər və Tanrı axtarışı ilə yanaşır. "Əsirəm" deyəndə o, təkcə bir qadına aşiq olan bir insanın fəryadını yox, həm də bəşərin ruhani əsarətini dilə gətirir. Onun üçün ruh bir üsyandır - zamana, qorxuya, qaranlığa, təqlidə qarşı.
Avropa fəlsəfəsində ruh, çox zaman nəzəri sistemlərlə izah olunur. Hegel onu tarixi zərurət kimi təqdim edir, Nitsşe isə onu üstinsana çatmaq üçün bir vasitə kimi görür. Amma Hadidə ruh nə məqsəddir, nə vasitə. O, həm başlanğıcdır, həm də yolun özüdür. Ruh onun üçün sevgidir, həsrətdir, qorxudur, Allaha sarı çırpınışdır. O, insanın öz içində Tanrını tapmağa cəhdidir.
Din anlayışı Hadinin dünyagörüşündə xüsusi yer tutur. O, dini yalnız ibadət formasında yox, mənəvi təkamül vasitəsi kimi qəbul edir. Təqlidə, fanatizmə, qorxuya dayanan dindarlığı rədd edir. O yazır: "Din ilə ağıl birləşməlidir." Bu, sadəcə bir fikir yox, bir dövrə qarşı düşüncə manifestidir. Onun şeirlərində Allah, bəzən bir sevgili kimi, bəzən bir qurtarıcı kimi, bəzənsə daxildəki susqun nur kimi təqdim olunur. O, ruhun Allahla danışmasına inanır. Bu danışıq nə ibarələrə sığır, nə rituallara - bu, şairin sükutla dediyi duadır.
Məhəmməd Hadi üçün millət anlayışı da ruhla bağlıdır. Onun nəzərində millət qanla deyil, vicdanla formalaşır. "Millət" dedikdə o, mənəvi bağlılıq, azadlıq ehtiyacı və mədəni harmoniya anlayışını düşünür. Bu baxımdan o, Avropanın irqçi millətçilik təlimlərinə qarşı bəşəri bir millət modeli ortaya qoyur. Bu modeldə fərdin ruhu millətin ruhuna çevrilir. Hər bir vicdan, bir xalqın tarixini daşıyan gizli miras olur.
Onun poetik düşüncəsindən bəhrələnənlər təkcə ədiblər deyil. Hüseyn Cavid onun ruhani metafizikasını dramatik fəlsəfəyə çevirir, Əli bəy Hüseynzadə onun ideyalarını türkçülüyün mənəvi bazasına daxil edir. Əhməd Ağaoğlu Qərb və Şərq düşüncəsini birləşdirən ruh modelini Hadinin əsərlərində tapır. Daha sonralar onun ruh anlayışı ideoloji təmələ çevrilir və milli müstəqillik ideyasının bünövrəsinə hopur.
Məhəmməd Hadi öz dövrünü aşan bir ruh şairidir. Onun poetik metafizikası nə keçmişə, nə də zamana bağlıdır. O, insanı ruhu ilə düşünməyə çağırır. Bu gün biz texnoloji sürətlə bədənimizi yüngülləşdirsək də, ruhumuzu daha ağır hala salmışıq. Hadinin düşüncəsi bu mənada müasir insanın qurtuluş kodudur. Ruhunu tanımayan, onu azad etməyən insan - nə qədər müasir olsa da, əslində, qədim bir zindandadır.
Onun şeirləri, fikirləri, mənəvi səsi bir xalqın ruhani kimliyidir. Onu oxumaq - tarix oxumaq deyil, özünü oxumaqdır. Onun ruh metafizikası - sistemlə yox, hisslə işlənmiş fəlsəfədir. Bu fəlsəfə nə tədris olunur, nə tərcümə olunur - o, yalnız yaşanır. Və o ruh hələ də içimizdə nəfəs alır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Türk Mədəniyyəti və İrsi Fondu kitab təqdim edəcək
10 iyul 2025-ci il tarixində, saat 16.00-da Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında (Bakıxanov küçəsi, 73A) Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922-ci illər)” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə iki qonşu dövlət arasında diplomatik və siyasi münasibətlərin tarixi araşdırılır, arxiv sənədlərinə və dövrün mətbuat materiallarına əsaslanan yeni yanaşmalar təqdim olunur.
Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, eləcə də media təmsilçiləri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 2
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
2. Təsir qanunu.
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Mətbəx şeirləri”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
MƏTBƏX ŞEİRLƏRİ
Qadın olmasaydım əgər,
Qazanların, qabların,
Nimçələrin, çömçələrin
Aləmindən qaçardım,
Səhəri dəniz qırağında
qayaların üstündə açardım...
Ciyərlərim dolusu
Nəfəs alardım dəniz havasıyla,
Baş-başa qalardım
Sahillərin gözə görünməyən
səfasıyla.
Sinəmi açardım
Səhər rüzgarına...
Həzin-həzin
Gilə-gilə
Nəğmələr qoşardım
Abşeron bağlarına...
Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı.
Şeiri gözələ yazarlar,
Baharda yaz çiçəklərinə,
Payızda xəzələ yazarlar...
Hicran ağrısına,
Şirin vüsala yazarlar,
hüsn-camala yazarlar...
Qazandan qalxan buxar,
Dızıldayan samovar
Nədən şeir olmasın?!
Nədən şeir olmasın
Tərtəmiz su altında
Yuyulub
Ağappaq olan qablar?!
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Sovet dövründə Orta Asiya türklərinin milli kimlik mübarizəsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində tarixin ağ ləkələrinə də aydınlıq gətirmək əsas məramdır. Sovet dövründə Orta Asiya türkləri milli kimlik uğrunda mübarizə aparmışlar, amma bu mübarizəni sovet tarixçiləri kiçiltmiş, quldur basqını şəklində təqdim etmişdir. İndi isə hər şey başqa yondə görünür.
XX əsrin əvvəlləri Orta Asiya türkləri üçün siyasi, sosial və mədəni baxımdan dərin dəyişikliklərlə yadda qaldı. Sovet İttifaqının qurulması ilə bu bölgədə yaşayan türk xalqları yeni bir rejimin tələbləri ilə qarşı-qarşıya qaldılar. Bu yeni sistem özündə milli kimliyi, dini və mədəni xüsusiyyətləri məhdudlaşdıran totalitar idarəetmə forması idi. Bu yazıda Sovet dövründə Orta Asiya türklərinin milli kimliklərini qorumaq və inkişaf etdirmək üçün apardıqları mübarizə ideoloji, mədəni, dini və siyasi aspektlərdən araşdırılır.
Sovetlər Birliyi qurulduqdan sonra mərkəzi rəhbərlik milli azlıqları vahid sovet kimliyi çərçivəsində birləşdirməyi qarşısına məqsəd qoydu. Bu məqsədlə:
· "İnternasionalizm" ideyası ön plana çəkildi.
· “Proletar mədəniyyəti” adı altında milli dillər və adət-ənənələr ikinci plana keçirildi.
· “Koreni̇zatsiya” siyasəti (yerli kadrlardan istifadə) zahirən müsbət görünsə də, əslində ruslaşdırmanı asanlaşdırmaq üçün bir vasitə idi.
Orta Asiyada bu siyasət özünü xüsusilə türklər arasında dilin sıxışdırılması, dini təqiblər və milli tarixə qarşı təhriflər şəklində göstərdi.
1930-cu illərdə başlanan Stalin repressiyaları Orta Asiya türkləri üçün fəlakətli nəticələr verdi. Öz xalqının milli ruhunu dirçəltməyə çalışan türk aydınları “pantürkist”, “panislamist” damğası ilə repressiyalara məruz qaldılar.
Nümunələr:
· Buxara və Xivə xanlıqlarının süqutundan sonra milli müstəqillik tərəfdarı olan aydınlar kütləvi şəkildə həbs və edam olundu.
· Məhəmməd Şərif Sofizadə, Fitrat, Abdulla Qadırı, Abdülhamid Sulaymon Çolpan kimi yazıçılar və ziyalılar qurban getdilər.
· Üsuli-Cədid (Cədidçilik) hərəkatı üzvləri – milli maarif və mədəni dirçəlişə çalışan ziyalılar Sovet təbliğatında "geridə qalmış dinçilər" kimi təqdim edilərək zərərsizləşdirildi.
Orta Asiya türklərinin kimliyində İslam əsas rol oynayırdı. Sovet ideologiyası isə dini “opium” adlandıraraq onunla mübarizə aparırdı:
· Məscidlər bağlandı, din adamları repressiyaya məruz qaldı.
· Dini məktəblər və mədərsələr ləğv olundu.
· Ramazan, Qurban bayramları gizli şəkildə qeyd olunmağa başladı.
Bu isə əhalidə kimlik və inancın gizli şəkildə yaşadılması formasında müqavimət doğurdu. Dini ənənələr ailə daxilində qorundu və bu, milli dirənişin gizli dayağına çevrildi.
Sovetlər türklərin ortaq ünsiyyət vasitəsi olan dili zəiflətmək üçün ardıcıl addımlar atdılar:
· 1920-ci illərdə latın qrafikalı əlifba, 1940-cı illərdə isə kiril qrafikalı əlifba tətbiq olundu.
· Hər bir türk xalqı üçün fərqli yazı sistemləri yaradıldı – bu, pantürkizmin qarşısını almaq məqsədi daşıyırdı.
· Ədəbiyyat və mətbuat sovet ideologiyası ilə yazılmalı, "sosialist realizmi" prinsiplərinə uyğun olmalı idi.
Bu siyasət türk xalqlarının ortaq yaddaşını və dil birliyini zəiflətdi.
Bütün təqiblərə baxmayaraq, Orta Asiya türkləri mədəniyyət vasitəsilə kimliklərini qorumağa çalışdılar:
· Folklor, eposlarvəxalq mahnıları milli dəyərlərin yaşadılmasında mühüm rol oynadı.
· Sovet nəzarəti altında fəaliyyət göstərən teatrlar və ansambllar vasitəsilə milli motivlər qorunmağa çalışıldı.
· Rəqs, geyim, toy mərasimləri və adət-ənənələr gizli şəkildə yaşadıldı və nəsildən-nəslə ötürüldü.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə Orta Asiya türkləri milli dövlətlərini qurmaq fürsəti əldə etdilər:
· Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistanda yaşayan türklər öz dillərini və mədəniyyətlərini rəsmi şəkildə bərpa etməyə başladılar.
· Repressiya qurbanı olan ziyalıların adı bərpa edildi, əsərləri yenidən nəşr olundu.
· Müstəqil dövlətçilik ideologiyası kimlik məsələsini mərkəzə aldı.
Sovet dövründə Orta Asiya türkləri milli kimliklərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdılar. Lakin xalqın içindən gələn müqavimət ruhu, dini-mədəni irs və milli aydınların fədakarlığı bu kimliyi qorumağa imkan verdi. Bu mübarizə həm siyasi, həm mədəni, həm də simvolik səviyyədə baş verdi və türklərin milli yaddaşında dərin iz buraxdı. Bugünkü Orta Asiya dövlətlərinin milli kimlik və müstəqillik dəyərlərinin təməlində məhz bu mübarizə dayanır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Kürd mənşəli, amma azərbaycanlı məfkurəli yazıçı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qubadlı rayonunun yetişdirdiyi qələm əhli sırasında bir imza da var – Şamo Arif! Bu gün onun doğum günüdür.
Azərbaycan yazıçısı Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.
O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışıb. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu günə qədər öz aktuallığını saxlayır.
Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edib.
Filmoqrafiya
- Ayrıldıq ki, qovuşaq
Şamo Arif 16 iyun 2012-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Xarici filmlər – “Joker”
Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»
Coker (ing. Joker) — Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmidir."Coker" filmini çəkmək ideyası Fillipsə ilk dəfə 2016-cı ildə gəlmişdir. O, filmin ssenarisini 2017-ci ildə Silver ilə birlikdə yazmışdır. Cütlük Martin Skorsezenin 1970-ci illərdə çəkdiyi filmlərdən və onun personaj tədqiqlərindən ilham almışdır. Skorseze özü ilk vaxtlarda filmin prodüserliyini etmişdir.
Filmin məzmunu "Batman: The Killing Joke" (1988) qrafik romanına əsaslanmışdır, ancaq Fillips və Silver ilham mənbəyi üçün müəyyən bir komiksə baxmamışdır. Feniks filmə 2018-ci ilin fevral ayında qoşulmuş, həmin ilin iyul ayında rolu canlandırmaq hüququna malik olmuşdur. Filmin aktyor heyətinin əksəriyyəti filmə həmin ilin avqust ayında qoşulmuşdur. İlkin çəkilişlər 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər davam etmiş və Nyu-York, Cersi-Siti və Nyuark şəhərlərində gerçəkləşmişdir. "Coker" ilk bədii Betmen filmidir ki, Amerika Kinokompaniya Assoasiyası (AKA) tərəfindən "R" reytinqi alsın.
"Coker" filminin premyerası 31 avqust 2019-cu ildə Venesiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film festivalın ən əhəmiyyətli mükafatı olan "Qızıl Şir" mükafatına layiq görülmüşdür. Filmin Azərbaycandakı premyerası 3 oktyabr, ABŞ-dəki premyerası isə 4 oktyabr 2019-cu ildə gerçəkləşmişdir. Film tənqidçilər arasında müzakirələrə səbəb olmuşdur. Feniksin ifası geniş şəkildə təriflənmişdir, ancaq filmin qaranlıq tonu, zehni xəstəlikləri və şiddəti necə təsvir etməsi qarışıq reaksiyalara səbəb olmuşdur. "Coker" filmi gerçək həyatda zorakılığa ilham mənbəyi kimi fəaliyyət göstərilməsi ehtimalı ictimaiyyətdə narahatlılıq yaratmışdır.
1981-ci ildə Artur Flek anası Penni ilə Qothem şəhərində yaşayır və muzdlu kloun kimi işləyir. O, onun vaxtsız-vədəsiz gülməsinə səbəb olan nevroloji bir xəstəlikdən əziyyət çəkir və dərmanlar almaq üçün tez-tez sosial xidmətlər işçisinə müraciət edir. Bir qrup küçə uşağının Arturun lövhəsini almasından və onu dalanda döyməsindən sonra onun iş yoldaşlarından biri ona borca silah verir ki, özünü qoruya bilsin. Artur həmçinin, tək ana olan Sofi ilə tanış olur və onu öz stend-ap komediya çıxışına dəvət edir.
Uşaq xəstəxanasındakı çıxışı zamanı Arturun silahı onun cibindən düşür. Bu isə onun işdən qovulmasına səbəb olur. Artur öyrənir ki, sosial xidmət proqramı ləğv olunur və onun dərman almasının heç bir yolu olmur. Metroda evə gedərkən üç Uoll-Strit biznesmeni tərəfindən narahat edilir və döyülür. Artur onları öldürür. Bu, bilməyərəkdən Qothem şəhərinin zənginlərinə qarşı olan bir etiraz hərəkatına start verir. Etirazçılar kloun maskaları ilə gəzirlər.
Sofi Arturun stend-ap komediya çıxışına qoşulur, hansı ki, çox bərbad keçir. O, qeyri-ixtiyari şəkildə gülür və zarafatlarını çatdırmaqda çətinlik çəkir. Populyar bir tolk-şou aparcısı Mürrey Frenklin onun çıxışının bir videosunu birbaşa efirdə göstərir və Arturu ələ salır. Artur yerli bir milyoner olan Tomas Ueynə yazdığı məktubu oğurlayır. Bu məktubda Arturun Ueynin vələduzinnası olduğunu iddia edir. O, bu sirrə görə öz anası danlayır. Çox keçmədən Penninin halı pisləşir və xəstənaya göndərilir. Artur onun metrodakı atışmasdakı iştirakını araşdıran iki xəfiyyə ilə qarşılaşır, ancaq Artur bunu yalanlayır.
Artur Tomas Ueyni axtarıb tapır və ayaqyolunda onun qarşısına çıxır. Ueyn ona deyir ki, Penninin zehni xəstəliyi var və Arturun bioloji anası deyil. Qəzəblənmiş Artur Arkhem Xəstəxanasını ziyarət edir və Penninin qovluğunu oğurlayır ki, bu iddianı təsdiqləsin. O, aşkar edir ki, uşaq olarkən tərk edildikdən sonra övladlıq götürülür. O həmçinin, Penninin uşaq olarkən ona fiziki şiddət göstərdiyini, hətta onun bilaixtiyar gülməsinə səbəb olan ciddi baş travmasının səbəbkarı olduğunu öyrənir. Dərrakəsini itirmiş Artur xəstəxanaya qayıdır və anasını öldürür. Artur mənzilinə geri qayıdır və Sofinin otağına daxil olur. Qorxmuş Sofi ona deyir ki, otağı tərk etsin və göstərilir ki, Sofi əslində Arturun xəyalında olmuş bir insandır və gerçək deyil.
Frenklinin verilişindən olan bir nümayəndə Artura zəng edir və ona təklif edir ki, verilişə qonaq olaraq gəlsin. Artur bu təklifi qəbul edir və birbaşa efirdə intihat etməyi planlaşdırır. Keçmiş iş yoldaşları qrim və geyimini hazırlayan Artura ziyarət edir və onun anasının ölümünə başsağlığı bildirir. Artur onlardan birini öldürür, ancaq digərini buraxır, çünki o, keçmişd Artura yaxşı davranıb. Artur studiyaya gedərkən iki xəfiyyə ilə qarşılaşır. Artur onlardan qaçır və içərisi kloun etirazçılar ilə dolu bir qatara minir. Xəfiyyələrdən biri təsadüfən bir etirazçını qətlə yetirir və iğtişaşa səbəb olur. Yarnan xaos Arturun hadisə yerindən qaçmasına imkan yaradır.
Veriliş başlamazdan əvvəl Artur Mürreydən xahiş edir ki, onu "Coker" olaraq təqdim etsin, çünki Mürrey onu ələ salan zaman ona belə xitab etmişdir. Artur verilişə ilıq bir halda daxil olur, acnaq daha sonra ibarəli danışaraq metroda öldürülənlərin qatili olduğunu etiraf edir və cəmiyyətin onu necə tərk etməsindən, onu ələ salmasından gileylənir. Artur polis nəzarətinə alınmazdan əvvəl Mürreyi birbaşa efirdə qətlə yetirir və şəhər xaosa bürünür. Etirazçılardan biri Ueyn ailəsini izləyir və Tomas ilə Martanı bir dalanda qətlə yetirir. Bu isə onların uşağı olan Brüs Ueynin yetim olmasına səbəb olur. Ambülansda olan etirazçılar polis avtomobili ilə toqquşur və Arturu xilas edir. Etirazçılar onu qəhrəman kimi qarşılayır və Artur onların harayları ilə rəqs edir.
Artur yenidən polis nəzarətinə alınır və Arkhem Xəstəxanasına yerləşdirilir. O daha sonra sanitarlardan birini öldürür və qaçır...
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
GAP Antologiyasında Rza Nurinin “Güzgü” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Rza Nuridir.
Rza Nuri
Xiyav
Mən kəşf etdim ki, bu gözəl dünyaya bir az da yaxından baxsanız, altında həmişə qırmızı qarışqalar var
«David Linç»
Əziz dostum «Əmin Hacılı» üçün
GÜZGÜ
Burnumla həmən hörəsi olduğum ətrini
Göz qırışı xəttindən sapladım
Xiyaban ayağına yazılmış varikoz döymədən
Səni göstərən linkə keçdim
Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilərə düzülən baxışım, təsbeh dənələri sayaq ötmüş titrək neonları
(Elə ki, zər dağılar sayaq sıyıq gözüm, səni göstərən linkə keçər-keçməz yaxılıb yapışdı şəkilinə)
Ağzımızdan qulağımıza gedən gizli yollar var
Dayima boşa çıxar səsi
Meylin açılmış dəliyindən ötürdüm
Qanaxma xəttindən təqib etdiyim dolanbac küçələri, başıma bandaj etdim
Çünki qoşmuş qanın şlanqı daşlarla qarançır bağlarda kəsişmiş
Ağzımızın qulağımıza sağanaq olduğunu
Qırmızı və sarı qarışqaların yeraltı qansızmasını
Səninlə düşündük
Sözü qaval səsi arasında əzib
Sükutu ələdiyimiz ağız dəliyi bilərziyindən ötməyən əlimizlə
Quşlar dəstəsinə eləmişdik daşları
Əllərinə dəstə olmuş söz atışı pilləkənindən enən əngim
Bir hıçqırıq daktilodan qoparmış zəncirotu nəhvini
Sən həyatıma toxunan xəyal çubuğu şərtisən
Xəyal edirəmsə, varam demək
Qarışqaları izlə
Xəyal edirsənsə...
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Vaxtını yaxşıların artmasına xərcləyən İlqar Kamil...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Son zamanlar sosial platformalarda paylaşılan statuslardan, televiziyalarda şou-proqramların artdığı, bayağı verilişlərin çoxaldığı barədə tez-tez müxtəlif şikayətlərlə qarşılaşırıq. Amma, çox az adam gənclərə “Youtube” sosial platformasında mənəviyyatla bağlı hazırlanan verilişləri izləməyi tövsiyə edir, sanki bu verilişləri təbliğ etməkdən çəkinirlər. Məsələn, iki saat ekran arxasında əyləşib hər hansı bir bayağı verilişə baxmaqdansa, “Youtube”də bir filosofun, alimin, psixoloqun və ya mənəviyyat adamının söhbətlərinə qulaq asmaq daha faydalı olmazmı? Nə isə, bu dəfə sizə gənclər arasında mənəviyyat adamı, psixoloq kimi sevilən İlqar Kamil haqqında danışmaq istəyirəm...
O, 7 iyul 1981–ci ildə Masallı rayonunun Viləş kəndində dünyaya gəlib. Orta məktəbdə təhsil alarkən, eyni zamanda mədrəsədə də oxuyub. Sonra Bakıya üz tutub. Beynəlxalq İlahiyyat İnstitutunda bakalavr və magistr dərəcələrinə yüksəlib. Daha sonra Rusiyaya köçüb və on beş il orada yaşayıb. Rusiyada olarkən Moskva Psixo–Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilə yiyələnib. Vətənə dönəndən sonra, əvvəl KOD psixologiya Akademiyasında işləyib, bir ilə yaxındır ki, “QAPI Psixologiya Mərkəzi”ni yaradaraq rəhbərlik edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Amerika Psixoloqlar Asossiasiyasının üzvüdür...
Çalışqan, əzmkar və zəhmətkeş adamdır. Yüksək müşahidə qabiliyyəti ilə fərqlənir. O, daim ətrafdakı detallara diqqət yetirir və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Onun fərdi xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Yalanı sevmir, verdiyi sözə yüksək səviyyədə sadiq qalır. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Çətinliklərdən qorxmur, iradəlidir. Ailə dəyərlərinə bağlı, romantik və istiqanlı olması ilə ətrafdakıların rəğbətini qazanır. Olduqca qürurludur, özünə inamı və mülayim xarakteri ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri ilə diqqət çəkir. Hər zaman enerjili və dinamikdir. İnadkar xüsusiyyəti ilə həyatda üzləşdiyi çətinlikləri aradan qaldırmağa çalışır. Çox yaxşı dostdur. Aldanmağı sevmir...
Deyir ki:- “Ərkim çatan dostlara tez-tez deyirəm; bacardığımız qədər çalışıb ətrafımızdakı insanlara qəfəs deyil, yuva olmalıyıq. Bu çox vacibdir. Özüm də belə olmağa çalışıram. Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!..”
Həssas adamdır. Heç vaxt hislərini gizlətmir. Onları olduğu kimi dilə gətirməyi xoşlayır. Qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Romantik, yardımsevər və səbirlidir. Necə deyərlər, özündən çox başqalarının xeyir tapması haqqında düşünür. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi tez-tez dəyişə bilir. Hazırcavab adamlardan xoşu gəlir...
“Bir dəfə bir oxucum;- “siz sevgidən yazırsınız, mən isə onu yaşayıram, siz qəhrəmanlıq haqqında gözəl cümlələr qurursunuz, amma kimsə qəhrəman kimi ömür sürür...”- deyə müraciət etdi. Yadıma Hessenin "Yalquzaq"ı düşdü. Orada klarnetçi Pablo alim, intellektual birinə;- “sən Bethovenin, Motzartın əsərlərini saatlarla təhlil edə bilərsən, musiqi haqqında ton-ton yazılar da yaza bilərsən, lakin əsas, çalmaq-ifa etməkdir. Harri, sən bunu bacarmırsan!”- deyib susdurmuşdu.”- söyləyir.
Keçmişinə çox bağlıdır. Ötən günləri tez-tez xatırlamağı xoşlayır. Mühafizəkar, milli adət və ənənələrə sadiqdir. Kəskin analitik düşüncəsi var. Ağlı, səbiri, iti zəkası ilə ən dolaşıq problemi həll etməyi bacarır. Risk etməyi xoşlamır. Nacə deyərlər, haram tikəyə əl uzatmır, ruzisini ənənəvi halal yolla qazanmağa üstünlük verir...
Deyir ki:- “Rəbbimə də olsa, dərdimi danışıb zarımağı sevmirəm; elə bir uğurum-zadım da yoxdur ki, hesabat verim. Bəs Ona səcdələrimdə nə deyim, nədən danışım? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, dünyanı cəhənnəmə çevirdik? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq? Bəlkə, bağışla, görüşünə əliboş gəlmişəm, deyim? Odur, ən abırlısı susmaqdır, susmaq və demək ki, susmağa gəldim! Susmaq ayıbını bilməkdirsə, gəlmək hələ də ümidliyəm, deməkdir. Gəlmişəm, yəni düzəlmək istəyirəm, dəyişmək istəyirəm; olsun, səhlənkaram, yarıtmazam, danışmağa üzüm yoxdur, lakin əsas odur ki, gəlmişəm, mən də gəlmişəm, Sənin qapındayam...”
Rəhbərlik etdiyi “QAPI Psixologiya Mərkəzi”ndə mühazirələr oxumaqla, oraya gələn gənclərin düzgün tərbiyələnməsində, maariflənməsində əhəmiyyətli işlər görür. Onun mühazirələrində iştirak edən bir gənc yazır:- “Bu gün İlqar Kamilin "Qapı" sında elə möhtəşəm, elə mənəvi bir tədbirdə olduq ki, hələ də təsirindəyəm. Dəyərli şəxsiyyətlərin, dostların mənəvi fikirləri sanki bir sübh mehi kimi ruhuma toxundu. Bu mənəvi meh qulağıma pıçıldadı ki, xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac yoxdur, sadəcə qazandıqlarınla kifayətlənsən yetər...”
“Pislərin tənqidinə ayırdığımız vaxtı yaxşıların təbliğinə ayırmış olsaydıq, yaxşılar pislərə çoxdan qalib gəlmişdi. Və yaxşıların sayı da artardı.”- söyləyir.
Bəli, vaxtını yaxşıların artmasına xərcləyən İlqar Kamilin növbəti ad günü oldu, 44 yaşını qutladı. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
İSLAM DİNİ və təbiətin və ətraf mühitin mühafizəsi
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bütün dinlərdə olduğu kimi İslam dinində də təbiətin və ətraf mühitin mühafizəsi ön plandadır. Hətta digər dinlərlə müqayisədə İslamda ekosistemə qayğı anlayışı daha geniş və inteqrasiya olunmuş formada təqdim olunur. Qlobal ekoloji böhranın kəskinləşdiyi indiki dövrdə dinimizin təbiətlə, ətraf mühitlə bağlı baxış və prinsiplərinin aktuallığı göz önündədir. İslam təbiəti hər bir şeyin ilahi başlanğıcı kimi təqdim edir. Ətraf mühiti bəşər həyatının zəruri şərti sayır. Belə demək caizsə, çox geniş sosial tənzimləmə sistemi olan dinimiz bizə təbiəti mühafizənin və eko-mədəniyyətin konkret formulunu (məzmununu, qaydasını və yollarını) verir. Eko-etika məsələlərində mükəmməl əxlaqi çərçivə təqdim edir ki, bu da eko-problemlərin qlobal xarakter aldığı bir dövrdə çox əhəmiyyətlidir. Yazımızda da bu barədə söhbət açacıq.
Norveçli professor A.Naes Quranın insanın qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən qiymətləndirərkən İslam dininin mövqeyini xüsusi vurğulamışdır.Dinimizdə ekologiya, təbiətin mühafizəsi ilə əlaqədar mövzular, demək olar ki, öz yüksək və bəlağətli ifadəsini tapmışdır. Quranda və İslamın digər qaynaqlarında əhalinin sağlamlığı və ətraf mühitə qayğıkeş münasibət əsas götürülüb.
İbtidai və qədim inanclarda, son monoteist dinlərdə, o cümlədən İslamda (Quranda, hədislərdə və məşhur İslam alimlərinin kəlamlarında) dəfələrlə bəyan olunmuşdur ki, təbiət müəyyən qanunlara və nizama tabedir. “əl-Hicr” surəsinin 85-ci ayəsində göy, yer və onların arasında olan hər şeyin yerli-yerində, bir-birinə uyğun şəkildə yaradıldığı, bütün canlı varlıqların qarşılıqlı əlaqədə olduğu göstərilir. Təsadüfi deyildir ki, imam Cəfər Sadiq kəlamlarının birində deyirdi: “Bu üç şey olmasa, yaşayışın nizamı pozular: təmiz hava, təmiz, bol su və münbit torpaq”.
Quranın “əl-Nəhr” və “əl-Ənam” surələrində bitki həyatının müxtəlifliyindən, canlıların bir-biri ilə bağlı olmasından, ağac və yaşıllıqların həyatı təmin etməsindən bəhs olunur. Bu nizam və ölçülərin canlı varlıqların, o cümlədən insanların həyatı üçün mühüm əhəmiyyəti vardır. “əl-Muminun” surəsinin 71-ci ayəsində təbiətdə nizam-intizamın pozulmasının dəhşətli nəticələrə səbəb olacağı aydın göstərilir. Orada deyilir: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedər, aləm bir-birinə qarışıb nizamı pozulardı. Ona görə də dinimiz təbiətdəki ekoloji tarazlığın qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır.
Təbiət Allahın yaratdığı müqəddəs bir əmanət olaraq qəbul edilir və insanın bu əmanətə qarşı məsuliyyət daşıdığını göstərilir.İslam dini təlqin edir ki, ekoloji tarazlığı qorumaqla mükəlləf olan insan təbiət ünsürlərinə sonrakı nəslə ötürüləcək “əmanət” kimi ilə yanaşmalı, həmişə və hər yerdə buna bir missiya məfkurəsi tək baxmalıdır. Bilməlidir ki, təbiətin insan əli ilə dəyişdirilməsi və ya keyfiyyətsiz hala salınması tarazlığı pozan amildir ki, bu da canlı aləmin təsirlənməsinə və ya məhvinə aparır. Quran ətraf mühitə bu cür münasibəti “təcavüz” adlandırır və belə hərəkət edənləri ilahi rəhmətdən uzaq düşmüşlərdən sayır.
Quranda və hədislərdə ekoloji amillərdən də geniş bəhs olunur. Belə ki, “əl-Ənam” surəsinin 6 və 99-cu, “əl-Əraf” surəsinin 57-58-ci, “əl-Hicr” surəsinin 12-ci ayələrində, digər surə və ayələrdə abiotik amillərin – torpağın, suyun, küləyin, günəşin (hərarətin və işığın) təsirlərindən söz açılır. Müqəddəs kitabda günəşə, küləyə, torpağa, buluda, göyə and içilməsi həmin amillərin canlıların həyatı üçün ciddi önəm kəsb etməsindən xəbər verir. Ümumiyyətlə, dinimizdə su, bitki aləmi, torpaq, hava, heyvanlar və quşlar yaradılmışların ilkin substantları (mövcudluğu öz-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc) hesab olunub, müqəddəs sayılır.
İslam dini təbii sərvətlərdən qənaətlə istifadə etməyi buyurur və israfçılığı pisləyir, həddi aşmamaq və nəfsə uymamaq məsləhət görülür. İhramda olarkən ov etməyin, məişətdə qızıl və gümüş əşyalardan yersiz istifadənin qadağan olunması, cümə günlərində heyvan qanı axıdılmasının təqdir edilməməsi və s. əslində israfçılığın qarşısını almaq məqsədi daşıyır. Məhəmməd peyğımbər buyururdu ki, “axar suyun kənarında olsanız belə, dəstəmaz alarkən suyu israf etməyin!”.
“əl-Ənam” surəsinin 141-ci ayəsində bitki yetişdirmək, “əl-Nəhl” surəsinin 6-cı ayəsində heyvan bəsləmək kimi amillərdən bəhs olunur. Quranda əncir, zeytun, xurma, buğda, üzüm, nar və digər ağacların qədr-qiymətini bilmək tövsiyə olunur.
Quranda və hədislərdə heyvanat və bitki aləminə humanist münasibət bəslənildiyini görməkdəyik. Florida Universitetinin professoru, ekoloq R.Foltz yazır ki, “Ətraf mühitə və heyvanlara ən çox diqqət göstərən və yer verən Qurandır”. İslam dinində heyvanlara qarşı hər cür qeyri-insani münasibət pislənilir. Hətta şəriət heyvan kəsmək üçün iti əşyadan istifadə edilməsini tələb edir ki, kəsilən heyvan çox da əziyyət çəkməsin. Heyvanın döşünün yaralanmaması üçün, sağan adamın dırnaqlarını qısaltması belə bəyənilən əməl sayılır. Heyvan balalarının və ya digər heyvanların gözləri qarşısında kəsilməməlidir. Yemək üçün diri heyvandan ət qoparmaq (məsələn, qoyunun quyruğunu), kəsməmişdən oncə onun dərisini soymaq və s. qadagandır. Susamış heyvana su vermək isə savab hesab olunur.
Yeməli bitkilər üstündə namaz qılmaq belə yasaqlanır. Çöldə yemək yeyilərsə, qida qalıqlarının quşlara və heyvanlara verilməsi məsləhət bilinir. Bar verən ağac müqəddəs sayılır, belə ağacların kəsilməsi və ya icarəyə verilməsi məsləhət bilinmir. “Kim yolçuların və heyvanların kölgələndiyi ağacı boşuna və haqsız olaraq kəsərsə, Allah onu başıaşağı cəhənnəmə atar” deyilir.
Peyğmbər bitki və ev heyvanları ilə yanaşı, çöl quşlarına və heyvanlarına da xüsusi qayğı göstərməyi tövsiyə edirdi. Şəriətə görə, heyvanların və quşların qaça və uça bilməyən balalarını anasından ayırmaq və ya ovlamaq, heyvan döyüşdürmək, onları daş-qalaq etmək, qarışqaları yandırmaq və s. qadağan olunmuşdur. Peyğəmbər arını, şanapipiyi, hörümçək quşunu və digər ziyansız quşları öldürməyi də qadağan etmişdi.
Dəhşətli nəticələrə səbəb ola biləcək təbii fəlakətlərin (erroziya, zəlzələ, tufan, qasırğa, daşqın və s.) önlənməsi üçün ayət namazının müəyyən olunması təbiətə qayğıkeşliyin daha bir sübutu sayıla bilər.
İslam dinində təbiətin və ətraf mühitin mühafizəsi bütün ciddiliyi ilə tələb olunur. Göstərilir ki, təbiətə hörmət, Allahın yaratdıqlarına hörmətdir və bu, insanın dünya üzərindəki məsuliyyətinin bir hissəsidir. Həm də ətraf mühitin qorunması yalnız bir məsuliyyət deyil, eyni zamanda bir ibadətdir. İslam təbiətin bir əmanət olduğunu və ona hörmətlə yanaşmağı öyrədir.Təbiətə zərər vermək, onu məhv etmək insanın özünə qarşı zülmüdür. Çünki təbiətdə baş verən immanent dəyişikliklər öz növbəsində cəmiyyətə cavab reaksiyası verir, ekoloji ziddiyyətləri gücləndirir, onların kəskinləşməsinə səbəb olur. “İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsadlar törəyir. (Rum,41)
Antisanitariyanı günah sayan Peyğmbərimizin “sizdən biri suya bövl etməsin!” hədisi də təbiət ünsürlərinin təmizliyini qorumağın vacibliyini bildirir. Bundan başqa Peyğəmbər Qurban bayramı zamanı kəsilən qurbanların artıq hissələrinin dərhal basdırılması və kəsim yerlərinin təmizlənməsini əmr edirdi. O, küçələrə tullantı tökülməsini də qadağan etmiş, yerə düşən zibilin qaldırılaraq ətrafdan təmizlənməsini sədəqə kimi qiymətləndirmişdi. O, deyirdi ki, “tullantı şeytanın məkanıdır”. Başqa bir hədisdə oxuyuruq ki, “hər kim yoldan daşı (zibili) götürsə, onun adına yaxşılıq yazılar”.
İslam dünyasında torpaq və ondan istifadə olunması məsələsinə olduqca zəruri,toxunulmaz və müqəddəs bir nemət kimi baxılır.Torpağın becərilməsi haqqında şəriət müqaviləsində onun yararlı olması, yararlı hala salınması və yararlı saxlanması vacib şərtlərdən biri kimi irəli sürülür. Torpaq həyatın çox vacib komponentlərindən biri hesab olunur. Hədislərin birində deyilir: “Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı onun boğazına dolanar”.
İslam dini ancaq təbiətin mühafizəsi ilə kifayətlənmir, həm də onu zənginləşdirməyi tələb edir. Bu iş hər bir insanın borcu hesab olunur və savab sayılır. Məhəmməd peyğımbər hədislərin birində belə buyurur: "Kim bir ağac əkər və o ağac meyvə verərsə, Allah həmin meyvələrin sayı qədər ona savab verər". Bir digər hədisə deyilir ki, ələ götürülmüş fidanı qiyamət saatı çatsa belə, macal tapıb əkmək lazımdır. Quranda bir çox surələrin adları (“Fil”, “İnək”, “Hörümçək”, “Bal arısı”, “Qarışqa”, “Atlar”) heyvan adları ilədir ki, bu da heyvana olan münasibətin ifadəsidir. Din at, dəvə, balıq, delfin, qoyun-keçi, fil, inək və s. heyvanların qədr-qiymətini bilməyi və onları bəsləməyi tövsiyə edir.
Dinimiz təbiətə və ekoloji mühitə zərər vuranların – onlardan şəxsi məqsədləri üçün israfçılıqla və düşməncəsinə istifadə edənlərin, qoyulmuş normaları pozanların ciddi cəzalandırılmasını irəli sürür. Məsələn, “əl-Əraf” surəsinin 163-cü ayəsində qadağan olunmuş vaxtda balıq ovlayanların Allah tərəfindən ciddi cəzalandırılacağı qeyd olunur. İmam Sadiq deyirmiş: “Heç vaxt ağacları kəsməyin. Ağacları kəsənə şiddətli əzab vardır”. Nəsainin hədislər kitabında isə belə yazılır: “Kim haqlı bir səbəb olmadan bir sərçəni öldürsə, o canlı qiyamət günü Allaha şikayət edər və “Ey Rəbbim, filan adam məni heç bir səbəb olmadan öldürdü” deyər. Şəriət ev heyvanlarının öldürülməsi və onlara xəsarət yetirilməsi üstündə diyə cəriməsi müəyyən edir.
Gördüyümüz kimi, İslam dini ekoloji mədəniyyət və maarifləndirmənin formulunu təqdim etmişdir. Yuxarıda qeyd etdiklərimiz bu formulun əsas mündəricatını təşkil edir.
Bizcə, qlobal ekoloji problemlərin həllində, ekoloji şüurun, əxlaq və etikanın formalaşdırılmasında dinlərin, o cümlədən də İslam dininin adı yerli və beynəlxalq təşkilatlarla bir sırada çəkilməlidir. Məscid və dini icmalarda (həmçinin ölkəmizdəki kilsə və sinaqoqlarda) moizələr zamanı, müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə, ekomaarifləndirmə işlərində İslam dininin ekoloji mədəniyyət formulundan geniş istifadə olunmalıdır. Araşdırmalar göstərir ki, bu cür məlumatlarla maarifləndirmə ətraf mühitin canlıların həyatına təsiri haqqında insanların biliklərini daha da dərinləşdirir, onları ekoloji kəşfiyyat və təmizlik işlərinə təşviq edir. Ekoloji şüurun və əxlaqın formalaşmasına daha çox kömək edir. Çünki İslam dininin buyuruqları insanların şüuruna və düşüncəsinə daha güclü təsir göstərir. İslam həm də müəyyən həyat tərzindən, məişət qaydaları və adətlərindən ibarət olduğuna görə, bunlara dinə laqeyd adamlar belə riayət edirlər.
Quranın təbirincə, insan Allahın yerdəki xəlifəsidir. Xəlifə olaraq o, Allahın əmanəti olan təbiəti, onun substantlarını və ətraf aləmi qorumaq üçün məsuliyyət daşıyır və bunun üçün Yaradan qarşısında cavabdehdir. Buradan da belə anlaşılır ki, xəlifə (insan) ilahi əmanəti özündən sonrakı nəsilə ötürməyə borcludur. Və bu onun Allah qarşısında borcudur.
Gəlin borcumuzu ləyaqətlə yerinə yetirək!
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)