
Super User
“Matsoni” - Əli Novruzov
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əli Novruzovun hekayəsi təqdim edilir.
1
Zauri dayı bazardan əliboş qayıtmışdı. Tutqun rəngli paketi stolun üstünə qoyanda içindəki bankalar bir-birinə dəyib cingildədi. Natella xalaya uzun-uzadı izahat verdikcə o da, "vayme" deyirdi. Söhbətdən ancaq "Axalsıx" və "matsoni" sözlərini başa düşə bilirdim. Zauri dayı danışıb qurtarandan sonra ayaqqabılarını çıxarıb evə keçdi. Natella xala üzünü mənə tutub rusca dedi:
- Yol bağlı imiş. Yanğına görə. Axalsıxdan heç kim gələ bilməyib.
Axalsıxla bizim aramızdakı meşə yanğınlarını hələ də söndürə bilmirdilər. Həm dünən axşam, həm bu gün səhər internetdə xəbər saytlarında oxumuşdum. Yolları bağlamışdılar, kəndləri təxliyə edirdilər. Yanğının bizə çatıb-çatmayacağının müzakirəsi gedirdi.
Natella xala boş bankaları götürüb içəri keçdi. Yüksəkdən uçan yanğınsöndürən vertolyotun uğultusu səngimək istəmirdi. Əlimi cibimə atıb siqaret paçkasını çıxartdım, amma çəkmək fikrindən daşındım. Natella xala külqabını yumağa aparmışdı.
Bir azdan mən də bazara gedəcəkdim. Kaxetiya qovunu almaq istəyirdim. 90-cı illərin əvvəllərində açılanda ilk sahibi erməni olduğuna görə Natella xalanın hələ də "Armentorq" dediyi dükanın qabağında köhnə RAF-dan meyvə-tərəvəz satan kişi bu gün qovun gətirməmişdi. Səhər dükana siqaret almağa gedəndə baxmışdım. Tərs kimi, Zauri dayı artıq bazara getmişdi, yoxsa mən də ona qoşulardım.
Ayağa qalxıb qapının kandarına gəldim. Zauri dayı qonaq otağında televizora baxırdı. Natella xala mətbəxə çevirdikləri koridorda onun üçün qəhvə dəmləyirdi.
- Natella xala, mən günortadan sonra bazara gedəcəm. Bir də baxaram. Bəlkə, o vaxtacan Axalsıxdan kimsə gəldi. Olsa, matsoni də alaram.
- Çox sağ ol, oğlum, özünü əziyyətə salma. İnanmıram kimsə gələ bilsin.
- Mən yenə də baxaram. Məndən nə gedir ki?!
Qəhvə daşmağa başladı.
- Deyəsən, yenə aşağıdakı köşkdən almalı olacam, - Natella xala cəzvəni plitənin gözündən götürüb qəhvəni fincana süzə-süzə cavab verdi.
Burada qatığı, ya da yerlilərin dediyi kimi, matsonini ancaq bazardan, Axalsıxdan gəlmiş kəndlilərdən tapmaq olurdu, bir də mən qaldığım məhəllədən aşağıda, dayanacağın yanındakı xırdavat köşkündən. Köşkün həm sahibi, həm də satıcısı olan gürcü qadın bu məhəllənin ən köhnə sakinlərindən idi, qonşulara nisyə mal da verirdi, amma bircə onun tutduğu qatığı bu məhəllədə qəbul etmək istəmirdilər. Natella xala heç bu gün də köşkə gedib qatıq almayacaqdı.
Stulun başına atdığım yaz gödəkçəmi götürüb həyətdən çıxdım. Çörəkçi Avtandil dayı dükanının qabağında dayanıb siqaret çəkirdi. Məni görən kimi qışqırdı:
- Oho, Zaurinin qonağı gəlib ki!
- Salam, Avtandil dayı, necəsiz?
- Salam, yaxşıyam. Haçan gəlmisən?
- İki gün olar.
- Vayme, - Avtandil dayı siqaret tutduğu əlini alnına apardı, - Keteni görürsən, heç mənə deməyib!
Kete xala Avtandil dayının həyat yoldaşı idi. Beşmərtəbəli binadakı eyvanları mən qaldığım evin həyətinə açılırdı. Səhər yeməyindən sonra Kete xala eyvana çıxıb düz nahara kimi hər tərəfi müşahidə edirdi. Dünən məni görmüşdü. Amma nəsə bu gün eyvana çıxmamışdı.
- Hə, dünən Kete xalanı gördüm. Məndən yenə salam deyərsiz.
- Mütləq, oğlum, sən də yolundan qalma, get. Xoş istirahətlər!
Avtandil dayı ilə sağollaşıb əsas prospektə çıxdım. Əvvəlcə çayı keçib mineral su parkına gedəcəkdim. Bir-iki saat gəzişəndən sonra köhnə poliklinikanın yanı ilə geri qayıdıb o biri başdakı piyada körpüsünə, oradan da yenə çayın bu üzünə, birbaşa bazara çıxa bilərdim. Amma mineral su parkına getmək üçün şəhər parkının içindən keçməli idim. Bir az tərəddüddən sonra yolumu uzadıb köhnə vağzalın qabağından getmək qərarına gəldim. Şəhər parkının düz ortasında mövqe tutmuş Yehova şahidlərinin çənəsinin altına düşmək istəmirdim.
Vağzalın qarşısında dünən təsadüfən parkda tanış olduğum avstriyalı turistlərə rast gəldim. Əslən türkiyəli Mert və əkiz bacı-qardaş Lena ilə Leo bu gün burada olmalı deyildilər. Qatarla yuxarıdakı qış kurortuna qalxacaqlarını demişdilər. Hərçənd indi turist mövsümü deyildi, sakinlər mal-qaranı parklara otlamağa buraxırdılar. Bəlkə, osetin xaçapurisi yeyə bilərdilər, onun da sirri həddən artıq banal idi. Pendirə qənaət etmək üçün içliyin yarısını kartofdan qoyurdular.
- Siz nə əcəb burada? Qatara çata bilmədiz?
- Bu gün qatar olmayıb, - Lena dedi, - yanğına görə reysi ləğv ediblər.
- Axı yanğın Axalsıx tərəfdədir...
- Bilmirik, biz buranı tanımırıq, - Mert çiyinlərini çəkdi, - Bizə elə dedilər.
Qatar yanğın olan yerlərin tərs istiqamətinə gedirdi. Reysi ləğv etməyin bir mənası yox idi. Bəlkə də, hər ehtimala qarşı əlavə təhlükəsizlik tədbirləri görürdülər. Mert, Lena və Leo günortadan sonra Tbilisiyə çıxacaqdılar. Dediklərinə görə daha burada bir işləri qalmamışdı. Şəhərciyi tam gəzib dolaşmışdılar, hətta yerli diyarşünaslıq muzeyinə də baş çəkmişdilər. Onlara yaxşı yol arzulayıb mineral su parkına getdim. Həftəsonu olsa da, parkda seyrəklik idi. Deyəsən, hər şənbə və bazar günləri paytaxtdan birgünlük səfərə gələnlər bu dəfə yanğınlara görə başqa planlar qurmuşdular.
2
Piyada körpüsünün üstündə telefonum zəng çaldı. Saburtaloda yaşayan dostum Orxan idi.
- Sən hələ oradasan? Çıxmamısan?
- Buradayam. Nə olub ki?
- Bəs xəbərlərdə deyirlər, orada hər yer yanır?
Xəbərlərdə elə şey demirdilər. Parkda olanda internetdə xəbərlərə bir də göz atmışdım. Orxan səhv salırdı.
- Yox, sakitçilikdir. Heç nə yoxdur. Yanğın Axalsıx tərəfdədir.
- Yollar açıqdır? - Orxan soruşdu.
- Tbilisiyə gedən açıqdır, Axalsıxa gedən yox.
Vertolyot düz başımın üstündən keçirdi, gurultusundan Orxanın dediyini eşidə bilmədim.
- Başa düşmədim, nə deyirdin?
- Bax da, bir şey olsa, bizə gələrsən. Səndən xəbər gözləyəcəm.
Orxanla sağollaşıb telefonu söndürəndə bazara gəlib çatmışdım. Əvvəlcə furqonlara və baqaj yerinə meyvə-tərəvəz yığılmış maşınlara baxıb Kaxetiyadan qovun gətirənləri axtarırdım. Sırada ən axırda birini tapa bildim. Qiyməti soruşanda karıxdım:
- Belə ucuz? Nə əcəb?
- Tez satıb getmək istəyirəm. Deyirlər, yol bağlanacaq, - qarayanız kaxetiyalı qovun seçmək üçün ayağa qalxdı.
- Kim deyir?
- Marşrutka şoferləri. Dedilər, axırıncı reys saat 6-da çıxır, sonra yolu bağlayacaqlar, yanğına görə.
Özümü gülməkdən güclə saxladım. Buradan axırıncı minik onsuz da həmişə saat 6-da çıxırdı. Şoferlər yanğını bəhanə gətirib müştəri yığırdılar. Kaxetiyalıya heç nə demədim. Bəlkə də, deməliydim ki, şayiələrə aldanıb, malını dəyər-dəyməzinə satmasın. Ən iri qovunlardan birini çəkdirib aldım. Sonra da bazarı dolaşıb Axalsıx kəndlilərini axtarmağa başladım. Heç kimi tapa bilmədim. Kimdən soruşurdumsa, hamı yanğına görə yolların bağlandığını deyirdi. Qatıq üçün köşkə getməli olacaqdım.
Bazardan çıxıb supermarketin yanına çatanda bir qoca qadın qolumdan tutub məni saxladı. "Genatsvale! Genatsvale!" Sonra da gürcü dilində danışmağa başladı. Rusca "mən gürcü dilini bilmirəm" deyəndə qadın bir anlıq duruxdu:
- Vayme, kaxetiyalıya necə oxşayırsan... Oğlum, kömək elə, mənə maşın tutaq, şeylərimi də maşına apararsan, ağırdır, mən qaldıra bilmirəm...
Qadının bazarlıq torbalarını görəndə gülümsədim. Dünən pensiyalar verilmişdi. Natella xala demişdi. Zauri dayı ilə Natella xala bu ayın pensiyalarını çaxır üzümü almaq üçün saxlayırdılar. Üzümüzə gələn həftə köhnə tanışları Kaxetiyadan üzüm gətirməli idi. Onu da dünən Zauri dayı telefonla danışıb həll eləmişdi. Bütün qohum-əqrəbası üçün çaxırı Zauri dayı çəkirdi, hələ mənə də hər il iki litr qırmızı, iki litr ağ çaxır verirdi. Builki üzümdən çaxır payımı da gələn il bu vaxt qonaq gələndə alacaqdım.
Taksistlə bir yerdə bazarlıq torbalarını maşının baqajına yığanda qəfil gözüm səmaya sataşdı. Döşündə qədim qalanın xarabalıqları görünən dağın arxasından qalxan qatı tüstü üfüqə yayılırdı.
- Ora Dabadır?
Taksist dayanıb səmaya baxdı, sonra da çəpəki duran o biri dağı əli ilə göstərib dedi:
- Yox, Daba bu dağın arxasındadır. Ora, yəqin, Axalsıx olacaq. Deyirlər, Axalsıx yanır.
- Axalsıx bu qədər yaxındır ki?
- Eh, nə deyim, maşınla gedəndə dağları o qədər fırlanırsan, heç bilmirsən yaxındır, yoxsa uzaq.
Torbaları maşına yığıb qurtarandan sonra qadın mənə iki mandarin verdi. Mən də "çox sağ olun" deyib mandarinləri yeyə-yeyə qaldığım məhəlləyə tərəf addımlamağa başladım. Bircə köşkə dəyib qatıq almaq qalırdı.
Köşkün sahibəsi, həm də satıcısı qonşu qadınla söhbət edirdi. Bu qadını tanıyırdım, Tabidze küçəsinin sonundakı köhnə geniş evdə əri ilə tək yaşayırdı, amma turistlərə otaq kirayə vermirdilər. Söhbətdən ancaq "Axalsıx" və "matsoni" sözlərini başa düşə bilirdim. Qonşu qadın evdə hazırlanmış xinkali ilə dolu sellofan paketi götürüb gedəndən sonra köşkün pəncərəsinə yaxınlaşıb soruşdum:
- Sizdə matsoni var?
Satıcı məni diqqətlə süzüb dedi:
- Var.
- Axalsıxdandır? - özüm də bilmədən dilimdən sürüşüb çıxdı.
Satıcı qaşlarını çatdı. Bir az da incikliklə:
- Bəyəm, biz matsonini onlardan pis tuturuq ki?
- Elə-belə soruşdum, səhv başa düşməyin...
- İnanıram, sizə inanıram. Amma bu camaat... Sizə nə qədər lazımdır?
- İki banka. Amma boş bankalar yadımdan çıxıb evdə qalıb.
- Olar, sizin üçün iki banka tapılar, - satıcı soyuducunu açıb qatıq bankaları ilə dolu gözdən ikisini götürdü, - amma bu camaat... Ayrı vaxt heç kim Marinanın matsonisini bəyənmir, indi yanğına görə yol bağlanıb, Axalsıxdan heç kim gələ bilməyib, hamı matsoni üçün qaçır Marinanın üstünə. Sizdən ancaq matsoninin pulunu alacam, bankaların pulu qalsın. Qonaqsız.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Pakistan Milli Assambleyasının sədri "ASAN xidmət"də
8 iyul 2025-ci il tarixində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN”-dan verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə geniş təqdimat edib. Təqdimat zamanı hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Həmçinin hazırda Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində işlərin görüldüyü vurğulanıb.
Pakistan rəsmiləri Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
Həmçinin nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Bu gün daha bir dahinin anım günüdür – NƏCƏF BƏY VƏZİROVUN
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Nəsr və dramaturgiya sahəsində, eləcə də maarifçiliyin, milli ideologiyanın yayılmasında müstəsna rolu olub bu şəxsiyyətin. 0, 19-cu əsrin – çar istilası dövrünün yetişdirdiyi dahilərimiz pleadasında müstəsna yer tutur.
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov – Azərbaycan ədəbiyyatının ilk realist dramaturqlarından biri, publisist, maarifçi və milli teatrın inkişafında silinməz iz qoymuş böyük sənətkarlardandır. O, Azərbaycan faciə janrının banisi, maarif uğrunda mübarizə aparan ziyalı və söz sənətinə dərindən bələd olan bir qələm ustası olub.
Həyatı
Nəcəf bəy 1854-cü ildə Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərində dünyaya gəlib. Kiçik yaşlarından savada, elmə və ədəbiyyata meyl göstərən Nəcəf bəy ilk təhsilini dini məktəbdə alıb. Daha sonra Bakıya gələrək burada realnı məktəbdə oxuyub və burada Azərbaycanın ilk qəzetinin banisi Həsən bəy Zərdabi ilə tanış olub. Bu tanışlıq onun dünyagörüşünə, gələcək yaradıcılığına və maarifçi ruhuna dərin təsir göstərib
Təhsilini davam etdirmək məqsədilə Moskvaya gedərək Meşəçilik və Torpaqşünaslıq İnstitutuna daxil olub. 1878-ci ildə ali təhsilini bitirib vətənə dönən Nəcəf bəy, uzun illər Qafqazın müxtəlif bölgələrində meşə rəisi vəzifəsində çalışıb.
Ədəbi və Teatr Fəaliyyəti
Nəcəf bəy Vəzirovun ədəbi yaradıcılığı 1870-ci illərdən başlayıb. O, Azərbaycan dramaturgiyasının ilk komediya və faciə nümunələrini yaradan sənətkarlardan biri olub. İlk pyeslərindən olan “Ev tərbiyəsinin bir şəkli” və “Gəmi lövbərsiz olmaz” əsərlərində ailə-məişət mövzularını, cəmiyyətin geriliyə qarşı durmaq bacarığını bədii şəkildə əks etdirib.
Ən məşhur əsərlərindən biri olan “Müsibəti‑Fəxrəddin” dramı 1896-cı ildə qələmə alınıb və Azərbaycan ədəbiyyatında ilk faciə nümunəsi kimi tarixə düşüb. Bu əsərdə Vəzirov cəhalətə, köhnə düşüncəyə qarşı çıxaraq, maarifçilik və insan ləyaqəti ideyalarını təbliğ edib.
Digər mühüm əsərləri sırasında “Pəhləvanani-zəmanə”, “Ağa Kərim xan Ərdəbili”, “Vay şələküm-məəlləküm”, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar” kimi dramatik nümunələr yer alır. Onun pyeslərində xalq dili, milli-mənəvi dəyərlər və realizm əsas yer tutur.
Publisistika və Maarifçilik
Nəcəf bəy yalnız dramaturq kimi deyil, həm də maarifçi publisist kimi tanınıb. O, “Əkinçi”, “Həyat”, “İrşad” və digər dövri mətbuat orqanlarında “Dərviş” imzası ilə çıxış edərək, cəmiyyətin tənqidinə, xalqın oyanmasına xidmət edən yazılar yazıb. Qələmi ilə cəhalətə qarşı mübarizə aparmış, xalqı elmə, təhsilə səsləyib.
Maarif uğrunda mübarizəsi onu ictimai fəaliyyətə də yönəldib. Bakı şəhər Dumasında çalışıb, yeni məktəblərin açılmasına, teatr dərnəklərinin təşkilinə rəhbərlik edib.
Əsərləri (Seçmə)
Dramlar və faciələr:
- “Müsibəti-Fəxrəddin”,
- “Pəhləvanani-zəmanə”
- “Vay şələküm-məəlləküm”
- “Nə əkərsən, onu biçərsən”
- “Keçmişdə qaçaqlar”
Komediyalar və məzhəkələr:
- “Ev tərbiyəsinin bir şəkli”
- “Gəmi lövbərsiz olmaz”
- “Yağışdan çıxdıq, yağmura düşdük”
- “Pul düşkünü Hacı Fərəc”
Hekayələr:
- “Ağıçı”, “Paho”, “Mənim vaqiəm"
Nəcəf bəy Vəzirov təkcə bir yazıçı deyil, xalqın öndəri, maarifin keşikçisi, sözün və səhnənin qəhrəmanıdır. Onun əsərləri bu gün də aktualdır – çünki o, millətin düşüncə dünyasını dəyişmək istəyib. O, Azərbaycan səhnəsində faciə janrını yaratmaqla yanaşı, cəmiyyətin ruhuna ayna tutan sənətkardır.
Vəfatı və İrsi
1926-cı ildə Şamaxı səfəri zamanı qəfil ürək tutmasından dünyasını dəyişib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və maarifçiliyinə verdiyi töhfələr sayəsində xalqın yaddaşında silinməz iz qoyub.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Samir Əfsəroğlunun "Dostluq" şeiri və Murad Vəlixanov
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Ədəbiyyat və İncəsənət" portalı əməkdaşları ilə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasını davam etdirir.
Bu dəfə rubrikamızın qonağı - əməkdaşımız öyrənməyə meyilli, əziyyətin bəhrəsini sevən Murad Vəlixanovdur.
--Xoş gördük, Murad bəy, söz Sizindir.
--Salam, Ülviyyə xanım, xoş gördük. " Ədəbiyyat və İncəsənət" portalı mənim həyatımda önəmli rol oynayır və arzularımın gerçəkləşməsində yaxından dəstək göstərir.
Mənim 26 yaşım var, ədəbiyyata olan hədsiz marağım hədəflərimi daha da genişləndirməyə vəsilə olub. Bu gün dostluq haqqında danışacağam və mövzuya Samir Əfsəroğlunun "Dostluq" şeiri ilə başlamaq istəyirəm.
DOSTLUQ
Mən nə deyim bu talehə-qismətə,
Dostlar dönüb düşmən ola bilərmiş.
Hər loxmanı yarı bölüb verdiyin,
Son tikəndə gözü qala bilərmiş.
Yaman yerdə axşamladıq, deyəsən,
Can dediyin can qəsdinə durarmış.
Arxalanıb kürəyini döndüyün,
Gülə-gülə kürəyindən vurarmış.
Zülmə susub boyun əyib gedəndə,
Vicdan dinib tənə edib gülərmiş.
Nə biləydim xəyalların yasında,
Ən son qalan ümidlərdə ölərmiş.
Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir. Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. “Dostlarınla gözəl münasibət qur” deyirəm hər kəsə.
Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi üstün tuturlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin edilmiş olar.
Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd, yaxşıların yanına getmək pislərin yanında hörmətini azaltdığı kimi, pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin dostluğu sənə nəsib olsun. Amma heç vaxt axmaq adamlarla dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki, yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Şəhidlər barədə şeirlər - Nail Abakarov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Nail Abakarov
Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
O gecə, Günəşin də
Qəfil söndüyü gecə...
O gecə, mələklərin
Yerə endiyi gecə.
O gecə yaddaşında,
Susub fəryad saxladı.
Küləklər uçdu getdi,
Quşlar qanad saxladı.
Bir xəbər bir atanın
Ürəyini geyinib,
Əynində aparırdı.
Bir ata ovucunda
Böyütdüyü balasın
Çiynində aparırdı.
Aparırdı adamlar
Bir körpə beşiyini,
Bir ananın qəlbini,
Həyəti, bacasını,
Evini, eşiyini.
Bir qız boynunu büküb
Dayanmışdı kənarda.
Sevənlər ayrılanda
Alışar da, yanar da.
Yox, bu ayrılıq deyil,
Evinə dönməkdi bu...
Ana, vətən, qohumlar,
Dost, tanış, qardaş, bacı -
Hamını sevməkdir bu.
Şəhidlik əbədiyyət,
Sevilməkdi, sevməkdi.
Mələklərə qoşulmaq,
Günəşə can verməkdi.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Bu gün böyük Seyid Əzimin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Oxu!" — deyirdi o da, yüz illər öncə olduğu kimi - Seyid Əzim Şirvani – Zamanın səsi, xalqın qəlbi
Seyid Əzim Şirvani — XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, maarifçi şair, müəllim və ictimai xadim olub. O, klassik Şərq ədəbiyyatı ənənələrini yeni dövrün tələbləri ilə uzlaşdırmağa çalışan, xalq arasında maarifçilik ideyalarını yayan, müasirlərinə təsir edən bir ziyalı kimi tanınıb.
Seyid Əzim Şirvani 1835-ci il 9 iyul tarixində Şamaxıda dünyaya göz açıb, ilk təhsilini Şamaxıda alıb, sonra isə Bağdadda dini və dünyəvi elmləri öyrənib. Tələbəlik illərində ərəb və fars dillərində mükəmməl savad qazanıb.
Ədəbi fəaliyyəti:
Klassik qəzəl, qəsidə, məsnəvi və rübai janrlarında yazsa da, onun yaradıcılığında satirik və maarifçi poeziya xüsusi yer tutub. O, həmçinin realist ədəbiyyatın Azərbaycan ədəbiyyatında inkişafına xidmət edib.
Əsərlərində cəhaləti, qadın azadlığının məhdudluğunu, xalqın savadsızlığını tənqid edib. “Şəfa verən elm, bəlalı cəhalət” – fikri onun maarifçi baxışlarını yaxşı əks etdirib.
Maarifçilik fəaliyyəti:
Seyid Əzim yalnız şair yox, həm də müəllim olub. O, Şamaxıda öz şəxsi məktəbini açıb, burada Azərbaycan dili, riyaziyyat, coğrafiya, islam elmləri və digər fənlər tədris edib. Onun məktəbi müasirləri arasında tanınan və nüfuzlu bir maarif ocağı olaraq sayılıb. Tələbələrinə müasir biliklər verməklə yanaşı, onları sərbəst düşünməyə və ictimai məsələlərə yanaşmağa təşviq edib.
Əsərləri və nümunələr:
Məşhur şeirlərindən bəziləri:
“Elm”
“Cəhalət”
“Qızlara nəsihət”
“Məktəb haqqında”
“Şairin özünə nəsihəti”
Bir beyti:
Elm öyrən, oğul, taət elə sən,
Qurtularsan bu nadanlıqdan, bədən!
Mirası və təsiri:
Azərbaycan maarifçiliyinin və realist poeziyasının inkişafına böyük töhfə verib. Onun ideyaları Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlərlə üst-üstə düşüb. Müasirləri və sonrakı nəsillər onun maarifçi fikirlərini yüksək qiymətləndiriliblər.
Seyid Əzim Şirvani – Zamanın səsi, xalqın qəlbi
XIX əsrin gur səsi olan Seyid Əzim Şirvani, yalnız bir şair olmayıb. O, xalqının qaranlıqda yol axtardığı bir zamanda, əlində çıraq tutub öncüllük edən maarif nurçusu olub. O, doğma Şamaxının daşlı küçələrində, təkcə misralarla yox, öz əməlləri ilə də xalqın ruhuna yol salıb.
"Qələmindən damlayan maarif"
Seyid Əzim, dövrünün bir çox şairlərindən fərqli olaraq, sadəcə gözəl sözlərin yox, cəmiyyətin aynası olmağı seçib. O, şeirləri ilə xalqın başına dolanan qaranlıq buludları dağıtmaq istəyib. Onun qəzəllərində məhəbbət də olub, amma bu məhəbbət bir qadına yox, elmə, inkişafa, azadlığa . “Cəhalət” adlı şeirində nadanlıq bataqlığında çabalayan toplumu silkələyib, “Qızlara nəsihət” şeirində isə qadınların təhsildən məhrum edilməsini qınayıb.
"Oxu!" — deyirdi o da, yüz illər öncə olduğu kimi...
Peyğəmbərimizə nazil olan ilk əmr “Oxu!” olduğu kimi, Seyid Əzim də eyni kəlməni zamanının insanına ünvanlayıb. Şamaxıda açdığı məktəbdə təkcə hərfləri yox, düşünməyi, sorğulamağı, dünyanı anlamağı öyrədib. Onun sinfində yalnız yazmaq deyil, oyanmaq öyrədilib. O məktəb bir otaqdan ibarət olsa da, içində bütöv bir gələcəyin mayası yoğrulub.
Şeirindən misralar:
Ay səfih! Elm oxu, tərk eylə cəhalət dalını,
Təhsildədir kamal, tapmaq olur əqlin halını.
Bu misralar sadəcə çağırış deyil – bir ziyalının hayqırtısı olub.
"Əbədi səs"
1888-ci ildə vəfat etsə də, o, Şamaxının dağlarında, Azərbaycan ədəbiyyatının səhifələrində, hər bir düşünən beynin dərinliyində yaşamağa davam edib. Onun qoyduğu irs, gələcək nəsillərə sadəcə bir ədəbi xəzinə yox, həm də mənəvi mirasdır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Muzeydə “Azadlığın sütunu: Konstitusiya və Suverenlik” adlı sərg keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Azadlığın sütunu: Konstitusiya və Suverenlik” adlı sərgi təşkil olunub.
Sərgidə gənclərin və məktəblilərin əl işləri nümayiş etdirilib. Sərginin əsas məqsədi gənc nəsildə milli kimlik, hüquqi düşüncə və vətən sevgisini aşılamaq idi.
Gənc yaradıcıların əl işləri vasitəsilə Konstitusiya və suverenlik anlayışına verilən fərdi və bədii yanaşmalar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
Bəs sən bu səhnədə hansı roldasan?
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bu gün ağlımda bir sualla yuxudan oyandım: İnsan üçün həyatda ən vacib olan nədir?
Cavab tapmaq çətin idi. Axıb gedən zamanın içində o qədər şey yaşayırsan ki, bəlkə də heç zaman bu sualı özünə verməyə zamanın da qalmır.
Bəzən nə üçün yaşadığını, niyə yaşadığını bilmədən ömrünü başa vurur insan.
Həyat teatr səhnəsinə bənzəyir. Bu səhnədə hər gün müxtəlif tamaşalar göstərilir.
Sən isə ya tamaşaçı kimi seyr edirsən,
Ya tamaşada bir rol alırsan,
Ya da tamaşaya heç dəvət olunmaq istəmirsən – sadəcə anlamadan, dinləmədən kənardan baxırsan.
Həyatın bu səhnəsində rolunu sən seçməsən belə, bu səhnəyə çıxırsan.
Hansı formada olduğunu isə sənin istəyindən asılıdır.
Əgər tamaşanı izləmək, zövq almaq, həyata atılmaq istəyirsənsə, yaxşı tamaşaçı olmalısan.
Çünki hər tamaşa sənə bir şey, bir yol göstərir.
Sən o yolu öyrənəndə, bir gün həmin səhnədə rol almağa başlayırsan.
Bu tamaşanın ya qəhrəmanı, ya da yaxşı rol oynayan biri olursan.
Amma nə olur-olsun, artıq izləyən yox, yaşayan olursan.
Çünki hər kəsin həyatda bir çıxış səhnəsi var.
Kənardan səssizcə baxanlar da bu səhnədə çıxış edir.
Amma pərdənin sonunda kimi alqışlarla, kimi də təəssüf dolu baxışlarla yola salınır.
İndi bu sualı bir tamaşaçı kimi cavablandırmaq istəyirəm –
Getdiyim hər tamaşada izlədiyim səhnələrdən çıxış edərək.
Mən insanam.
Öz ayaqları üstündə durmağı bacaran, özünü idarə edən, var olan, nəfəs alan,Həyatı sorğulayaraq anlamağa çalışan bir insan.
Amma bu hər insana nəsib olmur.Nəfəs alan, var olan hər şəxsiyyət insandır.
Lakin hər insan həyatı sorğulamaq, dərk etmək, ifadə etmək qabiliyyətinə malik deyil.
Hər insan yaşadığını dərk etmir.
Kimisi yalnız yaşamaq üçün yaşayır,
Kimisi yaşadığını başa düşmək üçün,
Kimisi də sadəcə nəfəs alır…
Bax, mən o zaman anladım bu sualın cavabını:
İnsan üçün həyatda ən vacib olan — sağlamlıqdır.
Sağlam bədən, sağlam ruh, sağlam nəfəs.
Bir səhnə düşün…
Orada kiçik bir vücud var.
Əlləri titrək, baxışları dərin.
Heç bir rol seçməyib, səhnəyə çıxmaq istəməyib,
Amma həyat onu bu səhnəyə çıxarır.
Və o, heç bir söz demədən hər kəsə həyatın əsl dəyərini göstərir:
Yaşamağı, nəfəs almağı, ayaqda durmağı.
Və oynadıqları rolda əsl qəhrəmandırlar.
Mən bu tamaşanı izlədikdən sonra anladım ki,
Sağlamlıq insan üçün nə qədər önəmlidir.
Nə pul, nə şöhrət, nə də uğur sağlamlıqdan önəmli deyil.
Sağlamlıq varsa — seçim var.
Sağlamlıq — səhnəyə çıxmaq üçün ilk addımdır.
Qalanı isə sadəcə bir oyun…
Bəs sən, əziz oxucu…
Sən bu səhnədə hansı roldasan?
Bəs sənin üçün həyatda ən önəmli olan nədir?
Heç bunu düşündünmü?
Bu yazı qarşına çıxıbsa, demək ki, boşuna deyil.
Qəlbinin dərinliklərində bir yerdə sən də bu suala cavab axtarırsan.
Gəl birlikdə axtaraq.
Unutma — səhnə hələ bitməyib…
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
“Heydər Hüseynov - əqidəsinə sadıq alim”, Fəridə SƏFİYEVA
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün filologiya elmləri doktoru, professor, "Qərbi Azərbaycan İcması"nın İrəvan şəhəri üzrə sədri Fəridə Səfiyevanın “Əqidəsinə sadıq alim” məqaləsi təqdim ediləcək.
Fəridə SƏFİYEVA
ƏQİDƏSİNƏ SADİQ ALİM
Müasir dövrdə ilk peşəkar filosofumuz olan Heydər Hüseynov Azərbaycan xalqının ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyən etmiş, mədəni və ədəbi irsimizin fəlsəfi qaynaqlarını araşdırmışdır.
Heydər Əliyev
Azərbaycan fəlsəfə tarixinin banisi, milli fəlsəfə və ictimai fikir tarixi haqqında ilk fundamental əsərin və azərbaycanca yazılmış dərsliklərin müəllifi, Azərbaycan fəlsəfə məktəbinin yaradıcısı,SSRİ EA-nın Azərbaycan filialının sədr müavini,Marks-Engels-Lenin institutununAzərbaycan filialının direktoru, ADU-da Fəlsəfə bölməsinin və kafedrasının yaradıcısı, müdiri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti akademikHeydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də Azərbaycanın qədim şəhəri olan İrəvanda anadan olmuşdur. Hüseynovlar ailəsi İrəvanın sayılıb-seçilən ailələrindən idi. Onların şəhərdə – Təpəbaşı məhəlləsində ikimərtəbəli evi, "Dəlmə bağları"nda böyük meyvə bağları var idi. Atası Hacı Nəcəf Kərbəlayı Hacı Hüseyn oğlu ticarətlə məşğul olur, rus tacirləri ilə, xüsusilə Novqorod şəhəri ilə sıx əlaqə saxlayırdı. O, Məşədi Gülsüm Məmmədəli qızı Fərəcova adlı xanımla ailə qurur və bu izdivacdan onların altı uşağı dünyaya gəlir. Heydər ailənin sonbeşiyi idi.
1909-cu ilə qədər ailə xoşbəxt, rahat həyat sürür. Hüseynovların üç böyük oğlu İrəvan Gimnaziyasında oxuyur (İrəvan Gimnaziyası 1881-ci ildən fəaliyyət göstərirdi), ata və analarının onlarla bağlı arzu və istəklərini reallaşdırmağa çalışırdılar. Hacı Nəcəf və Məşədi Gülsüm dindar idilər: namaz qılır, oruc tutur, müqəddəs ocaqları ziyarət edir, xeyriyyə işləri ilə məşğul olurdular.
Heydərin bir yaşı olanda Hacı Nəcəf cərrahiyyə əməliyyatı zamanı vəfat edir. Bu itki ailəni nə qədər sarsıtsa da, onlar özlərində yaşamağa güc tapır və ailə başçısının qoyduğu işləri davam etdirirlər. Sözsüz ki, ağırlıq daha çox ailənin böyük oğlu Yusifin üzərinə düşür. Bu dövrdə onun artıq öz ailəsi var idi. Ailəsinin, anasının, kiçik qardaşlarının və bacısının qayğısını çəkmək, onları dolandırmaq üçün Yusif çox çalışmalı idi.
Deyirlər, dərd gələndə batmanla gəlir. Sən demə, qarşıda bu ailəni gözləyən faciə tezliklə onlara Hacı Nəcəfin ölümünü unutduracaqmış.
Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya 1917-ci ilin noyabrında baş verən hakimiyyət çevrilişi ilə əlaqədar öz silah-sursatını hərbi xidmət keçən 150 min erməni əsgərinə və könüllülərdən ibarət 4 erməni drujinasına (10 min adamlıq) təhvil verərək qoşunlarını geri çəkməyə məcbur olur. Bu, ermənilərin Şərqi Anadoluda müstəqil dövlət yaratmaq arzusunu ürəklərində qoyur. Onlar niyyətlərini Cənubi Qafqazda həyata keçirmək məqsədilə qoşunu İrəvan quberniyasına və ona bitişik ərazilərə yönəldir. Yerli əhaliyə divan tutulur. İrəvan quberniyasında və Zəngəzurda əsl soyqırım həyata keçirilir. Tarixdən öyrənirik ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri 198 kəndi darmadağın edir, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlını öldürür. Köməksiz qalan əhali qaçmağa üz tutur. Əhalinin böyük hissəsi Türkiyə, İran, Azərbaycan və Gürcüstanda məskunlaşır.
Soyqırım Hüseynovlar ailəsindən də yan keçmir, Yusif ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Məşədi Gülsüm övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Hüseynovlar ailəsi əvvəlcə Batumi şəhərinə, oradan isə Stavropola köçür. Burada da erməni təzyiqi və şəraitsizliklə qarşılaşdıqları üçün 1920-ci ildə, sovet hakimiyyəti qurulduqdan sonra Bakıya köçürlər. Bu vaxt Heydərin artıq 12 yaşı var idi. Lakin ailələrində baş verən faciə və qaçqınlıq üzündən o hələ məktəbə gedə bilməmişdi. Hüseynovlar ailəsi İçərişəhərdə, Dvorsovaya 26 ünvanında kirayə ev götürürlər. Gülsüm xanım kiçik oğlunu 18 saylı məktəbə qoyur. Ailənin çətin vəziyyətdə yaşamasına baxmayaraq, Gülsüm xanım gen yaddaşından gələn ənənəni – xeyriyyəçiliyi davam etdirir, İçərişəhər məscidinə su çəkdirir.
Məktəb mühiti, orada hökm sürən abu-hava H.Hüseynovun daxili imkanlarının açılmasına, istedadlarının üzə çıxmasına yardımçı olur. Burada o, şeir yazmağa başlayır, divar qəzetini redaktə edir, humanitar elmlərə xüsusi maraq göstərir. Onun zəhmətkeşliyi, məsuliyyətliliyi müəllimlərinin gözündən qaçmır.
H.Hüseynovun böyük qızı Sara xanımın yazdığına görə, 18 nömrəli məktəbdə atası ilə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əbülfəz Qarayev, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov kimi mütərəqqi gənclər oxuyur, Feyzulla Qasımzadə, Hənəfi Zeynallı, Atababa Musaxanlı kimi dövrün ziyalıları dərs deyirdi.
Yenə həmin mənbədən öyrənirik ki, Heydər Hüseynov Mikayıl Müşfiqlə bir sinifdə oxuyub. Bu haqda Fuad Qasımzadədən müsahibə alan jurnalistin yazısından da məlumat əldə edirik: "Bakıdakı 18 saylı məktəbdə Mikayıl Müşfiqlə bir sinifdə oxuyublar. Fuad Qasımzadə danışırdı ki, Heydərin çox gözəl xətti var idi... Müəllimlərinin (Feyzulla Qasımzadə-F.S.) ad günündə qərarlaşdırırlar ki, Heydər Müşfiqin şeirlərini gözəl xətlə köçürsün və bunu siniflərinin adından müəllimə hədiyyə etsinlər. Həmin zərif xətli dəftər indi də Qasımzadələrin arxivində qalır".
Məktəbi bitirdikdən sonra Heydər Hüseynov Bakı Pedaqoji Texnikumunda oxumağa başlayır. Bu illərdə komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədilə o, kitabxanada işə düzəlir, 16 yaşından fəhləlik edir.
Heydər Hüseynov təhsilini davam edə-edə pedaqoji fəaliyyətlə də məşğul olur. Maştağada yerləşən 17 saylı məktəbin fəhlə fakültəsində Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, kimya, riyaziyyatdan dərs deyir. Bir müddət Lenin adına kombinatda, Tibb texnikumunda müəllimlik edir. Oxuduğu, işlədiyi hər bir yerdə zəhmətkeşliyi, ictimai işlərdə fəallığı ilə seçilir.
Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında həyatdan daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Məşədi Gülsüm kəskin böyrək çatışmazlığından 60 yaşında vəfat edir.
Ailəsinin bütün qayğılarını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin işləməli olur. 1931-ci ilə kimi 59 saylı məktəbdə dərs deyir, komsomol katibi olur. Humanizmi, insanpərvərliyi, ciddiliyi, dərin biliyi ilə həm şagirdlərin, həm də iş yoldaşlarının hörmətini qazanır. Görkəmli alim, pedaqoq Feyzulla Qasımzadə bu istedadlı, işgüzar gənci daim nəzərində saxlayır, onun bacarıqlarını düzgün məcraya yönəltməyə və inkişaf etdirməyə çalışır. 1929-cu ildə Feyzulla Qasımzadə "rabfak"ın tələbələri üçün ədəbiyyat dərsliyinin hazırlanmasına 21 yaşlı Heydəri də cəlb edir. (H.Hüseynovun böyük qızı Sara xanımın dediyinə görə, F.Qasımzadə atası haqqında "Heydər başımın tacıdır" deyirdi.) 1930-cu ildən H.Hüseynov artıq fəlsəfədən dərs deməyə başlayır.
1927-1931-ci illərdə Heydər Lenin adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnir, dövrünün görkəmli alimlərindən dərs alır. Azərbaycan dilindən ona Bəkir Çobanzadə, Əbdürrəhin bəy Haqverdiyev, fəlsəfədən Mikayıl Hüseynov, Cahangir Nağıyev, ərəb dilindən Uaruar, fars dilindən Bəndəli ibn Səlıb əl-Cauzi, Əhməd Bəni Trinc, linqvistikadan A.R.Zifeldt-Simumyagi, Şərq incəsənəti tarixindən V.M.Zummer dərs deyir. Bu müəllimlərin bir qismi Azərbaycan Demokratik Respublikası-nın rəhbərləri tərəfindən müxtəlif ölkələrdən dəvət olunmuşdu. Belə məşhur alimlərin tələbəsi olmaq, sözsüz ki, H.Hüseynovun savadlı bir kadr kimi yetişməsində böyük rol oynayır.
Hələ məktəb illərindən yaradıcılığa meyil edən H.Hüseynov universitetdə oxuduğu dövrdə qələmini sınaqdan keçirir, H.Heydər, H.Hüseynzadə imzaları ilə müxtəlif mətbuat orqanlarında ("İnqilab və mədəniyyət", "Gənc işçi") şeirlər çap etdirir, ədəbiyyatla bağlı dərsliklər yazır, müəllimlərinin sevimlisinə çevrilir.
H.Hüseynovun tələbəlik dövründə yazdığı "Atəşgah" şeiri professional cəhətdən mükəmməl olmasa da, məzmunu, obrazlılığı ilə diqqəti cəlb edir. Şeirin çox maraqlı tarixçəsi var: 1930-cu ildə Şərq fakültəsinin professoru Zummer tələbələrini Suraxanı Atəşgahına aparır. Bu müqəddəs ocaq haqqında məlumat verən professor şeirə həvəsi olan tələbələrinə Atəşgaha aid şeir yazmağı tövsiyə edir. Səhəri gün 22 yaşlı H.Hüseynov "Atəşgah" şeirini müəlliminə təqdim edir. Özü də o bu şeiri sevimli müəllimi professor Zummerə ithaf edir.
1931-ci ildə H.Hüseynov "Zəngi" şeirlərini yazır. Başlanğıcını Göyçə gölündən götürən, İrəvan şəhərindən axıb sonda Araza tökülən Zəngi çayı H.Hüseynovun uşaqlıq illərinin həm xoş, həm də acı günlərinin şahidi idi. Şeir özündə müəllifin doğma yurdu ilə bağlı nisgilini, sevgisini, dünəni, bugünü daşıyır:
Aylar, illər boyu aşıb-daşarsan,
İçində çınqıllar oynaşar, Zəngi,
Qayalar üstündən yel tək aşarsan,
Qoynunda köpüklər qaynaşan Zəngi.
Daşnaklar zülmündən, bəylər əlindən
Qəlbinə sancılan zəhərli tikan
Bu gün çıxarılmış, azad bir ölkən
Kimi qanadlanıb coşasan, Zəngi.
1931-ci ildə H.Hüseynovun zəngin tələbəlik illəri sona yetir.Azərbaycan Pedaqoji Universitetinin ən fəal və istedadlı məzunu kimi Heydər Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutununfəlsəfə şöbəsinin aspiranturasına göndərilir. Bir il burada təhsil alıb fəlsəfə üzrə qazandığı bilikləri daha da təkmilləşdirən H.Hüseynov Sənaye İnstitutuna və Sovet Ticarəti İnstitutuna fəlsəfə müəllimi vəzifəsinə təyin olunur. Marksizm-Leninizm fəlsəfəsini aydın dildə tədris edən gənc müəllim tez bir zamanda tələbələrin sevimlisinə çevrilir.
1934-cü ildə Heydər Hüseynov tacir Süleyman Abdullayevin qızı Tale xanımla ailə həyatı qurur. Onların tanışlığı barədə Heydər Hüseynovun ikinci qızı Leyla xanım müsahibələrinin birində məlumat verir: "...Aralarında 4 il fərq var idi. Atam 1908-ci ildən, anam isə 1912-ci ildən idi. Atam Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim ilə dostluq edirdi. O, çox maraqlı insan idi, yumorlu, yüksək intellektli. Anam bizə ətraflı danışmırdı, ancaq bilirəm ki, onları Məmməd-səlim tanış etmişdi. Anam Tale ziyalı ailədən idi. Atası Süleyman Abdullayev Müsavatın üzvü idi. Yaxşı yaşayırdılar. 1937-də babamı güllələdilər. Sonradan o bəraət qazandı. Bəraət kağızını anama verən atam deyirmiş: "Bilirsiniz, çox adamlar dözməyib bir çoxlarının "vətən xaini" olması haqqında kağızlara imza atdılar. Atanızla fəxr edin, o, heç bir kağıza qol çəkməmişdi".
1936-cı ildən etibarən Heydər Hüseynov Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Sovet Ensiklopediyası komitəsində işləməyə başlayır. Həmin komitədə əvvəlcə elmi işçi, sonra elmi katib kimi fəaliyyət göstərir. Komitə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutuna çevrildikdən sonra həmin institutun direktoru vəzifəsinə təyin edilir. Bu illərdə onun elmi fəaliyyəti çox geniş olur. İnstitutun əməkdaşları ilə birlikdə lüğətlərin tərtibi üzərində işə başlayır, ədəbiyyatla bağlı ilk məqalələrini çap etdirir. Vaxtilə ənənəsi Ruhulla Axundov tərəfindən qoyulmuş lüğət tərtibi işini həvəslə yerinə yetirən H.Hüseynovun rəhbərliyi ilə 1939-cu ildə "Rusca-azərbaycanca lüğət", "Rusca-Azərbaycanca məktəbli lüğəti", "İzahlı Azərbaycanca – rusca lüğət" çap olunur.
1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının açılışırespublika üçün əlamətdar hadisələrdən biri oldu. Filial mövcud olduğu dövrdə, xüsusilə müharibə illərində çox böyük işlər görür: "Statusun artması Azərbaycan filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir".
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialınıntəşkilində və inkişafında böyük xidmətləri olan Heydər Hüseynov ilk vaxtlar filialın sədr müavini, 1944-cü ildən sədri olur. SSRİ EA-nın prezidenti V.L.Komarov, vitse-prezidentləri O.Y.Şmidt, İ.İ.Meşaninov onun işini yüksək qiymətləndirirdilər.
Filialın fəaliyyəti dövründə fəlsəfə üzrə aparılan tədqiqatların səviyyəsi və istiqamətində keyfiyyətcə dəyişiklik baş verir. "Maarif və mədəniyyət", "Revolyusiya və kultura" jurnallarının fəlsəfə bölmələrində xarici filosofların əsərlərinin tərcümələri, yerli mütəxəssislərimizin yeni məqalələri çap olunur. Aspirantura şöbəsi yaradılır yeni alim ordusunun yetişdirilməsi üçün lazım olan ədəbiyyatlar Azərbaycana gətirilərək tərcümə edilir, ana dilində dərslik və dərs vəsaitləri yazılır, rayonlarda elmi bazalar yaradılır elmi sessiyalar keçirilir. Görkəmli şəxsiyyətlərin: Nizaminin, Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun yubileyləri keçirilir.
Təşkilati işlər H.Hüseynovun elmi yaradıcılığına mane ola bilmir. 1939-cu ildə o, Tiflis Dövlət İnstitutunda "M.F.Axundovun fəlsəfi görüşləri"adlı dissertasiya müdafiə edir. Müdafiə çox uğurla keçir, dövrün görkəmli alimləri: akademik K.S.Bakradze, Daneliya, Danaşiya, Xaçapuridze, Dmitrev H.Hüseynovun elmi əsəri barədə yüksək fikirlər söyləyirlər.
H.Hüseynov ictimai, elmi fəaliyyətlə yanaşı, milli kadrların yetişdirilməsiistiqamətində də xeyli işlər görür. Xüsusilə fəlsəfə məktəbinin yaranması məqsədlə o, respublikanın bütün elmi potensialını səfərbər edir, istiqamətləndirir. H.Hüseynov ətrafına bu sahədə fəaliyyət göstərə biləcək alimlər ordusu toplayır.
Heydər Hüseynov, Cahangir Nağıyev, Əhməd Kazımov, Əlisöhbət Sumbatzadə universitetlərdə fəlsəfənin Azərbaycan dilində tədrisini həyata keçirən ilk filosof nəsli olur. Özünün "Şərəfli vəzifə"adlı məqaləsində (Kommunist, 4 dekabr, 1940) H.Hüseynov gənc alimlərin hazırlanmasına dair fikirlərini bölüşür.
H.Hüseynovun tələbələrindən Cəmil Əhmədli müəllimi haqqında deyir: "Azərbaycan xalqının ictimai və fəlsəfi fikir səmasında parlaq bir kometa peyda oldu. Bu, XX əsrin 30-40-cı illərində Azərbaycan fəlsəfə elminin sürətlə inkişafında, fəlsəfə kadrlarının hazırlanmasında, fəlsəfənin digər elm sahələri ilə əlaqələndirilməsində, biliyin müxtəlif sahələrində elmi terminologiyanın yaradılmasında müstəsna dərəcədə yüksək xidmətləri olan Heydər Nəcəf oğlu Hüseynov idi".
1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə H.Hüseynov elm və pedaqoji sahələr üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi səyinə görə "Şərəf nişanı" ordeni ilə təltif olundu.
Müharibə bütün sahələri olduğu kimi, elm sahəsini, alimlər ordusunu da səfərbər edir. SSRI Elmlər Akademiyasının Azərbaycan filialı işini dövrə, şəraitə uyğun yenidən qurur, akademiyanın elmi bazalarının yaradılması, institut və şöbələrin daha sıx və əlaqəli əməkdaşlığının təmin edilməsi, səyyar elmi sessiyalar keçirilməsi, mövzuların seçilməsi istiqamətində xeyli işlər görür. Sözsüz ki, bütün bunların həyata keçməsi filial rəhbərlərinin, o cümlədən Heydər Hüseynovun təşkilatçılıq bacarığından asılı olur.Alim bu ağır dövrdə filialının işi barədə "SSRİ EA Azərbaycan filialı müharibə günlərində", "Azərbaycan alimləri Vətən müharibəsi günlərində","Alimlərimiz Vətən müharibəsi günlərində" məqalələrini çap etdirir.
"Hər şey cəbhə üçün" şüarı altında Azərbaycan ziyalılarının bir qrupu 1941-ci ildə cəbhəyə yollandı. 29 dekabr tarixində "Pravda" qəzetində Azərbaycanın partiya nümayəndələrindən ibarət qrupun Cənub cəbhə xəttinə yeni il hədiyyəsi aparması haqqında yazı çıxır. Azərbaycan nümayəndələri cəbhəyə iki vaqon isti paltar, ərzaq, Azərbaycan torpağının nemətlərini, Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovla bağlı kitab və vərəqələr aparır. Nümayəndə heyətinin arasında S.Vurğun, R.Rza, Azərbaycanın Mərkəzi Kamitəsinin katibi D.Məmmədov, Komsomol katibi B.Seyidzadə, EA-nın Azərbaycan filialının rəyasət heyətinin sədr müavini H.Hüseynov da olur. Novorossiysk döyüşçüləri ilə görüşdə S.Vurğun, R.Rza şeir oxuyur, H.Hüseynov ədəbiyyatdan və fəlsəfədən məruzələrlə çıxış edir, faşizmin fəlsəfəsindən danışırdı.
Müharibə illərini Heydər Hüseynovun yaradıcılığının və ictimai xadim kimi fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Bu illərdə alimin xeyli sayda elmi əsəri işıq üzü görür, Akademiyanın elmi bazalarının Qarabağda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada yaradılması, Azərbaycanın rayonlarında 9 elmi sessiyanın keçirilməsi onun rəhbərliyi ilə baş tutur. Üzeyir Hacıbəyovun yubileyinin təşkilində, Əliağa Şıxlinskinin "Xatirələrim" kitabının yazılmasında da Heydər Hüseynovun böyük xidməti olur.
1941-ci ilin martında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti O.Y.Şmidt Bakıya gəlir. Filialın institut və bölmələrində olan O.Y.Şmidt burada aparılan işlərə, təşkilatçıların fəaliyyətinə yüksək qiymət verir, onun başqa respublikalardakı filiallara nümunə olduğunu deyir: "Azərbaycanın elm adamları müharibə illərində özlərini çox yaxşı göstərdilər... Heydər Hüseynovun başçılığı altında AzFAN Akademik müəssisələrə layiq olan gözəl iş qabilliyyəti nümayiş etdirən güclü elmi mərkəzə çevrilib".
Məhz SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının müharibə illərindəki fəaliyyəti gələcəkdə müstəqil Elmlər Akademiyasının yaranmasına təkan verdi. Azərbaycan EA-nın yaranmasında gənc alimlərdən görkəmli kimyaçı Y.Məmmədəli-yev, geoloq Ə.Əlizadə, yazıçı M.İbrahimov, şair S.Vurğun, memarlar M.Dadaşov, M.Useynov və b. böyük işlər gördü.
1944-cü ildə Üzeyir Hacıbəyovun 60 illiyi ilə əlaqədar respublikada silsilə tədbirlər keçirilir. Bəstəkarın yubileyi ərəfəsində AZFAN H.Hüseynovun rəhbərliyi altında böyük tədbirlər planı hazırlayır. Alimin təklifi ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 sentyabr 1945-ci il tarixli fərmanına görə, İncəsənət İnstitutuna Üzeyir Hacıbəyovun adı verilir.
Leyla xanımın xatirələrindən məlum olur ki, Heydər Hüseynovla Üzeyir Hacıbəyov arasında sıx dostluq olmuşdur. Özü yaradıcı adam olduğundan istedadlı insanlara xüsusi həssaslıqla yanaşan H.Hüseynov evində işləmək üçün şəraiti o qədər yaxşı olmayan bəstəkara bağında xüsusi otaq ayırır. Leyla xanımın xatirələrindən: "Yaz vaxtı idi. Biz atamla bağa getmişdik. Atam Üzeyir bəyə təklif etdi ki, bağda ayrıca otaq var, sənin üçün ayıra bilərik. Orada rahat işləyərsən. Üzeyir bəy razı oldu, ancaq sonra nə səbəbdənsə gələ bilmədi".
H.Hüseynovun Azərbaycan xalqı qarşısında xidmətlərindən biri və deyərdim ki, çox qiymətlisi onun "rus artilleriyasının allahı" sayılan Əliağa Şıxlinskinin xartirələrinin yazdırılması ilə bağlıdır.
"General Əliağa Şıxlinski və silahdaşları" kitabının müəllifi Şəmistan Nəzərli yazır: "Şöhrətli sərkərdəmiz Əliağa Hacı İsmayılağa oğlu Şıxlinskidən danışanda filosof-alim Heydər Hüseynovun xidmətlərini unutmaq haqsızlıq olardı. Generalın "Xatirələrim" kitabının yazılmasında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Akademiyasının akademiki Heydər Hüseynovdur. "Xatirələrim" Azərbaycan tarixində yeganə və ilk hərbi memuardır".
H.Hüseynovun general Əliağa Şıxlinski şəxsiyyətinə marağı 1939-cu ildə general-mayor Yevgeni Barsukovun kitabı ilə tanış olandan sonra yaranır. Belə ki, müəllif "Rus artilleriyası Birinci Dünya müharibəsində" kitabında həmyerlimizin hərb tarixinə gətirdiyi yeniliklər, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verirdi. Ə.Şıxlinskini tapmağın, onunla tanış olmağın vacibliyini düşünən H.Hüseynov aspirantlarına generalın harada yaşadığını araşdırmağı tapşırır. Həyat yoldaşı Nigar xanımın ölümündən sonra, demək olar ki, hamı tərəfindən unudulan Ə.Şıxlinski Cəfər Cabbarlı küçəsində balaca, soyuq bir evdə tək-tənha yaşayırdı.
Həmin dövrdə çar ordusunda xidmət etmiş artilleriya generalı Əliağa Şıxlinski haqqında danışmaq, onunla ünsiyyət yaratmaq, demək olar ki, yasaq edilmişdi. Xalq yazıçımız İsmayıl Şıxlı xatirələrində bu haqda deyir: "Mən Əliağa Şıxlinskini görə bilmədim. 1937-ci ildə Bakıya gələndə atam demişdi ki, belə bir qohumumuz var. O zaman Lenin adına APİ-də hərbi kafedranın müdiri kapitan Tarıverdiyev idi. O, familimi görüb, məni çağırıb dedi ki, generalın qohumusanmı? Dedim ki, bəli. Dedi, mən məsləhət görmürəm, bunu başqa yerdə deyəsən, çünki səni məktəbdən qovarlar".
O təhlükəli zamanda heç kimin, hətta qohumlarının döyə bilmədiyi qapını vəzifə adamı, SSRİ EA Azərbaycan filialının sədr müavini H.Hüseynov döyür. Yenə də özündən daha çox milli mənafeyi nəzərə alır. Yenə də təəssübkeşlik, insanpərvərlik sayıqlığı, ehtiyatı üstələyir. Bununla da H.Hüseynov çətin qocalıq həyatı yaşayan, gözü pis görən, qulağı ağır eşidən, əlləri əsən Şıxlinskinin həyatına rəng qatır. Alim generala gələcək naminə memuarlarını yazmağı təklif edir. Ə.Şıxlinski razılaşmır. Xəstəliyini səbəb gətirir. Bu memuarların əhəmiyyətini, gələcək üçün dəyərini, qiymətini başa düşən H.Hüseynov generala çıxış yolu təklif edir. Təklif edir ki, o diktə eləsin, Elmlər Akademiyası tərəfindən göndərilən bir nəfər yazıya alsın. Razılaşırlar. Bu müddətdə H.Hüseynov tez-tez generala dəyir, bu qeyri-adi insanla ünsiyyətdən xüsusi zövq alır. Sonralar Heydər Hüseynov yazacaq: "General Əliağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi".H.Hüseynov haqlı idi. "Səhra toplarının cəbhədə işlədilməsi" əsərinin, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adı ilə hərb tarixinə düşən yeniliklərin müəllifi general-mayor Ə.Şıxlinski qeyri-adi istedad sahibi idi. O, dilçiliklə, terminologiya ilə də dərindən maraqlanır, hərbi lüğətin tərtibi ilə məşğul olurdu. Belə ki, 1926-cı ildə Ə.Şıxlinski rus, ərəb və latın əlifbası ilə "Rusca-türkcə qısa hərbi lüğət" kitabını nəşr etdirir.
General-mayor Ə.Şıxlinski göstərdiyi xidmətlərə görə bir çox yüksək mükafatlara layiq görülmüşdü: Fransanın generallara məxsus fəxri "Legion ordeni" və zabitlərə verilən "Legion xaçı". Ə.Şıxlinski bu cür yüksək ordenlərə layiq görülən yeganə azərbaycanlı idi.
Memuarlar hazır olanda H.Hüseynov kitaba ön söz yazmaq üçün Yevgeni Barsukova müraciət edir. Y.Barsukov çox böyük həvəslə bu işi yertinə yetirir. Onun yazdığı ön sözdən bir hissəni diqqətinizə çatdırıram: "...Təbiət Əliağaya böyük ağıl, hərbi məharət, istedad, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi. Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadı – bütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə və köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli yer tutmağa imkan vermişdi".
Əfsuslar olsun ki, "Xatirələrim" kitabını görmək Ə.Şıxlinskiyə nəsib olmur. 1943-cü il avqustun 18-də Əliağa Şıxlinski 80 yaşında vəfat edir. Generalın dəfn mərasiminin təşkilini də Heydər Hüseynov öz üzərinə götürür. Ə.Şıxlinskini generallara layiq hörmətlə dəfn edirlər. Ş.Nəzərli: "Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay orkestri müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. "Artilleriyanın allahı"nı görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər".
27 mart 1945-ci ildə "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında" 316 saylı qərar qəbul olundu. Azərbaycan SSR Elmlər Akademiyasının Nizamnəməsi təsdiq edildi. Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk təsisçiləri – akademiklər müəyyən olundu.SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.L.Komarov Azərbaycan rəhbərliyinə göndərdiyi xüsusi məktubda Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşovdan birinin yeni yaradılacaq akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda həmçinin Heydər Hüseynovun akademiyanın vitse-prezidenti vəzifəsinə namizədliyi məqsədəuyğun sayılmışdı.
1945-ci il martın 31-də Azərbaycan SSRİ Elmlər Akademiyasının həqiqi üzvlərinin birinci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan SSR Elmlər Akademiyasının rəhbər heyəti seçildi. Akademik M.A.Mirqasımov yekdilliklə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, H.Hüseynov və Ş.Əzizbəyov Akademiyanın vitse-prezidenti, akademik M.S.Qaşqay akademik-katib seçildi.
1946-cı ildə Bağırovun təqdimatı ilə Heydər Hüseynov Marks-Engels-Lenin İnstitutunun(sonralar Partiya Tarixi İnstitutu adlanırdı) Azərbaycan filialının direktoru təyin olunur. Filialın direktoru olduğu müddətdə alim institutun işində bir çox dəyişikliklər edir. Onun təqdimatı ilə dəyərli alimlər Zülfəli İbrahimov, Miryusif Mirhadıyev, Məmməd Qazıyev işə dəvət olunur, institutun direktor müavini milliyyətcə erməni A.Petrosyan tutduğu vəzifədən azad edilir.
Heydər Hüseynovun təşəbbüsü ilə 1945-ci ildə ADU-nun tarix fakültəsinin nəzdində Fəlsəfə bölməsi,1947-ci ildə filologiya fakültəsinin nəzdində Məntiq və psixologiya bölməsi yaradılır. Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi tərkibində Fəlsəfə və Hüquq İnstitutunun fəaliyyətə başlaması Hüseynovun savadlı elmi kadrlar yetişdirmək və fəlsəfə məktəbini yaratmaq arzusunun reallaşmasına doğru böyük bir addım idi.Savadlı mütəxəssislərə böyük ehtiyac olduğu bir zamanda H.Hüseynov fakültə üçün tələbə seçimi ilə şəxsən məşğul olur. Dünyagörüşlü gənclərin tədrisə cəlb olunması məqsədilə rayonlara gedir, çıxışlar edir, qəbul imtahanlarında şəxsən iştirak edirdi.
1947-ci ildə H.Hüseynov AzərbaycanAli Sovetinə üzvseçilir. 1948-ci ildə H.Hüseynov 4 cildlik "Tam rus-Azərbaycan lüğəti"nə görə Stalin mükafatına layiq görülür. Həmin ilalim Azərbaycan K(b)P MK Bakı Komitəsinin 5,6 may ayında keçirilmiş plenumunun qərarı ilə Bakı Şəhər Partiya Komitəsi Bürosunun üzvü seçilir.
H.Hüseynovun uğurları ona çoxlu dostla bərabər, düşmən də qazandırır. Alimin yuxarı vəzifələrə çəkiləcəyi ilə bağlı xəbərlər bir çoxlarına rahatlıq vermir. H.Hüseynovu Bağırovun gözündən salmaq üçün hər vasitəyə əl atılır. Ailəsi ilə bağlı faktlar dərindən araşdırılmağa, alimə qarşı kompromatlar yığılmağa başlanır. H.Hüseynovun qardaşlarının Türkiyə vətəndaşı, qayınatasının "xalq düşməni" olması qabarıq, şişirdilmiş şəkildə Mircəfər Bağırova çatdırılır. Düşmən istəyinə nail olur: həqiqətləri gizlətməkdə ittiham edilən H.Hüseynova töhmət verilir.
1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı tərəfindən H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən"kitabı nəşr olunur.Əsərlə tanış olduqca o mürəkkəb dövrdə Azərbaycan aliminin milli təəssübkeşliklə apardığı tədqiqatlarındakı cəsarətinə valeh olmaya bilmirsən. Dövrün diktəsindən gələn ideoloji məqamlar və təhlillərdəki bəzi təhriflər, fikrimcə, əsərə diqqətlə yanaşan oxucu üçün yamaq təsiri bağışlayır. Əsas məsələ alimin Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi ilə bağlı ona qədər deyilməyən fikirləri, arxiv sənədlərinə, ilkin mənbələrə, əlyazmalara əsaslanan mülahizələridir.
Deyirlər, kitabların da insanlar kimi taleyi olur. Bu kitabın da taleyinə müəllifinin son sevinci və son ağrısı olması yazılıbmış.Heydər Hüseynov özü bunu əvvəlcədən hiss edir və hələ əsər cəmiyyətdə yayılmamış deyirdi: "Bu kitab ya məni göylərə qaldıracaq, ya yerə vuracaq".
Kitabın ön sözündə H.Hüseynov yazır: "Müəllifin məqsədi oxucuları ən ümumi şəkildə, detallara varmadan Azərbaycanın qədim və orta əsrlər mədəniyyət tarixinin elə əsas məqamları ilə tanış etməkdir ki, onlarsız XIX əsr mədəniyyəti keçmişdən təcrid olunmuş olar və ona gorə Azərbaycan xalqının mənəvi inkişafının yeni mərhələsi kimi dərk oluna bilməz".
İtən, qırılan varislik bağlarını bərpa etmək, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırmaq kimi müqəddəs missiyanı boynuna götürən alim, sözsüz ki, özünü böyük təhlükə qarşısında qoyurdu. Millətlərə qismən azadlıq verən dövlətin hər belə yeniliyə reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Xırda bir "xəta" böyük bəlalara səbəb ola bilərdi. Bunu Heydər Hüseynov da bilirdi, onunla bir "cəbhə"də olan ziyalılarımız da.
"XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabı yazılan vaxtda məlum hadisələrə münasibət dəyişməyə, müharibə dövründə verilən nisbi azadlıq, ilıqlaşma müharibədən sonra yenidən məhdudlaş-mağa, sərtləşməyə, repressiyaların növbəti fazasına keçməyə başlamışdı.
H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabında görkəmli maarifçi-alimlər A.Bakıxanov, M.Ş.Vazeh, Mirzə Kazım bəy, M.F.Axundov və H.Zərdabinin həyatı, mühiti, ictimai-fəlsəfi görüşləri yer alırdı. Mirzə Kazım bəyə həsr olunmuş hissəyə: "Şamilin adı özündə çoxlu tarixi və vətənpərvərliklə bağlı fikirlər ehtiva edir... O, qəhrəmandır, qəhrəmanların yaradıcısıdır" epiqrafını seçməsi H.Hüseynovun taleyində öz mənfi rolunu oynayır. Alim tənqidlərə, təzyiqlərə tuş gəlir. 600 səhifəlik kitabın cəmi bir neçə səhifəsini əhatə edən məqalənin onu məhvə sürükləyəcəyini alim bilmirdi və bilə də bilməzdi. Bəlkə də, bu, alim üçün artıq çoxdan ciddi-cəhdlə hazırlanmış "məhv edilmə" planının həyata keçirilməsinə bir bəhanə idi. Çox güman ki, belə idi.
Qayıdaq kitabın təzəcə işıq üzü gördüyü məqamlara. Qeyd etmək lazımdır ki, H.Hüseynovun bu əsəri cəmiyyətdə böyük əks-səda doğurdu. Bunların canlı şahidi professor M.Mirhadıyev yazırdı: "H.Hüseynovun kitabı tez bir vaxtda bütün Sovet İttifaqına yayıldı. Filosofların, tarixçilərin, ədəbiyyatçıların, ictimai elmlər sahəsində çalışan mütəxəssislərin yüksək qiymətini aldı".
Ağır zəhmət bahasına başa gəlmiş əsərinin sevincini yaşayan H.Hüseynov onu bir çox tanışları kimi, SSRİ Yazıçıları İttifaqının baş katibi, Stalin Mükafatı üzrə Komitənin sədri A.Fadeyevə də göndərir. H.Hüseynovla A.Fadeyevin dostluğu hələ 1947-ci ildə, Nizaminin 800 illik yubiley tədbirləri zamanı başlamışdı. O vaxt Moskva nümayəndə heyəti tərkibində Bakıya gələn A.Fadeyev mədəniyyəti, biliyi, işgüzarlığı ilə seçilən H.Hüseynovu çox bəyənir. Sonradan onların əlaqələri dostluq münasibətinə keçir.
H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabı ilə tanış olan Fadeyev onu bəyənir və Stalin mükafatına təqdim edəcəyini bildirir.
Fərziyyələrə görə, məhz bu fakt – H.Hüseynovun kitabının respublika rəhbərindən xəbərsiz SSRİ-nin ən ali mükafatına təqdim olunması Bağırovu bərk hiddətləndirir. Bu addımı özünə nümayişkaranə sayğısızlıq hesab edir. H.Hüseynovu yanına çağırıb kitabı onun başına çırpır. Bununla da H.Hüseynovun taleyi həll olunur, "kitabı bağlanır". – Bu, cəmiyyətdə olan fikirlər idi.
Arxiv sənədlərini vərəqlədikcə, tədqiqatçıların fikirləri ilə tanış olduqca vəziyyətin heç də birmənalı olmadığı qənaətinə gəlirsən. M.İbrahimovun xatirələrindən:"Kitabı SSRİ Yazıçılar İttifaqı Dövlət Mükafatına irəli sürəndə respublikanın rəhbər təşkilatları buna etiraz etmədilər. Mükafatlar komitəsində müzakirə zamanı danışanlar kitabı təriflədilər. Həm açıq, həm də gizli səsvermədə əsər mükafata layiq görüldü. Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız-hesabsız idi".
Tədqiqatçı Ramiz Əhmədov yazır: AKP MK kitabın mükafata verilməsini məsləhət görmürsə, bundan Azərbaycan partiya və dövlət səlahiyyətlərinin və elmi ictimaiyyətin xəbəri yoxdursa, onu ən yüksək dövlət mükafatına kim və nə məqsədlə təqdim etmişdi? Bu, M.Bağırovun təqdiri və razılığı olmadan mümkün olmazdı".
Tədqiqatçı tamamilə haqlıdır. Arxiv sənədlərini araşdırdıqca göz önündə tamam başqa bir mənzərə canlanır. Burada bir sənəd – Nizami adına Ədəbiyyat İnstitutunun, Nizami muzeyinin və Azərbaycan SSR EA-nın Tarix İnstitutunun 21 sentyabr 1949-cu il Elmi Şurasının birgə iclasınınprotokolu diqqətimizi cəlb etdi. Gündəlikdə qoyulan əsas məsələ Heydər Hüseynovun "XIX əsrdə Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" əsərinin Stalin mükafatına təqdim olunması barədə idi. Bu protokol H.Hüseynovun kitabının elmi ictimaiyyətin xəbəri olmadan Stalin mükafatına təqdim olunması barədə fikri tamamilə alt-üst edir.
Sual doğur: bəs əslində, həqiqət necə idi? Həqiqət isə çox sadə – alimin müvəffəqiyyəti müəyyən dairələrdə narahatlıq doğurur, Bağırovun ona olan rəğbəti qıcıq oyadırdı.
H.Hüseynovun tələbəsi olmuş İrşad Əliyev:"O vaxt Heydər müəllim universitetdə fəlsəfə kafedrasının müdiri, Partiya Tarixi İnstitutunun direktoruydu. Həm də çoxlu elmi şuraların, redaksiyaların üzvüydü. Mərkəzi komitənin elm, təhsil, mədəniyyət sahəsinin bütün ağırlıqları onun üstünə düşürdü. Heydər müəllim Bağırovun da hörmətini qazanmışdı. O dövrdə Mərkəzi Komitədə bu sahədə rəhbərlik eləyən katiblər, şöbə müdirləri qorxurdular ki, nə vaxtsa yerlərini ona verməli olacaqlar. Məqam axtarırdılar onu Mircəfər Bağırovun gözündən salsınlar..."
Fevralın 14-ü Moskvaya, Ali Sovetin sessiyasına getməyə hazırlaşan alimi gecə saat 2-də MK-ya çağırır, Türkiyənin və İngiltərənin casusu Şamil haqqında əsər yazmaqda ittiham edirlər. Fevralın 15-i isə Akademiyaya gələn H.Hüseynov müavini Y.Tokarjevskinin onun yerində oturduğunu, seyfindən sənədlərinin, partiya biletinin götürüldüyünü görür. Alim başa düşürdü ki, "yuxarı"da artıq onun taleyini həll etmişlər və onun üçün "artıq hər şey bitmişdir". Bu mənəvi basqılara tab gətirə bilməyən alim 1950-ci ilin mart ayının əvvəlində akademiyadakı iş otağında hər iki biləyinin damarlarını kəsir. H.Hüseynovu xilas etmək mümkün olur. Alimin bu hərəkəti düşmənlərinə daha bir fürsət verir. Onlar H.Hüseynovun bu addımını partiyaya qarşı protest kimi qiymətləndirir və Bağırovun gözündə onu daha da nüfuzdan salırlar.
H.Hüseynova qarşı kampaniya vüsət alır. Alim tutduğu bütün vəzifələrdən uzaqlaşdırılır. "Partiya qeydiyyatında olduğu institut onu partiyadan, Akademiyada isə EA-nın həqiqi üzvlüyündən çıxardırlar. Yerlərdə onun adının yamanlanmasına çalışırlar. Azərbaycan K(b)P MK-sı onu Partiya Tarixi İnstitutunun direktoru vəzifəsindən çıxarır...".
H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabını aşağılamaq istiqamətində işlərə start verilir. Bağırov "özbaşınalığa" yol vermiş alimi cəzalandırmaq, onu tarixi həqiqətləri düzgün qiymətləndirməməkdə, müridizmi mürtəce bir cərəyan kimi verməməkdə suçlamaq qərarına gəlir. Materiallar toplamaq üçün bir qrup alim Moskva, Leninqrad və başqa şəhərlərin arxivlərinə göndərilir. H.Hüseynovun əsərinə müsbət rəy verənlər, mətbuatda çıxış edənlər tənqid atəşinə tutulur, təqib olunur.
İttifaq miqyasında Şamilə qarşı kampaniya başlayır."Literaturnaya qazeta" 27 iyul nömrəsində yazır: "...Qafqaz xalqlarının tarixində müridizmin və Şamilin rolunun saxta, tarixə zidd konsepsiyalarının ifşa olunması istər, alimlərimiz üçün istərsə də ədəbiyyatçılar üçün böyük və mühüm dərsdir. Azərbaycanın partiya və ictimai təşkilatları müridizm və Şamil hərəkatının ifşa edilməsində fəxri rol oynamışlar".
İyulun 14-də Filarmoniyanın yay salonunda ziyalılarının yığıncağı keçirildi. "...hamı bilirdi ki, bu yığıncaq Heydər Hüseynovun "ifşa olunması"na, "pislənməsi"nə həsr olunmuşdur".
Tədbir iki gün çəkir. Mənbələrə görə, zalda iki minə yaxın adam – alimlər, ədəbiyyat, incəsənət, tibb işçiləri, yaradıcı kollektivlərin rəhbərləri və aparıcı mütəxəssislər toplaşır, ezamiyyətdə, məzuniyyətdə olanlar geri çağırılır. Deyilənə görə, H.Hüseynov yığıncağa gəlsə də, içəri buraxılmır. Mircəfər Bağırov "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" mövzusunda məruzə edir. Məruzənin II hissəsi bütövlükdə H.Hüseynovun "XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən" kitabının müəllifinin "burjua millətçisi, ciddi siyasi səhvlər buraxan alim kimi "ifşa"sına həsr olunur.İclas Bağırovun məruzəsi ətrafında müzakirələrlə davam etdirilir. Çıxışçılar alimi və onun kitabını ittiham etməkdə bir-biri ilə bəhsə girir: "Şamil hərəkatını mütərəqqi bir hərəkat kimi qələmə vermək, Heydər Hüseynovun antimarksist, zərərli kitabında olduğu kimi göstərmək – panislamizmə, pantürkizmə xidmət etmək bugünkü qaniçici imperializmin dəyirmanına su tökmək deməkdir" və ya "Tənqidimizdə liberalizm, dostbazlıq, qorxaqlıq, sovet tənqidçisinə yaraşmayan sifətlər, ailəçilik uzun zaman özünü göstərmişdir. Belə olmasaydı, ədəbiyyatımızın inkişafı üçün zəruri olan məsələləri unudub Heydər Hüseynovun burjua millətçiliyini təbliğ edən "XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən" adlı zərərli kitabına mədhiyyələr yazılmazdı". M.Bağırov istədiyinə nail olur. O, sayğısızlıq göstərən hər bir kəsə təkcə respublika deyil, ümumittifaq səviyyədə cəza verə biləcəyinə qadir olduğunu nümayiş etdirmişdi. Sara xanım o günləri belə xatırlayır: "Atam tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onun son addımı atmasına səbəb oldu".
Avqustun 13-də H.Hüseynovun qardaşı Yaqubu həbs edirlər. Bu, əsəbləri tarıma çəkilmiş alim üçün sonuncu damla olur. O, tezliklə həbs olunacağına şübhə etmirdi. Nigarançılığı ailəsindən – üç qızından idi. İndi onlar "xalq düşməninin ailəsi" damğası ilə yaşamağa məhkum olacaqdılar. İçini yandıran, ona yaşamağa imkan verməyən əzablara son qoymaq üçün H.Hüseynov avqustun 15-i bağ evində intihar edir.Alimin qızı Leyla xanımın xatirələrindən:"Plenumdan sonra deyirdi, mən yaşamayacağam. Qorxuram ki, bir gün gəlib sizi aparacaqlar. Bunu görməkdənsə, ölüm yaxşıdır". Biz uşaq olsaq da, çox şeyi başa düşürdük. Atamı tək qoymamaq üçün hamımız bir otaqda yatırdıq. İntihar etməmişdən əvvəl, gecə atam bizim üzümüzdən öpdü. Gördüm ki, gözləri yaşarıb. Səhərə yaxın anamın qışqırığını eşitdik".
Ömrünü xalqının maariflənməsinə, elmin inkişafına sərf edən böyük ziyalı, görkəmli alim və şəxsiyyət H.Hüseynov 42 yaşında həyatla vidalaşır. Alimin sənədləri məhv edilir, onun yaddaşlardan silinməsinə, unudulmasına hər cür səy göstərilir. Lakin son sözü zaman deyir. Stalin-Bağırov rejiminin süqutu bir çoxları kimi, H.Hüseynovun, Şamilin üzərindən qara pərdəni götürür. Hər iksi bəraət alır. Adları hörmətlə çəkilir: "O vaxt ki bəzi insanlar, o cümlədən dağıstanlılar (Şamilin həmvətənləri) imamın ağ çalmasını çirkaba batırırdı, sonradan onu təmizə çıxaran məqalələr yazırdılar. Bir azərbaycanlı isə başqa yol seçdi. Hafizələrdə o, təmiz adam kimi qaldı" (Donoqo Hacı Murat).
H.Hüseynov kommunist ideologiya-sının, marksist-leninçi fəlsəfənin yetirməsi olsa da, ömrü boyu milli varlığına bağlılığını itirmədi, cəmiyyətinin verdiyi bütün imkanlardan məhz millət üçün, xalq üçün istifadə etdi. Şərəfli bir ömür yaşadı.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)
MARAQLI SÖHBƏTLƏR – dünyanın ən qeyri-adi xalqı - pamirlilər
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərdəyik. Bu gün bəlkə də çoxlarınızın adını eşitmədiyi pamirli xalqı barədə danışacağam. Pamirilər – Yer üzündə ən sirli və eyni zamanda ən çox ayrı-seçkiliyə məruz qalan xalqlardan biridir.
Pamir — dəniz səviyyəsindən 2800-dən 7495 metrədək yüksəkliklərə malik olan, dünyanın məşhur yüksək dağlıq bölgələrindən biridir və bütün dünyada “Dünyanın damı” kimi tanınır.
Pamir — sərt dağlıq bir diyar — qədim bir xalqın vətənidir ki, onlar haqqında demək olar, heç nə məlum deyil. İzolyasiyada yaşadıqları üçün öz qədim dillərini, maraqlı adət-ənənələrini qoruyub saxlaya bilmişlər. Asiyada yaranan bütün imperiyalar Pamiri fəth etməyə çalışıblar: Sasanilər, türklər, çinlilər, ərəblər, monqollar, Teymurilər… Lakin heç kəs Pamiri fəth edə bilməyib: dağlılar qəhrəmancasına müqavimət göstəriblər, onların uğuruna isə ərazini yaxşı tanımaları kömək edib...
Pamirilərin özləri arasında belə bir fikir yayılıb ki, guya onlar Makedoniyalı İsgəndərin nəslindəndirlər. Halbuki İsgəndərin ordusu əsasən düzənlikdə döyüşərək imperiya yaratmışdı.
Bir çox tədqiqatçılar isə pamiriləri qədim skif və sak tayfalarının törəmələri hesab edirlər...
Bu gün pamirilərin ümumi sayı təxminən 300 min nəfər təşkil edir.
Xarici görünüşlərinə görə bu xalq daha çox avropalılara bənzəyir, nəinki asiyalılara. Onların çox vaxt boz, yaşıl və ya göy gözləri, açıq rəngli və sarımtıl saçları olur.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)