Samir Əfsəroğlunun "Dostluq" şeiri və Murad Vəlixanov Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Ədəbiyyat və İncəsənət" portalı əməkdaşları ilə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasını davam etdirir.

Bu dəfə rubrikamızın qonağı - əməkdaşımız öyrənməyə meyilli, əziyyətin bəhrəsini sevən Murad Vəlixanovdur.

 

--Xoş gördük, Murad bəy, söz Sizindir.

 

--Salam, Ülviyyə xanım, xoş gördük. " Ədəbiyyat və İncəsənət" portalı mənim həyatımda önəmli rol oynayır və arzularımın gerçəkləşməsində yaxından dəstək göstərir.

Mənim 26 yaşım var,  ədəbiyyata olan hədsiz marağım hədəflərimi daha da genişləndirməyə vəsilə olub. Bu gün dostluq haqqında danışacağam və mövzuya Samir Əfsəroğlunun "Dostluq" şeiri ilə başlamaq istəyirəm.

 

DOSTLUQ

Mən nə deyim bu talehə-qismətə,

Dostlar dönüb düşmən ola bilərmiş.

Hər loxmanı yarı bölüb verdiyin,

Son tikəndə gözü qala bilərmiş.

 

Yaman yerdə axşamladıq, deyəsən,

Can dediyin can qəsdinə durarmış.

Arxalanıb kürəyini döndüyün,

Gülə-gülə kürəyindən vurarmış.

 

 

Zülmə susub boyun əyib gedəndə,

Vicdan dinib tənə edib gülərmiş.

Nə biləydim xəyalların yasında,

Ən son qalan ümidlərdə ölərmiş.

 

Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir. Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. “Dostlarınla gözəl münasibət qur” deyirəm hər kəsə.

Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi üstün tuturlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin edilmiş olar.

Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd, yaxşıların yanına getmək pislərin yanında hörmətini azaltdığı kimi, pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin dostluğu sənə nəsib olsun. Amma heç vaxt axmaq adamlarla dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki, yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.