Super User

Super User

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Süməyyə Xanməhəmmədinin şeirləritəqdim ediləcək.

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

1.

Bu mənəm

Əlində bir çamadan yolçuluq

Üz-gözü palçıqlı qaranlığa bulaşan!

Bu mənəm...

Gözlərimin dibinə qədər

Çalır pəltək bir yazını Şopen əllərim

Ucalır səssizliyim.

İstədiyim qədər dayanır

İstəmədiyim qədər yola düşür məndən öncə bu mən!..

Yaşadıqca ölür məndə bir şey

Otururam səsimin önündə

Duymur məni heç...

Çizir Pikasso əllərin

Saçlarımın buruq-buruq yollarını...

Dar-düdük bir geyim çəkirəm beynimin əyninə...

Makyajlanır kitablarımdakı qadınlar.

 

Üşüyürəm damı, divarı darıxmalarımı...

Bağrıma basdığım soyuq tavanları sanki

Yalnız düşüncələrimiz öpə biləcəklər bir-birlərini...

 

2.

Bir kürə fırladır başımı

Qara dəliklərin içinə!

Nəslimi kökləyirəm

Bir əsri oyandırıb

Paltosunu

Çəliyini götürüb

Gözlüyünü taxıram

Olmayan qızımın gəlincikləri ilə

İçimi çantaya töküb

Dünyanın bütün erkəkləri ilə qaçıram bu şəhərdən!

Məndən sonra

Olursa...

Sadəcə

Balaca bir devrim olur!..

 

3.

Və...

Gedir taksi

Gündüzü

Qırmızı çıraqdan sovuşur!

Boş bir qadın...

Tüstülədir şəhəri külqabı dibində!

Gecənin boğazından

Sallanır külək

Saçlarını

Uçurtma uçurdur!

Gedir taksi

Ağrıyır boylu bir kişini

Şüşələr dodağını əmir

Dəsmal çəkir gözlərinə

Fallarını heç zaman almadığı uşaqlar!

Yol gedir caddə

Saralır matikləri

Bir boş qadın

Kortaj olur insandan

Tikələnir gözləri

Önəmli deyil qanı

Pozitiv yoxsa neqativ!

Eşit ölçüdə

Bulunur dodaqları!

 

4.

Ləhləyir çərçivəmdə gözlərin

Çeynəyib uduram yolları

Qapanırıq

Sadəcə ortamızda bir körpə qanayır

Barmaqlarının üzülməsini görmədən!

Pozuruq oyuncaqlarının

Pozlu qadının!

Heç belə şaşırmadan!

Yuxularına qatırıq ölüm dadını

Geyinirik döyüş paltarlarına

Dördüncü dünya savaşında!

Heç belə vecimizə almadan

Qafamızı gəmiririk!

Qapımızdakı itin heykəli pozulur

Səni

Hər gün başqa bir dekorda tamsındığında

Söküb dağıdır bizi

Və səni düyünlədiyim buxçanı!

 

5.

Yolları başımdan asıram

Kimisə gövdəmi soruşur

Barmaqlarımın üzərində yeriyir.

Uşaqlarımı məndə doğan

Qarğanmış bir peyğəmbərlə

Yel küçələri özü ilə aparır

Sözcüklərimin dekorası pozulduğundan qar yağır...

Mən isə doqquz aylığının yanında

Sabah üçün şal ilə papaq toxuyuram.

Özümü taxçadan götürüb

Ən uşaqyana qadının əli ilə

Qarın bumu üstündə rəsimlənirəm

Oğlumun doğulması ilə su olan,

Küçənin başındakı qar adamı sayaq...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İqlim dəyişiklikləri və ekoloji problemlər, bu günümüzün ən önəmli qlobal məsələlərindən biridir. Bu məsələlər, yer üzündəki təbii sistemlərin pozulması və insanların həyatına olan təsirləri ilə bağlı geniş müzakirələrə səbəb olur. İqlim dəyişikliyi, ekosistemlərə və insanların həyatına ciddi təsir göstərə biləcək bir problemdir və bu məsələnin həlli çox vaxt sürətli və birgə fəaliyyət tələb edir.

 

İqlim Dəyişiklikləri:

 

İqlim dəyişiklikləri, yerin atmosferindəki uzunmüddətli dəyişiklikləri və bu dəyişikliklərin planetin ekosisteminə və həyat şərtlərinə təsirini ifadə edir. Bu dəyişikliklərin əsas səbəbi insan fəaliyyətidir, xüsusilə sənayeləşmə və fosil yanacaqların (neft, kömür, təbii qaz) yandırılması ilə bağlı emissiyalardır.

 

1. Qlobal istiləşmə:

Qlobal istiləşmə, planetin orta temperaturunun artmasını nəzərdə tutur. Bu proses, atmosferə buraxılan qazlar (karbon dioksid, metan, nitrojen oksidləri və s.) nəticəsində istilik enerjisinin tutulmasına səbəb olur. Bu, iqlim şərtlərinin dəyişməsinə və təbii fəlakətlərin artmasına yol açır.

 

2. Qlobal istiləşmənin təsirləri:

*Buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması:*

Yüksələn temperatur nəticəsində, qütb bölgələrindəki buzlaqlar və dağ buzları əriməyə başlayır. Bu, dəniz səviyyəsinin yüksəlməsinə və sahil bölgələrindəki ərazilərin su altında qalmasına səbəb olur.

*Ekstremal hava hadisələri:*

Qlobal istiləşmə, tropik fırtınaların, qasırğaların, quraqlıqların, sel və digər ekstremal hava hadisələrinin artmasına səbəb olur.

*Əkinçilik və su təchizatı:*

Quraqlıqlar və iqlim dəyişiklikləri nəticəsində suyun təchizatı və əkinçilik sahələri əhəmiyyətli dərəcədə təsirlənir. Bu, qida təhlükəsizliyinə və kənd təsərrüfatına ciddi təsir edir.

 

Ekoloji Problemlər:

İqlim dəyişikliklərinin gətirdiyi ekoloji problemlər, təbiətə və insan həyatına birbaşa təsir göstərir. İnsan fəaliyyəti ekosistemləri təhdid edir, biyoçeşidliliyi azaldır və ekosistem xidmətlərini zəiflədir.

*1. Çirklənmə:*

 

*Hava çirkliliyi:*

Sənaye fəaliyyəti, nəqliyyat vasitələrinin istifadəsi və enerji istehsalı nəticəsində havada zəhərli maddələr (karbon monoksid, azot oksidləri, kükürd dioksid və s.) yığılır. Bu çirkləndirici maddələr yalnız sağlamlıq problemləri yaratmır, həm də iqlim dəyişikliyinə təsir edir.

*Su çirkliliyi:*

Kimyəvi maddələrin və plastiklərin su hövzələrinə atılması, su təchizatı üçün həyati əhəmiyyətə malik olan təbii resursları çirkləndirir.

*Torpaq çirkliliyi:*

Kimyəvi gübrələr, pestisidlər və sənaye tullantıları torpağı çirkləndirir və bu da bitkilərin və heyvanların sağ qalmasına təhlükə yaradır.

*2. Biyoçeşidlik itkisi:*

İqlim dəyişiklikləri və ekosistemlərin pozulması nəticəsində, bir çox növün həyat mühiti itir, bu da onların yox olmasına gətirib çıxarır. Təbii ekosistemlərdəki biyoçeşidlik, insanların qida zəncirindəki rolunu oynayır və ekosistemlərin davamlılığını təmin edir.

*3. Meşələrin kəsilməsi:*

Meşələr, karbon dioksidi udmaq və oksigen istehsal etmək baxımından vacibdir. Ancaq meşələrin kəsilməsi, əkinçilik və şəhərsalma səbəbiylə meşə sahələrinin azalması, ekosistemi ciddi şəkildə təhdid edir.

*4. Su ehtiyatlarının azalması:*

Artan əhali və sənayeləşmə nəticəsində təbii su ehtiyatları azalır. İqlim dəyişiklikləri ilə bağlı quraqlıqlar və suyun qeyri-bərabər paylanması su təchizatını çətinləşdirir.

 

İqlim Dəyişiklikləri və Ekoloji Problemlərin Qarşısının Alınması:

 

*1. Fosil Yanacaqların Azaldılması:*

Fosil yanacaqların istifadəsinin azaldılması və təmiz enerji mənbələrinin istifadəsinin artırılması. Günəş enerjisi, külək enerjisi və hidrogen kimi bərpa olunan enerji mənbələri bu sahədə mühüm addımlar atmağa kömək edir.

*2. Yaşıl İnfrastruktur:*

Yaşıl şəhərlər və şəhərsalma layihələri təbiətə uyğun inkişafı təşviq edir. Bu, həm də karbon emissiyalarını azaldır və təbii ekosistemləri qoruyur.

*3. Meşəçilik və Bərpa:*

Meşələrin qorunması və bərpası, atmosferdən karbon dioksidi udmaq üçün vacib bir yanaşmadır. Ağaçların əkilməsi və ya mövcud meşələrin qorunması həm iqlim dəyişikliklərinə, həm də ekosistemlərə müsbət təsir edir.

*4. Təkrar İstifadə və Geri Dönüşüm:*

Plastiklər və digər tullantıların təkrar istifadəsi və geri dönüştürülməsi, çirklənmənin qarşısını almağa kömək edir. Bu, həmçinin təbii resursların israfını azaldır.

*5. Beynəlxalq Sazişlər və Kooperasiya:*

Qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə üçün beynəlxalq əməkdaşlıq önəmlidir. Paris İqlim Razılaşması kimi sazişlər, ölkələrə iqlim dəyişiklikləri ilə mübarizədə qarşılıqlı məsuliyyət götürməyə imkan verir.

 

_İqlim Dəyişiklikləri və Ekoloji Problemlərlə Mübarizədə Hər Kəsin Rolu:_

*Fərdi səviyyədə:*

Hər kəs gündəlik həyatında enerji təchizatını optimallaşdırmaq, təkrar istifadə etmək, tullantıları azaltmaq və təmiz enerji mənbələrinə keçid etməklə iqlim dəyişikliyinə qarşı mübarizəyə qatılmağa kömək edə bilər.

*Sosial və siyasi səviyyədə:*

Hökumətlər və beynəlxalq təşkilatlar iqlim dəyişikliklərinin qarşısını almaq üçün qanunvericilik və siyasətlər tətbiq etməli, təmiz enerji investisiyalarını dəstəkləməlidir.

 

İqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı mübarizə, qlobal səviyyədə çoxşaxəli və uzunmüddətli bir yanaşma tələb edir. Bu mövzuda hər bir fərdin və təşkilatın fəaliyyətləri çox önəmlidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Hacı Abbas Əli oğlu Bağırov, provizor-həkim, Tibb üzrə fəlsəfə doktoru. Qələbə Tibb Mərkəzi MMC-nin direktoru. “Ədəbiyyat və incəsənət” üçün. 

 

Nərimanlı kəndini şərəfləndirən ziyalı şəxsiyyətlərdən biri 17 aprel 1962-ci ildə Bakı şəhərində dünyaya göz açan  Elşən Qurbanovdur. Professor Elşən Qurbanov dünyanın nüfuzlu dairələrində tanınmış böyük azərbaycanlı alimdir. 

 

O, Azərbaycan, İnqilis, Rus dillərini mükəmməl; Türk, Yapon dillərini yüksək səviyyədə bilir. 1979-1984-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində Magistr dərəcəsi, 1986-1990-cı ildə Sankt Peterburq Dövlət Texniki Universitetində “Neft və Qaz Qurğularının hidrodinamikası, layihələndirməsi və tikintisi” üzrə Fəlsəfə Doktoru (Ph.D.) dərəcəsi almışdır. 1994-1996-cı ildə Yaponiyanın Tsukuba Universitetinin, Sosial və İqtisadi Planlaşdırma fakultəsində “Beynəlxalq Müştərək Müəssisələrin və Multi-Milli Korporasiyaların İdarəolunması” üzrə xüsusi proqramın Fəlsəfə Magistri (Yaponiyanın MBA uyğunluğu) dərəcəsi almağa müvəffəq olmuşdur. 

1996-1998-ci ildə Tsukuba Universitetin (Yaponiya) “İdarəetmə Elmləri və Sosial Siyasət” İnstitutunda “Yapon şirkətlərinin qeyri müəyyən bazarlarda investisiyaları”-nı araşdıraraq doktorluq dərəcəsini müdafiə edib. Yaponiyada elmi işi müdafiə etmiş ilk Azərbaycan vətəndaşı olaraq, 1998-ci ilin fevral ayında Tokio şəhərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüş zamanı onun doktorluq işi Ümummilli Liderə Yaponiya rəsmi nümayəndələri tərəfindən  şəxsən təqdim olunaraq yüksək səviyyədə təqdir edilmişdir. 

2011-- 2013-cü illərdə London İqtisadiyyət Məktəbində (London School of Economics) “Beynəlxalq İqtisadiyyat və Xarici Siyasət” mövzusunda Böyük Britaniyanın Diplomatları üçün Xüsusi Proqramın məzunudur. 

Professor Elşən Mahmud oğlu Qurbanovun əmək fəaliyyəti çoxşaxəlidir və dünyanın harasında olursa olsun, Azərbaycan adına ucalıq gətirən lahiyələrin müəllifi və icraçısı kimi şöhrət qazanmışdır. 1983-cü ildən Dövlət Neft Şirkətinin Layihə institunda Neft və Qaz qurğularının rəqəmsal layihələşdirilməsi departamentində mühəndislikdən başlayıb, SOCAR-da işlədiyi müddətdə Azəri-Çiraq-Günəşli layihəsinin İqtisadi əsaslandırılmasının koordinatoru olmaqla bərabər Xarici İnvestisiyalar İdarəsinin Marketing və Kontraktlar Departamentinin Müdir müavini işləmişdir.

 

1998-ci ildən İTOCHU Korporasiyasının Azərbaycanda Nümayəndəsinin müavini, sonra isə Yapon Azərbaycan Neft Əməliyyət Şirkətinin (JAOC) STƏM, Əməliyyatlar, Dövlət və İctimaiyyətlə Əlaqələr üzrə Baş Koordinatoru olmuşdur. 2005-ci ildən AZPROMO-nun İxrac üzrə direktoru, AZPROMO-nun Qazaxıstanda Nümayəndəliyin rəhbəri, sonra isə 2010-cu ildən Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Strateji İnkişaf və İnvestisiya Layihələri” departamentinin müdiri olub. 

2011-ci ildən Azərbaycanda Böyük Britaniya Səfirliyinin Enerji Sektoru və İqtisadi məsələlər üzrə baş müşaviri olaraq Böyük Britaniyanın maliyyə qurumları ilə əlaqələr, iri miqyaslı layihələrin inkişafı və Dövlət orqanları ilə əlaqələr üzrə məsul şəxs olub. 2013-cü ildən Şotlandiyanın Ariot Vott Universiteti və Baki Ali Neft Məktəbinin professoru olaraq “Neftkimya sektorunda Biznesin və Layihələrin idarəolunması və İnkişafı”, “Neft Sektorunun İqtisadiyyatı və Layihələrinin İnkişafı” və “Strateji İdarəetmə” mövzularında aparıcı lektor olub.

2015-ci ildən özəl sektorda Maşınqayırma, Mühəndislik və Kənd təsərrüfatı sahələrində innovativ və Hi-Tech layihələrinin maliyyələşdirilməsi və inkişafına rəhbərlik edib. 2018-ci ildən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin Yanvarından Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq – BİRGƏ investisiya şirkətinin Baş Direktoru olmuşdur. 2020-ci ilin Sentyabrından Azərbacan Memarlıq və İnşaat Universitetinin Biznesin İqtisadiyyatı və Menecment kafedrasının, sonra isə Layihələrin İdarə olunması kafedrasının professorudur.  Dünya Bankı, BMT İnkişaf Programı və Avropa İttifaqının və yerli qrant əsaslı təhsil və təlim, energetika, emal və sairə bu kimi sektorlarda bir sıra layihələrin iştirakçısı və rəhbəri olub.

2013-cü ildən mütəmadi olaraq Bakı Ali Neft Məktəbi, Heriot Watt Universiteti, Jeneva Biznes Məktəbi, Qərb Universiteti dəvət olunmuş professor və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin İqtisadiyyatı və Menecment kafedrasının professoru vəzifəsində işləyib. Dörd Magistr və bir Doktorantın elmi rəhbəridir. Respublika televiziyasının bir sıra kanallarında iqtisadiyyat, energetika, alternativ enerji və beynəlxalq əlaqələr üzrə aparıcı şərhçidir. Yaponiyada təhsil almış Azərbaycanlı məzunların assosiasiyasının təsisçisi və uzun müddət sədri olub. İtisadiyyat, Biznes, İdarəetmə, Maliyyə, Birbaşa İnvestisiyalar, Alternativ və bərpa olunan enerji, Neft və Qaz və yeni texnologiyalar sahələrdə yetmişdən artıq elmi məqalələr, məruzələr, rəsmi və məxfi hesabatların və üç kitabın müəllifidir. Beynəlxalq Neft Mühəndisləri (SPE) cəmiyyətinin üzvüdür.

Birinci Qarabağ Müharibəsi  başlayan zaman Elşən Qurbanov da bir çox vətənpərvər insanlar kimi könüllü olaraq Vətən uğrunda döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. 3 övladı var.

Bu cür şəxsiyyətlər Azərbaycanın adını uca edənlərdir deyə onlar barədə cəmiyyət yetərincə məlumatlanmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Çərşənbə, 16 Aprel 2025 23:40

OĞUZ ABİDƏLƏRİNDƏN: Bu dəfə Uğan mağara

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunun ərazisi tarixi abidələrlə yanaşı, təbii abidələrlə də zəngindir.  Rayon uca dağları, dərin dərələri, sıx meşələri, təbii qoruq və kolluqları, şirin sulu çayları, şəlalələri, qayaları, zəngin bitki örtüyünə malik subalp və alp çəmənləri, təbii mağara və kahaları ilə də turistləri cəlb edir.

Belə təbii mağaralardan biri də Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii “Uğan” mağarasıdır. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır. Turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir Uğan mağarası.

 “Uğan” toponiminin mənası haqqında maraqlı fikirlər vardır. Xalq etomologiyasına və bəzi tədqiqatçıların fikrinə görə "Uğ" və ya "ağ" Günəşi simvolizə edir.  Digər ehtimala görə isə "uğultu”, qulağa gələn sürəkli səs mənasındadır. Bəzi türk dilli xalqlarda isə "uğan-oğan" sülh tanrısının adıdır.

Tədqiqatçıların çoxu isə “uğan” sözünü “Tanrı” kimi izah edirlər. Rus tədqiqatçısıA.K.Borovkov XV əsrdə yaşamış Tali İmaninin əsərindəki "uğan" sözünü "tanrı" kimi tərcümə etmişdir. Tədqiqatçı Pava -de-Kurteyl 1870-ci ildə Parisdə çap olunan əsərində, Fətəli şah Qacar "Kitabi-lüğəti-ətrakiyə" əsərində "uğan" ifadəsini "tanrı" kimi mənalandırmışlar. Qədim türk dilli abidələrin görkəmli tədqiqatçısı Radlov "uğan" sözünün uyğur və cağatay mənşəli olub "tanrı” anlamında işləndiyini qeyd etmişdir. Mirəli Seyidov XI əsrdə yaşamış Yusif Balasaqunlunun "Kutadqu bilik", XIII-XIV əsrlərdə yaşamış Əl- Xarəzminin "Məhəbbətnamə" və Abdullah-əl Qütbinin "Xosrov və Şirin" əsərlərində "uğan" ifadəsinin "tanrı" mənasında işlənildiyini bildirir. Türkoloq A.Zayonçikovski də Abdullah əl-Qütbinin adı çəkilən əsərindəki sözlərin lüğətini hazırlayarkən "uğan" sözünü "tanrı” kimi tərcümə etmişdir. P.M. Melioranski 1900-cü ildə Peterburqda nəşr etdirdiyi "Arabskiy filoloq o turetskom yazıke" əsərində XIV əsr müəllifi ibn Mühənnanın əsərlərində rast gəlinən "uğan" sözünün də "tanrı" mənasında işlənildiyi göstərilmişdir. 

Lakin sonralar türk dillərində "uğan" sözü əvvəlki mənasını itirmiş və tədricən tanrının sifətlərindən, keyfiyyətlərindən birinə çevrilmişdir.  

 Dilçi-alim, filologiya elmləri doktoruİ.Cəfərsoy “Türk dillərində teonim və etnonimlər” (2010) adlı əsərində yazır: “Uğan Xəzər nəsillərindən biridir. Xəzər xaqanı Yusif Kür Tuba (Kordova) xəlifəsinin vəziri milliyyətcə yevrey olan Xasday ibn-Şafruta məktubunda yazır ki, Uğan Xəzər nəslidir. Onların qalası, silahlı qüvvələri var. Qədim mənbələrdə Ukan adlandırılan uğanlar Troya dövründə Anadoluda yaşayırdılar. Bu barədə er.əv.18-ci əsrə aid Xett mixiyazılı mətnlərində bilgilər vardır. Həmin mətnlər Türkiyənin Boğaz köy muzeyində saxlanır. Uğanlar xettlərlə, daha sonra yunanlarla vuruşa-vuruşa Anadoludan Albaniyaya köçdülər. Albaniya tarixinin anti-türk tərcüməçiləri Uğan etnonimini Oqen kimi oxuyurlar. Onlardan fərqlı olaraq akademik Meşşanınov yazır ki, o xalqın adı Ukan olmuşdur. Ərəblər Albaniyanı tutanda uğanlar onlara tabe olmadılar, Qafqaz dağlarının o üzünə köçüb özlərilə eyni kökdən olan Xəzər xaqanlarına qoşuldular. Uğan teonim mənşəli etnonimdir, yəni o, əvvəlcə tanrı adı olmuş, sonra etnik ada çevrilmişdir. Mahmud Kaşğari yazır ki, türklər qadir allah nidasının sinonimi kimi Ukan Tenqri ifadəsini işlədirlər. Uğan kəndləri, qalaları dağılıb yer üzündən silinmiş, yalnız Oğuz bölgəsində Uğan mağarası qalmışdır”.

Bir sıra tədqiqatçılar "onqon" (totem) sözünü də "uğan"la (Allahla) əlaqələndirirlər. Mirəli Seyidov, İ.N.Berezin, D.K.Zelenin, İ.Əbdülqadir onqonla "uğan" ifadələrinin eyni kökdən olduğunu qeyd edirlər. Həmin mağara ilə bağlı görkəmli folklorşünas Sədnik Paşayev tərəfindən qeydə alınmış əfsanə yuxarıda irəli sürülən mülahizələrin inandırıcı olmasını daha da gücləndirir. Həmin əfsanəyə görə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında yerləşən dağdakı mağarada nəhəng bir çöl atı yaşayırmış. Kəhərsiz yaşayan bu at mağaranın qabağındakı qara qayaya sürtünər, yeddi ildən sonra biri gecə, biri də gündüz rəngində bir cüt qulun doğarmış. Mirəli Seyidovun fikrincə, bu əfsanə başdan-başa mifik təsəvvürlərlə, əski inamla bağlıdır. Mifik təsəvvürlərə görə daş bala verir, dölləndirirdi. Qədim zamanlarda türk xalqlarında atın önəmli olduğunu nəzərə alsaq, yol tanrısının nəhəng çöl atı şəklində onqon kimi qəbul edilməsi heç də təəccüblü olmamalıdır.

Həmçinin əfsanəvi atın dağdakı mağarada yaşaması dağa inamla səsləşir. “Türk xaqlarında belə bir inam varmış ki, qəhrəmanların atları Günəşdən gəlir. Onda bu nəhəng, əfsanəvi çöl atı da Günəşlə bağlı ola bilər. Çöl atının qara qayadan dölləşməsi daşa inamla səsləşir. Əski təsəvvürdə belə bir inam varmış ki, daş uşaq verir, dölləndirir. Nəhayət, əfsanədə Günəşlə bağlı atın gündüz və gecə rəngində qulun doğması məsələsinə qalanda göstərildi ki, at Günəşdən gəlib. Elə bu inama görə də at gecə və gündüz rəngində bala verirmiş. Sözsüz ki, balaların gecə (qara), gündüz (ağ) rəngində olması ilə xalq günəşin gecə-gündüz yaratmasını göz qarşısına gətirmiş və beləliklə də əksliklər, dual təşkilat quruluşu qanunlarını da vermişdir. Bəllidir ki, gecə-gündüz, qara-ağ dual təşkilat və əksliklər anlayışı ilə sıx bağlıdır”.

Bu mağara barədə daha geniş yazmaq olardı. Amma yaxşısı budur ki, gəlib öz gözlərinizlə görün! Çünki görməyə dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

                                                             

 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Mehriban, sadə, təkəbbürdən uzaq adamdır. İnsanlara sevgiylə yanaşmağı, diqqət göstərməyi bacarır. Axırıncı dəfə onunla Şuşada görüşmüşdük. Yüz ilin dostları kimi bir-birimizdən hal-əhval tutub ayrıldıq. Amma çoxdandır ki, yollarımız kəsişmir...

 

“Mən mətbuat xidmətinə rəhbər təyin olunanda bəziləri deyib ki, biz onu tanımırıq. Bəli, bu mümkündür. Çünki nə mənim onları tanımaq, nə də onların məni tanımaq kimi borcumuz yoxdur. Təklif etmişəm ki, gəlin oturaq, tanış olaq. Çalışıram ki, hər kəslə münasibətlərimi yüksək səviyyədə qurum. Məndən əvvəl bu vəzifədə çalışan adam hər kəslə dost olan adam idi. O, bu dünyadan düşmən qazanmayıb getdi. Mən də çalışıram işimi dostluq konteksti üzərində qurum. Hazırda narazı insanlarla hansı layihələr üzərindən çalışmalı olmağın yollarını axtarıram. İstəyirəm birgə əməkdaşlıq edərək, dostluq münasibəti yaradım. Yəni barışdırıcı mövqe tutmaq istəyirəm...”- söyləyir.

 

O, 17 aprel 1980-ci ildə anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. Qəzetdə şöbə müdiri də olub, redaktor, baş redaktor vəzifələrində də çalışıb. Şair və jurnalistdir. 2001-ci ildə işıq üzü görən ilk kitabı "O dünyaya məktublar" adlanır. Ümumilikdə beşdən çox kitabın, eləcə də beşə yaxın şeirlər audio kitabının müəllifidir. "Aşk olsun" adlı türkcə şeirlər kitabı 2017-ci ildə Türkiyədə, "The World Smells Love" şeirlər kitabı isə 2021-ci ildə ingilis dilində nəşr olunub. 2010-cu ildən hər il 5 iyun tarixində keçirilən Şairlər Günü layihəsinin ideya müəllifi və təşkilatçısıdır. Hazırda Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinə rəhbərlik edir...

 

Deyir ki:- “Ağdam deyəndə mənim yarımçıq qalmış arzularım, orada qoyub gəldiyim uşaqlığım yadıma düşür. Ən çox xatırladığım, məzəli də olsa, uşaqlıq sevgim, bir də başıma yağan qəlpələr, gözümün önündə alışıb-yanan evlərdir. Birinci sinfə gedəndə yüzə qədər sayıb beş almağım, müəllimimin alnımdan öpməyi, sevdiyim iki qızın arasında qalmağım- hamısı yadımdadır. İki qızı bəyənmişdim, bilmirdim ki, hansını sevim. Sonra gözümün qabağında alışıb-yanan Ağdam passajını xatırlayıram. İndi hansısa ticarət mərkəzinin təmtəraqlı açılış mərasimini görəndə mənə gülməli gəlir. Çünki Ağdamda olan ticarət mərkəzi heç bir yerdə yox idi. Ağdam çox imkanlı bir bölgə idi...”

 

Sovet hökuməti dağılandan sonra ölkəmizdə fəaliyyət göstərən kitab mağazalarının hamısının təyinatını dəyişdirib müxtəlif obyektlərə çevirdilər. Kitab oxuyanların sayı kəskin azaldı. Nə ictimai nəqliyyatda, nə parklarda, demək olar ki, heç yerdə əlində kitab tutub oxuyanlara rast gəlmirdik. Yarıcırılmış kitabları ancaq zibil qutularında, ağacdibində və s. yerlərdə görmək olardı. Doğrudur, tələbələr texniki kitabları mütaliə edirdilər, amma kitabxanalarda bədii kitabları isə toz basırdı. Bir sözlə, kitab urvatdan düşmüşdü. Sevindirici haldır ki, bir sıra soydaşlarımızın hesabına kitab oxumaq ənənəsi yenidən bərpa olmağa başlayıb. Həmin soydaşlarımızdan biri də haqqında söhbət açdığım Xəyal Rzadır. Bəli, onun təşkil etdiyi Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı məhz bu nəcib işə xidmət göstərir. Doğrudur, həftəboyu davam edən bu tədbirlərdə Bakı əhalisinin az bir hissəsi iştirak edir, amma necə deyərlər, başlanğıc olduğu üçün buna da şükür etmək lazımdır. İnanın ki, ötən otuz ildə Azərbaycanda kitaba bu qədər dəyər verilməyib...

 

Ümumiyyətlə, Xəyal Rzanın fəaliyyəti çox rəngarəngdir. Onun haqqında çox danışmaq olar. Bir şair kimi qələmə aldığı onlarla gözəl poeziya nümunələri var. Bir jurnalist kimi isə karyerası uğurlu olub. Bir vaxtlar 8 səhifə həcmində, həftədə 4 dəfə, 20 min tirajla çap olunan “Sensasiya” qəzeti onun əsas meydanına çevrilib. O, bu qəzetdə “O dünyaya məktublar” başlığı altında dərc olunan yazıları vasitəsilə məşhurlaşıb. Və sözügedən qəzetdə müxbir vəzifəsindən başlayaraq, baş redaktora qədər yüksələ bilib...

...Bəli, Xəyal Rza xəyalları gerçəkləşdirən adamlardandır...

Bu gün - aprelin 17-si Xəyal bəyin 45 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qarabağ torpağının yaddaşını, müharibəsini yaşadan, tarixini lentə alan və gələcək nəsillərə ötürən insanlardan biri də Şakir Məmmədovdur. Onun yaratdığı "Arxiv Tv Qarabağ" kanalı, təkcə bir media platforması deyil, həm də bir xalqın keçmişinə olan sevgi və ehtiramın təcəssümüdür.​

 

Şakir Məmmədovun arxivindən bəhs edən videolar Qarabağ və Ağdamın keçmişini əks etdirən qiymətli görüntülərlə doludur. 1990-cı illərdən bu günə qədər toplanan materiallar Qarabağ bölgəsinin tarixini əks etdirir.​ "Arxiv Tv Qarabağ" kanalında yayımlanan görüntülərdə bölgənin mədəniyyətini, adət-ənənələrini və gündəlik həyatını, müharibə dövrünün çətinliyini görə bilərik.​ Şakir Məmmədov həm media sahəsində, həm də sosial şəbəkələrdə də fəallığı ilə seçilir. Onun Facebook səhifəsində də Qarabağ və Ağdamla bağlı arxiv materialları paylaşılır.​ Bu kanal  Qarabağın tarixini, mədəniyyətini və insanlarını gələcək nəsillərə çatdırmaq üçün əvəzsiz bir mənbədir.

Şakir Məmmədovun əməyi, təkcə bir jurnalistin işi yox, həm də bir vətənpərvərin missiyasıdır.​ Qarabağın hər daşı, hər ağacı, hər insanı bu arxivdə öz yerini tapır. Bu, bütün Azərbaycanın yaddaşıdır.​ Şakir Məmmədovun yaratdığı bu arxiv, gələcək nəsillər üçün bir xəzinədir. Onun əməyi, tariximizin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün əvəzsizdir.​ "Arxiv Tv Qarabağ" kanalı media platforması olmaqla yanaşı, bir xalqın yaddaşının qoruyucusudur. Bu kanal Qarabağın keçmişini, bu gününü və gələcəyini birləşdirən bir körpüdür. Onun yaratdığı arxiv, gələcək nəsillər üçün bir xəzinədir.​
Şakir Məmmədovla müsahibəni sizə təqdim edirəm.

 

-Salam, Şakir əmi, zəhmət olmasa, özünüz haqqında oxucularımıza məlumat verin.


 -Mən-Şakir Məmmədov 1966-cı ildə may ayının 13-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşam. Qiyaslı kənd tam orta məktəbinin 10-cu sinfini 1983-cü ildə bitirb, Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşam, 1988-ci ildə həmin ali məktəbi bitirmişəm. elə həmin ildə Ağdam Şampan zavodunda işə başlamışam. 1989-cu ildə ailə qurmuşam. 1993-cü ildən məlum səbəblərdən Bakıda yaşamışam. 1994-cü ildən 2006-cı ilə kimi Azərbaycan Televiziyasının Qarabağ üzrə xüsusi teleoperatoru olmuşam. 2006-cı ildən 2011-ci ilə kimi C. Naxçıvanski adına Hərbi liseydə operator işləmişəm. 2011-ci ildən isə bu günə kimi müxtəlif istiqamətlərdə şəxsi repartyor fəaliyyəti ilə məşğulam. Ailəliyəm, iki övladım, 1 nəvəm var.  Hal-hazırda “Arxiv Tv Qarabağ” youtube kanalının rəhbəriyəm.

 

-Çox gözəl,  necə oldu ki, videooperator olmağa qərar verdiniz, kəndimizin tədbirlərini, sonra isə Qarabağ döyüşlərini çəkməyə başladınız ? Çünki biz bilirik ki, keçən əsrin sonlarında Azərbaycanda videokamera hər adamda olmurdu. Məsələn, Ağdamda bir neçə şəxsdə var idi, biri də siz idiniz.

-Deməli, 1989-cu ildə bizim toyumuzda video çəkiliş oldu. Həmin vaxtdan mənim videokameraya böyük marağım yarandı. Atam rəhmətlik də mənim həvəsimi görüb videokamera almaq üçün mənə maddi dəstək oldu. Ondan sonra öz kəndimizdə, Ağdamda tanıyanlar, xəbəri olanlar məni el şənliklərinə, ad günlərinə çağırırdı. İnan səmimiyyətimə, o qədər həvəsim var idi ki, əksər tədbirləri ödənişsiz çəkirdim ki, bu sənəti öyrənim. Hətta kaseti də özüm alırdım.
Bildiyimiz kimi, 1988-ci ildən başlayan Qarabağda erməni separatizmi 1990-ci illərdə artıq müharibəyə çevrildi. Mən də hər bir qarabağlı kimi könüllü silaha sarıldım. Ağdamda Şirin Mirzəyev tərəfindən yaradılmış Qiyaslı könüllü batalyonunda döyüşlərə qatıldım. Onu da deyim ki, Şirin Mirzəyevin yaratdığı bu batalyonu müasir Azərbaycan tarixində ilk nizami ordu hesab etmək olar. Mənim əsas silahım kameram idi. O igidlərin arzularını, igidliyini, şücaətini lentə alırdım.

 

-Bəli, elə növbəti sualım da bu istiqamətdədir: Ən yadda qalan çəkilişləriniz haqqında bizə danışa bilərsinizmi?

 

-1991-ci ildə Ağdamın Qiyaslı kəndində 20 Yanvar hadisələrinin 1-ci ilini yad etmək üçün tədbir keçirilirdi. Rayon rəhbərliyi də iştirak edirdi. Qiyaslı məscidində ehsan verildi. Şəhidlərimiz yad edildi. Mənim ilk çəkilişim idi. Bu tarixi anlar idi.. İkinci ən yadda qalan çəkilişim Şahbulaqda rəhmətlik polkovnik-leytenant Şirin  Mirzəyevin bizim Qiyaslı rotası ilə görüşə gəlməsi idi. Yaxşı ki, bunu çəkmişəm.7 dəqiqə 20 saniyəlik kadrlar çox dəyərlidir. 1992-ci ildə Şirin Mirzəyev şəhid oldu, yuxarıdan qərar verildi ki, onun  yaratdığı könüllü batalyon ləğv edilsin. Bu zaman mən və silah yoldaşlarım buna etiraz etdik. Dedik ki, biz indiyə kimi bir manat maaş almamışıq və öz torpağımız üçün vuruşuruq. Yenə təmənnasız vuruşmağa hazırıq. Bu mənim çəkilişlərimdə də var. Düzdür, həmin vaxt ləğv etmədilər. Amma üstündən bir neçə ay keçəndən sonra könüllü batalyon ləğv edildi. Allahverdi Bağırov, Canpolad Rzayev və digərləri şəhid oldu. Ağdamın vuran qollarını bir-bir kəsdilər və Ağdam işğal olundu…(gözləri dolur, qəhərdən danışa bilmir).
Ağdamla bağlı son çəkilişim oldu. 21 iyulda Ağdamın Şampan zavodunu ermənilər vurdular. Ora təhlükəli olsa da, çəkiliş etdim. 1993-cü ilin iyunundan sonra Bərdədə yerləşdik, çox ümidli idik ki, tezliklə qayıdacağıq. Amma 30 il gözləməli olduq. Həmin vaxt Bərdədə yerləşən qaçqınlar üçün çadır düşərgələrini çəkdim. Ergi kəndində Milli Qəhərəman İbad Hüseynovun və kəşfiyyat dəstəsinin tarixi çəkilişini etdim. İbadgil 5 qardaşdır və hamısı Qarabağ müharibəsində can qoyublar. Sonra həmin çəkilişi İbadın özünə də təqdim etdim. Sonra Bakıya g
etdim, Ağası Hun ilə Azərbaycan Televiziyasına getdik. Orada Allahverdi Əsədovla görüşdük. İş elə gətirdi ki, Az.TV-nin Qarabağ üzrə xüsusi teleoperatoru oldum. 1994-cü ildə mart ayı əks həmlə əməliyyatı olmalı idi. Həmin vaxt döyüşdən əvvəl həmin hərbçiləri çəkdim. Bu da tarixi anlar idi. Onlardan şəhid olanlar oldu, son görüntülərini və danışıqlarını mən çəkdim. (yenə danışa bilmir, qəhərlənir). Ruhları şad olsun. Ən yadda qalan çəkilişlərdən biri də 1994-cü ildə mart ayının 14-də Ağdamın Kökəltmə deyilən ərazisində baş verdi. Əraziyə getdik, mövqeylərimizi çəkdik. Bizimkilər əks hücuma keçmişdilər. Tank və toplardan düşmənə atəş açılırdı. Bir neçə yaralını çəkdim. Onların içində özü Qarabağ qazisi, qardaşı birinci Qarabağ müharibəsində itkin düşmüş, oğlu isə 2020-ci ildə Murovdağ istiqamətində şəhid olmuş Mehman Göyüşov da var idi. Bundan sonra  düşmənin atdığı mərmi  düz bizim durduğumuz yerə düşdü. Bu zaman qəlpə rəhmətlik Cabiri ağır yaraladı. Əslində kameranı yerə qoyub ona kömək etmək istədim. Amma yoldaşlar çox idi. Həm də ölümcül yara idi. Özümdə güc tapıb onun şəhid olma anını lentə ala bildim. Bu, Qarabağ müharibələri tarixindən təkrar olmunmayan səhnə idi. Mən bir qəhrəmanın həyat və şəhidlik arasındakı məsafəsini çəkə bilmişdim…(yenə qəhər boğur, gözləri dolur.)

 

-Allah şəhidlərimizə rəhmət eləsin! Elə bil an olubmu ki, fikirləşmisiniz ki, bu çox tarixi və vacib anlardır, bunu lentə alım, amma çəkə bilməmisiniz?

 

-Çox sağ olun, çox yaxşı sualdır. Ümumiyytlə, 12 iyun- 23 iyul 1993-cü il tarixiləri Ağdam uğurundə qızğın döyüşlərin getdiyi bir vaxtlardır. 22 iyulda şəhər işğal olunur. Uzundərə istiqamətindən Bərdəyə sarı gedirik.Yol boyu insan axını, top, mərmi səsləri, uşaq qışqırtısı, qadınların fəryadı, şəhər yanır… (qəhərlənir….) Həmişə də kamera yanımda olur. Nə qədər cəhd elədim ki, çəkiliş edim, sanki qollarım qırılmışdı, özümdə deyildim, edə bilmədim. Maşını saxlayıb dikə çıxdım. Bu xalqımın başına gətirilən müsibəti, yanan doğma şəhərimi çəkə bilmədim…

 

-Çox ağırdır… Şakir əmi , 3 il özünüz döyüşmüsünüz, 15 ilə yaxın isə hərbi repartyor olmusunuz. Çəkilişlər zamanı ən çox sizi təəccübləndirən, təsir edən  nə olub?

 

-Qardaş oğlu, ürəyimi oxuyursan, bunu deməliyəm. Çox məqamlar olubdur. Birini deyim, 1994-cü ilin may ayının 12-də atəşkəs elan edildi. Bir müddət sonra ermənilər atəşkəsi bütün cəbhəboyu pozmuşdu. Bu zaman biz səfirliklərin nümayəndələri ilə cəhbə xəttinə getdik. Goranboyun Tatqarayoyunlu kəndi istiqamətində ordumuzun mövqeylərində olduq. Bu zaman erməni postu  ilə çox yaxın idik. Müşahidə və çəkiliş  zamanı bir leytenant gəlib girdi mənimlə düşmən postunun arasına və mənə dedi ki, siz kamera çəkirsiniz, sizi vurarlar. Təsəvvür edirsiniz, bizim necə qeyrətli oğullarımız var? Öz-özümə dedim ki, İlahi, dünyanın harasında bu cür ordu var? Öz vətəndaşını qorumaq üçün ona canını sipər edən oğullar, vallah, hər millətdə olmur. Bizim 1-ci Qarabağ müharibəsində də bu cür oğullarımız çox idi. Təəssüf ki, vahid komandanlıq olmadı. Yoxsa biz nə bu qədər itki verərdik, nə də torpaqlarımız işğal olunardı.

-Şakir əmi, necə oldu ki, “Arxiv Tv Qarabağ” youtube kanalını yaratmaq qərarına gəldiniz?

 

-Hə, deməli, videokasetlər uzun müddət qalanda görüntülər öz effektini itirir. Biz hər dəfə Ağdamın işğal günlərində Bakıda Şəhidlər xiyabanına yığışırdıq. Yoldaşlara müraciət etdik. Diskə köçürdük. İnsanlar məndən özlərinin və doğmalarının görüntülərini  istəyirdilər. Köçürüb verirdim. Bir daha səmimi deyim, mən bu işləri təmənnasız etmişəm. Sonra fikirləşdim ki, bu videoları həm qorumaq üçün, həm də təkcə Azərbaycandan yox, xaricdən olanların da baxması üçün youtube kanalını yaratdım. Əlimdəki videoları ora yerləşdirdim, böyük səs-küyə səbəb oldu. Hətta bəzi videolara 1 milyon baxış var. Bu məni xoşbəxt edir.

Kanalı linkini sizinlə bölüşürük: https://www.youtube.com/c/ArxivTvQaraba%C4%9F

 

-Çox şükür bu günə, Qarabağımız, Ağdamımız 2020-ci ildə azad oldu. 30 ildən sonra Ağdama ayaq basmaq, orada yenidən çəkiliş etmək necə hissdir? Zəhmət olmasa, təsüratlarınızı bizimlə bölüşün.

-Çox şükür, 2021-ci ilin sentyabrında Mirzəyevçilərlə (Şirin Mirzəyevin könüllü dəstəsində olanlar özünü belə adlandırır), şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı, bacımız Sevinc xanımın, Şirin Mirzəyevin həyat yoldaşı Flora anamızın  iştirakı ilə 30 nəfərlə Ağdama getdik. 836 nömrəli hərbi hissənin yaradıldığı yerə getməli idik. Əlmədədli kəndindəki Peşə məktəbinə getdik. Bərdədən başladım çəkməyə, həm də izah etməyə... Yol boyu, sevinc, qürurur, kədər, fərəh və s. dünyada elə bir hiss yox idi ki, mən o hissi yaşamayım… Ağdamın şəhidlər xiyabanına gəldik. Dəhşətə gəldim. Goreşənlər bütün şəhidlərin qəbirlərini eşmişdilər…(Kədərdən səsi batır, gözləri yaşarır). Qiyaslı və Ağdam məscidində olduq, ziyarət edib qayıtdıq… O torpaqlar uğrunda şəhid olanlar, torpağın həsrəti ilə bu dünyada köçənlər gəldilər gözümün qabağın... Çox şükür ki, qiasası aldıq, xarabalıq da olsa, şəhid şəhərimizə-Ağdamımıza qovuşduq. Mənə bu günləri görmək qismət oldu.

 

-Şakir əmi, vaxt ayırıb xatirələrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Son olaraq, indiki fəaliyyətiniz haqqında danışın və arzularınızı dilə gətiririn.

 

-Qardaş oğlu, yaradıcı adamlar kövrək olur. Mən sizə təşəkkür edirəm ki, vaxt ayırıb gəldiniz. Bilirisniz, keçmişi hamı danışmalıdır ki, gələcək nəslin xəbəri olsun. Həm döyüşçülər, həm mülki şahidlər, həm bizim kimi reportyorlar öz gördüklərini, eşitdiklərini, etdikləri danışmalıdır ki, biz sayıq olaq. Biz qalib gəlmişik, amma müharibə bitməyib, düşmən yatmayıbdır. İndi mən şəhidlərimizin anım günlərinin çəkilişlərini edirəm. 1-ci Qarabağ müharibəsi qaziləri ilə Vətən müharibəsi qazilərinin görüşlərini təşkil edirik. Bu zamana da mən çəkilişlər edirəm. Sağ olsun, Şamil Əbilov və digər qazi qardaşımız, bu işdə bizə dəstək olur. Rayon rəhbəri, cənab  Vaqif Həsənov da çox sağ olsun, bu işdə bizə həm mənəvi, həm də maddi dəstək olan şəxsdir. Qiyaslı və digər kəndlərdən çəkilişlər edirəm…  Bilirsən, qardaş oğlu, Dünən bu gün üçün, bu gün isə sabah üçün tarxidir! Bu tarixi lentə almalıyıq ki, gələcək nəsilə miras qalsın. Unutmayaq, unutsaq, yenə bu müsibətlər başımza gələcək. Ən böyük arzum budur ki, Qarabağdakı kəndlərlə yanaşı, qəbiristanlıqlar, gorgahlarımız bərpa olunsun. Yurd yeri o zaman doğmalaşır ki, orada sənin əzizlərin uyuyur. Onları ziyarət edə bilirsən. Buna görə, insanlarımız kəndlərə gedəndə gedib təmənnasız çəkiliş edirəm. Qoy mənim də gələcək qarşısında bir xidmətim olsun. Mən belə düşünürəm, belə yanaşıram: “Yaşadanlar yaşayacaqdır!”

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk dünyasından izlər layihəsindəyik. Bu gün Mahmud Kaşğaridən və onun “Divanü Lüğat-it-Türk” əsərindən danışacağıq.

 

Mahmud Kaşğari XI əsrdə yaşamış böyük türkoloq və leksikoqrafdır. Onun “Divanü Lüğat-it-Türk” əsəri, türk dillərinin zənginliyini və müxtəlifliyini əks etdirən ilk ensiklopedik lüğətdir. Əsərdə yalnız dilçilik deyil, həm də coğrafiya, etnoqrafiya və mədəniyyət sahələrində dəyərli məlumatlar yer alır. Bu məqalədə, Kaşğarinin əsərindəki coğrafi təsvirlərin və xəritənin müasir coğrafiya və etnoqrafiya ilə müqayisəli təhlili aparılacaq.

 “Divanü Lüğat-it-Türk”də coğrafi təsvirlər və xəritə

 Kaşğari əsərində türklərin yaşadığı əraziləri və bu ərazilərdəki tayfaları ətraflı şəkildə təsvir etmişdir. Əsərdə yer alan xəritə, türklərin yaşadığı bölgələri göstərən ilk türk mənşəli coğrafi xəritədir. Bu xəritədə Balasaqun şəhəri mərkəz olaraq göstərilmiş və ətrafında müxtəlif türk tayfalarının yerləşdiyi ərazilər təsvir olunmuşdur.

  Müasir coğrafiya ilə müqayisə

 Kaşğarinin xəritəsində və təsvirlərində yer alan bölgələr, müasir coğrafiya ilə müqayisə edildikdə, bəzi fərqliliklər müşahidə olunur. Məsələn, Kaşğari, türklərin yaşadığı əraziləri Rum sərhədindən Xəzər dənizinə qədər olan torpaqlar kimi təsvir etmişdir. Bu, müasir dövrdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər Orta Asiya ölkələrini əhatə edir. Bu təsvir, türklərin geniş coğrafi ərazilərdə yaşadığını və bu ərazilərin mədəniyyət və dil baxımından zənginliyini göstərir.

Etnoqrafik məlumatların müasir etnoqrafiya ilə müqayisəsi

 Kaşğari əsərində müxtəlif türk tayfalarının adlarını, yaşayış yerlərini, adət-ənənələrini və dillərini qeyd etmişdir. Bu məlumatlar, müasir etnoqrafiya ilə müqayisə edildikdə, bəzi tayfaların hələ də mövcud olduğunu və onların mədəniyyətlərinin qorunduğunu göstərir. Məsələn, Oğuz, Qıpçaq, Uygur kimi tayfaların adları və mədəniyyətləri bu gün də müxtəlif türk xalqları arasında yaşamaqdadır.

Nəticə

 Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərindəki coğrafi təsvirlər və xəritə, yalnız dilçilik deyil, həm də coğrafiya və etnoqrafiya sahələrində dəyərli məlumatlar təqdim edir. Bu məlumatların müasir coğrafiya və etnoqrafiya ilə müqayisəli təhlili, türk xalqlarının tarixini və mədəniyyətini daha dərindən anlamağa kömək edir. Kaşğarinin əsəri, bu sahələrdə aparılacaq gələcək tədqiqatlar üçün zəngin bir mənbədir.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə “Azəri poliqrafiya” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Zərdabi” mükafatı laureatı, portalımızın Sumqayıt təmsilçisi, şair-publisist İlhamə Məhəmmədqızının yeni çap olunmuş “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlı kitabı işıq üzü görüb.

 

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər, mənsur şeirlər, hekayələr, povestlər, məqalələr, müsahibələr, oçerklər, rus dilindən tərcümə edilən yazıları toplanıb.

Həmçinin görkəmli şəxslərin İlhamə Məhəmmədqızının yaradıcılığı haqqında səmimi fikirləri də xüsusi bölümdə təqdim edilib.

Əlli beş illik yubileyinə töhfə etdiyi hesabat xarakterli bu nəşr müəllifin “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Bizim istedadlar”, “Zirvəyə doğru” kitablarından sonra sayca on birincidir. Burada peşəkar yazarın insan taleyi, yurd sevgisi və ülvi məhəbbət mövzularında qələmə aldığı bütün yazılarında saf duyğuları sezilir.

İnanırıq ki, kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

 

 “Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

 

 

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci təıəbələrin oxu mədəniyyətini yüksəltmək üçün növbəti layihəyə start verib. Belə ki, tələbələrdə mütaliə etmək həvəsini artırmaq üçün növbəti oxu müsabiqəsi elan edilib.

 

“Ədəbiyyat və incəsənət” portallna kollecdən verilən nəlumata görə, müsabiqənin şərtləri aşağıdakı kimidir:

1.Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin tələbəsi olmaq. 

2. 16.04.2025-ci il tarixdən 30.04.2025-ci il tarixə kimi Varisin "Qızıl Ləçəklər" romanını  oxumaq. 

3.30.04.2025-ci il tarixdə kitabı oxumuş tələbələrin həmin kitabın məzmunu  ilə bağlı  suallara cavab verməsi.

Qeyd: Kitabın məzmunu ilə bağlı suallara ən çox düzgün cavab vermiş, l, ll, lll yeri qazanmış tələbələr 01.05.2025-ci il tarixdə  mükafatlandırılacaq və mükafatı qaliblərə yazıçı Varis özü təqdim edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...

 

Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...

 

Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”

 

Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Mülayim rəftarı ilə seçilir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…

 

“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.

 

AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Oradakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır.

 

Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”

 

Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.

 

Həmişəki kimi hazırda da növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”

 

Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.

Bu gün - aprelin 16-sı İlham Əzizin növbəti ad günüdür, 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

32 -dən səhifə 2154

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.