
Super User
Sınıq pəncərə - EPİTAFİYA
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən bir insan gedər… ardınca dünya bir az susar. Sözlər kövrələr, səslər pıçıltıya çevrilər, gözlərdə boğulan işıqlar sönər. Və sən anlayarsan ki, bəzi gedişlər səssiz deyil – içini parçalaya-parçalaya gedir.
Azər Baxşəliyev… adı çəkiləndə gözümüzün önünə gülüşü gəlir. İşıqlı, səmimi, doğma bir adam. Həyatın içində ən gözəl yerlərə yaraşan bir ruh. Amma o ruh indi yoxdu. 39 yaş – ömrün ortası belə deyil. Yarımçıq bir cümlə kimidir, sonu olmayan bir şeir kimi.
Dostlarının onun üçün yazdığı “Sınıq pəncərə” mahnısı isə bir səs deyil, bir hayqırtıdır. Susqunluğun içindən gələn bir üsyandır. Gedən dostun yoxluğuna deyil, onun yoxluğuyla yaşamağa üsyan. O mahnının hər notunda bir nəfəs dayanır. Hər sözündə bir göz yaşı gizlənir. Sanki içində qırılan bütün pəncərələrin səsləri yığışıb bu musiqidə çalınır.
Dost olmaq – bir ömrün içində başqasının izinə yer verməkdir. Amma dost itirmək – o izlərə hər dəfə ayağın ilişəndə canının yanmasıdır. Ölüm səni aparanda deyil, səni xatırlayanda daha ağrılı olur. “Sınıq pəncərə” – qalanların içində qırılıb yerə tökülən sükutdur. Əlini uzatsan, tutacağın yox. Danışsan, cavab verəcək kimsə yox. Amma susa bilməzsən. Çünki darıxmaq danışmaq istəyir.
Azərin adı bu mahnıyla bir daha doğulur. 40 yaşında yoxluğuyla dolan o günü, varlığıyla ağrılı bir xatirəyə çevirir. O getdi, amma ardınca bir işıq buraxdı – bu işıq susmur. Göz yaşının içindən keçir, qırıq bir pəncərədən baxır bizə… və səssizcə deyir: “Unutmayın. Mən burdayam. Hələ də.”
https://youtu.be/shya6QbZdno?si=ne5z3u4iRZ0yKWPK
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Şəhidlər barədə şeirlər - Aqşin Ənvərli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
ŞəhidAqşin Ənvərli
Aqşin Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadanolub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi.
Aqşin Ənvərli 2018-ci ildə tibbi xidmət leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.
Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Bir igid tanıyıram,
Arzusu, kamı boyda.
Bir igid tanıyıram,
Özü vətən boydadır,
Məzarı hamı boyda.
Bir igid tanıyıram,
Ölməzlik qalasıdır.
Məqsədindən, yolundan
Dönməzlik qalasıdır.
Tanıyıram, o igid,
Dava leytenantıdı.
Yaralı əsgərlərin,
Müharibə həkimi,
Şəfa leytenantıdı.
Bir çiynində çantası,
Bir çiynində silahı,
Savaşda şəfa verən,
Müharibə allahı.
Səninlə fəxr edirik,
Ey müqəddəs ruh təbib.
Dağlardan uca təbib,
Çaylardan duru təbib.
Bizimləsən, dəyişmir
Şəhid dünyanı, Aqşin.
Dayan, dayan, qoy baxım...
Barmağın hanı, Aqşin?
Səndən öncə barmağın
Qarışıbdı vətənə.
Neçə güllə sığırmış,
Görəsən, bir bədənə?
Görəsən, kim böyükdü,
Zəfər axşamı boyda?
Özün vətən boydasan,
Məzarın hamı boyda.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Sovet rejiminə qarşı çıxan yazıçı – GÜLHÜSEYN HÜSEYNOĞLU
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet rejiminə qarşı çıxan yazıçı – onu daha çox belə tanıyırıq. Mənfur rejimin imperiya siyasətinin əksinə səs ucaltmaq, razılaşın ki, çox az yazarımıza müyəssər olub.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür.
Ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Abdullayev) 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub.
1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub.
Tələbə ikən milli ideyalar onu çəlb etdiyindən millətçi liderlərin əsərlərini oxuyub, 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub. Təşkilatın bir məqsəi də 1937–1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi.
Çuğulçular ondan NKVD-yə danos göndəriblər və o, həbs həyatı da yaşayıb.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu "Ədəbiyyat qəzeti" redaksiyasında, Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. Görkəmli söz ustası 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar İttifaqının V qurultayından ömrünün sonunadək birliyin idarə heyətinin üzvü və nəsr bölməsinin rəhbəri olub. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.
Müasir Azərbaycan nəsrinin tanınan nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir. Nasir 69 ilin 8 ilini özündən aslı olmayaraq həbsxana və Stalin düşərgəsində əzab, sıxıntı içərisində keçirib. 8 ildə o, yazmaq imkanından məhrum olsa da dərindən müşahidəçilik qabiliyyətinin gördüklərini saf-çürük eləmək, gələcək bədii ümumiləşdirmələrinə lazım olacaq zəngin həyat təcrübəsi qazanmaq ixtiyarını ondan heç kəs ala bilməyib.
Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Nəsr
- İki damla göz yaşı
- İnsanlar və dalğalar
- Ömrümüz boyu
Kitabları
1. Mənsur şeirlər ustası
2. Müşfiq
3. Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı
4. Полет Орлов — Стихотворения в прозе и рассказы
5. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…
6. Məhəbbətdirmu bu?!
Poeziya
- Məhəbbət
- Küsülülər
- İşıq və zülmət
- İlk qədəm
- Humaniz
- Həsrətəm
- Hanı
- Gürcü gözəli
- Gül ömrü
- Bir söz
- Payız
- Qatar gedir
- Payım mənim
- Ay nur çiləyəndə
- Özün kimi
- Ömür gün
Publisistika
1. Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)
2. Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)
3. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…
4. Bir ömrün çıraqları, Ağ kəlağayı, Nizaminin dostu — Hekayə
5. Qayğı (Sənədli hekayələr və öçerklər)
6. Əməyin bəhrəsi, Əmək və şərəf, Ana-alim (Sənədli hekayələr və öçerklər)
7. Çətin yol — Mənsur şeir
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə "Xalq Yazıçısı" fəxri adına layiq görülüb. O, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib.
Tanınmış nasir, istedadlı ədəbiyyatşünas, mahir pedaqoq və səmimi insan Gülhüseyn Hüseynoğlunun işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
TƏLƏBƏ YARADICILIĞI Gültəkin Məmmədovanın hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədovanın yaradıcılığını təqdim edəcəyik.
Bir gün məndən soruşdular:
— Əgər hekayə yazsan, adı nə olardı? — deyə.
-Bilmirəm, — dedim, susdum, üzümdə balaca gülümsəmə ilə.
Niyəmi? Çünki zatən hər kəsin həyatı, dünyaya gəlib dünyadan köçənə qədər bir hekayədi... Zatən. Bir də hekayə içində hekayəmi yazaq?
Gəlin sizə bir oğlanın hekayəsini danışım. Mənə necə danışıbsa, eləcə də, bəzək-düzək vurmadan sizə danışım.
Siz qərar verin: hekayəmi yazmaq, ya yaşadığın hekayəni danışmaq daha çox maraq kəsb edir?
Mənim uşaqlığım ölkəmizin gözəl rayonlarından birinin balaca kəndlərindən birində keçib. 3 nəfərlik — anam, mən, bir də balaca bacımdan ibarət kasıb, ancaq xoşbəxt bir ailəmiz olub.
Anam zəhmətkeş bir qadın idi. Gündəlik işlərdə işləyir, kənddə maksimum gündəlik iş — onun-bunun sahəsində alaq çəkmək, meyvə-tərəvəz toplayıb fəhləlik etmək idi.
Bəzən biz də onunla gedər, sərinlikdə ağac altında oturub, onun isə — günəşin altında, o istidə necə əziyyət çəkdiyini izləməklə qalardıq.
Allaha sitəm edərək içdən-içə deyirdim: "Böyüyüm, anama, bacıma mən baxacağam."
Beləcə vaxt keçirdi.
Bir gün anamın burnu bərk qanadı. Ara-sıra olurdu, ancaq bu dəfə çox davam etdi.
— Qorxmayın, gün çox istidi, bu gün başım ağrıdı, ondandır, — dedi.
Kaş elə də olaydı... Gündən-günə anam ağırlaşır, artıq işə belə gedə bilməz hala gəlmişdi.
Bir gün özündən getdi və məcbur həkimə getməli olduq. Anama xərçəng diaqnozu qoydular.
Dünyam başıma yıxıldı. Mən 12, bacım isə 9 yaşında idi. Anamı evə apardıq, imkansızlıqda müalicə etdirə bilmədik.
Və kaş bir möcüzə olaydı, — deyə hər gün dua etdim. Ancaq kasıbın duası belə kasıb olurmuş, eşidilmirmiş...
Anam son günlərində məni yanına çağırdı. Bir az söhbət etdik. Xəstə yatağında belə bizi düşünür və təsəlli verirdi.
Mənə bir məktub uzatdı və bu məktubu saxlamamağımı, əgər bir çıxılmazda qalsam, nə edəcəyimi bilmədiyim təqdirdə açıb oxumağımı istədi. Bu, onun son vəsiyyəti idi.
Və elə də etdim. Anamın məktubunu evlilik ildönümündə rəhmətlik atamın onun üçün qoz ağacından düzəltdiyi mucruya qoydum və sandığı qoyaraq o günü gözlədim.
Aradan illər keçdi. Həm işləyir, həm məktəb oxuyur, həm də bacıma baxır, onun təhsil alması üçün çalışırdım. Çünki necə deyirlər: Təhsil insanın gələcəyidir. Təhsil — qaranlıq yola tutulan ən gözəl işıqdır.
Birtəhər məktəbi bitirdim. Ən böyük arzum həkim olmaq idi. Çünki anama o an edə bilmədiyim köməkliyi bəlkə başqa analara edərəm, heç bir övlad Allahın buyurduğu xəstəlikdən deyil, imkansızlıqdan anasını itirməsin deyə...
Və elə də oldu. Azərbaycan Tibb Universitetinə qəbul oldum.
1 il zarı-zorla oxuduqdan sonra həm iş, həm oxumaq, həm dərslərə hazırlaşmaq artıq məni çox yormuşdu. Birini etməli idim.
Amma il ildən çətin gəlirdi. Vəziyyət ağırlaşırdı, qazanc da xərci ödəmirdı və ən önəmlisi — baxmalı olduğum bir bacım var idi.
Universitet xəyallarından əl çəkib, iki işdə işləməyə və bacımı oxutmağa başladım.
Bitirdi və o da BDU Hüquq fakultəsinə qəbul oldu. Onun adına çox xoşbəxt idim. “Heç kəsin baxmadığı, saymadığı, ‘bunlardan heç nə olmaz” dediyi kasıb bir ailədən çıxıb, ali savadla oxumuş, dövlətinə yararlı bir hüquqşünas olacağını bilmək böyük qürur vericidir!”
Və dönüb geri baxanda, öz gələcəyimdən keçmişdim. Ancaq bacım üçün gələcək qurmuşdum. Və qurmağada davam edəcəkdim.
Beləcə, illər su kimi keçdi. O məzun oldu. Hətta işə belə girdi.
Bir gün o mənə yaxınlaşaraq:
— Qardaşım, artıq sıra sənindir, indi sən oxuyacaqsan, mən sənə baxacağam, — dedi.
Gözlərim istəmədən doldu. Qürur duyurdum onunla. Artıq ayağının üstündə duran bir bacım var idi. Mən bunu bacarmışdım — anamın, atamın əmanətinə sahib çıxmağı.
Heç nə demədim.
Axşama doğru idi. Balaca evimizin özü kimi balaca, şirin bir həyəti... Hətta içində ərik ağacı vardı. Altında yayda oturmaq üçün kötükdən düzəltdiyim oturacaqlar vardı. Orada oturmuşdum, çay içirdim. Bacımın dediyini düşünürdüm və artiq çox gec olacağını düşünürdüm. O an....
Anamın məktubu yadıma düşdü. İllərdir qaçaqaçdan, tələsgənlikdən unutmuşdum. Və oxumaq qərarı aldım. Bacımdan qutunu gətirməsini istədim. Gətirdi. Açdım.
Məktub hələ də qoyduğum kimi idi. Gözlərim yaşla doldu, qəhər məni boğdu. Anamın qoxusunu hiss etdim sanki. Məktubu, əllərim əsirdi, aça bilmədim. Bacım əlimdən aldı, açdı və oxumağa başladı:
Ananın Məktubu
Gözəl övladlarım,
Siz bu məktubu oxuyursunuzsa, demək ki, mən artıq aranızda yoxam.
Sizləri çox sevirəm. Bir ana üçün bu həyatda ən dəyərli xəzinə — övladlarıdır.
Biriniz sol qanadım, biriniz sağ qanadımsınız. Çalışın, hər zaman bir-birinizi sevin, qayğısına qalın. Biri-birinizin dərdi dərdiniz, sevinci sevinciniz olsun.
Oğlum, yaraşıqlım,
Bəlkə də artıq böyük bir oğlan olmusan. Bacın üçün özünü fəda etmisən, buna əminəm. Çünki sənin qəlbini bilirəm.
Ancaq bu həyatı özünü fəda edərək yaşaya bilməzsən. Hər zaman dik dur və hər zaman xəyalını qurduğun arzularını reallaşdır. Və unutma: sən hər şeyi bacararsan!
Qızım, Qardaşın sənə həm ana, həm ata olacaq. Sən də ona övlad ol. Onun qayğısına qal.
Sizləri çox sevirəm, gözəl övladlarım...
Və ikimiz də ağlayaraq bir-birimizə sarıldıq.
O gündən başladım təhsilimi davam etdirməyə. Çünki təhsilin yaşı olmur, insan hər yaşında oxuya bilər. Məktəbi yüksək nəticə ilə bitirdim. Həkim oldum.
Arzularımı reallaşdırdım.
Və anladım ki, bacarma dərəcəsi 99% olan insanlar, bacarma dərəcəsi 1% olanların yanında kölədir, bundansa qurtulmaq zəruridir.
Siz də dayanmayın. Davam edin. Xəyallarınızın ardınca gedin.
Çünki xəyal qurmaq üçündür, onu reallaşdırmaq üçün isə çalışmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Xalq artisti Şirzad Abutalıbovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət sahəsində iz qoymuş, adı geniş kütləyə naməlum qalan sənətkarlarımızı doğum günlərində və vəfatlarının ildönümündə xatırlatmaq ənənəsinə sadiq qalaraq bu gün sizə aktyor, Xalq artisti Şirzad Abutalıbov barədə danışmaq istəyirəm.
Aktyor Şirzad Abutalıbov 1959-cu ilin 8 iyul günü Naxçıvan şəhərində anadan olub. 1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir, eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudur.
Teatrda işlədiyi müddətdə müxtəlif rolları ifa edib.
Siyahıya baxsaq, onun necə geniş amplualı, istedadlı aktyor olması göz önünə gələr. Razılaşın ki, hər aktyor belə geniş spektrli obrazlar qalereyası yarada bilməz.
- H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif
- Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli
- C.Cabbarlı “Aydın”da Ləzgi Qurban
- N.Nərimanov “Nadir şah”da Rza xan
- N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud
- N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi
- Anar “Sizi deyib gəlmişəm”də Mozalan
- N.Həsənzadə “Atabəylər”də Əbuşər
- İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan
- C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa
- Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala
- A.Məmmədov “Həmyerlilər”də Gümüşov
- Y.Əzimzadə "Anacan"da Qulu
- Mirzəğa Atəş "Cırtdan"da Arıq
- Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram
- Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze
- İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran
- C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid
- M.F.Axundov "Hacı Qara"da Kərəməli
- M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir
- S.Qurbanov "Özümüz bilərik"də İbişov
- Ü.Hacıbəyov "Ər və arvad"da Qulu
- G.Xuqayev "Arvadın əri özüməm"də Kazbek
- N.Xəzri "Atıllaın atlıları" Kral
- A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan
Şirzad Abutalıbov 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
2008-ci ildə o, Azərbaycan Respublikasının Xalq artisti zirvəsinə ucalmağa müvəffəq olub.
10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Bir həyat nağılını yaşamamış bitirdim – HƏYATIN LÖVHƏLƏRİ
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bu dəfə oxucularıma 4 lövhə təqdim edəcəyəm. Lövhələrin hər birindən bir çağdaş insan görünür. Öz qayğıları ilə, ağrı və əzabları ilə.
Dünyanı anlamaq, insani münasibətləri, həyatın rəzil qayda-qanunlarını dərk etmək baxımından o digərlərindən seçilir. Son nəticəni də o öz qayğılarına, ağrı və əzablarına rəğmən çıxarır.
Bəsit bir taftalogiya.
Amma öldürücü reallıq.
BİRİNCİ LÖVHƏ
Dərdim elə böyüdü
Mən özümü itirdim.
Cilovlaya bilmədim,
Bütün duyğularımı
Bir həyat nağılını
Yaşamamış, bitirdim.
İKİNCİ LÖVHƏ
Ovucumda saxladım,
Sıxdım ümidlərimi.
Xısın-xısın ağladım,
Yıxdım ümidlərimi.
ÜÇÜNCÜ LÖVHƏ
Anlamaq, ah, onu duymaq,
Yaşamaq, ah, ona uymaq…
Diri-diri özünü,
Qəbirstanlığa qoymaq.
DÖRDÜNCÜ LÖVHƏ
Dünya insanla dolu,
İnsanlıq olmayan yer.
İlahi, mənə güc ver.
Çətindir çox çətindir,
Bu nahamar kürənin,
İçində durub qalmaq…
İçində insan olmaq...
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
İrəvanda doğulub jurmalistika və ədəbiyyata pərvazlanana SVETLANA NƏCƏFOVA
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Svetlana Nəcəfovanın da doğum günüdür. Portalımız Qərbi Azərbaycan doğumlu tanınmış mədəniyyət xadimləri barədə müntəzəm məlumatlar verməkdədir. Svetlana Nəcəfova da bu qəbildən olan insanlardandır.
O, 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlayan Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində, "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, daha sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb.
"Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olub. Sonradan təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak edib. Ramiz Əliyarov ilə ailə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir. Svetlana xanım Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı, həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilib.
İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olub.
Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerk və hekayələri dövri mətbuatda dərc olunub.
Kitabları
- Qırmızı qalstuklar klubu
- Ömrə sevinc gətirənlər
- Hər ömür nəğmədir
- Biz beynəlmiləlçilərik
- Onun taleyi
- Azərbaycanın qeyri-hökumət qadın təşkilatları
Mükafatları
Ədəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilən Svetlana xanım 1971-ci ildə "Əməkdə fərqlənməyə görə" medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, "Məhsəti Gəncəvi", "Sara Xatun", "Vətən", "Humay", "Dan ulduzu", "Araz" ali media və s. mükafatlarına layiq görülüb.
O, 16.05.2021-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
İçərişəhərdə “ağıllı qoruq” konsepsiyası tətbiq olunacaq
İçərişəhərdə yeni “ağıllı qoruq” konsepsiyasının hazırlanması üzərində iş aparılır. Bu konsepsiya ərazidə təhlükəsizlik, nəzarət, məlumatlandırma və ziyarətçiyönümlü xidmətlərin rəqəmsal həllər vasitəsilə təkmilləşdirilməsini nəzərdə tutur. Hazırda qarşımıza üç əsas hədəf qoymuşuq: müasir muzeyçilik yanaşmasının tətbiqi, universal əlçatanlığın təmin olunması və abidələrin təhlükəsizliyinin texnoloji əsaslarla gücləndirilməsi. Yeni texnologiyaların tətbiqi ilə həm tarixi irsi qoruya, həm də ziyarətçilərin təcrübəsini zənginləşdirə bilərik.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsində bildirib.
R.Mahmud çıxışında tarixi qoruq ərazilərində abidələrin mühafizəsinin böyük maliyyə, texniki və inzibati resurslar tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, İçərişəhər kimi memarlıq baxımından unikal və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bir ərazidə tarixi irsin qorunması həm peşəkarlıq, həm də texnoloji yeniliklərə əsaslanan kompleks yanaşma tələb edir: “Tarixi abidələrin bərpası və qorunması yalnız fiziki işlərdən ibarət deyil. Əlilliyi olan şəxslər üçün keçidlərin təşkili, turizm axınının balanslaşdırılması və muzey infrastrukturunun yenilənməsi kimi məsələlər də bu prosesin tərkib hissəsidir. Muzeylərimiz müasir texnologiyalara uyğunlaşdırılmalı və ziyarətçilərin gözləntilərinə cavab verən təcrübə təqdim etməlidir”.
O, həmçinin bildirib ki, İçərişəhərdə bir sıra bərpa layihələri artıq başa çatdırılıb. Hazırda XIX əsrə aid Qala "Bayraməli hamamı”nın bərpasına başlanılıb və yaxın müddətdə onun ilkin görünüşünün bərpası istiqamətində işlər intensivləşdiriləcək.
Sonra o qeyd edib ki, İçərişəhər yalnız tarix və mədəniyyətin deyil, həm də müasir şəhər idarəetmə modellərinin tətbiq olunduğu canlı irs məkanı olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)
ADİL KƏRİMLİ: Bu gün ölkəmizdə tarixi abidələrin pasportlaşdırılması prosesi həyata keçirilir
Hazırda Azərbaycanda 4300 tarixi-mədəni abidə Mədəniyyət Nazirliyinin nəzarətindədir və bu abidələrin hər biri milli-mədəni sərvət kimi qiymətləndirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsi zamanı söyləyib.
O bildirib ki, dövlət səviyyəsində tarixi abidələrin mühafizəsi üçün yeni hüquqi və inzibati mexanizmlər formalaşdırılıb: “Bu istiqamətdə qanunun qəbulu da mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə vahid sistem əsasında tarixi abidələrin pasportlaşdırılması prosesi həyata keçirilir. Bu, abidələrin hüquqi statusunun müəyyənləşdirilməsi, qorunma vəziyyətinin monitorinqi və gələcəkdə bərpa işlərinin planlaşdırılması üçün əsaslı baza yaradır”, – deyə nazir vurğulayıb.
O, eyni zamanda, qeyd edib ki, tarixi-mədəni irsin qorunması təkcə dövlətin və ya nazirliyin deyil, bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Bu mənada, ictimaiyyətin, xüsusilə də gənc nəslin bu sahədə maarifləndirilməsi olduqca vacibdir.
“Təəssüf ki, bu gün əhalinin bir hissəsi tarixi abidələrin əhəmiyyəti və onların qorunması ilə bağlı kifayət qədər məlumata malik deyil. Halbuki hər bir vətəndaşın bu abidələrə münasibətdə hüquqi və mənəvi öhdəliyi var. Cəmiyyətin bu prosesə cəlb olunması bizim üçün prioritet məsələlərdən biridir”, – deyə Adil Kərimli əlavə edib.
Nazir, həmçinin qeyd edib ki, bu məqsədlə müxtəlif maarifləndirmə proqramları, ictimai kampaniyalar və mədəni irsin təbliğinə yönəlmiş tədbirlər hazırlanır. Məktəblərdə və ali təhsil müəssisələrində bu mövzular üzrə tədrisin gücləndirilməsi və abidələrin qorunmasına ictimai nəzarətin təşviq olunması da gələcək planlar sırasındadır.
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)
Təcrübəli neftçiyə böyük etimad
On illərdir neft sənayesində işləyən, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” adına Neft-Qaz Çıxarma İdarəsinin elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin briqadiri olan Aqşin Dadaşoğlu həm də ölkənin istedadlı qələm adamıdır. Məhz buna görə ona bu sahədə də yüksək etimad göstərilib.
Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısında şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu (Buliyev Aqşin Dadaş oğlu) qurumun baş katibi seçilib.
“Ədəbiyyat və incəsənət” portalına Məclisdən bildirilib ki, əsası 1960-cı ildə o dövrün gənc şairi və jurnalisti Murad Qudyalçaylı tərəfindən qoyulmuş və bu ilin mayında 65 illik yubileyini təntənəli şəkildə qeyd etmiş “Ulduzlar”ın işinin daha da təkmilləşdirilməsi üçün struktur dəyişikliyinə gedilib. Qeyd edilir ki, hazırda sədr Fərzalı Ziyanurun başçılıq etdiyi qurum həm rayonda, həm də Respublikada yetərincə tanınan, gözləntilərə səbəb olan bir Məclisə çevrilib. O baxımdan işlər artıb, daha çevik davranmaq zərurəti yaranıb. Buna görə də struktur islahatlarına ilkin olaraq baş katib vəzifəsinin təsis edilməsi ilə başlanılıb. Məclis üzvləri yekdil səslə Aqşin Dadaşoğlunu bu vəzifəyə layiq görüblər.
Göstərilən etimada görə təşəkkürünü bildirən Aqşin Dadaşoğlu deyib ki, mütləq ona olan inamı doğrultmaq və “Ulduzlar”ın daha da irəliləməsinə töhfə vermək üçün əlindən gələni edəcək.
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)