Super User
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Gizlənib” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir.
Bu yağan qarın içində,
Bir az yağış gizlənib.
Hər dərdimin xalısında
Neçə naxış gizlənib.
-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir.
Həqiqətən, gözəldir.
Xoş mütaliələr!
Gizlənib
Bu yağan qarın içində,
Bir az yağış gizlənib.
Hər dərdimin xalısında
Neçə naxış gizlənib.
O kimdi dayanıb tində?
Kimdən kömək umur, kimdən?
Ümidinin döş cibində
Qəpik- quruş gizlənib.
Bu payız boz havasında,
Bu şair söz havasında...
Üşüyən quş yuvasında
Bir körpə quş gizlənib...
“Ədəbiyyat və incəsənət”
(10.12. 2024)
Abdal Qasım, katib və eşşək
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Abdal Qasım Azərbaycan xalq yaradıcılığında hazırcavablıq hiyləgərlik, uzaqgörənlik və bacarıqları kimi xüsusiyyətləri ilə tanınan bir obrazdır. Onunla bağlı olan gülməcələr və lətifələr xalqın gündəlik həyatında rast gəlinən situasiyalara ironik və hikmətli yanaşmaları ilə seçilir.
Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, sonra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır.
Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. O, kitabında qeyd edir ki, Ağdamın Abdal kəndindən olan Abdal Qasım qonaqpərvər, səxavətli, hazırcavab, hiyləgər və qoçaq bir adam idi. Daha sonra mətndə xatırladılır ki, Abdal kəndi Miri kənd, Təkir-Mirik, Tac-Tuğ, Dağdağan kəndləri ilə qonşuluqda yerləşir. Deyilənə görə, Qasım kişi uşaqlıqdan ermənilərlə yaxınlıq etdiyinə görə erməni dilini mükəmməl bilirmiş. Bu dildə danışanda ermənilərin özləri belə onun nə milləti olduğunu seçə bilmirdilər. Rəvayətdə daha sonra deyilir: "Abdal Qasım həmişə erməniləri ələ salar, onlara kələk gələrmiş. Ermənilər onun əlindən dad-aman çəkirmişlər”.
Abdal Qasımın adı ilə bağlı olan lətifələr:
"Toyuq əhvalatı", "Naxırın aparılması", "Mərci uduzduq", "Mat qalmışam", "Bir də eləmərəm", "Ayı və qorodovoy", "İki adam", "Cahangir xan", "Kasıb oğlu"…
Bir dəfə Abdal Qasım eşşəyi yükləyib kəndə doğru gedirmiş. Raykom katibi də Abdal-Gülablıya gedirmiş. Katib sürücüyə deyir ki, gəl Abdal Qasıma sataşaq.
Maşın eşşəyə çatanda sürücü aynanı endirib soruşur ki, ay eşşək, bu yol Abdal kəndinə gedir?
Abdal Qasım hazırcavablıqla deyir:
-Qağa, bu eşşək də sizin kimi buralara nabaləddir.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Yazarlar 2024-cü ili necə uğurlayırlar? - I yazı
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Hər il ömrümüzdən təbəssümlə keçir. Həmin ildə nəyi itirdiyimizi, nəyi qazandığımızı haqq-hesab edirikmi? Kim “Yox” cavabı versə, inanmayın. Və də, inciməyin. O “Yox” ən birinci elə onu söyləyənin özünü aldatmağı üçün dilə gəlir.
Hər ilin dekabrında qəmli şeirlər oxuyuram. Və hər ilin dekabrında bir daha anlayıram ki, insan itirdiyinə ağladığı kimi ağlaya bilir qazandığına. İlin sonuncu ayında xəyalən qurulan cümlələrin əvvəlinə bu kəlmələr yaraşdırılır: “Eybi yox...”, “Gələn il, yəqin...” Hə, heç kimin keçən ilin dekabrında tutduğu “gələn ilin planı” tam mənasilə yekunlaşmayıb yenə də...
Hə, hamımızın özümüzlə gələn ilə daşıdığımız arzularımız, planlarımız var. Və onların ikisinə də çiyin verən ümidlərimizdir.
Mənimçün 2024-cü ilin yadda qalan ədəbi hadisələri İSİM və “Ulduz” jurnalının birgə təşkil etdiyi müsabiqədə qalib olmağım, YAZŞADER-in hekayə və şeir yarışmasında hekayəmin I yeri qazanmağı, yazar dostum Şahanə Müşfiqlə birgə qələmə aldığımız “Qələmli və qələmsiz: Rəşad Məcid portreti” kitabının işıq üzü görməyi, bir də “Azalyalı nağıllar” kitabının I hissəsini bitirməyim oldu (hazırda çap prosesindədir).
Neçə ildir xəyalımda dolanan duyğuları yazmağa da bu il başladım- “Afayət muzeyi” romanımın I bölümünü bitirmişəm.
Təbii, əziz oxucu, sənə açmadığım sirlərim də var. Bundan incimə... Gələn ilə saxladıqlarım gözümü doldurur. Həm də, sevinirəm. Yeni ilə başlamaq səbəbidir keçən ildən qalanlar... Nə gözəldir öz-özünə yaşamaq səbəbi yaratmaq! Dəyərli yazıçımız Varisin “Qızıl cib saatı” romanında bir fikir var: elə an gəlir ki, insan doğmalarının xətrinə yaşayır... Öz xətrimizə yaşaya biliriksə, xoşbəxtik! Öz xətrimizəmi? Yarımçıq yazılarımız elə “mən” deyilmi? Hələ romanımı bitirməliyəm! Gələn il...
Bəs Azərbaycan ədəbiyyatının bu gününü öz düşüncələriylə, yazılarıyla var edən ədəbiyyat adamları 2024-cü ili necə yola salır? Onlar nə qazandı, nə itirdi? İlin sonuncu ayında hansı xatirələrin qoynunda ümidlərə doğru yelkən açıb düşüncə gəmiləri? Birlikdə oxuyaq, əziz oxucu!
ƏKBƏR QOŞALI
Ən birinci döydüyüm düşüncə qapısı ərkim çatan qapı oldu-Ustad Əkbər Qoşalıya üz tutdum. Beynəlxalq “Alaş” Ədəbiyyat ödülü laureatı, Dünya Gənc Türk Yazarlar Birliyini (hazırkı başqanı İntiqam Yaşar) ədəbiyyata, bu birlik vasitəsilə də neçə-neçə yaradıcı gənci ədəbiyyata qazandıran Ustad yol üstdə olan ili belə dəyərləndirdi:
“2024-cü il bizimçün bir çox əməli çalışma sahəsi və kateqoriya üzrə, o cümlədən yaradıcılıq baxımından özünəməxsus bir il sayıla bilər. Birincisi, ilin və işin rəsmi, beynəlxalq səciyyəsini vurğulayaq: 2024-cü ilin Azərbaycanda Yaşıl Dünya naminə Həmrəylik İli olacağını, 2024-cü ildə Azərbaycanda COP29 beynəlxalq tədbiri keçiləcəyini daha öncədən bilirdik. Həmçinin, onu da bilirdik ki, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il boyunca İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyacaq. Beləliklə, 2024-cü ili - necə deyərlər, öncədən Yaşıl İl kimi təsəvvür edirdik, təsdiq edirdik, görürdük. Və nəzərə alsaq ki, poeziya, sənət, ümumən yaradıcılıq həm də yaşıl rənglə üzvi bağlılığa malikdir,yaxud yaradıcılığı yaşıl rənglə daha yaxşı şəkilləndirmək olar - o zaman 2024-cü ilin “mətn-mündəlicə”si, gündəliyi də öncədən müəyyənləşmişdi.
Bəli, yaşılı yaradılışın rəngi kimi götürə bilərik, ən əziz milli, xəlqi bayramımızın təvafüq etdiyi yaz fəslinin rəngi kimi götürə bilərik. Dağlarda buzların əriməsi, çayların coşması, buludların öz köynəyini daha tez-tez sıxması, qar çiçəyinin qara inad boy göstərməsi və s.Bunlar bizi yaradıcılığa səsləmirmi? - Zatən, adından da göründüyü kimi, qar çiçəyi bir tərəfdən zərifliyi, bir tərəfdən də inadı, əzmi ifadə edir…
...Fəsil fəsilliyində, il illiyində olsun, bu təqvim ili içində Nabranda və Şabranda qısamüddətli yaradıcılıq ezamiyyətində oldum, dincərlik hüququndan yararlandım və hər ikisində bir xeyli yeni şeirlər yazmış oldum. Nabran da, Şabran da şen olsun, mövzuların önündə yenə Turan gəlirdi, deyə bilərəm.
2024-cü il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ilk təqvim iliydi ki, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş şəkildə qarşılayırdıq. Dövlət başçısının növbədənkənar seçkisi bu il oldu və Müzəffər Ali Baş Komandan öz səsvermə hüququnu Xankəndidə həyata keçirdi.
Ayrıca, Qazaxın dörd kəndində üçrəngli bayrağımızın yenidən ucalması kimi qürurlu hadisə də da bu il baş verdi. Əlbəttə, bütün bunlar yaradıcılıqda, düşünən insanların, aydınların dünyasında, o cümlədən qələm-kağız qardaşlığında öz təcəllasını tapmalı idi, tapır və yenə də tapacaq…
Bu il içində bir sıra ölkələrə poeziya festivallarına, simpozium, sərgi və konfranslara çağırıldım, onlardan bir bölümünə qatılmaq fürsətim oldu. Qardaş Türkiyədə-Ankara, Əskişəhir, İstanbul və Elazığda köhnə dostlarla görüşmək, təzə dostlar qazanmaq, onlarla fikir alış-verişində bulunmaq, kitablaşmaq çox xoş idi. Əlbəttə, Bakı, Şuşa, Laçın, Sumqayıt şəhərləri öndə olmaqla, öz ölkəmizdə də önəmli mədəni tədbirlərə qatıldığımızı, çıxış etdiyimizi, kitablaşdığımızı deməliyəm.
Bu il Dünya Gənc Türk Yazarlar Birliyinin dövlət qeydiyyatına alınmasının 25-ci ildönümü Bakı və Ankarada önəmli tədbirlərlə, Türk dünyasının çeşidli bölgələrindən yaradıcı insanların qatılımı ilə qutlandı.
Neçə dostun kitabına ön söz yazdım, redaktor oldum, rəy verdim, tanıtımında söz söylədim - bunlar da önəmlidir mənimçün. Bu il mənim yaxından iştirakım və dostum-qardaşım, Xalq şairi Rkail Zəydullanın təşkilatçılığı ilə “Azərbaycan hekayələri” antologiyası Kazanda tatarca çıxdı. Başqa görkəmli tatar şairi Lenar Şeyxin “Qələmli dünya” adlı tərcümələr kitabı mənim şeirlərimlə başladı… Tatar qardaşlarımın nəcib diqqəti mənimçün bir başqa özəllikdə anlam daşıyır - çox sağ olsunlar!
Bu il, Qazaxıstanın görkəmli akını Devletkerey Kəpoğlunun, Udmurtiyanın Xalq yazıçısı Vyaçeslav Ar-Serginin kitablarını çıxardıq; qazax şairi Sayat Kamşıger və tatar şairi Lenar Şeyxin kitabları üzərində son tamamlama aşamasındayıq.
Onu da vurğulayaq ki, təqvim illəri özlüyündə şərtidir, amma şeirin-sənətin yuvası, ev-eşiyi olan könlün ritmi, qəlbin atışı, ürəyin vuruşu şərtilikdən uzaqdır… Şeirin yaranması üçün gərək il ilə, gün günə sığmasın… Sığmır, sığdırtmırıq və yazırıqsa, nə mutlu bizə!
Daha gözəl yarınların vicdanına salam və eşq olsun!Bu sözlərlə bir təqvim ilini tam əhatə etdiyimi deyə bilmərəm, amma olsun - qalanını da sonra deyərik…”
Sözünüzə söz qatmaq ərkimi xoş görün, Ustad! Amma deməliyəm... Deməliyəm ki, yazar ömründə bir il bir nəfəs kimidir elə... “Şam işığı əyilməz” deyirlər ha, şair könlü elə o şam işığıdır. Üzü kainata yanır, yanır... Ürəyiniz var olsun! Gələn il də Əkbər Qoşalı imzalı şeirlər, Ustad sözləri gözləyirik!
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“Bir az gec tanıdım səni, bağışla” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl Təranə Dəmirin şeirlərini sizlərə təqdim edəcək. Əminik ki, onları bəyənəcəksiniz.
Bu baxış o baxış deyil
Dərə keçdim, dağ dolaşdım,
Əlim, üzüm ağ dolaşdım,
Özümlə küsdüm, barışdım,
Bu barış o barış deyil.
Məni saldılar həvəsdən,
Yoruldum, düşdüm nəfəsdən,
Çırpındım ömür qəfəsdə,
Bu naxış o naxış deyil.
Topladım, çıxdım zamanı,
Dağıtdım, yığdım zamanı,
Yüyürdüm çıxdım zamanı,
Bu yoxuş o yoxuş deyil.
Saçlarım dəndən asıldı,
Ürəyim qəmdən asıldı,
Gözlərim nəmdən asıldı,
Bu yağış o yağış deyil.
İsinmədim od baxışda,
Ovunmadım yad baxışda,
İlahi, məni bağışla,
Bu baxış o baxış deyil.
Bir az gec tanıdım səni, bağışla.
Mən günəş tərəfdən baxırdım sənə,
Sən demə nə boyda sazağın varmış.
Elə vurulmuşdum azadlığına,
Bilməzdim eşq adlı yasağın varmış,
Bir az gec tanıdım səni, bağışla.
Əlim əllərində donanda bildim,
Ürəyim sevgidən sınanda bildim,
Neyləyim , naşıydım , son anda bildim,
Bir az gec tanıdım səni, bağışla.
Mən eşqə tutundum, sən sözə qaçdın,
Mən qəlbdən yapışdım, sən gözə qaçdın,
Mən sükutla sevdim, sən səsə qaçdın,
Bir az gec tanıdım səni, bağışla.
Sevgiylə həvəsi dəyişik saldım,
Zülmətlə işığı qarışıq saldım,
Mən səni çözdükcə dolaşıq saldım,
Bir az gec tanıdım səni, bağışla.
Min sual bir cavab etmədi, neynim,
Bir qəlb ikimizə yetmədi, neynim,
Bu sevgi könlünə yatmadı, neynim,
Bir az gec tanıdım səni, bağışla.
Göyün üzündən yıxılan ağac
Gözlərimin qabağında
Can verdi ərik ağacı.
Bu həyətin, bu bacanın,
Bu evin çörək ağacı.
Bu ağac öz torpağından,
Daşından quruyub getdi.
Şaxtasından, sazağından,
Qışından quruyub getdi.
Yıxildı öz ocağından,
Külündən yıxıldı ağac.
Yarpağından, budağından,
Gülündən yıxıldı ağac.
Heç kimin əli gəlmədi,
Özü özündən yıxıldı.
Yerin dibində bitmişdi,
Göyün üzündən yıxıldı.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Soykökü, ana dili və milli mənsubiyyəti ilə fəxr edən Şərq poeziyasının günəşi – M.Füzuli
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır. Ümummilli liderimiz H.Əliyev deyirdi: “Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir… Onun humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır”.
“Füzuli milli kimliyini aydın dərk etmiş, dini və etnik mənsubluğu heç vaxt qarışdırmamış, etnik mənşə və soykökünün fərqində olmuş və öz milli mənsubiyyətiylə fəxr etmiş tək-tək klassik şairlərimizdəndir”.(Z.Bayramlı)
Təəssüf ki, “hər sözü bir pəhləvan olan” şairimizin ata yurdu barədə tarixi qaynaqlar yoxdur, mövcud rəvayətlərə istinad olunur. Birinci rəvayət akademik H.Araslının qeydə aldığı Ərəş variantıdır. Akademik bu rəvayət barədə yazır: “Bəzi rəvayətlərdə Füzulinin atası Süleymanın Ərəş mahalından Kərbəlaya köçdüyü və şairin oğlu Fəzlinin sonralar Ərəşə qayıdıb öz qohum- qardaşlarının yanında yaşadığı göstərilir. Fəzlinin Ərəş mahalında şöhrətləndiyini, onun əsərlərinin Ərəş dairəsində yaşayan əhali, xüsusən çələbilər içərisində şöhrət qazandığı məlumdur”.
İkinci rəvayətə görə, dahi şairimizin atası İraqa Ağcabədi rayonundakı Boyat kəndindən köçüb getmişdir. Rəvayətlərdə yerli camaat Füzulinin atasını Süleyman kişi deyə yad edir. Bunu mərhum alim Ş.Cəmşidovun araşdırması da təsdiq edir. Onun yerli sakinlərdən topladığı rəvayətin tam mətnində oxuyuruq: “Ata-babalarımızdan eşitdiyimizə görə Süleyman kişi bizim Boyat kəndindən imiş…Süleyman kişinin burada Kərpicli təpədə evi varmış. O vaxt burada Hindistandan gəlmiş bir hindli mühəndis Boyat kəndinin yanından keçən və Qarqar çayının bir qolu olan Qarasudan bir arx ayıraraq Boyatın cənub-şərqindəki düzə su çıxarmışdı. Camaat o arxın qabağında əkin əkib bağ salmışdır. Sonra arxın üstündə bir kənd əmələ gəlir ki, onu həmin hindli mühəndisin adı ilə “Hindarx” adlandırırlar. O hindli mühəndis Süleyman kişinin qızı ilə evlənir. Az keçmir ki, ölkədə qarışıqlıq qopur. Süleyman kişi ilə qonşuları arasında böyük vuruşma olur. Ortaya qanlılıq düşür. Buna görə də Süleyman kişi öz yeznəsi hindli mühəndisin bələdçiliyi ilə köçüb ölkədən çıxmış və Kərbəlaya getmişdir. Biz tərəflərdən, Qarabağdan – Ağdamdan Kərbəlayə vaxtilə köçüb gedən çox adamlar olmuşdur. Nikolay vaxtı Kərbəlaya ziyarətə gedən adamlar oradakı yerliləri – qohumları ilə görüşüb, qonaq qalarmışlar…Babalarımızın dediyinə görə, sonralar Süleyman kişi və oğlu Məhəmməd Boyata öz qohumlarını görmək üçün gələrmişlər. Onların qohumları Boyat kəndi ilə bitişik olan Beyləqanlı – Aşıqvəlilər tirəsindənmiş. Süleyman kişinin yurd yeri adlanan “Kərpicli təpə” də buradadır”. (Əlavə edək ki, Boyat kəndinə bitişik Aşıqvəlilər kəndi və Süleymanlı təpəsi indi də qalmaqdadır.)
Bunlar rəvayət olsa da, necə deyərlər, od olmasa, tüstü çıxmaz.
Filologiya elmlər doktoru S.Paşayevin dediyi kimi, hər bir rəvayət real həyat həqiqətlərinin təhkiyə formasında bədii ifadəsidir. Rəvayətlər tarixi şəxsiyyətlərlə bağlı olduğu üçün öz reallığını qoruyur. Böyük S.Vurğun da əfsanə və rəvayətlərdə “həqiqət şəfəqləri görürdü”.
Rəvayətlər birmənalı olaraq Füzulinin atasının adının Süleyman olduğuna və Azərbaycandan köçdüyünə işarə edir. Lakin konkret olaraq ölkənin hansı bölgəsindən (Ağcabədidəki Bayat kəndindən, yoxsa Ərəşdəki (Şamaxıdakı) Bayat kəndindən) köçüb getməsi hələ də tam dəqiq müəyyənləşdirilməmişdir. Biz bunu elə vacib də saymırıq. Ya o Bayatdan, ya da bu Bayatdan, nə fərq edər ki. Sonda hər iki yaşayış məntəqəsi Azərbaycan deyilmi?!
Hər iki rəvayətdə, o cümlədən tədqiqatçıların qeydlərində yekdilliklə Süleyman kişinin İraqa köç etdiyi göstərilir. Prof. Ş.Cəmşidov “M.Füzulinin ata yurdu haqqında rəvayət” başlıqlı məqaləsində şairin atası Süleyman kişinin Azərbaycandan İraqa köçməsinin səbəbinə də aydınlıq gətirir. Dolayısı ilə o, ümuminin “Füzulinin atası Süleyman kişi Azərbaycandakı feodal çəkişmələri səbəbindən ailəsi ilə birlikdə İraqa köçmək məcuriyyətində qalmışdır” fikrini təsdiq edir.
Bizcə, Süleyman kişinin başqa yerə yox, məhz İraqa (Kərbəlaya) getməsi təsadüf sayılmamalıdır. Əvvələn,ikinci rəvayətdə də deyildiyi kimi “Biz tərəflərdən, Qarabağdan – Ağdamdan Kərbəlaya vaxtilə köçüb gedən çox adamlar olmuşdur” və “Nikolay vaxtı Kərbəlaya ziyarətə gedən adamlar oradakı yerliləri – qohumları ilə görüşüb, qonaq qalarmışlar” cümlələri bu bölgənin adamları (o cümlədən digər azərbaycanlılar) üçün Kərbəlanın yad yer olmadığını, ora müntəzəm gediş-gəliş olduğunu göstərir. Həm də XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Onların arasında bayat əşirətindən olanlar da az deyildi. Tədqiqatçı və şair, “Kərkük” qəzetinin baş redaktoru Ş.Kuzəçi yazır ki, “Bayat əşirətinin İraqa etdiyi köç dalğalarının Monqol istilası və Səlcuqlu dönəmlərində gerçəkləşdiyi fərqli qaynaqlarda yer almaqdadır”. Bu durum sonralar da davam etmişdir. Xalq yazıcısı, AYB-nin sədri hörmətli Anar müəllim “Əsrim, əslim, nəslim” kitabının “Məmmədxanlılar” fəslində yazır ki, “Bayat boyu–Dədə Qorqudun, Füzulinin boyudur. Bayat adlı kəndlər Qarabağda, Quzey və Güney Azərbaycanın başqa yerlərində də var. Ümumiyyətlə, bayatlar Cənubi Qafqazdan Doğu Anadoluya, İraqa qədər böyük bir sahədə məskunlaşıblar”.
Şairin mənsub olduğu ailə XV əsrin axırlarında Azərbaycandan İraqa köçmüş minlərlə ailələrdən biri idi. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, zənn edirik ki, Süleyman kişi İraqa – öz həmyerlilərinin və öz boyundan, əşirətindən olanların yanına getməyi daha münasib bilmişdir. Və bu, təbii haldır.
Məlum olduğu kimi M.Füzuli ərəb, fars və Azərbaycan dillərində yazıb yaratmışdır. O, farsca “Divan”ın dibaçəsində qeyd edir ki, “Bəzən ərəbcə şeir yazdım və ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu, mənim üçün asan idi. Çünki mənim elmi bəhslər (fənlər, yaxud mübahisə) dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şerin gözəlliklərilə zövq verdim. Bu da məni о qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci düzdüm və о budaqdan könül meyvəsi dərdim”.
Amma üç dildə yazıb-yaradan, "bütün türk şairlərinin babası" həmişə ana dilinə - Azərbaycan dilinə üstünlük vermiş, F.Köçərlinin sözləri ilə söyləsək, “türk dilinə rövnəq vermiş və onu xarü xaşakdan təmizləyib, bir göyçək və səfalı çəmənə bənzətmişdir. Akademik A.Axundovun da dediyi kimi, o,“üçdilli nəhəng "türkzəban" türk ləfzilə şeir yazmağın bütün çətinliklərini asan etmək qüdrətinə malik olmuş, bu qüdrət ona ana dilinə dəruni sevgisindən və dəruni hörmətindən gəlmişdir".
Filologiya üzrə fəlsəfə doktoru, dosent S.Ağayeva “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycan ədəbi dili tarixində Məhəmməd Füzuli” adlı məqaləsində yazır ki, Füzuli “…dövrün qalib dilləri, ərəb, fars dillərindən qədərincə faydalanmış, ana dilini bu dillərlə canlı rəqabətə qatmış və bu yarışmada qalib çıxdığını öz bədii yaradıcılığı ilə təsdiq etmişdir”. O, ana dilində “Leyli və Məcnun”u, “Hədiqətüs-süəda”nı və digər əsərlərini yazmaqla, Ə.Caminin “Hədisi-ərbəin” əsəriniana dilimizə tərcümə etməklə “tikəndən bərgi-gül izhar” etmişdir.
Əslində dahi şairimizin “türkcə şeir mənim əslimin səliqəsinə uyğundur” ifadəsi onun doğma ana dili (həm də milliyyəti) barədə mübahisə etməyə yer qoymur. Amma maraqlı olan bilirsinizmi nədir? Görəsən, Xalq şairimiz R.Rza demişkən, vətənindən, elindən uzaq düşmüş, ta çocuqluq illərindən qürbətdə ömür sürməyə məcbur olmuş bir adam necə olmuşdur ki, ana dilində belə kamil şeirlər yazmışdır. O, azəri xalqına məxsus olan bir sıra ifadə, obraz, təşbih üçün mayanı haradan almışdır?
1959-cu ildə İraq səfərindən sonra “İraq sözü nədənsə həmişə “fəraq” sözünü mənim yadıma salır” cümləsiylə başlayan “Uzaq ellərin yaxın töhfələri” adlı essesində Xalq şairi özü bu suala belə cavab verirdi: “Mən inandım ki, Füzulinin yaşayıb yaratdığı yerlərdə onun azərbaycanca əsərlərini oxuyan, onun poeziyasına qiymət və qüvvət verən minlər, yüzminlər varmış, Fizuli dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalqın əhatəsində yaşamışdır. O xalqın ki, neçə əsrlər boyu Kərkük, Ərbil, Mosul dolaylarında yaşayır, dili, adət və ənənələri ilə hakim ərəb xalqına heç bir bənzəyişi yoxdur, deyilənə görə, sayı yarım milyona yaxın olan bir xalqdır”.
Şah İsmayılın 1508-ci ildə Bağdada daxil olması ilə burada artıq azərbaycanlıların nüfuzu da artmışdı. Xətainin məşhur beytindən də bunu görmək mümkündür: “Getdikcə tükənir ərəbin kuhi-məskəni, Bağdad içrə hər neçə kim türkman qonar”. Deməli, İraqda Azərbaycan türklərinin məskunlaşması və "Azərbaycan-türk mühitinin" mövcud olması dahi şairin Azərbaycan dilində Şərq poetikası ənənələrinə uyğun janr nümunələri qələmə almasına və doğma ana dilində "Divan" bağlamasına şərait yaratmışdır.
Hazırda ərəblər və farslar "Təkrarsız lirik və qəlb şairi" (M.Cəlal), "türkdilli zəmin üzərində ucalmış böyük Azərbaycan şairi" (H.Araslı) M.Füzulini öz şairləri, milliyətcə ərəb və fars sayırlar. Türk dilli digər xalqlar da şairi özlərininki hesab edirlər. Dahi Füzulinin ərəb və fars hesab edilməsi çox güman ki, onun ərəb və fars dillərini mükəmməl bilməsi və bu dillərdə də milsilsiz cənət əsərləri yaratmasından, həmin xalqların tarixinə, mədəniyyətinə, ədəbiyyatına, məişətinə, adət-ənənələrinədərindən bələd olmasından qaynaqlanır. Həm də ədəbiyyatımızda ərəb və farsça yazmaq ənənəsinin olduğunu unutmayaq. Bir də hər başqa dildə yazanı öz xalqına deyil, dilində yazdığı xalqa aid eləsək, gör onda,nə qədər avropalı fransız, fars türk, türk fars, fars ərəb,türk ərəb, lap elə qırğız rus sayılmalıydı.
M.Füzuli azərbaycanlıdır, Azərbaycan türküdür!
Yuxarıda da dediyimiz kimi o, milli kimliyini aydın dərk edən, etnik mənşə və soykökünün fərqində olan və öz milli mənsubiyyətiylə fəxr edən klassiklərimizdəndir.Vaxtı ilə türkşünas, professor K.Berrill Füzulini “bütün Azərbaycan şairlərinin ən öndə gedəni” adlandırmışdı. Məşhur ingilis şərqşünası E.C.Gibb bütün şərqşünaslardan fərqli olaraq, Füzulini Azərbaycan şairi kimi göstərmişdir. Türk siyasətçisi, tarixçisi, ədəbiyyatşünası, professoru F.Körpülüzadə də Füzulini Azərbaycan şairi kimi təqdim etmişdir.
Xalq yazıçışı Elçin xatirələrinin birində yazır: “M.Füzulinin 500 illik yubileyi ilə bağlı İraqda keçirilən “Füzuli günləri”ndə iştirak edərkən həmin vaxt İraqın prezidenti olan Səddam Hüseyn məni qəbul etdi. Orada bir sıra məsələlərdən söhbət açdıq… S.Hüseyn də etiraf etdi ki, İraqda yaşasa da, Füzuli azərbaycanlıdır, sonra bildirdi ki, əslində, o, bütün dünyanın şairidir. Bu, yüksək səviyyədə rəsmi etiraf idi.
Bizcə, "Şərq poeziyasının günəşi"nin (Gibb) Azərbaycan dilində yazması, “bu dilin böyük müdafiəçisi olması”(Y.Seyidov), “Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmaşı”(C.Cabbarlı),əsərlərində Azərbaycan-türk düşüncə-danışıq tərzinin özünü göstərməsi, “türkcə şeir mənim əslimin səliqəsinə uyğundur” söyləməsi onun milli mənsubiyyətinin də göstəricisidir və azərbaycanlı olduğuna daha bir sübutdur. Təsadüfi deyildir ki, böyük demokrat ədibimiz C.Məmmədquluzadə 1925-ci ildə “Füzuli” sərlövhəli məqaləsində yazmışdı:”Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir”.Ədəbiyyatşünas A.Sur isə belə bir mülahizə yürütmüşdür: "Füzuli lisanında məfuli-bihlər ilə bəzi siğeyi-feiliyyələrdə azərbaycanlılığın hiss olunması, əcdadının Azərbaycan türklərindən olması haqqında bir zənn veriyor". A.Surun Füzulidən nümunə gətirdiyi ifadələrin çoxunun yalnız Azərbaycanda işlədilməsi fikrini nəzərə alan akademik H.Araslı həmin mülahizəni qəbul etmişdi. Təsadüfi deyildir ki, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru M.Cəlal akademik H.Araslının redaktorluğu ilə nəşr olunmuş “Füzuli sənətkarlığı” monoqrafiyasında yazmışdı: “Füzuli şeirində dilin xalq ruhu, xalq ifadə formaları, hətta çox yerdə canlı danışıq dilinin xüsusiyyətləri saxlanılmışdır”. Qeyd edilənlərlə bağlı akademik Ə.Dəmirçizadənin “Füzulinin və ümumən XVI əsr Azərbaycan dilinin lüğət fondu, qrammatik quruluşu bugünkü Azərbaycan dilinə yaxındır” fikrini də xatırlatmaqda yarar görürük.
Ümummilli liderimiz H.Əliyev deyirdi:”Füzuli azərbaycanlıdır, azərbaycanköklüdür. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir. Füzuli başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur… Ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə hesab edirlər ki, о türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun, tarixə bəşəri bir şəxsiyyət kimi düşsün. Eyni zamanda biz bu yubiley tədbirlərindən istifadə edərək dünyaya bir daha bildirməliyik ki, Füzuli azərbaycanlıdır”.
Beləliklə, da ulu öndərimiz bütün dünyaya “Füzuli azərbaycanlıdır” həqiqətini ən yüksək səviyyədə bəyan etmişdi.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Mənim azadlığım – özümə yaxın olmaqdır. Bəs səninki? - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Azadlıq!
Bu söz hər kəsin ağlında başqa bir şəkildə canlanır. Kimisi üçün azadlıq səssiz bir səhrada, kimisi üçün gurultulu şəhər küçələrində gəzib dolaşmaqdır. Mənim üçün isə azadlıq konkret bir məkanda deyil, daha çox qəlbin dərinliyində baş verən bir üsyandır.
Bir düşün: göy üzünü yara-yara uçan bir quşu izləyirsən. O, azaddırmı? Yoxsa qanadlarını havada saxlamaq üçün küləklə mübarizə aparır? İnsan da belədir. Azadlıq istəyirik, amma azad olmaq üçün çarpışırıq. Nə qəribədir, deyilmi? Azadlıq bəzən sahib olmaqdan çox, buraxmaqda gizlidir. Mən azadlıq deyəndə, ilk ağlıma gələn, çəkinmədən, tərəddüd etmədən “mən belə istəyirəm” deyə bilməkdir. Amma hər dəfə bu cümləni söyləyəndə ətrafdakı səslər artır, baxışlar sərtləşir. İnsanlar bəzən sənin azadlığını öz qorxularının divarları ilə mühasirəyə alır. “Bunu edə bilməzsən, çünki...” deyə başlayan cümlələr onların içindəki qorxu və ehtiyatkarlığın təzahürüdür.Amma azadlıq belə məhdud deyil. Məncə, o daha çox bir hissdir, bir seçimdir. Gecənin sakitliyində, əlimdə qələm, ağ vərəqin qarşısında dayananda hiss edirəm onu. Sözlər azaddır, düşüncələrim azaddır. Nə danışmağa ehtiyac var, nə də izah etməyə. Heç kim eşitməsə də, mən özümü dinləyirəm. Və həmin an anlayıram ki, azadlıq başqalarını razı salmaqdan imtina edib, öz qəlbinlə razılaşmaqdır.
Bəzən fikirləşirəm: insan azadlığı dərk etdikcə daha da darıxır. Çünki azad olmaq həm də tək olmaq deməkdir. Öz yolunu seçib, bu yolda səssizcə irəliləməkdir. Amma bu səssizlikdə qəribə bir güc var. O səssizlikdə özünü tapırsan, arzularını yenidən doğurursan.
Azadlıq çox vaxt qucaqlaşmaqda deyil, buraxmaqda gizlənir. İstər keçmişi, istər qorxuları, istər də səni anlayıb-anlamayacağını düşündüyün insanları burax. Çünki azad olmaq üçün ən böyük addım içindəki “bacararam” səsini eşidib onun arxasınca getməkdir.
Bir gün hamımız öz azadlığımıza çatacağıq. Amma bu yol, bu axtarış, özü azadlığın ən gözəl hissəsidir. Mənim azadlığım – özümə yaxın olmaqdır.
Bəs səninki?
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“Könlümün ruzisi”, yoxsa “dovşanım”? - ESSE
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Sevgini tapmaq lazımdır? Yoxsa sevgi bizi tapmalıdır? Yoxsa sevgini özümüz yaratmalıyıq?
Sevgi hamıya tanış bir mənada hamıya yad hisdir. Əsl sevgilər sevginin nə olduğunu bilməyənlərin əlində tarixə qarışıb. O adamlar sevgiyə küsüb. Axı sevgi əllərdə oyuncaq olmalı deyildi...
Sevgi nədir desələr, bəxtin oyunudu demək olar. Bəxtin gətirdisə, sevginin şahını yaşıyarsan, bu da nəsildən-nəslə ötər. Vay o gündən bəxt gətirməyə... Düşəcəksən bir sevgi bilməz uşağın əlinə.
Osa ancaq anasının gül balası olub. Nə istəyibsə, .... “Anan qurban, bu dəqiqə” deyilən birinə. İrad bildirəndə əlindən sevdiyi oyuncağı alınmış oyuncağa dönər. Həyə öyrəşib yoxu danan formalaşmamış fərdi baxçadan yenidən başlamaq lazımdır.
Bəs sevgi necə olur? Sevgi kimdənsə nəsə ummaq deyil. Sevgi sevəni saflaşdıran duyğudur, necə ki, Xosrovu saflaşdıran sevgi kimi. Sevgi maneələri görməyəndir, necə ki, Fərhadın dağı yardığı kimi. Sevgi sadiq qalmaqdır, necə ki, Leylinin özünü İbn Səlama yar etməyib Məcnunun intizarına qərq edən kimi. Heyif ki, onun da qədrini bilən olmadı.
Heç bir emosiya sevdiyin insan tərəfindən sevilmək hissinə bərabər ola bilməz. Amma bir şey də var ki, sevilməyin də qədəri var. Çox sevmək də, qayğısızlıq da aşiq usandırır.
Peyğəmbərimiz sevdiyi xanıma “Könlümün ruzisi” deyirmiş. Necə gözəl ifadədir. İndikilər çiçək, böcək, dovşan, maral deyə-deyə meşədə nəsnə qoymur. Siz könlünüzün ruzisini tapın, könlünüzü xoş edəni tapın, könlünüzü sevəni tapın. Sevgi nağıllarda dastana dönməsin, könüllərdə dəryaya dönsün!
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“Dənizi verdim ki, sənə hədiyyə, gəldiyim sahilə gələsən bir də" - Nəbi Xəzrinin doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
-Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
-Mən isə... göyləri verirəm, -dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
-Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi fəaliyyət göstərmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin doğum günüdür.
Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilmişdir. Ordudan tərxis olunduqdan sonra o, bir müddət "Kommunist" qəzetində korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.
1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırır və onu Yazıçılar İttifaqına üzv qəbul edir.
Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edir. Dava böyüyür və dekanın şairi universitetdən qovması ilə nəticələnir. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olurlar.
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışmışdır
Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurmuş və beş övladı dünyaya gəlmişdir. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişmişdir.
1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunmuşdur. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri Təxəllüsünü götürür.
2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirmiş və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“Bəlkə ömrə bərabər - Bir ümid yollayasan?!” - Tanınmış şair sumqayıtlı oxucuların qonağı oldu
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktorunun müavini, tanınmış şair-publisist Əbülfət Mədətoğlu ilə sumqayıtlı oxucuların görüşü keçirildi.
Elə anım yoxdu ki,
O anda olmayasan...
İşıq kimi, nur kimi -
Ruhuma dolmayasan!..
Ürək axşam və səhər
Gözləyir hər gün xəbər...
Bəlkə ömrə bərabər -
Bir ümid yollayasan?!
Unut özgə fitnəsin
Vaxt ortada itməsin...
Mənim ömrüm bitməsin -
Sən isə solmayasan!..
Bəli, bu sayaq lirik, ruh oxşayan şeirlər müəllifidir Əbülfət Mədətoğlu.
Tədbirdə öncə Əli Kərim adına Poeziya Klubunun müdiri İbrahim İlyaslı müəllifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi.
Ədəbiyyatşünas-alimlər Rüstəm Kamal və Rafiq Yusifoğlu, araşdırmaçı yazar Ramiz Göyüş, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əməkdar artist Nazir Rüstəm, mədəniyyət işçisi Əli Niyazbəyli, şair və yazıçılardan Ehtiram İlham, Süleyman Abdulla, Süleyman Sərraf, Fərhad Məhərrəmov, Əbülfəz Əhməd, Lilpar Cəmşidqızı, Emin Piri, Elvin Əlizadə, Sahibə Yusif çıxış edərək müəllifin yeni çap olunmuş kitabı haqqında öz fikirlərini bölüşdülər və onu 65 illik yubileyi münasibətilə təbrik etdilər.
Xalq artistləri Yalçın Rzazadənin və İlqar Muradovun ifasında sözləri Əbülfət Mədətoğluna məxsus olan mahnılar video-çarx şəklində tamaşaçılara təqdim olundu.
Sonda şair Əbülfət Mədətoğlu oxucular üçün öz kitablarını imzaladı.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“Solfecio dərs vəsaitləri” Azərbaycanın musiqi təhsilində bir ilkdir” - MÜSAHİBƏ
İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” üçün
İradə Allahverdiyevanın budəfəki qonağı musiqi sahəsində öz imzası ilə seçilən Lamiyə İlyasqızıdır.
-Salam, Lamiya xanım. Necəsiniz? Əgər mümkünsə, sizin haqqınızda daha ətraflı bilmək olarmı?
– Salam. Yaxşı olasınız. Mən Lamiyə İlyasqızı Azərbaycanın ən səfalı guşəsi olan Naxçıvanda anadan olmuşam. Hansı ki, bir çox dahilərin doğulub, boya-başa çatdığı - Azərbaycan Respublikasına böyük töhfələr bəxş etmiş, tarixə öz adını böyük siyasi xadim kimi yazdırmış Ulu öndərimiz Heydər Əliyevin, ədəbiyyat və incəsənət xadimlərindən C. Məmmədquluzadənin, Ə. Qəmküsarın, Ə.Cavadın, M.Nəsirbəyovun, R.Mirişlinin və digərlərinin vətənində 1974-cü ildə anadan olmuşam. Daha dəqiqi -
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində ziyalı ailəsində anadan olmuşam. Mənim atam İlyas Fərəməzoğlu Naxçıvan Şairlər Birliyinin üzvü olmuş, beş şeir kitabının müəllifi olan ziyalı bir insan idi. Əslində, mənim indiki nailiyyətlərimi atama borcluyam.
1990-cı ildə Üzeyir Hacıbəyli adına Musiqi Texnikumuna daxil olaraq musiqi sahəsindəki təhsilimi 1994-cü ildə musiqi nəzəriyyəsi üzrə başa vurmuşam. Tələbəlik illərində məni mənəvi olaraq dəstəkləyən və mənə çox böyük təsir edən müəllimim, Azərbaycan musiqi aləminin tanınmış siması Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar, tarzən və pedaqoq Vasif Kərim oğlu Allahverdiyev olub. O, mənim musiqiyə olan marağımı artıran və təhsil həyatımda uğur qazanmağımda ən önəmli dəstəkçi olmuşdur. Vasif müəllim həmçinin mənim fəaliyyətimdəki ən önəmli rəhbərlərdən biridir.
O vaxtdan etibarən musiqi təhsilində uğurla irəlilədim və bu sahədə özümü inkişaf etdirdim. Hal-hazırda Polşada “İnternational Science and Technology University”ində Psixologiya fakültəsində təhsil almaqdayam.
-Fəaliyyətiniz haqda bilmək istərdik, əgər mümkünsə…
– Mənim fəaliyyətim musiqi təhsili və nəzəriyyəsi ilə bağlıdır. 1991-ci ildən etibarən Çərçibogan kənd uşaq musiqi məktəbində, 1994-cü ildən isə Bəhruz Kəngərli adına Uşaq İncəsənət Musiqi Məktəbində müəllim kimi və nəzəri fənlər üzrə 30 ildən artıqdır ki, şöbə müdiri olaraq fəaliyyət göstərirəm. Bu sahədə yazılmış altı kitabın müəllifiyəm. Bu günə qədər musiqi təhsilinə verdiyim töhfələrə görə çox məmnunam. Hər bir kitabda musiqi nəzəriyyəsinin əsas mövzularını sadə dillə izah etməyə və tələbələrin öyrəndiklərini praktiki olaraq tətbiq etmələri üçün müxtəlif tapşırıqlar və testlər təqdim etməyə çalışmışam. Mənim məqsədim, musiqi təhsilini daha əlçatan və daha anlaşılan etməklə yanaşı, musiqi tədrisindəki boşluqları dolduraraq, tələbələrə daha interaktiv və praktik şəkildə bilikləri mənimsətmək olub.
-Kitablarınız haqqında məlumat verə bilərsinizmi?
–Əlbəttə. Mənim yazdığım “Solfecio dərs vəsaitləri” Azərbaycanın musiqi təhsilində ilk dəfə bu formatda yazılmış dərs vəsaitləridir. 2020-ci ildən 2022-ci ilə qədər yazdığım “Solfecio I sinif dərs vəsaiti”, “Solfeçio II sinif dərs vəsaiti”, “Solfecio III sinif dərs vəsaiti” və “Solfecio IV-V sinif dərs vəsaiti” kitablarında yalnız nəzəri biliklərlə yanaşı tapşırıqlar və testlər də mövcuddur ki, bu da tələbələrə biliklərini praktiki şəkildə tətbiq etməyə imkan verir.
Həmçinin, XX əsrin 80-dən çox Azərbaycan bəstəkarının həyat və yaradıcılığını əks etdirən “1001 sual test bankı” adlı kitabımı və 2023-cü ildə nəşr olunmuş “Test bankı 2023” əsərimi qeyd edə bilərəm. Bu kitablar Azərbaycan folkloru, mədəniyyəti və xalq yaradıcılığına dair testləri əhatə edir.
-Gələcək planlarınız nədir?
-Gələcəkdə musiqi təhsilini daha da irəlilətmək və yeni dərs vəsaitləri yazmaq istəyirəm. Təhsil sahəsində daha çox yenilikçi metodların tətbiqi və müasir dünya təhsil standartlarına uyğun dərsliklərin hazırlanması mənim əsas məqsədimdir. Həmçinin Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması, Azərbaycanın musiqi təhsilinin daha geniş auditoriyaya çatdırılması üçün çalışmaq istəyirəm. Bu istiqamətdə müxtəlif layihələr üzərində işləmək niyyətindəyəm.
-Sizə uğurlar!
“Ədəbiyyat və incəsənət”
(10.12.20304)