Super User

Super User

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 13-dən 15-dək Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün qış məktəbi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” nazirliyə istinadən xəbər verir  ki, bu, mədəniyyət və yaradıcı sənayelər sahəsində məlumatlılıq səviyyəsinin artırılması, layihənin effektiv idarə edilməsi və strategiya qurmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə reallaşır.

 

İştirakçılar qış məktəbində mədəniyyət və yaradıcı sənayelər sahəsinin prioritet istiqamətləri, mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, həmçinin bu sahədə şəbəkələşmə imkanı qazanacaqlar.

 

İştirak etmək istəyənlər https://winterschool.culture.az/ linki vasitəsilə dekabrın 11-dək qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Ötən gün bp müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri son 60 ildə yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun və veb-saytın ictimaiyyətə təqdimatını keçirib.

 

AzərTAC xəbər verir ki, kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub. Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

Kitab-albom üç, Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Nəşrdə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltaraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12 min əsərlik yaradıcılıq kolleksiyasından seçilib. Bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünyaşöhrətli korifeyləri ilə yeni, lakin güclü gənc nəslini bir araya gətirmiş misilsiz sənət toplusudur.

 

Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, ilk dəfə Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları - Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq. Bu kitab bir daha incəsənət sözünün təcəssüm etdirdiyi yaradıcılıq, təxəyyül və ilhamın simvolik gücünü vurğulayır. bp Azərbaycanın həm dünyaşöhrətli, həm də inkişaf etməkdə olan yaradıcılıq sənətinin təbliğinə töhfə verməkdən qürur duyur.

 

Qeyd edək ki, bu sənət toplusu müvafiq incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də bütün sənətsevərlərə bp-nin hədiyyəsidir. Yeni təqdim olunmuş veb-sayt (www.az-art.gallery) artıq ictimaiyyətə açıqdır.

 

Kitab və veb-saytın hazırlanması, nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 85 min 300 manat (50200 dollar) təşkil edib.

 

Layihə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən icra olunub.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Wednesday, 11 December 2024 11:32

Suriya və Ermənistan - ƏKBƏR QOŞALI YAZIR

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist və siyasi icmalçı Əkbər Qoşalının son siyasi hadisələrə şərhini təqdim edir. 

 

Son günlər gündəmi Suriya tutub desək yanlış olmaz. Bununla belə, Suriya mövzusunda bir istiqamət hələ gərəyincə diqqətə alınmamaqdadır. Mən Suriya və Ermənistan bağlamında ediləcək vurğuları nəzərdə tuturam.

Suriya ilə Ermənistanı birləşdirən və ayıran cəhətlər nədən ibarətdir?

Suriya da, Ermənistan da sərhədləri xətkeş-pərgarla çəkilən, bir baxıma, qurama dövlətlər olub.

Hər iki ölkə Fransa ilə bu və ya digər bağlara malikdir, yaxud malik olub. XX yüzil tarixindən bildiyimiz kimi, Osmanlıdan ayrılan (qoparılan) Suriya, “Fransız mandat”ına keçmişdi (salınmışdı) və bu “mandat” 28 iyun 1922-ci ildən 01 yanvar 1925-ci ilədək mövcud olsa da, Fransa, sonrakı onillər boyu da Suriya sevdasını ürəyində dəfn edə bilməyib. Ermənistan isə SSRİ dağılar-dağılmazdan Fransanın açıq təzahür edən maraq dairəsindəki yerindən cilvələnməkdədir.

Suriya türkmanlarının, başqa deyilişlə, Suriya azərbaycanlılarının (yaxud Suriya türklərinin) başına gətirilənlər, Ermənistanda azərbaycanlıların başına gətirilənlərlə eyniyyət təşkil edir. BƏƏS Suriyası, özəllikə son illərki Suriya rejimi də, soydaşlarımızı didərgin salıb, haqq-hüquqlarını tanımayıb – necə ki, Ermənistan 300 min azərbaycanlını öz dədə-baba torpaqlarından – İrəvan, Göyçə, Zəngəzur və b. yerlərdən (Qərbi Azərbaycandan) didərgin salmışdır...

Əsəd rejimi kimi, Köçəryan, Sərkisyan rejimi öndə olmaqla Ermənistan hakimiyyəti də, türklərə, Türk dünyasına münasibətdə düşməncə davranıblar. Bu günün Ermənistanı potensial Suriyadır...

Bizim yaxın coğrafiyada xarici güclərin maraq dairəsinin kəsişməsinə, xarici ölkələrin hesablaşma yerinə çevrilən ölkələrin ilk ikisi Suriya və Ermənistandır.

Ona görə də hal-hazırda Suriyada baş verən hadisələr fonunda, Qafqazda hər hansı bir ölkənin adı çəkilməlisə, o ölkə Ermənistan olmalı.

Habelə, Ermənistan yalnız Türkiyəylə münasibətdə deyil, digər qonşularla münasibətdə də sabitqədəm, konstruktiv bir mövqe nümayiş etdirməyib. Ona görə də, Suriyanın başına gələnlər, özəlliklə, Hafiz Əsəd rejiminin başına gələnlər, Ermənistan və Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır.

Vətəndaş müharibəsi başlamazdan öncə Suriyada təxminən 100 min erməninin yaşadığı ehtimal edilir. 60 mini Hələbdə, 8 mini Qamışlıda, 6-7 mini Şamda məskunlaşmış ermənilərin Şam, Hələb, Latakiya kimi şəhərlərdə kilsələri, məktəbləri, mədəniyyət mərkəzləri mövcud olub. Təsəvvür edin ki, BƏƏS rejimi ermənilərçün necə münbit ortam yaradıb ki, Suriya erməni icması bütün erməni diasporları içində ən mütəşəkkili hesab olunurmuş...

Vətəndaş müharibəsinin başlaması ilə Suriyadan on minlərlə erməni, başda Ermənistan olmaqla başqa dövlətlərin ərazisinə daşınıb. Onlardan bir bölümü vaxtilə Azərbaycanın işğal altındakı torpaqlarına köçürülərək, qeyri-qanuni məskunlaşdırılmışdı.

Suriyanın bəzi hərbi-siyasi qruplaşmaların nəzarətində olan bölgələrində, onlarla qanunsuz işbirliyi içində olan erməni milislərinin idarə etdiyi məhəllələr vardı.

Təqribən 20 minə yaxın erməninin ən son günlərədək Suriyada qaldığı ehtimal olunur. Sahil Tüməni komandiri, yarbay Tarık Solakın Əsəd rejimi iflas edəndən sonra, Lazkiyanın quzeyindəki ermənilərlə görüşündən videosu yayılmışdı. “Biz Osmanlının torunlarıyıq, Əməvilərin, Abbasinin torunularıyıq. Əmin əllərdəsiniz” deyirdi. Həmişə, hər yerdə əllərinə düşəni öldürən ermənilər, onlara uzadılan əmin əllərdən sui-istifadə etməsə yaxşı olar...

 

Suriyanın və Ermənistanın beynəlxalq siyasətdəki davranışlarının oxşar cəhətlərinə müəyyən vurğular etdik, gəlin, bu iki ölkəni birləşdirən və ayıran xüsusiyyətləri daha ətraflı müzakirə etməyə çalışaq:

 

Suriya və Ermənistanı birləşdirən amillər

 

Hər iki ölkədə terrorçuluğa açıq dəstək vermiş hakimiyyətlər hökm sürüb.

 

1. Terrorizmlə əlaqə və dəstək:

- Suriyada uzun müddət terror qruplaşmalarına, özəlliklə də PKK və digər ekstremist qruplara dəstək verilib. Bu təşkilatlar Türkiyə əleyhinə fəaliyyətlər üçün Suriyanın ərazisini baza kimi istifadə edib;

- Ermənistanda da bu iş bilavasitə dövlət siyasəti xarakteri daşıyıb; o cümlədən ASALA və digər erməni terror təşkilatları vasitəsilə çoxsaylı terror aktları həyata keçirilib. Ayrıca, Ermənistan real işğal, müharibə cinayətləri ilə, terror qruplarını, separatçı rejimləri dəstəkləməsi ilə ad çıxarıb.  

 

2. Türkiyəyə qarşı düşmənçilik mövqeyi:

Hər iki dövlətin Türkiyə ilə uzun sınır xətti vardır. Hər ikisi də, Türkiyə ilə münasibətlərində dostluq deyil, düşmənçilik mövqeyi nümayiş etdirib. Hər ikisinin ərazisində qardaş Türkiyənin, Azərbaycanın əleyhinə eyləmlər həyata keçirilib.

Suriyanın da, Ermənistanın da ərazisi PKK üçün əlverişli çalışma alanı olub;

Ermənistan qondarma “erməni soyqırımı” iddiaları üzərindən Türkiyə ilə münasibətlərini daim gərgin saxlayıb.

 

3. Rusiyanın hərbi və geosiyasi nüfuzu:

Rusiyanın həm Suriya, həm də Ermənistan üzərində uzunmüddətli hərbi-siyasi təsiri, hər ikisinin ərazisində hərbi bazasının olduğu heç kim üçün sirr deyil.

- Suriyada Rusiya hərbi bazaları (özəlliklə Tartus, Hmeymim) və Kremlin Əsəd rejimini qorumağa yönəlmiş hərbi-siyasi müdaxiləsi, Suriyada Rusiya təsirini illər boyu güclü qılıb;

- Rusiya Gümrüdəki 102-ci hərbi bazası ilə Ermənistanda hərbi mövcudluğunu saxlayır və ölkəni Güney Qafqazdakı strateji maraqları üçün bir “dayaq nöqtəsi” kimi görür. Ermənistan Paşinyan dönəmində iki stulda oturmaq, sonra Rusiya stulundan sivişib, tam Qərb stuluna əyləşmək üçün eyləmlərdə bulunsa da, üzərindəki “forpost” yarlığından qurtulmuş sayılmaz.  

 

4. Xarici maraqların kəsişmə nöqtəsi:

-Həm Suriya, həm də Ermənistan müxtəlif beynəlxalq güclərin maraqlarının toqquşduğu yerlərdir. Suriyada ABŞ, Rusiya, İran və sövq-təbii Türkiyə daxil olmaqla bir çox ölkənin maraqları var. Ermənistanda isə Fransa başda olmaqla Avropa, ABŞ, Rusiya və İranın çal-keçir təsirləri mövcuddur. 

-Bu kəsişmələr hər iki ölkənin daxili sabitliyini, suverenliyini zəiflədir, onları xarici güclərin rəqabət meydanına çevirir.  

Qardaş Türkiyəni çıxmaq şərti ilə, digər xarici güclərin Suriya xalqını düşünmədiyi, səmimi, adil sülh üçün çalışmadığı aydındır; Ermənistana münasibətdə də, ən səmimi, obyektiv, adil münasibət Azərbaycan və Türkiyəyə məxsusdur. – Biz orda da, burda da beynəlxalq hüquq normalarına istinad edirik, bəs digərləri?..

 

5. İranla bağlar:

-Suriya və Ermənistanın İranla sıx münasibətləri hər kəsə bəlli məsələdir. İran, Suriyada Əsəd rejiminə tam dəstək nümayiş etdirirdi, Ermənistanla “strateji işbirliyi”ni  isə hələ də, guya “bölgəsəl dəngə” ilə “əsaslandırmaq”dadır. Rəsmi Tehranın Zəngəzur dəhlizi mövzusundakı qəbuledilməz tutumu bizə nəyi xatırladır? Bu, işğal illərində İranın Ermənistanla birgə həyata keçirdiyi dağıntı-talan və işğaldan qazanc götürmək siyasətinin günümüzdə, bir başqa forma və məzmunda davamına çalışmaq deyilmi?.. 

 

Suriya və Ermənistanı fərqləndirən amillər

 

1. Münaqişənin xarakteri və miqyası:

- Suriyada daxili sabitlik əsasən etnik-dini qarşıdurmalarla dərinləşib. Xarici güclər “daxili səbəblər”ə “əsaslanaraq” birbaşa və dolayısı müdaxilə ediblər;

- Ermənistanın əsas məsələsi “ikinci erməni dövləti” qurmaq idi və Dünya erməniliyi bununçün səfərbər olmuşdu. Əsasən Azərbaycan Respublikası ilə “münaqişə” kimi yorumlansa da, əslində, məsələ münaqişə yox, elan olunmamış müharibə idi; ikincisi, Ermənistan, Dünya erməniliyi və havadarları Azərbaycan ilə Türkiyə başda olmaqla, Türk dünyasını hədəf almışdı...

 

2. Daxili idarəetmə və siyasi rejim:

-Suriyada Əsəd rejimi avtoritar bir sistem üzərində qurulmuşdu və xalqın böyük bir qismi ilə uzlaşma təmin edə bilməmişdi; 

-Ermənistanda isə dışarıya “demokratik idarəetmə” görüntüsü versələr də, həm daxili sabitlik, iqtisadi inkişaf baxımından, həm də qonşularla beynəlxalq hüquqa dayalı münasibət qurmaq baxımından ciddi problemlər mövcuddur.

 

3. İqtisadi potensial və resurslar:

- Suriya münaqişədən öncə geniş iqtisadi və insan resurslarına malik idi; amma uzun sürən müharibə bu potensialı böyük ölçüdə sıradan çıxarıb;

- Ermənistan isə azsaylı əhali, yetərsiz resurslarla daha zəif iqtisadi bazaya malikdir. Ancaq bu azsaylılıq, yetərsizlik uzun illər, qonşulara qarşı əsassız iddialarla çıxış etməyə, boyundan hündürə tullanmağa mane olmayıb... – Çox tuhafdır, deyilmi?.. 

 

4. Beynəlxalq imkanlar:

- Yaxın Doğuda yerləşən Suriya, coğrafi mövqeyinə görə beynəlxalq güclərin diqqət mərkəzindədir.

-Qafqazda qondarılan Ermənistan dövləti isə daha az diqqəti haqq etsə də, Dünya erməniliyi və havadarları sayəsində “yapay diqqət mərkəzi”ndə olmaqçün çabalayır.

 

Bəs Ermənistan üçün Suriyadan çıxarılacaq dərslər varmı?

 

1. Xarici asılılıqdan qurtulmaq:

Ermənistan dünən Rusiyaya, İrana, bu gün Fransaya, sabah Amerikaya, birisigün bir başqasına həddən artıq bağlı olduğu müddətdə öz xəlqi maraqlarını müstəqil şəkildə müdafiə edə bilməyəcək. Suriyanın xarici güclər tərəfindən “hesablaşma meydanı”na çevrilməsinin aqibəti Ermənistan üçün xəbərdarlıq olmalıdır.

 

2. Qonşularla konstruktiv münasibətlər

Ermənistanın Azərbaycanla, Türkiyə ilə düşmənçilik siyasəti, onu daha da təcrid durumuna salır, dalana çevirir. Ədalətli Sülh müqaviləsi imzalamaq və bölgəsəl inteqrasiya Ermənistana hava-su kimi vacibkən, hələ bir də silahlanmaq, əvəzçıxma eşqinə düşmək, Azərbaycanla sınır boylarına əli durbinli Avropa komissarları daşımaq və s. heç də xoş niyyətdən xəbər vermir.

Çanaq öz başında elə partlaya bilər ki, onsuz da baştutmamış dövlət imicinə malik indiki Ermənistan Respublikası, “gözcüy”ə (“qlazok”a) dönər. – Qayğanaq isə yenidən yumurta olmur...

 

3. Milli birlik və sabitlik:

Suriyada daxili qarşıdurmalar ölkənin sabitliyini sarsıtdı. Ermənistan monoetnik ölkə olduğu üçün, milli-etnik münaqişələr real görünmür, lakin başqa kateqoriyalar üzrə qarşıdurmalar istisna deyil. Ən əsası, dış güclərin kəsişən maraqları bir gün “dəngə”dən çıxa bilər...

Ermənistanda daxili siyasi sabitlik üçün iqtisadi inkişaf, qonşularla sabit, güvənli münasibət olmalıdır, yoxsa, dövlət-xalq birliyi qurmaq mümkün deyil. Çünki, nə dövlət var, nə xalq... Dövlət – qurama, baştutmamışsa, əhali teylənib başqa ölkələrə köçürsə və ən əsası, Qarabağdakı vandallıqlarla xalq yox, tayfaqırığı olduqlarını danılmaz surətdə sübut ediblərsə, başqa sözə nə hacət?..

 

4. Terror dəstəyindən çəkinmək:

Ermənistanın ehtimal olunan nicat yolundan biri də, Suriyadan fərqli olaraq, PKK, ASALA və s. üzəri siyasətdən, ümumən terrorla bağlılıqdan birmənalı uzaqlaşmaq, beynəlxalq hüquqa boyun əymək, Azərbaycanla, Türkiyə ilə normal münasibətə çalışmaqdır. Əgər sağlam düşünmə imkanları varsa...

 

Sonuc

 

Suriya və Ermənistan arasında çoxsaylı oxşarlıqlar olsa da, Ermənistanın hələ də fəlakətli nəticələrdən qaçmaq üçün ehtimal olunan şansı vardır. Bunun üçün:

-Azərbaycan başda olmaqla, bütün qonşuları ilə beynəlxalq hüquqa dayalı, sülhpərvər siyasət yürütməli, əsassız iddialardan, o cümlədən ərazi iddialarından qəti əl çəkməli, bunu Ana Yasasında təsbit etməlidir;

- Xarici güclərin təzyiqini azaltmaq, Hindistandan, Fransadan, ordan-burdan mədəd ummaqdansa, öz üzərinə düşənləri eləmək, Zəngəzur dəhlizini açmaq, Qərbi Azərbaycanlıların dədə-baba yurdlarına ləyaqətli qayıdışına münbit ortam yaratmaq daha uyğun işlərdir.

- Ermənistan hər hansı dövlətlə işbirliyini üçüncü ölkəyə qarşı qullanmaq mərəzindən əl çəkməlidir.

Əks təqdirdə, Ermənistan Suriyanın taleyini bölüşərək, xarici güclərin daha güclü rəqabət meydanına çevrilə bilər. Belə bir durum isə onun olan-qalan dövlətçilik əsaslarını da suya düşürər. Ermənistan Respublikasının dənizlərə çıxışı olmadığı üçün, bu, suya düşmə olayı Göyçə gölündə baş tuta bilər... Özü yıxılan isə gərək ağlamasın...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Wednesday, 11 December 2024 10:29

Hüseyn Nihal Atsızı yad edək!

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə bu gün – 11 dekabrda doğulan və vəfat edən çox sayda ünlülərin adları qeyd edilib. Bəzilərinə mütləq nəzər salmağımız gərəkiyir.

 1975-ci ildə İstanbulda çağdaş türk ədəbiyyatının zirvələrindən sayılan, böyük türkçü və turançı Hüseyn Nihal Atsız 70 yaşında dünyasını qeyb edib.

1969-cu ilin 11 dekabrı şahmat üzrə ən güclülərdən biri, dünya çempionu, hindistanlı Vişvanatan Anandın doğum günüdür.

1953-cü ildə “Maşina vremeni” rok-qrupunun solisti Andrey Makareviç dünyaya gəlib, ölkəmizdə onun pərəstişkarları həddən artıq çoxdur.

1945-ci ildə stratosferdə Yer kürəsini zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon qatının olmasını kəşf etmiş fransalı fizik Şarl Fabri dünyadan köçüb.

1933-cü ildə Azərbaycanın görkəmli yazarı, maarifçisi Əbdürrəhman bəy Haqverdiyev dünyadan köçüb.

1918-ci ildə rus dissident yazıçısı Aleksandr Soljenitsin doğulub. Onun “QULAQ arxipelaqı” əsərini yəqin ki, oxuyanlarınız az deyil.

Soljenitsin ilə eyni gündə Azərbaycanın xalq yazıçısı Bayram Bayramov da dünyaya gəlib. Sovetlər dönəmində ulduzu parlayan bu yazıçının müstəqillik dönəmində bəxti gətirməyib. Uzun söhbətdir.

1913-cü ildə bir vaxtların ən kult filmi olan “Fantomas”da baş rol almış məşhur fransız aktyoru Jan Mare dünyaya gəlib.

1882-ci ilin 11 dekabrı Nobel mükafatçısı, kvant mexanikasının banisi, alman fiziki Maks Bornun doğum günüdür.

1864-cü ildə soyğunçu Qaben obrazı ilə tarixə düşmüş fransız yazıçı Moris Leblan anadan olub.

1856-cı ildə marksizm ideoloqu, filosof Georgi Plexanov doğulub.

 1843-cü ildə isə Nobel mükafatçısı, vərəmin müalicəsini tapmış alman mikrobioloqu Robert Kox dünyaya gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

36.

MÜTALİƏ ETMƏYİN FAYDALARININ XÜLASƏSİ

 

Biz kitab boyu sizlərə mütaliə etməyin faydaları barədə bəhs etdik. Sonda isə bütün sadalananları bir yerə cəmləyib ümumi mənzərə yaratmağa çalışacağıq.

Beləliklə, mütaliənin ən əsas faydaları aşağıdakılardır:

Üfüqlərinizi genişləndirəcəksiniz

Kim biliyin güc olduğunu söyləyirsə, tamamilə haqlıdır. Həyat bizi təklif olunan şərtlərə uyğunlaşmağa məcbur edir və çox vaxt yalnız illərlə qazanılmış bacarıq və biliklər onların öhdəsindən gəlməyə kömək edir. Müasir dünya bizə bir çox alternativ məlumat mənbəyi təklif etsə də, kitablar hələ də ən yaxşısıdır. Onların sayəsində yalnız yeni bir şey öyrənmirsiniz ki, həm də müəyyən bir fenomenin keyfiyyətcə təhlilini öyrənə bilirsiniz.

Yeri gəlmişkən, ingilis alimləri zehni qabiliyyətlərimizin ömür boyu oxunan kitabların həcmindən birbaşa asılı olduğunu aşkar etdilər. Təəccüblüdür ki, həqiqət budur: oxu bacarıqları ilə insanın idrak qabiliyyətləri arasında aydın bir asılılıq var.

Təsəvvürünüzü  inkişaf etdirəcəksiniz

Kino sənəti fantaziyamızı tam gücü ilə işləmək imkanından məhrum edir — rejissorlar və prodüsserlər mətni bizim üçün vizuallaşdırmağa diqqət yetirirlər. Kitablara gəldikdə, mətnlə oxucu təxəyyülü birləşdirilməli və sözün əsl mənasında müəllifin təklif etdiyi şeylər əsasında oxucu öz dünyasını yaratmalıdır. Beləliklə, oxumaq yalnız müxtəlif sahələrdə biliklərimizi genişləndirmir, həm də yaradıcılıq və Yan düşüncənin inkişafına imkan verir və bu bacarıqlar çox faydalı ola bilər.

Söz ehtiyatınızı artıracaqsınız

Yüksək keyfiyyətli ədəbiyyat nitqinizi gündəlik həyatda rast gəlinməyən yeni sözlər və ifadələrlə şaxələndirməyə imkan verəcəkdir. Xüsusən əcnəbi dillərdə oxumaq hədsiz fayda verəcək. Azərbaycanlı oxucu əsasən ana dilindən başqa türk, ingilis və rus dillərində mütaliə edir. Təəccüblü deyil ki, belə bir deyim var, rus dilini öyrənmək üçün, hətta rusun özünə belə bir ömür lazımdır. Və bu zarafat deyil. Rus dili haqlı olaraq dünyanın ən çətin dillərindən biri hesab olunur. Oxumaq ideala yaxınlaşmağa kömək edəcəkdir.

Stressdən qurtulacaqsınız

Böyük şəhərlərin sakinləri daim stres altında olmaq məcburiyyətində qalırlar: işdəki tıxanma, əsəb gərginliyi, daimi yorğunluq. Kitablar bizi başqa dünyalara sürükləmək, aktual problemlərdən yayındırmaq üçün demək olar ki, sehrli qabiliyyətə malikdir. Hiyləgər bir şəkildə bükülmüş bir süjet məkanına dalmaq, ən azı bir müddət öz şəxsi və iş çətinliklərinizi unutmaq üçün hər şans var. Bundan əlavə, keyfiyyətli ədəbiyyat bəzən bu qədər çatışmayan əla ilham mənbəyi ola bilər.

Emosional zəkanızı inkişaf etdirəcəksiniz

Bu və ya digər kitabı nə qədər tez-tez əlimizə alsaq, ətrafımızdakı dünya haqqında bir o qədər çox şey öyrənirik, amma əldə etdiyimiz bilikləri real həyatda tətbiq etməyi öyrənmək yaxşı olardı. İntellektual baza yaxşıdır, lazımi anda istifadə etmək imkanı əvəzsizdir. Mütəmadi oxumaq öz düşüncələrinizi daha yaxşı formalaşdırmağa imkan verir. Kitablar sayəsində ünsiyyət dairəsini genişləndirmək, maraqlı bir həmsöhbət olmaq və dünya ilə qarşılıqlı əlaqədən zövq almağa başlamaq mümkündür. Söz yox, oxuduqlarımız şüurumuza müsbət təsir göstərir, nitqi cilalayır və şeylərə öz baxışımızı formalaşdırır.

Uzun illər beyninizin tam işləməsini təmin edəcəksiniz

Beyin mütəxəssisləri əmindir: oxumaq qocalıqda demansın qarşısını almağın ən asan yollarından biridir. "Yaşsız beyin" kitabının müəllifi Dale Bredesenə görə, yaşlı demans beynin ayrı-ayrı hissələrinin tədricən yavaşlaması ilə əlaqədardır, ancaq həyatınız boyunca mütəmadi olaraq oxuyursanızsa, şüurunuz və zehniniz davamlı inkişafda olacaq və oxumaq vərdişi olmayan bir insanınkından bir neçə dəfə daha yaxşı işləyəcək. Bu fenomen çox sadə bir şəkildə izah olunur: işləməyən şey ölür və beynimiz də istisna deyil.

Düzdür, hər dəfə kitab götürəndə beyin inkişaf etmir. Məlum olur ki, hər iki yarımkürənin işə qoşulması üçün özünüzü bir növ "oxucu transına"qərq etməlisiniz. Yəqin ki, heç olmasa bir dəfə diqqətinizi tamamilə mənimsəyən bir əsər oxumusunuzsa, bu vəziyyət sizə yaxşı tanışdır. Məhz bu anda beyniniz fəaliyyət və inkişaf mərhələsində olur.

Xoşbəxt olacaqsınız

Bu yaxınlarda Liverpool sosioloqları dünyaya qeyri-adi bir araşdırmanın nəticələrini təqdim etdilər: belə çıxır ki, oxuyan insan nəinki xarici stimul və streslə daha uğurlu mübarizə aparır, həm də daxili harmoniyanı daha asan tapır.

Həm də məlum oldu ki, oxuyan insanlar demək olar ki, klinik depressiya riski altındadır, pessimist düşüncələrə meylli deyillər və ümumiyyətlə bütün həyatları boyu kitab oxumayanlardan daha xoşbəxtdirlər. İndi bütün bu sadalananlar yerli ədəbiyyatla və dünya ədəbiyyatı ilə tanış olmağa başlamaq üçün bir səbəb deyilmi?

 

Növbəti: 37.Yekun

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələrə diqqətinizi cəlb etmək istəyirik:

 

11 dekabr.

Beynəlxalq dağlar günü

İnternetional Mountain Day – BMT-nin Baş Assambleyasının təklifi ilə 2003-cü ildən qeyd olunur. Planetin dörddə birini tutan dağlarda dünya əhalisinin 10 faizi yaşayır. Dağlar bir çox unikal bitkilərin, heyvanların təbii qoruğu olmaqla bütün iri çayların da mənbəyidir. Dünyanın ən hündür zirvəsi – Himalay dağlarındadır, 8844 metrlik Everest (Comolunqma) zirvəsidir, ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Kea dağı sayılır.

Cənubi Qafqaz adlandırılan bir ərazidə yerləşməsi artıq Azərbaycanın dağlarla bağlı olmasına bir işarədir. Axı burda söhbət Qafqaz sıra dağlarından gedir. Azərbaycanın ən hündür dağ zirvələri Bazardüzü (4466m) və Şahdağdır (4243m). Kiçik Qafqaz, Zəngəzur, Dərələyəz, Murovdağ, Qarabağ, Şahdağ, Talış dağ silsilələrinə qucaq açıb Azərbaycanımız. Qərbdə Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa, cənub-qərbdə Qubadlı, şimalda Qax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, şimal-şərqdə Qusar, Quba, şərqdə Şabran, Xızı, cənub-şərqdə Yardımlı, Lerik sırf dağ rayonlarıdır.

 

Ümumdünya bronxial astma xəstəsi günü

Statistikaya görə dünyanın yaşlı əhalisinin 5, uşaqların isə 10 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Ümudünya Səhiyyə Təşkilatı bu günü təqvimə saldırmaqla cəmiyyətin diqqətini bu xəstəliyə yönəltmək istəyir, onun xüsusən uşaqlar arasında sürətli artımının qarşısını almağa yönəli tədbirlər keçirməyi tövsiyyə edir. Allah bütün xəstələrə şəfa versin!

 

Beynəlxalq tanqo günü

İçinizdə çətin ki, tanqosevər tapılmasın. Tanqo XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqsdir. Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Dünyaşöhrətli argentinalı postmodernist Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.

Sözümü qəribçiliyə salmayın, hazırda ən depressiv hallarında insanlar ortaya düşüb saatlarca rəqs edirlər, bu, onların xilasına çevrilir, odur ki, ən küskün və ən kədərli anlarınızda tanqo da olmasa, tutalım, “Qaytağı” oynaya bilərsiniz.

 

Biq Ben saatı niyə dayandı?

Amerikalılar dünən milli lager pivəsi gününü qeyd ediblər, bu günsə onlarda iki bayram birdəndir, “Bublikin (simitin) olsun” günü və milli əriştə günü. Ümumiyyətlə, xoşbəxt amerikalılar xoşbəxtliklərini hər gün bir mətbəxə aid bayramla qeyd edirlər, yeyirlər, içirlər. Sabaha da mütləq bir mətbəx bayramları olmamış olmaz. Amma gəlin hadisələri qabaqlamayaq.

1994-cü ilin bu günündə rus ordusu Çeçenistana soxulub. 1993-cü ildə Nyu-York auksionunda tarixin ən bahalı teleqramının satışı baş tutub: SSRİ rəhbəri Xruşovun 12 aprel 1961-ci ildə kosmosa uçmuş kosmonavt Qaqarinə təbrik teleqramı 68500 dollara satılıb. 1988-ci ildə Leninakan yaxınlığında zəlzələdən zərər çəkən ermənilərə İl-76 təyyarəsi ilə köməyə gedən azərbaycanlılar qəzaya uğradılaraq həlak olublar, bu barədə Spitak zəlzələsi barədə qeydlərimdə ətraflı yazmışdım. 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı olub. Hələ də bu terror hər yerdə təyyarə qəzası kimi qeyd olunur, biz bu erməni cinayətinin üstünün açılmasına əsla cəhd etmirik.

1981-ci ildə Londondakı Biq Ben saatı tarixində ilk dəfə dayanıb, 12:27-də baş verən olay şiddətli şaxta səbəbindən olub. 1963-cü ildə oğlu oğurlanan Frenk Sinatra bundan ötrü quldurlara 240000 dollar ödəməli olub. 1960-cı ildə fransızlar prezidentləri Şarl de Qollun müstəmləkələri olan Əlcəzairə səfəri zamanı protest edən əlcəzairliləri gülləbaran ediblər. 1946-cı ildə milyardçı və filantrop Con Rokfeller Nyu-Yorkda 18 akrlıq torpağı BMT-yə iqamətgah tikmək üçün hədiyyə edib. 1946-ci ildə Böyük Britaniyada ilk proqram kompüteri patent alıb. Həmin il YUNİSEF uşaq fondu yaradılıb. 1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan edib. 1937-ci ildə Moskvada, Böyük Teatrda Stalin “Deputat- xalqın quludur” frazasını işlədib (kaş ki,”deputat – pulun quludur” frazasını işlədəydi). 1894-cü ildə 9 firmanın iştirakı ilə Parisdə dünyanın ilk avtosalonu açılıb. 1872-ci ildə ABŞ tarixində ilk dəfə qaradərili şəxs qubernator olub – Luizanada Pinki Stüart. 1785-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru 2-ci İosif masson lojalarının leqallaşdırılması barədə qərar qəbul edib. Və ən nəhayət, 630-cu ildə Məhəmməd peyğəmbər 10 min nəfərlik ordunu Məkkəyə yeridib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

 

Wednesday, 11 December 2024 11:01

Londonda Miri Yusifin konserti təşkil olunub

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Londonda Xalq artisti Miri Yusifin konserti təşkil olunub. Tədbirə 400-dən çox qonaq qatılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsert proqramı ərzində Miri Yusif ard-arda məşhur mahnılarını səsləndirib. "Ağ Təyyarə", "Tərk-i Həyat", "Səndən bir dənədir", "Sənə Qurban" və digər mahnılar qonaqlara coşğulu anlar yaşadıb. İfaçını səhnədə DJ China müşayiət edib.

Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıb  və bu günün xalqımızın birliyini simvolizə etdiyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan xalqının gücü onun həmrəyliyindədir və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hər il daha da güclənərək dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilir. Səfir Azərbaycan bayrağının daim zirvələrdə dalğalanması üçün birliyimizi qorumağın və həmrəylik nümayiş etdirməyin vacibliyini diqqətə çatdırıb.

Tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi ilə yanaşı Azərbaycan mədəniyyətinin Londonda təbliği baxımından da əlamətdar olub.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev diaspor fəaliyyətində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

 

№Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədrinin birinci müavini Valeh Hacıyev Komitədə Niyazi Hacıyevlə görüşərək medalı ona təqdim edib. Soydaşımızın Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində ona uğurlar arzulayıb.

Niyazi Hacıyev fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinin başçısına dərin minnətdarlığını ifadə edib. Bundan sonra da Avropada Azərbaycanla bağlı müsbət imicin formalaşması, Estoniyada yaşayan soydaşlarımızın bir araya gəlməsi və milli maraqlar uğrunda birgə fəaliyyət göstərməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Niyazi Hacıyev daha öncə “Tərəqqi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib.  

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİ TƏDBİRDƏ İŞTİRAK EDİB

 

 

Dekabrın 10-da Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın prezidenti İsa Həbibbəyli, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Şimali Kipr Türk Respublikasından milli kitabxanaların direktorları və bu sahənin mütəxəssisləri iştirak ediblər. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iclası açaraq qonaqları salamlayıb.

 

Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Təşkilatının 1993-cü ildə yaradıldığını, bu təşkilatın Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda dəfələrlə iclaslarının keçirildiyini lakin təşkilatın rəsmi şəkildə qeydə alınmadığını bildirib. O, iclasın əsas məqsədinin təşkilatın gələcək taleyini müəyyən etmək, rəsmi qeydiyyata alınmasına aydınlıq gətirməkdən ibarət olduğunu deyib. Qeyd olunub ki, təşkilatın əsas vəzifəsi Türk dünyasının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynayan milli kitabxanaların fəaliyyətinin əlaqələndirilməsi, onların birgə müxtəlif layihələr həyata keçirməsi və türk mədəniyyətinin dünya miqyasında daha geniş təbliğ olunmasından ibarətdir. Mədəniyyət naziri Adil Kərimli çıxışında bu gün bütün Türk dünyasının tarixi yaddaşını özündə əks etdirən, onun mühafizi kimi çıxış edən milli kitabxanaların birliyinin təməlinin qoyulduğunu, kitabxana sahəsindəki fəaliyyətin yeni bir dönəmə keçdiyini qeyd edib.

 

Bildirilib ki, dost, qardaş ölkələrin milli kitabxanaları arasında məzmuna köklənmiş, ortaq dəyərlərimizin dünya müstəvisində təbliğinə yönəlmiş ciddi və sıx əlaqələr mövcuddur. Bu sahədə birgə uğurlu layihələr həyata keçirilir və Azərbaycan Milli Kitabxanası bu prosesdə aktiv rol oynayır. Adil Kərimli təşkilatın Türk Dünyası Milli Kitabxanalar Birliyi adlandırılmasını, onun tərkibində isə ali orqan kimi Direktorlar Şurasının yaradılmasını təklif edib, təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb. Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu ötən əsrin 90-cı illərində türk dövlətlərini birləşdirən ilk təşkilatın mədəniyyət nazirlərinin təşkilatı olduğunu, daha sonra TÜRKSOY-un yarandığını söyləyib. Hazırda Türk dünyasını birləşdirən müxtəlif fondların olduğunu qeyd edən millət vəkili bu gün kitabxanaların çox böyük işlər gördüyünü söyləyib. Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Türk dünyasının birliyi üçün bu təşəbbüsün əhəmiyyətini qeyd edib, türk xalqları arasında mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinin zəruriliyini burğulayıb.

 

TÜRKSOY-un baş katibi Sultan Raev təşkilatın yaradılmasını türk mədəniyyətinin zəngin tərəflərini üzə çıxarmaqda böyük addım kimi səciyyələndirib. Baş katib xüsusilə də əlyazma əsərlərin araşdırmaçılar üçün əlçatanlığının təmin edilməsinin vacibliyini bildirib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının mükəmməl elmi-ideoloji mərkəz olduğunu qeyd edib və professor Kərim Tahirovun yeni qurulacaq təşkilatın ilk sədri olması təklifini irəli sürüb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov söyləyib ki, kitab bir tərəfdən dil deməkdir, bir tərəfdən dövlət deməkdir. Bu mənada kitabxanaların üzərinə çox böyük məsuliyyət düşür. Akademik həmçinin təşkilatın adının dəqiq və funksionallığı əks etdirməsinin əhəmiyyətini qeyd edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız yaradılacaq qurumun Türk dünyasında elmin və mədəniyyətin inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıblar. Qeyd edilib ki, qardaş ölkələrin milli kitabxanalarının fond bir-birinə açıq olmalı, vahid elektron kataloqu yaradılmalıdır. Müşahidəçi qismində iclasda iştirak edən Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa Azərbaycan Milli Kitabxanası ilə əlaqələrindən danışıb. O, Macarıstanın 2018-ci ildə bu əməkdaşlığa qoşularaq Şərq və Qərb mədəniyyətlərini daha da yaxınlaşdıran bir körpü yaratmağa başladığını söyləyib. Sonra Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun yeni yaradılan Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Birliyinə sədrliyi təklif edilib və o, yekdilliklə qurumun sədri seçilib.

 

Kərim Tahirov iclas iştirakçılarına təşəkkür edib, tezliklə təşkilatın əsasnaməsinin razılaşdırılacağını, növbəti iclasın Ankarada keçiriləcəyini diqqətə çatdırıb və gələcək işlərdə hər kəsə uğurlar arzulayıb. Sonra Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova XIX əsrə aid əlyazmanın faksimilesini Azərbaycan Milli Kitabxanasına hədiyyə edib. Qırğızıstan Milli Kitabxanasının müdiri Aynura Askarova Kərim Tahirova, TÜRKSOY-un baş katibi Sultan Raev və başqalarına Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 90 illiyi yubiley medalını təqdim edib. İclasda 2025-ci ildə Özbəkistan Milli Kitabxanasının yaranmasının 155 illiyi, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, qazax şairi Abay Kunanbayevin 180 illik yubileylərinin qeyd olunacağı, beynəlxalq kitab sərgilərinin, kitab təqdimatlarının təşkil ediləcəyi və təşkilatın üzvlərinin belə tədbirlərdə bir araya gələrək fəaliyyətlərini daha da genişləndirəcəkləri vurğulanıb.

 

Bundan başqa, qarşılıqlı mədəniyyət tədbirlərinin, oxu mədəniyyəti günlərinin, elmi seminarların, kitabxanalar arasında təcrübə mübadiləsi, kitabxana fondlarının tədqiqi və virtual oxu zallarının açılması təklifləri üzrə müzakirələr aparılıb.

 

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 10-da Sumqayıt şəhərindəki "Kimyaçı" Mədəniyyət Sarayında bununla bağlı məlumatlandırma sessiyası keçirilib. Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlərin həyata keçirildiyindən, Nazirliyin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində 2024/2025-ci tədris ili üçün məktəblərə təhsilalanların qəbulu prosesinin ilk dəfə olaraq elektron qaydada həyata keçirildiyindən danışıb.

 

Eyni zamanda qeyd edib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 158 müəllim işə qəbul edilib. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir. Müəllimlərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin 2025-ci il fevralın 3-də başlayacağını bildirən nazir müşaviri söyləyib ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə ilin sonunadək prosesin yekunlaşdırılması planlaşdırılır. İlkin

mərhələdə ümumilikdə 4100 müəllimin peşəkarlıq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.

 

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Proqramlar artıq nazirliyin culture.gov.az rəsmi səhifəsində də yerləşdirilib.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev attestasiyanın hüquqi əsasları, habelə attestasiyası keçirilməyən işçilər haqqında məlumat verib.

 

Sonda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarının direktor, direktor müavinləri və müəllimləri müəssisələrin maddi-texniki bazasının genişləndirilməsi, yeni dərslik və dərs vəsaitlərinin nəşri və s. məsələlərlə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

Qeyd edək ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşəkar bilik və bacarıqlarının ölçülməsi ilə bağlı ilk məlumatlandırma dekabrın 6-da Bakıdakı Muzey Mərkəzində keçirilmişdir, növbəti həftə Xırdalan şəhərində müəllimlərlə görüş keçirilməsi planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.