
Super User
Oğuzda “İncə naxışlar” adlı məşğələlər keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən Oğuz şəhərindəki məktəblərdə şagirdlərə “Muzey eksponatları şagirdlərin rəngli dünyasında“ layihəsi çərçivəsində “İncə naxışlar” adlı öyrədici və tematik məşğələlər keçirilib.
Məşğələlər xalçaçılıq və tikmə sənətinə həsr olunub. Şagirdlərə Azərbaycan xalqının qədim və zəngin xalçaçılıq ənənələri, naxışların mənası və onların necə hazırlandığı barədə, o cümlədən Oğuz rayonun xalçaçılıq tarixindən geniş məlumatlar verilib. Eyni zamanda tikmə sənətinin incəlikləri göstərilib. Müxtəlif sap və alətlərlə tikmə texnikaları nümayiş olunub.
Məşğələlər şagirdlər arasında milli dəyərlərimizə olan marağı daha da artırnışdır. Şagirdlər məşğələlərdə yüksək fəallıq nümayiş etdirmişlər.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Şəkidə "Beynəlxalq İncəsənət Günü" musiqili tədbirlə qeyd edildi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Bu gün - aprelin 11-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbi və Şəki şəhər S.Vurğun adına Folklor evinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə "15 aprel- Beynəlxalq İncəsənət Günü" münasibətilə musiqili tədbir keçirildi.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin, MİHİ Şəki rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri iştirak edirdi.
S. Vurğun adına Folklor evində keçirilən tədbirdə 4 nömrəli UMM -nin müəllim və şagirdlərinin ifasında milli musiqi nümunələri səsləndirildi. Həmçinin, bir qrup mədəniyyət işçisi Fəxri Fərman və təşəkkürnamə ilə təltif edildi.
Beynəlxalq İncəsənət Günü 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını təşviq etmək məqsədi daşıyır.
Onu da qeyd etmək lazımdır ki, 15 aprel -Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin imzalanması ilə bağlı idi.
Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirildi. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlandı.
İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
“İnsanlar da ağac kimidi elə" - Əli Şirin Şükürlünün ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı tanıdaq layihəsində bu gün sizlərə Əli Şirin Şükürlünün şeirləri təqdim ediləcək.
ƏDƏBİ SUPREMATİZM
Limit: yığılma nöqtəsi
Qış görkəmində ağac: altında əvvəlcə diri bildiyim,
üzü torpağa "ayaqüstə" ölən quş - hərəkətsiz,
heçliyə çevrilsə də,
sanki təzəcə qonub yoxluğu boyda torpağa.
Dayanıb bir mövcudolma
hələ ki formasını itirməsə də.
Dayanıb bir mövcudolma; ölən quş şəklində.
Hər yoxolmanın
öz forması olurmuş, demə.
Bütün ölümlər yerə doğru, quşcığaz,
bütün ölümlər yerə çəkir hər şeyi
və hər şeyin yığıldığı nöqtə var.
Səma olduğu kimi, quşcığaz,
qapqara, bambalaca yaranış,
ehtimal edirəm xəbərin yox, səma olduğu kimi
cızdığın və cızmadığın trayektoriyalarla birgə.
Nə yoxluq tam heçlikdi, nə heçlik tam yoxluq,
quşcığaz - balaca yaranış,
nəsə böyük bir sirr, bir məna var bilmədiyimiz,
anlaşılması çətin. Bircə, gümanım:
hər yoxluq heçliyə keçid,
hər heçlik yeni imkanlar çoxluğu,
ya xaos, ya nizam şəklində...
...bilirəm,
artıq təsəlliyə nə ehtiyac var,
elə-belə danışıram, lirika xatirinə...
Mən də
keçid edirəm heçliyə yavaş-yavaş,
yarımçıq qalmasın lirika:
Yer də olduğu kimi, quşcığaz,
yer də olduğu kimi, balaca yaranış,
üstündə son eniş və çoxlu keçid nöqtəsi;
bütün böyük, orta, kiçik uçuşların - cızılan və cızılmayan
düz, əyri, çarpaz xətlərin yığıldığı son məkan.
MONİZM
Kənd evimizdə yenə də payız,
payızda ağaclar, quşlarda payız.
Ağaclarda (quşlarda) zaman - nəsə dəyişib; axı
ağaclar daha çox tanıdar dəyişmələri.
(Bir də çiçəklər - onların öz zamanı
hamıdan fərqli; gündüz açıb, axşam solanlar).
Nəsə dəyişib deyəsən: yox olub(r) yaşıllıq,
dayanıb bir mövcudolma, yerində başqası.
Yaşıl sarıya çevrilib(r) - eyni ağaclar deyilmi
indi rəngini dəyişən?
Bəs yaşıl hanı? - sarıda gizlənib sadəcə.
Eyni cür dəyişmələr bildirir;
bütün ağaclar eyni ağacdır əslində,
Ümumi olandan qopub
tək-tək düşüblər torpağa
bir qədər fərqli formalarda.
İnsanlar da ağac kimidi elə,
heç kim inanmasa da,
mən dəqiq bilirəm; Bir olub
və ayrı düşüblər nə vaxtsa -
indi o Bir olan
Hamının içində.
FENOMENOLOGİYA
Tünd yaşıl, yaşıl, açıq yaşıl...
açıq sarı, sarı, tünd sarı...
açıq qırmızı, qırmızı, al qırmızı...
nə çox rəng varmış təbiətin payız şəklində;
hər rəng cürbəcür rəng yaradır özündən sanki -
sarı, qırmızı, yaşıl cürbəcür çalarlarıyla
bu canlı şəkil mənzərədə.
Bu canlı əsərdə quşlar; rəngdən-rəngə qonur,
birdən "pırr" edib qalxır səmaya,
çıxa bilmir cazibəsindən, qayıdır... dönə-dönə qayıdır
uçduğu şəklə - hər dəfə yeni sənət əsəri yaranır
rənglərin çoxritmli çalarlarında; musiqiyə bənzəyir həm də -
şəkillə musiqi bir-birinin içində; həyatın məna şəkillərindən biri.
"Nə gözəl imiş mövcudluq məna tapanda onda" -
olumla ölüm arasında çırpınan insan baxıb
evinin iri pəncərəsindən ilk dəfə görürmüş kimi
musiqi içində rənglərə bürünmüş bu canlı mənzərəni
vaz keçir romantikasının cazibəsindən çıxa bilmədiyi
intihar həvəsindən: eros - yaşamaq...
yalnız yaşamaq "həyatın məna şəklində"!
SUPERPOZİSİYA PRİNSİPİ
Biz insanlar da
bir çox məkanda eyni zamanda varıq,
təkcə bir qədər fərqli versiyalarda,
başqa var olan hər şey - məsələn,
aləmə işıq paylayan fotonlar kimi -
hər yerdə olduğumuzdan,
"heç yerdə"yik həm də:
Superpozisiya prinsipi.
İnkar edən
heç bir elmi fakt olmasa da,
mən bunu sizdən sonra
daha çox anladım,
doğrusu, daha çox inandım buna;
sizi
hər yerdə olduğunuza inana-inana
tapa bilməyəndə.
Tapa bilməyəndə sizi,
axtarıb tapa bilmədiyim
bir çox gerçək olanlar -
məsələn, ən sadəsi, hamının
şahidi olduğu əriyən qar;
uşaqlıq illərindən
var olduğuna inana-inana
tapa bilmədim heç vaxt.
Kontinuum
Çəmənliyi
uzun-uzadı seyr etməyi xoşlayıram mən də,
ən çox da sərhədləri geniş və ya hüdudsuz olanda.
Sanki bir ayrılmazlıq, bir keçilməzlik var otlar arasında:
hər baxanda bir cür gözəllik yaradar
sıx-sıx sarılıb bir-birinə yaşayan bu zərif məxluqlar.
Hərdən astaca toxunuram çəmənliyə,
ürəyimdən keçir - ayırıb otları bir-birindən
nəvaziş göstərim, oxşayım onları;
nəyisə tam, bütov görmək
hələ onda olan hər şeyi görmək və duymaq
deyilmiş, anlayıram.
Sonra düşünürəm:
ayırsan otları bir-birindən, pozular nizam,
yox olar yavaş-yavaş tamlığın yaratdığı gözəllik,
itər çəmənlik adlı mahiyyət.
Otların, o zərif məxluqların
ayrılmazlığı, birindən o birinə qeyri-səlis,
kəsilməz keçididir elə çəmənlik: kontinuum set*.
Bütün bütövlüklərin
fəlsəfəsi eynidir əslində,
ya gözəllik doğursun, ya şər yaratsın,
ayrılıq gələndə pozular nizam,
xələl toxunar tamlıq adlı mənaya.
* - kontinuum çoxluq, kontinuum - latınca tərcümədən kəsilməz mənasını verib çoxluğun gücünü göstərir: bu mövzuya aid elmi-fəlsəfi mətnlərdə çəmənlik və bunabənzər nümunələrə rast gəlmək mümkündür
BÖYÜK ÇÖKÜŞ
Yanır şam, şam yanır, yanır şam, şam yanır...
yandıqca əriyir şam, əriyir şam yandıqca
əriyir şam, şam əriyir, əriyir şam, şam əriyir...
əridikcə azalır şam, şam azalır əridikcə
azalır şam, şam azalır, azalır şam, şam azalır...
azaldıqca tükənir şam, tükənir şam azaldıqca
tükənir şam, şam tükənir, tükənir şam, şam tükənir...
yanır öz-özünə şam, əriyir öz-özünə şam,
azalır öz-özünə şam, tükənir öz-özünə şam...
yanırmı öz-özünə şam, əriyirmi öz-özünə şam,
azalırmı öz-özünə şam, tükənirmi öz-özünə şam,
bitirirmi öz-özünü şam?..
yoxsa...
od var, var od, od var, var od -
var, var, var od, od var e, od var...
hər şey belədirmi - sona doğru
sıçrayış və enişlərlə
iradi və qeyri-iradi tələsmədə;
azalırmı öz-özünə, tükənirmi öz-özünə,
bitirirmi öz-özünü?..
yoxsa...
qurtuluş var, var qurtuluş -
var, var, qurtuluş var e, qurtuluş;
qurtuluş anı -
təzələnmə, təzələnmə, təzələnmə...
son vaxtlar yorur məni elə bil köhnə nə varsa,
təzə, özü də fərqli geyimlər almaq keçir könlümdən,
yeni "mall"ların gecəyarıya qədər işıqları sönməyən
bəzəkli salonları və şıx geyimli manikenləri
cəlb edir adamı.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
TOP-20. Dünyanın ən xoşbəxt ölkələrinin ünvanı yenə də şimal və xristian dünyasıdır
“Ədəbiyyat və incəsənət” portalının növbətçisi Kənan Məmmədli bu dəfə axtarıb sizlər üçün XXL dərgisinə istinad edərək “Dünyanın ən xoşbəxt ölkələri” reytinqini təqdim edəcək. Bu reytinq az öncə digər xarici KİV-də cüzi fərqlə çıxmışdı, amma biz bu mənbəyə etibar etdiyimizdən məhz burada dərc edilən reytinqi sizlərə çatdırmaqda israrlıyıq.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi qlobal sorğu məlumatlarından istifadə edərək ən xoşbəxt ölkələri müəyyən edib. Hesabata görə, Skandinaviya ölkələri hər il olduğu kimi bu il də birinci yerdə qərarlaşıb. İlk dəfədir ki, qlobal 20-liyəpost sovet məkanından da bir ölkə daxil ola bilib. Təbii ki, Baltik respublikalarından biri olan Litvadır bu xoşbəxt ölkə.
Büləliklə, dünyanın 20 ən xoşbəxt ölkələsini təqdim edirik:
1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsrail
5. Niderland
6. İsveç
7. Norveç
8. İsveçrə
9. Lüksenburq
10. Yeni Zellandiya
11. Avstriya
12. Avstraliya
13. Kanada
14. İrlandiya
15. ABŞ
16. Almaniya
17. Belçika
18. Çexiya Respublikası
19. Böyük Britaniya
20. Litva.
Portalımızın növbətçisinin reytinqə şərhini də təqdim edirik: “Deyirlər ki, günəş insanlara sevinc, pozitivlik və demək ki, xoşbəxtlik gətirir. Amma nədənsə bol günəşli cənub xalqları xoşbəxt ola bilmirlər. Günəşə tamarzı şimallılar isə ən xoşbəxt insanlardır. Dünyanın işləri bax bu cür tərsinədir.”
Hələlik isə yalnız onu deyə bilərik ki, finlərin sağ əlləri bizim başımıza.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
PORTAL AKADEMİYASINDA - Con Maksvell. «Uğurlu insanlar necə düşünür».
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
Con Maksvell. «Uğurlu insanlar necə düşünür».
Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.
Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.
Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:
- Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.
- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.
- Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.
- «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!
- Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.
- Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.
- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.
- Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.
- Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər. – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.
İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.
“Ədəbiyyatvə incəsənət”
(11.04.2025)
Film tariximizin zirvəsi - “Tağıyev: Neft”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
2024-cü ildə rejissor Zaur Qasımlının ekran əsəri olan “Tağıyev: Neft” bədii filmi barədə danışmaq istəyirəm. Hər nə qədər film haqqındakı təsəvvürlərim kiçik metrajlı videolardan ibarət olsa belə, söhbət Hacı Zeynalabdin Tağıyev kimi dahi şəxsiyyətdən gedirsə onun barəsində səhərə qədər danışsam az olar.
Filmin çəkilməsində əsas məqsəd 19 və 20-ci əsrin əvvəllərində Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində baş vermiş mühüm hadisələri gözlər önünə sərməkdir. Bu dörd seriyalı möhtəşəm ekran əsərinin 2024-cü ildə təqdim edilməsinə səbəb isə Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə bağlıdır.
Filmdə ölkəmizdən ziyadə Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövr ərzində baş verən çətinliklərdən söz açılır. Başmaqçı ailəsində anadan olan Tağıyevin millətinə, insanına və eyni zamanda təhsilə verdiyi xüsusi diqqət filmi önəmli edən faktlardandır. O dönəm azğın düşmənlərin ölkəmizə gəlir mənbəyi kimi baxması və təbii sərvətlərimizi yağmalamağa çalışması, bir növ 21-ci əsrdə yaşayan insanlara və topluma o dönəmdə açıq şəkildə bizə qarşı düşmənçilik siyasəti yürüdənlərin indi “dost” maskasını taxmasını göstərmək və insanları ayıq-sayıq olmağa çağırmaqdır.
Bundan əlavə, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk xüsusi məktəbin təsis edilməsindəki rolu, Azərbaycanda neft sənayesinin inkişafına və Bakı şəhərinin infrastrukturunun yaxşılaşdırılması zamanı verdiyi töfhələr diqqət mərkəzindədir. Təbii ki, basilica hədəf Azərbaycanımızın və onun təbii sərvətlərinin qorunub saxlanması uğrunda aparılan mübarizəni və Hacı Zeynalabdin Tağıyev kimi dahi şəxsiyyətlərin Azərbaycan tarixindəki rolunu təbliğ etmək məqsədi daşıyır.
Hacı Zeynalabdin Tağıyev kimi insan haqqında danışıb da, onun bu millət üçün etdiklərini gözardı etmək məncə çox böyük haqsızlıq olardı.
Tağıyevin qızlar məktəbi
1873-cü ildə icarəyə yer götürərək neft quyusu qazdırıb. 1888-ci ildə H. Z. Tağıyev Bakıda açılan orta-texniki məktəbin 1897-ci ildən fəxri himayəçisi olmuş, həmin ildən daimi olaraq bu məktəbə maddi yardım göstərmişdi.
H. Z. Tağıyev Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdür.
1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəmişdir.
Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya getmişdi. H. Z. Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan "Kaspi" qəzeti dərc olunurdu. 1896-cı ildə memar K. B. Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.
İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Digər istinadlara əsasən, Bakıya yüksəkrütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksəkrütbəli şəxs izah edir ki, "dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin". Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar. Bunlardan ziyadə bu gün istifadə etdiyimiz Şollar suyunun çəkilməsində də Hacı Zeynalabdin Tağıyevin əməyi vardır.
Bakı-Şollar su kəmərinin tikintisi
Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb. Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur.[30] Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V. Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsi, 1917-ci ildə bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən 160 kilometrlik su kəmərinin çəkilməsi başa çatır.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Bu gün mövzumuz vegetarian xörəklərdir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vegetarian xörəklər "Dadlı və sağlam qida kitabları"nın müəllifi Uilyam Poxlebkinə görə, Azərbaycan mətbəxinin vegetarianlar üçün qəbul olunan daha bir özəlliyi, qonşu ölkələrin mətbəxindən fərqli olaraq, meyvə və tərəvəzlərin hazırlıq prosesi zamanı ən az istilik emalına məruz qalmasından ibarətdir.
Poxlebkin qeyd edir ki, onlar hazırlanan zaman, demək olar ki, vitaminlərini itirmirlər. Məsələn kükü və əcəbsəndəl kimi bəzi yeməklərin çox hissəsini tərəvəzlər təşkil edir. Xəmir xörəkləri Azərbaycan mətbəxində xəmir xörəkləri, xəmir məmulatları da xüsusi yer tutur. Qeyd olunmalıdır ki, xəmir xörəkləri, xəmirlə ətin birgə bişirilməsi bütün türklərə xas olan ənənədir.
Mahmud Kaşqarinin lüğətində, Faruq Sümərin "Oğuzlar" kitabında tutmac haqqında məlumat vardır. Tutmaca bəzi rayonlarda əriştəli-lobyalı isti də deyirlər. Xəngəl, gürzə, düşbərə, umac, xəşil, quymaq və digər xəmir xörəkləri, adətən, soyuq aylarda yeyilir. Xəmir xörəkləri üçün əriştə hazırlamaqdan ötrü yayılmış yuxa çox nazik zolaqlar şəklində kəsilir, unlanır, qurudulur. Əriştədən əriştə istisi, əriştəplov və s. xörəklər hazırlanır. Una su çiləyib ovmaqla umac alınır və ondan umac istisi hazırlanır. Umac halvası un halvasından daha dadlı olur. Yay aylarında ət xörəklərinə tələbat azaldığından, müxtəlif yabanı və mədəni bitkilərdən, tərəvəzdən, göyərtidən hazırlanan xörəklərin sayı artır. Bunlardan kətə, qutab, sıyıq, dovğa, əcəb-səndəl, süfrə məzələri və s. hazırlanır.
Azərbaycan mətbəxində təkcə yabanı bitkilərdən 400-ə qədəri istifadə edilir.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Kökdən düşməmiş piano – ÜZEYİR BƏY BARƏDƏ BİR XATİRƏ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Görkəmli ədib, dramaturq, bəstəkar, ziyalı Üzeyir Hacıbəyovun dahi bəstəkar olduğu hamıya bəllidir. Bu barədə çox deyilib, çox yazılıb. Amma çoxumuz bilmirik ki, bu böyük şəxsiyyətin necə gözəl insani xüsusiyyətləri olub. İndi sizlərə onun nəcib işlərindən biri barədə danışacağam.
Üzeyir bəy musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. Bir dəfə imtahan zamanı imtahanları uğurla vermiş bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi:
- Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.
Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra – hıçqıra dedi:
- Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.
Üzeyir bəy təəccüblə soruşdu:
- Niyə?
- Evdə pianom yoxdur.
- Eybi yoxdur, qızım. Ümidini itirmə.
Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi:
- Sən tərcümeyi-halını yazmalısan. Orada ünvanını da göstərməyi unutma.
Axşam evə qayıdarkən qızın anası onu sevinclə qarşıladı:
- Qızım, evimizə piano gətirdilər, sənin adını soruşdular, sonra pianonu qoyub getdilər. Nə qədər xəbər aldım, heç nə söyləmədilər.
Bu qız sonralar Azərbaycanın görkəmli bəstəkarı olacaq, Şərqdə ilk operanı yazacaq xanım bəstəkar Şəfiqə Axundova idi.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Orta əsr memarlığının nadir abidələrindən biri - Papravənd türbəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Papravənd türbəsi Ağdam rayonunun Papravənd kəndində yerləşən tarixi abidədir. Azərbaycan tədqiqatçılarının fikrincə, XIV əsrdə tikilmişdir. 1972-ci ilin iyulunda təmizlənmiş, ölçülmüş və tədqiq edilmişdir.
Məqbərənin planı XVI əsr memarlığı üçün xarakterikdir və günbəzli tikililər qrupuna aiddir. Mərkəzi hissəsi günbəzlə, kənarları isə lansetli qübbələrlə örtülmüşdür. Mərkəzi meydandan günbəzə keçid, yelkənlərin köməyi ilə həyata keçirilib.
Xarici konturuna görə məqbərə xaricdən kvadrat, içərisində isə xaç formasında olan zaldır. Hazırda məqbərə yarıdağılmış vəziyyətdədir. Abidənin üzərində heç bir yazı yoxdur. Binanın memarlıq-planlaşdırma strukturunu, günbəz konstruksiyaların konstruksiya xüsusiyyətlərini, eləcə də fasadların divarlarının dekorativ işlənməsini nəzərə alaraq abidənin tikintisi XVI əsrə aid edilir. Oxşar məqbərələr respublikanın Abşeron, Şamaxı və Cəbrayıl rayonlarında da qeydə alınıb.
Şəkildə: Pəprəvənd kəndi erməni işğalından sonra
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Hər gün dünyadan 5 maraqlı və bəzən də qəribə məlumat
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizlər üçün seçdiyim qəribə və maraqlı məlumatlardan növbətin 5 dənəsini diqqətinizə çatdırıram.
6. Dünyada ən çox danışılan ana dili çin dilidir, amma ən çox ölkədə rəsmi dil olan dil fransız dilidir – fransız dili beş qitədə rəsmi dildir.
7. “Yuxusuzluqdan ölmək aclıqdan ölməkdən daha tez baş verir” – Laboratoriya siçanları ilə aparılan təcrübələr bunu sübut edib.
8. Bədən haqqında: – İnsan burnu 1 trilyon fərqli qoxunu ayırd edə bilir. Əvvəllər bu rəqəm çox daha az hesab edilirdi, amma yeni araşdırmalar burnumuzun heyrətamiz qabiliyyətə sahib olduğunu sübut edib.
9. Texnologiya: – İlk kompüter virusu 1986-cı ildə Pakistanlı iki qardaş tərəfindən yazılıb. Onlar “Brain” adlı virusu pirat disketlərin qarşısını almaq üçün yazmışdılar.
10. Tarix: – Napoleonun boyu orta səviyyədən qısa deyildi. Sadəcə ingilislər onun boyunu fərqli ölçü vahidi ilə qeyd etdikləri üçün bu mif yayılıb.
Sizlər bəs hansı maraqlı hadisələr barədə bilgilisiniz? Həmən yazın, bölüşək.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)