Super User
İlin müsbət və mənfi hadisələri
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
2024-cü il dünya miqyasında həm müsbət, həm də mənfi hadisələrlə yadda qaldı. Biz bu hadisələrin bəzilərinə toxunmuşuq. İndi isə daha bir neçə hadisəni sadalamaq istəyirəm.
Aşağıda ilin əsas məqamlarına ümumi bir baxış təqdim olunur:
Müsbət Hadisələr
Texnoloji İnkişaflar: 2024-cü ildə süni intellekt və bərpa olunan enerji sahələrində əhəmiyyətli irəliləyişlər əldə edildi. Bu inkişaflar qlobal iqtisadiyyata və ətraf mühitin qorunmasına müsbət təsir göstərdi.
İdman Tədbirləri: Almaniyada keçirilən UEFA Avro 2024 turniri futbolsevərlərə unudulmaz anlar yaşatdı. Turnir yüksək səviyyəli təşkilatçılığı və rəqabəti ilə seçildi.
Mənfi Hadisələr
Təbii Fəlakətlər: Mərkəzi Avropada baş verən daşqınlar ciddi maddi ziyan və insan tələfatına səbəb oldu. Bu hadisələr iqlim dəyişikliyinin təsirlərini bir daha gündəmə gətirdi.
Terror Hücumları: Türkiyənin TUSAŞ şirkətinə qarşı həyata keçirilən terror hücumu nəticəsində insan itkisi və maddi ziyan meydana gəldi. Bu hücum regional təhlükəsizlik məsələlərini yenidən ön plana çıxardı.
Aviasiya Qəzaları: Rusiyanın Belqorod vilayətində və İranda baş verən İl-76 təyyarə qəzaları bir çox insanın həyatını itirməsi ilə nəticələndi. Bu qəzalar aviasiya təhlükəsizliyi mövzusunda narahatlıqları artırdı.
2024-cü il həm nailiyyətlər, həm də çətinliklərlə dolu bir il olaraq tarixə keçdi. Qlobal miqyasda baş verən bu hadisələr gələcək illərdə də təsirini göstərəcək.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Çağdaş Azərbaycanın uğur memarı
Arzu BAĞIROVA, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri - “Ədəbiyyat və incəsənət” üçün
Prezident İlham Əliyevin adı və fəaliyyəti Azərbaycanın çağdaş tarixində, xalqın taleyində və müstəqil dövlətçiliyin möhkəmləndirilməsində fövqəladə və danılmaz faktor kimi əks olunub.
Müzəffər Ali Baş Komandan, xalqın sevimlisi olan Prezident İlham Əliyev bütün məmurlara, vəzifəli şəxslərə xalqa xidmətin şərəfini vurğulayarkən, özünü xalqın birinci qulluqçusu, haqlı olaraq, bütün azərbaycanlıların Prezidenti kimi xarakterizə etmişdi.
Onun bu parlaq yanaşması, dövlət idarəçiliyində insanlara xidmət fəlsəfəsini ən ön planda saxladığını bir daha təsdiqləyir.
Belə bir yanaşma həmçinin regionların sosial-iqtisadi inkişafı, maarifləndirmə, ailə, uşaq, qadın və gənclər siyasətində də öz əksini tapır.
Regionların sosial-iqtisadi inkişafı
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar, o cümlədən iri infrastruktur layihələr Azərbaycan regionlarını dirçəltdi və necə deyərlər, yenidən formalaşdırdı. Əhalinin rifahının artırılmasına yönəldilmiş layihələr, kənd təsərrüfatının dəstəklənməsi, sənaye parklarının yaradılması, çoxsaylı yolların çəkilməsi və sosial obyektlərin tikintisi sayəsində regionlar yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezidentin xeyir-duası ilə həyata keçirilən, Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən təhsil müəssisələri yalnız maddi baza deyil, həm də maarifləndirmə üçün əsas platformaya çevrilib. Hər yeni məktəb, o kəndin, qəsəbənin simasını dəyişir, sakinlərin ovqatına pozitivlər yükləmiş olur.
Hamının Prezidenti olmaq məsuliyyəti
Prezident İlham Əliyevin fəaliyyətində hamının Prezidenti olmaq məsuliyyəti ən əsas prioritetdir. Əhalinin bütün təbəqələrinə olan münasibətində bərabərlik və ədalət prinsipləri əsas götürülür. Regionlardan paytaxta, iş adamlarından sadə fermerlərə qədər hər bir vətəndaşın qayğı və ehtiyacları dövlətin diqqət mərkəzindədir. Özəlliklə, pandemiya və postmüharibə dövründə göstərilən dəstək tədbirləri Prezidentin xalqla birgə olduğunu bir daha təsdiqlədi.
Vətəndaş cəmiyyəti və ailə siyasəti:
konseptual yanaşma
Dövlət başçısının konseptual baxışı ilə formalaşan siyasətdə vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da iştirakı ilə həyata keçirilən ailə, qadın və uşaq siyasəti çağdaş Azərbaycanın ən uğurlu örnəklərindəndir. QHT, KİV-lə bağlı konseptual yanaşmalar, “ASAN xidmət” kimi vətəndaş məmnuniyyətini gücləndirən layihələr, gənclərin innovativ ideyalarının dəstəklənməsi və sosial proqramlar vətəndaşların dövlətə olan inamını daha da artırır.
Qarabağ: Böyük Qayıdış və yeni Zəfər salnaməsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın illərdir gözlədiyi tarixi ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın milli qürurunun simvoluna çevrildi. Hazırda azad olunan torpaqlarda həyata keçirilən böyük quruculuq, bərpa işləri “Böyük Qayıdış” proqramının bir hissəsi olmaqla yanaşı, Qarabağı və Şərqi Zəngəzuru ən çağdaş regiona çevirmək məqsədini daşıyır.
Azərbaycanın yüksələn brendi
Prezident İlham Əliyevin adı artıq təkcə Azərbaycanla məhdudlaşmır. Beynəlxalq arenada ölkəmizin uğurlarını təmin edən lider qlobal miqyasda da çox önəmli təşəbbüslərlə çıxış edir. Azərbaycanın dünya enerji təhlükəsizliyində rolu, Şərq-Qərb nəqliyyat dəhlizindəki əhəmiyyəti və multikulturalizm siyasəti Prezidentin uzaqgörən və strateji liderlik örnəyidir.
Prezident İlham Əliyevin həyat və fəaliyyəti xalqına xidmət edən liderin çağdaş Azərbaycanı formalaşdırmaqda atdığı qətiyyətli addımlarla səciyyələnir. Bu fəaliyyət həm xalqın, həm də dövlətimizin gələcəyinə inamı möhkəmləndirir.
Adgününüz mübarək olsun, cənab Prezident!
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
İlham Əliyev: Zəfər, Qələbə Memarımız
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Göyçəyə, Zəngəzura bölünüb parçalanan Odlar Yurdu Azərbaycan yüz illər sonra məhz onun sərkərdə-xaqan ucalığı ilə Birliyini, Bütövlüyünü, Əzəmətini, Qüdrətini, sonsuz Vətən sevgisini dünyaya nümayiş etdirdi.
“Qarabağ Azərbaycandır!” nidası ilə mümkün olmayanları mümkünə çevirdi. Genetik kodlarının diktəsi ilə sübut etdi ki, millət, məmləkət, dövlət də insan kimidi, Yaddaşı ilə yaşayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin sarsılmaz əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin mənəvi və siyasi Varisi olaraq onun Liderlik Məktəbində yetişmişdi. Heydər Əliyev Sovet hakimiyyəti illərində həyata keçirdiyi genişmiqyaslı layihələri, Azərbaycançılıq məfkurəsinə söykənən siyasəti ilə Prezident İlham Əliyevə dövlətə sədaqət, Əbədi İstiqlala inam hissini aşılamışdı.
O, böyük siyasətə və dövlət idarəçiliyinə görkəmli dövlət xadiminin məktəbini keçərək gəlmişdir. 20 Yanvar dəhşətlərindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək quruluşa, millətinin qanını tökən Qorbaçov rejiminə etirazını bildirmişdi. Həyatının bütün məqamlarında görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin keçməkeşli və mənalı ömür yolundan, siyasi fəaliyyətindən öyrənən Prezident İlham Əliyev Heydər Əliyevin dövlət idarəçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik xarakterinin bütün xüsusiyyətləri cəmləşmişdir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında düzgün qərarlar qəbul etmək bacarığı və iradəsi vardır. Yüksək siyasi hazırlığa və geniş dünyagörüşə malik olan İlham Əliyev dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçidir. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi özünəməxsusluğunu əks etdirir.
Liderlik üçün ən zəruri xüsusiyyətləri özündə cəmləşdirən dəyərlər İlham Əliyev əzəmətini yaratmışdır. Qazandığı nailiyyətlərə bütün fəaliyyəti boyu nümayiş etdirdiyi yüksək siyasi-təşkilati qabiliyyətlərinə görə dünya liderləri sırasına çıxan Prezident İlham Əliyev ilk növbədə on milyonluq Azərbaycan xalqının və həm də 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Eyni zamanda o, həm də dünyada beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qüdrətli liderlərdən biridir. Hərtərəfli hazırlığa malik olması və müstəqil siyasət aparması onu dünya liderlərinin ön cərgəsinə çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası da lider dövlətlər sırasına çıxmışdır.
Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsində həm beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə Azərbaycan Respublikası əsas söz sahiblərindən birinə çevrilmişdir. Ədalətli mövqeyinə, praqmatik baxışlarına, ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığına görə Prezident İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Azərbaycan Prezidentinin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasını çağırması və orada bəşəriyyəti narahat edən qlobal problemlərin dünya ictimaiyyəti tərəfindən müzakirə olunması Prezident İlham Əliyevin dövlət xadimi kimi yerini və rolunu müəyyən edir.
Prezident İlham Əliyevin Liderlik xüsusiyyəti, mükəmməl siyasəti, zəngin idarəçilik təcrübəsiAzərbaycanı yenidən qurması ilə nəticələnmişdir. Müstəqilllik dövründə Azərbaycanın inkişafınıntəməlləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulsa da, Lider-Varis prinsipini əsas götürən Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlərdəyenidən qurmuş, ən yeni Azərbaycanın Memarına çevrilmişdir. Regionların inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün həqiqi mənasında şəhərlə kənd arasındakı fərqi aradan qaldırmışdır. Ölkənin paytaxtı Bakı şəhəri də artıq özünün monumental tikililəri, yeni tipli infrastrukturu ilə dünyanın iri meqapolislərindən birinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı şəkildə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq sözün həqiqi və məcazi mənasında mümkün deyildir.
Şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz, enerji sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan birinə çevrilmişdir.
Prezident İlham Əliyevin düşünülmüş, müdrik siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir.
Xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. Qoşulmama Hərəkatı ölkələri bu tarixi mərhələdə seyrçi, müşahidəçi ölkələrdən Birləşmiş Millətlər Təşkilatının qərarlarına təsir etmək imkanlarına malik olan aktiv dövlətlər sırasına çıxmışdır. Azərbaycan Respublikasının BMT-də, Avropanın beynəlxalq təşkilatlarında tutduğu yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir. Şanxay Əməkdaşlıq Təşkilatına doğru atılmış addımlar, xüsusən 2022-ci ildə baş tutmuş Səmərqənd görüşləri Azərbaycan Respublikasının dünyanın Asiya siyasətində də fəal rol oynayacağını göstərir. Türk Dövlətləri Təşkilatında Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycanın tutduğu mövqe Prezident İlham Əliyevin liderlik xüsusiyyətini dünyaya nümayiş etdirmişdir. Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, Müttəfiqlik Bəyannaməsinin qəbul edilməsinə qədər inkişaf etdirilməsi İlham Əliyevin düşünülmüş, milli dəyərlərə əsaslanan xarici siyasətinin məntiqi nəticəsidir. Bu faktı ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə də şamil etmək mümkündür ki, onun sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP-29- da vardır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı Qarabağ Zəfəri milli dövlətçilik tariximizdə ən böyük qələbədir. Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevin Dəmir Yumruğunun qüdrətini dünyaya nümayiş etdirmişdir. Dəmir Yumruq ətrafında ordununvə xalqın birləşməsi İlham Əliyev Liderliyinin parlaq təcəssümüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış konsepsiyası Azərbaycanın çoxəsrlik tarixində ən böyük dövlət proqramlarından biridir. Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyü şəraitində bütöv halda inkişaf etdirilməsi deməkdir. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanın regionlarına və o cümlədən Qarabağa səfərləri hər dəfə respublikamızın inkişafında yeni bir parlaq səhifənin yazılması ilə nəticələnir. Bir sözlə, tarixi Qarabağ Zəfəri və Böyük Qayıdış hərəkatı İlham Əliyevin qüdrətli Lider, əvəzolunmaz tarixi Şəxsiyyət, mütəfəkkir dövlət xadimi kimi əzəmətini sübut edir.
Bu gün Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. Dünya Azərbaycanlılarının hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş siyasəti uğurla həyata keçirir. Qərbi Azərbaycana qayıdışla bağlı məsələlər ən ali kürsülərdə, siyasi platformalarda müzakirəyə çıxarılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin qorunub saxlanması istiqamətində də mühüm addımlar atır, kompleks layihələr gerçəkləşdirir. Ölkəmizdə şəffaf və ədalətli cəmiyyətin qurulması istiqamətində mühüm işlər görülür. Daha işıqlı sabahlara hesablanan siyasətin Yol xəritəsinə töhfələr verilir. Tarixi zəfərlər, möhtəşəm nailiyyətlərlə müşaiyət olunan, Vətənə, torpağa, millətə, məmləkətə sevgi və sədaqət hissi üzərində qurulub inkişaf edən dövlətçilik təlimi ilə Prezident İlham Əliyev dünyaya sübut edir ki, burada, Güney Qafqazda qüdrətli bir dövlət və xalq var. Ona yeraltı və yerüstü sərvətlərinə, bioresurslarına görə deyil, dünyanın siyasi mənzərəsini dəyişən Liderinə - Müzəffər Ali Baş Komandanına, tarixi şəxsiyyətlərinə, bəşəri dəyərlər xəzinəsini zənginləşdirən maddi-mədəni irsinə, sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoquna verdiyi töhfələrə görə dəyər vermək, ümumbəşəri problemlərin həllində onun iradəsini, tarixi qərarlarını nəzərə almaq, hesablaşmaq gərəkdir.
44 günlük Vətən müharibəsində “Bizim işimiz haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə düşmən üzərinə yeriyən, yağı düşməni - erməni daşnaklarını gəldiyi yerə qədər qovan, mənsub olduğu milləti Xudafərin körpüsündə, Şuşa qalasında Bayrağa döndərən Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev “Əgər Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var! Biz o torpaqlara qayıdacağıq!” hikməti ilə tarix yaradır. O, bizim Baba yadigarımız, Yoxdan var edənimiz, Zəfər, Qələbə Memarımız, Sözü imzası olan Liderimizdir! Bu gün onun günüdür! Bu gün, həm də onu deyib bundan sonrakı Zəfərlərə inanan hər birimizin günüdür!
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
Sumqayıtda “Nəsillərin rəngli dialoqu” adlı rəsm sərgisi təşkil edilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər İcra Hakimiyyətinin, Milli Məclisin deputatı Səbinə Salmanovanın birgə təşkilatçılığı ilə gerçəkləşdirilən “Nəsillərin rəngli dialoqu” mövsuzunda rəsm sərgisi Prezidenti İlham Əliyevin doğum gününə həsr olunub.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, rəssamlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə öncə iştirakçılar sərgilənən rəsm əsərlərinə baxıblar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova sərginin məqsədi haqqında məlumat verib. O, Prezident İlham Əliyevin hər zaman xalqın arasında olduğunu xüsusi vurğulayıb. Bildirib ki, dövlət başçımız doğum günlərində bölgələrə səfər edərək vətəndaşlarla, əsasən də qaçqın və keçmiş məcburi köçkünlərimizlə görüşüb, müxtəlif təməlqoyma və açılış mərasimlərində xalqımızla birlikdə olurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Prezident öz ad günündə doğma yurdlarına qayıtmış insanlarımızla görüşür, onların yanında olmağa üstünlük verir.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov təşkil olunan sərgidə öz rəsm əsərləri ilə iştirak edən uşaqların əl işlərini yüksək qiymətləndirib. Vitse-spiker xüsusilə 44 günlük Vətən Müharibəsinə həsr olunan rəsmlərin alqışa layiq olduğunu söyləyib.
Sumqayıt şəhər Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, ötən 21 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları reallaşır, şəhər Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, ölkə başçısının inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses bu gün də davam edir.
Zakir Fərəcov həmçinin qeyd edib ki, bu cür tədbirlər gənc nəslin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Nəsillərin rəngli dialoqu” layihəsi gənclər və yaşlı nəsil arasında mədəni və intelektual bağların möhkəmlənməsinə töhfə verir. Şəhər rəhbəri eyni zamanda diqqətə çatdırıb ki, Sumqayıtda son illərdə incəsənət və mədəniyyət sahəsində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı keçirilən tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
Səttar Bəhlulzadənin özünəməxsus üslubu, lirizmi və realizmə, kökə bağlılığı
Nəvai Metin, rəssam, “Ədəbiyyat və incəsənət”
Azərbaycan təsviri sənətində realizmin ən unikal nümayəndələrindən biri olan Səttar Bəhlulzadə təkcə rənglər və kətanla deyil, həm də ruhu ilə yaratdığı əsərləri ilə sənət tariximizdə özünəməxsus bir yer tutmuşdur.
Onun sənəti realizmin sərhədlərini aşaraq milli ruhun ifadəsi ilə zənginləşmişdir. Bəhlulzadə həm realist ənənələrə, həm də Azərbaycan mədəniyyətinin dərin köklərinə bağlı bir sənətkar kimi yadda qalır.
Realizm və millilik
Səttar Bəhlulzadə, realist üslubda işləsə də, bu realizmi sırf obyektiv təzahürlərə bağlamaq olmaz. O, təbiətin və insanların gerçəkliyini təsvir edərkən, onları milli koloriti ifadə edən simvolik elementlərlə zənginləşdirirdi. Onun işlərində Azərbaycanın qədim tarixini, kənd həyatını, insanların adət-ənənələrini əks etdirən motivlər dominantlıq təşkil edir. Bu yanaşma, sənətkarın realizmi yalnız bir texniki vasitə kimi deyil, milli dəyərlərin ifadə platforması kimi qəbul etdiyini göstərir.
Məsələn, onun “Köhnə Bakı”, “Abşeron bağları” və ya “Qobustan” kimi əsərlərində Azərbaycanın təbiəti, şəhər mənzərələri və mədəni irsi çox real, lakin bir o qədər də romantik baxışla təsvir olunmuşdur. Bu əsərlərdə gerçəkliklə xəyali poetik dünyalar arasında möhkəm bir əlaqə vardır.
Rəng palitrası və simvolizm
Səttarın rənglərə münasibəti də onun üslubunun bir əsas cəhətidir. O, təbiətdə olan rənglərin təkrarı ilə kifayətlənməyərək, rənglərin daxili mənasını ifadə etməyə çalışırdı. Xüsusilə, Azərbaycan torpaqlarına məxsus isti, günəşli tonlar – qızıl, narıncı, qəhvəyi və yaşıl çalarlar onun əsərlərinin əsasını təşkil edir. Rəssam üçün bu rənglər həm torpağın məhsuldarlığını, həm də xalqın əzmkarlığını simvolizə edir.
Rəssamın “Təbiət”, “Dağ kəndləri” və digər əsərlərində rəng palitrası, Azərbaycanın həm torpağa bağlılığını, həm də bu torpağın insanlara verdiyi mənəvi qüvvəni ifadə edir. Bu rənglər yalnız gözəllik yaratmaqla deyil, həm də bir xalqın dünyaya baxışını və həyat fəlsəfəsini əks etdirmək məqsədi daşıyırdı.
Səttar Bəhlulzadənin əsərlərində insan faktoru da xüsusi diqqətə layiqdir. O, insanları təbiətdən ayırmadan təsvir edir və beləliklə, təbiət-insan harmoniyasını vurğulayır. Əsərlərində kəndlilərin gündəlik həyatı, iş prosesi, torpağa bağlılığı böyük bir sevgi və ehtiramla əks olunur. Bu isə yalnız təsvir yox, həm də sənətkarın həyat fəlsəfəsinin bir ifadəsidir.
Bu yanaşma, həm də realizmin Azərbaycan milli sənətindəki interpretasiyasını yeni bir səviyyəyə qaldırır. Çünki bu, təkcə xarici görünüşü yox, həm də mahiyyəti göstərən bir realizmdir. Onun “Azərbaycanın kənd mənzərələri” kimi işləri bu harmoniyanın təntənəsidir.
Səttarın üslubunda Azərbaycan xalq ədəbiyyatı və folklorunun dərin izləri görünür. O, miniatür sənəti, nağıllar, dastanlar və xalq rəqslərinin ritmlərindən ilham alaraq, onları müasir təsviri sənətə adaptasiya edirdi. Bu yanaşma, onu təkcə rəssam deyil, həm də milli irsin qoruyucusu kimi xarakterizə edir.
Onun əsərlərində görkəmli Azərbaycan ədiblərinin – Nizami Gəncəvinin, Füzulinin, Molla Pənah Vaqifin və başqalarının yaradıcılığına xas olan lirizm və dərin fəlsəfə öz əksini tapır. Belə ki, rəssamın əsərləri eyni zamanda bir növ vizual poeziya kimi qəbul edilə bilər.
Kökə bağlılığın ruhu
Bəhlulzadənin yaradıcılığının əsasını təşkil edən bir konsept də onun öz köklərinə – Azərbaycan torpağına və mədəniyyətinə olan dərin bağlılığıdır. Bu bağlılıq, təkcə əsərlərinin mövzusunda yox, həm də onların ruhunda hiss olunur. O, Azərbaycanın təbiətini yalnız mənzərə kimi deyil, həm də milli ruhun bir təcəssümü kimi təsvir edirdi.
Rəssamın həyatı və yaradıcılığı Azərbaycan xalqının və mədəniyyətinin tərənnümü olmaqla yanaşı, eyni zamanda modern realizmin milli xüsusiyyətlərlə zənginləşdirilmiş modelidir.
Bu, Səttar Bəhlulzadənin natürmort janrında çəkdiyi əsərlərdən biridir.
Əsərdə rənglərin parlaq harmoniyası və canlı fırça izləri diqqəti cəlb edir. Təsvir olunan elementlər, məsələn, meyvələr və çiçəklər, Azərbaycan təbiətinin zənginliyini və rəngarəngliyini ifadə edir. Səttar Bəhlulzadə öz əsərlərində milli ruhu və təbiəti xüsusi üslubda canlandırmağı bacaran rəssamlardan biri kimi tanınır.
Bu natürmort əsərindəki dinamik fırça vuruşları və rənglərin gücü, onun impressionizm və ekspressionizmə yaxınlaşan üslubunu əks etdirir.
Bəli, bu əsər Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin sənət dünyasına aid qiymətli əsərlərdən biridir. Səttar Bəhlulzadə Azərbaycanın təbiət gözəlliklərini və milli ruhunu öz rəsmlərində çox təsirli şəkildə əks etdirən dahi rəssamlardan biridir.
“Kəpəzin göz yaşları” əsərində rəssam Kəpəz dağını və onun ətrafındakı təbiəti unikal ekspressiv yanaşma və rənglərin ahəngi ilə təsvir edib. Əsərin adı dərin simvolizm daşıyır: “göz yaşları” həm təbiətin zərifliyini, həm də dağın əfsanələrlə dolu tarixini ifadə edir. Əsərdə dağın möhtəşəmliyi ilə yanaşı, mavi tonların və ahəngli fırça zərbələrinin istifadə olunması əsərə həm sakitlik, həm də emosional bir dərinlik verir.
Nəticə
Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində realist ənənələrin çərçivəsindən çıxaraq, milli dəyərləri və fəlsəfəni sənət vasitəsilə ifadə edən bir sənətkar kimi yadda qalmışdır. Onun üslubu, Azərbaycan mədəniyyətinə olan sevgisinin, köklərə bağlılığının və bəşəri realizm anlayışının bir sintezidir. Bu baxımdan, Bəhlulzadənin sənəti yalnız dövrünü deyil, həm də gələcək nəsilləri ilhamlandıracaq bir xəzinədir.
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
Beyləqanda Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə tədbir keçirilib.
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
23 dekabr 2024-cü il tarixdə Beyləqan rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəffəkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Füzuli dühasından dünyaya baxış” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Beyləqan rayon Ağsaqqallar şurasının sədri, Füzulişünas Etibar İmanovun moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından ətraflı bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyi bildirib.
Tədbirdə Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının və Niyazi adına Uşaq Musiqi Məktəbinin əməkdaşlarının təqdimatında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Leyli və Məcnun” operasından kompozisiyalar təqdim olunub və şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.
VII Muğam telviziya müsabiqəsinin diplomantı, “Muğam aləmi” 6-cı Milli Muğam Müsabiqəsinin və 50 ölkə arasında keçirilən Beynəlxalq Muğam Festivalının birincisi, Akademik Opera və Balet Teatrının solisti, səhnəmizin Məcnunu, Beyləqanlıların qüruru Mirəli Sarızadə muğam ifaları ilə tədbirə əlavə rəng qatıb.
Tədbirin sonunda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çlxış edərək ölməz şairin əvəzsiz irsindən söz açıb, Prezident İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə imzaladığı Sərəncamı Füzuli irsinə verilən dəyərin təzahürü kimi qiymətləndirib və tədbirin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Prezidentini təbrik edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı təbrik mətnini təqdim edir:
Azərbaycan Respublikasının
Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Sizi Türk Mədəniyyəti və İrsi Fondu və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və yüksəlməsi istiqamətində həyata keçirdiyiniz uzaqgörən fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Müdrik rəhbərliyiniz ilə Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi istiqamətində əminliklə addımlayıb. Bu gün Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Andiçmə mərasiminizdə səsləndirdiyiniz “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu göz önünə gətirir.
Sizin təşəbbüsünüz əsasında yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu zəngin mədəni türk irsinin qorunması və bütün dünyada tanıdılmasından, eləcə də bu vəsilə ilə Türk dünyasının gücləndirilməsinə öz töhfəsini verməkdən qürur duyur.
Əminəm ki, Azərbaycan xalqının rifahı naminə gördüyünüz işləri bundan sonra da uğurla davam etdirəcəksiniz.
Bir daha Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Fürsətdən istifadə edərək, Zati-Alinizi həm qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm də Yeni İl münasibəti ilə ürəkdən təbrik edirəm!
Dərin hörmətlə,
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova.
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidentini təbrik edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı təbrik mətnini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin yürütdüyü müdrik və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası davamlı surətdə inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.
Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır.
Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Sultan Raev
TÜRKSOY-un Baş katibi
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi başlayıb
Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu il düşərgə Azərbaycanın qəhrəman şəhidlərinin uşaqlarının və Moldovada yaşayan soydaşlarımızın övladlarının iştirakı ilə keçirilir. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarını salamlayıb və artıq ənənə halını alan bu layihənin əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu düşərgənin artıq 5-ci dəfə keçirilməsindən böyük sevinc və qürur hissi duyduğunu bildirib. Çıxışlarda layihənin gələcəkdə də eyni axarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümid ifadə olunub.
Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixində baş tutan düşərgəyə Azərbaycandan şəhid uşaqları və Moldovadan soydaşlarımızın övladları daxil olmaqla 12-15 yaş arası 20 məktəbli qatılıb. Düşərgə ərzində iştirakçılara müxtəlif istiqamətli peşəkar təlimlər keçiriləcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ekskursiyalar təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)
Naxçıvanda “Səyahət edən namələr” beynəlxalq sərgisi açılıb
Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi salonunda Naxçıvan Rəssamlar Birliyinin Rus Evi və İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə “Səyahət edən namələr” adlı beynəlxalq sərgisi açılıb.
AzərTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında" imzaladığı Sərəncam müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”.
Qeyd olunub ki, Prezidentin Sərəncamına əsasən ölkəmizin əksər regionlarında Naxçıvanın muxtariyyətinin 100 illiyi qeyd olunur. Rəssamlar Birliyi də artıq sayca 10-cu tədbiri keçirir. Bu sərgi də daxil olmaqla 3 beynəlxalq sərgi böyük maraq doğurub. Həmçinin, bu il "Yaşıl dünya naminə həmrəylik ili" də elan olunduğundan, bəzi sərgilər tematikaya uyğun keçirilir. Bu gün daha bir maraqlı və bu ilin sonuncu sərgisi "səyahət edən namələr" adlı gələcək nəsillərə mistik, şəkilli mesajlar sənətsevərlərə təqdim edilir. Namə – qədim məktubdur, içində keçmişdən gələcəyə ünvanlanmış sirlər, düşüncələr və mesajlar daşıyır. Dünya rəssamları və sənət adamları öz namələrini sülh, sevgi, əmin-amanlıq və dostluğun hökm sürdüyü təmiz, azad bir dünya üçün ünvanlamaq istəyirlər. Məqsəd – bu mesajları incəsənətin dili ilə dünyaya çatdırmaqdır.
Vurğulanıb ki, “səyahət edən namələr” beynəlxalq incəsənət layihəsinin Tatarıstandan olan rəssam və layihə kuratoru Alfiya İlyasova və Yakutiyadan olan rəssam Natalya Nikolayevnanın təşəbbüsü ilə həyata keçirilir. 2006-cı ildə Moskva Millətlər Evində, III Etnik Festival çərçivəsində başlayan bu layihə bir yerdən digərinə köçərək müxtəlif xalqlar arasında mədəni körpülər yaradıb və hər yerdə yeni mənalar qazanıb.
Sonra Rus Evinin rəhbəri İrek Zinnurov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova maraqlı sərginin təşkilinə görə təşəkkür edib, rəssamlara yaradıcılıq yollarında uğurlar arzulayıblar.
Sonra sərgi iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri, Azərbaycan və Türkiyədən olan “Turan” vokal-instrumental ansamblının ifasında xalq mahnıları səslənib və sərgiyə baxış keçirilib.
Dekabrın 30-dək davam edəcək sərgidə 10 ölkədən 55 rəssamın əsərləri sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)