Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - 24 dekabra təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.

Azərbaycan prezidentinin doğum günündə Rusiya Hərbi Şöhrət gününü (Suvorovun komandanlığı ilə rus ordusunun 1790-cı ilin bu günündə türk qalası İzmayılı ələ keçirməsi şərəfinə), İspaniya və ispandilli ölkələr Noçebuna bayramını (Mövlud günü şərəfinə), Şimalı Avropa ölkələri Soşelnik bayramını (yenə də Mövlüd günü və Yeni il şərəfinə) qeyd edəcəklər, Amerikalılar isə ənənəyə uyğun növbəti mətbəx bayramına sevinəcəklər, milli eqq-noq içkisi gününə. Çiy yumurta və süddən hazırlanan bu şirin içki Şimalı və Cənubi Amerika ölkələrində çox populyardır.

1979-cu ilin bu günündə SSRİ Əfqanıstanın işğalına başlayıb, 1920-ci ilin bu günündə görkəmli italyan opera müğənnisi Enriko Karuzo “Metropoliten-opera”nın səhnəsində özünün son çıxışını edib, 1914-cü ilin bu günündə alman təyyarəsi İngiltərənin Duvr şəhərini  bombalamaqla tarixdə ilk aviasiya bombardmanına imza atıb. 1903-cü ilin bu günündə tarixdə ilk dəfə avtomobilə qeydiyyat nömrəsi vurulub, bu Böyük Britaniyada baş verib, “A 1” nömrə nişanı hersoq Rasselə verilib. 1851-ci ilin bu günündə dəhşətli yanğın ABŞ Konqresinin kitabxanasında 35 min kitabın və unikal sənədin yanmasına səbəb olub. 1760-cı ilin bu günündə isə rus imperatrisası Yelizaveta insanların Sibirə sürgün edilməsini rəsmiləşdirib.

Və ən nəhayət, prezidentlə eyni gendə doğulanlardan məşhur polyak şairi və inqilabçısı Adam Mitskeviçi (1798), böyük türk şairi Tofiq Fikrəti (1867), böyük Azərbaycan maarifçisi Ömər Faiq Nemanzadəni (1872), “Gənc qvardiya”nı yazmış ünlü rus yazıçısı Aleksandr Fadeyevi (1901) və məşhur rus müğənnisi Dima Bilanı (1981) göstərə bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

 

Tuesday, 24 December 2024 09:33

BƏXTİYAR VAHABZADƏ – “Qəlb şairi”

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi şair Məhəmməd Füzuliyə həsr edilib.

 

 

 

Biz batan günəşin üfüqlərdə yaratdığı əlvan mənzərəyə, rənglərin daxili ahənginə nə qədər baxmış, baxmaqdan doymamışıq. Qürub həmişə qürubdur. Lakin bəzən bizə elə gəlir ki, dünənki qürub bugünkü qədər gözəl deyildi. Bugünkü qürubda nəsə tamam başqa rənglər, başqa çalarlar tapır, buna görə də tamaşasından doymuruq. Təbiətə hər baxanda onda əvvəl görmədiyimiz gözəllikləri tapdığımız kimi, Füzuli şeirini də hər oxuyanda onda yeni hisslər, yeni duyğular, yeni fikirlər tapır və bu böyük sənətdən doya bilmirik. Çünki sözlər mənalı, fikirlər dərin, duyğular səmimidir.

 

Düşünən, duyan, hiss edən, sevən, nifrət edən – bir sözlə, sözün geniş mənasında yaşayan hər kəs Füzuli şeirindən öz sualına cavab tapa bilər.

Füzuli şeiri elə bir mahnıdır ki, biz onu ömrümüz boyu eşitsək, “yoruldum” – demərik. Həyat eşqi ilə dolu bir ürəyin nəğmələri bizi yaşamağa, yaratmağa, özü də ürəklə yaşamağa, ürəklə yaratmağa, duymağa, düşünməyə, dərk etməyə, sevməyə çağırır. Budur Füzuli şeirinin əzəməti!

Xalqımızın zəngin musiqi irsi içərisində bizi düşündürən, arzularımızın qanadında uçuran, yüksəldən, dərindən kədərləndirib, dərindən fərəhləndirən ən təsirli musiqi hansıdır, sualının cavabı hamıya məlumdur:

Muğamat!

Füzuli şeiri də muğamat qədər zəngin, rəngarəng, dərin və mənalıdır. Füzuli şeiri həm formaca, həm də məzmunca muğamatla əkizdir. İndi də Füzuli şeirini muğamatsız, muğamatı Füzulisiz təsəvvür etmək olmaz.

Analarımız bizə beşik başında laylanı muğam üstündə demişlər:

 

Sən yat şirin yuxuda,

Çəkim keşiyin, laylay –

 

sözləri – ana qəlbindən süzülən bu doğma kəlmələr, muğamdakı incə xallar, Vətənimizin zəngin tarixini, mübarizəsini, fərəh və kədərini, nəhayət, onun gözəl təbiətini – quşlarının cəh-cəhini, çaylarının şırıltısını, çiçəklərinin rəngini bizim ruhumuza hopdurmuşdur.

Vətənimizin və xalqımızın doğma ruhunu, təbiətini analarımız südlə bərabər bizim ürəyimizə, mənəviyyatımıza elə hopdurmuşlar ki, heç bir qüvvə onu bizim ruhumuzdan, qəlbimizdən çıxara bilməz. Atalar demişkən, südlə girən, sümüklə çıxar. Elə buna görə də biz hər an eşitdiyimiz muğamatdan doya bilmirik. Biz onu hər dəfə eşidəndə onda yeni duyğular, yeni mənalar tapırıq.

Füzuli şeiri də belədir. Muğamat kimi, Füzuli şeiri də xalqımızın həyatı, mənəvi aləmi, mübarizəsi, ruhu və düşüncəsindən doğmuşdur. Muğamın hər pərdəsi xalq həyatının bir sarsıntısını, bir kədərini, bir sevincini ifadə etdiyi kimi, Füzuli şeirinin hər beyti də xalqın bir sevincini, bir kədərini ifadə edir.

 

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun –

 

beytini oxuyan xanəndə şikayət dolu bu üsyankar sözləri muğamın müəyyən bir pərdəsi üzərində deyərkən babalarımızın müəyyən bir tarixi dövrdən etdiyi şikayəti gözlərimiz önündə canlandırır.

Məhəbbət Füzuli şeirinin özəyi, canıdır. Daha doğrusu, məhəbbət nəinki bir şair kimi, bir insan kimi də Füzuli həyatının mənasıdır, onu yaşadan bir qüvvədir. Bu eşqi yalnız müəllimi Həbibinin qızına yetirdiyi məhəbbətlə məhdudlaşdırmaq olmaz; bu eşq çox böyük üfüqlər fəth edir. “Eşq pirim, nəqdi-can nəzrim” deyən şair üçün eşq hər şeydir. O, eşq pirinin yolunda canını nəzir demişdir. Eşq onu “daxili əhli-kamal” etmişdir. Füzuli eşqin gücü ilə həyatın mənasını, kainatın sirlərini öyrənir. Füzuli bu eşq ilə düşünür, hiss edir, duyur, kədərlənir, sevinir, yaşayır. Buna görə də Füzuli: “Tərki- eşq eylə, dedin, tərki-dili can etdim” deyə eşqsiz həyatı həyat saymır.

 

Xəyal ilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz –

 

deyə eşqi ülviləşdirir.

...Füzuli dili obrazlarla zəngin, poetik bir dildir. O, qələmə aldığı hər bir fikri obrazlı, mübaliğəli şəkildə deməyi üstün tutur... Misal gətirdiyimiz misralar Füzuli eşqinin yalnız böyüklüyünü, yüksəkliyini, təmizliyini və saflığını ifadə edir.

Füzuli qəzəlləri yanıb-yaxılan bir ürəyin alovudur. Bu ürək hiss edir, duyur, sevir, böyük arzular bəsləyir, lakin bu arzulara çatmaq üçün çox böyük maneələrə rast gəlir. Buna görə də kədərlənir, öz içində alışıb-yanır. Bu şeirləri həyatla əlaqəsi olmayan, mücərrəd ideyaların ifadəsi kimi anlamaq düzgün olmaz. Füzuli qəzəlləri həyat eşqindən məhrum olan bir ürəkdən qopa bilməzdi. Bu şeirlərdə adi insani hisslər o qədər səmimi, o qədər incə deyilmişdir ki, hər kəs bunlarda öz hisslərini, öz duyğularını tapır.

 

Bu nə sirdir sirri-eşqi demədən bir kimsəyə

Şəhrə düşmüş mən səni sevdim deyən avazələr –

 

beytində hansı mücərrəd, ilahi mistik fikir ifadə olunmuşdur? Məgər bu, sevən, adi bir insanın ürək çırpıntıları deyilmi? Bəzən Füzuli məhəbbət aləminin elə konkret, elə real, həyati hallarını təsvir edir ki, adam hisslərin reallığına, həyatiliyinə heyrət etməyə bilmir:

 

Ey Füzuli, yar əgər, cövr etsə, bundan incimə,

Yar cövrü aşiqə hərdəm məhəbbət təzələr.

yaxud:

Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,

Çeşmi-ümmidim çirağı vəsldən pürnur idi –

 

beyti vüsaldan sonra ayrılığa düşən bir aşiqin səmimi ürək çırpıntısından başqa bir şey deyildir. Nəhayət, Füzuli yer gözəlini “ilahi qüvvədən” üstün tutaraq, onun mövqeyini ən uca bir mərtəbəyə qaldırır:

 

Bütü növrəsi namazə şəbi-ruz raqib olmuş,

Bu nə dindir, Allah, Allah, bütə səcdə vacib olmuş.

 

Füzuli şeirinin uzun əsrlər boyu yaşamasının ən böyük sirrini də məhz bu şeirin həyatiliyi, təbiiliyi və insaniliyində axtarmaq lazımdır.

Ömrünü qürbətdə keçirən Füzuli vətən həsrəti ilə yanıb-yaxılmışdır. Onun şeirlərində doğma vətəninin adı çəkilməsə də, şeirlərinin ümumi ruhu vətən sevgisi və həsrəti ilə doludur. Ərəb və fars dillərinin hökmran olduğu bir dövrdə Füzulinin öz doğma dilində yazıb-yaratması ən böyük vətənpərvərlik nümunəsi deyildimi? O, bu dildə elə böyük fikirlər, dərin hisslər ifadə etmişdir ki, biz bu şeirin əzəmətinə, böyüklüyünə heyran qaldığımız kimi, doğma dilimizin də böyüklüyünə, qüdrətinə heyran oluruq. Füzuli, özü dediyi kimi, “düşvarı asan edərək”, vaxtilə çoxlarına zəif görünən kəlmələrdən böyük incilər, nadir daş-qaşlar yaratmış və ana dilimizi çox yüksək bir zirvəyə qaldırmışdır.

Füzuli hər beytdən böyük sənət imarəti qurmuşdur. Bu beytləri oxuyarkən sənətin yüksək zirvəsinə qanadlanır, oradan baxırıq, gözümüz qaralır, istər-istəməz deyirik: sözdə də bu qədər qüdrət olarmı? Bəli, olar! Sözün gücü çox böyükdür. Söz “hər ləhzə yoxdan var” yaradır. Burada əsas məsələ sözdən istifadə etmək bacarığında, az söz ilə böyük fikirlər ifadə etmək məharətindədir. Füzuli özü demişkən:

 

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,

Kim çox olmaqdan qalıbdır çox əzizi xar söz.

 

Biz şairlər çox zaman sözün zəifliyindən şikayət edirik. Bəzən bizə elə gəlir ki, hisslərimiz çox güclü, söz isə çox acizdir. Hisslərimizi ifadə etmək üçün söz tapa bilmirik. Lakin Füzuli heç zaman sözün yoxsulluğundan şikayət etməmişdir, sözə bir neçə məna verməyi bacarmışdır. Söz Füzulinin əlində mum kimidir. O, sözə istədiyi şəkli, istədiyi mənanı verir, ondan istədiyi kimi istifadə edir. Sözün bütün mənalarını, həm məcazi, həm lüğəti mənalarının dəyərini, ağırlıq və yüngüllüyünü, çalarlarını bütün dərinlik və incəliyi ilə qavramışdır. Söz Füzuli ürəyində qaynayır, ürəyin bütün tellərindən keçir, sonra şeirə çevrilir. Bu sözlər yanan şair ürəyinin qanından qida alıb lələ, cəvahirə çevrilir. Buna görə də Füzulinin sözləri kağız üzərində alışıb-yanır. Onlar dörd yüz ildir öz hərarətini itirmir, yanır və bizi də öz alovunda qızdırır.

                         (1978)

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycana Qarabağ zəfərini yaşatmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün doğum günüdür, 63 yaşı tamam olur.

 

Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə orta təhsilini Bakıda alıb, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub, oranı bitirdikdən sonra 1982-ci ildə institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə həmin təhsil ocağında müəllim kimi çalışıb. 1991-1994-cü illərdə özəl biznes sahəsində fəaliyyət göstərib, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. O, iki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə 3-cü dəfə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində isə dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün onun sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.  Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Ölkə son illər I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, 42-ci Şahmat Olimpiyadası, XV Avropa Gənclər Olimpiya Festivalı, “Formula-1 Avropa Qran-Prisi” kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradılıb, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olunub. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Ali Baş Komandan olaraq İlham Əliyev sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurub, 30 ildən artıq davam edən erməni işğalına son qoyulub, respublikamızın qanuni hüquqları bərpa edilib. Bu müharibə İlham Əliyevin adını tarixin səhifələrinə “İtirilmiş əraziləri geri qaytaran dövlət başçısı” kimi yazıb.

63 yaşını qeyd edəcək Azərbaycan prezidenti “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli ordeni, MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni, “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukrayna), “Mübarək əlKəbir” ordeni (Küveyt dövləti), Parlamentin Qızıl medalı (Yunanıstan), Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı, Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı, BMT-nin Əhali Fondunun mükafatı, Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı və s. ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

 

 

Azərbaycanın qlobal perspektivləri:

mədəniyyətlərarası dialoqdan kosmos texnologiyasına

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan, qədim və zəngin mədəni irsi ilə çağdaş texnologiyaların üzvi birliyini kamil şəkildə təmin edərək, xəlqi, irsi, tarixi gözəllikləri üstün gələcəyə daşıyan unikal ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən strateji təşəbbüs, təklif, ideyalar Azərbaycanın qlobal arenada həm mədəniyyətlər, sivilizasiyalararası dialoq, həm də kosmos texnologiyalarında özünəxas mövqeyini möhkəmləndirib. İlham Əliyevin prezidentliyi dönəmində qazanılan uğurlar, ölkənin həm bölgəsəl, həm də beynəlxalq səviyyədəki mövqeyinin səciyyəsini göstərir - gücümüzə güc qataraq, yeni inkişaf tendensiyaları yaradır. Yəni, bu gedişat təsadüf əsəri olmadığı kimi, tendensiya modunda da qalmayaraq, münasib qanunauyğunluqla davam edir. 

 

30 illik işğal dönəmində - o ağır ortama inad, dayanıb-durmadığımız kimi, Zəfərsonrası da, dayanacaq-duracaq deyildik, təbii. Görüləcək işlərimiz çoxdur amma 

nəyi, 

nə vaxt, 

harada və 

necə 

edə biləcəyimizi də çox yaxşı bilirik (ƏvəlAllah). Biz, XXI yüzilin çağdaş savaşını aparan ölkə (xalq, dövlət), olaraq, savaşda ləyaqət mədəniyyəti göstərməyin qürur və şərəfini daşıyırıq. Mədəniyyətimizdən və liderimizdən güc alırıq.

 

Mədəniyyətlərarası dialoq: 

Azərbaycanın unikal rolu

 

Azərbaycan Respublikası İlham Əliyevin prezidentliyi dönəmində, fərqli mədəniyyət və sivilizasiyalar arasında körpü rolu oynamağa davam etdi. Mənəvi-mədəni körpü rolu, yalnız coğrafi amillərlə şərtlənib-şəkillənmir, xalqımızın bu coğrafiyanın imkan və imkansızlıqlarına qazandıra bildiyi yaradıcılıq hadisələri ilə təzahür və təcalla tapır.

Bu xüsusiyyət, ölkəni yalnız öz bölgəsində deyil, həm də qlobal arenada önəmli bir mədəniyyət ocağına çevirir.

 • Bakı Humanitar forumları: 

Bu forumlar, dünyanın müxtəlif ölkələrindən olan uzmanları, siyasətçiləri və bilginləri bir araya gətirərək, qlobal fikir alış-verişinin aparıldığı önəmli platformaya çevrilib. Burada mədəniyyətlər, sivilizasiyalararası dialoq, müxtəlif təfəkkürlər və təcrübələrin paylaşılması təşviq, tərənnüm edilir. Azərbaycanın, özəlliklə də Bakı şəhərinin bu müzakirələrdəki mərkəzi rolu, ölkənin beynəlxalq nüfuzunun artmasına təkan verir.

 

 • Şuşa və Naxçıvanın İslam mədəniyyətinin paytaxtları kimi tanınması: 

Şuşa və Naxçıvanın İslam mədəniyyətinin paytaxtları olaraq tanınması, Azərbaycanın tarixi və mədəni irsinin qlobal səviyyədə tanınmasına və qorunmasına böyük töhfə verir. Bu, Azərbaycanın fərqli mədəniyyətlər arasında işbirliyi və ortaq çalışmaların inkişafında əsaslı bir töhfəsi oldu. Belə hallarda təsirlər, sözün ən müsbət emosiyası ilə qarşılıqlı faydalı olur. 

Ayrıca, ötən illər içində, Şəki, Şuşa - Türk dünyasının, Bakı - İslam dünyasının Mədəniyyət, Gəncə - Avropanın Gənclər paytaxtı olub. Belə statuslar öz-özünə, birdən-birə, təsadüfən qazanılmır və doğrulmur, əlbəttə…

 

 • UNESCO və ISESCO ilə işbirliyi: 

Azərbaycanın UNESCO və ISESCO ilə işbirliyi, ümumdünya mədəni irsinin qorunması və təbliği sahəsində ölkənin lider mövqeyini təsdiqləyir (möhkəmləndirir). Azərbaycan, bu qurumlarla konstruktiv bağları inkişaf etdirərək, qlobal mədəniyyət mühitindəki yerini möhkəmləndirir və həmçinin ümumdünya irsinin qorunmasına özəl diqqət yetirir. Bu planda, dövlətimizin müvafiq qurumları ilə birgə, Heydər Əliyev Fondunun danılmaz fəaliyyətlərini də şükranlıq və qədirbilənliklə vurğulayırıq.

 

Kosmik texnologiyalar və yeniliklər: 

Azərbaycanın kosmos sənayesindəki uğurları

 

Azərbaycan, kosmos sahəsindəki çağdaş uğurları ilə qlobal kosmos ailəsinin nüfuzlu üzvü olaraq tanınır. Kosmos texnologiyalarına yatırımlar, ölkənin təhlükəsizliyini gücləndirmək və iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilir.

 • Azerspace peykləri: 

Azerspace peykləri, ölkəmizi kosmos sahəsində aparıcı mövqelərə çıxarır. Bu peyklər, telekommunikasiya, təhlükəsizlik və informasiya texnologiyaları sahəində Azərbaycanın qlobal təsirini artırır. Azerspace-1 və Azerspace-2 peykləri, yalnız Azərbaycan üçün deyil, ümumən bölgə üçün də önəm daşıyır.

  • Beynəlxalq Astronavtika Konqresi: 

Respublikamızın beynəlxalq kosmik təşəbbüslərində aktiv iştirakı, ölkənin dünya çapında kosmos sahəsindəki mövqeyini möhkəmləndirib. Beynəlxalq Astronavtika Konqresi kimi tədbirlərdə Azərbaycanın iştirakı, ölkənin kosmos texnologiyalarına olan ciddi yanaşmasını göstərir və bu sahədəki inkişaf potensialını ortaya qoyur.

 • Tədqiqat və innovasiyalar: 

Kosmosdan yararlanma, yalnız milli təhlükəsizliyin təmini və iqtisadi inkişafın stimullaşdırılması ilə məhdudlaşmır. Azərbaycan, kosmosdan əldə edilən bilgilərdən yararlanaraq, kənd təsərrüfatı, ekoloji dəyərləndirmə, təbii fəlakətlərin qabaqlanması kimi sahələrdə araşdırmalar aparır. Bu isə ölkənin müxtəlif sahələrdə innovativ yanaşmalarla inkişafını sürətləndirmiş olur.

TEXNOFESin 2021-ci ildə ilk dəfə Türkiyə dışında - Azərbaycanda keçirildiyini də, bu planda vurğulamış olaq.

 

Texnokultur: 

Mədəniyyət və texnologiyanın sintezi

 

Azərbaycanın çağdaş inkişaf strategiyasının əsas prinsiplərindən biri mədəniyyət və texnologiyanın birləşdirilməsidir. Bu, ölkənin həm mədəniyyətlər, sivilizasiyalararası dialoqda, həm də texnoloji tərəqqidə lider mövqeyini daha da gücləndirir. Texnologiyanın inkişafı ilə mədəniyyətin inteqrasiyası, Azərbaycanın qlobal perspektivdəki mövqeyini daha da möhkəmləndirir və yeni imkanlar yaradır.

 

  • Mədəniyyət və texnologiyanın birləşməsi: Azərbaycan, qədim mədəni irsinə texnoloji yenilikləri inteqrasiya edərək, çağdaş dünyada öz mövqeyini bərpa edir. Bu yanaşma, əlbəttə həm ölkə daxilində, həm də xaricdə böyük bir inkişaf potensialı yaradır. Mədəniyyətin və texnologiyanın inteqrasiyası, bizim qlobal arenada yeni bir inkişaf modelinin öncülü olma iddialarımızı daha da gücləndirir.

 

Beləliklə, 

Azərbaycan, həm mədəni irsi, həm də kosmos texnologiyalarındakı çağdaş uğurları ilə bölgəsəl və qlobal liderlik yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin strateji baxışı, Azərbaycanın çağdaş dünyadakı rolunun bariz örnəyini təcalla etdirir. Bu uğurlar, Azərbaycanın yalnız bugünkü deyil, gələcək inkişafına da güclü təkan verir və ölkənin qlobal təsirini artırmağa davam edir.

 

İlham Əliyevin irəligörüşlü, qabaqcıl liderliyi xalqımızın, ölkəmizin, coğrafiyamızın ruhunu və üslubunu qoruyaraq, keçmişlə gələcəyin, mədəni irslə yeni çağırışların dərin məzmunda birliyini təmin və təqdim etməkdədir. 

Bəli, 

Azərbaycanın həm mədəniyyətlərarası dialoq, həm də kosmos texnologiyaları sahəsində əldə etdiyi uğurlar daha üstün gələcək vəd edir. Vədəmiz-vaxtımız, başa çatan və qarşı gələn illərimiz xeyirli-uğurlu olsun! 

Yerdə yaratdıqlarımız göy üzünə duamız, alqışımız dəyərindədir!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Monday, 23 December 2024 19:04

PA - Qarşıya məqsəd qoymaq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

 

İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar  bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.

Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.

Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.

Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.

Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.

Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.

Davamı var.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

Monday, 23 December 2024 16:42

Bu cür sənətkarları unutmayaq!

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb.

 

1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

Monday, 23 December 2024 17:11

Bir Süleyman Vəliyev var idi

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifa­qının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb.

 

İkinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalış­ıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işlə­yib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azər­baycanlı döyüşçülərin Avropa müqa­vimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mə­nə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə möv­zusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub.  Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsər­lərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.

Süleyman Vəliyev 1916-cı ilin 21 dekabrında doğulub, bu şənbə növbəti doğum günü qeyd edildi, 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

 

Səhərdən-axşama danlaq altdayam,

Anam qurtarınca babam başlayır.

“Qızdamı bu qədər?” “Qızdamı belə?”

Kəlmələr ruhumu yenə daşlayır.

 

Dolğun yaşlarıma çatsam da hələ,

Xəyalım qapıdan uzaq getməyib.

Ramizin şerində “atam balası”,

Belə mənim qədər söz eşitməyib.

 

Saxlaya bilmirəm asi ruhumu,

Boy atıb, gəlişib, uçmaq istəyir.

Nadanlıq devinin əsarətindən,

Qurtarmaq istəyir, qaçmaq istəyir.

 

Yaman darışlıqdı evin dünyası,

Dırmaşıb divardan aşır marağım.

Pambığam, qınımı yırtaram, əgər –

Qapıdan o yana keçsə ayağım.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

AYB Katibliyinin yeddi üzvündən biri olan Elçin Hüseynbəyli  “Balıq adam”, “On üçüncü həvari, “141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam” kimi kitabların, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrain, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.

Doqquz pyesi dövlət teatrlarında səhnəyə qoyulub.

2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, 2019-cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Tanınmış yazıçımızı təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair Qulu Ağsəsin təqdim etdiyi yeni şeiri yer alacaq. 

Şair yenə özünəməxsusdur, yenə mükəmməldir. Vətənlə arası hərdən dəyir. Axı niyə? Bax bu sualın cavabı var şeirdə. 

Xoş mütaliələr. 

 

Canım Vətən, 

səninlə

düz-əməlli kəlmə kəsməmişik 

indiyətən, 

kəssək, soruşardım:

yenəmi Arazla suvarılır 

ədəbiyyat zəmin, 

niyə süngülərin 

yalın ayaqla qalxdığı

Ruh yüksəkliyinə 

hazır maşınla çıxa bilmir 

heç kəsin qələmi?!

 

Canım Vətən,

adamların başına darısı,

bircə bitkilər bilir fanidi həyat 

diriykən torpağa basdırır yarısın...

 

Canım Vətən,

elə bilmə, görmədim,

şəhid evində 

(bayraqdan başqa!)

hər şey köhnədi...

 

Canım Vətən,

and olsun ikinizin canına, 

burdan başqa heç harda yoxdu

göz dəyməsin deyə

şikəst balasının

başına duz çevirən ana...

 

Səni necə qurmuşuq,

canım Vətən: 

bir vətən daş altdan,

bir vətən daş üstdən!..

Hərdən aramız dəyir

“niyə”sini indi deyirəm:

sən

vətənpərvər şeir istəyirsən, 

mən

şeirpərvər vətən istəyirəm,

canım Vətən...

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.