Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

 

 

 

1.     Robin Şarma «Titulsuz lider»

Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.

Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.

Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət

(07.04.2025)

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda fəaliyyət göstərən “Təhsil və Gənclər Birliyi”nin nəzdində həftəsonu məktəbi açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, Gürcüstanın Kvemo Bolnisi (Kəpənəkçi) kəndində açılan məktəb bölgədə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Həftəsonu məktəbinin məqsədi azərbaycanlı uşaqlarda tariximizə, mədəniyyətimizə və incəsənətimizə maraq oyatmaq, onların əsl şəxsiyyət kimi boya-başa çatmasına xidmət etmək, Azərbaycan dilini qoruyub yaşatmaqdır.

Məktəbin Azərbaycan dili müəllimi Çingizxan Yaqubov Kəpənəkçi kəndinin bu günə qədər Azərbaycan elminə və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirib. O, bu ənənənin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, son illərdə Gürcüstanın müxtəlif bölgələrində həftəsonu məktəbləri fəaliyyətə başlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

Monday, 07 April 2025 11:09

Astaranın mirvarisi - Sım kəndi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gözəl mənzərəli, dörd bir tərəfdən yaşıl örtüklü  Talış dağları, onun qoynunda özünə yer etmiş Sım kəndi.

 

Mərkəzdən 40 km uzaqlıqda yerləşir. Yolları bərbad vəziyyətdə olduğu üçün uzun müddət gözdən uzaq bir bölgə olub. Lakin yollar sahmana salındıqdan sonra isə bu gözəl yerləri görmək üçün gələn turistlərin sayı get-gedə artıb.

 

Azərbaycanın ən qədim yerlərindən biridir. Sımdəki qayalar, qayaüstü təsvirlər Qobustanı xatırladır. Turizm üçün qiymətli məkan olan bu kənddə 25 və 30 metr hündürlükdə olan iki şəlalə, bundan əlavə 100-ə qədər də bulaq mövcuddur. Lakin abidələr diqqətinizə çatdırdıqlarımla yekunlaşmır. Burada köhnə qəbirstanlıq, ağacdan inşa edilən məscid, yerli əhəmiyyətli Damğalı daşlar, nizə tutmuş atlının təsviri olan qəbir daşı kimi abidələr də vardır.

Bu gün əkinçilik, maldarlıq və meyvəçilik kimi təsərrüfat sahələri sımlıların məşğuliyyətidir. Sım kəndi Pəlikəş kənd inzibati ərazi dairəsininin və Pəlikəş bələdiyyəsinin tərkibindədir.

Bu kənd sanki açıq təbiət muzeyidir. Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalənin olması isə ona xüsusi çalar verir.

Kənd sakinlərinin tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Kəndin yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Və qədim Ağ Körpü də maraqlı məkanlardan biridir. 

Yurdumuzun səfalı kəndində yerləşən abidələrdən biri də zümrüd donlu yaşıllıqlar arasındakı talada var olan böyük hamar daşdır. Bu daş stola bənzəyir. Bir rəvayətə görə  İsmayıl şah bu daşın ətrafında vəzir-vəkilləri ilə məşvərət edərmiş.

Bu kəndin interneti, yolu, ictimai iaşə obyektləri turizm standartlarına uyğun deyil. Turizmin inkişaf etdirilməsi üçün ilk öncə ora yolun çəkilməsi, daha sonra sürətli internetlə təmin edilməsi, turistlik məkanların tikilməsi vacibdir. Burada qalmağa yer yoxdur, insanlar səhər gedir, axşam geri qayıtmaq məcburiyyətində qalır.

 

Sımda ümumiyyətlə 2000-ə yaxın təbii bulaq var. Bu, dünyanın heç bir yerində.yoxdur

Tarixin izləri dediklərimlə qurtarmır. Burada Şah qalası, bir də həbsxana mövcuddur. Sımın mərkəzində yerləşirlər. Qalanın izləri durur.

 

Bir sözlə, Astaranın Sım kəndinin timsalında dağlıq kəndləri füsunkar gözəlliklərə və ecazkar mənzərələrə şahidlik edirlər.

 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sıfırdan işə başlayaraq bir zamanlar dünyanın ən zəngin neft maqnatı olmuş H.L.Hantdan uğurun sirrlərini soruşduqda o cavab vermişdir: 

-Uğur üçün yalnız üç şey tələb olunur!

Onun sadaladıqları isə bunlar olmuşdur:

- Birincisi, həyatdan nə istədiyinizi müəyyən etmək.

- İkincisi, bu istəyə nail olmaq üçün ödəniləcək haqqı müəyyən etmək.

- Üçüncüsü və ən vacibi, bu haqqı ödəmək qətiyyəti

 

Nə istədiyinizi müəyyən etdikdən sonra uğur qazanmaq üçün lazım olan ən əsas amillərdən biri nə qədər qətiyyətli olmanızdır. Uğurlu adamlar, məqsədlərinə nail olana kimi lazım olan haqqı sonuna qədər ödəməyə hazır olurlar. 

Hər kəs uğurlu olmaq istəyir. Hər kəs sağlam, gözəl və zəngin olmaq istəyir. Lakin lazım olan haqqı ödəməyə hər kəsin gücü çatmır. Ola bilsin ki, haqqın bir hissəsini ödəyirlər lakin hamısını ödəməyə qətiyyətləri çatmır. Həmişə yarı yolda usanırlar. Məqsədlərinə nail olmaq üçün lazımi daxili intizam nümayiş etdirmədikləri üçün daim hansısa bəhanələri və səbəbləri olur.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Sizin haqqında eşitmək istədiyiniz, maraq duyduğunuz növbəti mövzu barədə danışmaq istəyirik. Koza nostra, Siçiliya mafiyası, Don Karleonili “Xaç atası”… - Bəli, anlaşıldı. Növbəti mövzumuz İtaliya mafiyasıdır.

İnsan cəmiyyətləri tarix boyu güc strukturlarına ehtiyac duyublar. Dövlətlər hüquq və qanunlarla cəmiyyəti nizama salmağa çalışarkən, hüququn işləmədiyi yerlərdə alternativ güc sistemləri yaranıb. Mafiya məhz bu boşluğun içində, cəmiyyətin ehtiyac duyduğu “ədalət”i fərqli üsullarla təmin edən bir təşkilatlanmış quruluş kimi meydana çıxıb.

O, rəsmi dövlətin icra edə bilmədiyi güc mexanizmini öz üzərinə götürərək qeyri-rəsmi qanunlar yaratmış və onların icrasını təmin etmişdir.

 

Mafiya yalnız cinayətkar bir təşkilat deyil. O, ənənələr, sədaqət və qeyri-rəsmi qanunların idarə etdiyi  sistemdir. Dövlətdən fərqli olaraq, mafiyada qanunlar yazılmır, danışılır. Onun əsas prinsipləri bunlardır:

  1. Omerta (Susqunluq Qanunu) – Mafiya üzvləri təşkilatın iç məsələlərini kənara çıxarmamalıdır. Xəyanət ən ağır cinayətdir və ölüm hökmü ilə cəzalandırılır.

 2. Sədaqət və Ailə Bağları – Mafiya ailədən gələn bir güc sistemidir. Bioloji ailə ilə yanaşı, mafiya ailəsi də mövcuddur və bu ailəyə xəyanət bağışlanmazdır.

3. Güc və Nəzarət – Dövlətin əlindən alına bilməyən ən böyük güc qorxu və hörmət üzərində qurulmuş hakimiyyətdir. İnsanlar qanuni sistemə etibar etmədikdə, mafiyanın yaratdığı qorxulu ədalətə itaət edirlər.

4. İqtisadiyyat üzərində Nəzarət – Mafiya təkcə güc deyil, həm də pul idarəçisidir. O, qanunsuz yollarla iqtisadiyyata təsir edərək alternativ bazarlar yaradır.

 

Mafiya özünü cəmiyyətin unudulmuş insanlarını qoruyan bir sistem kimi təqdim edir. Rəsmi qanunlar zəifləri qoruya bilmədikdə, mafiya bunu öz üsulları ilə edir. Onun fəlsəfəsi isə, məncə, belə formalaşır:

-Rəsmi hüquq sistemi səmərəsizdirsə, alternativ hüquq lazımdır.

-Dövlət zəifləri qoruya bilmirsə, güclü şəxslərin ədaləti qurması qaçılmazdır.

-İnsanlar güc və qorxuya daha tez tabe olurlar, nəinki abstrakt qanunlara.

 

 Lakin bu, bir paradoks doğurur. Mafiya öz alternativ ədalətini təmin etmək üçün qan tökməli, zor tətbiq etməli və sonda cəmiyyətin təməlini sarsıtmalıdır. O, öz sistemini gücləndirmək üçün cəmiyyətin qorxularını və zəifliklərini manipulyasiya edir. İnsanlar əvvəlcə qorunmaq üçün mafiyaya müraciət edirlər, sonra isə onun hakimiyyətindən qurtulmaq üçün mübarizə aparmalı olurlar.

Mafiya təkcə cinayətkar bir şəbəkə deyil, həm də siyasi və sosial bir qüvvədir.

Tarix boyu mafiya təşkilatları dövlətlərə təsir edib, seçkilərdə rol oynayıb, inqilabları və dövlət çevrilişlərini manipulyasiya edib. Bəzi ölkələrdə mafiyanın gücü o qədər böyük olub ki, dövlət özü mafiaya çevrilib.

Mafiya, hüquq sisteminin çökdüyü və gücün əsas idarəetmə vasitəsinə çevrildiyi yerlərdə daha da inkişaf edir. Dövlət idarəetməsinin zəif olduğu, korrupsiyanın geniş yayıldığı ölkələrdə mafiyanın nüfuzu artır və o, cəmiyyətin qaranlıq, lakin təsirli bir parçasına çevrilir.

 Ədəbiyyat və kino mafiyanı romantik bir qüvvə kimi təsvir edib. "The Godfather", "Goodfellas", "Scarface" kimi filmlər mafiya liderlərini ağıllı, şərəfli və qəlbi təmiz adamlar kimi göstərib. Bu obrazlar bir tərəfdən hakimiyyətin cazibəsini, digər tərəfdən isə gücün insana necə təsir etdiyini nümayiş etdirir.

Lakin reallıqda mafiya yalnız sədaqət və ailə dəyərləri üzərində qurulmuş bir sistem deyil. O, zorakılıq, xəyanət və qanla dolu bir dünyadır. Mafiyada güc qazanmaq üçün yalnız sadiq olmaq kifayət deyil. Ağıllı və amansız olmaq vacibdir. Mafiaya daxil olan hər kəs gec-tez iki seçimlə qarşılaşır, ya zirvəyə yüksəlmək, ya da məhv olmaq.

Mafiya, insan təbiətinin dəyişməz bir hissəsidir. O, dövlətin zəif qaldığı yerdə meydana çıxır və alternativ güc strukturu yaradır. Lakin güc daima öz içində yeni düşmənlər yaradır. Tarix boyu mafiya təşkilatları ya dövlət tərəfindən, ya da öz içindəki xəyanətlər səbəbilə dağılmışdır.

Mafiyanın fəlsəfəsi sadədir, güc, qorxu və hörmət üzərində qurulmuş alternativ bir idarəetmə sistemidir. Lakin bu sistem, əvvəl-axır ya özbaşınalıqla məhv olur, ya da dövləti onunla mübarizə aparmağa məcbur edir. Mafiya əbədidir, lakin hər bir mafiya liderinin və imperiyasının bir sonu var. Çünki qanla qurulan bir nizam, qaçılmaz olaraq, qanla da dağılır.

 

İtalyan mafiyası, təkcə cinayətkar bir təşkilat deyil, həm də dərin ənənələrə və unikal bir fəlsəfəyə sahib bir güc sistemidir. O, qanunlardan kənar öz qaydalarını yaradaraq cəmiyyətdə uzun illər ərzində həm qorxu, həm də hörmət qazanmışdır. Siciliya mafiyası – Koza Noztra, Kalabriya mafiyası – Ndrangeta və Neapol mafiyası – Kamorra bu sistemin əsas qollarıdır. Bu təşkilatlar fərqli struktur və fəaliyyət sahələrinə malik olsalar da, eyni fundamental prinsiplərlə idarə olunurlar: sədaqət, qorxu, güc və xəyanətin qaçılmaz cəzası.

 

Koza Noztra Siciliya mafiyasının ən məşhur qoludur. Onun əsası 19-cu əsrdə qoyulub və o vaxtdan bəri özünəməxsus qaydaları ilə mövcudluğunu qoruyub saxlayır. Təşkilatın içərisində ciddi iyerarxiya mövcuddur: hər bir mafiya ailəsi bir "Don" tərəfindən idarə olunur və onun ətrafında "Consigliere" (müşavir), "Caporegime" (orta səviyyəli liderlər) və "Soldato" (əsgərlər) yerləşir. Koza Noztra, xüsusilə ABŞ-a mühacirət etmiş italyanlar arasında böyük təsirə malik olub və Al Kapon kimi mafiozlar bu sistemin ən güclü nümayəndələrindən biri hesab olunub.

İtalyan mafiyasının ən əsas qanunlarından biri "Omerta"dır – yəni tam susqunluq. Mafiya üzvü tutulsa belə, təşkilat haqqında heç bir məlumat verməməlidir. Omerta pozularsa, həmin şəxs ölüm cəzasına məhkum edilir. Bu qanun, mafiya sistemini dövlətin hüquq-mühafizə orqanlarından qorumağa kömək etmişdir.

Lakin tarixdə bəzi mafiya üzvləri bu qaydanı pozaraq "pentito" (peşman olan) statusu alıblar. Məsələn, Tommaso Buzketta adlı mafiya lideri, İtaliya hökumətinə ifadə verərək Koza Noztranın gizli strukturlarını ifşa etdi. Onun məlumatları mafiyanın zəifləməsinə səbəb oldu və bir çox mafiya liderinin həbsinə gətirib çıxardı.

Siciliyanın mafiyası nə qədər məşhur olsa da, Kalabriyada yerləşən Ndrangeta təşkilatı dünyanın ən güclü cinayətkar şəbəkələrindən biridir. Bu mafiya qrupu, əsasən, narkotik ticarəti ilə məşhurdur və onun illik dövriyyəsi milyardlarla dollar təşkil edir.

Ndrangetanın əsas gücü, onun qapalı ailə strukturlarında gizlənir. Bu təşkilatda yalnız bioloji ailəyə mənsub insanlar yüksək vəzifələrə çata bilərlər. Bu da onu digər mafiya qruplarından daha da təhlükəli və davamlı edir.

Neapol mafiyası Kamorra, digər mafiya təşkilatlarından fərqli olaraq, daha parçalanmış və anarxik bir struktura malikdir. Burada vahid bir lider yoxdur, əksinə, müxtəlif klanlar arasında güc uğrunda daim mübarizə gedir. Kamorra əsasən silah qaçaqmalçılığı, insan alveri və narkotik ticarəti ilə məşğuldur.

Kamorra, mafiyanın ən qəddar qollarından biri hesab olunur. Onun fəaliyyəti o qədər qanlı və xaotik olmuşdur ki, bəzi mafioz ailələr belə bu təşkilatla əməkdaşlıq etməkdən çəkiniblər.

 

İtalyan mafiyasının əsas dayaqlarından biri isə ailə institutudur. Bioloji ailə və mafiya ailəsi eyni dərəcədə müqəddəs hesab olunur. Lakin ailə daxilində xəyanət baş verdikdə, cəza amansız olur. Mafiyada güc, yalnız sədaqət və qorxu ilə qoruna bilər, bu səbəbdən xəyanət ən bağışlanmaz cinayət sayılır. İtalyan mafiyasının əsas prinsiplərindən biri sədaqətdir, xüsusilə də ailəyə və həyat yoldaşına qarşı. Mafioz üçün ailə sadəcə qan bağından ibarət deyil. Bu, onun həyatının mənası, gücünün və irsinin dayandığı təməl sütundur. Həyat yoldaşı isə bu ailənin mərkəzində duran müqəddəs bir varlıqdır. Əgər bir mafioz öz qadınına, onun sevgisinə və inamına xəyanət edirsə, bu, təkcə şəxsi bir zəiflik deyil, bütövlükdə onun xarakterinin, ruhunun və prinsiplərinin çöküşüdür. Mafiyanın qanunları qətidir. Əgər sən həyatını paylaşdığın, gecələr eyni yataqda uzandığın, sənə ruhunu və bədənini etibar edən qadına xəyanət edirsənsə, deməli, sən heç kimə sadiq ola bilməzsən. Çünki həyat yoldaşı yalnız bir qadın deyil. O, sənin iradənin, kişiliyinin və ləyaqətinin sınağıdır. Əgər sən ona xəyanət edirsənsə, deməli, güvən və sədaqət kimi dəyərləri ayaqlar altına atırsan. Bu isə mafiyanın təməl prinsiplərinə qarşı çıxmaq deməkdir.  Belə bir insan nə öz dostlarının, nə qardaşlarının, nə də ailəsinin güvəninə layiqdir. Çünki xəyanət edən şəxs, istər qadınına, istər dostlarına, istərsə də öz ruhuna xəyanət edir. O, artıq heç nəyə sahib deyil. Nə hörmətə, nə şərəfə, nə də güvənə. Və mafiya dünyasında güvəni itirən insanın yaşamaq haqqı da əlindən alınır.

 "O, çox yaxşı bilirdi ki, qadınları sevməyə davam etməsə, nə qədər xain və ya vəfasız olsalar da, ruhunun bir parçası öləcək.'' Puzo.

Bir çox mafiya lideri məhz ailə üzvləri tərəfindən satılmışdır. Məsələn, 2006-cı ildə Bernardo Provenzano, illərlə gizləndiyi yerdən öz köməkçilərinin xəyanəti nəticəsində həbs edildi. Bu hadisə, mafiyada heç kəsin tam güvən içində ola bilməyəcəyini sübut etdi.

İtalyan mafiyası, rəsmi hüquq sisteminin çatışmazlıqlarını dolduraraq cəmiyyətin bəzi təbəqələrinə “ədalət” təqdim edir. Bir çox insanlar hüquq sisteminə inamlarını itirdikdə, mafiya onların problemlərini həll edən yeganə qüvvəyə çevrilir. Lakin bu ədalət öz qanunlarına tabedir və qəddar reallıqlarla doludur.

 

Kino və ədəbiyyat mafiya obrazını tez-tez romantik və şərəfli bir qurum kimi təsvir edir. "The Godfather"(Xaç atası) filmi, mafiya liderlərini ağıllı, dərin düşüncəli və qəlbi təmiz insanlar kimi göstərir. Lakin reallıq çox daha qəddar və amansızdır.

İtalyan mafiyası, əslində, bir insanın həyatını tamamilə ələ keçirən və çıxışı olmayan bir labirintdir. Burada qanun yoxdur, yalnız güc var. İnsanlar mafiya ailəsinə daxil olduqdan sonra artıq geri dönüş yoxdur. Bir dəfə bu sistemə girən insan, ya yüksəlir, ya da məhv olur.

İtalyan mafiyası tarixin müxtəlif dövrlərində yüksəlmiş, güclənmiş və süquta uğramışdır. Onun ən böyük düşməni daxili parçalanma və xəyanətdir. Sonda hər mafiya imperiyası, bir gün onun gücündən qorxan insanlar tərəfindən ya devrilir, ya da öz içində xəyanətin kölgəsində çökür. Çünki qanla qurulan bir güc, yalnız qanla sona çata bilər.

İtalyan mafiyasının əsasında duran qanunsuz güc strukturları, zaman-zaman müxtəlif ədəbiyyat və kino əsərlərində tərənnüm edilmişdir. Bu qəbildən ən məşhur və ən çox təsir bağışlayan əsər, Mario Puzonun 1969-cu ildə yazdığı və Fransis Ford Koppolanın 1972-ci ildə ekranlaşdırdığı "The Godfather" (Xaç Atası) əsəridir. Həm kitab, həm də film, İtalyan mafiyasının yalnız cinayətkar təbiətini deyil, həm də onun arxasında yatan güc dinamikalarını, ailə bağlarını və xəyanətə qarşı möhkəm dayanmaq məcburiyyətini dərindən araşdırır.

İtalyan mafiyasının özəl qanunları və strukturu, məhz "The Godfather"da detallı şəkildə təmsil edilir. Filmdəki Don Vito Karleone obrazı, İtalyan mafiyasının idealizə edilmiş simvolu kimi çıxış edir. Karleone, yalnız mafiya lideri deyil, eyni zamanda bir ailə başçısı və ənənələrə sadiq bir liderdir. Onun fəaliyyətləri, mafiyanın əsas prinsipini, yəni güc və ailə əlaqələrini nümayiş etdirir.

Mafiya, heç vaxt yalnız fiziki güc və cinayətkar əməliyyatlarla əlaqələndirilməməlidir. Mafiya sistemi, onun daxili strukturu, ənənələri, sadiq üzvləri, və ailə bağlarının əhəmiyyəti ilə təzahür edir. Don Vito Karleonenin liderliyi, yalnız silah gücü ilə deyil, həm də cəmiyyətin düzgün şəkildə idarə olunması, ailə münasibətləri və daxili etibarlılıqla təyin olunur. Bu, mafiya quruluşunun yalnız cinayətkar olmağını deyil, eyni zamanda daha geniş sosial və iqtisadi şəbəkə daxilində yer tutmasını təmin edir.

Kitabda və filmdə ən çox vurğulanan məsələlərdən biri ailə bağlarının və xəyanətin əhəmiyyətidir. Don Vito Karleone, özünün mafiyadakı mövqeyinə baxmayaraq, ailə üzvlərinin rifahını və təhlükəsizliyini hər şeydən üstün tutur. O, heç bir zaman ailə üzvlərinə zərər vermək istəməz, hətta mafiyaya yeni daxil olmuş şəxslər belə, əgər ailə prinsiplərinə zidd davranırlarsa, dərhal cəzalandırılacaqdır. Bu prinsiplər, Corleone'nin şəxsi həyatını və təşkilatını idarə etməkdə əsas rol oynayır.

 "Bu dünyada yeganə sərvət ailənizdir. Bu, pul və gücdən daha vacibdir"

Əsərdə Karleonenin oğlu Maykl Karleonenin inkişafı, mafiya həyatının gözlənilməz dönüşlərini göstərir. Maykl, əvvəlcə ailəsindən uzaq durur və heç vaxt mafiyanın işlərinə qarışmamağa qərar verir. Lakin, ailənin başçısı olan atasının xəyanətini və öldürülmək təhlükəsini gördükcə, o da birbaşa bu dünyaya daxil olur. Maykl, özünün mübarizəsi və ənənələri qorumağa çalışsa da, nəticədə özünü xəyanətə qərq olmuş bir müharibədə tapır.

Xəyanət, xüsusilə Mayklın həyatında mərkəzi bir yer tutur. Həm özünün, həm də ailəsinin həyatını qorumağa çalışan Mayklın, əslində o ailəni qorumaq məqsədilə çoxsaylı xəyanətlərə və qəddar addımlara əl atır. Bu xəyanət, yalnız xarici düşmənlərdən deyil, həm də daxili ailə üzvlərindən gəlir. Mayklın ən yaxın dostlarından biri olan Tom Hagenin qərarları və davranışları, onu öz mənfəətini güdmək üçün çoxsaylı risklərə girməyə sövq edir.

"The Godfather", yalnız bir cinayətkar şəbəkənin təsviri deyil, həm də gücün əsl mahiyyətini araşdıran bir fəlsəfi əsərdir. Burada güc, yalnız fiziki cəhətdən deyil, həm də mənəvi, sosial və siyasi sahələrdə yerləşir. Don Vito Karleonenin gücü, yalnız onun liderlik bacarığı və insanları manipulyasiya etmə qabiliyyəti ilə deyil, həm də onun ailə üzvlərinə və müttəfiqlərinə qarşı böyük sədaqəti ilə yaranır.

Gücün mənəvi və fiziki tərəfləri arasındakı ziddiyyətlər, əsərin mərkəzi mövzularındandır. Don Karleone, gücün yalnız idarə etmə ilə deyil, insanların qorunması ilə də əlaqəli olduğunu düşünür. Lakin bu güc, onun və ailəsinin həyatını qurtarmağa xidmət etdiyi zaman belə, həmişə xəyanət və təqib ilə nəticələnir.

 "The Godfather" həm kitab, həm də film olaraq, gücün və ailə bağlarının daxilindəki ziddiyyətləri və çətinlikləri işıqlandırır. O, İtalyan mafiyasının strukturu və dinamikasını təhlil etməklə yanaşı, cəmiyyətdəki hərəkətlərimizin və qərarlarımızın necə bəzən qaçılmaz şəkildə özümüzü və ətrafımızdakıları dəyişdirməsinə səbəb olacağını göstərir.

Mafiya, burada sadəcə bir təşkilat deyil, insanların təbiətini, vəfa hissini, xəyanəti və bunun qarşısında qoyulan güc mübarizəsini əks etdirən bir simvola çevrilir. "The Godfather" həm də, sonda gücün ən zərərli tərəfinin insanları bir-birinə qarşı qoyan xəyanət olduğunu dərin fəlsəfi bir şəkildə ortaya qoyur. Bu əsər, mafiyanı romantikləşdirməklə yanaşı, onun arxasında yatan qaranlıq və mürəkkəb münasibətləri göstərir və bu səbəbdən də dövrün ən əhəmiyyətli bədii nümunələrindən biri olmağı bacarır.

Mafiya, bir tərəfdən cəmiyyətin qanunlarından kənar bir güc strukturu kimi çıxış edir, digər tərəfdən isə insanın ən dərin və qarışıq daxili aləmini təmsil edir. Bu təşkilatlar yalnız silahların və qanunun, şiddətin və gücün dilini danışan qurumlar deyil, eyni zamanda həyatın, məğlubiyyətlərin, xəyanətin və vəfanın əks olunduğu bir güc mübarizəsidir. Mafiyanı anlamağa çalışdıqda, bir tərəfdən cinayətin bir təzahürü kimi görünsə də, digər tərəfdən, onun içindəki münasibətlər və prinsiplər, insan təbiətinin özünəməxsus və mücərrəd hallarıdır.

İtalyan mafiyasının üzərində dayandığımızda, "The Godfather" əsəri bu mürəkkəb dünyanı göz önünə sərir. Don Vito Karleone, yalnız bir mafiya lideri deyil, həm də ailə bağlarının, sədaqətin, gücün və xəyanətin əbədiləşmiş simvoludur. Onun həyatı, bizə gücün sadəcə fiziki silahlarla deyil, münasibətlərin və insanlıqla əlaqəli sosial strukturların mühüm bir məhsulu olduğunu göstərir. Karleonenin həm ailəsinə, həm də öz mafiyasına verdiyi qiymət, öz yerini tapmaq istəyən bir insanın daxili qarışıqlığını əks etdirir. Ailənin gözündə qalan əsl lider olmağın gətirdiyi məsuliyyət, həm də gücün özü ilə gətirdiyi tələlər.

Lakin, mafiyanın ən çətin tərəfi, bu gücün dayandığı əxlaqi və fəlsəfi əsasların daim ziddiyyətli olmasıdır. Güc sahibi olmaq, bir çox hallarda insanın öz mənəviyyatını qorumağa çalışması ilə qarşıdurmaya girir. Mafiya liderləri, ən çox, insanları qorumaq üçün özlərini qorumağa çalışan şəxsiyyətlər kimi çıxış edirlər, lakin bu prosesdə əslində insanın nə qədər qurban verdiyi və itkilərin necə birikdiyi gözlər önünə sərilir. Onların mübarizəsi yalnız maddi zənginlik və ərazi üstündə deyil, eyni zamanda ruhani zənginlik və mənəvi müqavimət üzərindədir. Bu da mafiyanın dərin fəlsəfi tərəfidir. Onlar, özlərinin doğruluğu və əxlaqı üçün cəmiyyətin başqa tərəflərindən xaricə çıxmış və "öz qaydalarını" tətbiq etmiş insanlardır.

Gücü qorumağa çalışan Don Vitonun həyatı, bəzi prizmalardan qəhrəmanlıq və şəfaətə bənzəyir. Ancaq film və kitabda göründüyü kimi, heç bir güc mübarizəsi, heç bir ailə bağları, yalnız sadiqlik və güvən üzərində qurulmuş bir dünya, xəyanətin və fədakarlığın gətirdiyi qaranlıq tərəfi gizlədə bilməz. Karleonin ailəsi, onun övladları, qohumları və yaxın dostları, onun ətrafındakı bu böyük sədalı dünyanın arxasında gizlənən dərdləri, içki, müharibə və təhdidlər qarşısında əslində heç də qorunmamışdır. Mafiya, məhz bu qanunsuz güc oyununda əslində özünü qoruyur, amma bu qorunma zamanla onu əzab və iztirab içində daha da qapalı və qaranlıq bir həyatın içində sürükləyir.

Əsərin əsas fəlsəfi mövzularından biri, güc və ailə münasibətlərinin bəzən bir-birinə qarışmasıdır. Ailə, bu mühitdə, yalnız bioloji bağlarla deyil, həm də sosial və ruhi əlaqələrlə güclənmiş bir qurum olaraq əks olunur. Karleonenin mübarizəsi, təkcə öz təşkilatını deyil, həm də ailəsinin sağlamlığını, həyatını və gələcəyini qorumağa yönəldilir. Bu, insanların həyatda güc əldə etmək arzusunun və bu gücün idarə olunmasında qarşılaşdıqları çətinliklərin simvoludur. Lakin, ailə bağları da zaman-zaman cəmiyyətdən ayrılan bir fərdi güc şəbəkəsinə çevrilir, və burada əxlaqın ənənəvi formaları, şəxsi məqsədlərə və həyat üçün mübarizəyə qurban gedir.

Xəyanət, "The Godfather"da ən dərin və mürəkkəb şəkildə işıqlandırılmış bir mövzudur. Xəyanət yalnız şəxsi etimadın pozulması deyil, həm də insanın öz mənəvi sərhədlərini aşması, öz daxili qanunlarına qarşı çıxmasıdır. Mafiya həyatı, xarici dünyadan ayrı bir aləmdə hökmranlıq etməyə çalışarkən, əslində daxili aləmdəki zəiflikləri və qaranlıq tərəfləri ortaya qoyur. Maykl Karleonenin öz atasını müdafiə etmək, ailəsinin adını qorumaq məqsədilə etdiyi qərarlar, onun daxili dünyasında qarşı-qarşıya qaldığı dəyərlərin itirilməsi ilə nəticələnir. O, nəticədə, ailəsini qorumaq istəyərkən, eyni zamanda insanlıq dəyərlərini itirir, ən yaxınlarını itirir və özünün xarakterindəki ən yaxşı hissləri itirir.

Gücdən istifadə etmək, onu qorumağa çalışan insanın özünü mükəmməl bir şəkildə, həm cəmiyyətin qanunlarından, həm də insanlığın əsas prinsiplərindən kənar bir dünyada yerləşdirməsini tələb edir. Mafiya, bu baxımdan, yalnız cinayətkar bir şəbəkə deyil, əslində insanın içindəki mübarizənin, vicdanın, vəfasızlığın və ən azından, əxlaqın pozulması qarşısında yerləşən bir gerçəkliyin simvoludur. Bəzən güc əldə etmək, insanın öz üzərində sərt bir hakimiyyət qurması, öz mənəviyyatını çökdürməsi və nəhayət, özünü bir canavara çevirməsi ilə nəticələnir.

Bu səbəbdən də mafiyanın dünya baxışı, cəmiyyətin fərqli qatlarına baxarkən, həm qorxunc, həm də cazibədar bir nəsnəyə çevrilir. Hər bir fərd, bu aləmdə öz yerini tapmağa çalışır, amma nəticədə, bu məğlubiyyət və iztirabın, mənəvi mübarizənin və ehtirasın dövründən başqa bir şey olmadığını anlayır. "The Godfather"ın dediyi kimi: "Bir adamın ürəyində, iki şey var; bir tərəfi özünü qoruyur, digər tərəfi isə qəzəbdən yanır." Bu, mafiyanın özündəki ziddiyyətləri və insanın daxili konfliktlərini ən yaxşı şəkildə əks etdirən bir müdriklikdir..

 

Amma bir anlıq düşünək, əziz Oxucum. Gerçək dünya bundan nə ilə fərqlənir? Biz mafiya deyəndə, qaranlıq küçələrdə pıçıldanan vəhşi sövdələşmələri, qanla möhürlənmiş andları, xəyanətə bilet kəsən silahların səsini təsəvvür edirik. Amma bəlkə də bu, sadəcə romantik bir illüziyadır? Bəlkə də əsl mafiyalar, əlləri silah deyil, qanunlarla silahlanmış, küçələrdə yox, parlament salonlarında, korporativ iclas otaqlarında gizlənənlərdir?

Koza Noztrada sədaqət bir seçim deyil, borcdur. Amma bu günkü dünyada xəyanət bir incəsənətdir, diplomatiya adlanır, manevr bacarığı sayılır. Mafiyada söz vermək müqavilədən daha güclüdür. Necə ki, pozsan, başını itirərsən. Amma müasir dünyada bir imza ilə minlərlə insanın taleyi dəyişdirilir, bir qərarla xalqlar köçkün salınır, müharibələr alovlandırılır, milyonlarla insan yoxsulluğa məhkum edilir. Ən absurdu isə heç kim cəza almır. Əsl mafiya budurmu? Yoxsa biz sadəcə oyunçuların paltar dəyişdirdiyi bir teatrda, ssenariyə inanmış tamaşaçılardan başqa bir şey deyilik?

Mafiyanın qaydaları var, sənin etdiyin xəyanət cəzalandırılır. Amma şirkətlər, siyasi institutlar – onlar sənin həyatını, gələcəyini, bütöv bir cəmiyyətin taleyini satanda, heç kim məsuliyyət daşımır. Mafiyada alçaldılan, xəyanətə uğrayan biri qanını tələb edir. Amma bu gün insanlar həyatlarının oğurlanmasını, sistemin onları çeynəyib tüpürməsini sakitcə izləyir, çünki onlara öyrədilib ki, həqiqi güc həmişə görünməzdir.

Odur ki, əgər sən mafiyanı cəmiyyətin ən təhlükəli qurumu hesab edirsənsə, bəlkə də sadəcə yanlış yerə baxırsan Dostum. Əsl güc haradadır? Küçələrin qaranlığında, yoxsa parlamentlərin işıqlı salonlarında? Güllənin səsində, yoxsa səssiz imzalanan qanunların içində? Əgər qanunsuz sistemlər şərəf və sədaqət tələb edirsə, amma “qanuni” sistemlər yalnız yalan və riyakarlıqla işləyirsə, bəs kim daha təhlükəlidir?

 

Biz İtaliya mafiyası barədə, kinematoqrafiya incisi sayılan "The Godfather" filmi barədə ətraflı danışdıq. Yeri gəlmişkən, İtaliyada hələ də “mafiya” kəlməsinə ehtiram bəslənir, hələ də mafiya qayda-qanunları, dərin dövlət anlayışları gündəmdən düşmür. Mövzu maraqlıdır, maraqlı olduğu qədər də düşündürücüdür.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

İlqar İsmayılzadə,  fəlsəfə üzrə fəlsəfə doktoru,“Ədəbiyyat və incəsənət” üçün

 

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edəcəyəm. İlk təqdim etdiyim "Şəhla Rəvan" təxəllüsü ilə tanınan, eyni halda elm, təhsil və ədəbiyyat sahəsinin elit-ziyalı simalarından olan Şəhla xanım Mürsəlovadır.

 

Qısa təqdimat:

Mürsəlova Şəhla Miradil qızı (Şəhla Rəvan): 27 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. Orta təhsilini Göytəpə şəhər 1 saylı tam orta məktəbdə başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, burada Rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirərək, rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

2006-cı ildə ikinci ali təhsil almaq hədəfi ilə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olaraq, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazlrlanma təhsilinin tam kursunu bitirmişdir.

2010-cu ildə Vasif Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini, 2012-ci ildə isə məktəbin direktoru vəzifəsinə təyin olumuş və direktorların işə qəbulu imtahanında iştirak edərək yüksək bal toplayaraq məktəbin direktoru vəzifəsinə təsdiq edilmişdir. Bu günədək həmin vəzifədə çalışaraq gələcəyimiz olan övladlarımızın elm və təhsillə yanaşı onların layiqli və vətənpərvər vətəndaş olmaları üçün müəllimlik borcunu yerinə yetirir.

Şəhla xanımın pedaqoji sahədən öncə jurnalistika sahəsində də əməyi və fəaliyyəti olmuş, indiyədək elm, təhsil və jurnalistika sahəsində nümunəvi və faydalı fəaliyyətinə görə dəfələrlə təltif olunmuşdur. Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlov və eləcə də, şəhid Mirəjdər Mürsəlovun bibisidir.

Onun poeziya sahəsinə gəlişi orta məktəb illərinə qayıdır. İlk dəfə olaraq "Ana" və "Bənövşə" adlı şeirləri Cəlilabad rayonunun yerli mətbu orqanı sayılan "Yeni gün" qəzetində dərc olunmuşdur.

Şairlər diyarı olan Cəlilabadın bir vaxtlar tanınmış jurnalisti,  hal-hazırda isə pedaqoqu, şair və elit-ziyalı xanımlarından olan Şəhla Rəvanın iki övladı, beş nəvəsi var. Elm, təhsil, jurnalistika və bədii ədəbiyyat sahələrində malik olduğu böyük əməyi və bir sıra digər imtiyazarına görə onu Cəlilabad ədəbi mühitinin kraliçası da adlandırmaq olar.

“Şəhla Rəvan" təxəllüsü ilə tanınan bu dəyərli el şairi məsnəvi, heca və bəzən də, sərbəst janrlarında şeirlər yazır. İndiyədək yazdığı şeirlərin sayı isə təxminən 500-ə yaxındır.

Şeirləri

Oxuculara Şəhla Rəvanın bir neçə şeirini təqdim edirəm.

 

    

      SƏNSİZ

     (Azərbaycanın Milli Qəhrəmanı şəhid

      Vüqar Mürsəlova (1963-1992) ithaf olunur!)

 

Ağrın alım, hicrin əyib qəddimi,

Həsrət durub aramızda yol kimi.

Sənə tərəf bircə addım atmağa,

Baş əymişəm Əzrailə qul kimi.

 

Günlər, aylar ötür sənsiz, dəyərsiz,

Neçə ili yaşamışam xəbərsiz.

Tanrım mənə ömür verib gərəksiz

Gül bağında vaxtsız bitən kol kimi

 

Kədər mənə ilahidən pay oldu

Göz yaşlarım axdı, axdı çay oldu.

Qış atladı, yaz sovuşdu, yay oldu

Niyə dinib-danışmırsan lal kimi?

 

Yuxularda görüşürük biz indi

Neyləyirsən oralarda, düzün de

Heç çəkinmə gileyin de, sözün de

Zəhər versən, mən yiyərəm bal kimi.

 

Vətən üçün öldün cavan yaşında,

Qədrin bildin torpağın da, daşın da.

Qızıl güllə ürəyinin başında,

İzin qoydu al yanaqda xal kimi.

 

 

     HƏYAT

 

Günlər bənzəməzlər biri-birinə

Hər günün öz ətri, öz xisləti var.

Elə yaşayasan düşə yerinə,

Yaşanan hər anın bir hikməti var.

 

Günlər yarpaq-yarpaq düşər ömürdən,

Hər günün öz rəngi, öz işığı var.

Yaşanan hər günün qədrini bilsən,

Qışın da gözündə olacaq bahar.

 

Artıq sənin deyil yaşadığın gün,

Gah yadda qalandır, gah unudulan.

Ötən xatirədir o sənin üçün,

Geriyə qayıtmaz yaşanan zaman.

 

Toxuna bilməzsən bir daha ona,

Sevinci sənindir, qəmi sənindir.

Eləcə yazılar öz yaddaşına,

Həyat onun qədrin bilənlərindir.

 

 

ARZU TUTDUM

 

Bir yağmurlu bulud gəldi, sən gəlmədin,

Sanki yaddım...

Yağmurlu bulud göz yaşımdı, sən silmədin,

Məni atdın...

Amma nələr çəkdiyimi heç bilmədin,

Kama çatdın...

Ömrümə də, günümə də zəhər qatdın,

Arzu tutdum...

Ümid etdim gələcəksən, yollarını duman aldı,

Bir buluddum...

Heç bilmədim həqiqətdim, ya xəyaldım...

Laltək susdum...

Suya dönüb çamurlarla yerdə qaldım...

 

 

BİR ANLIQ SEVİNC

 

Otaqda sanki birdən,

Qış dönüb oldu bahar.

Nələr keçdi qəlbimdən,

Çiçək açdı arzular.

 

Gəlişindən ruhuma,

Bahar nəfəsi gəldi.

Əlində ağ çiçəklər,

Ah, necə də gözəldir!

 

Həzin nəğmə kimiydi

O ecazkar səsin də...

Güllər qədər təravət

Var idi nəfəsində.

 

Getdin yenə oxundu,

Qəmli ruzgar nəğməsi.

Bir anlıq sevinc imiş,

Günün mənə müjdəsi.

 

 

MƏNİMDİR

 

Sən necə bir sehrsən, sənsiz darıxır ürək,

Bu qaranlıq otağa atılıb qalmışam tək.

Düşünürəm səni mən, hər an köks ötürərək,

Cismim deyir mənimdir, ruhum deyir yox, mənim.

 

Sən elə bir cümləsən, dodağımda sözlərin,

Gülüşün, şux qamətin, xəyalımda gözlərin.

Sən elə bir məntiqsən mənan dərindən-dərin.

Qəlbim deyir mənimdir, gözlər deyir, yox mənim.

 

Hər zaman yanımdasan, çətin gündə, asanda,

Musiqi dinləyəndə, şeirə qulaq asanda,

Möcüzə var, sehr var o ecazkar səsində,

Xəyal deyir mənimdir, vüsal deyir yox, mənim.

 

Bütün təbiətinlə durmusan göz önümdə,

O gündən sən olmusan imanım da, dinim də.

Yaşayırsan qanımda, hər zaman batinimdə,

Tanrım deyir mənimdi, mən deyirəm yox, mənim.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

 

 

Bahəddin Salman, “Ədəbiyyat və incəsənət” üçün

 

Qonağımız vokalist Yeganə Orucovadır.

 

-Salam, Yeganə xanım. Sizi “Ədəbiyyat və incəsənət” portalının bütün heyəti adından salamlayıram və dəvətimi qəbul etdiyiniz üçün minnətdarlıq bildirirəm. Musiqiyə sevginizin yaranması hansı yaş dövrünüzə təsadüf edir və musiqi təhsili olan ifaçısınızmı?

 

-Salam, mən də öz növbəmdə sizi, yaradıcı heyətinizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Musiqiyə sevgimin olması mənə elə gəlir ki, ailəmin sənətə olan marağından irəli gəlir.  Məsələn, nənəm bədii gimnastika ilə məşğul olub, xalam mənim də oxuduğum Vaqif Mustafazadə adına incəsənət məktəbində fortepiano, vokal bölümü üzrə təhsil alıb, anam piano təhsili almayıb, amma pianonun harmoniyasını çox gözəl bilir... Belə bir mühitin içində doğulmağı musiqiyə sevgimin yaranması üçün kifayət qədər yetərli səbəb sayıram. Üç yaşımda artıq mən “Cücələrim” mahnı və rəqs ansamblına getmişəm. Orda bəlli bir yaşa qədər oxuduqdan sonra, orta məktəb və paraleldə Vaqif Mustafazadə adına  incəsənət məktəbinə getdim. Burda anam məni fortepiano bölməsinə qoymaq istəyirdi, amma imtahanlardan keçəndə məktəbin direktoru Elxan müəllimin musiqi duyumumu yüksək qiymətləndirməsi məni vokal ifaçılığına yönəltdi. Təhsil aldığım altı il ərzində mən xorda solist olmuşam. Həmin vaxtlarda doqquz yaşımda “Pöhrə” musabiqəsinin iştirakçısı idim, hətta Heydər Əliyev adına sarayda Pöhrə müsabiqəsinin tərkibində mahnı ifa etmişdim. Amma bütün bunlara baxmayaraq anam hiss etdi ki, mənim bütünlükdə həyatım, həvəsim, arzularım musiqi üzərində qurulub və musiqi ilə məşğul olmağa qoymadı, təhsilimi tamam başqa yönə - kulinariyaya, aşbazlığa çəkdi. Amma mən bu sahə ilə məşğul olmadım. Hər dəfə inadkarlıqla deyirdim “bəli, mən musiqi adamıyam!”  Bu mənim yolum deyildi. Mətbəxdən çiy ət iyi gələndə bu gün də ürəyim bulanırsa, deməli, haqlı idim: Mən öz qabımda deyildim.  Bütün bunlara rəğmən üç illik olan bu peşə liseyini bitirdim. İnsanın dostu da, düşməni də valideynidir. Valideynim məni çox sevir, amma o sevginin təsirindən özü də bilmədən mənə təhsil zərəri verdi. Peşə liseyi yerinə məni İncəsənət, Konservatoriya universitetinə yönəldə bilərdi. Amma yenə də hər şey əladır.

 

-Yeganə xanım, bildiyimə görə aktrisalıq fəaliyyətiniz də olub. Hansı filmlərdə rol almısınız?

 

-Bəli, haqlısız. Aktrisalıq fəaliyyətim də olub. Bilirsiz, mən özümü  müğənni kimi görmürəm, necə deyərlər, “artist” kimi görürəm. Yaxın bir sənət dostum məni “İki ömür” adlı dram janrında çəkiləcək filmin kastinqinə yönləndirdi. Getdim və uğurlu da alındı. Bu sahədə təcrübəm, texnikam olmasa da aktrisalığımı juri heyəti teatr pafosundan kənar bacarıq kimi dəyərləndirdilər. Bu serialda müsbət və əsas obrazlardan birini canlandırdım. Ondan sonra da “Xalxın evi”, “Qayıdış”, “Uçurum” kimi serial və bədii filmlərdə rol aldım.

 

-İfanızı dinləyərkən adama elə təsir bağışlayırsınız ki, sanki dramatik, romantik məzmunlu opera ifaçısına tamaşa edirsən. Həm ifa edirsiniz, həm də elə bil, obraz yaradırsınız. Opera səhnəsində özünüzü sınamağı düşünmüsünüz?

 

-Mən Vaqif Mustafazadə adına musiqi məktəbində zatən vokal üzrə təhsil almışam. Amma profesional opera səhnəsində özümü sınamaq da istənilməyəcək hal deyil. Sadəcə olaraq, bayaq dediyim kimi, mən özümü artist kimi görmüşəm, yəni, bilirəm ki, şanson da, altı-səkkiz də oxuya bilirəm. Vokal oxuyan ifaçılar gedib toylarda heç vaxt seygah üstündə, şur üstündə, mahur üstündə toy mahnısı oxuya bilməzlər, mümkün deyil. Çünki bu adamların texnikasını beyin səsi üzərində qurublar. Opera vokalistləri bax bu səslə oxuyurlar. Amma mən özümü inkişaf elətdirib səsimi türk-anadolu musiqi üslubuna – bu üslub qırtlaq səsə aiddir – uzlaşdırdım, paraleldə xalq mahnıları da oxuya bilirəm. Amma əsas istəklərimdən biri muğamı öyrənməkdir, özü də, bunu çox peşəkar şəkildə öyrənmək gərəklidir. Çünki sabah hansısa bir halda sənətimin bu yönünün qapalı qaldığının və gecikdiyimin fərqində olmaq istəmirəm. Mən vokalistəm, amma vokal məsələsinə geri dönsək, bu gün mən vokalist kimi fəaliyyət göstərmirəm. Mən bugünki gün arenbi, caz, rok, xalq mahnıları oxuyuramsa, deməli, biryönlü vokalist deyiləm. Bütün bu janrların hamısının  öz obrazı, ruhu var. Bu da mənə görə musiqi yönündə özünü hərtərəfli inkişaf etdirmək təsiri bağışlayır.

 

-Ölkəmizdə incəsənət sahəsində saysız-hesabsız  istedadsız adamlar var. Siz onlarla müqayisədə çox istedadlı ifaçısınız.  Sizə də elə gəlirmi ki, istedadsız adamlarla müqayisədə istedadlı adamların təqdimatına daha az şərait yaradılır?

 

-Mən məsələyə başqa cür yanaşacağam. Hansı sahədə olmasından aslı olmayaraq nə qədər ki, valideynlər övladlarına düzgün təhsil verməyəcəklər, onların dünyagörüşünü daha mədəni formalaşdırmayacaqlar, bizim gələcəyimiz gəlməyəcək. Elə valideyn var, övladlarını müasir adlandırır, təhsilli yetişdirdiyini iddia edir, amma danışılanların fonunda narkomaniyaya qurşanmış və yaxud başqa pis yollarda olan övladlar görsənir. Kütlə niyə bu gündədir? Təkcə musiqi pis halda deyil, incəsənətin bütün yönlərində ruh, məntiq, məna ölüb. Çünki biz hamımız kütlənin zövqünə yönəlmişik. Mən səhnədə opera oxusam, əksəriyyət çoxluq deyəcək “bu ulayır.” Çünki çoxluq əsl sənətdən qaçır, bayağı sənətə üstünlük verir. Amma həmin əsəri Paris milli operasında ifa etsən, səni ayaq üstündə göz yaşları ilə alqışlayacaqlar. Operanı, vokalı, muğamı  bilmək bir elmdir. Kütlənin bu elmdən azca xəbəri olmayandan sonra nə başa düşəcək ki, hələ alqışlasın da. Ona görə hamı xidmət edir altı-səkkizillik ritmlərə. Normaldır, beyin bunu tələb edir. Bunun kökü haradan gəlir? Sözsüz, valideyndən, onun tərbiyəsindən, verdiyi təhsildən... Onsuz da ölkəmizdəki ən dərin incəsənət qabiliyyətli, savadlı adamların bir hissəsi hal-hazırda başqa ölkələrdə yaşayırlar. Çünki kimə və nəyə qulluq edəcəklərini görüb, küsürlər. Onları küsdürən insanların əksəriyyət çoxluğunda xəstəlik kimi yayılmış savadsızlıqdır. Sənin təhsil aldığın yerdə müəllim adını daşıyan əksəriyyət heyət savadsızdırsa, öz çəkisini şagirdinə bildirməyi bacarmırsa, hansı savaddan, mədəniyyətdən söz gedə bilər?! Bütün bu çatışmazlıqlar sonda ortaya bu cür problemlər çıxardır.

 

-Avroviziya musiqi yarışmasında iştirak etmək kimi bir arzunuz varmı? Bu müsabiqədə əvvəlki dad qalıbmı?

 

-Mənim məqsədim tanınıb, şou-biznesə girib bir artist olmaqdırsa, şou-biznes özü biznesdirsə, biznes özü politikadırsa və bu politikayla getsəm, xeyr, bu müsabiqədə iştirak etmək arzum olmayıb. Avroviziya musiqi yarışması insanı məşhur etmir, sadəcə olaraq ölkə təmsilçiliyi söhbəti var. Ora gedən iştirakçılar hələ də efirlərdədirlər deyə tanımağa davam edirlər. Bu adamların sual etsək ki, tutarlı bir unudulmaz mahnısı var?! Xeyr, yoxdur! Düşünün, bu müsabiqədə sən indiyə qədər səhnədə qarşılaşmadığın peşəkarlıqda bir komanda ilə xeyli müddət məşqlərdə olub, yekun ana hazırlaşırsan. Bu anda üstündə olan diqqət, qayğı, həmin səhnənin aurası və bir neçə dəqiqədə səni fərqli-fərqli ölkələrdən başqa dildə danışan başqa mədəniyyətə sahib adamların dinləməsi - bunlar basqa ayrıcalıqlardır və mən bütün bunların eyforiyasında olacağıma əminəm. Bütün bunlardan sonra geri dönüb şou-biznesdə görünmək məni qane etməyəcək. Çünki ordakı üstünlüklərlə burdakı əksiklikləri tərəziyə qoysam, o peşəkar komandanı, həmin üstünlükləri daha artıq biləcəm. Beləliklə, mən  sənət yönündə nələrdənsə imtina edəcəyəm, özümü qara siyahıya salacağam. Mən bu məsələnin psixoloji yönünü izah etməyə çalışdım.

 

-Əməkdar artist, xalq artisti, prezident mükafatçısı olmağı ölkəmizdəki sənət adamları təməl qayda, qanun hesab etməlidir özünə?

 

-Belə deyək də, biri var kəmiyyət üçün işləmək, biri var keyfiyyət üçün işləmək. Kəmiyyət üçün işləyirsənsə, o ada layiq olmayacaqsan. Məsələn, mən bir musiqili aparıcıyam. Kəmiyyət üçün işləyirəmsə, mən kütləni hara aparıram?! Şənlənməyə, oynamağa, rəqs eləməyə... Onlar şənlənirlər deyə mənə bunun qonorarını ödəyirlər. Bununla mənim ad almağım haqsızlıqdır. Çünki keyfiyyət üçün işləyən sənətkarlarımız var ki, ancaq adı və sənəti var. Qalxaq gedək həmin sənətkarın evinə baxın..! Paltarı nimdaş, divanı köhnəlmiş, kreslosu yırtıq, evin tavanı pis gündə, amma baxırsan ki, sənətkardır!!! Çünki o pul üçün yox, sənət və sənətdə qazanacağı ad üçün yaşayıb. Mən istəyirəm, keyfiyyət üçün işləyim, amma mən bunun üçün işləyəndə də kəmiyyəti düşünməliyəm. Hərtərəfli, möhtəşəm olmağımı istəyirəmsə birtərəfli getsəm, bataram. O vaxt sırf keyfiyyət üçün çalışaram ki, mənə dəstək duran zəngin atam olsun, zəngin yoldaşım olsun və mənə desinlər, “Otur ancaq sənətinlə məşğul ol!”.  Amma mənim bu gün belə bir imkanım yoxdur, bundan da utanmıram. Təhsil aldığım dövrlərdə ofisiant da işləmişəm, satıcı da işləmişəm... Bunlar heç vaxt məni utandıran bir hal olmayıb.  “Biz sənin həm də dinləyicinik “-deyərək heç bir çirkin qarşılıq gözləmədən mənə sənətim üçün dəstək duran gözəl dostlarım da var. Mən belə gözəl dostlarımın olmasını bir şans kimi dəyərləndirirəm.

 

-Yeganə xanım, istərdim iştirakçısı olduğunuz “The voice of Azerbaijan” musiqi yarışmasından danışaq.

 

-Mübariz Tağıyev, Tünzalə Ağayeva, Faiq Ağayev, Manana Caparidze kimi sənətkarların juri heyəti olduğu bir yarışma yaddaşımda gözəl iz buraxdı. Mən Mübariz Tağıyevin komandasında idim. Əslində, mənim üçün bu yarışmada iştirak əsas deyildi, mənə onların rəyi maraqlı idi. Rəyi də aldım, daha yaxşısı da oldu. Xoş xatirələr idi.

 

-Daha da yaxşısından-yeni mahnınızdan danışaq. “Ümidim yox” mahnısından.  Təbrik edirəm. Çox gözəl ifa, gözəl sözlər, gözəl musiqi və qeyri-adi klipdir.  Mükəmməl nəticədir.  Bütün bu gözəlliklər sosial şəbəkələrdə dinləyicilər tərəfindən də çox xoş  qarşılandı, hələ də yüksək rəylər almaqdadır və trendə çevrilib. Mahnının sözlərində qəribə ahəng var. Mahnı necə yarandı?

 

-Bəyəndiyiniz üçün təşəkkür edirəm.  Mənim bir dostum var, rejissor Nicat Alışov. O, mənim bundan əvvəlki musiqisi İsmayıl Əsədova, sözləri Günel Treuya məxsus “Məni ona tanıtma” mahnımın klipinə rejissorluq etmişdi. Bir qədər sonra Nicat Alışova təkrar müraciət etdim ki, kimdən hansı mahnını alacağımı mənə məsləhət etsin. Çünki Nicat Alışov rep ifaçılarına daha yaxın biridir. Bir neçə rep ifaçısı adını çəkdim, o da mənə Aslixanı tövsiyə etdi. Biz Aslixanla görüşdük, danışdıq və danışığımız uğurlu alındı. Bizim hal-hazırki layihəmiz kontrakt əsaslıdır. YouTube kanalımda da, musiqinin, sözlərin, aranjimanın kimə aid olduğu qeyd olunub.  Mahnının sözləri Aslixana, musiqisi və aranjimanı  Ali Mustafaya aiddir. Mahnı bəşəri ifadə edir. Yəni, uşaqların ölümündəki acımasızlıq, dünyanın və insanın günahı, keçmişimiz qəddar, gələcəyimiz isə sual altındadır... Klipdə mənim obrazım təbiəti ehtiva edir. Klipdə bir obraz kimi mənim geyimlərim şamanın özüdür. Şaman sehrbazdır, cadugərdir, ovsunçudur, keçmişdən, gələcəkdən xəbər alandır.  Məsələn, mahnın sözlərində deyilir ki,  ”Alimin düzəltməyə yox öyüdü”. Klipdə alimin özü təsvir olunan şaman obrazıdır. Şaman dünyada baş verən hər şeyi görür, duyur, bilir və əlacsız qaldığı üçün üsyan edərək deyir ki, “Ümidim yox daha”, yaxud “ağlar qaralanır, xainin xəyanətindən ümidim yaralanır, bir yanı od tutub, bir yanı qasırğalar, hər günüm bir dəhşət”. Bu mahnının bütün kökü təbiətə bağlıdır.

 

-Müğənninin səsinin gözəl olmağı yaddaşlarda qalmağa kömək edir, yoxsa repertuarının gözəl olması vacibdir?

 

-Müğənninin hər şeydən əvvəl texnikası olmalıdır ki, özünü müğənni adına layiq bilsin. Mən Vaqif Gərəyzadənin yanına gedib deyəndə ki, “müğənniyəm”, mənə dedi ki, “hə, onda niyə gəlmisən?”. Onda başa düşdüm ki, mənim işlətdiyim ifadə səhvdir. Mən hələ ifaçıyam. Sən o vaxt müğənni olarsan ki, sənətini hərtərəfli bilərsən. Mənə elə gəlir ki, ifaçının yaddaşlarda qalmağı üçün otuz faiz səs rol oynayır, yetmiş faiz onun repertuarı. Mən bu gün Aslixandan aldığım mahnını ona borcluyam. Çünki o mahnı məni tanıtdı. İndiyə qədər gözəl, işinin peşəkarı olan adamlarla işləmişəm. Ancaq mən o mahnılarla tanınmadım. Deməli, mənim səsimin rolu tanınmaq üçün otuz faiz rol oynayıb.

 

-Yeganə xanım, müsahibə üçün sizə təşəkkürümüzü bildiririk. Sizə yaradıcılıq yolunda bol-bol uğurlar arzu edirik. Var olasınız.

 

-Mən də öz növbəmdə sizə təşəkkürümü bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

 

 

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Salam dəyərli izləyicilərimiz, " Ədəbiyyat və İncəsənət" portalının bu dəfə  "Qonaq kürsüsü" rubrikasında psixoloq- psixoterapevt Fazil Cəfərovdur.

Fazil bəyin çox gözəl bir fikri - "Hər bir pasiyent mənim üçün ayrıca bir hekayədir. Onun bütün dərdini, problemini və onları yaradan səbəbləri araşdırıb taparaq  müalicə edirəm" diqqətimi cəlb etdi. 

 

-- Salam Fazil bəy, xoş gördük.

İlk növbədə istərdim ki, izləyicilərə özünüzü təqdim edəsiniz.

 

-- Mən, praktik psixoloq-psixoterapevt Fazil Cəfərov. Psixolinqvistikanı və demək olar ki, bütün məlum olan psixoterapiya üsullarını mükəmməl bilirəm.

Problemli vəziyyətin yaranma səbəblərini tapıram. Onu həll edirəm və təkrarlanmamasının qarşısını almağı öyrədirəm.

Psixologiya  üzrə təhsilim: AKADEMİYA VELES - praktik psixoloq-psixoterapevt; Beynəlxalq Hipnoz Cəmiyyətinin Rusiya Psixoterapevtik Assosiasiyasının Klinik Hipnoz İnstitutu - Klinik hipnoz və qısa müddətli psixoterapiya.

 

-- Məlumdur ki, Psixologiya insan düşüncəsini, davranışlarını və emosiyalarını öyrənən elmdir. Fazil bəy, neqativ düşüncələr insanın emosional və psixi sağlamlığına mənfi təsir edən düşüncə formalarıdır. Bu cür düşüncələrin insanın özünə inamını zədələyərək və stressi artıraraq depressiyaya yol açdığının şahidiyik.

Neqativ düşüncələrlə necə mübarizə aparmaq olar?

 

--Neqativ düşüncələrlə mübarizə aparmağın yolları:

1.  *Düşüncələrini tanı və qəbul et* – Özünü neqativ düşündüyün üçün qınama. Sadəcə bunu fərq et və qəbul et.

2.  *Məntiqi dəyərləndir* – Düşüncənin həqiqət olub-olmadığını yoxla. Faktlara əsaslanırmı, yoxsa sadəcə qorxularının nəticəsidir?

3. *Daha pozitiv alternativlər yarat* – “Mən bacarmayacam” əvəzinə “Hazırda çətindir, amma öyrənə bilərəm” kimi ifadələrdən istifadə et.

4.  *Düşüncəni yönləndir* – Problemlərə həll yönümlü bax. Neqativ düşüncə səni hara aparır? Alternativ yol varmı?

5.  *Şüurlu fasilələr ver* – Musiqi dinlə, idman et, dərin nəfəs al. Beyninə istirahət ver ki, neqativdən çıxıb balans tapsın.

6.  *Minnətdarlıq vərdişi yarat* – Hər gün sənin üçün yaxşı olan 3 şeyi yaz. Beynin zamanla müsbət yönə fokuslanmağa başlayacaq.

Əsas olan odur ki, neqativ düşüncələr gələndə onları avtomatik həqiqət kimi qəbul etmə. Onları analiz et, dəyiş və pozitiv alternativlər yarat!

 

-- Fazil bəy, yaradıcı insanlar yaradıcılıq böhranını aradan necə qaldıra bilər?

 

--Yaradıcı böhran beyinin yorğunluğundan və monotonluqdan qaynaqlanır. Bunun öhdəsindən gəlmək üçün:

 *1. Mühiti dəyişin* – yeni yerlər, təcrübələr və insanlar beyninizə yeni stimul verəcək.

 *2.  Fasilə verin* – zehni rahatlatmaq üçün başqa fəaliyyətlə məşğul olun.

 *3.  Məqsədinizə yox, prosesə fokuslanın* – mükəmməllik axtarışı blok yaradır.

*4.  Alternativ baxışlar axtarın* – fərqli sahələrdən ilham alın.

 *5.  İlham gözləməyin, hərəkətə keçin* – yaradıcılıq məşq kimidir, nə qədər çox etsəniz, bir o qədər axıcı olur.

Əsas odur ki, beyninizi rahatladıb, ona yeni perspektivlər verin!

 

-- Oxucular üçün daha da maraqlı olsun deyə, gəlin hər hansı bir xəstəliyin psixoloji səbəblərinə varaq. Məsələn, astma xəstəliyinin.

 

--Astma  xəstəliyi emosional gərginlik, stress, qorxu və basdırılmış duyğuların (məsələn, qəzəb, kədər) təsiri ilə tətiklənə bilər.

Əsas psixoloji səbəblər:

*1. Daxili konfliktlər və emosiyaların basdırılması*

*2. Uşaqlıq travmaları və ya stressli hadisələr*

*3. Qorxu və narahatlıq hissləri*

*4. Diqqət və qayğı ehtiyacı*

 

--Narsistik mükəmməlliyyətçilik nədir?

 

--Narsistik mükəmməlliyyətçilik – insanın özünü qüsursuz və üstün göstərməyə məcbur hiss etməsi, tənqidə qarşı həssas olması və başqalarından da mükəmməllik gözləməsidir.

Bu xüsusiyyətin əsas psixoloji xüsusiyyətləri:

 *1. Özünütəsdiq ehtiyacı* – daim başqalarının təsdiqinə və tərifinə ehtiyac duymaq.

 *2. Tənqidə dözümsüzlük* – kiçik səhvlər belə ciddi özünəinam problemlərinə səbəb ola bilər.

 *3. Başqalarına yüksək gözləntilər* – ətrafındakı insanlardan da eyni mükəmməlliyi tələb etmək.

 *4. Qorxu və narahatlıq* – uğursuzluq qorxusu səbəbindən bəzi işlərə başlamaqdan çəkinmək.

Bu cür mükəmməlliyyətçilik insanın özünü inkişaf etdirmək yerinə, daim başqalarının reaksiyasına bağlı yaşamasına səbəb olur.

 

-- Dəyərli psixoloqumuz, məlumdur ki, Ədəbiyyat və Psixologiya bir- biri ilə qaçılmaz bağlılıqdadır. İnsan düşüncəsi, təxəyyülü, hissi həm Ədəbiyyatın, həm də Psixologiyanın ortaq mövzusudur. Faiq Hüseynbəyli adlı şairimizin şeirinə psixoloji aspektdən yanaşaqmı?

 

DÜNYA

 

Ey uyan dünyanın cah-cəlalına,

Bürünüb laləyə, süsənə dünya.

Deyirlər fanidi, Məmmədmisalı,

Nə mənə qalacaq, nə sənə dünya.

 

Canında yüzillik, minillik sirr var,

Üstünü toz basan iz var, ləpir var.

Deyirlər, genişdir, hamıya yer var,

Dar gəlir həyatdan küsənə dünya.

 

Başını itirən ayaq axtarır,

Yuxulu gecədə oyaq axtarır...

Yorulur, özünə dayaq axtarır,

Çatanda yetmişə, səksənə dünya.

 

Dünya başdan-başa dola nur ilə,

Ruhlar səcdə edə yeni şur ilə.

Zamanın sahibi gələ Sur ilə,

Bir səsdən qəflətən səksənə dünya.

 

Pak edə bilərmi su insanları?

Pak edə bilərsə, yu insanları.

Niyə fırladırsan bu insanları?

Kimsən e axı sən? Nəsən e, dünya? ( Faiq Hüseynbəyli)

 

Fazil bəy, bu şeirə psixoloji aspektdən nəzər saldıqda nəyi gördünüz?

 

-- Bu şeir dünyanın faniliyini, insan həyatının müvəqqətiliyini və varlığın mahiyyətini dərin fəlsəfi və psixoloji baxımdan tədqiq edir.

Psixoloji izah:

Dünya və onun cazibəsi

_*1. Şeirin ilk bəndində dünyanın cazibəsi, cah-cəlalı, gözəlliyi vurğulanır.*_

_*2. Psixoloji baxımdan insanların maddi dünyaya bağlanması və ona aldanması bu hissədə əks olunur.*_

_*3. Lakin fani olduğu xatırladılır – yəni insanlar dünyaya çox bağlanmamalıdır.*_

 

 Həyatdan küsənlər və dünyaya baxış

 *1. "Dar gəlir həyatdan küsənə dünya"* _*misrası dərin psixoloji məna daşıyır.*_

*2. Bu, depressiv və pessimist dünyagörüşünə malik insanların reallığı fərqli görməsini təsvir edir*_

*3. Psixologiyada buna*_ _*"bilişsel çarpıtma"*_  _*deyilir – yəni dünya dəyişmir, lakin insanın daxili vəziyyəti dünyanı fərqli qavramasına səbəb olur.*_

 

İnsan yaşlandıqca dəyişən psixologiya

*1. "Çatanda yetmişə, səksənə dünya"* _*misrası yaşla bağlı psixoloji dəyişikliyi göstərir.*_

_*2. İnsan gənc yaşlarında daha çox maddi və zahiri şeylərə önəm verir, lakin yaşlandıqca daxili sakitlik, dayaq, mənəvi dəyərlər axtarır.*_

*3. Bu* , _*"həyatın mənasını anlama mərhələsi"*_  _*adlanan psixoloji mərhələ ilə bağlıdır.*_

 

Zaman və qiyamət günü motivi

 *1."Zamanın sahibi gələ Sur ilə"* _*misrası insan psixologiyasında ümid və qorxu duyğularını oyadır.*_

_*2. İnsan təbiəti naməlum gələcək, ölüm və son haqda düşüncələrlə həmişə maraqlanır və narahat olur.*_

 

Dünyanın mahiyyəti – fəlsəfi sual

_*1. Son bənddə şair dünyaya bir sual verir:*_

 *2. "Kimsən e axı sən? Nəsən e, dünya?"*

_*3. Bu, insan psixologiyasında varlıq və həyatın mənası haqqında sualların daim mövcud olduğunu göstərir.*_

_*4. Psixologiyada eksistensializm (varoluş fəlsəfəsi) deyilən bir anlayış var ki, bu sual tam da o fəlsəfənin əsasını təşkil edir.*_

 

Nəticə:

Bu şeir, insan psixikasının müxtəlif mərhələlərdə dünyanı necə qəbul etdiyini, həyatın mənasını necə axtardığını və dünya ilə insan arasındakı psixoloji qarşıdurmanı təsvir edir.

_*1. Gənclikdə dünya cazibədar görünür,*_

*2. Depressiya yaşayanlara dünya dar gəlir,*

*3. Yaşlılıqda insan dünyada dayaq axtarır,*

*4. Axırda isə insan dünyanın mahiyyətini sorğulamağa başlayır.*

 

Psixoloji baxımdan bu şeir insan həyatının müxtəlif mərhələlərini və bu mərhələlərdə dünyaya olan fərqli baxış bucaqlarını təsvir edir.

 

-Rubrikamıza zamanınızdan pay ayırdığınız üçün Sizə minnətdarıq, hələ Sizinlə çox suallara cavab tapacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

Gülay Tahirli, “Ədəbiyyat və incəsənət” üçün

 

Yeni şeirmi “Ədəbiyyat və incəsənət”in oxucularına ərməğan edirəm. 

 

İçimdə kədərli bir qız uşağı,

Güzgülərə ağlayan,

“Dünyanın ən çirkini”

Gözəl bir qız…

 

Saçına dəyməyən sığalların

Ürəyində əbədilik izi var.

Gözəl olduğunu deməmişdilər,

Bilməmişdi…

 

Qısılmışdı, utanmışdı,

Ürəkdən gülməmişdi.

Gizlincə qayçını götürüb

Saçını kəsməyi…

Əllərinin, bədəninin əsməyi,

O həyəcanlı macəra 

Özü də bilmədən

Ən böyük üsyanı idi.

 

İçimdə qanadları qırıq qız uşağı…

Yandırdığı kekin “Afərin”inə,

Sındırdığı qabın “Eybi yox”una həsrət…

 

İçimdə çılğın bir qız uşağı,

Evdəki qırmızı yastıqların anası,

Gəlinciksiz, kuklasız…

 

İçimdə xoşbəxt bir qız uşağı…

İllər sonra yenidən gələn,

Deyən-gülən və rəqs edən…

Oğlumun möhtəşəm oyun dostu…

 

Kimsəyə buraxmaram,

Bu dəfə özüm böyüdəcəyəm onu.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Rəssam Cek Uelçin (Jack Welch) məşhur bir rəsmi var: “Ağlayan körpəni güldürməyə çalışmaq”.  “Saturday Evening Post”un 19 fevral 1949-cu il sayının üz qabığında dərc edilən bu rəsm o gündən bəri, insanlarda fərqli hisslər yaratmaqdadır. 

 

“Bildiyindən danış!” Belə deyirdilər əvvəllər dünyagörmüşlər. Eləsi olurdu, öz kəndindən çıxmırdı ömründə bir dəfə, amma onun dünyagörmüşlüyündən bir el faydalana bilirdi. Onun gördüyü dünyanın zahiri deyil, batini idi axı... 

Bəs insan dünyanı necə görə bilər? Adının əvvəlinə necə yaraşdırılar “dünyagörmüş” sözü? Yaşayaraq... Yaşadıqlarını ya qürur, ya da peşmanlıq ilə etiketləyib ömür saxlancına qoymayaraq - yaşadıqlarını dərs bilərək, yaşadıqlarından öyrənərək... 

Nağılları bizə ona görə danışmırdılar ki, gecəni rahat yataq. Danışdırdılar ki, həyatı tanıyaq, insanların “yaxşı” və “pis”,  dünyanın “xeyir” və “şər” mütləqliyinə sığmadığını bilək. Bunu bilmək idi yaşamağı bacarmağın açarı... 

Bu mənada, dünyagörmüş Uelçin çəkdiyi bir rəsmə baxaraq yaşanmışları xatırlamaq, yaşanacaqları  xəyal etmək insanın sənət deyil, həyat qarşısındakı sayğı duruşudur.  Uelç “Ağlayan körpəni güldürməyə çalışmaq”  rəsmində qızı Rut Marini çəkmişdi; insanın yaradıcılığı öz var olanına söykənəndə daha inandırıcı, daha doğma olur axı...  Başqa sözlə, bildiyini çəkirdi Uelç... 

Bildiyindən danışan şairin şeirində azmır oxucu, axtardığını da tapır, özünü də. Özündən qaçmaqla özünü tapmaq arasındakı körpüdür şeir, əlimizdən tutub o körpüdən keçirən də. “Dünya bir pəncərədirsə”, nəfəsliyidir şeir... Sirr oradadır ki, elə o nəfəslikdən görürük dünyanın hər üzünü... 

Bəzən “işıq gələn tərəf”i deyil, “it hürən tərəf”i seçməyimiz də şeirlərlə tanıdığımız dünyanı necə görməyimizdəndir. Yaxşısı ilə, pisi ilə bəşərik... Xeyiri ilə,  şəri ilə dünya bizimdir, biz də dünyanın. Bəzən biz ağlayırıq, dünya “ağlayan bəşəri güldürməyə çalışır”, bəzən də dünya hönkürür, “ağlayan dünyanı biz güldürməyə çalışırıq...”  

Şair Şahanə Müşfiq bizə məhz bu təzad-eynilik çərçivəsindən baxmağı tövsiyə edir. “İt hürən tərəf” adlı şeir baxdığımızı görməkdə, anlamaqda ən yaxşı bələdçimizdir... 

 

Daha günümüzün sabahı açmır,

Daha ürəyimiz gözlərə yükdür.

İşıq gələn tərəf aldatdı bizi,

İt hürən tərəfə getmək gərəkdir.

 

Bir az da can atdıq göylərə doğru,

Yaşamaq ömürü gün-gün yeməkmiş. 

Həyatı asmışıq gözlərimizdən,

Bir qırpım hər şeyin sonu deməkmiş.

 

Nə bilim çırağı yandıran kimdi?!

Bəlkə də bir divin tələsi deyil.

Hələ gəzdiyimiz işıqlı günlər,

Bəlkə yuxumuza gələsi deyil?!

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.