Astaranın mirvarisi - Sım kəndi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gözəl mənzərəli, dörd bir tərəfdən yaşıl örtüklü  Talış dağları, onun qoynunda özünə yer etmiş Sım kəndi.

 

Mərkəzdən 40 km uzaqlıqda yerləşir. Yolları bərbad vəziyyətdə olduğu üçün uzun müddət gözdən uzaq bir bölgə olub. Lakin yollar sahmana salındıqdan sonra isə bu gözəl yerləri görmək üçün gələn turistlərin sayı get-gedə artıb.

 

Azərbaycanın ən qədim yerlərindən biridir. Sımdəki qayalar, qayaüstü təsvirlər Qobustanı xatırladır. Turizm üçün qiymətli məkan olan bu kənddə 25 və 30 metr hündürlükdə olan iki şəlalə, bundan əlavə 100-ə qədər də bulaq mövcuddur. Lakin abidələr diqqətinizə çatdırdıqlarımla yekunlaşmır. Burada köhnə qəbirstanlıq, ağacdan inşa edilən məscid, yerli əhəmiyyətli Damğalı daşlar, nizə tutmuş atlının təsviri olan qəbir daşı kimi abidələr də vardır.

Bu gün əkinçilik, maldarlıq və meyvəçilik kimi təsərrüfat sahələri sımlıların məşğuliyyətidir. Sım kəndi Pəlikəş kənd inzibati ərazi dairəsininin və Pəlikəş bələdiyyəsinin tərkibindədir.

Bu kənd sanki açıq təbiət muzeyidir. Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalənin olması isə ona xüsusi çalar verir.

Kənd sakinlərinin tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Kəndin yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Və qədim Ağ Körpü də maraqlı məkanlardan biridir. 

Yurdumuzun səfalı kəndində yerləşən abidələrdən biri də zümrüd donlu yaşıllıqlar arasındakı talada var olan böyük hamar daşdır. Bu daş stola bənzəyir. Bir rəvayətə görə  İsmayıl şah bu daşın ətrafında vəzir-vəkilləri ilə məşvərət edərmiş.

Bu kəndin interneti, yolu, ictimai iaşə obyektləri turizm standartlarına uyğun deyil. Turizmin inkişaf etdirilməsi üçün ilk öncə ora yolun çəkilməsi, daha sonra sürətli internetlə təmin edilməsi, turistlik məkanların tikilməsi vacibdir. Burada qalmağa yer yoxdur, insanlar səhər gedir, axşam geri qayıtmaq məcburiyyətində qalır.

 

Sımda ümumiyyətlə 2000-ə yaxın təbii bulaq var. Bu, dünyanın heç bir yerində.yoxdur

Tarixin izləri dediklərimlə qurtarmır. Burada Şah qalası, bir də həbsxana mövcuddur. Sımın mərkəzində yerləşirlər. Qalanın izləri durur.

 

Bir sözlə, Astaranın Sım kəndinin timsalında dağlıq kəndləri füsunkar gözəlliklərə və ecazkar mənzərələrə şahidlik edirlər.

 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.