Super User
Kişineuda soydaşımızın kitabının təqdimatı keçirilib
Moldovanın paytaxtı Kişineuda Məhəbbət Güngürün “Qarabağ həsrətinin sonu. Bu yol Cəbrayıla aparır” kitabının təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Moldova Respublikasının Milli Kitabxanasının dəstəyi ilə Moldova Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Təqdimatda Moldova Azərbaycanlıları Konqresinin üzvləri, azərbaycanlı icmasının nümayəndələri, Azərbaycanın Moldovadakı Səfirliyinin nümayəndələri, Moldova Respublikası Parlamentinin deputatı və Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot, Moldova Etniklərarası Münasibətlərin Konsolidasiyası Agentliyinin idarə rəisi Lyudmila Burlaka, kitabın rəyçisi Adilə Nəzərova iştirak edib.
Şairin nəvəsi, Moldova Azərbaycanlıları Konqresinin Həftəsonu məktəbinin şagirdi Amirə İsmayılova kitabdan şeirlər səsləndirib.
Görüşün rəsmi hissəsindən sonra qonaqlar müəllif ilə söhbət edib, kitablarını imzalatdırıblar.
Kitabın rəyçisi Adilə Nəzərova Moldovaya səfəri çərçivəsində “Xarıbülbül” Azərbaycan-Moldova dostluğu xiyabanını ziyarət edib, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Kişineu şəhərində fəaliyyət göstərən həftəsonu məktəbində açıq dərsdə iştirak edib. Adilə Nəzərova, həmçinin Moldova azərbaycanlılarının ağsaqqalları – Məhəbbət İsmayılov və Əli Bayramov ilə görüşüb.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
ABŞ-da yaşayan soydaşımıza yüksək vəzifə verilib
ABŞ-də yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədova yüksək vəzifə verilib. O, qubernator Janet T. Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrə məşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiya İdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların Məskunlaşması Federal Proqramının koordinatoru olub.
Ştatın rəsmi internet səhifəsində Tərlan Əhmədovun yeni təyinatı ilə bağlı məqalə dərc olunub. Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
Gülüş klubunda futbol ölkəsi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Tbilisinin meri futbolçu idi, indi ölkə prezidenti də futbolçu oldu. Braziliyaya futbol ölkəsi deyənlər, görürsünüzmü, yanılırsınız.
2.
Məstan pişik insanlardan eşidəndə ki, dünyada baldan da şirin şey sözdür, etiraz etdi, bildirdi ki, biz pişiklər üçün viskas miyoltudan daha şirindir.
3.
-Məmə, sevgi nədi?
-Mənim qızım, sevgi odur ki, üzü-gözü tüklü, idbar, ağzının danışığını bilməyən birisinə mənim günəşim deyirsən.
4.
“Bu kolbasanın istehsalı zamanı heç bir heyvan zərər çəkməyibdir.”
5.
Ərindən plastik əməliyyata, yeni imicə, yeni sədəf dişlərə və daha müasir kosmetika dəstinə 20 min pul qoparan qadın işvəylə söylədi:
-Gözəllik qurban tələb edir!
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İtaliyada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bu ölkənin mədəniyyət naziri Alessandro Ciuli ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, İtaliya tərəfi Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlıdır. “Biz Heydər Əliyev Fondunun İtaliyada, eləcə də Vatikanda tarixi-dini irsin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirir, buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, – deyə italiyalı nazir əlavə edib.
Adil Kərimli Azərbaycan və İtaliya rəhbərləri arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan dövləti də İtaliya ilə əməkdaşlığa önəm verir. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr məmnunluq doğurur.
Bildirilib ki, İtaliya tarixi-mədəni irsin bərpası və mühafizəsi, muzey və kitabxana işi sahələrində zəngin təcrübəyə malikdir. Azərbaycan tərəfi bu sahədə dost ölkənin təcrübəsindən faydalanmaqda maraqlıdır.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı xalqımızın çoxəsrlik tarixi-mədəni mirası dağıdılıb, vandalizmə məruz qalıb. Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi-mədəni abidələrin təmir-bərpası xüsusilə diqqət mərkəzində saxlanılır. İtaliya da işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə öz töhfəsini verir.
Görüşdə incəsənət, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
CƏLİL XƏLİLOV: Ermənistanın xilası Azərbaycanla sülh sazişinin imzalanmasından keçir
Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Prezidenti “Vesti nedeli” proqramının müəllifi və aparıcısının suallarını cavablandırarkən bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı bildirdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə və onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların yaranmasında maraqlıdır. Nə qədər qəribə, məntiqə zidd olsa da, məhz həmin ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar isə onu deməyə əsas verir ki, Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək”.
Müsahibimiz fikirlərinə davam edərək deyib: “Ermənistan anlamalıdır ki, onu sıçrayışla silahlandıran və yeni təxribatlara həvəsləndirən həmin dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Prezident İlham Əliyevin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsi, həm də 2020-ci ilin antiterror tədbirləri zamanı şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də, bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbələr hesabına ədaləti bərpa edərək hər şeyin onun istədiyi kimi olacağını sübut etdi. Bu səbəbdən də Ermənistan həmin dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Respublika Gənclər Kitabxanasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə biblioqrafiya hazırlanıb
Bu il XX əsr Azərbaycan poeziyaının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin zəngin ədəbi irsini və onun haqqında olan çoxsaylı materialları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə “Hüseyn Arifin biblioqrafiyası”nı hazırlamışdır.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, biblioqrafik göstəricidə “Hüseyn Arifin həyat və yaradıcılığı”, “Hüseyn Arifin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Hüseyn Arif haqqında”, “Hüseyn Arif qələm dostları haqqında”, Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı sənətkar”, akademik Nizami Cəfərovun “Hüseyn Arif dünyası”, Əməkdar incəsənət xadimi, AYB Qazax bölməsinin sədri Barat Vüsalın “Qağamın “Aman evi”” adlı məqalələri, həmçinin Hüseyn Arifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıclığını, ədəbi fəaliyyətini əks etdirən 1946-2024-cü illərdə dərc olunan materiallar öz əksini tapmışdır.
Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronologiya daxilində isə əlifba ardıcıllığı gözlənilmişdir. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər tərtib edilmişdir.
Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, M. F. Axundov adına Milli Kitabxananın, AMEA Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Azərbaycan Aşıqlar Birliyində saxlanılan materiallardan, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilmişdir.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Azərbaycan nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, eləcə də mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti abidənin önünə gül dəstələri düzüb.
Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Abidənin müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayevdir.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Parisdə Azərbaycan rəssamlarının iştirakı ilə sərgi keçirilir
Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafı çərçivəsində Parisdə iki ölkənin rəssamlarının əsərlərindən ibarət birgə sərgi təşkil olunub.
AzərTAC xəbər verir ki, “Galerie Francis Barlier”də Janinin kuratorluğu ilə “Exposition d'Art Contemporain” sərgisi keçirilib. Sərgidə Azərbaycanı rəssamlar Əsmər Nərimanbəyova, Rövşən Nur, Sahib Əsədli və Leyla Əliyeva təmsil ediblər.
Sərginin açılışında Azərbaycan Respublikasının Fransadakı səfirliyinin konsulu Nərgiz Tağızadə də iştirak edib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan incəsənətinin Fransada təbliği və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.
Sərgi dekabrın 23-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Namiq Dəlidağlının Özbəkistanda şeirlər kitabı çap olunub
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şair Namiq Dəlidağlının "Sevgi sükutu" adlı növbəti şeirlər kitabı Özbəkistanda nəşr edilib.
Qardaş ölkənin “İste'dod Ziya Press” nəşriyyatında 500 nüsxə ilə çap edilən kitabın "Ön söz" müəllifi filologiya üzrə fəlsəfə doktoru Nargizaxon Ortiqova, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Muqimjon Nurboyevdir.
Şeirləri Özbək türkcəsinə Özbəkistan Yazıçılar Birliyinin üzvü Xusniddin Xaitov uyğunlaşdırıb.
Qeyd edək ki, "Sevgi sükutu" müəllifin sayca dördüncü, ölkədən kənarda isə nəşr edilən ilk şeirlər kitabıdır.
N.Dəlidağlı dörd publisistik toplunun da həmmüəllifidir.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
El şairlərimizi unutmayaq - ŞİKƏSTƏ RÜSTƏM
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
XATIRLAYAQ Kİ, BİZLƏRİ DƏ XATIRLAYANLAR OLSUN” silsiləsindən...
“Dördəlli tutmadım dünya varını,
Adımı gözlədim el arasında”
Şikəstə Rüstəm..
Kəlbəcərimizin həmişəyaşar şairlərindən biri də Şikəstə Rüstəmdir. Elə gəncliyindən yazdığı şeirlərlə həmişə gündəmdə olmuşdur. Şairin şeirləri bütün saz-söz məclislərinin yaraşığına çevrilmişdir..
RÜSTƏM XƏLİL OĞLU XƏLİLOV..
1882 cı ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. Lakin bəzi mənbələrdə şairin düzgün olmayaraq doğum tarixini 1890-cı il yazmışdılar. Rüstəm kişi də zamanın tələbinə uyğun molla məktəbində təhsil alıb. Uzun müddət Meşə təsərrüfatı idarəsində meşəbəyi işləyib. Müəyyən müddətlərdə kənd soveti sədri, kolxoz sədri vəzifələrində olub. O nəinki öz kəndinin, hətta rayonun sayılıb-seçilən, mötəbər insanlarından biri idi.
1930-cu illərdə Rüstəm kişi kolxoz sədri işlədiyi müddətdə şair Növrəs İman, Ağdabanlı şair Qurban müxtəlif vaxtlarda onun yanında katib vəzifəsində çalışmışdılar. Şairin yazdığı qoşmalar, gəraylılar və müxtəlif səpkili şeirləri elə o zamandan aşıqların dilinin əzbəri və məclislərin bəzəyi olmuşdur...
Rüstəm kişi də digər Kəlbəcərlilər kimi dostluqda çox etibarlı, hörmətcil və səxavətli bir insan kimi yadda qalıb. Onun duzlu-məzəli deyimləri indi də camaatımız arasında yeri düşdükcə söylənilir:
Həqiqi dostların hər zəhmətini,
Çəkərəm cahanda el əvəzində..
Desələr tikan var dostun yolunda,
Tutaram dəstimdə gül əvəzində..
Dost zəhməti dosta gül gərək olsun..
Dəqiqə ayrısı il gərək olsun...
Arada bir şirin dil gərək olsun,
Yamanı yaxşılıq bil əvəzində...
Şikəstə Rüstəməm, şikəstə halım,
Sədaqət yolunda qurbandı malım..
Leyli- nahar kəşt eyləyər xəyalım,
Dastanım dolaşar dil əvəzində.
Şair-tədqiqatçı Yusif Hüseyn danışır:
-Xoşbəxtliyimin biri də odur ki, Rüstəm əmi ilə şəxsən, üzbəsurət görüşmüşük və birlikdə çörək yemişik. Bu 1972 ci ilin avqustunda olub. Onda rəhmətlik Meşəbəyi idi, Qamışlı zonasında. Qışa odun tədarükü üçün icazə bileti alıb onun yanına getmişdik. Bu o zaman idi ki Rüstəm kişinin yaşı doxsanı haqlamışdı. Amma insafən çox qıvraq və yaxşı qalmışdı. Ömrü-günü qədirbilən dostlarla gözəl məclislərdə, gözəl yaylaqlarda at belində keçən adam belə gümrah da qalmalı idi.
Meşədə süfrə saldıq və birlikdə yemək yedik. Rəhmətlik öz atı ilə gəlmişdi. Odun doğrayan “Drujba” işlədənə dedi ki, mən gedirəm. Bu kişilər əlini hansı ağaca uzatsa onu da kəsərsən. Amma bircə baxın ki, sağlam ağac olmasın.
Belə bir geniş ürəkli ağsaqqalı necə yaddan çıxarmaq olar. Həm də ki gözəl təbli şair ola?!....
Hiss edirsən ki, şair yaşlandıqca həyatın keşmə-keşlərini olduğu kimi necə də aydın və təsirli bir şəkildə nəzmə çəkə bilir:
Kəpəzin tərlanı, dağlar qartalı,
Qocalıb şikardan qalan çağıdı...
Ömür baharının gülü, çiçəyi,
Könül baxçasının solan çağıdı...
Köhlənim yorulub, nə mənzil basa?!
Gedibdi xəyalım, batıbdı yasa...
Qatarım kürk olub, tüfəngim əsa,
İllərin saçını yolan çağıdı...
Gəzdiyim oylaqlar yad olub məndən,
Həsrətin çəkirəm kənardan, gendən..
Qəlbim təlaşlanır dumandan, çəndən,
Gözümün leysantək dolan çağıdı...
Rüstəm yüz yaşını qoyubdu gerdə...
Huşu dağılıbdı, qalmayı sərdə...
Ölüm xoşdu baş əyməkdən namərdə,
Viranə könlümün talan çağıdı...
Şikəstə Rüstəm şerin bütün növlərində gözəl sənət nümunələri yaratmışdır. Onun təcnisləri, divaniləri də gəraylıları və qoşmaları kimi axıcı və yadda qalan idi. Ölümündən sonra övladları əldə olan şeirlərini kitab halında nəşr elətdirmişdilər. Əfsuslar ki mənə o kitabdan gəlməyib...
Şairin bir şerini də sizlərə ərməğan edirəm dostlar:
Köhnə yaram qövr eylədi təzədən,
Bülbül kimi gül yadıma düşəndə..
Güneylərdə cüyür-ceyran oylağı,
Sona kəklik, çil yadıma düşəndə...
Kamil ovçu oldum, oxum-kamanım,..
Yorulmaq bilməzdi cavan zamanım..
Daha qocalmışam, qaralır qanım,
Laçın qaya, Çal yadıma düşəndə...
Könlümü bürüyüb çiskinli duman,
Ömür sarayıma qalmayıb güman..
Düşəndə yadıma sirdaşım Qurban,
Göz yaşımdı sel, yadıma düşəndə...
Rüstəmin qəlbini oxuyan bilər...
Kimisi ağlayar, kimisi gülər...
Divanə könlümdən gör keçir nələr?!
Şux gözəllər, tel yadıma düşəndə...
Şikəstə Rüstəm ağırtaxtalı bir el ağsaqqalı idi... Mən çəkinmədən deyərdim ki, Şikəstə Rüstəm də Kəlbəcərin Filosof şairlərindəndir. Elə o zamanda əzbərimdə qalan bir bəndi:
Dördəlli tutmadım dünya varını,
Adımı gözlədim el arasında...
...Şikəstə Rüstəməm özümdən sonra
Söz-söhbətim gəzər dil arasında..
Bəli, həqiqətən də sən dillərdə gəzən, könüllərdə yaşayan şairsən Rüstəm Əmi...
Həyat yoldaşları dünyasını vaxtsız dəyişdiyindən Rüstəm kişi dördüncü dəfə ailə qurub.. Bu evlilklərində 20 övladı olub..
Rüstəm əmi 1987-ci ilin sentyabr ayında 105 yaşında dünyasını dəyişdi.. Və doğma Qamışlı kəndində dəfn olundu...
Sonuncu evlənmə ərəfəsində qardaşı şair Zal Cabbarlı zarafatyana, duzlu-məzəli bir şeir yazmışdı. Sizlərə həmin şeri də təqdim edirəm əziz oxucular:
Eşitmişəm təzə eşqə düşmüsən?!
Təzədən evlənmək çala yaraşmaz...
Uşaq olsan öyüd vermək asandı,
Daha sən tək əhli-hala yaraşmaz...
Üç arvad almısan bəsdi, bezə var...
Dördün arzulasan el səni qınar..
Böyüklər bir yana, cavan uşaqlar,
Baxar, gülər bu münvala, yaraşmaz...
Altmışa yetməyə yaşın az qalıb...
Saç tökülüb, başın tamam daz qalıb...
Saqqalın ağarıb, haran düz qalıb?!
Nəinki Rüstəmə, Zala yaraşmaz...
Allah qəni-qəni rəhmət eləsin hər iki qardaşa. Onların hər ikisinin yaradıcılığı da Kəlbəcər mənəviyyatının tərkib hissəsidir. Belə insanları unutmaq özü günahdır.
Sonda onu da xatırladım ki, şəkildə Rüstəm əmi qızı Şükufə ilə birlikdədir...
İndi Şükufə xanım Mərdəkandakı Kəlbəcər məktəbində müəllimə işləyir. Onun oğlu Tahir Xəlilzadə müəllim idi, xalq arasında sözü, şeiri və hörməti ilə ad qazanmışdı. 80 yaşında rəhmətə gedibdir. Və çoxlu nəvələri var. Özü də onların içində şairlər də var, gözəl şeirlər müəllifidirlər.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)