Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
2024-cü ildə rejissor Zaur Qasımlının ekran əsəri olan “Tağıyev: Neft” bədii filmi barədə danışmaq istəyirəm. Hər nə qədər film haqqındakı təsəvvürlərim kiçik metrajlı videolardan ibarət olsa belə, söhbət Hacı Zeynalabdin Tağıyev kimi dahi şəxsiyyətdən gedirsə onun barəsində səhərə qədər danışsam az olar.
Filmin çəkilməsində əsas məqsəd 19 və 20-ci əsrin əvvəllərində Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində baş vermiş mühüm hadisələri gözlər önünə sərməkdir. Bu dörd seriyalı möhtəşəm ekran əsərinin 2024-cü ildə təqdim edilməsinə səbəb isə Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə bağlıdır.
Filmdə ölkəmizdən ziyadə Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövr ərzində baş verən çətinliklərdən söz açılır. Başmaqçı ailəsində anadan olan Tağıyevin millətinə, insanına və eyni zamanda təhsilə verdiyi xüsusi diqqət filmi önəmli edən faktlardandır. O dönəm azğın düşmənlərin ölkəmizə gəlir mənbəyi kimi baxması və təbii sərvətlərimizi yağmalamağa çalışması, bir növ 21-ci əsrdə yaşayan insanlara və topluma o dönəmdə açıq şəkildə bizə qarşı düşmənçilik siyasəti yürüdənlərin indi “dost” maskasını taxmasını göstərmək və insanları ayıq-sayıq olmağa çağırmaqdır.
Bundan əlavə, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk xüsusi məktəbin təsis edilməsindəki rolu, Azərbaycanda neft sənayesinin inkişafına və Bakı şəhərinin infrastrukturunun yaxşılaşdırılması zamanı verdiyi töfhələr diqqət mərkəzindədir. Təbii ki, basilica hədəf Azərbaycanımızın və onun təbii sərvətlərinin qorunub saxlanması uğrunda aparılan mübarizəni və Hacı Zeynalabdin Tağıyev kimi dahi şəxsiyyətlərin Azərbaycan tarixindəki rolunu təbliğ etmək məqsədi daşıyır.
Hacı Zeynalabdin Tağıyev kimi insan haqqında danışıb da, onun bu millət üçün etdiklərini gözardı etmək məncə çox böyük haqsızlıq olardı.
Tağıyevin qızlar məktəbi
1873-cü ildə icarəyə yer götürərək neft quyusu qazdırıb. 1888-ci ildə H. Z. Tağıyev Bakıda açılan orta-texniki məktəbin 1897-ci ildən fəxri himayəçisi olmuş, həmin ildən daimi olaraq bu məktəbə maddi yardım göstərmişdi.
H. Z. Tağıyev Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdür.
1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəmişdir.
Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya getmişdi. H. Z. Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan "Kaspi" qəzeti dərc olunurdu. 1896-cı ildə memar K. B. Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.
İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Digər istinadlara əsasən, Bakıya yüksəkrütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksəkrütbəli şəxs izah edir ki, "dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin". Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar. Bunlardan ziyadə bu gün istifadə etdiyimiz Şollar suyunun çəkilməsində də Hacı Zeynalabdin Tağıyevin əməyi vardır.
Bakı-Şollar su kəmərinin tikintisi
Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb. Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur.[30] Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V. Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsi, 1917-ci ildə bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən 160 kilometrlik su kəmərinin çəkilməsi başa çatır.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)