
Super User
Mədəniyyət Nazirliyi öz qəzetinin fəaliyyətini niyə dayandırıb?
Bir qədər öncə təsisçisi Mədəniyyət Nazirliyi olan “Mədəniyyət" qəzetinin çapı dayandırılmışdı. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdı. Bəs səbəb nə idi?
Bəlli olub ki, mətbu orqanın fəaliyyətini elektron formatda davam etdirməsi barədə qərar qəbul edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
Aprel döyüşləri: unutmadıq, unutmayacağıq – ADPU-da TƏDBİR
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"
4 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Aprel döyüşləri”nə həsr olunmuş tədbir keçirildi. Aprel döyüşlərinin növbəti ildönümü bir daha sübut etdi ki, o döyüşlər unudulmadı, unudulmayacaq da.
Tədbirdə Şəhid General Polad Həşimovun anası Səmayə ana, Polad Həşimovun qisasını alaraq 10-dan artıq müxtəlif rütbəli erməni hərbçisilə təkbaşına, üz-üzə savaşıb, ermənilərin bir generalını və polkovnikini öz əllərilə boğaraq məhv edən Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım, Şəhid Pəncəli Mirzəyevin anası Vahimə xanım, “2-ci Qarabağ müharibəsi” və “Aprel döyüşləri” iştirakçıları, o cümlədən qazilər iştirak edirdi.
Qazi və müharibə iştirakçıları səngərdəki qızğın müharibə şəraitindən və qələbənin izlərindən danışdılar. Şəhid anaları isə övladlarının uşaqlıq xatirələrindən, son görüşlərindən, son danışıqlarından və qəlblərində dərin iz qoyan övladlarının şəhidlik xəbərindən danışdılar.
Tədbir çox dərin əhəmiyyətə malik idi. Azərbaycan xalqı nə qədər ki yaşayır, Şəhidlərini hər zaman qəlblərində yaşadacaq. Yeni doğulan balalara şəhidlərin adı verilir. Torpağ uğrunda canından keçən varsa, vətəndir. Elə buna görə də, Azərbaycan xalqı heç vaxt şəhidlərini qəlblərindən çıxarmayacaq.
Tədbirdə çox şəxsin gözləri doldu, qəlbində həm kədər, həm qürur alovları alışdı. Tədbirin təşkili üçün ADPU üzrə Yeni Azərbaycan Partiyasının sədri Sultanəli Qurbanova təşəkkürlər düşür.
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
KİTAB BƏLƏDÇİSİ - Uğuru öncədən proqnozlaşdırmaq mümkündür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uğur heç vaxt təsadüfi olmur. Təəssüf ki, uğursuzluq da təsadüfi deyil. Uğurlu insanların etdiklərini adət halına çevirənə kimi dəfələrlə təkrar etdikdən sonra siz də uğur qazanırsınız. Və əksinə, uğurlu insanların etdiklərini etmədikdə siz uğursuzluğa düçar olursunuz. Və hər iki halda fələk bitərəf qalır. O, heç kimin tərəfini tutmur. Onun üçün fərqi yoxdur. Sizin başınıza gələn sadəcə qanunauyğunluqdur – Səbəb və Nəticə qanunu.
Siz özünüzə hazır mexanizmli bir qurğu kimi yanaşa bilərsiniz. Sizin hazır mexanizminiz, yuxarıda söhbət açdığımız, asan və ya az müqavimətli yolu seçmək istəyidir. Daxili intizam olmadıqda sizin hazır mexanizminiz işə düşür. Uğursuzluğunuzun və potensialınızdan tam istifadə edə bilməməyinizin əsas səbəbi məhz budur.
Siz uğur əldə etmək üçün lazım olan işlərdə məqsədyönlü, şüurlu və davamlı olmadıqda hazır mexanizminiz işə düşür. Gələcəkdə uğursuzluq, təəssüf və maliyyə problemlərinə gətirib çıxaracaq, asan və bu gün əyləncəli görünən dəyərsiz işlərə başınızı qatırsınız.
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
“Gəncliyin səsi” adlı ədəbi-bədii tədbir – sumqayıtlılara millət vəkilindən daha bir töhfə
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər İcra Hakimiyyətinin, Milli Məclisin Sumqayıtdan seçilmiş deputatı Səbinə Salmanovanın və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Gənclər paytaxtı Sumqayıtda “Gəncliyin səsi” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı Səbinə Salmanova, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva tədbirin açılışında çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.
Ədəbi-bədii proqram çərçivəsində tanınmış incəsənət ustalarının ifasında musiqilər səsləndirilib.
Qeyd olunub ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusi əlamətdarlıq daşıyır. Məhz bu dövrdə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıt tərəqqi və dirçəliş dövrünü yaşayıb. 75 illik yubileyini qeyd edən Sumqayıt bu gün Ulu Öndərin arzuladığı müasir şəhərə çevrilib.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt daha da inkişaf edib. Dövlət başçısının hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılmaqla yanaşı, Sumqayıtın tərəqqisinə ciddi töhfələr verib.
Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında son illər ərzində şəhərin simasının tamamilə dəyişdiyini qeyd edib. O bildirib ki, bu dəyişikliklər Prezident İlham Əliyevin Sumqayıta göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olan sumqayıtlıların Azərbaycanın müasir inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, şəhərin gündən-günə inkişaf etməsi, abadlaşması məhz Ümummilli Liderin dəstəyinin və səylərinin nəticəsidir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin qayğısı ilə Sumqayıt öz tarixi şöhrətini bərpa edir, müasirlik və tərəqqi simvoluna çevrilir. Şəhər qazandığı uğurlar ilə Azərbaycanın iqtisadi və mədəni potensialına mühüm töhfələr verir.
Tədbirdə həmçinin bildirilib ki, son illərdə Sumqayıtda həyata keçirilən genişmiqyaslı layihələrin miqyası və əhatə dairəsi bir neçə onillik dövrü əhatə edir. Qısa zamanda şəhər tamamilə yenilənərək modern sima qazanıb, burada tətbiq olunan quruculuq işləri yeni şəhər standartlarının formalaşmasına səbəb olub.
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
“Sənə nə deyim, dünya” – 51 ildən sonra AL PAÇİNO VƏ ROBERT DE NİRO
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dünya kino tarixinin əfsanələri olan Al Paçino və Robert de Nironun 1974-cü ildə çəkdirdikləri şəkli götürüb bir Hollivud fotomüxbiri süni intellektin köməyi ilə onların birlikdə yeni fotosunun yaradılmasına vəsilə olub.
Al Paçino soldakı, Robert de Niro isə sağdakıdır.
Biri sağ, biri mərhum iki yaraşıqlı gəncin 51 ildən sonra – birinin real görüntüsü, birinin isə süni intellektin hazırladığı fotosu baxın, belə alınıb. Və deyilənə görə, Al Paçino fotoya baxdıqdan sonra köks ötürərək deyib ki, “sənə nə deyim, dünya”.
Al Paçino (əsl ad—soyadı Alfredo Ceyms) 1940-cı ilin 25 aprelində Nyu-Yorkda doğulub, 84 yaşı var.
Robert de Niro isə 1922-ci ilin 3 mayında Nyu-Yorkda dünyaya gəlib və eyni gündə - 1993-cü ilin 3 mayında Nyu-Yorkda 71 yaşında vəfat edib.
Dünyada heç nə əbədi deyil, bir gün gəncsən, şöhrətlisən, varlısan, yaraşıqlısan, hamı sənə heyrandır, hamı sənə həsəd aparır.
Bir gün də qırışmış üzün, nurdan düşmüş gözün, çal saçların və dərisi sallanmış əllərin, taqətsiz ayaqlarınla hamıda yazıqlıq hissi oyadırsan.
Bax belə!
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
“Yaşamaq əmri verib həyat insana!” - NİGAR HƏSƏNZADƏNİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Aprelin bugünkü tarixində dünyaya gəlmiş gözəl və eleqant xanım, güclü təşkilatçı, təsirləndirici, içdən gələn şeirləriylə rusdilli poeziyamızın zirvələrində dayanan Nigar Həsənzadə hər şeydən əvvəl, əlahəzrət SÖZə xidmət edir. Onun şeirlərində söz əsla həcmi doldurmağa yox, yoxu var etməyə xidmət edir. Bu şeirlər təsirləndirir, düşündürür, hisslərə, duyğulara pərvəriş verir.
Nigarın yaratdığı ədəbi məclisin adının SÖZ olması da təsadüfi deyil.
Biz portalımız adından dəyərli Nigar xanımı təbrik edir, ona həmişə parlamağı arzulayırıq.
BU DA KEÇƏR...
Mələklərin ölməzliyinə,
Yelçəkənin yüngüllüyünə inanan,
Qanadlı ayaqlarla yol gedən
Hər kəsin barmağında
«Bu da keçər...» hikməti
Yazılmış bir üzük.
«Bu da keçər...» –
Ehtirasların və yaraların
Üzünə çırpılan gülüşlə
Üzük dilə gəlirdi:
Şad-xürrəm yaşayaq, xoşbəxt qocalaq.
Yalandan gözü qorxmuş bu dünya
Ruhdan salmasın qəhrəmanları
Və quzğunlar anlasın:
Allah qu quşlarını sevir göylərdə...
Sinəsində ürək gəzdirən bəndələr –
Kinlərinin, vədlərinin girovları,
Metaforaların və üzüklərin qoruyucuları
Qəbul eləsinlər bu həqiqəti:
Bəraət yoxdu əzablara.
«Bu da keçər...» – bir müdrikin
Bu kəlamını unutmasan əgər.
Yaşamaq əmri verib həyat insana
Zəfər soraqlı sonluğa qədər...
SAVAŞ
Qabarlar içində ucalar saray...
Qurbansız qurbangah yoxdu, bilirəm...
Mən həm əvvəlimi, həm də sonumu
Güzgünün önündə durub görürəm.
Bilirəm, kədərsiz səadət olmur...
Neçə savabım var, neçə günahım.
Qırışlar göylərə qırçın toxuyur,
Yenilmiş şeytanım, yenən Allahım!
Bu döyüş hər kəsin hünəri deyil,
Əsəbi zəiflər çəkilsin geri...
Çağıraq bu savaş meydanına biz
Çılpaq baxışları, yalın əlləri...
Qurbansız qurbangah yoxdu, bilirəm...
Şam yanar – istisi gedər, ayrılar.
Bilirəm, ayrı cür ola da bilməz:
Gözümdə bir savaş ehtirası var.
QAYIDIŞIN MÜBARƏK...
Sənsiz keçən otuz il saçımızı ağartdı,
Ağır bir yükün altda qaldı kürəyimiz də.
Gözlərimiz kor oldu göz yaşının duzundan,
Lal quşlar yuvasını qurdu ürəyimizdə.
Əzablıydı dünyanı qolsuz qucaqlamaq da,
Otuz gecə dualar elədik səs-səmirsiz.
Evindən-eşiyindən, əzizindən ayrılıb,
Böyük zəfər dalınca getdi igidlərimiz...
Getdi igidlərimiz – bu xalq sözünü tutdu...
Divarları, sədləri yarıb keçdilər onlar.
Otuz il yaşamışdıq sənin intizarınla,
Bir bax, sağalır indi yaralar, sıyrıntılar...
İndi daha gözəldi göy üzündə mələklər,
Qardaşlarım yol alıb Tanrının hüzuruna.
Bu rəşadət işığı əsrlərlə çəkilməz
Ölkəmin, şəhərimin üzərindən heç yana.
Köhnə yara yerləri biləklərdə sağalar.
Dərdimiz də toxtayar, sızıldamaz canımız.
Bu qəhrəman oğullar – qəlbimizin fərəhi,
Qanımız, zəfərimiz, şöhrətimiz, şanımız.
Torpaq oğul qoxuyur, Vətəndə ana ətri.
Otuz ilin qürubu dönüb olub dan yeri.
Zamanın qanatdığı milli yaddaşımızdan,
Silib təmizləmişik xəyanətkar izləri.
Planet əvəlkitək fırlanır bizim üçün.
Var olsun bu uşaqlar, bu atalar, analar.
Varsa xilaf çıxmayan öz andına, əhdinə,
Demək, həqiqi insan bu dünyada hələ var.
Mənim qəhrəman Şuşam, nəfəsindən öpürəm,
Otuz ilin yükündən azad olur bu kürək.
Bu gecə nəğmə deyir qayıdışın eşqinə
Və torpaq cavab verir: qayıdışın mübarək!
KAŞ…
Qaranlıq səmada işıqlı möhür...
Yağır ulduzların yağışı göydən.
Qaçmağa lüzum yox, qaçmağa yer yox
Cəzadan, ədalət məhkəməsindən.
Yerin qabığını qoparır səma,
Sanki dərisini soyur adamın...
Qoy baxıb anlasın gözləri korlar:
Göylərin altında qonaqdı hamı...
Kimi yuxudadır, kimi də oyaq –
Hamısı dünyada qonaqdı, qonaq.
Və bir an gələcək, hamısı tək-tək
Gözə görünməyən divar dibində
Durub kainata dua edəcək.
Qaranlıq səmada işıqlı möhür...
Günaha batmayan adam var hələ?
Lələyi iynədən, mələyi cindən
Kaş seçib-ayıra biləydik elə.
SADƏCƏ, AXTAR…
Bir yabanı qızılgül verib ağırlayaram
Ayağımı tikanla dalayan insanları...
Siz ey kirə-palçığa batmayan topuqların
Hardasa körpüləri, hardasa perronları.
Ruhunuz yox əzəldən sürüdə heyvan kimi,
Aşağı əyarların yiyəsisiz, uzağı...
Cənnət havası çalır buynuz öz günahına,
Alnınıza salamım dəyir güllə sayağı.
Mən tavan, siz döşəmə – nəmişliyi sevərsiz.
Verdiyiniz ehsanı toxunmamışam hələ.
Sizin qənimət deyil zəfərlərim, çəkilin.
Oxuyuram dostları gözündən çərşənbələr.
Həm özünü yaradan, həm də qayçı adam var...
Edam kötükləriylə dar ağacı yanaşı...
Adam da var, çirkabı, zir-zibili təmizlər,
Usanmadan üfürər tozu, külü, yaddaşı...
Hamı ciyər dolusu nəfəs alar səmayla,
Hər kəsin dərisi var – hər kəsin libası var.
Hamı gəlir dünyaya, saralıb-solub gedir,
Hamının sifətini bürüyür sızanaqlar...
Arabir xoş təsadüf çıxır qabağımıza
Payız yağışılarında, qışın qarında, yazda...
Dünyaya İnsan gəlir evlərin, həyətlərin,
Və qədimi tağların, bağların arasında.
Varlığı hiss olunmaz, səsi gəlməz ucadan,
Bəlkə də zəngin deyil, bəlkə də kamil deyil.
İyirmi yaşındadı, amma yox, qırxdır yaşı...
Bütün varı-dövləti özündədir elə bil.
Ürəyində təpər var... çəkinmədən, qorxmadan
Qucaq açar hamıya, gülümsəyər üzlərə.
Onun baxışlarında yanan şamlar neçə yol
Yandırıb kainatı, alışdırıb gözləri.
İnanar əlamətə, işarətə, mənaya,
Gah zarafat eləyər, gah da susar bu adam.
Dadlı şərablar içər, acı şirnilər yeyər,
Ayaqyalın dolaşar tikanlıqda qorxmadan.
Sübh şehini xoşlayar... bədənini, ruhunu
Gərər böyük həvəslə bu dəli küləklərə.
Ürəklə salam verər özgələrə, yadlara,
Sevdiyi adamlara sehirli üzük verər...
Həm özünü yaradan, həm də qayçı adamlar...
Dərisi var hər kəsin – hər kəsin libası var.
Amma bir insan da var bir ömür dəyərində –
Hardasa, yanındadı… sadəcə, axtar, axtar...
Rus dilindən tərcümə: Salam Sarvanındır
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
“ASAN xidmət”in “Publik data portalı" və süni intellekt həlləri təqdim olunub
4 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Publik data portalı"nın (https://opendata.vxsida.gov.az/) təqdimatı və “Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə” mövzusunda panel müzakirələr keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının və texnoloji şirkətlərin, ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb, “ASAN xidmət”in bu istiqamətdə gördüyü işlərdən danışıb. Həmçinin müvafiq istiqamətdə qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt həllərinin vacibliyi diqqətə çatdırılıb.
Portalın məqsədi Agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətində vətəndaş iştirakçılığının təşviqi, eləcə də bu çərçivədə hesabatlılığın təminidir.
Sözügedən portal “ASAN xidmət”in müxtəlif istiqamətlərdə, o cümlədən beynəlxalq sferadakı fəaliyyəti, Dövlət Xidmətlərinin Elektron Reyestri, “ASAN Viza”, “ASAN ödəniş” “ASAN müraciət” sistemləri, “YAŞAT” Fondu ilə bağlı məlumatları əhatə edir.
Tədqiqatçılar və biznes iştirakçıları təqdim olunan datalardan istifadə etməklə fərqli çağırışlara yönəlik yeni innovativ həllər irəli sürə bilərlər.
Tədbirin yekununda isə “Data əsaslı qərarvermə: mif, yoxsa reallıq?” mövzusunda panel müzakirələr baş tutub. Müzakirələrdə dövlət qurumlarının süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələri bölüşülüb.
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)
BDU-nun rektorunun yubileyidir - Komitə sədri onu yubileyi ilə bağlı təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevi 60 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin təbrik məktubunda yubilyarın elmi, pedaqoji və ictimai fəaliyyətində qazandığı uğurlar, həmçinin rəhbərlik etdiyi kollektivə və tələbələrə göstərdiyi qayğı xüsusi vurğulanıb:
“Hörmətli Elçin müəllim,
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram!
Siz xeyirxahlığınız, alicənablığınız və rəhbərlik etdiyiniz kollektivə, tələbələrə göstərdiyiniz qayğı ilə seçilirsiniz. Bir alim, pedaqoq, ictimai xadim və rektor olaraq uzunmüddətli, səmərəli fəaliyyətinizlə elm və təhsil sahəsində böyük xidmətlər göstərmisiniz.
Siz müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərmiş və bu sahədə geniş təcrübə toplamısınız. 1996-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998-1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996-1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995-2009-cu illərdə “Zəngi” liseyində, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyət göstərmiş, eləcə də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini və 2009-2019-cu illərdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olmusunuz. 2019-cu il martın 11-dən etibarən Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərirsiniz.
Elm və təhsilin inkişafına verdiyiniz töhfələrə və ictimai fəaliyyətinizə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalları, “Tərəqqi” medalı və “ASAN xidmət ilə səmərəli əməkdaşlığa görə” medalı ilə təltif edilmisiniz.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)
Türk Mədəniyyəti və İrsi Fondu Hikmət Hacıyevə atasının vəfatı ilə bağlı başsağlığı verib
Fazil Mustafa Asif Hacılını 65 illik yubileyi ilə bağlı təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai və elm xadimi, filologiya elmləri doktoru, professor Asif Hacılını 65 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda Fazil Mustafa professor Asif Hacılının elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirib. O, yubilyarın alim-pedaqoq, ictimai xadim kimi uzunmüddətli, səmərəli fəaliyyətini, həmçinin Borçalı və Ahısqa türklərinin mədəni irsinin qorunması və təbliğindəki xidmətlərini xüsusi vurğulayıb:
“Hörmətli Asif müəllim,
Sizi 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ictimai və elmi yaradıcılığınızda yeni uğurlar arzulayıram!
Siz vaxtilə “Borçalı” və “Qaraçöp” cəmiyyətlərinin İdarə heyətinin üzvü, Ahısqa Türkləri “Vətən” Cəmiyyəti Qurultaylarının, I Uluslararası Ahısqa Türkləri Qurultayının nümayəndəsi olmusunuz. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü kimi də mühüm fəaliyyət göstərmisiniz.
Bundan əlavə, Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və İşbirliyi Qurultaylarında Borçalı və Ahısqa türklərinin problemlərini, özəlliklə milli maarif, mədəniyyət və repatriasiya məsələlərini gündəmə gətirmiş, bu mövzularda məruzələrlə çıxış etmisiniz. Sizin məruzələriniz qurultayların qərarlarında öz əksini tapıb.
Filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas və folklorşünas kimi uzun illər ərzində səmərəli elmi fəaliyyətiniz alim həmkarlarınıza, tələbələrinizə və elm ictimaiyyətinə yaxşı məlumdur. Siz Borçalının, Nayvəlilər ocağının və atanız – görkəmli professor Abbas Hacıyevin mənəvi irsini ləyaqətlə yaşadırsınız.
1986-cı ildən taleyinizi bağladığınız elm və təhsil məbədi – keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universitetində) müəllimlikdən professorluğa, daha sonra rektorluğa qədər şərəfli bir yol keçmisiniz. Sonrakı dönəmdə Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyətiniz də təqdirəlayiq olub.
Siz türk xalqlarının arxaik dönəmini, haqlı olaraq, Çin və Sibir qaynaqları əsasında da araşdırmağın, bu sahədə geniş tədqiqatlar aparmağın zəruriliyini vurğulayırsınız. Siz qədim yəhudi mədəniyyəti ilə ümumtürk mədəniyyəti arasında, eləcə də türklərlə amerikan hindularının mədəni irsi arasında paralellər aparmağı təklif edirsiniz. Haqlısınız ki, türk xalqlarının zəngin mədəniyyəti və tarixi hər zaman tədqiqat obyektinə çevriləcək və bu sahədə gələcəkdə də böyük araşdırmalar aparılmalıdır. Yetirmələrinizin bu sahədə doğru yönəlməsində Sizin metodiki vəsaitlərinizin, kitablarınızın önəmli rol oynadığını vurğulamaq istərdim.
Siz qırxa yaxın elmi kitabın, otuza qədər dərsliyin müəllifi, əllidən çox əsərin rus dilindən ana dilimizə tərcüməçisisiniz.
Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, ədəbiyyat tarixinə, çağdaş nəsrin mifopoetik aspektlərinə, bayatıların struktur-semiotik təhlilinə, mifologizm və folklorizm problemlərinə dair monoqrafiyalarınız, eləcə də onlarla elmi məqaləniz böyük maraq doğurur.
“Qəribəm bu vətəndə. Ahısqa türklərinin etnik mədəniyyəti”,
“Ahısqa türk folkloru”, “Qurani-Kərim rus ədəbiyyatında”, “Ahısqa türkləri: Vətən bilgisi”, “Ədəbiyyatşünaslığın tarixi və metodologiyası”, “XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konseptlər)”, “Bayatı poetikası: struktur, semantika, praqmatika” və b. - Bunlar Sizin elmi irsinizin yalnız bir bölümüdür.
Hörmətli Asif müəllim,
Sizə 65 illik yubileyiniz münasibətilə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)