Super User
Ey hörmətli müəllim! - AKTUAL
Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Qəbir evin nurla dolsun, əziz şair Bəxtiyar Vahabzadə. Nə gözəl yazmısan: “Ey hörmətli müəllim, hər könüldə yerin var”. Əslində, sən düz yazmısan, biz səni səhv anlamışıq.
Sən öyrədənə müəllim dediyin halda, biz müəllimi pula satmışıq, pulla almışıq. İstədiyimizə ya müəllim deyə xitab etmiş, ya da elə öyrədilmişik. Sanki kiməsə müəllim deməsək üzüyünün qaşı düşəcəkmiş. O qədər müəllim demişik ki, hər kəsə,indi ayırd edə bilmirik, müəllim kimdir. Düşünün, müəllim müəllim olduğunu inandırmaq üçün dəridən-qabıqdan çıxır. Halbuki müəllimin girdiyi evlər nura qərq olar, hər kəs ayaqda qarşılayardı müəllimi.
Bu gün prokurora, polisə, gömrükçüyə, briqadirə, biznesmenə, xülasə bütün növ dövlət və özəl sektor işçilərinə “müəllim” deyə xitab edilir. Düşünürük ki, onlara müəllim deməklə hörmət edirik? Əksinə, həm onlara, həm də müəllim adını daşıyanlara hörmətsizlik edirik. Axı hər peşənin bir xitab növü var: cənab prokuror, cənab rəis, cənab briqadir və sair.
İnsafdandırmı zibil idarəsinin müdirinə də müəllim deyək, özəl şirkətdə bazarlamaçıya da, müəllimə də? Biz bu cür xitab etdikcə bizdən sonrakı nəsil müəllimin kim olduğunu unudacaq. Düşünün ki, balaca körpələr taksi sürücüsünə də müəllim deyir, məktəbdəki xadiməyə də, müəllimə də. Özünüz artıq düşünün işin ciddiliyini.
Müəllim öyrədəndir. Müəllim ömrünün nurunu şagirdlərə çırağ edəndir. Müəllim öz övladları ilə şagirdlərini ayırmayandır. Müəllim ömrünü xalqına şam edən Həsən bəy Zərdabilər, Məhəmməd Tağı Sidqilər, Hüseyn Cavidlər, Mirzə Cəlillər, Lətif Hüseynzadələr, Hüseyn Həşimlilərdir. Siz nə xoşbəxtsiniz ki, bu adı alovlandırıb odlar yurdunda müəllimlik etmiş, yaddaşlarda daşlaşmış, mamırlaşmış, saflaşaraq ülviləşmisiniz. Qəbir eviniz nurla dolsun!
Sizin layiqli davamçılarınız bu gün şəhərin mərkəzindən ta ucqar dağ kəndinə qədər bu məşəli alovlandırmaqdadır. O işıqdan yığılan zərrələr indi milyonlarla məktəbə nur saçır, ömür fəda edir. Unutmayaq ki, dünyada və ölkədə ən böyük ad müəllim adıdır. Bütün vəzifə sahiblərindən tutmuş ən ali məqam sahiblərinə qədər hər kəs müəllimə borcludur. Hər kəsə adı, familyası və yaxud işi gərəyincə xitab edək. Bahanı ucuz etməyək. Dəyər sahibini dəyərsiz qoymayaq. Yenə də övladlarımızı “Əti sənin, sümüyü mənim”, – deyərək müəllimə əmanət edək. Müəllim olmayan hər kəsə “müəllim” deyərək xitab edənləri şiddətlə qınayaq, onlara izah edək ki, müəllim adını ucuz tutmayın. Ümummilli Lider Heydər Əliyev demişkən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Gəlin bizdə bu prinsipə sadiq qalaq!
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
“Günəşin gül barmaqlı işığı” - Ülvi BABASOY
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ülvi Babasoyun essesini təqdim edilir.
Biri vardı, biri yoxdu. Əvvəl zaman içində, xəlbir saman içində dünya vardı. O dünyanın üstündə Taclı İlahə Nü Va yaşardı. Nü Vanın dünyanın üstündə sürüşməkdən xoşu gəlirdi. O, dünyanın üstündə sürüşərkən, tanrı Fu Xini gördü. Nü Va Fu Xinin bədəninin qüsursuz formasına aşiq oldu. O, atları, bağları, bostanları, gülləri, çiçəkləri buğdaları, almaları, narları, heyvaları, şaftalıları, pişikləri, itləri sevirdi. Çünki aşiq idi. Fu Xinə olan sevgisi yeni yaradılışlarla dolub-daşırdı. Heyvanlar xoşuna gəlsə də, nəsə tam deyildi. O düşünürdü ki, yaradılış tamamlanmayıb. Heyvanlar o qədər ağıllı deyildilər. O bütün canlılardan daha bütöv bir varlıq yaratmaq istəyirdi.
Nü Va San çayında üzərkən palçıqdan kiçik insanlar düzəltdi. Onları özünə oxşatdı. Lakin quyruq yerinə iki əl, iki ayaq verdi insanlara. Palçıqları ovuclayıb insan yaratmağa başladı. Nü Va insanlara həyat nəfəsindən üfürdü. İnsanların bəzilərini aqressiv, sərt elementlərlə doldurdu. Digərlərini isə zərif, incə elementlərlə bəzədi. Qadın və Kişi çıxdı ortaya. Yaradılış ürəyincə olmadı. Günəşi və Veneranı yaratdı. Günəş gül barmaqlı şəfəqlərindən Veneranın üstünə saldı. Gül barmaqlı şəfəqlərdən saysız-hesabsız qoxular yaratdı. Venera Günəşə və qoxularına aşiq oldu. Hər yeri yox edən saxta, on Günəş vardı dünyada. Nü Va Oxçu Yini onları yox etmək üçün göndərdi. Oxçu Yi saxta Günəşləri öldürdü. Qoxulu Günəş və Venera qaldı. Kişilər və qadınlar qoxuyla bir-birlərini tapdılar. Bədənləri qoxuyla uzlaşdılar...
Qadın jasminin orta notları ilə kişinin bədəninə istilik və enerji ötürürdü. Kişinin öpüşləri qadının bədənində nəfəs alırdı. Qadının boğazı qu quşu kimi qamətli və incə idi. Kişinin bir əli qadının ipincə belini ovuclayır, digər əli saçlarına sığal çəkirdi. Qadının sinəsindən karamelli bir dad və qoxu kişinin damağına yayılırdı. Kişinin ağzı dolu olduğu üçün burnu ilə nəfəs alırdı. Burun isə beynə qoxuları olduğu kimi ötürürdü. Qadının bədənindən çuğundurun üst notları ilə izdivaca girmiş naringi ətri gəlirdi. Kişi sitrus gecələrinin sərinliyini udurdu. Qadının bədənindən çıxan buğ kişinin günəşli notlarla axan tərində ozonlaşırdı. Onun nəfəsliyinə çevrilirdi. Kişinin gözəl qoxudan başı çıxırdı. Ac qalardı, ancaq qiymətindən asılı olmayaraq cürbəcür parfümlər alardı. Gözəl qoxularla özünü güvəndə hiss edirdi. Kişi dovşan burnu kimi min qoxunu eyni anda içinə çəkməyi bacarırdı. Ancaq qoxular bir-birinə qarışıb itirdilər bəzən. Qadında isə başqa bir hal hökm sürürdü. Kişidən gələn isti səhləb qoxusu qadının dişilik hormonlarının fələyini azdırırdı. Qadının bədənindən yayılan aromatik hücumlar isə kişini həzzin nirvanasına ucaldırdı. Aromatik hücumların dadını və ləzzətini əmirdi kişinin bədəni. İlk öpüşlərindən sonra qadın kişiyə əsəbiləşmişdi (Kişi işığı söndürüb qadını qucmuşdu. Qadına elə sarılmışdı, elə sarılmışdı ki, istilik və güvən yaymışdı ətrafa. Sirli yerlərdə gəzişən dodaqları qadının dodaqlarını tapmışdı. Qadın geri çəkilmək istəsə də, gücü çatmamışdı. Dodaqlarını və bədənini təslim etmişdi kişiyə). Yalanmışlıqdan əsəbiymiş kimi göstərmişdi özünü. Sonra kişiyə demişdi ki, sənin öpüşündən anladım ki, məni sevirsən. Bir də qoxun məni dəli elədi. Səni nə vaxt görsəm, ürəyim titrəyir. Kişi yaxşı bilirdi ki, onda səhləb çiçəyindəki yabanılıq, soyuqluq və tənhalıq var. Onu da əcəb bilirdi ki, bənövşənin içində yatan ehtirasın istilik və cazibəsi də yaşayır bədənində. Qadınlar bir dəfə bu yabanı və isti qoxunu daddısa, əsir olurdular ona. Bu dəfə fərqliydi hər şey. Qadının bədənindəki aromatik hücumlar onu özünə əsir etmişdi. Sirli, yüngül, nəzakətli və sintetik qoxulardan deyildi bu qadınınkı. Qadında oriental qədimlik və ilkinliyin qoxusu vardı. Tərindən həmin orientallıq portağal qabığının qatları kimi açılırdı. Günəş batarkən çiçəklər öz təbii qoxularını yaya bilmirlər. Sintetikləşirlər. Qadınsız günlərində kişi səhləbin içində yatan bənövşə ehtirasını da itirirdi. Bədəni o qoxuları yaya bilmirdi. Artıq hansısa qadını o qoxuya heyran etmək istəyi də yox idi. Yalnız o qadını istəyirdi. Kişi qadını razı salmaqdan ötrü Kama Sutranı əzbərləmişdi. Səkkiz pozada qucmaq öyrənmişdi. Soyuq və qaynar qucmalar dörd yerə ayrılırdı. O ancaq qaynarlara əməl edirdi. Bakirə qızı necə öpmək lazımıydı, onu da bilirdi. On altı cür öpüşlə həyəcanlandırırdı qadını. On yeddinci öpüş isə kişiyə aid idi. Dodaqları ilə qadının iri, ətli dodağında dairə çəkirdi. Qadının gözləri axırdı o an. Çimdikləməyin səkkiz, bir-birinə qarışıb axmağın, əriməyin isə 19 növünü Kama Sutranın xaricində öyrətmişdilər bir-birlərinə. Kişi qadını öpərkən qadın ürəyindən keçirirdi ki, bu gözəl anlar həmişə davam edəcək, görəsən? Bitəcəyindən qorxurdu hər şeyin. Arzu və istəklərini sərbəst və azad buraxmağı öyrənə bilməmişdi. Onda hər istəyi daha rahat yerinə yetirərdi. Kişinin qucağında yatmaq istəyirdi hər gecə. Arada ayılıb sinəsindən öpüb bir də yuxuya getməyi arzulayırdı...
Dünyanın nimçə kimi dümdüz olan vaxtlarıydı. Hamı nimçənin ucundan yerə düşməkdən qorxurdu. Gecəydi. Kral Alobar qayğılı və yuxusuzdu. Əsgərlər də qayğılı və yuxusuz idi. Gecə növbəsində olan əsgərlərin burnuna işğal edəcəkləri ölkələrin qadınlarının qoxusu gəlirdi. Peyin iyi verən qəbirlərin və ölümün qoxusu isə Alobarın burnunu göynədirdi. 37 yaşına təzəcə qədəm qoyan kralın saqqalına dən düşmüşdü. Burada saçına-saqqalına dən düşən kralı öldürüb onun yerinə yenisini gətirirdilər. Alobar arvadı Almanı yanına çağırmışdı. Almanın dodağı və dilindəki çuğundur rəngi, dadı və qoxusu kralın karına gəlmədi. Almanın tərli bədənindən Alobarın beyninə yayılan qoxu dinclik verərdi həmişə. Bu dəfə dinclik tapa bilmədi. Alma dodaqlarını Alobarın bütün bədənində gəzdirsə də, xeyri olmadı. Digər arvadı Vren gəldi. Kral dərdini zəki və zərif arvadı Vrenə danışdı. Vren ağ tükləri yoldu. Tükyolma ayinləri baş rahibin sirri faş etməsinəcən davam elədi.
O vaxt Avropada öpüş hələ kəşf olunmamışdı. Kişilər və qadınlar bir-birlərini qoxlayırdılar. Qoxular sevişirdi. Alobar Vreni qoxladı. Vren də onu iylədi. Vidalaşdılar...
Alobar qəbirdə dirildi. Vren əsgərlər Alobarı boğmazdan əvvəl ərinə itüzümü vermişdi. İtüzümü onun bədənini göyərtmişdi. Elə bilmişdilər ki, keçinib. Qəbirdən xortlayıb çıxan Alobar həyata yenidən gəldi. Ay üzünə kölgə saldı. Başını göyə qaldırıb: "O dünyanın kəvsərlərindənsə, bu dünyanın poxunu istəyirəm".
Alobara elə pox da qismət oldu. Uzaq bir ölkənin ucqar bir kəndində təzək daşıdı. Təzək daşısa da, azad idi. Quş kimi sərbəstdi. Hər gecə yatanda deyərdi: "Dünən kraldım, bu gün fərdəm".
Artıq fərd olan Alobar dünya səyahətinə çıxdı. Qərbi gəzdi, buraların adətləri ona tanış idi. Şərqdə 12 yaşında bir qızla rastlaşdı. Qızın ölkəsini talan etmişdilər. Ata və anasını öldürmüşdülər. Qızın adını soruşdu. Qız ağlayaraq - məni də apar, - dedi. Alobar - ölümsüzlüyü tapıb geri qayıdacağam, gözlə, gələcəm, - deyib atını çapdı. Qız arxasınca qışqırdı: Kudra - adım Kudradır.
Ölümsüzlük dağında ölümsüzlüyün sirrini tapdı. Alobar bənzərsiz təcrübələr qazandı. Bənzərsiz insana çevrildi. Kudra isə qadınlıq enerjisi ilə Alobarı daha da gəncləşdirdi. Onlar başa düşdülər ki, indiyəcən qadın qoxusunun arxayınlıq və güvən aşılayan gözəlliyinə sərhədlər çəkiblər. İnsanlarla ağacların, suların və heyvanların arasına əngəllər yaradıblar. "Ağaclar, heyvanlar və sular Günəşə də, Aya da sadiqdilər". Düşüncələrimizə sərhədlər çəkiblər. Ölümü düşündüyümüz üçün ölürük.
Tom Robbins "Parfümün rəqsi" romanında Alobar və Kudranı min il yaşadır. Ölümsüz sevgililərin həyatı əvvəlcə nağıl estetikası ilə danışılır. Daha sonra klassik roman, sonda isə modern, postmodern yazı texnikaları tətbiq edilir. Roman sənətində yeninin gözəlliyini yaratmaqdır bu. Mənim essemin qəhrəmanları Alobar və Kudra bir qədər fərqlidir. Müstəqildir. Mənim mətnimdəki Alobar və Kudra Günəş Qıza olan eşqin nağıllar və romanlardakı izləridir.
Alobar və Kudra nəfəs aldılar, yedilər, çimdilər, sevişdilər və uzun yaşamaq istədilər. O qədər çox istədilər ki, ölüm onları unutdu. XXI əsrdə yaşayan kişi və qadın da belə etdi. Kişi və qadın öpüşərkən bədənlərindən qəribə bir qoxu yayılırdı. Hər ikisi bu qoxuyla özündən gedirdi. Jasmin və yemişin üst notlarına səhləblə naringinin ürək notları qarışırdı. Qadın o qoxuya heyran olmuşdu. Alobar da, Kudra da, kişi də, qadın da eşq və qoxuyla ölümsüzləşmişdilər. Ən azından özlərini ölümsüz sayırdılar. İllər aram-aram sovuşsa da, yaşlarının üstünə yaş gəlsə də, sevgiləri xatirəyə qovuşmurdu, ömürlərinə qış gəlmirdi. Onların dünyalarında iki yaş vardı. Həyat və ölüm. Həyat yaşı eşqin yaşı idi. Günəşin və onunla var olmağın yaşı idi. Günəşin gül barmaqlı işığı onu diri, həyat yaşında saxlayırdı.
12 dekabr 2024
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
ÖTƏN İL BUİ GÜN ABŞ-ın East View kompaniyasının Varisin iki romanını planet üzrə yaymaq hüququ əldə etməsi xəbəri yayıldı
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən il bu gün baş verən bu xəbər diqqətimi çəkdi:
Mənzil-qərargahı ABŞ-ın Minneapolis şəhərində yerləşən East View kompaniyası son illərdə Rusiya nəşriyyatlarında kitabları işıq üzü görmüş 19 yazıçının kitablarını, o cümlədən Azərbaycan yazıçısı Varisin kitablarını (“AMİN” və “Yanvarın 13 günü”) planet üzrə yaymaq üçün yayım hüququ əldə etmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, East View İnformation Servises – ingilis dilində və əcnəbi dillərdə (Çin, yapon, rus, ukrain və ərəb) informasiya məhsullarını realizə edən ən nüfuzlu kompaniya olaraq dövri çap nəşrlərini, kitabları və DVD-diskləri yaymaqla məşğuldur və 30 ildir ki, dünya üzrə yüzlərlə kitabxanalara xidmət edir, akademik cəmiyyətlərlərin, elmi, korporativ və dövlət strukturlarının təhqiqat tələbatlarını ödəməklə unikal kontent və texnologiyalar təqdim edir.
Varisin yazıçı dostu Əlibala Məhərrəmzadə ilə birgə yazdığı “AMİN” romanı (2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2023-cü ildə təkrar nəşr edilib) 30 illik dövr ərzində Qarabağ müharibəsi barədə Rusiyada nəşriyyat hesabına çıxan hələ ki, azərbaycanlı yazıçıya aid yeganə romandır.
Varisin “Yanvarın 13 günü” romanı isə (2016-cı ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2020-ci ildə təkrar nəşr edilib) bir-biri ilə əlaqəsi olan 13 hekayətdən ibarətdir ki, 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatını qazanmış bu romanın bir hekayətində Şuşanın ermənilər tərəfindən işğal olunması, bu işğal nəticəsində yüzlərlə tarixi abidənin, məktəb və kitabxananın dağıdılması, hətta dünyada yalnız Şuşada bitən xarı-bülbül çiçəyinin işğaldan sonra daha açmaması təsirli boyalarla əks etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımovanın heç sənətə ara verməyi düşündüyü oldumu?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.
Heç sənətə ara verməyi düşündüyünüz oldumu?
Əlbətdəki ara verməyi düşünməyimizə heç fürsət də olmadı. İstəsək də istəməsək də sənətlə aramızda böyük ayrılığa səbəb oldu. Baxmayaraq ki, biz bu sıralarda az da olsa xaricdə konsertlərə getdik. Əlbəttə pandemiyayla bağlı mümkün olmadı. Sərhət yolları bağlı, səhnələr bağlı. Ancaq bu ərəfələrdə Portuqaliyada mənim solo konsertim oldu. Sonra Alim müəllimlə Moskvada bizim iki konsertimiz oldu. Sonra mənim Fransada üç konsertim oldu. Yəni özümüzdən asılı olmadan biz bu sistemdən çıxdıq. Sənətdə alışmış olduğumuz bir həyat tərzindən əlbəttə uzaqlaşmaq məcburiyyətində qaldıq. Mən bu sənətə ara verməyi düşünmürəm və düşünməmişdim. Ona görə ki, baxmayaraq ki, sakitçilik oldu mən yenə də öz musiqi fəaliyyətimlə təmasda oldum. Bəzi muğamlara, bəzi qədim təsniflərə baş vurdum. İnanıram ki, pandemiya hamımızı nə vaxtsa azad buraxar. Rahatçılığa qovuşarıq. Yenə də öz sənət həyatımızla yenidən birgə addımlamış olarıq.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
“Psixoloq olmaqsa uşaqlıqdan hakimlikdən sonra ən böyük xəyalım idi” - Sübhanə Süleymanova
İradə Allahverdiyeva - “Ədəbiyyat və incəsənət” üçün
Mənim budəfəki qonağım ailə, uşaq və yeniyetmə psixoloqu Sübhanə Süleymanovadır.
-Salam Sübhanə xanım. Necəsiniz? Əgər mümkünsə haqqınızda daha ətraflı bilmək istərdik.
-Salam, hər anınız xeyir olsun, yaxşıyam sizlər də yaxşı olun.
Mən Sübhanə Süleymanova 15 oktyabr 1996-cı ildə Bakıda doğulmuşam.
Psixoloq, Hipnoterapevt, yaşam kouçu, enerji master, rəsmi təlimçiyəm.
Həmçinin aktyorluq üzrə də dərslər almışam.
Psixoloq olmaqsa uşaqlıqdan hakimlikdən sonra ən böyük xəyalım idi. Hazırda xəyalım həyatımdır.
-Fəaliyyətiniz haqqında ətraflı məlumat verə bilərsinizmi?
-Fəaliyyətim əsasən ailə -uşaq psixologiyası ilə məşğul olmaqdır.
Fərdi, qrup seansları və dərslər keçirəm.
Böyük bir ailə hesab etdiyim MöcüzəSən MMC var.
-Pasientlərinizlə tədqiqatlarınız zamanı sizi ən çox təsirləndirən hər hansı bir hadisə haqqında, anonim olsa da danışa bilərsinizmi?
-Pasientlərimlə olanlar təbii ki ömür boyu qəlbimdə və ağlımdadır.
Onların hər biri mənə çox əzizdir. Ən çox onların təcavüzə uğraması, erkən yaşda (15,16) nigaha cəlb olunması, tez bir zamanda uşaqkən böyük olmaları və ən əsas da sevgini heç vaxt hiss etmədən və qayğının nə olduğunu bilmədən, başqa insanlarda daim qayğı axtarması məni hər zaman təsirləndirir.
-Gələcək planlarınızla bağlı bizimlə bölüşə bilərsinizmi?
-Gələcək planlarım yox hədəflərim var və mən bunu gerçəkləşdirməyi özümə söz vermişəm.
Böyük MöcüzəSən ailəsi yaratmaq.
Bütün tələbələrimi bir yerə yığıb onlarla möhtəşəm ailə olmaq.
Gücün hər zaman birlikdə olduğuna inanmışam - biz insanların həyatına işıq olmaq üçün varıq.
MöcüzəSən xeyriyyə cəmiyyəti belə yaradacayıq.
Həmçinin öz verilişimi açıb verilişin adını MöcüzəSən qoymaqdır hədəfim.
Səsimi bütün dünya eşidəcək və mən işıq saçmaq üçün varam.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
21 dekabr ilin ən qısa günüdür – TƏQVİM
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sabahkı şənbə gününün – 21 dekabrın əsas hadisələrini diqqətinizə çatdırıram.
İlin ən qısa günü
Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.
Krossvordun yaranışı günü
1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?
Fənər günü
Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.
Və digər əlamətdar hadisələr
Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.
2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.
Talesiz rəssamın və bəxtsiz şairin elegiyası
Bu gün mərhum şair və rəssam Adil Mirseyidin doğum günüdür. Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub, onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub.
Bu gün yazıçı Süleyman Vəliyevin doğum günüdür
Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyevin də bu gün doğum günüdür. Onun barəsində də ayrıca yazı təqdim edəcəyəm.
Məşhur opera müğənnisi Əlövsət Sadıqovun da doğum günüdür
Gərək bu cür sənətkarlar əsla unudulmasın. Onun barəsində isə əməkdaşımız Könülün ayrıca yazısı olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.12.2024)
PA - «Uğur formulu» anlayışı
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
11
Biz uğurun nə olduğu barədə qısa bilgilər aldıq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün sevgilisinə qovuşmaqda, bir əsgər üçün generallıqda, bir ağır xəstə üçün sağlamlıqdadır, eləcə də çəkməçinin, papaqçının, yanğınsöndürənin, kosmonavtın, bir sözlə hər bir kəsin öz uğur ünvanı vardır.
Hamı uğur qazanmaq istəyir, uğur qazananlar öz uğur yollarının sirlərini bölüşür, spikerlər bu barədə kitablar yazırlar. İllərdir ki, ən müxtəlif uğur formulları yaranır, bundan sonra da, bəşəriyyət durduqca belə formullar yaranmaqda davam edəcək.
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.
Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətli olmaqdadır. Mən milyonları olan, uğurlu karyerası ilə qürrələnən, ancaq ailəsində ciddi problemlər yaşanan, ailə həyatı cəhənnəm əzabı olan insan tanıyıram. Və yaxud, kiloyla qızılı, nəticəsinə və kötükcəsinə belə bəs edən pul-parası olan, ancaq ağır, sağalmaz xəstəlikdən bulud kimi tutqun insan tanıyıram. Pul çox şeyi həll edir. Amma pul hər şeyi həll etmir. Urəyincə işi, babat şəraiti, gözəl ailəsi, dəmir kimi orqanizmi və hədəflərə vurmaq məharəti olan, uğura doğru addım-addım irəliləyən insan, bax, ən böyük xoşbəxt həmin insandır.
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
Davamı var.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Azərbaycan beynəlxalq festivalda təmsil olunub
İsveçrənin Pratteln şəhərində sayca 20-ci dəfə "Birlikdə qeyd edək" adlı multikultural festival keçirilib. Festivalda Azərbaycan, Albaniya, Finlandiya, İspaniya, Peru, Portuqaliya və digər ölkələrin milli rəqsləri nümayiş olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Azərbaycanın Dostları" Birliyinin nəzdindəki "Buta" rəqs dərnəyinin yeniyetmələrdən ibarət qrupunun çıxışı böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Çıxışın sonunda qrup üzvlərinə kiçik hədiyyələr təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)
Gülüş klubunda ağıllı icarə başçısı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Mənə 100 manat ver, sabah bu vədə sənə üstündə də 50 manat artıq qaytaracam.
-Sən öl 100 yoxumdur, 100-ü qoyaq bir kənara, onda sabah bu vədə gəlib 50-ni səndən götürüm də.
2.
Bizim xalq çox qədirbilməzdir. Şikayətlənirlər ki, kərə yağı 12 manatdan 20-yə qalxıb, ət 3 manatdan 19-a qalxıb, xamanın 300 qramı 2, 50-dən 4-ə qalxıb, ay nə bilim, melit xiyar tarixinin rekorduna - 7 manata çıxıb. Amma heç deyən yoxdur ki, “Bugatti veyron” avtomobili 2,5 milyondan 2,495 milyona düşüb, yaxtalar 3 milyondan 2,9 milyona düşüblər, Londonda 5 milyona mülk almaq istəyənə tarif şuramız 10 minlik kupon verir və s.və i.
3.
Əsəd daha yoxdu, yerində Əsəb gərginliyi var.
4.
İcra başçısının şəhərin hər yerinə vurulan aforizmlərindən bəziləri:
Rayon onda əsl rayon olar ki, rayonlular əsl rayonlular olsunlar.
Kəndlərdə eşşək saxlamaq lazımdır, suyu və odunu daşımaq üçün eşşəyə benzin tökmək lazım deyil.
Çörəyi hər kəs öz təndirində bişirsə, elə digər produktları da hərə özü öz həyətində istehsal eləsə, daha marketlərə lüzum qalmaz!
Tolerant olub multikultural dəyərlərə söykənən kreativ gənclərimiz COP-dan sonra qloballşamaya daha da inteqrasiya edirlər.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
“Bu bir eşq hekayəsi...” - Novruz Nəcəfoğlunun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Novruz Nəcəfoğlunun hekayəsi təqdim edilir.
O idi, Humayyəydi, zəng vurmuşdu. Dönüb, elə sevindim ki, nə ola, o məlhəm ünvandakı köşkə yenə gələ. Getdiyi yoldan, ötdüyü izdən, ayaq ləpirlərini oxşayan yurddan, yeni xatirələrindən danışa, bir ömür dinləyərdim. Bilirəm, uzun kiprikləri, hilal qaşları, mavi gözləri, mübhəm, şəfqətli baxışları da yenə elə onun özüylədir, gətirib, gəlib...
*
...Onunla iş başında görüşüb tanış olmuşduq. Çalışdığı yerdə iş vaxtı baş verən bir dadsız, xoşagəlməz olay isə münasibətlərimizə yeni bir məzmun verdi. Eşitdim ki, bəs, adı Humayyə olan bu xanım yerin bilməzi, boşboğazlıq edib saatlarla aranı qatan, özündənrazı, əslində isə bivec bir kişini boğazlayıb divara dirəyərək əməlli-başlı "tənbeh" eləyib. Əhvalatla bağlı marağım tanışlığımızı dostluğa, səmimi ünsiyyətə doğru çəkdi.
Bu yerlərdə qərib sayılmazdı, Güney ellərimizdən idi, Ərdəbil mahalından, Meşkin şəhərindən. Ancaq elə bəlkə də bu səbəbdən bir az çəkingənliyi vardı. Bilirdim ki, iş yerində də ürək qızdırdığı həmdəmi, yaxın dostu da yox idi. Tez-tez görüşməyə başlamışdıq. Söhbətimiz də tuturdu.
*
...Uca, mütənasib qaməti, incə-zərif əndamı, hilal qaşları, sıx, qapqara, uzun şəvə saçları ilə elə nağıllardakı şahları taxtdan salan, can alan o "dilbərlər"ə, "pərilər"ə bənzəyirdi.
Qənirsiz gözəl idi. Görüb bilənlərdən eşitmişdim ki, Ərdəbil civarında gözəl bir xanımla rastlaşanda sorğu-sual eləməmiş, - yəqin "Meşkindəndir", - deyib, dodaqlarının altında pıçıldarlar.
İri, mavi, uzun sıx kiprikləri ilə halqalanmış can alan gözləri ilə qarşısındakına məlahətlə baxır, sonra da gülümsünüb başını endirir, həmişə təravət saçan o baxışlarını həmsöhbətindən gizlədirdi. Bəzən saatlarla üz-üzə otursaq da, o gözləri qəfil, ya da "qaçaraq" anidən görə bilirdim. Nə vaxtsa, nədənsə qorxmuş, kimdənsə qısqanmış kimiydi. Sanki gözlərinə hardansa kölgə düşəcəyindən, ya da "nəzər" dəyəcəyindən qorxurdu. Hər halda, mən belə düşünürdüm.
Rahat işi, yaxşı təşkilatçılıq bacarığı, idarəçilik səriştəsi var idi. Çalışqandı, işgüzar olduğu qədər də diqqətliydi. Bu səbəbdən də əhatəsindəkilər tərəfindən sevilirdi. Qazancı, yaşayışı da çoxları üçün həsəd doğuracaq qədər yetərliydi.
Qarşılaşanda sanki öz doğmasını, yaxınını görürmüş kimi sevinir, haldan-hala düşür, elə bil nəsə daxilən gərginliyi artır, sonra da birdən-birə əmin-arxayın rahatlaşıb rayihələnirdi. Elə mən də ona öz doğmalarımdan biri kimi baxırdım, bəzən halına qayğılanırdım da...
Qəribəlikləri çox idi. Məni böyük qardaşı kimi bilib, "Ağa, bəy" çağırırdı. Bəy ifadəsindən xoşlanmasam da, onun dilində bu ifadə mənə çox dadlı gəlirdi. İndi düşünürəm ki, elə qardaşdan da çox qardaş-bacı olmuşduq. Tədricən sirdaşa çevrilmişdik. Bax, indi sözümün əvvəlindəki fikrimdən imtina edirəm. Burada qəribəlik nədir ki?..
Görüşüb söhbətləşəndə ən çox işdən, çevrəmizi əhatə edən adamlardan, gündəlik məişət dərd-sərindən danışardıq. Axır vaxtlar söhbətlərimizin mövzusu tədricən xeyli dərinləşirdi. İnsanın mənəvi dünyası, inancı, yaşam qayəsi, həyat fəlsəfəsi, xeyirxahlıq, yaxşılıq və bədxahlıq, nə bilim, belə-belə çox şeydən danışırdıq.
Ordan-burdan söz-söhbət hardansa qəfilmi, ya elə mətləb üstünə gəlib həyatda sevib-sevilməyə çatanda o köks ötürər, susub durardı.
Hər görüşəndə, rastlaşanda ilk ağlıma gələn bu olurdu ki, bu qədər gözəl, lətafətli, dili şirin, nəzakətli, qadına xas belə bütün məziyyətlərə sahib xanım əcəba, yaşı ötsə də, indiyəcən niyə ailə həyatı qurmayıb? Sevənimi olmayıb? Yox, buna nəinki inanmaq, heç ağla gətirmək də naşılıq olardı, belə gözəl qadın sevilməzmi?..
*
Doğulduğu məmləkətə, ata ocağına dönəcəkdi. "Doğma elinə, ocağına bizlərdən salam apar", - deyə bir də doyunca söhbət edib uğurlamaq üçün birlikdəydik. Arada: "bəlkə bir də daha heç dönəsi olmadım" kimi fikirləri də dilinə gətirirdi. İçimdə bu fikrinə razı olmasam da, - Nə üçün? niyə dönməyəcəksən? - deyib etirazımı da bildirmirdim. Ancaq "gedirəm" deyəni yolundan saxlamaq olmaz ki...
Yenə görüşdük, elə həmişəki yerdə, kiçik şəhərin məlhəm ünvanlarından olan, sinəsinə taxta komacıqlar səpələnmiş abad guşəsində.
*
Elə bu görüşümüzdə də xeyli söz-söhbətdən sonra ona eşitdiyim bir əhvalatı danışdım. Səkkiz yaşındakı Xaqan adlı bapbalaca bir oğlan evlərində bir məclisdə xala çağırdığı xanımdan:
- Cəmilə xala, sənin neçə yaşın var? - deyə soruşur. Cəmilə xalası da:
- Ay bala, ay kişi qırığı, yadında saxla ki, kişi xeylağı qadından yaşını soruşmaz, o ki, qaldı yaşıma, otuz beşdir, - deyir.
Oğlan əllərini xala çağırdığı xanıma tərəf uzadıb ölçə-ölçə canıyananlıqla:
- Cəmilə xala, yaşın keçib ee, - deyə çoxbilmişliklə dillənir, - evdə qalacaqsan, niyə ərə getmirsən, tez ol ee, evlən...
Müasir uşaqların yaşlarından böyük, bir qədər də həqiqətə uyğun "ağıl vermək" kimi iddiaları, təkəbbürləri, düşündürücü olduğu qədər həm də belə məzəli mükaliməsi əslində nikbin, xoş bir əhval-ruhiyyə yarada-yarada həm də ən azından adamın dodağını qaçırır...
Ancaq o gün nəql etdiyim bu əhvalatdan Humayyənin nə dodağı qaçdı, nə də qaşlarını çatıb təəccübləndi...
*
Qabağımızdakı çay soyuyurdu. O, stəkana əl uzatmırdı, mən də qeyri-müəyyən bir əhvaldaydım. O susduqca mən də dinib danışmırdım.
Ürəyimdə fikirləşirdim ki, yəqin ehtiyatsızlıq, diqqətsizlik edib xətrinə dəymişəm. Beləcə, düşünə-düşünə bu naqolay vəziyyətdən çıxmaq üçün yollar axtarırdım. O isə hələ də başıaşağı oturub, elə hey süfrənin saçaqlarını aramsız sığallayırdı.
Axır ki, handan-hana başını qaldırdı. Hüzn yağan gözlərini üzümə dikib məhrəm baxışlarını mənə dikdi. Gülümsədi, yox, əslində gülümsəməyə çalışdı, eləcə baxırdı.
Çox pərt olmuşdum. "Xətrinizə dəydim", - deyib uzun-uzadı üzrxahlıq eləmək istəyirdim ki, tez sözümü kəsdi:
- Yox, əsla, yox. Düzünə qalsa, danışdığınız çox məntiqli, adamı yerindən tərpədən, düşündürən bir hekayət oldu, - dedi. - İndiki balacalar belədi də, hələ mənim qardaşım, bacım uşaqları, onların nəvələri bilirsiz, hardan deyib, nələrdən danışırlar? Geri dönəcəyimdən xəbər tutub, indidən hərəsi bir rəvayət danışır. Hər şey yaxşıdı, qaydasındadı, - deyib məni sakitləşdirmək istədi.
Soyumuş çaydan bir qurtum içdi. Bardağı yerinə qoyub başını yenidən aşağı endirdi. Bir qədər fikrə daldı. Sonra da başını qaldırıb elə əvvəlki tövrlə üzümə baxdı, udqundu, köks ötürdü.
- Sizə buralarda indiyəcən heç kəsə danışmadığım, hələ də kimsənin eşidib-bilmədiyi bir əhvalat danışmaq istəyirəm, - dedi.
Mən:
- Sirdirsə, həm də kimsə bilmirsə, bəlkə heç danışmayın, - dedim, - elə sirr kimi saxlayın...
- Yox, özümlə bağlıdır, öz həyatımla, öz taleyimlə, sizə danışa bilərəm -deyib indi qələmə aldıqlarımı, bu acı hekayəni nəql etdi...
*
...Adı Mehdad idi və o Mehdad yaşadığımız kiçik şəhərin sayılıb-seçilən bir nəslinin övladı idi. Ailənin təki, yeganə oğlu. O vaxt Mehdadın iyirmi, mənim isə on yeddi yaşım var idi. Yəqin məktəb yolunda, ya da anamla dükan-bazara gedəndə görübmüş məni. Demə, oğlan vurulubmuş mənə. Hadisələrin sonrakı gedişi, acı sonluğu da göstərdi ki, həm də dəlicəsinə vurulubmuş, elə bu məcnunluğu sonralar iki tayfanın, iki böyük nəslin arasında ədavətə, hələ indiyəcən də davam edən düşmənçiliyinə səbəb oldu...
Dediyim kimi, çox varlı, imkanlı ailə idilər. Uzun müddət idi ki, qız evinə elçiliyə gəlib-gedir, "olmaz, vermirik" cavabından usanmırdılar. Oğlan tərəfindən tayfanın ağsaqqalları, ağbircəkləri qapımızı yağır etmişdilər. "Yox" cavabı ala-ala axır vaxtlar lap yalvar-yaxara keçmişdilər.
Atam isə ipə-sapa yatmayıb qəzəb donunu soyunmur, "yox ki, yox, olmaz, bu iş olmayacaq, mən hara, Bilal hara, biz Hacı Ələkbərlilər hara, Mığımlılar hara?
Ay-hay, mən qız böyütmüşəm ki, Mığımlılara verəm? Məndə sizlərə verəsi qız yoxdur. Sizdən birin almışam bəsdir. Məyər bilmirsiz, bizdə qız aldığın tayfaya qız verməzlər? Anamı göstərib, sizlərdən olan bu Nəcibə bizə yetər, gedin, itiyinizi başqa yerdə axtarın. Məndə sizin sülaləyə veriləsi qız yoxdur", - deyib durur, daş atıb başını tuturdu.
- Əslində elə dediyi kimiydi, yaşca məndən böyük dörd bacımın hamısını öz tayfasından olan əmi uşaqlarına, yaxın əqrəbalarına ərə vermişdi, - əlavə edir.
Məni, beş qardaşın, beş bacının sonbeşiyini, ailənin ən sevimli övladını beləcə "əzizləyib" bağırlarına basa-basa böyütdükləri qızcığazı gözlərindən kənarda qoymağa qıymırdılar.
"Bəs ananız, ananız bu işə necə baxırdı?" sualıma:
- Hə, anam! Anamın nə həddi var idi ki, ərinin, Hacı Kənan ağanın bir sözünü iki eləyə, ya da öz sözünü deyib fikir bildirəydi?!. Kişinin elə zabitəli, qəti hökmü var idi ki, daş divarları belə yarıb keçərdi. Bir tirin altında üç kəbinli arvad saxlayırdı, gözümü açıb o qəziyyə baş verən vaxtacan anam qarışıq onlardan hansının xanım, hansının anamın üstünə gəlmiş günü, hansının hansı bacımın, ya qardaşımın anası olduğunu biz qardaş-bacılar bilmirdik.
Onları bir-bir öz adları ilə, - "Nəcibə ana", "Zəkiyyə ana", "Gülöyşə ana" deyib çağırardıq. Hələ bir Fəxriyyə də vardı ki, onu da xala çağırardıq. Fəxriyyə xala Hacı ağanın evimizə aldığı sonuncu gözçəsiydi. Onu siğə eləmişdi.
Mən: - Bu hesabla dörd oldu ki, - deyə dəqiqləşdirirəm.
- Hə, eləydi. Fəxriyyə xala sonradan tapılanlarından idi. Ondan qardaş-bacımız da olmadı.
Susur, xəyallanır, fikri hiss edirəm ki, onu harasa, bəlkə elə o xanımla bağlı hansı bir xatirənin ardınca götürüb gedir.
Handan-hana başını qaldırıb üzümə baxır, gülümsəyir və davam edir:
- Sonralar Fəxriyyə xaladan başqa, arvadların hamısı Hacı xanım oldular. Arvadlarının Hacı ağa çağırdığı Hacı Ələkbər kişi, atam onları növbə ilə, ildə birini özü ilə Kəbə ziyarətinə aparıb Hacı xanım elədi.
Yarızarafat, yarıgerçək sözümdən qalmadım:
- Qoçaq adammış atanız, millət birinin öhdəsindən gələ bilmir, o isə, ay maşallah! - deyib söz atdım.
Atmacamı göydə tutmuşdu. Gülüb, üzümə baxırdı. - Hələ bu harasıdır? Daha nələr, nələr var, - deyib, elə gülə-gülə də söhbətinə davam edib:
- Hə, nə isə məni beləcə orada-burada "gizlədirdilər". Ara nisbətən bir balaca sakitləşmişdi. Aradan iki il ötmüşdü ki, atam rəhmətə getdi. Qardaşlarımla evə, yurda qayıtdım. Ata itirmişdik, hamımız hüznlüydük. Evin əhli-əyalı bir yana qalsın, kiçik şəhərimizin dul arvadlarının da göz yaşı leysan olub axırdı, ta kişinin ilinəcən o göz yaşları qurumadı. O qədər gəlib-gedib "Hacı ağa"ları üçün ağı deyib, şivən qoparırdılar ki, axırda anam dözmədi, "sizin oxşayıb ağladığınız o Hacı ağanızın yeri görüm, bir az da dərin olsun. Sizin yanınızda halal-hümmət arvadları bizlər yalan olduq. O Hacı Kənanınız odur ee, yatıb Dədə Maqsudda (məzarlığın adı). Gedin orda ağlayın, haydı, gedin, bir daha buralarda sizi görməyim", - deyib o arvadları birtəhər başımızdan elədi.
Bu müxtəsər tarixçədən sonra sözünü tamamlayıb yenə də güldü...
Mən də özümü saxlaya bilməyib elə gülə-gülə:
- Daha deyin, Hacı Kənan ağa "savab" əhli olub ki, - deyə yenə araya söz atdım.
- Hə, eləydi, - deyib gülə-gülə söhbətini davam etdirdi:
- Kişinin yaxşı imkanı vardı, pul sarıdan da kalan idi. Görünür, o da əl tutmağı, pul xərcləməyi belə "xeyir işlər"də görürmüş...
Mənə görə isə vəziyyət başqaydı. Humayyə yəqin Kənan Hacının zövcələri ilə aralarında bu haqda indi mənə açıb demək istəmədiyi bəzi məzəli əhvalatlar olmuşdu. Və indi danışdıqca bax onları xatırlayıb gülürdü, dodağı qaçırdı. Eh, qoy təki belə olsun, dodağı qaçsın, gülsün, qəh-qəhə çəkib gülsün...
*
Humayyənin atası ilə bağlı bu söhbətlərindən onu da anladım ki, dilə gətirməsə də, kişidən sınıbmış. İçində hələ də xatırladıqca qoru közərən kül topası var. Qaynağı, kökü isə o Mehdadın bir vaxt ona uzanan, ancaq çatmayan, qucaqlaya bilməyən qolları imiş...
*
...Belə, sözünə ara verib, dərindən nəfəs aldı. Sanki illərlə ürəyində, ya da çiynində daşıdığı ağır bir yükdən xilas olmuşdu. Başını azacıq yuxarı dikəldib baxırdı, gözləri dolmuşdu. Ancaq indicə yenə də gözlərini gizlədəcək, endirəcəkdi. Elə dediyim kimi də oldu, baxışlarını yenə gizlətməyə çalışıb gah susa-susa, gah da baxışlarını harasa dikə-dikə sözünə davam edir:
- Kiçxannılar, Mehdadın ata-anası əlacsız qalıb bu dəfə çarəsizlikdən daha təhdidə, hədə-qorxuya keçdilər...
*
Nə bilim... Ağıllarına, başlarına hardan girmişdi. Bəlkə də şeytan işi idi...
...Atam beş oğlunu, qardaşlarını, özünə arxa bildiyi yaxın-uzaq əqrəbalarını, daha kimləri səfərbər elədi, hamısının da əli tüfəngdə, barmaqları da tətikdəydi. Məni məktəbdən ayırdılar. Atamın kifayət qədər pulu var idi və kirayələdiyi müəllimlər evə gəlib mənə dərs verməyə, bilik öyrətməyə başladılar. Evdən küçəyə çıxmağım beləcə yasaqlandı.
Bir neçə dəfə ötəri gördüyüm, heç salam verib, salamını almadığım, səsini belə eşidib xatırlamadığım, kəlmə kəsmədiyim oğlanın özü bir yana, qohum-əqrəbasından belə məni hifz edib qorumaya aldılar...
*
...Sonra da, nəhayət, bu qəmli olay, hər yerdən əlacı üzülən, eşqindən Məcnuna çevrilən Mehdad çıxış yolunu öz intiharında gördü...
*
"Humayyəsiz yaşamaq istəmirəm. Onsuz bu həyat mənim üçün heçdir. Başqa çıxış yolu tapa bilmədim, həyatıma son qoyuram, əlvida. Mənim ölümümdə!.." Bu məktubu yazıb elə otağındaca naqandan gicgahına atəş açaraq intihar etmişdi.
*
Bu tifağı dağılmış oğlanın, Mehdadın öz acı, tərəfsiz eşqini etirafı ilə bağlı tək məktubu deyilmiş. Sən demə, günlərlə oturub qurduğu xəyallarla bağlı qalaq-qalaq məktublar yazıbmış. Və o məktubları da valideyinləri onun otağında görüb oxumuşdular.
*
Bundan sonra oğlan evi ilə qız evi arasında ədavət düşdü. Mehdadın ata-anası, qohum-əqrəbası, "öldürəcəyik, yaşamağa qoymayacağıq, nəslinizi kəsəcəyik", - deyib, əməlli-başlı ədavətə qalxdılar. Onsuz da, çoxdan çölə-bayıra çıxmağım yasaq edilmişdi. Ağır günlərim bir az da sərtləşdi.
Məcbur olub tez-tez yaşadığımız yerlərin ünvanlarını dəyişirdik. Hətta ölkədən çıxıb Təbrizə qədər gedib çıxdıq, tez-tez yerimizi dəyişəndə də məni mühafizə edib qoruyurdular.
*
Vaxt ötüb, zaman uzansa da, ara hələ də soyumurdu ki, soyumurdu. Qardaşlarım da mənə görə öz iş-güclərindən olmuşdular. Biri Bakıda, o birisi İstanbulda, Təbrizdə işlərini buraxıb məni, ailəmizi qorumaq üçün kiçik şəhərimizə yığışmışdılar.
Qardaşlarım, - "xətər yetirərlər, qaçırarlar", ya "qətlə yetirərlər" qorxusu ilə sonda məni yaşadığımız o kiçik şəhərdən köçürüb uzaqlaşdırmaq qərarına gəldilər.
Əvvəlcə Türkiyəyə, İzmirə getdik. Qardaşımın orada biznes işi var idi. Bir il dözdüm, sonra oralara uyuşa bilmədim, darıxdım.
İstanbula köçdük, orada da duruş gətirə bilmədim. Şəhərin gurultusu, sıxlıq, elə yenə də hər yerdə böyür-başımda qardaşlarım, onların məndən ötrü danışıb tutduqları mühafizəçilər bezikdirirdi məni...
Qardaşlarımın Bakıda da biznesləri var idi. Nəhayət, Bakıya üz tutduq. Burada toxdadım, özümü toparlamağa başladım. Oxudum, ali təhsil aldım. İş qurdum, kollektiv yaratdım, amma!..
*
Aradan altı il ötəndən sonra bir gün atamın məzarına ziyarətə getmişdim. Bacılarım, qardaşım arvadları da yanımda. Uzaqdan anasını oğlunun məzarı başında diz çöküb oturan gördüm. Tanıdım, oydu, Mehdadın anasıydı. Təyyilə xanım. Nə haldaydı, deyə bilmərəm... Ancaq şəksiz ki, bilənlər bilər, nakam oğul itirən anaların halındaydı...
Bacılarıma:
- Gözləyəcəm, qoy anası çıxıb getsin, sonra Mehdadın məzarını mən də ziyarət edəcəm, - dedim. - Heç olmasa, bir çınqılla da olsa, məzarını taqqıldadacam, - dedim. Bacılarım da, qardaşım arvadları da bir ağızdan:
- Sən nə deyirsən? Dəli olmusan? Olmaz, gedə bilməzsən, görən, eşidən-bilən olar. Onsuz da, hələ də bizdən bədgümandırlar, düşmənləri kimi baxırlar. Xəbər verən olar, - deyə ciddi-cəhdlə, - yox, olmaz, - deyə-deyə məni fikrimdən daşındırmağa çalışırdılar. - Başqa yerə yozan olar...
Mən isə fikrimdən dönən deyildim. Gedəcəm, o məzarı ziyarət edəcəm, deyə təkid edirdim.
*
Qadın oğlunun məzarı başında xeyli oturdu, biz də atamın qəbrinin üstündə yubandıq.
Nəhayət, Mehdadın anası oğlunun məzarından ayrılıb çıxıb getdi.
Qəbiristanlıqdan uzaqlaşdığına əmin olandan sonra bacılarımı atamın qəbrinin üstündə qoyub Mehdadın məzarına yaxınlaşdım. Sağlığında da məhəllədə, küçədə bir neçə dəfə uzaqdan görüb yanından ötdüyüm, əsla heç bir kəlmə kəsmədiyim oğlana məzar daşındakı rəsmindən ilk dəfə dönə-dönə baxdım. - Bəxtsiz, - dedim. Əyilib yerdən bir daş götürdüm. Əlimdəki daşla məzarın mərmər sinəliyinə döyəclədim:
Bəxtsiz adam, Mehdad, budur, mən gəlmişəm. Özün getdin, mən də illərimi yollara, ömrümü də bada verdim, - indi rahatsanmı? Toxdadınmı? -deyib elə beləcə ilk dəfə hönkürdüm, özüm üçün doyunca ağlayıb ürəyimi boşaltmağa çalışdım (Mənsə, fikirləşirəm, yəqinimdi ki, Mehdad üçün ağlayıb. Özümə elə belə də dedim. Eh, ürək, sən nələrə zindan imişsən...). Hələ də oturacaqdım, daha yenə də deyəcəklərim vardı, bacılarım gəldilər, dil töküb məni toxdada-toxdada Mehdadın məzarı başından uzaqlaşdırdılar.
*
Susdu, anidən başını qaldırıb üzümə baxdı. Gözləri dolmuşdu, ilk dəfə o həsrətli gözlərində kölgə gördüm. Başını astaca endirdi, yenə susdu.
Handan-hana mən sükutu pozdum, ondan:
- Mehdadın ailəsi sənin onların oğlunun məzarını ziyarət etdiyini bildilərmi? - deyə soruşdum.
O, elə sakitcə, aram-aram:
- Yox, bilmədilər, heç bunları onlara demək olardımı? Bilsəydilər, anası: - Gördünüzmü, mən deyirdim axı, oğlumu bu qız öldürdü, səbəbkar odur, indi də gedib məzarını qucaqlayır, - deyib təzədən bir mərəkə qoparar, növbəti qalmaqala səbəb olardı...
Köks ötürə-ötürə:
- Qorxuram, o vaxtdan bəri qorxuram, illərdir içimdə bir vahimə, xof var. Birini sevsəm, ya birinə "hə" desəm, Mehdadla olan kimi yenə bir faciə yaşayacağımdan, özümün də tərki-vətən olub, yenə də diyar-diyar dolaşacağımdan qorxuram, - dedi.
*
...Yenə yağış başladı, qəfil yay yağışı. Külək də əsirdi. Oturduğumuz köşkün şüşəbəndi də çırpınan damcılardan sanki qırov bağlayıb puçur-puçur olmuşdu...
*
Kipriklərini qaldırdı, həyat eşqi ilə qaynayan, həmişə şölə saçan o gözləri bu yay yağışı ilə qucaqlaşan buludlar kimi kölgələnmişdi, ətrafa həm həzin, həm də dərin bir hüzn saçırdı. İlahi, o gözlərin belə baxması necə də zülüm idi, məşəqqətli idi...
Təsəlli vermək istədim, ancaq həqiqəti, ürəyimdən keçənləri dedim:
- Humayyə, bax indi, bu danışdıqların, deyib-söylədiklərin sənin gecikmiş bir etirafındır. Qorxu yox, səni neçə illərdi qandallayıb, buxovlayıb saxlayan, eşqindir, sevgindir. Özün də bilmədən sevmisən Mehdadı. İnad edib neçə dəfə elçiləri qapınızdan qaytarılsa da, yenə də dönə-dönə, təkidlə qapınızı döyən valideynləri əl çəkməyəndə xoşlanmısan ondan. Özünə atəş açıb, həyatına son qoyanda da vurulmusan ona. Sevgini, sevdiyini qorxu bilmisən. Yenə də "qorxuram" deyirsən. Düz deyirsən, səni sevənlərdən birinə "hə" deyib onun sənə olan nakam sevgisinə, ürəyində onsuz kök salmış Mehdad sevgisinə kölgə salacağından qorxursan, - deyə uzun-uzadı təsəlli kimi bir izahat verdim.
*
Tələs, bu səfər Mehdadın sinə daşını daşla deyil, göz yaşlarınla döyəcləyəcəksən və gözlərindən axıb puçurlanan o damcıların harayı Mehdada daha tez yetişəcək.
Eh, mənim könül dostum, gözlərinin işığını qoru, özündən xəbərsiz ilk sevdiyinə və pünhan eşqinə şahid o şəhərə dönürsən, ağlama, Mehdadın məzarının başındakı o şəklə o məhəbbət yağan, məlhəm baxışlarınla hüzn apar...
Köhnə koma
27 iyul 2024-cü il
“Ədəbiyyt və incəsənət”
(19.12.2024)