Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün (09.04.2025-ci ildə) Bakıda - ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda səsləndirdiyi fikirlər sadəcə diplomatik ismarıc deyildi – bu fikirlər Azərbaycan-Türkiyə-KKTC üçbucağında yeni mərhələnin ideoloji konturlarını müəyyən edən açıqlama idi.
Bu çıxış, beynəlxalq siyasətdə cəsarətli mövqe nümayişi ilə yanaşı, tarixi ədalətin səsi kimi yadda qalacaq.
Doğrusu, iki qardaş ölkəmizlə bağlı (bəlkə də doğru çıxmaz deyə) dəqiqləşdirməyə ürək etmədiyim məyusedici bir xəbər fonunda, Bakıdan Lefkoşaya uzanan möhtəşəm çağırış mənim üçün yeni bir qürur qaynağı oldu.
Qardaşlarımızın Kıprısın rum kəsimində elçilik açmalarına dair xəbər ya doğru olmamalıydı, ya bu addımdan geri çəkilməliydilər, ya da bu xəbəri üstələyəcək sevindirici bir xəbər almalıydıq – aldıq!
Prezident İlham Əliyev ikili standartlara qarşı öz haqq səsini bir bayraq kimi ucaltdı!
Prezident Əliyev çıxışı zamanı 2004-cü ildə keçirilən Kıbrıs referendumu ilə bağlı BMT Baş katibinin çağırışını və sonucda rum tərəfinin birləşməyə qarşı çıxmasına baxmayaraq, Avropa Birliyinə üzv qəbul edilməsini xatırlatdı. Bu, sözün əsl anlamında ikili standartın Avropa diplomatiyasında necə kök saldığını göstərən bariz örnəkdir. Azərbaycan dövlətinin başçısı bu ədalətsizliyə toxunmaqla, beynəlxalq ictimaiyyətdə (necə deyərlər) susdurulmuş bir həqiqəti səsləndirdi.
Prezidentin “Bizim bu sahədə başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə bilərik, onu düşünürük” sözləri, Azərbaycan diplomatiyasının dərin qardaşlıq və əlbəttə, haqq-ədalət fəlsəfəsinə söykəndiyini sübut edir. Bu, təkcə siyasi açıqlama deyil – həm də Azərbaycanın öz milli maraqlarını ümumtürk qardaşlıq maraqları ilə uzlaşdırma bacarığıdır. KKTC-nin dövlətçiliyinə, müstəqilliyinə və beynəlxalq tanınmasına yönəlmiş bu açıq ismarıc, bölgədə formalaşmaqda olan yeni geosiyasi düzənin xəbərçisidir.
Bu çıxışla, Azərbaycan rəhbərliyi faktiki olaraq mənəvi ittifaq fəlsəfəsinin praktik konturlarını sərgilədi. Artıq Bakı yalnızca Ankara ilə deyil, Lefkoşa ilə bağlı da öz sözünü açıq şəkildə bölüşür. KKTC-nin beynəlxalq hüquqla tanınması yönündə Azərbaycan kimi önəmli bir ölkənin açıq dəstəyi, türk dövlətləri üçün də yeni yol xəritəsi ola bilər.
Ayrıca, biz bununla yeni dünya düzənində öz layiqli yerimizi də prinsipial olaraq müəyyənləşdiririk.
Forumun adı təsadüfi deyildi - bəli, “Yeni dünya nizamına doğru”! Prezident Əliyevin çıxışı, Azərbaycan-Türkiyə-KKTC üçlüyünün timsalında Türk dünyasının bu yeni düzəndə necə və harada mövqe tutacağını nümayiş etdirən manifest xarakteri daşıyır. Yəni, bu, Türk Dövlətləri Təşkilatı (TDT) içində, həm də daha geniş coğrafiyada birlik və həmrəylik çağırışının özüdür.
Bəli, zaman bizi təsdiqləyir!
Azərbaycan bu gün təkcə iqtisadi və enerji mərkəzi olaraq deyil, həm də geosiyasi əxlaqın daşıyıcısı kimi çıxış edir. Prezident Əliyevin KKTC ilə bağlı tarixi çağırışı, zamanın vicdanını səsləyən açıqlama idi. Bu açıqlama ilə birlikdə, Azərbaycanın Türk dünyasında liderlik rolu daha da möhkəmləndi.
Özü də, axı bu yalnız indi və yalnız bir dəfə ifadə edilmiş mövqe deyil. Gəlin yada salaq:
- Tarixən, KKTC Türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır;
- Azərbaycan olaraq, KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını dəstəkləyirik. Bu çox təbiidir, çünki tarixən KKTC Türk dünyasının bir parçasıdır;
- Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur. - KKTC-nin TDT-nin müşahidəçi seçilməsini çox sevindirici hal adlandıran Azərbaycan Prezidenti 2023-cü il sentyabrın 7-də belə deyirdi: “Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm! Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”! -
- Bunlar KKTC haqqında geniş rezonans doğuran fikirlərindən yalnız kiçik bir bölümüdür.
Bəli, Prezident İlham Əliyev KKTC ilə bağlı bir sıra önəmli və tarixi əhəmiyyət daşıyan fikirlər səsləndirib. Onun çıxışlarında ardıcıl olaraq qardaşlıq, ədalət, beynəlxalq hüququn prinsipləri və Türk dünyası ilə həmrəylik vurğulanır.
Prezident İlham Əliyev “Quzey Kıprıs Türk Cümhuriyyəti” ifadəsini beynəlxalq platformda - Türk Dövlətləri Təşkilatının Səmərqənd (2022) Zirvəsində
açıq şəkildə işlətdi və KKTC nümayəndə heyətini təşkilatın Zirvə toplantısında salamlamaqla əsl diplomatik dəstək verdi.
Türk Dünyası Media Platforması üçün 2023-cü il müsahibəsində də İlham Əliyev KKTC-nin tanınmasını, təkcə Kıprıs türklərinin deyil, bütün Türk dünyasının məsələsi kimi xarakterizə etdi.
İlham Əliyev dəfələrlə çıxışlarında Kıprıs türklərinə qardaş xalq deyə müraciət edib, onların uzun illərdir üzləşdiyi haqsızlıq və beynəlxalq izolasiya siyasətini tənqid edib.
Azərbaycan və KKTC arasındakı bağların inkişafı, təkcə iki dövlət üçün deyil, bütün Türk dünyası üçün strateji önəm daşıyır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan, KKTC-nin beynəlxalq aləmdə tanınması və haqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmaqdadır. Bu münasibətlərin daha da möhkəmlənməsi, bölgəsəl sabitlik və işbirliyi üçün yeni imkanlar yaradacaqdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)