ABİDƏLƏRİMİZ - Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Yüksək peşəkar səviyyədə hazırlanmış Vaqif türbəsi qoruq şəhər olan Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirmiş gözəl abidədir.

 

1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu.

Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.

Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir.

1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. 

İkinci Qarabağ müharibəsində qələbəmizdən sonra isə  Molla Pənah Vaqif türbəsi üzərində  abadlıq işləri aparılıb.

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. AR Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.