“Dağ ömrü yaşaram qoşa yeddidə...” – FƏXRİ MÜSLÜMÜN ŞEİRLƏRİ Featured

 

Tanınmış şair Fəxri Müslüm yeni şeirlərini portalımıza ünvanlayıb. Bu 10 aprel günü həm də onun doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, şeirlərini oxucularmıza təqdim edirk.


İl-il artıb, doldu yaşa, yeddi də

Hələ də, dağların ruhu var məndə,
Dağ  ömrü yaşaram qoşa yeddidə.
Çiçəkli, çəmənli yaşıl yamacda,
Ömrümü  cızardım daşa, yeddidə.

Nə bilərdik, necə keçir il-ildən,
Ayaq yığılmazdı bayırdan, çöldən,
Tutub buraxmazdı xəta da əldən,
Hərdən  iş gələrdi başa, yeddidə.

Dağ-aran yolunda yol uzanardı,
Gözlərdə zirvələr, yal uzanardı,
Yol-izdə qalmağal, qal uzanardı,
Boran da çırpardı qaşa, yeddidə.

Nə yaxşı, ömrün də, yaylağı vardı,
Dodağı göynədən bulağı vardı.,
Yaylıma daşıyan  oylağı vardı,
Günümüz keçməzdi boşa, yeddidə.

Can da  baharıyla,  yazıyla  keçdi,
Alına yazılmış yazıyla, keçdi,
Bir kövrək sim üstə sazıyla keçdi,
Hələ də, göynədir,
Damcı-damcı gözüm yaşı, yeddi də.

Onda şairliyi Allah bilirdik,
Bir bənd fikirləşib tez də, silirdik,
Hiss edib çiçək də, gül də, gülürdü,
Gülürdü, söz naşı, naşı, yeddi də.

Sonra  fikirləri sərhəd haqladı,
Ağrılı, acılı  min dərd haqladı,
Enişli, yoxuşlu min sədd haqladı,
İl-il artıb, doldu yaşa, yeddi də.

Hələ də, dağların ruhu var məndə,
Dağ ömrü yaşaram qoşa yeddidə.
Çiçəkli, çəmənli yaşıl yamac da,
Ömrümü  cızardım daşa, yeddidə.
                                          31.03.25.
 


Bağdan-bağatdan yaz düşüncələri.

Xalları gül üstə gülür yoncanın,
Oyanıb sinəmdə söz, havalanır.
Boy verib vələmir dənə gəlibdi,
Könlümdə baharım, yaz, havalanır.

Almanın puçuru düymə-düymədi,
Vaxtsız düşər deyə əlim, dəymədi,
 Nə yaxşı yan keçib dolu döyməyib,
 Tutulub mehinə  üz, havalanır.

Açıb qanadını tut da göylərə,
Barla müjdə verir hətda, göylərə,
Yonulub çanaqtək düşüb öylərə,
 Gümüşü sim üstə saz, havalanır.

Zoğal bozqurd kimi bozarıb qalıb,
Zoğu xırda-xırda qızarıb qalıb,
Qulluqdan, ya sudan sozalıb qalıb,
Oddan-ocağından köz, havalanır.

Akasiya sığınıb küncə-bucağa,
İynə-tikanından gəlməz qucağa,
Qazanda meyvəsin assan ocağa,
Keçibuynuzundan göz, havalanır.

Şamlar qərib-qərib sıralanıbdı,
Ancaq buludlardan yararlanıbdı,
Boy verib yer-yurddan aralanıbdı,
Sanki mələksayaq naz, havalanır.

Ara-sıra yemlik dəyir gözlərə,
Ha yedikcə taqət verir dizlərə,
Şipşirincə dadın qatır sözlərə,
Ömrümdən-günümdən  iz, havalanır.

Xalları gül üstə gülür yoncanın,
Oyanıb sinəmdə söz, havalanır.
Boy verib vələmir dənə gəlibdi,
Könlümdə baharım, yaz, havalanır.
                                         04.04.25

       

Gedir

Nə sabahı, sabah, nə günü, gündü,

Salıb mısmırığnı sürünüb, gedir.
Yaxşı ki, abırnı çən, duman örtür,
Gecəli, gündüzlü bürünüb, gedir.

Azar bizə qalıb, dərd bizə qalıb,
Yel tutan ayağa, ya dizə qalıb,
O taylı, bu taylı göz-gözə qalıb,
Araz, baxa-baxa, dirənib, gedir.

Nə bu sirr açılır,  nə fal açılır,
Basıbdı basarat nə yol açılır,
O tayda nə örtük, nə şal açılır,
Bir yadın nəfsindən  çiyrənib, gedir.

Bu, hansı səfehdi  başlayır yenə?
Qədim torpağımda qışlayır yenə,
Özü bir ovucdu, quşlayır, yenə,
Qan başa vurduqca kürünüb, gedir.

İndi yalanlar da saman çöpüdü,
Kəfgirlə alınan qazan köpüdü,
Bilən sifətinə elə, tüpürüb,
Künə palanında görünüb, gedir.

Hasan səbbaların çulu düşübdü,
İtirib başını, beli, düşübdü,
Təbrizə hüriyyət yolu düşübdü,
Üçrəngli bayraqla yürüyüb, gedir.

Qapılar taybatay açılar bir gün,
Səhərlər umudla açılar, bir gün,
Haqqın da günəşi ucalar bir gün,
Ziyası könlümlə  dərilib, gedir.

Xalçamda ilmənin yerləri qalıb,
Xalında aypara gülləri qalıb,
Hələ də Turanın sirləri qalıb,
Elə,  nöqtə-nöqtə  aranıb, gedir.

Bu daşı, daş üstə hörüb  gözlərəm,
Hürrün qapısından girib, gözlərəm,
O günü ölmədən, diri, gözlərəm,
Can, kövrək sim üstə girlənib, gedir.

Nə sabahı, sabah, nə günü, gündü,
Salıb mısmırığnı  sürünüb, gedir.
Yaxşı ki, abırnı çən, duman örtür,
Gecəli, gündüzlü bürünüb, gedir.
                                        07.04.25.


Görkəmli rejissor Mərahim Fərzəlibəyova
        (  Zarafatyana )

Heç narahat olma, çox da əfəndim,
Vaxt gələr səksəni, yüzü, yazaram,
Açılar Ay kimi qaşın, qabağın,
Könlünə baharı, yazı, yazaram.

Hopar misralara əməlin, ruhun,
Çəkilər canından kədərin, ahın,
Rejissor işində sənintək şahın,
Sənətdə qoyduğu izi, yazaram.

Səhnə əsərlərin dil açar hər an,
Neçə ürəklərdə gül açar hər an,
Sinəndə bir kövrək tel açar hər an,
“Başsarıtel” üstə sazı, yazaram.

Dönərsən gəncliyə, özə, dönərsən,                       
Quzeyli, güneyli yaza dönərsən,                 
Dəli-dolu eşqdən közə dönərsən,
 Bir Mələk ovqatda nazı,  yazaram.

Onacan dünya da düzələr biraz,
Təzə əsər üstə söz ələr biraz,
Çəkilər sinirdən nizələr biraz,
Sıxıb yaddaşımı düzü, yazaram.

Çevrilər səhnəyə böyür də, baş da,
Oynayar yerindən qaya da, daş da,
Talenin yazdığı həmin o yaşda,
Canda ilmələnmiş sözü, yazaram.

Dost-tanış yaxşıdı yeri düşən də,
Adamı incidər biri, düşən də,
Ya qismət, sən çağır-,  biz görüşəndə,
Banketdə əllini, yüzü, yazaram.

Heç narahat olma, çox da əfəndim,
Vaxt gələr səksəni, yüzü, yazaram,
Açılar Ay kimi qaşın, qabağın,
Könlünə baharı, yazı, yazaram.
                                     20.03.25

 

Yaşadar

Salam, yaz yağışı, salam, göy üzü,

Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər  torpağa bağlı,
Göyərən  zəmilər, barın, yaşadar.

Adamı yazağzı bağ-bağat çəkər,
Adamı yazağzı tər ovqat çəkər,
Bu eşqin, istəyin hər qatı çəkər,
Gülü  puçur-puçur narın, yaşadar. 

Kəsilməz ayağı suyun, selin də,
Şellənər dənizin, çayın, gölün də,
Zirvənin başında, dağın belində,
Xarlamış, tar olmuş qarın, yaşadar.

Xalıtək yamacdan gözlər güllənər,
Meh əsib keçdikcə üzlər güllənər,
Gecə, böcəklərdən  şərqi yönlənər,
Adamı bir kövrək  xoru, yaşadar. 

Bilirəm kölgələr dərədən keçər,
Könlün də,  körpüsü  bərədən keçər,
Çiçək də, ətirdən,  şirədən  keçər,
Adamı bal üstə arın,  yaşadar.

Şenlənər yurd yeri, şenlənər ellər,
Canlanar canda da arzu, diləklər,
Ocaq çıtır-çıtır, alov, millənər,
Adamı, ya közü, qoru, yaşadar.
 .
Salam, yaz yağışı, salam, göy üzü,
Narın yağışınla, çənlə döy, üzü,
Çaşdırma gözümdə gecə, gündüzü,
Bu canı, bu ömrü yarı, yaşadar.

Salam, yaz yağışı, salam, göy üzü,
Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər  torpağa bağlı,
Göyərən  zəmilər, barın, yaşadar.
                                       21.03.25


Hava sapı qaçmış paltar kimidi

Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.

Göylərin üzündə buludlar kövrək,
Kipriyi yaş üstə bir himə bənddi.
Bu dəli  küləyin, yelin əlindən,
Ağlamaq  bir telə, bir simə bənddi.

Yazağzı sopsoyuq qılınc kimidi,
Döyüş meydanında savaş axtarır.
Cibi mədəsitək boş olanlar da,
Künə bir kafedə bozbaş axtarır.

Sükuta qərq olub şəhər də, kənd də,
Yazın da ilk günü şəhidlə bitdi,
Namərdlik elədi dağların qarı,
Qışı  da mərdimlə, igidlə bitdi.

Tanrıda,  hörmətə, izzətə bir bax,
Bu hava  “ Pasxanı” gözləyə gərək.
Əl qoya əkinə, tarlaya biraz,
Onların nazını izləyə gərək.

Yazın  qaranquşu  gecikir yenə,
Dağılmış yuvanın  çöpü yellənir,
Küləyin ağzında, yelin ağzında,
Çarpaz bağlaması, ipi yellənir.

Yer  var ki,  göylərdən od-atəş yağır,
Yer də var, nə haqqı, düzü bilən döy.
Dünya da tərsinə dönmədən belə,   
Bu köpək can verən,  nə də, ölən döy.

Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.
                                      23.03.25.


Bu günün

Elə yaxşıdı ki, hava da, göy də,
Günəşi gözlərdə gülür, bu günün.
Bulud da çəkilib küncə-bucağa,
Kölgəsi,  güneydə  ölür, bu günün

Könül puçur-puçur qönçələnibdi,
Bahar-yaz  üstündə cilvələnibdi,
Əllər  salavatda,  çömçələnibdi,
Göylərlə duasın bölür, bu günün.

Ağac çiçək-çiçək umud yeridi,
Tanrının dağından, daşdan bəridi.
İllərlə dolanan yadın şəridi,
Səsi, Urmiyadan gəlir, bu günün.

Meh ovqat oxşayır, canı oxşayır,
Açılan səhərlər, danı, oxşayır,
Nədənsə, hələ də, zaman axsayır,
Yaddaşda ağrısı qalır, bu günün.

Hələ də, hal-əhval nağıldan keçir,
Hər kəs uşaqlaşıb noğuldan keçir,
Elə çaqqallar var, ağıldan, keçir,
Üstünü qaramat alır, bu günün.

Günəş də, gah itir, gah üzə çıxır,
Dərd-azar gah belə, gah dizə çıxır,
Nə yaxşı, gecələr gündüzə çıxır,
Yazannı, pozannı bulur, bu günün.

Keçir  ömrümüz də, ilmədən belə,
Bilərəkdən, ya da bilmədən, belə,
Keçəmmir kəlamdan, kəlmədən belə,
Çəkib  gündəliynə salır, bu günün.

Elə yaxşıdı ki, hava da, göy də,
Günəşi gözlərdə gülür, bu günün.
Bulud da çəkilib küncə-bucağa,
Kölgəsi,  güneydə  ölür, bu günün
                                        28.03.25.


Bakıya

Qovlamısan çəni dağlar,

Gəlib çıxıb düz, Bakıya.
Bəs etmirmi tüstü filan,
Neftin iyi, qaz, Bakıya?

Hələ şirin yuxudasan,
Aya-günə yaxındasan,
Qışın da son oxundasan,
Erkən gəlir yaz, Bakıya.

Hər gün bir boy, ərik qalxır,
Boydan uca hörük qalxır,
Villalardan can karıxır,
Batman  gəlir söz, Bakıya.

Çaqqal da var, qudurubdu,
Yoxdan  qanun uydurubdu,
Özgə mülkü sökdürüb də,
Hərdən edir naz, Bakıya.

Elə bağ var künə qalıb,
Darvazası günə qalıb,
Dərd qıfılbənd, simə, qalıb,
Aça bilmir saz, Bakıya.

Yenə tezdən çən duruxdu,
Hər tərəfim  sədd, qoruxdu,
Yad, yarımçıq, yad, qırıxdı,
Çəkibdi dağ, köz, Bakıya.

Qovlamısan çəni dağlar
Gəlib çıxıb düz, Bakıya.
Bəs etmirmi tüstü filan,
Neftin iyi, qaz, Bakıya?
                         29.03.25.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.