“Sevgiyə nifrət edirəm, amma səni sevirəm...” - İlkin Özün ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı tanıdaq layihəsində bu gün sizlərə İlkin Özün şeirləri təqdim ediləcək, 

 

Hərdəmxəyal silsiləsi

 

*

İstəmirəm Adəm olum, günahı mən yaradım.

İstəmirəm həqiqəti məscid, məbəd, 

kilsələrdə axtarım.

İstəmirəm, güzgüyə baxıb 

Allahı orda tapım.

 

*

Göz yaşının mənbəyi

Buza dönmüş ürəkdi.

Bəs sentimental adamlar

Onda kimə gərəkdi?!

 

*

Ən optimal terapiya

və ən uğurlu motivasiya

Gözəl qızlarla 

söhbət etməkdi.

 

*

Ağ Bayraqlar

Ölkəsində

Qırmızıya yoxdu yer!

 

*

İndi biz bir telefon məsafəsi qədər

Uzaqda olsaq da, 

səsimiz bir-birimizə çatmır.

 

*

Xoşbəxt olmaq çətin deyil.

Bir fincan kofe,

maraqlı, bir kitab 

və bir qutu siqaret bəsdi.

 

*

Artıq heç nə vecimə deyil,

Ağ şaxtaya meydan oxuyan

Pinqivinlərdən və ayaq altda qalan

qarışqalardan başqa...

 

*

Yerdə qalanlar

"Günəşə daş atır,

it hürür, karvan keçir", - deyə

ucuz şairlər bahalı qəfəsdə

hey fikirləşir...

 

*

Səni sevmək üçün gəldim dünyaya,

Heyif, başqasına vuruldum...

 

*

Demos yuxuda gördü ki,

Demokratiya, əslində, seçmək üçün yox,

susmaq üçündü...

 

*

Qışa nifrət edirəm,

amma qarı sevirəm...

Dənizə nifrət edirəm,

amma balıqları sevirəm...

Qaranlığa nifrət edirəm,

amma gecəni sevirəm...

Sevgiyə nifrət edirəm,

amma səni sevirəm...

 

*

Nankorluq -

Günəş doğanda

Elektrik lampalarını

söndürməkdi.

 

*

Qadın tanrıtək qurban tələb edir!

Məsələn, onlara gül alarkən

çiçəkləri uğruna 

öldürdüyümüzü zənn edir...

 

*

Hər kəsin həyat fəlsəfəsi fərqlidir.

Yağış yağarkən kimsə axtarır çətir.

Kimsə torpaqdan gələn ətri

Ürəkdolusu içinə çəkir...

 

*

Bir gecə izləyirsənsə

Küləklərin rəqsini,

Bil ki, həmin külək

Səsindəki musiqini duyub...

Yox, əgər qulaqlarına çatırsa,

Qapqaranlığın qulaqbatıran səsi,

onda bil ki, Zülmət belə

məni dinləməkdən yorulub...

 

Riyazi poeziya

 

Bəzi insanların mənası,

bəzi misalların həlli

yox idi.

Kəsr xətti:

Surətdə sənin qiymətin,

Məxrəcdə "sıfır" kimi.

 

İkilik

 

İkilik say sistemində

iki rəqəm:

Bir mənəm, 

Sıfır sən.

 

Təklik

 

Biz əvvəl təkdik,

ikilikdə birləşdik.

Sonra ikiyə bölündük,

indi isə heçik...

 

Yaranış

 

Dostum P.Məmmədova

 

Tanrı həyatı,

həyat ədəbiyyatı, 

ədəbiyyat mədəniyyəti,

mədəniyyət isə bəşəriyyəti 

yaratdı...

 

Absurd

 

Həmkarım Azər Ərziyə

 

Şair, hələ

əsas məsələ

doğru insanı tapmaq yox, 

yanlış insanı sevməkdir.

 

Xülya

 

Bir yaz günündə

tanımadığım küçədə 

göz-gözə gəldiyim

gözəl qız mənə

söz verə:

Söz verə ki, 

hər səhər gözəlliyiynən öyünən 

sarımtıl saçlı Günəşin acığına 

uzaqlaşaq hər kəsdən...

Aylı gecə... sən və mən

söhbətləşək, 

şeirləşək,

sözləşək...

isitsin bizi külək.

Üşüsün "bəlkə"lərimiz,

qovuşsun boz kölgələrimiz...

 

Üçlük

 

Sofiyaya

 

Görən, hansı qüvvəydi,

bizi o gün rast salan:

Tanrı, Tale, yoxsa baxt?!

 

Eyni şəhər, eyni küçə, 

eyni vaxt

Səni görcək birdən-birə 

dəyişdi...

 

...Sonra əlimiz üstə

İtmi hürdü, bilmirəm?

 

Kənarlaşdım şəhərdən,

Küsdü küçə bir anda.

 

Düşdü əqrəblər qışa,

Daşa döndü zaman da.

 

Görən, kimdi günahkar,

Tanrı, Tale, yoxsa baxt?!

 

Həmin şəhər, həmin küçə, 

həmin vaxt

Mənə yaddı, mənə yaddı, 

mənə yad...

 

(Lənkəran-Cəlilabad)

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.