Super User

Super User

İsveçrənin Pratteln şəhərində sayca 20-ci dəfə "Birlikdə qeyd edək" adlı multikultural festival keçirilib. Festivalda Azərbaycan, Albaniya, Finlandiya, İspaniya, Peru, Portuqaliya və digər ölkələrin milli rəqsləri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Azərbaycanın Dostları" Birliyinin nəzdindəki "Buta" rəqs dərnəyinin yeniyetmələrdən ibarət qrupunun çıxışı böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Çıxışın sonunda qrup üzvlərinə kiçik hədiyyələr təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

 

Thursday, 19 December 2024 17:17

Gülüş klubunda ağıllı icarə başçısı

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Mənə 100 manat ver, sabah bu vədə sənə üstündə də 50 manat artıq qaytaracam. 

-Sən öl 100 yoxumdur, 100-ü qoyaq bir kənara, onda sabah bu vədə gəlib 50-ni səndən götürüm də. 

 

2.

Bizim xalq çox qədirbilməzdir. Şikayətlənirlər ki, kərə yağı 12 manatdan 20-yə qalxıb, ət 3 manatdan 19-a qalxıb, xamanın 300 qramı 2, 50-dən 4-ə qalxıb, ay nə bilim, melit xiyar tarixinin rekorduna - 7 manata çıxıb. Amma heç deyən yoxdur ki, “Bugatti veyron” avtomobili 2,5 milyondan 2,495 milyona düşüb, yaxtalar 3 milyondan 2,9 milyona düşüblər, Londonda 5 milyona mülk almaq istəyənə tarif şuramız 10 minlik kupon verir və s.və i. 

 

3.

Əsəd daha yoxdu, yerində Əsəb gərginliyi var.

 

4.

İcra başçısının şəhərin hər yerinə vurulan aforizmlərindən bəziləri:

Rayon onda əsl rayon olar ki, rayonlular əsl rayonlular olsunlar.

Kəndlərdə eşşək saxlamaq lazımdır, suyu və odunu daşımaq üçün eşşəyə benzin tökmək lazım deyil. 

Çörəyi hər kəs öz təndirində bişirsə, elə digər produktları da hərə özü öz həyətində istehsal eləsə, daha marketlərə lüzum qalmaz!

Tolerant olub multikultural dəyərlərə söykənən kreativ gənclərimiz COP-dan sonra qloballşamaya daha da inteqrasiya edirlər. 

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Novruz Nəcəfoğlunun hekayəsi təqdim edilir. 

 

O idi, Humayyəydi, zəng vurmuşdu.  Dönüb, elə sevindim ki, nə ola, o məlhəm ünvandakı köşkə yenə gələ. Getdiyi yoldan, ötdüyü izdən, ayaq ləpirlərini oxşayan yurddan, yeni xatirələrindən danışa, bir ömür dinləyərdim. Bilirəm, uzun kiprikləri, hilal qaşları, mavi gözləri, mübhəm, şəfqətli baxışları da yenə elə onun özüylədir, gətirib, gəlib...

 *

...Onunla iş başında görüşüb tanış olmuşduq. Çalışdığı yerdə iş vaxtı baş verən bir dadsız, xoşagəlməz olay isə münasibətlərimizə yeni bir məzmun verdi. Eşitdim ki, bəs, adı Humayyə olan bu xanım yerin bilməzi, boşboğazlıq edib saatlarla aranı qatan, özündənrazı, əslində isə bivec bir kişini boğazlayıb divara dirəyərək əməlli-başlı "tənbeh" eləyib. Əhvalatla bağlı marağım tanışlığımızı dostluğa, səmimi ünsiyyətə doğru çəkdi.  

Bu yerlərdə qərib sayılmazdı, Güney ellərimizdən idi, Ərdəbil mahalından, Meşkin şəhərindən. Ancaq elə bəlkə də bu səbəbdən bir az çəkingənliyi vardı. Bilirdim ki, iş yerində də ürək qızdırdığı həmdəmi, yaxın dostu da yox idi. Tez-tez görüşməyə başlamışdıq. Söhbətimiz də tuturdu.

 

*

...Uca, mütənasib qaməti, incə-zərif əndamı, hilal qaşları, sıx, qapqara, uzun şəvə saçları ilə elə nağıllardakı şahları taxtdan salan, can alan o "dilbərlər"ə, "pərilər"ə bənzəyirdi.

Qənirsiz gözəl idi. Görüb bilənlərdən eşitmişdim ki, Ərdəbil civarında gözəl bir xanımla rastlaşanda sorğu-sual eləməmiş, - yəqin "Meşkindəndir", - deyib, dodaqlarının altında pıçıldarlar.

İri, mavi, uzun sıx kiprikləri ilə halqalanmış can alan gözləri ilə qarşısındakına məlahətlə baxır, sonra da gülümsünüb başını endirir, həmişə təravət saçan o baxışlarını həmsöhbətindən gizlədirdi. Bəzən saatlarla üz-üzə otursaq da, o gözləri qəfil, ya da "qaçaraq" anidən görə bilirdim. Nə vaxtsa, nədənsə qorxmuş, kimdənsə qısqanmış kimiydi. Sanki gözlərinə hardansa kölgə düşəcəyindən, ya da "nəzər" dəyəcəyindən qorxurdu. Hər halda, mən belə düşünürdüm.

Rahat işi, yaxşı təşkilatçılıq bacarığı, idarəçilik səriştəsi var idi. Çalışqandı, işgüzar olduğu qədər də diqqətliydi. Bu səbəbdən də əhatəsindəkilər tərəfindən sevilirdi. Qazancı, yaşayışı da çoxları üçün həsəd doğuracaq qədər yetərliydi.

Qarşılaşanda sanki öz doğmasını, yaxınını görürmüş kimi sevinir, haldan-hala düşür, elə bil nəsə daxilən gərginliyi artır, sonra da birdən-birə əmin-arxayın rahatlaşıb rayihələnirdi. Elə mən də ona öz doğmalarımdan biri kimi baxırdım, bəzən halına qayğılanırdım da...

Qəribəlikləri çox idi. Məni böyük qardaşı kimi bilib, "Ağa, bəy" çağırırdı. Bəy ifadəsindən xoşlanmasam da, onun dilində bu ifadə mənə çox dadlı gəlirdi.  İndi düşünürəm ki, elə qardaşdan da çox qardaş-bacı olmuşduq. Tədricən sirdaşa çevrilmişdik. Bax, indi sözümün əvvəlindəki fikrimdən imtina edirəm. Burada qəribəlik nədir ki?..

Görüşüb söhbətləşəndə ən çox işdən, çevrəmizi əhatə edən adamlardan, gündəlik məişət dərd-sərindən danışardıq. Axır vaxtlar söhbətlərimizin mövzusu tədricən xeyli dərinləşirdi. İnsanın mənəvi dünyası, inancı, yaşam qayəsi, həyat fəlsəfəsi, xeyirxahlıq, yaxşılıq və bədxahlıq, nə bilim, belə-belə çox şeydən danışırdıq.

Ordan-burdan söz-söhbət hardansa qəfilmi, ya elə mətləb üstünə gəlib həyatda sevib-sevilməyə çatanda o köks ötürər, susub durardı.

Hər görüşəndə, rastlaşanda ilk ağlıma gələn bu olurdu ki, bu qədər gözəl, lətafətli, dili şirin, nəzakətli, qadına xas belə bütün məziyyətlərə sahib xanım əcəba, yaşı ötsə də, indiyəcən niyə ailə həyatı qurmayıb? Sevənimi olmayıb? Yox, buna nəinki inanmaq, heç ağla gətirmək də naşılıq olardı, belə gözəl qadın sevilməzmi?..

 

*

Doğulduğu məmləkətə, ata ocağına dönəcəkdi. "Doğma elinə, ocağına bizlərdən salam apar",  - deyə bir də doyunca söhbət edib uğurlamaq üçün birlikdəydik. Arada: "bəlkə bir də daha heç dönəsi olmadım" kimi fikirləri də dilinə gətirirdi. İçimdə bu fikrinə razı olmasam da, - Nə üçün? niyə dönməyəcəksən? - deyib etirazımı da bildirmirdim. Ancaq "gedirəm" deyəni yolundan saxlamaq olmaz ki...

Yenə görüşdük, elə həmişəki yerdə, kiçik şəhərin məlhəm ünvanlarından olan, sinəsinə taxta komacıqlar səpələnmiş abad guşəsində.

 

*

Elə bu görüşümüzdə də xeyli söz-söhbətdən sonra ona eşitdiyim bir əhvalatı danışdım. Səkkiz yaşındakı Xaqan adlı bapbalaca bir oğlan evlərində bir məclisdə xala çağırdığı xanımdan:

- Cəmilə xala, sənin neçə yaşın var? - deyə soruşur. Cəmilə xalası da:

- Ay bala, ay kişi qırığı, yadında saxla ki, kişi xeylağı qadından yaşını soruşmaz, o ki, qaldı yaşıma, otuz beşdir, - deyir.

Oğlan əllərini xala çağırdığı xanıma tərəf uzadıb ölçə-ölçə canıyananlıqla:

- Cəmilə xala, yaşın keçib ee, - deyə çoxbilmişliklə dillənir, - evdə qalacaqsan, niyə ərə getmirsən, tez ol ee, evlən...

Müasir uşaqların yaşlarından böyük, bir qədər də həqiqətə uyğun "ağıl vermək" kimi iddiaları, təkəbbürləri, düşündürücü olduğu qədər həm də belə məzəli mükaliməsi əslində nikbin, xoş bir əhval-ruhiyyə yarada-yarada həm də ən azından adamın dodağını qaçırır...

Ancaq o gün nəql etdiyim bu əhvalatdan Humayyənin nə dodağı qaçdı, nə də qaşlarını çatıb təəccübləndi...

 

*

Qabağımızdakı çay soyuyurdu. O, stəkana əl uzatmırdı, mən də qeyri-müəyyən bir əhvaldaydım. O susduqca mən də dinib danışmırdım.

Ürəyimdə fikirləşirdim ki, yəqin ehtiyatsızlıq, diqqətsizlik edib xətrinə dəymişəm. Beləcə, düşünə-düşünə bu naqolay vəziyyətdən çıxmaq üçün yollar axtarırdım. O isə hələ də başıaşağı oturub, elə hey süfrənin saçaqlarını aramsız sığallayırdı.

Axır ki, handan-hana başını qaldırdı. Hüzn yağan gözlərini üzümə dikib məhrəm baxışlarını mənə dikdi. Gülümsədi, yox, əslində gülümsəməyə çalışdı, eləcə baxırdı.

Çox pərt olmuşdum. "Xətrinizə dəydim", - deyib uzun-uzadı üzrxahlıq eləmək istəyirdim ki, tez sözümü kəsdi:

- Yox, əsla, yox. Düzünə qalsa, danışdığınız çox məntiqli, adamı yerindən tərpədən, düşündürən bir hekayət oldu, - dedi. - İndiki balacalar belədi də, hələ mənim qardaşım, bacım uşaqları, onların nəvələri bilirsiz, hardan deyib, nələrdən danışırlar? Geri dönəcəyimdən xəbər tutub, indidən hərəsi bir rəvayət danışır. Hər şey yaxşıdı, qaydasındadı, - deyib məni sakitləşdirmək istədi.

Soyumuş çaydan bir qurtum içdi. Bardağı yerinə qoyub başını yenidən aşağı endirdi. Bir qədər fikrə daldı. Sonra da başını qaldırıb elə əvvəlki tövrlə üzümə baxdı, udqundu, köks ötürdü.

- Sizə buralarda  indiyəcən heç kəsə danışmadığım, hələ də kimsənin eşidib-bilmədiyi bir əhvalat danışmaq istəyirəm, - dedi.

Mən:

- Sirdirsə, həm də kimsə bilmirsə, bəlkə heç danışmayın, - dedim, - elə sirr kimi saxlayın...

- Yox, özümlə bağlıdır, öz həyatımla, öz taleyimlə, sizə danışa bilərəm -deyib indi qələmə aldıqlarımı, bu acı hekayəni nəql etdi...

 

*

...Adı Mehdad idi və o Mehdad yaşadığımız kiçik şəhərin sayılıb-seçilən bir nəslinin övladı idi.  Ailənin təki, yeganə oğlu. O vaxt Mehdadın iyirmi, mənim isə on yeddi yaşım var idi. Yəqin məktəb yolunda, ya da anamla dükan-bazara gedəndə görübmüş məni. Demə, oğlan vurulubmuş mənə. Hadisələrin sonrakı gedişi, acı sonluğu da göstərdi ki, həm də dəlicəsinə vurulubmuş, elə bu məcnunluğu sonralar iki tayfanın, iki böyük nəslin arasında ədavətə, hələ indiyəcən də davam edən düşmənçiliyinə səbəb oldu...

Dediyim kimi, çox varlı, imkanlı ailə idilər. Uzun müddət idi ki, qız evinə elçiliyə gəlib-gedir, "olmaz, vermirik" cavabından usanmırdılar. Oğlan tərəfindən tayfanın ağsaqqalları, ağbircəkləri qapımızı yağır etmişdilər. "Yox" cavabı ala-ala axır vaxtlar lap yalvar-yaxara keçmişdilər.

Atam isə ipə-sapa yatmayıb qəzəb donunu soyunmur, "yox ki, yox, olmaz, bu iş olmayacaq, mən hara, Bilal hara, biz Hacı Ələkbərlilər hara, Mığımlılar hara?

Ay-hay, mən qız böyütmüşəm ki, Mığımlılara verəm? Məndə sizlərə verəsi qız yoxdur. Sizdən birin almışam bəsdir. Məyər bilmirsiz, bizdə qız aldığın tayfaya qız verməzlər? Anamı göstərib, sizlərdən olan bu Nəcibə bizə yetər, gedin, itiyinizi başqa yerdə axtarın. Məndə sizin sülaləyə veriləsi qız yoxdur", - deyib durur, daş atıb başını tuturdu.

- Əslində elə dediyi kimiydi, yaşca məndən böyük dörd bacımın hamısını öz tayfasından olan əmi uşaqlarına, yaxın əqrəbalarına ərə vermişdi, - əlavə edir.

Məni, beş qardaşın, beş bacının sonbeşiyini, ailənin ən sevimli övladını beləcə "əzizləyib" bağırlarına basa-basa böyütdükləri qızcığazı gözlərindən kənarda qoymağa qıymırdılar.

"Bəs ananız, ananız bu işə necə baxırdı?" sualıma:

- Hə, anam! Anamın nə həddi var idi ki, ərinin, Hacı Kənan ağanın bir sözünü iki eləyə, ya da öz sözünü deyib fikir bildirəydi?!. Kişinin elə zabitəli, qəti hökmü var idi ki, daş divarları belə yarıb keçərdi. Bir tirin altında üç kəbinli arvad saxlayırdı,  gözümü açıb o qəziyyə baş verən vaxtacan anam qarışıq onlardan hansının xanım, hansının anamın üstünə gəlmiş günü, hansının hansı bacımın, ya qardaşımın anası olduğunu biz qardaş-bacılar bilmirdik.

Onları bir-bir öz adları ilə, - "Nəcibə ana", "Zəkiyyə ana", "Gülöyşə ana" deyib çağırardıq. Hələ bir Fəxriyyə də vardı ki, onu da xala çağırardıq. Fəxriyyə xala Hacı ağanın evimizə aldığı sonuncu gözçəsiydi. Onu siğə eləmişdi.

Mən: - Bu hesabla dörd oldu ki, - deyə dəqiqləşdirirəm.

- Hə, eləydi. Fəxriyyə xala sonradan tapılanlarından idi. Ondan qardaş-bacımız da olmadı.

Susur, xəyallanır, fikri  hiss edirəm ki, onu harasa, bəlkə elə o xanımla bağlı hansı bir xatirənin ardınca götürüb gedir.

Handan-hana başını qaldırıb üzümə baxır, gülümsəyir və davam edir:

- Sonralar Fəxriyyə xaladan başqa, arvadların hamısı Hacı xanım oldular. Arvadlarının Hacı ağa çağırdığı Hacı Ələkbər kişi, atam onları növbə ilə, ildə birini özü ilə Kəbə ziyarətinə aparıb Hacı xanım elədi.

Yarızarafat, yarıgerçək sözümdən qalmadım:

- Qoçaq adammış atanız, millət birinin öhdəsindən gələ bilmir, o isə, ay maşallah! - deyib söz atdım.

Atmacamı göydə tutmuşdu. Gülüb, üzümə baxırdı. - Hələ bu harasıdır? Daha nələr, nələr var, - deyib, elə gülə-gülə də söhbətinə davam edib:

- Hə, nə isə məni beləcə orada-burada "gizlədirdilər". Ara nisbətən bir balaca sakitləşmişdi. Aradan iki il ötmüşdü ki, atam rəhmətə getdi. Qardaşlarımla evə, yurda qayıtdım. Ata itirmişdik, hamımız hüznlüydük. Evin əhli-əyalı bir yana qalsın, kiçik şəhərimizin dul arvadlarının da göz yaşı leysan olub axırdı, ta kişinin ilinəcən o göz yaşları qurumadı. O qədər gəlib-gedib "Hacı ağa"ları üçün ağı deyib, şivən qoparırdılar ki, axırda anam dözmədi, "sizin oxşayıb ağladığınız o Hacı ağanızın yeri görüm, bir az da dərin olsun. Sizin yanınızda halal-hümmət arvadları bizlər yalan olduq.  O Hacı Kənanınız odur ee, yatıb Dədə Maqsudda (məzarlığın adı). Gedin orda ağlayın, haydı, gedin, bir daha buralarda sizi görməyim", - deyib o arvadları birtəhər başımızdan elədi.

Bu müxtəsər tarixçədən sonra sözünü tamamlayıb yenə də güldü...

Mən də özümü saxlaya bilməyib elə gülə-gülə:

- Daha deyin, Hacı Kənan ağa "savab" əhli olub ki, - deyə yenə araya söz atdım.

- Hə, eləydi, - deyib gülə-gülə söhbətini davam etdirdi:

- Kişinin yaxşı imkanı vardı, pul sarıdan da kalan idi. Görünür, o da əl tutmağı, pul xərcləməyi belə "xeyir işlər"də görürmüş...

Mənə görə isə vəziyyət başqaydı. Humayyə yəqin Kənan Hacının zövcələri ilə aralarında bu haqda indi mənə açıb demək istəmədiyi bəzi məzəli əhvalatlar olmuşdu. Və indi danışdıqca bax onları xatırlayıb gülürdü, dodağı qaçırdı. Eh, qoy təki belə olsun, dodağı qaçsın, gülsün, qəh-qəhə çəkib gülsün...

 

*

Humayyənin atası ilə bağlı bu söhbətlərindən onu da anladım ki, dilə gətirməsə də, kişidən sınıbmış. İçində hələ də xatırladıqca qoru közərən kül topası var. Qaynağı, kökü isə o Mehdadın bir vaxt ona uzanan, ancaq çatmayan, qucaqlaya bilməyən qolları imiş...

 

*

...Belə, sözünə ara verib, dərindən nəfəs aldı. Sanki illərlə ürəyində, ya da çiynində daşıdığı ağır bir yükdən xilas olmuşdu. Başını azacıq yuxarı dikəldib baxırdı, gözləri dolmuşdu. Ancaq indicə yenə də gözlərini gizlədəcək, endirəcəkdi. Elə dediyim kimi də oldu, baxışlarını yenə gizlətməyə çalışıb gah susa-susa, gah da baxışlarını harasa dikə-dikə sözünə davam edir:

- Kiçxannılar, Mehdadın ata-anası əlacsız qalıb bu dəfə çarəsizlikdən daha təhdidə, hədə-qorxuya keçdilər... 

 

*

Nə bilim... Ağıllarına, başlarına hardan girmişdi. Bəlkə də şeytan işi idi...

...Atam beş oğlunu, qardaşlarını, özünə arxa bildiyi yaxın-uzaq əqrəbalarını, daha kimləri səfərbər elədi, hamısının da əli tüfəngdə, barmaqları da tətikdəydi. Məni məktəbdən ayırdılar. Atamın kifayət qədər pulu var idi və kirayələdiyi müəllimlər evə gəlib mənə dərs verməyə,  bilik öyrətməyə başladılar. Evdən küçəyə çıxmağım beləcə yasaqlandı.

Bir neçə dəfə ötəri gördüyüm, heç salam verib, salamını almadığım, səsini belə eşidib xatırlamadığım, kəlmə kəsmədiyim oğlanın özü bir yana, qohum-əqrəbasından belə məni hifz edib qorumaya aldılar...

 

*

...Sonra da, nəhayət, bu qəmli olay, hər yerdən əlacı üzülən, eşqindən Məcnuna çevrilən Mehdad çıxış yolunu öz intiharında gördü...

 

*

"Humayyəsiz yaşamaq istəmirəm. Onsuz bu həyat mənim üçün heçdir.  Başqa çıxış yolu tapa bilmədim, həyatıma son qoyuram, əlvida. Mənim ölümümdə!.." Bu məktubu yazıb elə otağındaca naqandan gicgahına atəş açaraq intihar etmişdi.

 

*

Bu tifağı dağılmış oğlanın, Mehdadın öz acı, tərəfsiz eşqini etirafı ilə bağlı tək məktubu deyilmiş. Sən demə, günlərlə oturub qurduğu xəyallarla bağlı qalaq-qalaq məktublar yazıbmış. Və o məktubları da valideyinləri onun otağında görüb oxumuşdular. 

 

*

Bundan sonra oğlan evi ilə qız evi arasında ədavət düşdü.  Mehdadın ata-anası, qohum-əqrəbası, "öldürəcəyik, yaşamağa qoymayacağıq, nəslinizi kəsəcəyik", - deyib, əməlli-başlı ədavətə qalxdılar. Onsuz da, çoxdan çölə-bayıra çıxmağım yasaq edilmişdi. Ağır günlərim bir az da sərtləşdi.

Məcbur olub tez-tez yaşadığımız yerlərin ünvanlarını dəyişirdik. Hətta ölkədən çıxıb Təbrizə qədər gedib çıxdıq, tez-tez yerimizi dəyişəndə də məni mühafizə edib qoruyurdular.

 

*

Vaxt ötüb, zaman uzansa da, ara hələ də soyumurdu ki, soyumurdu. Qardaşlarım da mənə görə öz iş-güclərindən olmuşdular. Biri Bakıda, o birisi İstanbulda, Təbrizdə işlərini buraxıb məni, ailəmizi qorumaq üçün kiçik şəhərimizə yığışmışdılar.

Qardaşlarım, - "xətər yetirərlər, qaçırarlar", ya "qətlə yetirərlər" qorxusu ilə sonda məni yaşadığımız o kiçik şəhərdən köçürüb uzaqlaşdırmaq qərarına gəldilər.

Əvvəlcə Türkiyəyə, İzmirə getdik. Qardaşımın orada biznes işi var idi. Bir il dözdüm, sonra oralara uyuşa bilmədim, darıxdım.

İstanbula köçdük, orada da duruş gətirə bilmədim. Şəhərin gurultusu, sıxlıq, elə yenə də hər yerdə böyür-başımda qardaşlarım, onların məndən ötrü danışıb tutduqları mühafizəçilər bezikdirirdi məni...

Qardaşlarımın Bakıda da biznesləri var idi. Nəhayət, Bakıya üz tutduq. Burada toxdadım, özümü toparlamağa başladım. Oxudum, ali təhsil aldım. İş qurdum, kollektiv yaratdım, amma!..

 

*

Aradan altı il ötəndən sonra bir gün atamın məzarına ziyarətə getmişdim. Bacılarım, qardaşım arvadları da yanımda. Uzaqdan anasını oğlunun məzarı başında diz çöküb oturan gördüm. Tanıdım, oydu, Mehdadın anasıydı. Təyyilə xanım. Nə haldaydı, deyə bilmərəm... Ancaq şəksiz ki, bilənlər bilər, nakam oğul itirən anaların halındaydı...

Bacılarıma:

- Gözləyəcəm, qoy anası çıxıb getsin, sonra Mehdadın məzarını mən də ziyarət edəcəm, - dedim. - Heç olmasa, bir çınqılla da olsa, məzarını taqqıldadacam, - dedim. Bacılarım da, qardaşım arvadları da bir ağızdan:

- Sən nə deyirsən? Dəli olmusan? Olmaz, gedə bilməzsən, görən, eşidən-bilən olar. Onsuz da, hələ də bizdən bədgümandırlar, düşmənləri kimi baxırlar. Xəbər verən olar, - deyə ciddi-cəhdlə, - yox, olmaz, - deyə-deyə məni fikrimdən daşındırmağa çalışırdılar. - Başqa yerə yozan olar...

Mən isə fikrimdən dönən deyildim. Gedəcəm, o məzarı ziyarət edəcəm, deyə təkid edirdim.

 

*

Qadın oğlunun məzarı başında xeyli oturdu, biz də atamın qəbrinin üstündə yubandıq.

Nəhayət, Mehdadın anası oğlunun məzarından ayrılıb çıxıb getdi.

Qəbiristanlıqdan uzaqlaşdığına əmin olandan sonra bacılarımı atamın qəbrinin üstündə qoyub Mehdadın məzarına yaxınlaşdım. Sağlığında da məhəllədə, küçədə bir neçə dəfə uzaqdan görüb yanından ötdüyüm, əsla heç bir kəlmə kəsmədiyim oğlana məzar daşındakı rəsmindən ilk dəfə dönə-dönə baxdım. - Bəxtsiz, - dedim. Əyilib yerdən bir daş götürdüm. Əlimdəki daşla məzarın mərmər sinəliyinə döyəclədim:

Bəxtsiz adam, Mehdad, budur, mən gəlmişəm. Özün getdin, mən də illərimi yollara, ömrümü də bada verdim, - indi rahatsanmı? Toxdadınmı? -deyib elə beləcə ilk dəfə hönkürdüm, özüm üçün doyunca ağlayıb ürəyimi boşaltmağa çalışdım (Mənsə, fikirləşirəm, yəqinimdi ki, Mehdad üçün ağlayıb. Özümə elə belə də dedim. Eh, ürək, sən nələrə zindan imişsən...). Hələ də oturacaqdım, daha yenə də deyəcəklərim vardı, bacılarım gəldilər, dil töküb məni toxdada-toxdada Mehdadın məzarı başından uzaqlaşdırdılar.

 

*

Susdu, anidən başını qaldırıb üzümə baxdı. Gözləri dolmuşdu, ilk dəfə o həsrətli gözlərində kölgə gördüm. Başını astaca endirdi, yenə susdu.

Handan-hana mən sükutu pozdum, ondan:

- Mehdadın ailəsi sənin onların oğlunun məzarını ziyarət etdiyini bildilərmi? - deyə soruşdum.

O, elə sakitcə, aram-aram:

- Yox, bilmədilər, heç bunları onlara demək olardımı? Bilsəydilər, anası: - Gördünüzmü, mən deyirdim axı, oğlumu bu qız öldürdü, səbəbkar odur, indi də gedib məzarını qucaqlayır, - deyib təzədən bir mərəkə qoparar, növbəti qalmaqala səbəb olardı...

Köks ötürə-ötürə:

- Qorxuram, o vaxtdan bəri qorxuram, illərdir içimdə bir vahimə, xof var. Birini sevsəm, ya birinə "hə" desəm, Mehdadla olan kimi yenə bir faciə yaşayacağımdan, özümün də tərki-vətən olub, yenə də diyar-diyar dolaşacağımdan qorxuram, - dedi.

 

*

...Yenə yağış başladı, qəfil yay yağışı. Külək də əsirdi. Oturduğumuz köşkün şüşəbəndi də çırpınan damcılardan sanki qırov bağlayıb puçur-puçur olmuşdu...

 

*

Kipriklərini qaldırdı, həyat eşqi ilə qaynayan, həmişə şölə saçan o gözləri bu yay yağışı ilə qucaqlaşan buludlar kimi kölgələnmişdi, ətrafa həm həzin, həm də dərin bir hüzn saçırdı. İlahi, o gözlərin belə baxması necə də zülüm idi, məşəqqətli idi...

Təsəlli vermək istədim, ancaq həqiqəti, ürəyimdən keçənləri dedim:

- Humayyə, bax indi, bu danışdıqların, deyib-söylədiklərin sənin gecikmiş bir etirafındır. Qorxu yox, səni neçə illərdi qandallayıb, buxovlayıb saxlayan, eşqindir, sevgindir. Özün də bilmədən sevmisən Mehdadı. İnad edib neçə dəfə elçiləri qapınızdan qaytarılsa da, yenə də dönə-dönə, təkidlə qapınızı döyən valideynləri əl çəkməyəndə xoşlanmısan ondan. Özünə atəş açıb, həyatına son qoyanda da vurulmusan ona. Sevgini, sevdiyini qorxu bilmisən. Yenə də "qorxuram" deyirsən. Düz deyirsən, səni sevənlərdən birinə "hə" deyib onun sənə olan nakam sevgisinə, ürəyində onsuz kök salmış Mehdad sevgisinə kölgə salacağından qorxursan, - deyə uzun-uzadı təsəlli kimi bir izahat verdim.

 

*

Tələs, bu səfər Mehdadın sinə daşını daşla deyil, göz yaşlarınla döyəcləyəcəksən və gözlərindən axıb puçurlanan o damcıların harayı Mehdada daha tez yetişəcək.

Eh, mənim könül dostum, gözlərinin işığını qoru, özündən xəbərsiz  ilk sevdiyinə və pünhan eşqinə şahid o şəhərə dönürsən, ağlama, Mehdadın məzarının başındakı o şəklə o məhəbbət yağan, məlhəm baxışlarınla hüzn apar...

Köhnə koma

27 iyul 2024-cü il

 

“Ədəbiyyt və incəsənət”

(19.12.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qabaq dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Qoyunun yumşaq əti – 117 qr

§ Quyruq – 20 qr

§ Qabaq – 150 qr

§ Yumru düyü – 25 qr

§ Pomidor – 25 qr

§ Müxəşşər – 25 qr

§ Kərə yağı – 30 qr

§ Keşniş – 8 qr

§ Şüyüd – 8 qr

§ Mərzə – 3 qr

§ Nanə – 3 qr

§ Reyhan qurusu – 3 qr

§ Sarıçiçək – 0,1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 30 qr

 

HAZIRLANMASI:

Qoyun əti və soğan ət maşınından keçirilir. Hazırlanmış qiyməyə duz, istiot vurulur və üzərinə bir stəkan su əlavə olunaraq bişirilir. Qiymə dü- yünlənməsin deyə tez-tez qarışdırılır. Qızarana yaxın pomidorun qabığı təmizlənir, xırda doğranıb, qiymənin üzərinə əlavə olunur. Bir yerdə bişirilir və kənara qoyulur. Qarışığın üzərinə əvvəlcədən isladılmış noxud, yarı bişirilmiş müxəşşər, düyü, sarıçiçək şirəsi, reyhan, mərzə qurusu, doğranmış göyərti əlavə edilir və qarışdırılır. Qabaqlar 3 yerə bölünür, içi təmizlənir (dibləri bütöv qalır), duzlanır. Qiymə içlərinə doldurulub, üzərinə kərə yağı və darçın əlavə edilir, tavaya yığılır. Yarım stəkan su əlavə olunur və 180- 200°C-də qızdırılmış sobada 25-30 dəqiqə ərzində bişirilir. Süfrəyə qatıqla verilir.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı və teatr xadimi Ağalar İdrisoğlunun nəsr nümunələrinin dərcini davam etdirir. Növbə “İnsanlar və göyərçinlər” fantastik hekayəsinindir.

 

Yer kürəsinin ən axarlı-baxarlı məmləkətlərindən birində, uca bir dağın döşündə kiçik, qədim bir şəhər vardı. Ulu Tanrı bu şəhərə hər cürə gözəllik, cənnətməkanlıq vermişdi. Çünki bir tərəfi yaşıl ormanlar, uca dağlar və bir tərəfində isə dəniz vardı. Burada çoxlu müalicəvi sular və bol sulu  dörd çay da şəhərə böyük yaraşıq verirdi. Dənizdə, çaylarda çoxlu balıqlar, meşələrdə çoxlu bərli-bəzəkli quşlar və vəhşi heyvanlar vardı. Əvvəllər bu şəhər, dağın üstündə olan və artıq xarabazarlığa çevrilən qalanın içində olub. Amma hansı səbələrdənsə bu qalada zəlzələ baş verib və sağ qalan insanlar həmin qaladan on kilomet aşağadakı ormanlara köçüblər və burada məskən salıblar. Maraqlıdır ki, bu qalada zəlzələnin niyə baş verməsini hələ də alimlər tam müəyyənləşdirə  bilməyiblər...

Bu şəhər qədim, gözəl, yaraşıqlı və burada çoxlu müalicəvi sualar olduğuna görə turislər  daha çox gəlirdi.  Şəhər elə də böyük deyildi. Statik məlumata görə burada iki yüz min əhali yaşayırdı. Şəhərdə çoxlu iş yerləri olsa da, işsizlik problemi olmasa da şəhər camaatı demək olar ki, əsasən bura gələn turistlərin hesabına  çox varlı yaşayırdı. Çünki mehmanxanalar il boyu turistlərlə dolu olduğundan, bura gələn insanların çoxu şəxsi evlərdə məskunlaşırdılar. Ev yiyələrinin də kirayə üçün istədiyi pulları onlara verirdilər. Bu insanların da çoxu iynəsiz, kimyəvi dərmansız ucuz qiymətlərlə müalicəvi sularda şəfa tapırdılar. Ona görə də bura gələn insanlar, hər il müalicə olunmaq üçün gəlir və hətta yaxınlarını da bu şəhərə müalicəyə gətirirdilər. İl boyu şəhərə beş yüz mindən çox insanlar gəlirdi. Şəhərə gələn yol da nağılvari gözəlliyə malik idi. Belə ki, yol  kənarında olan güllər, çiçəklər və meyvə ağacları şəhərə gələnləri valeh edirdi.

Məmləkətin başqa şəhərlərinə nisbət burada göyərçinlər daha çox idi. Bəlkə də elə burada yaşayan insanlar qədər də göyərçinlər var. Meydanlar bütün günü göyərçinlərlə dolu olurdu. Özü də bu göyərçinlər insanlara elə öyrəşmişdilər ki, onlardan qorxmur və lazım olanda onların başına, çiyinlərinə və parkralda oturanların hətta qucaqlarına belə qonurdular. Burada yaşayan insanların çoxu da  göyərçinləri çox sevirdilər. Uşaqdan-böyüyə hamı onlara bütün günü yem verirdi...

Bu şəhərin rəhbərləri və güc strukturları dəfələrlə məsələ qaldırmışdılar ki,  göyərçinlərin çoxunu məmləkətin başqa yerlərinə aparsınlar. Hətta aparırdılar da. Amma həmin göyərçinlər nə sirdisə yenidən geri uşub, doğma şəhərlərinə qayıdırdılar...

Bu cənnətməkan  şəhərə gələn turislər də əsasən həmin rəngbərən göyərçinlərə baxmağa, şəhərin müalicəvi havasını udmağa və burada olan çıfalı sularda müalicə olunmaq üçün gəlirdilər. Göyərçinlər də onları stresdən, depressiyadan sağaldır və mineral sular, hava da orqanizmlərində sağlamlıq yaradırdı.

Burada göyərçinlərə bir ailə daha çox qulluq eləyirdi. Ailənin də cəmi üç üzvü vardı. Ata, ana və onların on beş yaşlı oğlu. Qadın quşların dilini  yaxşı bilir və onlarla danışırdı. Kişi də, oğlu da quşların dilini bilirdilər, amma qadın qədər yox. Onlar göyərçinlərə sevgisi daha çox olduğundan, hətta özləri də geniş həyətlərində çoxlu göyərçinlər saxlayırdılar. Onların həyətlərindəki  göyərçinlər  şəhərdəki göyərçinlərdən daha gözəl, yaraşıqlı olduğuna görə, şəhərə gələn turistlər həmin göyərçinləri görməyə, bu gözəlliklə  yaxından tanış olmağa daha çox gəlirdilər. Hətta onların həyətdə tikdirdikləri evlərdə qalıb, hər gün həmin qadının  göyərçinlərə hansısa sözlər deməyilə, göyərçinlər göyə uçur və maraqlı hərəkətlər göstərir və turistlər göydə fiqurlar yaradan  göyərçinlərə həvəslə tamaşa eləyirdilər. Sonra göyərçinlər yerə enəndə, hətta özlərilə şəhərdə olan çoxlu quşları da bura gətirib, qadının ətrafında toplaşır və öz dillərində onunla danışırdılar. Qadın da göyərçinlərin elə öz dilində onlara cavab verirdi. Və ən maraqlısı bu idi ki, göyərçinlər dəstələrə bölünüb, həyətin o tərəf-bu tərəfinə gedir və öz dillərində civildəşirdilər. Qadının əl hərəkətilə dayanır və sonra maraqlı öz hərəkətlərini davam etdirirdilər. Bütün bunlara tamaşa eləmək  turistlər üçün də maraqlı olurdu. Əsəbilərini sakitləşdirirdi.

... Günlərin bir günü dünya ölkələrinə dəhşətli bir xəbər yayıldı. Həkimlərin əlac tapa bilmədiyi Pandemiya xəstəliyi. Və belə məlum oldu ki, bu xəstəliyin yayılması da quşlardan insanlara keçir. Bu xəstəliyin əsas törədiciləri isə göyərçinlərdir. Artıq radio-televiziyalar, mətbuat bu dəhşətli məsələni bütün dünyaya bəyan elədi. Bunu eşidən turistlər də qorxusundan həmin şəhərə gəlmədilər...

Beləliklə, insanların gözlərinin qarşısında minlərlə ev, çöl quşları yandırılır və göyərçinlərə də dəhşətli cəzalar verilirdi. Bütün bunlar da televiziyalarda geniş bir formada göstərilirdi. Bu vəhşiliklər də insanlara pis təsir eləyirdi.

Bu məsələ həmin şəhərin meri, bələdiyyəsi üçün çox sevindirici oldu və axşam yerli  televiziya ilə çıxış eləyib, bəyan elədi ki, səhər meydanlarda olan göyərçinlər yandırılacaq. Ona görə də insanlar evdən çölə çıxmasınlar. Bu xəbər həmin ailəyə daha pis təsir elədi. Onlar səhərə qədər yatmadılar. Həyətdə oturdular və bu bəladan qurtulmaq üçün yollar fikirləşdilər. Elə bil həyətlərində olan göyərçinlər də bunu hiss elədiyindən onların ətrafına toplaşmışdılar. Və qadınla öz dillərində danışırdılar...

Qadın çox ağıllı və uzaqgörən idi. O, beynindən keçən son qərarı ərinə dedi. Əri onunla razılaşdı. Amma bu çətin  işi necə eləmək olardı?

- Çox maraqlı fikirdi. Bəs biz bunu necə eləyə bilərik,- deyə kişi sual dolu baxışla arvadının üzünə baxdı.

- Mən öz həyətimizdə olan quşlarla onların öz dilində danışacam. Onlar da meydanlara uçub, orada olan göyərçiləri özlərinə qoşub, xarabzarlığa çevrilmiş qalaya aparacaqlar. Qala ilə bu şəhərin arası da on kilometrdən çox məsafədir. İnsanlar səhər yuxudan duranda görəcəklər ki, şəhərdə bir dənə də olsun göyərçin yoxdur.

- Bəs şəhər rəhbərliyi  həmin göyərçinləri axtarmayacaqlar?

-  Axtaracaqlar. Meydanlarda, həyətlərdə axtaracaqlar. Amma yəqin ki, qalada axtarmayacaqlar.  Bu, onların ağlına gəlməyəcək. Axı həmin yerlər böyük xarabalıqdır. Zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur. Hətta bu şəhərə gələn turistləri də ora aparmırlar. Həmin yerin də yollarını sən və mən yaxşı tanıyırıq.

- Bəs həmin göyərçinlər orada nə yeyəcəklər?

- Orada çoxlu yabani bitgilər var. Həm də artıq yaydır. Orada çoxlu yabani taxıl, arpa, çovdar və başqa şeylər də çoxdur. Quşlar onlardan yeyər, bir təhər bu bəlanın sovuşmasına qədər dözləyərik. Sonra görək necə olur. Mən də onlarla danışaram ki, göyə uçmasınlar və bu şəhərin insanları onları görməsinlər.

- Maraqlı fikirdir. Mən razı. Onda elə vaxt itirməyib, gecəykən  həmin qalaya gedək. Mən oranın maşın yolunu tanıyıram. Gecə olsa da maşınla ora gedə bilərik. Bir də evdə nə qədər quş yemləri varsa hamısını maşına yükləyək və ora aparaq.

 Qadın onunla razılaşdı  və quşlara öz dillərində başa saldı ki, onlar uçub meydanlara getsinlər və orada olan quşları özlərilə həmin qalaya aparsınlar. Çünki bu quşlar da həmin qalanın yerini yaxşı bilirdilər. Dəfələrlə qadın, kişi və onların oğlu ilə orada olmuşdular.

Quşlar uçub meydanlara getdilər və qadın, kişi, oğlu tez-tələsik evdə olan quş yeməklərini və özləri üçün azuqə götürüb, maşına minib qalaya doğru yola düzəlirlər. Gecə saat üç-dörd radələri olduğuna görə şəhərdə demək olar ki, heç kim yox idi. Hamı yatmışdı. Bu da yaxşı idi ki, onların hara getdiyini heç kimi görmədi.

Onlar on kilometr yolu düz iki saata qət eləyə bildilər. Və qalaya çatanda gördülər ki, orada minlərlə göyərçinlər var. Onların öz göyərçinləri  meydanlara uçub gedib, o biri göyərçinləri də bura gətirirdilər...

Qadın göyərçinlərlə öz dillərində danışıb, sabah başlarına gələcək fəlakətin necə dəhşətli olacağını onlara başa saldı. Özlərilə gətirdikləri dəndən bir azını onlara verdilər. Bu vaxt yenidən çoxlu göyərçin qalanın üstündə göründü və qalaya qonmağa başladılar. Belə məlum oldu ki, artıq şəhərdə göyərçin qalmayıb.

Səhər açılanda daha doğrusu sübh tezdən bələdiyyənin əmrilə polislər, əsgərlər, yanğınsöndürən maşınlar  meydanlara toplaşmağa başladılar. Onlar istəyirdilər ki, sübh tezdən, şəhər əhalisi hələ yuxudaykən tez-tələsik bütün göyərçinlərə isti su şırnaqları ilə uçmağa imkan verməyib, onları  böyük kağız qutulara, böyük torbalara  doldurub, maşınlarla şəhərdən çıxarıb yandırsınlar. Amma onlar sübh tezdən şəhər meydalarına çatanda gördüklərinə mat qaldılar. Meydanlarda bir dənə də göyərçin yox idi.

-Bəs bu göyərçinlər hara qeybə çəkildilər, -deyə Bələdiyyə sədri təəccüblə  öz -özünə pıçıldadı.

- Doğrudan da bu göyərçinlər hara yox olublar, -deyə Polis rəisi də təəccüblə Bələdiyyə sədrinə baxdı.

Bu suala nə onlar, nə də onların ətrafında olanlar cavab tapa bilmirdilər. Amma hamı sevinirdi ki, göyərçinlər harasa uçub gediblər. Deməli, onları öldürmək kimi günaha batmayacaqlar... Axı bu şəhərdə yaşayanlar, uşaqdan-böyüyə hamı göyərçinlərə müqəddəs quşlar kimi baxırdılar.

Səhər tezdən oyanan şəhər camaatı da meydanlarda bir göyərçinin belə olmadığından təəccübləndilər.  Deməli, quşlar onlara gələn bəlanı hiss edərək, başqa məmləkətlərə uçub getmişdilər. Bu şəhərin insanları inaclı olduqlarından küsüb gedən göyərçinlərə görə də Ulu Tanrının  bura böyük  bəla gətirə biləcəyinə inanırdılar.  Adamların çoxu bilirdi ki, quşlar gələn bəlanı əvvəlcədən hiss etdiklərindən, insanlara bəla gətirən yerlərdə yaşamırlar.  Və onlar Bələdiyyə idarəsinin qarşısında toplaşıb, öz nifrətlərini  sədrə bildirmək istədilər. Adamların bu səbirsiz  vəziyyətindən qorxuya düşən Bələdiyyə sədri radio və televiziya ilə elən elədi ki, “onlar göyərçinlərə heç nə eləməyiblər. Səhər tezdən yuxudan duranda görüblər ki, şəhərdə göyərçinlər yoxdur. Uçub başqa yerlərə gediblər”. İnsanların böyük bir hissəsi  Bələdiyyə sədrinin bu sözlərinə inanmasalar da, Bələdiyyənin qarşısından  uzaqlaşmağa başladılar.

Artıq şəhərin insanlarının dilində bu suallar  dolaşırdı:

-Bu göyərçinlər doğrudan da hara qeybə çəkiliblər? Doğrudanmı onlar bu şəhərin insanlarından küsüb, başqa yerlərə uçub gediblər? Axı bu göyərçinlərin əcdadları bir vaxtlar həmin xarabazara qalmış qalanın içində, ətrafında yaşayıblar. Qalada zəlzələ baş verəndə uçub, bu sahəyə gəliblər və insanlar da onların məskunlaşdığı bu yerdə yeni şəhər salıblar. Yəni şəhər camaatı bilirdi ki, quşlar zəlzələni daha tez hiss etdiklərindən, insanlara bəla gətirən yerlərdə yaşamırlar. Deməli, burada şəhər salmaq olardı.

Göyərniçlərin bu şəhərdən qeydə çəkilməsi ildırım surətilə  məmləkəti  bürüdü və başqa xarici ölklərə də yayıldı. Bu, əcaib-qəraib xəbəri artıq dünyanın çoxlu  ölkləri yaymağa başladıqca belə inanılmaz xəbərdən təəccüblənənlər də çox idi. Amma bu şəhərin insanları daha çox qorxuya düşmüşdülər. Axı artıq Yer kürəsində də təsdiq olunmuşdu ki, zəlzələnin gəldiyini ilk hiss edən quşlardır. Deməli, bu şəhərdə də  zəlzələnin  olacağını hiss eləyən göyərçinlər yoxa  çıxıblar.  Bu hadisə insanlarda böyük təşviş, qorxu yaratmışdı. Ona görə də camaat  bu şəhərdən tez-tələsik köçməyə başladılar. Artıq Bələdiyyə saədri başını itirmişdi. İnsanları bu şəhərdə saxlamaq üçün dəridən-qabıqdan çıxsa da öz istəyinə nail ola bilmirdi...

Həmin vaxtı şəhərdə baş verən həyəcanlı günlərdə  göyərçinlər xarabazara çevrilmiş qalada yaşayırdılar. Onlar qadının, kişinin və onların oğlunun sözlərinə qulaq asıb, heç yerə uçmur və qalanın ətrafında olan taxıl, arpa, çovdar və başqa dənli bitkilər, meyvələr, giləmeyvələr  yeyirdilər.

... Artıq həmin hadisədən bir həftə keçmişdi. Şəhər isə demək olar ki, hər gün boşalırdı. Bələdiyyə sədri isə televizorda çıxış eləyib deyirdi ki, kim bu göyərçinlərin hara uçub getdiyini desə, onu böyük ənam gözləyir. Pul hərisi olanlar özlərini ora-bura vurur, amma bir nəticə hasil eləyə bilmirdilər.

Quşların yeməyi isə tükənirdi... Çünki qala ətrafında olan dənli bitkilər, giləmeyvələr qurtarırdı.

Kişi arvadı ilə danışıb, şəhərə enmək, evlərində, soyuducuda olan yeməklərini gətirmək və bazardan da çoxlu quş yeməkləri alıb gətirmək üçün razılığa gəldilər.  Özlərinin də azuqəsi, un məmulatları qurtarmışdı. Özlərinə də yemək alıb gətirməli idilər. Beləliklə, kişi, oğlu ilə böyük yük maşınlarına minib, şəhərə endilər. Evlərinə gəlib, orada olan yeməklərini və soyuducuda olan ərzaqları maşına yığanda, onların qonşusu bunu gördü və şübhələndi. Axı bir həftə idi ki, onlar evdə yox idilər və onların göyərçiləri də həyətlərində deyildi.

Qonşu hiss elədi ki, burada nə isə maraqlı bir sirr var. Onlar maşına minib, həyətlərindən çıxanda öz maşını ilə qonşularını izlədi. Ata və oğul bazara gedib, oradan da çoxlu quş yeməkləri və ərzaq alıdılar. Onları uzaqdan izləyən qonşu başa düşdü ki, şəhərdən qeybə çəkilən göyərçinlərin harada olmasından bu ata ilə oğulun xəbəri var. Ona görə də qonşularını  izləməyə marağı daha çox artdı. Ata və oğul maşınla  şəhərin çıxışından xarabazara qalmış qalaya doğru yola düşdülər. Bələdiyyədən böyük  pul almaq hərisliyi qonşunu daha da həvəsləndirdi. Və onları izləməyə başladı. Qalaya üç-dörd kilometr yol qalmış, artıq o, öz maşını ilə həmin yolu gedə bilmədi. Amma öz inadından da dönmək istəmirdi. Və onu da görürdü ki, qonşusu öz maşını ilə xarabazara çüvrilmiş qalaya doğru gedir. Hələ ki, günorta idi. Axşama  çox qalırdı. O, maşından düşüb, piyada qalaya doğru getməyə başladı...

Artıq qalaya iki kilometrə qədər yol qalırdı. Amma o, qonşunun qalaya getdiyi yolu itirmişdi. Hara gedirdisə sıldırım qayaya rast gəlirdi. Hava isə qaralırdı. O, burada qalıb qurda-quşa yem olacağından, zəhərli ilanların onu çalacağından qorxuya düşüb, tez geri qayıtdı. Amma artıq dəqiq müəyyənləşdirmişdi ki, şəhərdə olan göyərçinlər bu xarabazara çüvrilmiş qaladadır. Çünki hərdən göyərçinlərin oradan göyə qalxdığını və  yenidən də tez yerə endiklərini görürdü...

-Hə. Əclaflar. Gör insanları necə aldadıb, bütün quşları bura gətiriblər... Axı onlar quşların dilini bilirlər. Deməli, quşlar onlara qulaq asıb, gecəykən bura uçub gəliblər. İndi mən sizə göstərərəm! Bu sensassiyalı  xəbərlə mən dünyada məşhur ola bilərəm və çoxlu var-dövlət də qazanaram. Kasıblığın da daşını ataram.

O, sevincək maşınına doğru yeyin addımlarla gedib, tez  minib, Bələdiyyə sədrinin oturduğu binaya sürdü. Gecə olmasına baxmayaraq, bilirdi ki, Bələdiyyə sədri artıq bir həftədir evinə getmir və elə burada qalır. Çünki əhalinin tən yarısının şəhərdən köçüb getməsi onu indi quşlardan daha çox narahat eləyirdi. Qonşu kişi cəld Bələdiyyənin  binasına gəlib, növbəçiyə sədrlə görüşmək istədiyini bildirdi:

- Xahiş edirəm məni Bələdiyyə sədrinin yanına buraxın. Ona çox vacib və sevindirici bir xəbərim var.

-Sədr əmr edib ki, onun yanına heç kimi buraxmayaq. Çıx get!

Növbətçi onu sədrin yanına buraxmaq istəmirdi. Çünki şəhərdən çoxlu adamlar onun yanına gəlib, göyərçinlərlə bağlı çıxardığı qərara görə onunla dalaşmaq istəyirdi Və hətta elələri vardı ki, onu öldürməyi də planlaşdırmışdılar. Bu bir həftədə şəhər bir-birinə dəymişdi... Xaos baş alıb gedirdi. Şəhərə turistlərin gəlməməsi də onlara bir dərd olmuşdu. Deməli, artıq gəlir yerləri də kəsilmişdi. Bura məmləkətin çox yerindən polislər, əsgərlər gətirmişdilər ki, insanları sakitləşdirsinlər.

-Yaxşı. Onda sədrə deyin ki, mən göyərçinlərin harada olduğunu bilirəm. Məni qəbul eləsin.

 Növbətçi təəccüblə kişiyə baxdı.

-Nə dedin? Yalan demirsən ki?

- Yox. Bütün müqəddəslərə and içirəm ki, göyərçinlərin yerini bilirəm. Təcili bu xəbəri sədrə deyin.

Növbətçi təcili nömrə yığıb, sədrlə danışdı

-Cənab sədr. Sizə bir xoş xəbər demək istəyirəm. Göyərçinlərin harada olduğu müəyyənləşib.

- Sən  nə sərsəmləyirsən? Göyərçinlər bir həftədir ki, buradan uçub gediblər, -deyə sədr əsəbi  telefonda dedi.

- Elə deyil, cənab sədr. Burada mənim yanımda bir adam var. O, göyərçinlərin harada olduğunu dəqiq bilir. Amma deyir ki, bu xəbəri yalnız və yalnız sizə deyə bilər.

- Təcili o adamı yanıma gətir!

- Oldu, cənab sədr,- deyə növbətçi dəstəyi yerinə qoydu. Gəl. Təcili sədrin yanına qalxaq. Amma yalan məlumat versən, buna görə sənə cinayət işi düşür. Çünki əgər bu xəbər düzgün olmasa, buna görə sədrin başı ağrıyacaq, -deyə növbətçi həmin kişinin gözlərinə diqqətlə baxdı.

- Bütün müqəddəslərə and içirəm ki, düz deyirəm. Mən göyərçinlərin yerini bilirəm.

Onlar cəld sədrin yanına qalxdılar. Onun otağına getmək özü müşkül məsələ idi. Çünki bir neçə yerdə polislər əllərində silah dayanıb, onu qızmış kütlədən, şəhər əhalisindən  qoruyurdular.

Həmin kişi Bələdiyyə sədrinin kabinetinə  girdi. Sədr balaca boy, dimba göy gözləri olan, xırda bığı və keçi saqqallı kişiyə diqqətlə baxdı.

-Ay kişi doğrudan sən göyərçinlərin yerini bilirsən?

-Müqəddəslərə and içirəm ki, bilirəm. Hər şeyi də sizə olduğu kimi danışacam.

O, qonşusu ilə olan hadisəni olduğu kimi danışdı və sonda dedi:

-Cənab sədr. Bu işi yubatmaq olmaz. Ola bilər ki, onlar məni görüblər. Mənim qonşum həmin yerləri çox yaxşı tanıyır. Əgər o, məni görsə dağlara qalxacaqlar və göyərçinlər də onlarla birlikdə ora  uçacaqlar. Çünki onun arvadı göyərçinlərin dilini bilir. Quşlarla danışacaq və onlar da sıldırım qayalı dağlara uçacaqlar. Sonra qalın meşəlikdə, sıldırım qayalıqda onları tapmaq çox çətin olacaq.

Özündən razı Bələdiyyə sədri bu xəbərdən çox sevindi. Təcili telefonu götürüb, ölkə rəhbərliyi ilə danışdı və göyərçinləri necə məhv etməyin yollarını da ona yerli-yataqlı dedi. Telefonun o biri tərəfindən razılıq aldığına görə sevindi və  selektorla kiməsə dedi:

-Təcili şəhərin bütün rəhbər işçilərinə bu xəbəri çatdır. Həyəcan təbili çalmaq lazımdır. Şəhərdə olan bütün polislər, yanğın söndürənlər, əgsərlər təcili hazırlaşsınlar, həmin xarabazara çevrilmiş qalaya gedəcəyik. Hamısı özlərilə çoxlu yandırıcı silahlar götürsünlər. Göyərçinləri elə həmin qalada yandıracağıq ki, şəhərin adamları bunu başa düşməsinlər. Sonra həmin kişiyə bu sözləri dedi:

-Əgər yalan məlumat versən, sənə də cinayət işi düşür. Məlumat düz olsa, sənə ölkə rəhbərliyi tərəfindən böyük məbləğdə pul veriləcək. Sənin haqqında televizorlarda, radiolarda  deyiləcək, qəzetlərdə yazılacaq... Gör sən neçə milyonlarla  insanları  Pandemiya adlı dəhşətli xəstəliyin əlindən alacaqsan. Sən əsrin qəhrəmanı olcaqsan.

-Müqəddəslərin ruhuna and olsun ki, dediklərim doğrudur. Mən göyərçinləri orada görmüşəm. Mənə inanın, -deyib, qonşu keçi saqqal kişi özünü əsrin qəhrəmanı kimi təsəvvür eləyib, domba göy gözləri parıldadı. Özündən çox razı adam kimi başını yuxarı qaldırıb sədrin başının üstündə asılan ölkə başçısının portretinə baxdı. Yəqin fikirləşdi ki, ölkə başçısı özü onu qəbul eləyib, bir “malades”, “bravo” da deyəcək. Hətta onunla şəkil də çəkdirəcək. Bu şəkil də dünya mətbustında çap olunacaq.

... Az bir vaxtda hər şey hazır oldu. Bir neçə tərəfdən xarabazara çevrilmiş qalaya doğru polislər, əsgərlər, yanğın söndürənlər piyada hərəkət etməyə başladılar. Çünki hamı bilirdi ki, ora maşınla getmək olmaz. Bir neçə dəfə ora maşınla gedən olmuşdu. Dağlar, sıldırım qayalar maşının səsindən hərəkətə gəlmişdi və qaya parçaları həmin maşınların üstünə düşmüşdü. Maşınlar zədələnmiş və həmin maşınlarda olan adamlar da yaralanmışdılar.

Beləkilə, tez bir zamanda xarabalığa qalmış qalanı onlar üzük qaşı kimi əhatəyə aldılar. Qalanın ən hündür yerində özlərinə məskən salmış kişi, qadın və oğlu qalaya doğru hər tərəfdən çoxlu adamların gəldiyini görmüşdülər. Və məsələnin nə yerdə olduğunu artıq başa düşmüşdülər. Bilirdilər ki, bu adamlar  qalada olan göyərçinləri yandırmağa gəliblər. Deməli, götərçinlərə kömək eləmək çətin olacadı. Çünki onlar qaldıqları yerdən aşağı düşsəydilər onları görəcəkdilər və güllə ilə vurub öldürəcəkdilər. Onların özlərinin sağ qalması üçün təkcə bir yolları vardı. Yuxarıdakı pilləkənlə zirzəmiyə düşmək. Heç olmasa özləri sağ qalsınlar. Onlar belə də etdilər. Elə bu vaxtı dörd tərəfdən odlu silahlar qalaya doğru atılmağa başladı. Silahlar elə güclü idi ki, düşən kimi yüz metrdən çox məsafəni alova bürüyürdü. Tez bir zamanda qalanın üç-dörd kilometrdən artıq olan ərazisini alov bürüdü. Göyərçinlər göyə qalxmaq istəsələr də alovun hərarəti onları öz ağuşuna alırdı... Göyərçinlərin yanmasından qalaya və ətrafa vahiməli bir səs-küy yayılırdı. Bu səslər də  qayalara və sildırımlı dağalara dəyib, daha dəhşətli əks-səda yaradırdı... Bu səsləri hətta şəhər camaatı da eşidirdi.

... Bu vaxt birdən göy guruldadı. İldırımlar dəhşətli formada çaxmağa başladı və  ardınca dəhşətli yağış seli gətirdi. Dağlardan, qayalardan yağan yağış o qədər güclü idi ki, hər yerdən güclü sel axmağa başladı. Və bu sel özü ilə qaya parşalarını gətirirdi. Artıq yağan yağış alovu söndürürdü, amma böyük qaya parçalrı dəhşətli uğultular, gurultular yaradırdı və çox sürətlə adamlar olan tərəflərə gəlirdi. Qalanın ətrafında olan polislər, əsgərlər, yanğınsöndürənlər və onlara əmr verənlər çaşıb qalmışdılar. Öz canlarını qorumaq üçün böyük haray-həşir qoparır və hara qaçmaq, özlərini necə qorumağın yollarını da bilmirdilər. İlk qaya parçası hamıdan qabaqda gedən keçisaqqal kişinin başına dəyib, onu öldürmüşdü. Sel-sular onları qoynuna alır və qaya parçaları da onlara dəyib, elə yerindəcə öldürürdü. Və bu sel-sular özlərilə qaya parçalarını aparmaqla şəhərə doğru axırdı. Bu sel-sular da artıq on-on beş yerdən qarşısı alınmaz  böyük çaylara çevrilirdi...

Bütün bu dəhşətləri, adamların bağırtılarını zirzəmidə eşidən qadın dedi:

-Dağlar vəhşiləşib. Yəqin qalanı da su basacaq və bizi də bu sel-sular öz qoynuna alıb, şəhərə atacaq.

- Bura yağış, qayalar düşə bilməz,- deyə kişi arvadını və oğlunu sakitləşdirdi. Mən bu yerləri lap uşaqlıqdan yaxşı tanıyıram. Yağış da az bir vaxtda kəsəcək.

Doğrudan da kişi deyən kimi oldu. Bir saatdan sonra yağış kəsdi. Dağların gurultusu dayandı. Onlar zirzəmidən əvvəl qaldıqları yerə qalxdılar. Ətrafda demək olar ki, yanan göyərçinlərin də  cəsədləri qalmamışdı. Sel-suları ölən göyərçinlərin də çoxunu özü ilə birlikdə şəhərə tərəf aparmışdı. Amma bəzi yerlərdə qaya parçalarının üstündə təxminən əllidən çox  göyərçin özlərini qoruyurdular ki, suya düşüb, boğulmasınlar.

Bunu görən kişi, arvadı və oğlu qaldıqları yerdən cəld aşağı düşüb, selin yaratdığı gölməçələrdən keçib həmin göyərçinləri tutdular və özlərilə qaldıqları yerə apardılar. Amma həmin göyərçinlər sakitləşmir, vahiməli, civiltili səslər çıxarır, yanan qanadlarını bədənlərinə vurmaqla hərəkət etdirirdilər. Qadın onların civiltilərini, danışığını başa düşsə də amma bu dahşətli hadisəyə inanmaq istəmirdi və öz-özünə deyinir, əllərini göyə açıb yalvarırdı:

-Aman Allah. Bu, ola bilməz. Bu, ola bilməz. Ey böyük müqəddəslər! Ey Böyük Yaradan. Yalvarıram sizə. Keçin bu şəhərin adamlarının  günahından, qəbahətindən. Orada olan günahsız insanlara rəhm eləyin... Yalvarıram, rəhm eləyin... Rəhm eləyin...

Artıq bu vaxt şəhərdə böyük vahimə baş vermişdi. Bir, iki mərtəbəli evlərin hamısı sel-suların altında qalmışdı. Sel-sular adamları, maşınları, uçuq evlərin parçalarını, ölən göyərçinləri  qabağına qatıb, dənizə tərəf aparırdı. Adamların çoxu isə hündürmərtəbəli evlərin damına çıxıb, bütün bu dəhşətləri öz gözlərilə  gördükcə qışqırır və kömək istəyirdilər. Bu dəhşətləri görən kişi, arvadı və oğlu da qorxu içərisində həmin mərzərələrə baxır və özləri də qorxurdular ki, yenidən sel gəlib, onları da aparacaq.

Qadın ərinə, oğluna qorxu ilə baxıb dedi:

-İndi şəhərdə çox dəhşətli bir hadisə baş verəcək. Bir az özünüzü ələ alın. Qorxmayın...

Bu vaxt doğrudan da çox dəhşətli səslər gəldi və Yer titrəməyə başladı. Maraqlıdır ki, uçulmuş qala titrəmirdi. Amma onun əks tərəfində olan qayalar titrəyir və uçub şəhərə doğru tökülürdülər....

Bunun ardınca daha dəhşətli bir hadisə baş verdi. Şəhər olan tərəfdə elə bil birdən Yer aralandı və özü ilə birlikdə şəhəri çəkib apardı. Bu vaxt insanların vahiməli  səsi daha dəhşətli eşidilməyə başladı...

Kişi, arvadı və oğlu qorxudan titrəyirdilər. Qorxu içərisində həmin dəhşətli mənzərəyə baxırdılar. Onların yanında olan əllidən çox göyərçinlər də qadının, kişinin, oğlunun ətrafına sığınmışdılar. Bu vahiməni onlar da hiss eləyir və öz dillərində yalvarış səsləri çıxarırdılar...

Şəhər çökdükcə, dənizə tərəf axan sular, dənizin özü ilə birlikdə geri gəlir və həmin çökən yerə dolurdular. Artıq yavaş-yavaş orada böyük bir göl yaranırdı...

Və artıq insanların da səsləri kəsilmişdi. Çünki onlar gölün dibinə getmişdilər. Gölün üstü isə papaqlarla, yaylıqlarla, uşaq oyuncaqları ilə, odun parçaları, maşınların, elektrik şəbəkələrinin plastik kütlələri ilə, ağacların yarpaqları, güllərin, çiçəklərin ləçəklərilə  və əsasən də ölmüş göyərçinlərlə dolu idi. Bunlar o qədər çox idi ki, gölün üzündəki sular görünmürdü...

Gölün üstündə bəzi yerlərdə görünən su da insanların qanından qırmızı rəngdə idi....

... Və illər  keçəcəkdi, bu gölə insanlar “Qanlı göl” adını qoyacaqdılar. Bu göldə çimmək, oradan balıq tutmaq yasaq olunacaqdı. Hətta bura çöl quşları belə qonmayacaqdı...

Amma bir vaxtlar bu şəhərdən köçüb gedən yüz mindən çox insanlar Vətən həsrətilə bura dönəcək və xarabazara qalmış qalanı əsaslı təmir edəcək və onun ətrafında da yaşayış binaları tikdirib, burada yaşayacaqdılar. Haradansa yenə bura çoxlu göyərçinlər uçub gələcəkdi. Burada yaşayan insanlar da həmişə  qaladan, onun ətrafından  “Qanlı göl”ə tamaşa eləyib, həmin göldə uyuyan həmvətənlərinə görə köks ötürəcəkdilər...

Və bu şəhərə gələn turistlərə də burada baş verən  qəmli, dəhşətli hadisələri danışanda turistlərlə birlikdə özləri də kövrələcəkdilər...

“Qanlı göl”ə isə insanlar qorxularından  getmirdilər. Çünki bəzi yaşlı adamlar, hansılar ki, ora getmişdilər, gəlib dəhşətlə danışırdılar ki, “gölün ətrafında olanda biz, sudan iniltili, vahiməli səslə eşitdik”...

Bəlkə də bu, belə deyildi. Onlara elə gəlirdi ki, göldən iniltili, vahiməli səslər gəlir...

Mən isə onu bilirəm ki, adamların törətdiyi cinayətlər heç vaxt cavabsız qalmır... Ya özlərinə, ya da onlardan törəyənlərə çatır. Bu, əsrlərlə sınaqdan keçmiş həqiqətdir.

 

Sumqayıt şəhəri,

aprel-iyun 2024-cü il

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 


 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

III

Durağın saatı beşi göstərir,

Hələ beş yarıma neçə il qalır.

Bu cansız saatın işinə bax sən,

Bir sürü canlıdan necə can alır!

 

Gözləmək insanın nəfəsin kəsir,

Asılı boyunu ip kəsən kimi.

İntizar canımdan elə kam alır,

Macal da vermir ki, içəm çayımı.

 

Hayanda qaldı bəs bu qatar allah?

Söylənə-söylənə içini yeyir.

Yolunu gözləyir əsgər oğlunun,

Bağrına basdığı o şəkil deyir.

 

Hayanda qaldı bəs... Bu harasandır,

Buğların çeynəyib, əllərin ovur.

Sevgi dolu gözləriylə amansız,

Amana yol sürən saatı qovur.

 

Hayanda qaldı bəs bu qatar... Mənəm,

Bu səfər mənəm ki... Gəldi, gəldi, gəl...

İzdiham içində ha boylanıram,

Nə bir tanış düşür, nə qalxır bir əl.

 

Yenə də gəlmədin, gəlməyəcəksən,

Əh bu köynəyin də yaxası dardı!

Ümidimin qalan son parçasın da,

Qatardan son düşən adam apardı.

 

Adamlar, həyəcan, duraq, çay, masa,

Bu sayaq başıma fırlanırdı yer.

Biri: “Çayınızı dağıltdım bağış...”

Mənim dünyam idi dağıldı, boş ver!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.

 

Əvvəl sənətkarlar sənətini televiziyada nümayiş etdirirdi. Tanınmış sənətçilər çox az idi. İndi gənclər sənətə demək olar ki, birbaşa sosial media üzərindən gəlirlər. Paylaşımlarını reklam edərək milyonlarla insanın önünə çıxmaq şansına sahibdirlər. Tez zamanda tanınmağı, ifalarını tanıtmağı asan bacarırlar. Siz o dövrü, yoxsa indiki dövrü qiymətləndirirsiniz? Dünya səhnələrində ifa nümayiş etdirmiş sənətkar olaraq müqayisələriniz çox maraqlıdır.

Bəli, əvvəl sənətkarlar sənəti televiziyada nümayiş etdirirdilər. Sizinlə tamamilə razıyam. Mən desəm ki, o zamanı sevirəm. O zaman da sosial şəbəkələr yox idi. Yəqin ki, olsaydı o cür olmazdı və bu gün var deyə bu dəyişim, fərqlilik özünü göstərir. Alim Qasımov danışır ki, “ xatırlayıram  gənc idim rəhmətlik böyük tarzənimiz Hacı Xanməmmədov televiziyaya müraciət edib ki, “istedadlı gənc xanəndəmiz var adı Alim Qasımovdur. İstəyirəm onunla çahargah dəstgahı yazdırım” deyib amma onun bu müraciətinə müsbət cavab gəlməyib” Baxmayaraq ki, bunu Hacı Xanməmmədov deyib yenə də atamın yaşının gənc olmağına görə heç onun istedadını ölçmədən  icazə verməyiblər. Əgər o vaxt icazə versəydilər belə yadigar bir əsər olardı. Çox təəssüf ki, razı olmayıblar. Amma o zamanın da böyük bir dəyərləri onda olub ki, məsələn bizim on xanəndəmiz olubsa elə onu da öz möhrünü vurmuş, tarixdə qalmış sənətkarlar olub. Onlar öz güclərinə xalqın ələyindən keçib televiziyada, istər radioda özlərini doğrulda-doğrulda, sevdirə-sevdirə gəlib böyük sənətkarlara çevriliblər. İndinin özündə onların böyük səsini biz tv-də üzlərini görməsək də bilirik ki bu hansı xanəndəmizdir. Rübabə xanım Muradovadır, Tükəzban xanım İsmayılovadır, Sara xanım Qədimovadır, Şövkət xanım Ələkbərovadır və.s həmçinin eynilə də kişi xanəndələrimiz olsun. Amma bu gün sosial şəbəkənin inkişaf etdiyi bir dövrdə bəzən biz kimlərisə adi ötürürük. Tanısaq da belə, ona sənətçi kimi baxmırıq. Yaxud oxuyan kimi kanalları çeviririk, hansınısa sevirik hansınısa sevmirik. Ancaq o zamanlar isə bütün sənətkarlar o qədər dəyərli idi və sevilirdilər ki, hərəsi bir sənət, bir tarix, bir əsər idi. Bu gün isə yüz və iki yüz oxuyanın içindən üç-dörd dənə sənətkar var ya da yoxdu, amma hamısı axına düşüblər. O bir məsəl var deyir “palaza bürün elnən sürün” Hamı o selin içində axıb gedir, inanın. Bu, əlbəttə çox üzücü və kədərlidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

«İnsanlar sənə uğursuz olacağını və ya kifayət qədər uğurlu olmayacağını dedikləri zaman ayaqlarını yerə daha möhkəm bas, güclü ol və səni məhv etmələrinə icazə vermə. Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».

Mayk Cordan

 

Heç vaxt düşünməyin ki, siz heç nəyə qadir deyilsiniz. Valideynlər, heç vaxt övladlarınıza deməyin ki, «səndən bir şey çıxmayacaq». Uğur libası ölçüsüz olduğundan, o, hər kəsin ölçüsünə uyğun gələ bilər. Yetər ki, onu geyinmək istəyi olsun.

İdmanda uğur qazanma etalonlarından biri sayılan məşhur amerikalı basketbolçu Maykl Cordanın yuxarıda qeyd etdiyim kəlmələrini çox bəyənirəm və onu uğur qazanmağa çalışan gənclərə bir örnək heçab edirəm.

İlk dövrlərdə uğurun həmişə ondan yan keçdiyindən üzülən, amma içindəki inam hissinə öz hədsiz çalışqanlığı və məqsədyönlülüyü ilə təkan verən Maykl Cordan sonradan dünya basketbol tarixinin ən yaxşı müdafiəçisi, ikiqat Olimpiya, altıqat NBA çempionu oldu, basketbolun dünyada populyarlaşmasında əvəzsiz rol oynadı. Təsəvvür edin, 1984-cü ildə Nike firması məhz Maykl üçün Air Jordan adlı idman ayaqqabısı hazırladı ki, indi Air Jordan böyük satış həcminə malik məşhur bir brendə çevrilib. Bu gün bu şəxs Oakley Inc. kompaniyasının rəhbəri, «Şarlott Xornets» basketbol klubunun sahibidir. Haqqında hətta film də çəkilib, Çikaqo şəhərində abidəsi də qoyulub.

Özünəinam bir görün nələrə qadirmiş!

Heç vaxt uğurlu insanlara uğurun qızıl nimçədə qismət olmasını da düşünməyin. Bütün zirvəyə gedən yollar daşlı kəsəklidir, şümal, rahat yola əsla rast gəlinməz.

Bəşər elmində ən cahanşümül nailiyyətə imza atan Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 4 yaşına kimi danışa bilmir, 8 yaşına kimi oxumağı belə bacarmırdı. Dahi Ziqmund Freyd ilk dəfə alimlərə öz nəzəriyyəsini açıqlayarkən itələyib onu səhnədən qovmuşdular. XX yüzilliyin ən nəhəng siyasi lideri Uinston Çörçil yalnız 65 yaşında rəhbər posta gəlmiş, baş nazir kürsüsünə yiyələnə bilmişdi. Dəfələrlə tennis üzrə Devis Kubokuna layiq görülən Sten Smiti yeniyetməliyində yöndəmsiz adlandırıb tennis oynayanların toplarını daşımağa belə layiq bilməmişdilər. Amerikalı ulduz müğənni Bruno Mars uzun müddət istedadsız sayılır, uğur qazana bilmirdi, ailəsi ilə tavanı və döşəməsi olmayan evdə yaşamışdı. Dünya avtomobil sənayesinin ən nəhəng siması Henri Ford ilk dönəmlərdə gücünü fermer təsərrüfatında sınamışdı və qurduğu təsərrüfat tam iflasa uğradığından yarıtmaz adını almışdı. Məşhur Bakı milyonçusu Seyid Mirbabayev uzun illər müğənnilik etmiş, kasıbçılıq çəkmişdi. Dünyaca məşhur Lev Tolstoyu oxuduğu universitetdən dərslərə hazırlıq səviyyəsinin aşağı olması səbəbindən qovmuşdular. Frans Kafka və Vasiliy Rozanov isə ümumiyyətlə, sağlıqlarında gördükləri işin – yazıçılığın və filosofluğun bəhrəsini görməmiş, layiq olduqları qiyməti ala bilməmiş, ehtiyac içində, səfalətdə, ağır xəstəlik keçirərək dünyalarını dəyişmişlər. Yalnız ölümlərindən illər keçəndən sonra onların əsərləri əl-əl gəzmiş, dillər əzbəri olmuşdu.

Bütün uğur hekayətləri müxtəlif olsa belə, onların hamısında əvvəldən sonadək iki personaj iştirak edir: İnam və qətiyyət!

Mən əbəs yerə kitabın bu bölməsini ünlü Maykl Cordanın epiqrafı ilə başlamadım ki. Necə gözəl səslənir: «Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».

Mən özüm də nə vaxtsa sıfırdan başlamışam və o vaxt nə davranış qaydaları, nə işgüzar danışıqların aparılması, nə də bu yolda necə hərəkətə başlamaq barədə təsəvvürüm belə yox idi. İşə ciblərim boş halda, yalnız müstəqil və azad olmaq, heç kəsdən asılı olmamaq arzusu ilə başlamışdım. Ən əsası, özümə inanır və qətiyyətli idim!

Siz də qətiyyətli olun. Onda mütləq bacaracaqsınız. Özü də uğurla bacaracaqsınız!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində azərbaycanlılar elliklə Rusiyaya axışır, ordan qazanırdılar. Xüsusən də həmyerlilərimiz Rusiya bazarlarında piştaxta arxasında özlərini rahat hiss edirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının iş üçün ən çox üz tutduqları ölkələr bu dəfə Rusiya ilə bərabər, həm də Türkiyə oldu. Amma indi vəziyyət xeyli dəyişib. “Ədəbiyyat və incəsənət” portalının bəhs edəcəyi növbəti mövzu da məhz elə bu barədədir.

 

Son illər soydaşlarımız məşğulluqla bağlı pblemlərini Çexiya, Slovakiya, Polşa kimi ölkələrdə - keçmiş socialist düşərgəsind həll etməyə başlayıblar. Son nəticədə indi adları çəkilən Avropa ölkələrində minlərlə azərbaycanlı işləyir, diasporumuzu formalaşdırır. Bəs vətəndaşlarımız Avropaya işləməyə hansı şərtlərlə gedirlər?

 

İşədüzəldən şirkətlər vasitəsilə

 

Avropada işləmək istəyənlər bunu həm özləri, həm də vasitəçi şirkətlərin xətti ilə reallaşdıra bilərlər. Birinci halda vətəndaşlar turist qismində "köhnə qitə"yə səfər edə, orada iş tapa və əmək münasibətlərini yerindəcə rəsmiləşdirə bilərlər. İkinci halda isə işi Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər tapır və işləmək istəyən şəxslərdən sənədləri yığaraq Avropaya göndərir, lazımi prosedurlardan sonra işçi vizası düzəldir və bunun müqabilində xidmət haqqı alırlar. Amma bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, bazarda olan şirkətlərin çoxunun Avropada yerləşən və işçiyə ehtiyacı olan müəssisələrlə rəsmi əməkdaşlığı yoxdur. Şirkətlər daha çox vakansiyalar barədə məlumatları hansısa yollarla əldə edir və görə biləcəyiniz işləri sizin əvəzinizdən onlar görürlər.

 

Rəsmi dəvət məktubu ilə

 

Bununla belə, işçi qüvvəsinin beynəlxalq miqrasiyası ilə peşəkar şəkildə məşğul olan şirkətlər də var. Onlardan birinin rəhbəri Elməddin Əliyev deyir ki, Avropada işləmək üçün ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubunun əldə edilməsidir:

"Bunun üçün Avropada işləmək istəyən şəxslərin sənədləri toplanılaraq işəgötürənə göndərilir və dəvətnamə hazır olana qədər bu məsələ nəzarətdə saxlanılır. Dəvətnamə gəldikdən sonra isə vətəndaş viza üçün növbəyə yazılır. Bu prosesin müddəti ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Slovakiyaya iş üçün müraciət edən şəxslərin sənədləri iki-üç ay ərzində hazır olur. Buradakı iş və maaş barədə öncədən vətəndaşlara məlumat verilir. Dəvətnamə gəldikdə isə artıq onun üzərində vətəndaşın yaşayacağı ünvan da qeyd olunur. Çünki yaşayış ünvanı olmadan viza almaq çətinləşir. Vətəndaşı Slovakiyada qarşılayan olmasa da, o, həmin ünvanı xəritədən taparaq özü yerinə çata bilir. Slovakiyaya ailə ilə getmək istəyənlər də müraciət edə bilərlər. Burada proses iki mərhələli olur. Öncə ailə üzvlərindən biri, daha sonra isə digəri Slovakiyaya göndərilir. Ər-arvad birlikdə getsələr, onların ikisinin də işləməsi mütləqdir (zavodlarda ailəvi işləyənlər var). İşə düzəlmək üçün hər iki şəxs xidmət haqqı ödəyir. Həmin məbləğə viza rüsumu, sığorta pulu, dəvətnamə, vakansiya və zəmanət məktubu daxildir".

 

Çexiyadakılar

 

Çexiyada həmyerlilərimiz çoxdur və mütləq əksəriyyət iaşə sistemində çalışır. Restoran və kafe açaraq şəxsi sahibkarlıq edənlər də var, onun-bunun obyektində çalışanlar da. Turistik məkanlarda xırda-xuruş satanlar, küçələrdə canlı reklamçı olaraq turistləri restoranlara, turistik marşrutlara dəvət edənlər olduqca çoxdur.

Elə bu yerdə xatırladaq ki, Avropaya ilk olaraq azərbaycanlılar Almaniyada kütləvi iş tapmış, mövsümi albalı yığımında iştirak etmişdilər. Almaniyadan maşın daşımaq və Polşadan ərzaq gətirməklə başlayan mövsümi işlərimizə bu albalıyığma nisbətən masştablı və əhatəli şəkildə əlavə edilmişdi.

Praqda hətta “Bakı” restoranı da var. Küşələrdə dilimizdə danışıq eşidəndə əsla təəccüblənməməlisiniz.

İaşədən şaxələnmələr də baş verir. Məsələn, bir tanışımız var, “Şkoda” avtomobil konsernində konveyer çalışdırıcısıdır, aylıq 4500 avro qazancı var.

 

Polşadakılar

 

Polşa da azərbaycanlıların iş üçün maraq göstərdiyi ölkələrdəndir. Amma burada iş yerləri, əsasən, zavodlardadır, fiziki əmək tələb edən işlərdir. Polşada işləyən Nizami Namazov deyir ki, belə işlərin hər saatına görə ən yaxşı halda 20 zlot (7 manat), əksər hallarda isə 12-15 zlot (4-5 manat) ödəniş edilir. Yəni hər gün 10 saat işləyən adam gündəlik minimum 120 zlot (42 manat), maksimum isə 200 zlot (70 manat) qazana bilər.

"Beləliklə, zavodda işləyirsənsə, ev kirayəsi daxil olmaqla ayı 3000-5000 min zlot (1000-2000 min manat) gəlirlə başa vurmaq olur. Mənim isə Polşada işim İT sahəsi ilə bağlıdır və internetdən tapmışam. Burada yerli dili bilmək üstünlükdür. Amma mən daha çox ingilis dilindən istifadə edirəm. Xərclərə gəlincə isə, burada evin kirayəsi kommunal ödəniş daxil olmaqla azı 1200 zlot (420 manat) xərc tələb edir. İctimai nəqliyyatda birdəfəlik gediş haqqı 4-6 zlot (1-2 manat) təşkil edir. Amma tələbələrə 74 zlota (26 manata) aylıq kart verilir. 30 Gb-lıq internet paketi üçün isə 30 zlot (10 manat) ödəmək lazımdır", - deyə həmsöhbətimiz bildirir.

N.Namazov işi ilə bağlı Çexiyada da tez-tez olur. Onun sözlərinə görə, bu ölkədə də məşğulluqla bağlı şərtlər, demək olar ki, Polşadakı kimidir:

"Baxmayaraq ki, bir çox azərbaycanlılar deyirlər ki, Çexiyada iş tapmaq Polşadan asan və gəlirlidir, amma orada qiymətlər buradan yüksəkdir".

 

Yekun

 

Ölkədən beyin axını müstəqilliyin ilk illərində çox yüksək həddə idi. Alimlər, müəllimlər, musiqiçilər, idmançılar kütləvi halda özlərinə daha yüksək məvacibli ölkələr axtarışında idilər.

Amma indi əmək miqrasiyası beyin yox, əzələ, güc axını şəklini almaqdadır. Bizim insanlar Avropada hazırda çox ucuz işçi qüvvəsidir. Həmin o çex, polyak sahibkar özününkünə verəsi olduğu pulun beşdə birini bizimkilərə verib də onların əməyini istismar edir.

Əslində, bu heç istismar da deyil. Bizimkilər bu puldan xoçbəxt olurlarsa, demək, avropalı sahibkarlar savab iş tuturlar.

“Ədəbiyyat və incəsənət” mövzunu davam etdirəcək.

 

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunub.

 

AzərTAC xəbər verir ki, səhnə əsərində rolu “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupova canlandırıb.

 

Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

 

Psixoloji dram janrında qurulan tamaşa müharibədə oğlunu itirmiş ananın həyatından bəhs edir. İllər öncə gənc alim qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Hətta körpəni belə bu ağaca bənzədir. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Oğlunu şəhərdə böyüdür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

 

Müəllif əsəri müharibədə oğlunu itirmiş analara ithaf edib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.