Super User

Super User

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Alma dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun

 

DÜSTUR 

§ Ət – 117 qr

§ Alma – 220 qr

§ Soğan – 20 qr

§ Müxəşşər – 42 qr

§ Quru mərzə – 10 qr

§ Ağ reyhan – 10 qr

§ Yağ – 20 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ darçın – 0,2 qr

 

HAZIRLANMASI:

Almalar yuyulur, baş tərəfi kəsilib, içi nazik bıçaq və ya qaşıqla çıxarılıb, içlə doldurulur. Zövqə görə darçın da səpmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə - Seyid Aynurun şeirləri

təqdim edilir. 

 

Qərənfil

 

"20 Yanvar" günü o kordiogen şok keçirmiş

al qərənfillərin

içindəki yurd sevgisinə and olsun:

"Vətən" adlı yol gedən qatarın

sərnişiniyəm,

hər gecə

həsrət daşıyıram

ayağımda bir vaqon.

 

Göyçə

 

Sarı Qulunun qızı Sədəf

Ər evinə gəlin köçəmmədi.

Kor Hido əllərini yuxarı milləyib,

Gəzdi Allahın ətəyini,

Tapammadı...

Namazın ölüm xəbəri gəldi,

Səlbi mamam başını

            möhürə qoyub doluxsundu,

Sızladı kimsəzilikdən -

Düşmən toy karvanının qabağını kəsib

Ağlatdı anamızı.

Həmin il nədənsə,

nəzir-niyazları

            qəbul etmədi "Miskin Abdal",

Aşıq Nəcəfin belinə odlu samovar bağlayıb,

Təpədən aşağı tulladı haylar,

Axşama yaxın Məşhədi Qasımın tüfənginin

Səsi eşidildi:

Qopdu əli qanlı Aramyanın

axsaq atının nalı.

Terrorçular boşaltdı kəndi,

Qobustan qayalarına doğru yol alan,

Günəşin söykəndiyi

Əjdaha dağının üzərindəki

Sakral rəsmlər elə bil dirildi o gün -

Ağlaşdı canlı kim, nə vardısa,

Qırıldı canlı kim, nə oldusa.

 

Salam, Dərələyəz!

 

Qırğın qopdu, uçdu evin, sarayın,

Dilə düşdü ahın, nalən, harayın.

Viran qaldı bir Alagöz yaylağın,

Didərgindir el-oban, Dərələyəz!

 

Çətin idi həsrətinlə yaşamaq,

Qocalara boz şəhərdə yaşlanmaq.

Dərddən oldu nər oğullar bir yumaq,

Sığanmadıq Bakıya, Dərələyəz!

 

Arpaçayın suyu düşər Araza,

Əziz elim getdi yaman güdaza.

Salam deyin o qərib Ardaraza,

Yaman sənsiz qaldıq bil, Dərələyəz!

 

Həsrətindən dərdə düşdü bu millət,

Saatlıda xəstə düşdü Məhəmməd.

"Can qurtaran dağ"da vardı min hikmət,

Kimsəyə sirr vermə sən, Dərələyəz!.

 

Qayıdacaq Qaşqa, Sallı, Cul, Zerək,

Qəlbim olub yumyumuşaq, çox kövrək.

Ayrı düşdük neçə vaxtdı, di, neynək,

Sil o yaşı, yanaqdan, Dərələyəz!

 

Dua

 

Yıxıldım misra-misra,

Əzildim heca-heca.

Böyüdüm günbəgün

Hər üz turşudan 

alça mövsümü

ayrılıqlar incitdi həssas ruhumu

Sonra...

Sonra...

Anamın dualarından güc aldım.

 

Xilas

 

İntihar etmək istəyən ağaclara

Mişarı psixoloq,

Sahilə çırpılan balıqlara

Balıqçıları xilasedici təyin etdilər.

Elə o vaxtdan:

Ağaclar ağıllandı,

Balıqlar möhtəşəm üzgüçü oldu.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

“Ədəbiyyat və incəsənət” porfalı Xarici ədəbiyyat rubrikasında sizlərə Avstriya şairi və yazıçısı Erix Fridin (1921-1988) “Səni öpdüyümdə” şeirini təqdim edir. Şeiri dilimizə portalımızın Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla çevirib. 

 

Səni öpdüyümdə 


Təkcə sənin ağzın deyil, 


Təkcə sənin göbəyin deyil,


Təkcə sənin qarnın deyil öpdüyüm.


Həm də mən


Sənin sorğularını öpürəm. 


Sənin arzularını,


Davranışlarını öpürəm sənin. 


Sənin şübhələrini, 


Sənin cəsarətini,


Mənə olan sevgini,


Məndən qurtuluşunu öpürəm. 


Mən sənin ayaqlarından öpürəm ki, 


Bura gəlibdilər, burdan da gedəcəkdirlər. 



Mən səni öpürəm; 


Olduğun kimi, 
Olacağın kimi,


Sabah və sabahlarda


Hətta o vaxt ki, 


Mənim də vaxtım kəçəcəkdir...

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.

2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.

2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.

2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.

2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.

 

ŞAGİRD:

Mən, Tağızadə Amin Anar oğlu 2015-ci ildə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanin 1- ci sinfinə qəbul olmuşam. 2022-ci ildən etibarən təhsilimi Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar liseyində davam etdirmişəm. Hal-hazırda 10-cu sinif şagirdiyəm.

​Oxuduğum müddət ərzində məktəbin tədbirlərində, olimpiada və müsabiqələrində iştirak etmiş, bir çox nailiyyətlər əldə etmişəm. Bunlara misal olaraq: FİSO(future intintelligence students olympiad) olimpiadasında Respublika birincisi olmuşam, FMO(Fermat mathematical olyimpiad) olimpiadasında gümüş medal əldə etmişəm, “Sabahın alimləri” müsabiqəsinə “Tibb və sağlamlıq” fənnindən hazırlaşmışam, “ClimateScience” olimpiadasinda yarımfinalçı olub dünya reytinqində 2,7% içində olmuşam və 12 beynəlxalq sertifikatla təltif olunmuşam. Sadalanan olimpiadalarda iştirak edib,  müxtəlif yerlər tutub, sertifikatlar qazanmışam: Eagles, Milli iqtisadiyat olimpiadası,TİMO, Kenquru. Həm də “Bir könüllü” tələbə təşkilatında könüllü kimi çalışıram.

Boş vaxtlarımda şahmat oynamağı və boks ilə məşğul  olmaqı sevirəm. Şahmat üzrə 3-cü dərəcəli oyunçuyam. Məktəbdə keçirilən şahmat çempionatında 1-ci yer qazanmışam və Fəxri Fərmanla təltif olunmuşam. Bundan əlavə, Boks idman növündə bir çox yarışlarda iştirak etmiş və 1-ci yer qazanmışam, diplom və medallar ilə təltif olunmuşam.

Məqsədim Türkiyənin ən qabaqcıl universitetlərindən birinə qəbul olub təhsilimi Tibb üzrə davam etdirmək və ölkəmizdə tibbin inkişafına böyük töhfələr verməkdir.

 

ESSE

Şəxsiyyətin əsas dəyəri - Azadlıq

 

Azadlıq həmişə əsas insan dəyərlərindən biri olub. Seçmək hüququnu, öz inanc və arzularına uyğun yaşamaq imkanını ifadə edir. Bununla belə, azadlıq mütləq deyil. Onun sərhədləri bir çox amillərdən - əxlaq normalarından, cəmiyyətin qanunlarından və başqa insanların hüquqlarından asılıdır. 

Fərd üçün azadlıq özü olmaq, müstəqil qərarlar qəbul etmək və onlar üçün məsuliyyət daşımaq bacarığı deməkdir. Azadlıq olmadan insan öz arzularını həyata keçirmək, fikrini ifadə etmək imkanını itirir. Lakin tam azadlıq qeyri-mümkündür, çünki o, başqa insanların maraqları ilə ziddiyyət təşkil edə bilər. Məsələn, bir şəxsin azadlığı digərinin azadlıq hüququnun başladığı yerdə bitir.

Üstəlik, azadlıq məsuliyyətlə sıx bağlıdır. Əgər insan sərbəst hərəkət edirsə, qərarlarının nəticələrinə hazır olmalıdır. Azadlıqdan məsuliyyətsiz istifadə xaosa, başqalarının hüquqlarının pozulmasına, hətta cəmiyyətin məhvinə gətirib çıxara bilər. Məsələn, söz azadlığı mühüm hüquqdur, lakin ondan nifrətin qızışdırılması və ya yalanın yayılması üçün istifadə ictimai rifah üçün təhlükə yaradır.

Beləliklə, azadlıq təkcə hüquq deyil, həm də vəzifədir. İnsan öz istəkləri ilə başqalarına hörmət arasında tarazlıq tapmağı bacarmalıdır. Azadlıq başqalarına zərər vermək üçün istifadə ediləndə və ya onun nəticələrini dərk etmədən mənasız olur.

Mən inanıram ki, həqiqi azadlıq o zaman əldə edilir ki, insan onun hüdudlarını dərk etsin və öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarsın. 

Məhz bu yanaşma fərdlər arasında harmoniyanı qorumağa imkan verir!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Gözəl lirik şeirləri ilə tanınan Xuraman Muradova qələmini həm də publisistikada sınayır. Onun təqdimatı olacaq növbəti kitabı məhz publisistika janrındadır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 23-ü saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yoluna həsr edilən "Əsrin qəhrəmanı olan Komandan" kitabının təqdimat mərasimi keçiriləcək! 

 

Xuraman Muradovanın Azərbaycan Prezidentinə həsr etdiyi kitabın prezidentin ad günü öncəsi ictimaiyyətə təqdim edilməsi özlüyündə həm də bir rəmzi məna daşıyır. Azərbaycana Qarabağ zəfəri yaşatmış İlham Əliyevə ad günü təbriki ünvanlamağa  hər kəs səbirsizlənir, çünki bu zəfər hər bir azərbaycanlı üçün ən böyük hədiyyədir.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.

Beləliklə, son 9 aforizm:

Qarşınızda konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.

M.Monten

 

İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.

A.Morua

 

Hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur.

Ş.Monteskyö

 

İdeal öz şəxsi «MƏN»ini həyata keçirmək deməkdir.

C.Mur

 

İnsan bütün qüvvəsini hərəkətə gətirmək üçün özündən irəlidə onu ilhama gətirə biləcək hansısa nəcib məqsədi qoymalıdır.

J.Renan

 

Məqsədsiz həyat taleyə boyun əyməkdir.

N.Saymon

 

İdeal – yol göstərən ulduzdur. Onsuz dəqiq istiqamət yoxdur, istiqamət olmayanda isə həyat yoxdur.

L.Tolstoy

 

İnsanın məqsədləri böyüdükcə, özü də böyüyür.

F.Şiller

Məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir: küləyin səmti dəyişdikcə, onun da istiqaməti dəyişir.

S.Smayls

 

Şəkildə: Şiller

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Həyat- insanın varlığının ən dərin mənasını anlamaq üçün bir labirintdir. Bu labirintdə ölmək, bəzən bir başlanğıcın adı, yaşamaq isə əslində hiss etmək sənətidir. Amma sərsəm yaşayış... O nə həyatdır, nə də ölüm. Sadəcə qəlbin ağrıyan bir yamacıdır.

 

Ölümdə bir azadlıq var. Qaranlığın qoynunda bir sakitlik, bir sonsuz başlanğıc. İnsan, əslində, hər gün bir az ölmürmü? Xəyallarımız tükənəndə, hədəflərimiz solanda, ürəyimiz dolanda... Amma bu parçalanışlar bizi formalaşdırır, daha çox yaşamağa vadar edir. Həyatın əsl mahiyyəti odur ki, bu kiçik ölümlərdən doğulmaq, qalxmaq, böyümək lazımdır. Ölmək yaşamaqdır, çünki ölüm, bəzən yeni bir həyatın qapısıdır. Ruhun bir forma dəyişərək azad olduğu, yüksələ bildiyi bir dönmə nöqtəsidir... Amma yaşamaq bütün bunları hiss etməkdir: Sevinci, kədəri, qəlbə toxunan hər kiçik anı. Yaşamaq dəyər verməkdir, ölüm isə o dəyərlərin silinməsi deyil, onların dərinləşməsidir.

Amma sərsəm yaşayış bunun tam əksidir. Axına qarşı üzməmək, hədəfsiz dolaşmaq, keçici zövqlərlə öz varlığını susdurmaq... Bu, ömrü vaxtla yamaq etməkdən başqa nədir? Bu, qəlbin dərinə kök sala bilmədiyi, ruhun özünə aid bir sığınacaq tapmadığı bir vəziyyətdir. İnsan hələ diriykən ölməyi seçmiş kimidir. Bir məqsədsiz yol, bir başıboş sürükləniş. Bir günə inam, amma sabaha qorxu. Elə bir yaşayış ki, səni yarı yolda buraxar, ruhunu incik saxlayar. Həyatı dəyərsiz etməyin yolu elə budur: Yalnız zamanı doldurmaq, amma onu doydurmamaq.

Həyat- bəzən sıxıcı bir düyün, bəzən də yelkənsiz bir qayıq kimidir. Biz- insan oğlu bu düyünlərin arasında bir məna axtarırıq, bir çıxış yolu, ruhumuzu dincəldəcək bir liman... Amma bir şey danılmazdır: Yaşamaq hər zaman həyatı anlamaq demək deyil. Bəzən yaşamaq sadəcə var olmaq, mənasız bir dolaşışın içində yuvarlanmaq kimidir. Elə bir yaşayış ki, o, həyatın mükəmməl simfoniyasına yox, səssiz bir pərdəyə bənzəyir.

Bir məqsədsiz yol, bir başıboş sürükləniş. Bir günə inam, amma sabaha qorxu. Elə bir yaşayış ki, səni yarı yolda buraxar, ruhunu incik saxlayar. Həyatı dəyərsiz etməyin yolu elə budur: Yalnız zamanı doldurmaq, amma onu doydurmamaq.

Həyatı yaşamaq sənə verilən hər anı qərərli bir sevgi ilə qavramaq, onu dönüşdürməkdir. Bu yol bəzən ağır olur, amma məhz o ağır yol bizi həyatı sevməyi öyrədir. Bir yükə, bir əzaba bənzəsə də, o əzabı hiss etmək həyatı yaşamaq deməkdir.

Ölümün də bir həyat olduğunu bilərək, sərsəm yaşayışı seçməməliyik. Bu yaşayış, ömrün dözülməz bir yükə çevrildiyi, düz-düz bir yamağa döndüyü andır. Halbuki, bizə verilən bu vaxtı məqsədlə bəzəyib, onu böyük bir nağıla çevirmək bizim ixtiyarımızdadır.

Unutma ki, hər bir anın yaşanması, məqsədlə, dəyərlə bərpa olunması vacibdir. Ruhunda odu sönməyən insanın ömrü heç vaxt yamalanmaz, əksinə, hər gün yenidən yaşar və qalib gələr. Həyatın mahiyyəti, məncə, qəlbdəki o kiçik ölüm və dirilmə döngələrini qəbul edib, onları mənaya çevirməkdədir.

Ruhunda yanğı ilə yaşayan, ölməyi belə yaşamağın bir hissəsi kimi görən insan əslində ölümsüzdür.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.

 

Bir ifadənizi xatırlayıram. “Kaş ki, bəstəkar olardım, xanəndəliyin sirrini onsuz da atam öyrədirdi” deyib təəssüf hissinizi ifadə etmişdiniz. Oxucular üçün bunu daha ətraflı izah edərsinizmi?

 

Bəli, Aysel xanım siz o ifadəni çox düz xatırlayırsınız. Mənim keçmişdə kaş ki, dediyim sözlər çox deyil. Deyərdim bir və ya iki dənə olar. Çünki mən həmişə yaşam tərzimdən razı qalan insanam. Hər zaman nə qədər çətinliklərdən, hansı keşməkeşdən keçsəm də “bu mənim yaşam tərzimdir” anlayışı ilə çox rahat davranıram. Yəni bu həyatda heç bir peşmançılıqlarım yoxdu. Amma “kaş ki” dediyim bir-iki məsələ var. Onlardan birini oxucular üçün açıqlamaq istəyirəm. Mən 1996-cı ildə Konservatoriyaya daxil olanda kaş ki xanəndəlik yox, bəstəkarlıq üzrə təhsil alardım deyə düşünürəm. Çünki mənim orta ali piano təhsilim olduğu üçün belə bir  fürsətə sahib idim. Ona görə də bu cür şansı əlimdən qaçırtdığıma görə “kaşkim” var. Xatırlayıram, Aysel xanım, mən bunu sizə dedikdə siz həmin an özünüz də buyurdunuz ki, indi də gec deyil. Bəli, mən də sizinlə razıyam ki, heç də gec deyil. Yəqin ki, gələcək illərdə mən bu kaşkimi həyata keçirdə bilərəm. Bunu edə biləcəyimi düşünürəm.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

 

 

Wednesday, 18 December 2024 13:28

UŞAQLARINIZA OXUDUN – “Mənim dostum”

Coşqun Xəliloğlu, AYB-nin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

MƏNİM  DOSTUM

 

(UŞAQLAR ÜÇÜN HEKAYƏ)

 

Mən ikinci sinifdə oxuyuram. Çoxlu dostlarım var. Ən yaxın dostum isə Hünərdir. Atam da onu tanıyır. Axı Hünərin atası Süleyman əmi də Qarabağ müharibəsində atam kimi düşmənə qarşı döyüşüb. Qazidir, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə sol qolunu itirib. Yaxasında çoxlu orden-medal var.

Hünər həm  əlaçıdır, həm də şirindil, mehriban uşaqdır. Müəllimimiz həmişə onu tərifləyir.

Keçən həftə məktəbə gələndə Hünər yoldan pulqabı tapmışdı. Gətirib birbaşa müəllimə verdi.

-Bu nədir Hünər?

-Müəllim yolda düşmüşdü, götürdüm.

Müəllim pulqabını açdı, yüz doxsan yeddi manat pul və dərman resepti vardı.

Pulu görən gombul Fətullanın pıçıltısı aydın eşidildi:

-Ay fərsiz... mən tapsaydım...

Növbət gün məktəbimizin iclas zalında böyük yığıncaq oldu. Əvvəl direktor danışdı, o, Hünəri səhnəyə çağırdı. Xeyirxah, nəcib iş gördüyünə görə onu təriflədi:

-Hünər kimi şagirdlərimizlə fəxr edirik. Bilirsiniz, o, kimin pulqabısını tapıb? - özü də cavab verdi:

-Sənubər müəllimin. Sənubər müəllimin neçə-neçə yetirməsi var. Mən də onun bir vaxtlar şagirdi olduğuma görə fəxr edirəm. Bir də ki... onun ikinci oğlu İnam da Qarabağ uğrunda döyüşlərdə düşmənə qan uddurub, qazidir. Sevimli müəllimimiz Hünərə təşəkkürünü bildirmək üçün həm özünə və həm də bizim hər birimizə doğma olan məktəbə gəlib.

Sənubər  müəllim direktora təşəkkür edib Hünərə yaxınlaşdı. Onu qucaqlayıb üzündən öpdü.

-Mənim balam, mən atan Süleymana dərs demişəm. O da ağıllı, çalışqan, dürüst insan idi. İn­di onun qəhrəmanlığından, igidliyindən bütün Azərbaycan danışır. Kim nə deyir, desin, itki pis şeydir. Pul kisəsini itirəndə kədərlənmişdim, indi isə həm onun tapılmasına, həm də sənin kimi ağıllı balalarımın olduğuna görə çox sevinirəm. Mən sənə, valideynlərinə, mü­əllimlərinə təşəkkür edirəm.

Müəllim yenidən Hünəri qucaqladı. Hamı əl çaldı. Həmin gün sanki məktəbdə bayram idi. Uşaqlar bir-bir Hünərlə görüşürdülər Ən çox sevinən isə mən idim. Axı Hünər mənim dostumdur.

(09.12.2024)

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

 

 

Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

 

Uşaqlıqdan sevirdim filmləri. Bəzi filmlərə təkrar-təkrar baxıb elə öz otağımdaca həmin filmlərə “Oskar” təyin edirdim. İllər keçsə də, bu hərəkətimi xatırlayıb güldüyüm və xatırlayıb hələ də köks ötürdüyüm filmlərin adı gələndə o illərə qayıdıram.

 

Titaniklə böyüyən uşaqlıq

 

Bəlkə də, sayı yadımdan çıxıb filmə neçə dəfə baxdığımın. Bəlkə də, səhnə-səhnə əzbərləmişəm filmi. Və illər keçdikcə sanki filmlə aramda qopmayan bir bağ yarandı. Nə idi məni öz əsrarəngiz dünyasına çəkən bu filmdə? Tək gəminin aysberqlə toqquşma səhnəsi, yoxsa bitməyən sevgi hekayəsi? Bunların heç biri ola bilməzdi, daha tutarlı səbəb olmalı idi bu qırılmaz bağa. Ta ki 2018-ci ildə Amin Mooalfın “Səmərqənd” kitabını oxuyanadək heç nə aydın deyildi. Kitabı oxuduqdan sonra bütün daşlar yerinə oturmağa başladı. 30 il əvvəl yazılan kitabı 30 il sonra oxumaq tarixin künc-bucağına qısılmış sirrə sahib olmaq kimi gəlirdi mənə. Və Titaniklə aramızdakı qırılmayan bağ “Səmərqənd” vasitəsilə ortaya çıxdı. Gəlin indi həm Titanikin batmasına, həm də bu gəmini dəyərli edən səbəblərə və qaranlıq məqamlara aydınlıq gətirək.

1909-cu ildə dünyanın ən böyük layneri olan Titanikin düzəldilməsinə başlanıldı və bu proses üç il yarım çəkdi. O öz dövrünün ən böyük sərnişin gəmisi olmaqla yanaşı, ən son texnologiya ilə təchiz olundu. İstehsalçısı “White Star Line” şirkəti olan gəminin uzunluğu 269 metr, eni 28 metr yarım, yüksəkliyi 63 metr idi. Subasımı 66 ton olan gəmi bir-biri ilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəmidə uzunluğu 7 kilometrə çatan 762 lüks kayut, üzmə hovuzları, saunalar, idman qurğuları, restoranlar, əyləncə salonları, teatr və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəmidəki sərnişinlər üçün 899 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət göstərirdi. Bütün gövdə ikiqat divarlarla əhatələndiyi üçün xilasetmə qayıqları 2224 sərnişinin yalnız üçdə birinə  hesablanmışdı. Amma və lakin bütün bunlarla yanaşı, Titanik özündə ölümcül səhvləri də ehtiva edirdi. Xilasedici qayıqların azlığı, xəbərdarlıq və kəşfiyyat avadanlıqlarının zəifliyi və nəhəng gəmini kiçik bir sükanın idarə etməsi onun manevr qabiliyyətini məhdudlaşdırırdı. Araşdırmalara görə gəmi aysberqlə toqquşmadan batmayıb. Gəminin inşası zamanı bir növ kəmər rolunu oynayan polad vitrinlər, əslində, zavod istehsalı yox, kustar üsulla düzəldilibmiş.

 

Gecə Ay işığına bürünmüşdü

 

1912-ci il aprelin 10-u dünyanın ən nəhəng okean layneri Titanik son dayanacağı Nyu-Yorka hərəkət edərkən, təxminən, eyni saatlarda nəhəng buz dağı – aysberq   qoparaq cənuba doğru hərəkət etməkdəydi. Aprelin 14-ü gecəsi kapitanın qarşıda aysberqlərin olması haqqında xəbərdarlığa məhəl qoymayaraq davam etməsi Titanikin operativ manevr imkanlarına malik olmasından doğan eyforiyanın nəticəsi idi. Bəlkə də, gəminin istehsalçısı olan şirkətin rəhbəri Bruce İsmay tarixə Titanikin adını yazdırmaq üçün gəminin ən son sürətdə irəliləməsi barədə kapitan Smitə qəti tapşırıq verib. Lakin növbətçi anidən nəhəng buz dağını görəndə ölümə 50 saniyədən az zaman qalırdı… Ay işığında! Sürəti nizamlamaq və yaxud gəmini yana döndərmək səyləri, həqiqətən də, suya düşdü. Gecə 23 radələrində sağ tərəfdən aysberqə çırpılaraq 6 yerdən yarılan gəmini xilas etmək mümkünsüz oldu. Peşəkar gəmiçilər deyir ki, Titanikin aysberqdən yan keçmək şansı olub, lakin gəminin sükanı kiçik olduğu üçün bu da laynerin manevr qabiliyyətinə mane olub. Göyərtəsində 2224 sərnişin olan Titanik iki hissəyə bölünüb və 2 saat 20 dəqiqədən sonra okeanının lal sularına qərq olub. Bu faciə zamanı 1513 nəfər həlak olub, təəccüblüdür ki, xilas olan 711 nəfərin çoxu sonradan başqa dəniz qəzalarında həlak olublar.

 

Kapitan Smitin son sözləri “Titaniki tərk etməyə hazırlaşın!”

 

Bəlkə də, bu ən çətin qərar oldu kapitan Smitin həyatında. O, 23:50-də nəinki özünün dənizçilik tarixinin ən ölümcül və işgəncəli qərarını verməyə məcbur oldu – “Titaniki tərk etməyə hazırlaşın!”

Layner SOS siqnalı verərkən ən yaxın gəminin köməyə çatması üçün azı 4 saat vaxt tələb olunurdu. Gəminin isə su üzərində cəmi 2 saatdan az vaxtı qalmışdı. Sədaqətli kapitan Smitin kayutuna su dolsa da, o, gəmini tərk etmir. Gəmidə sağ qalanlar dediklərinə görə Smit sular içində 10 aylıq bir körpəni qucağına alaraq xilasedici qayıqlara tərəf üzür. Qayıqdakılar öz yanlarında kapitana yer etsələr də, körpəni qayıqdakılara verib kapitan batan gəmiyə geri dönür. Dənizçilik qanunlarına görə əgər gəmi batarsa, kapitan da gəmisi ilə birgə batmalı idi. Kapitan Smit gəminin dizayneri ilə Titaniklə batmağı seçərkən, gəminin son sürətdə Amerikaya getməsini tələb edən “White Star Line” dənizçilik şirkətinin idarəçisi Brus İsmay isə qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan Titanikin batmasını izləyib. Həmin o 10 aylıq uşaq isə son illərədək Amerikada yaşayan Coyse Vest Dainton idi. Bu hadisəni məşhur “Weekly World News” qəzeti də təsdiqləyir.

 

Titanik batarkən niyə ağ fişənglər atıldı

 

Bəlkə də, Titanik xilas edilə bilərdi…fişənglər düz atılsaydı. Gəmi batarkən qırmızı fişənglər yerinə havaya dalbadal ağ fişənglər atılıb. Hava fişənglərini görən “Kaliforniya” adlı gəminin heyəti atılan fişənglərin ağ olmasını görərək gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki fişəng rənglərinə görə tədqiq edilirdi. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. Bir digər məlumatda isə Titanikə, təxminən, 70 kilometr uzaqlıqda olan Mount Temple gəmisi kömək çağırışını duyub, lakin koordinatlar səhv verildiyindən gəmi 12 kilometr uzaqlıqda olan başqa bir bölgəyə gedib.

Həmçinin o zaman gəmi fitləri ən gurultulu fitlər idi. Bu fitləri 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Amma və lakin nədənsə okeanda Titanikə 11 mildən də az məsafədə olan heç bir gəmi bu fiti duymayıb.

 

Tanrının ümidinə buraxılanlar

 

Kapitan Smitin əmrindən sonra ilk olaraq qadınlar və uşaqlar qayıqlara endirildi. 1-ci və 2-ci sinif sərnişinlərə daha çox şərait yaradıldığı üçün 3-cü sinif sərnişinlər Tanrının ümidinə buraxıldı. Xilasetmə qayıqları 64 nəfər götürmə imkanına sahib olsa da, cəmi 28 sərnişinlə gəmidən sürətlə uzaqlaşmağa qərar vermişdi. Əcəl ilk dəfə sərnişinlərin gözü qarşısında rəqs edirdi. Bu rəqs aciz insanların fonunda gəmi orkestrinin vida musiqisi ilə müşayiət olunurdu. Ümidini hələ itirməyən, taleyin amansız mübarizəsi ilə çarpışan bir qrup insan da özlərini okeanın dərin və soyuq sularına atırdılar. Atlantik okeanın soyuq sularına səpələnmiş bu insanlar yaşamaq uğrunda son mübarizəni verirdilər. Və bu mübarizədən çox az adam qalib çıxdı. Bax beləcə, gecə saat 1 radələrində Amerikaya xoşbəxtlik ardınca gedən sərnişinlərdən ibarət "Batmayan gəmi" yüzlərlə sərnişini ilə birlikdə kövrəlmiş ayın müşayiəti ilə okeanın dərinliyinə qərq oldu.

Sabah gün oyananda faciənin şahidi olan 716 sərnişin "Karpatiya" gəmisi ilə Nyu-Yorka daşındı. Gəmidən 1-ci sinif sərnişinlərdən 62 faizi, 2-ci sinifdən 41,5 faizi, 3-cü sinifdən 26 faizi xilas edilə bildi. Ölənlərin və xilas olanların siyahısından da aydın olur ki, ölüm ayağında belə ölüm üçün sinfi ayrı-seçkilik edilib.

 

Əbədi sükut

 

Dəniz, bəlkə də, batmayan gəmiləri sevmir. Buna görə də bəşəriyyət dəniz tanrıçası Neptuna hər il 200 min insan qurban verir. Bəlkə də, buna görədir ki, dənizlərin dibində 1 milyona qədər gəmi dəfn olunub. İndi Titanik də Atlantik okeanının 4 km dərinliyində əbədi uyumaqdadır.

Uzun axtarışdan sonra nəhayət, 1985-ci il sentyabrın 1-də okeanın 3750 m dərinliyində axtarışlar aparan robot gəminin içinə daxil olaraq orada yüzlərlə şəkil çəkdi. Suda uyuyan və əfsanələşən Titanikdən 1412 əşya çıxarıldı. Əşyaların bəziləri öz sahibini tapsa da, bəziləri auksionda baha qiymətə satıldı. Sahibsiz qalan bu əşyaların bir hissəsi isə bu günədək muzeydə saxlanılır.

 

Titanikdəki xəzinələr

 

Dəqiq məlumatlara görə Misir fironu "Tutan-hamo"nun mumiyası da gəminin göyərtəsində imiş. Bundan əlavə, Ömər Xəyyamın rübailəri, Van Qoq, Salvador Dali kimi məşhur rəssamların əl işləri də onların arasında idi. Titanikdə aparılan yükün dəqiq sənədləşdirilməsi aparıldığı üçün indiki qiymətlərlə gəminin seyfində 300 milyon dollar olub. Titanikin ilk və son səfərində 20 Titanik alma iqtidarına malik, kapitalı 150 milyon dollardan artıq olan Amerikan multi-milyonçusu, 47 yaşlı Con Astor da var idi. Fəqət Con Astorun cəsədi başı əzilmiş şəkildə okeandan tapılanda onu barmağındakı 120 min dollarlıq brilyant üzükdən tanıdılar. Con Astordan başqa metallurgiya-mədən sənayesi maqnatı Quqqenheyn, ABŞ-ın tramvay maqnatı Corc Uayd, Nyu-York universal mağazalarının sahibi Straus və adları çəkilməyən 57 milyonçu da gəminin göyərtəsində idi.

 

Jurnalist Vilyam Steadın və gəmiçi Vilyam Reevesin qeydləri

 

İngilis jurnalist Vilyam hekayələr yazır, ölümdən sonrakı həyat və reankarnasiya ilə maraqlanırdı. O, 1892-ci ildə “Titanik” adlı hekayə yazır. Hekayədə gəmi aysberqə dəyərək batırdı. O bu hekayədə özünü qəzadan xilas olanlardan biri kimi göstərirdi. Amma 20 il sonra Titanik batarkən okean sularında qərq olanlardan biri də həmin jurnalist-yazar Steadın şəxsən özü idi.

Titanikin batdığı gecə anadan olan və 23 yaşını gəmidə qeyd edən Vilyam Reeves İngiltərədən Kanadaya gedən “Titanian” adlı gəmidə idi. Gəmi uğursuz zonaya, Titanikin batdığı nöqtəyə çatdı. Reeves anidən nəhəng bir aysberqin gəminin yolu üzərində peyda olduğunu gördü. Tam o anda həyəcan siqnalı verildi. Məsafə kafi olduğundan gəmini zamanında dayandırdı. Hərəkəti mümkünsüz olan gəmini ancaq 9 gün sonra hadisə yerinə yetişən buzqıran gəmilər qurtardı.

 

Ən çox sevilən kitab da gəminin qurbanlarından oldu!

 

“Titanik batan zaman onun ən görkəmli qurbanı kitab olmuşdur”.
Bu sözlər Livan əsilli fransız yazıçısı Əmin Maalufun 1988-ci ildə nəşr olunan tarixi romanı “Səmərqənd”də qeyd olunub. 1900-cü illərdə Londonda fəaliyyət göstərən iki cildçi Corc Sutcliffe və Francis Sangorski Henri Soteran adlı kitab satıcısından götürdükləri sifarişi 1911-ci ildə zəngin naxışlarla bəzəyib təhvil verdilər. Bu kitabda Elihu Vedderin şəkillərinin müşayiəti ilə Ömər Xəyyamın rübailərinin ingiliscə təfsirləri yer alırdı. “Böyük Ömər” və yaxud “Möhtəşəm kitab” adlanan bu kitabın üz qabığında üç ornamental tovuz quşu, arxa qapaqda isə yunan sazı çəkilmişdir. Həmçinin kitabda yaqut və zümrüd kimi mindən çox qiymətli daş, beş min ədəd dəri, gümüş, fil sümüyü, qara ağac və 600 səhifəlik 22 karatlıq qızıl yarpaqlardan istifadə edilmişdir. Sotheran bu kitabı Nyu-Yorka göndərmək istəsə də Amerika gömrüyünə yüksək gömrük rüsumunu ödəməkdən imtina etdiyi üçün kitab İngiltərəyə qaytarıldı. Daha sonra Qabriel Uells kitabı auksionda 450 funta aldı. Uells də kitabı Amerikaya göndərmək istəyirdi. Bunun üzərinə Titanikə müraciət edildi. Lakin kitabın hekayəsi Titanikin batması ilə də bitmədi. Stanley Bray 6 illik gərgin əməkdən sonra kitabın və “Böyük Ömər”in xatirəsini canlandırmaq məqsədilə Sanqorskinin orijinal rəsmlərindən istifadə edərək kitabın yeni nüsxəsini hazırladı. Bank kassasına qoyulan bu kitab İkinci Dünya müharibəsi zamanı nasist təyyarələri Londonu bombalayarkən məhv edildi. Bray yenidən qollarını çırmalayıb 40 illik fasiləsiz işdən sonra hazırladığı yeni nüsxəni vəsiyyəti üzrə ölümündən sonra Britaniya Kitabxanasına təhvil verildi. Ölümündən bir müddət əvvəl Bray demişdi: “Mən xurafatçı deyiləm, amma tovuz quşunun fəlakət simvolu olduğu deyilir”. Bu gün muzeydə bu əsəri görmək mümkündür.

 

Və o məşhur film…Titanik

 

Rejissor Ceyms Kameronun çəkdiyi baş rollarda Leonardo di Kaprio və Keyt Uinslettin çəkildiyi bu film 200 milyon dollara başa gəlsə də, film 1 milyard dollar qazanc gətirdi. Filmdə gəminin batma səhnəsini və insanların su üzərində yaşadıqları dəhşəti canlandırmaq üçün nəhəng süni göl hazırlandı və təkcə gəmi maketinə 46 milyon dollar pul xərcləndi.

Mənə görə Titanik batmadı, insanlar orada qəhrəmanlıq hekayələri yaratdı və bütün dünyaya göstərdilər ki, sevgi hər zaman xilas edə bilməz, fəqət gözəlləşdirər. Gəmi suyun dərinliklərinə ensə də, orada uyusa da, hekayəsi əbədiləşərək bütün sevən ürəklərə köçdü.

Titanik xatirələrdə bir gəmi kimi yox, insanlığa və sevgiyə yönələn təvazökarlıq nümunəsi kimi qaldı. Böyük ümidlər buz dağına dəyib çiliklənsə də, yaşayan buz dağı yox, o ümidin işığında alovlanan və daha neçə yüzilliklər boyunca şöləsi bütün dünyada hiss edilən acılı-şirinli Titanik xatirələri olacaq.

Titanik heç ölməyəcək, çünki o, sevgidən və gözəllikdən yoğrulmuş bir əfsanədir!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

        

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.