Super User
Qəribə adamın ilk kitabı
Könül, “Ədəbiyyat və incəsənət”
Qəribə adam kimdir? Yox, o özü qəribə deyil, amma kitabını bu cür adlandırıb.
Şeirləri “Ədəbiyyat və incəsənət” portalında yayılmaqla böyük oxucu rəğbəti qanana gənc şair Nail Zeyniyevin ilk kitabı çıxıb.
Bu barədə ona müraciət etdik ki, sevincini oxucularımızla da bölüşsün. Nail bəy söylədi:
-Uzun zamandır xəyalını qurduğum ilk şeir kitabım "Mən Qəribə Adamam" adlanır, artıq satışdadır!Kitabı sifariş edib, almaq istəyənlər birbaşa mənim özümlə əlaqə saxlasınlar, çünki satış sadəcə mənim özüm tərəfindən aparılır, metroya çatdırılma da var, diqqətiniz üçün öncədən təşəkkürlər.
Xatırladaq ki, Nail bəyin əlaqə nömrəsi: 055-519-35-75, sosial şəbə hesabı: @nzeyniyev – dir.
Gənc şairin kitabını alaq, həm gözəl şeirlərdən feyziyab olaq, həm də ona dəstək olaq.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
MƏMMƏD CƏFƏR – “Füzuli sevir”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.
Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzulini ancaq vəhdət halında duymaq olar. Füzuli başqa cür dərk edilə bilməz.
Böyük bir ideal kəskin və sərrast məntiqlə ifadə edildiyi kimi, dəhşətli bir gülüş, amansız, sarsıdıcı bir satirada könül açan və ürək parçalayan məhəbbət lirikası ilə ifadə edilə bilər.
Füzuli öz fikirlərini daha çox sevgi lirikası ilə ifadə etmişdir.
Şair öz sənətinin bu başlıca xüsusiyyətlərindən birini müasirlərinə anlatmaq istəyirmiş kimi bir qəzəlinin sonunda:
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
demişdir.
Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş qəzəllərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri onun həm də həkimanə sözləridir. Bizim klassik poeziyamızda o, bir qayda olaraq, həmişə mütəfəkkir bir aşiq kimi danışır.
Məhəbbətin dili ilə böyük həqiqətlərin şərh edilməsi nadir və təəccüblü hadisə deyildir, buna bütün xalqlarda rast gəlirik. Fəqət nədənsə yüksək fikirlərin aşiq dili ilə şərhi, ümumiyyətlə, Şərq və xüsusən Azərbaycan üçün çox səciyyəvi bir hal olmuşdur. Buna görədir ki, bir mütəfəkkirin aşiq dili ilə danışmasının nə demək olduğunu bilməyən şəxs Azərbaycan klassik poeziyasının məzmunundan çox çətinliklə baş çıxara bilər. Təsadüfi deyil ki, Azərbaycan şairləri indi də, Füzulinin ölümündən 400 ilə yaxın bir zaman keçəndən sonra belə, yenə öz fikirlərini aşiqanə lirika – qəzəl şəklində şərh etməyə qüvvətli meyil göstərirlər...
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim dərdimi izhar qıldım istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin,
Səfadən dəm vuran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,
Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm.
Mənə göstərdi gərdun, tirə bəxtim kövbəkin yüz gəz,
Məni-bədbəxt ona hərgah kim baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.
Gözəl sənət incisi olan bu qəzəldə nələr yoxdur! Siz bu kiçicik şeir gövhərini istəsəniz, zülm və haqsızlıq üzərində qurulmuş cəmiyyətlərdə yaşayan insanların tarixi xülasəsi adlandırın, istəsəniz, ona şairin içərisində yaşadığı ictimai mühitə qarşı yazılmış qüvvətli bir ittihamnamə deyin, istəsəniz, bunu həyatda vəfa, sədaqət və doğruluq eşqi ilə alışıb-yanan və öz alovları ilə də bəşəriyyətin səadət yollarını işıqlandıran böyük şair qəlbinin sirlərinin ifadəsi deyə tərif edin. Bəşər taleyindən bizə dastanlar danışan bu balaca bədii tabloya nə qədər dərin məna versəniz, yaraşar!
Füzuli böyük lirikdir. Diqqət edilsin ki, ədəbiyyat tarixində hər şairə bu ad verilmir. Böyük lirik hər şeydən əvvəl, həssas dahi insan, böyük mütəfəkkir deməkdir.
***
Füzuli sevir, Füzuli aşiqdir və bu adla da fəxr edir:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var
deyir. Füzuli qəzəllərində tez-tez özünü keçmiş zamanların, qərinələrin məşhur aşiqləri ilə müqayisə edir və özünü zəmanəsinin yeni qüdrətli aşiqi adlandırır.
Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
Füzuli nədən özünə aşiqlik hüququ, aşiq adı qazandırmaq istəyir və bunu fəxr bilirdi? Bu sualın cavabı aydındır, çünki Füzulinin zamanı da əsrlərdən bəri davam edib gələn, doğma fikir mədəniyyətinə zidd və yabançı olan dini mistika amiranə bir tövr ilə: “İnsan, dünyanı sevmə, axirəti sev” deyib dururdu. O zaman Şərq də, Qərb də belə idi: “İnsan, sevmə! Həyat əsli deyil, fanidir” – batil etiqadlar carçısı zahidin və rahibin məşum səsi dünyanın hər tərəfində eşidilirdi.
Həyat sevgisi olmadan insan necə yaşaya bilərdi?
İnsana “sevmə” o demək idi ki, insan, sən öz mahiyyətindən əl çək! Bu məvhum müddəa açıqdan-açığa həyatı və ömrü inkar edirdi. Mistika və batil etiqad insanın bütün yaradıcı qüvvələrini öldürür, şəxsiyyətin mənəviyyatını və iradəsini əlindən alır, onu adi oyuncağa çevirirdi. Həqiqi insan və həqiqi həyat zəmanəyə görə mistikanın öldüyü və şəxsiyyətin azad olduğu yerdə başlayaçaqdı. Füzuli böyük sələfləri Nizami və Nəsimi kimi bunu aydın dərk edə bilmişdi.
Füzuli hər şeydən əvvəl öz xalqının doğma mədəniyyətinin böyük varislərindən biri, insan və insanın məziyyəti, insanın ləyaqəti və şəxsiyyətinin böyük müdafiəçisi olduğundan bu metafizik hökmə qarşı “eşqdir hər nə varsa aləmdə” müddəasını irəli sürmüş, həyat sevgisini inkar edənlərin cəhalət, avamlıq yuxusu təbliğatçıları olduğunu göstərmiş və öz oxucularına qulaq sırğası olsun deyə, belə nəsihət etmişdi:
Vaiz sözünü dutma qulaq, qafil olma kim,
Qəflət yuxusunun səbəbi ol fəsanədir!
Füzulinin nəzərində insan hər şeydən əvvəl həyat aşiqi, elm və idrak aşiqi, gözəllik aşiqi deməkdir.
Füzuli sənətinin iki əsas canlı məsdəri vardır: eşq və idrak. Füzuli varlığa da bu yolla mərifət yetirirdi. Bunun üçündür ki, qəti hökm ilə:
Sərmənzili hər muradə rəhbərdir eşq,
Keyfiyyəti hər kəmalə məzhərdir eşq,
Gəncineyi-kainata gövhərdir eşq,
Hər sadir olan nəşəyə məsdərdir eşq
demişdir:
Ötən günlərdə bizim ata-babalarımız Füzulinin qəmlərinə şərik olmağı, Füzulini anaraq kədərlənməyi çox sevmişlər, çünki bu qəmlər həyatda onlara da üz vermişdir. Mən bir anlığa yarımsavadlı ağsaqqal bir ixtiyarı xəyalımda canlandırıram. Budur, o qoca fələkzadə yadelli işğalçılar tərəfindən altı üstünə çevrilmiş xanimanının qarşısında qabarlı əllərini qoynuna qoyub dayanmış və qollarında zəncir, qürbət yerlərə sürgünə göndərilən, gözünün ağı-qarası bircə oğlunun dalınca həsrətlə baxa-baxa böyük Füzulinin sözlərini öz-özünə dodaqaltı pıçıldayıb gizli-gizli ağlayır.
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
Mən Füzuliyə bu cür yanaşmaqda o qocanı müqəssir görmürəm və başa düşürəm ki, bu öz-özlüyündə bir faciə, həm də bütöv bir xalqın faciəsidir. Başa düşürəm ki, bu odlu göz yaşları düşmənə boyun əymək istəməyən bir elin faciəsi idi. Başa düşürəm ki, bu:
Yetər, tavuztək üçbilə qıl arayişi-surət,
Vücudindən keçib aləmdə bir ad eylə ünqatək.
Gövhərtək qılma təğyiri-təbiət, dəlsələr bağrın,
Qərar et, hər havada olma şürəngiz dəryatək.
deyən böyük şairin nəsihətinə sadiq qalan məğrur bir nəslin faciəsi idi, bu göz yaşları da xalqa, vətənə olan məhəbbətin ifadəsi idi.
Füzulinin xalqı çox əziyyət çəkdi, çox inlədi, ancaq əyilmədi...
Səadəti-əzəli qabili-zaval olmaz,
Günəş yer üstünə gər düşsə, payimal olmaz!..
Füzuli kədərini ancaq öz xalqını düşünən, elin dərdinə qalan həqiqi, kamil insanlar və namuslu, qeyrətli vətəndaşlar anlamağa qabildirlər.
Füzuli elin dərdini çəkirdi. Füzulinin qəmləri elin qəmləri, elin şikayətləri idi. Füzuli əsərlərinin başında böyük bir qəm karvanı dolanır ki, bu karvan el qəminin, el dərdinin karvanıdır.
Füzuli sevirdi. Füzulini başa düşmək üçün hər şeydən əvvəl sevən qəlbə malik olmaq lazımdır. Elə bir qəlbə ki, sevib yüngülləşmək deyil, sevib kədərlənə bilmək üçün də döyünsün. Sevib yüngülləşmək, nəşələnmək çox asandır, bu cür sevməyi hər kəs bacarır. Sevib kədərlənmək, xalqın, elin, bəşərin dərdinə şərik olmaq isə çox çətindir.
Mən kiməm? – Bir bikəsü-biçarəvü-bixaniman,
Taleyim aşüftə, iqbalım nigun, bəxtim yaman,
Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman,
Ahü-naləm navəki peyvəstə, xəm qəddim kaman,
Tiri-ahım bixəta, təsiri naləm bigüman,
Müttəsil qəmxaneyi-spnəmdə yüz ğəm mihman,
Harda bir ğəm itsə, məndə istəsinlər, mən zəman,
Yox mənə qeydi-bəlavü dami-möhnətdən aman.
Füzuli belə sevirdi. Füzuli öz böyük qəlbində bəşərin bütün eşqini, ələmini belə gəzdirirdi.
***
Mən Füzulinin əsərlərini xoşlamayan və qorxan adamlar çox görmüşəm. Bunlar həmin adamlardır ki, barmaqlarına bir tikan batanda və ya papiroslarının vaxtı keçəndə bütün dünyanın və ömrünün mənasız olduğuna hökm verə bilərlər. Belə adamları üzdən tanımaq çox çətindir, çünki onlar mənəvi boşluqlarını zahiri parıltı və dil pəhləvanlığı ilə gizlətməyi məharətlə bacarırlar. Ancaq belələrini tanımaq üçün sanki böyük Füzulinin sözləri məhək daşıdır. Siz belə adamların əsl varlığını, mənəvi boşluğunu müəyyən etmək üçün onların yanında Füzulinin bir qəzəlindən təkcə bu beyti oxuyun:
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-neysandan göhər verməz.
Bu zaman siz onlardan aşağıdakı sözləri eşidəcəksiniz: “Bu qəmgin, köhnə sözlər nədir oxuyursunuz?”
Bu qəribə adamlar Füzulidən nə üçün qorxurlar?! Sualın cavabı aydındır; çünki Füzulinin əsərləri düşündürür, kədərləndirir. Onlar isə düşünmək, kədərlənmək və başqalarının dərdinə şərik olmaqdan dəhşətli bir yanğından qorxan kimi qorxurlar.
Belə adamları təkcə üç sözlə xasiyyətləndirmək olar: özü üçün yaşayanlar... Bu yalançı “basavadlar” öz heysiyyət və milli iftixar hisslərini itirmiş adamlardır.
Fəqət mən qoca tarixin bir çox ciddi və ağır imtahanlarından çıxmış məğrur odlar ölkəsinin bugünkü ... nəslini gördükcə böyük səy və qeyrətlə öz milli mədəniyyətlərini irəli apardıqlarının şahidi olduqca, nəhayət, Füzuli sənətinə, Füzuli dühasına böyük hörmət və məhəbbətlə yanaşan xalqımızın yüzlərcə və minlərcə ləyaqətli və istedadlı oğullarını, ağıllı-kamallı qızlarını gördükcə qəti bir inamla deyirəm:
– Füzuli yaşayır, Füzuli sevilir, Füzulinin xalqı böyük xalqdır!..
Füzuli sevirdi. Füzuli sözün geniş və yüksək mənasında həyat aşiqi idi. Həyat və idrak aşiqi – bu ad Füzuliyə çox yaraşır.
Füzuli sevirdi. Füzuli öz xalqını, onun keçmişini, gələcəyini, onun zəngin mədəniyyətini, ədəbiyyat, elm və sənətini, onun adət və ənənəsini, onun könül açan gözəl və şirin dilini dərin ehtirasla sevirdi.
Füzulini sevin!..
1941
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
Hər şey bir qığılcımla başlar...- ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət” üçün
Hər şey bir qığılcımla başlar. Kimi üçün bu qığılcım yoluna işıq olub hər yeri aydınladar, kimi üçün bir alov olaraq hər şeyi məhv edər, kimi üçün isə sadəcə qığılcım olaraq da qalar. Bəlkə də boşuna deməmişlər, “Həyat seçimlərlə doludur və seçimlər bizim həyatımızı təyin edər”
Həyat bizə hər zaman bir seçim sunar. İstər üzgün, istərsə də xoşbəxt anında. Önəmli olan doğru zamanda doğru olanı görmək və seçməkdir. Bu da işin ən çətin tərəfi olsun gərək. Bəzən elə anlar olur ki, hər şey üst-üstə gələr. O an sanki çıxılmaz bir yoldaymış kimi hiss edərsən özünü. Nə səsini duyan, nə dərdini bliən kimsə olmaz ətrafında.
“Sənin üçün doğru olan nədir” sualına cavab belə tapa bilməzsən. Həmin an hər şeyin qırıldığı və eyni zamanda birləşdiyi nöqtədir. Bu, sənin dönüş nöqtəndir. Hansı ki, bu anda həyatın üçün önəmli qərarı verərsən. Bu qərar səni ya istədəyin, ya da istəmədiyin yerlərə aparar.
Hər zaman bir ümid vardır. Hər nə qədər çıxılmaz yolda olsan da. Etdiyin yanlışlar, yanlış seçimlər səni həyatdan bezdirməməlidir, əksinə, həmin yanlışlardan nəticə çıxarmalısan və bu yanlışlar səni bir gün doğru yola götürəcəkdir.
Həyat dediyin də belə yaşanmazmı? Bir halda ki, bu dünyaya gəlmişik, bu həyatı da düşə-qalxa yaşayaraq öyrənərik yaşamağı...
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
Ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi qeyd edilib
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi münasibətilə konsert keçirilib.
İctimai Birlikdən AzərTAC-a verilən məlumata görə, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, professorlar Qəzənfər Paşayev, Mahirə Nağıqızı, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Arzu Nağıyev və Aydın Hüseynov çıxış edərək Mikayıl Azaflının zəngin irsi və aşıq sənətinə verdiyi böyük töhfələrdən söz açıblar.
Tədbirdə Mikayıl Azaflının qızı Aşıq Gülarə Azaflı Azərbaycanın aşıq sənəti sahəsində göstərdiyi misilsiz xidmətlərinə, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindəki əvəzsiz töhfələrinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın aparıcılığı ilə davam edən tədbirdə tanınmış və gənc ifaçılar Mikayıl Azaflı yaradıcılığına müraciət edərək öz çıxışları ilə tamaşaçıların könlünü oxşayıblar.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
“Mən qadınam” tammetrajlı bədii filmi üçün ssenari müsabiqəsi elan edilib
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib.
“Ədəbiyyat və incəsənət” portalı Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.
Müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmayıb. Müsabiqənin şərtlərinə görə, təqdim edilən ssenarinin baş qəhrəmanı qadın olmalıdır. Hadisələr müasir zamanda baş verməlidir, metrajı 52 dəqiqədən çox olmalıdır.
Ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul edilmir). Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul edilmir.
Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına “Mən qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.
Ssenarilər 2025-ci il aprelin 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.
Qaliblərin adı 2025-ci il avqustun 2-də açıqlanacaq.
İlk üç yerin qalibləri diplom və pul mükafatı (5000, 3500 və 2500 AZN) ilə təltif ediləcəklər.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
Xalq artisti Oqtay Ağayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illiyinə həsr olunmuş “Kimsən sən...” konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, konsertdə ölməz sənətkarın repertuarından mahnılar səsləndirilib. Tədbirdə, həmçinin Oqtay Ağayevin zəngin yaradıcılığını əks etdirən videogörüntülər nümayiş edilib.
Sonda Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva çıxış edərək Xalq artistinin həyat və yaradıcılığından bəhs edib, onun böyük sənətinin bu gün də Azərbaycanın gənc musiqiçilərinə, müğənnilərinə mayak olduğunu deyib.
Konsert proqramını ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin pərəstişkarları izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
“Deməli, səslənən pıçıltının ömrü əbədidi” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Milyon-milyon əsrlər bundan öncə zamanın və məkanın dansökülənində baş vermiş Möhtəşəm Partlayışın əks-sədası fəzada fırlana-fırlana gəlib bu gün bizə çata bilirsə, deməli, səslənən pıçıltının ömrü əbədidi.
2.
Ramiz Rövşən: “Dünya mənə tanış gəlir.”
Bu, hələ harasıdır, hərdən mənə elə gəlir ki, mən özüm özümə tanış gəlirəm.
3.
Füzuli heç zaman Petrarka sevən kimi konkret olaraq kimisə sevməyib.
Füzulinin sevdiyi sevginin özü olub.
4.
Füzuli hər qəzəlində Yerdən Göyə, Göydən Yerə gözəgörünməz sürətlə gedib qayıdan bir Səyyahdır.
5.
Səsimdən yapış!..
6.
“ Əql var isə sevilmək ilə sevmək nə demək?”
7.
U.Eko: “İnformasiya bəlkə də o demək deyil ki, nə isə deyilsin, informasiya bəzən o deməkdir ki, nə isə deyilmir, amma deyilə bilər.”
Gözəgörünməzliyin triumfu!
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
Mühacir günü, Spilberq, Stradivari
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
18 dekabr.
Beynəlxalq mühacir günü
İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.
Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdırlar. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Ardınca Türkiyə gəlir. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.
Beynəlxalq ərəb dili günü
BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların peyda olmasına göz yummasınlar. Yazıçı Varis bir əhvalat danışıb. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə gedibmiş, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözü mollanın “şparqalkasına” sataşıb, görüb ki, orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca mollanın qoluna toxunub qulağına pıçıldayıb ki, əlindəki vərəqdə şeir yazılıb. Molla da yalvar-yaxar eləyib ki, bəs qadan alım, çörəyimə bais olma.
Qətərin milli günü
Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə şevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.
Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.
Spilberqdən Stalinə qədər
Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların açığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.
Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.
18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
GÖZƏL XƏBƏR - Kitabçılığa töhfə verən ziyalılar mükafatlandırılacaqlar
Hər zaman kitabçılığın və kitabın dostu olan Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) kitab sənayesinin inkişafı və təbliği ilə bağlı 3 mükafat təsis edib.
“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, bu mükafatlar aşağıdakılardır:
Daş kitabə – Azərbaycanda mütaliə mədəniyyətinin inkişafındakı xidmətlərinə görə;
Kitabın səfiri – Azərbaycanda kitabçılıq işinin inkişafı və kitaba marağın artırılması istiqamətində ardıcıl fəaliyyətinə görə;
ANAİB-in dostu – Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakına, maddi və mənəvi dəstəyinə görə.
ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, mükafat sahibləri hər ilin sonunda rəhbərlik etdiyi qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilərək sahiblərinə təqdim ediləcək. Sədr onu da bildirib ki, 2024-cü il üzrə mükafatın sahibləri artıq məlumdur.
Mükafatlar öz sahiblərinə 19 – 22 dekabr tarixlərində keçiriləcək ANAİB I Bakı Kitab Festivalında təqdim olunacaq. Təqdimetmə mərasimi hər ilin sonunda ANAİB-in təşkil etdiyi Bakı Kitab Festivalında keçiriləcək.
Mükafatlandırılanların siyahısını təqdim edirik:
“Daş kitabə” nominasiyasının qalibi:
- Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri.
Kitabın səfiri nominasiyası ilə təltif edilənlər:
- Fərid Cəfərov, mədəniyyət nazirinin müavini;
- Bahar Muradova, Ailə Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri;
- Elnur Nəsibov, Təhsilin İnkişafı Fondunun sədri;
- Rəşad Məcid, Mətbuat Şurasının sədri;
- Rafiq Həşimov, Əməkdar artist.
ANAİB-in Fəxri üzvü nominasiyası ilə təltif edilənlər:
- Əkbər Qoşalı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini;
- Mikayıl Yusifov, “İnci” Şirkətlər Qrupunun idarə heyəti sədri;
- Nüşabə Hüseynli, Əməkdar jurnalist;
- Tahir Əliyev (Tahiroviç), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi;
- Hüseyn Hüseynov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
Gəncəlilər “Qadınım”a baxıblar
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ifasında türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.
Tamaşada Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak ediblər.
“Qadınım” tamaşasının quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Tamaşa Gəncə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)