Super User

Super User

 

ABŞ-nin Virciniya ştatında yaşayan diaspor fəalları Şamama Məmmədova və qızı Mənsurə Məmmədova Şuşaya səfər ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfərdə soydaşlarımız ABŞ-də özlərinin tikib hazırladıqları 15 metr uzunluğunda üçrəngli Azərbaycan bayrağını Şuşa Yaradıcılıq Mərkəzinə hədiyyə veriblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi münasibətilə paytaxt Vaşinqtonda keçirilən qələbə yürüşündə dalğalandırılan bu bayraq ABŞ-nin müxtəlif ştatlarında təşkil olunan digər tədbir və yürüşlərdə də istifadə olunub. Mərkəzdən verilən məlumata görə bayraq Şuşa şəhərində inşa olunacaq Zəfər muzeyi fəaliyyətə başladıqda ora təhvil veriləcək və muzeydə sərgilənəcək.

Şuşaya səfər zamanı soydaşlarımız aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızda “Güllələnmiş heykəllər”, Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və digər tarixi məkanlara baş çəkiblər. Şamama Məmmədova illər əvvəl Şuşada olduğunu, Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfə gəldiyini və qürur hissi keçirdiyini bildirib. Onlar bu zəfər sevincini yaşatdığına görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, Şamama Məmmədova və Mənsurə Məmmədova Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki fəallıqlarına görə komitə tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, Bakıdakı Rus Evinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyi ilə əlaqədar tədbir keçirilib.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, tədbirdə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova M.Ş.Vazehin yaradıcılığının əsas məqamlarına toxunub. Bildirib ki, şairin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi.

 

O, çıxışında rəhbəri olduğu kitabxanaya Mirzə Şəfi Vazehin adının verilməsinin qısa tarixçəsindən danışıb və qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kitabxanaya 45 il öncə böyük şairinin adı verilib.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər Lalə Həsənova, Səidə Sübh, yazıçı-publisist Reyhan Mirzəzadə, tarixçi-tədqiqatçı Rüstəm Hüseynov və başqaları Mirzə Şəfi Vazeh yaradıcılığının Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Mirzə Şəfinin nəğmələri Avropa dillərinə dəfələrlə tərcümə edilsə də, şairin yaradıcılığının böyük bir hissəsi bizə gəlib çatmayıb.

 

Tədbir bədii hissə ilə davam edib.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2024)

Wednesday, 18 December 2024 15:15

Günün fotosu: Türkiyə bir milyard qazandı

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Suriyadakı dövlət çevrilişindən sonra regionda yeni düzənin qurulması və Türkiyənin öz mövqelərini xeyli gücləndirməsi səbəbindən Avropa İttifaqının sədri Ursula fon der Lyayen Ankaraya səfər edib. 

 

Euronews telekanalının süjetinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ərdoğan Avropa İttifaqını qaçqınlarla bağlı siyasətini dəyişməyə çağırıb. Və bu çağırış effekt verib. Hazırda 3,2 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyəyə 1 milyard avro pul ayrılacaq. 

Ərdoğan fürsətdən istifadə edib xanım Lyayendən Türkiyənin Avropa İttifaqına gəlişini əngəlləyən səbəblərin aradan götürülməsini də xahiş edib, sabah keçiriləcək Aİ-nin birgünlük sammitində Türkiyənin üzvlüyü ilə bağlı müsbət qərarın verilməsini vacib sayıb. 

Ərdoğan deyib: “Türkiyənin taleyi niyə axı onunla əzəli konfliktdə olan Yunanıstan və Kiprin mövqeyi ilə həll edilsin?”

 

Foto: By Jorge Liboreiro

Fotonun hüquqları: European Union, 2024.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

Dekabrın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatda mənzil-qərargahında böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin 300 illik yubileyi münasibətilə konfrans keçiriləcək. 

Tədbir ICESCO tərəfindən TÜRKSOY və Türkmənistan XİN-lə əməkdaşlıq şəraitində təşkil olunacaq.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC ICESCO-ya istinadla xəbər yayıb. Xəbərdə bildirilir ki, tədbirdə təşkilatın Baş direktoru, TÜRKSOY-un Baş katibi, Türkmənistanın nümayəndə heyəti, media və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda Fəraqinin həyat və yaradıcılığı, fəlsəfi fikirləri, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu mövzuları müzakirə olunacaq. Konfrans çərçivəsində şairin həyatından bəhs edən sənədli film göstəriləcək. Tədbir qala-konsertlə yekunlaşacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Dekabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

 

AzərTAC xəbər verir ki, komitə sədri Polad Bülbüloğlu gündəliyə bir məsələnin - “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır.

Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərdə isə dövlət kitabxanalarının və muzeylərin bu fəaliyyətindən əldə edilən vəsaitdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Qanun layihəsinin müzakirəsində çıxış edən deputatlar kitabxanaların və muzeylərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi, muzeylərin turizmlə əlaqələndirilməsi, bu sahələrdə dövlət-özəl tərəfdaşlığının tətbiq edilməsi kimi kitabxana və muzey işinin inkişafının bəzi aktual məsələləri ilə bağlı fikirlərini bölüşüblər, təklif olunan dəyişikliklər haqqında rəylərini və suallarını səsləndiriblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, suallarına aydınlıq gətiriblər. Vurğulanıb ki, sənəd mədəniyyət müəssisləri tərəfindən büdcədənkənar fəaliyyətdən əldə edilən gəlirlərin idarə olunması ilə əlaqədar qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Məşhur italiyalı İntibah dövrü rəssamı Leonardo da Vinçinin London Milli Qalereyasında saxlanılan “Mələk” rəsmindən bir kompozisiya.

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

-  Şöhrət işığı gözü sevindirər, amma qəlbi kor da edə bilər.

 

-  Həyat dükan kimidir, çox vaxt, istədiyini yox, olanı almalı olursan.

 

-  Böyük pullara gedən yol, çox vaxt vicdansızlıq körpüsündən keçir.

 

-  Rəqəm sözdən mərddir, rəqəmin bir, sözün isə yüz mənası olur.

 

-  Ən çox tamaşa oynalınan səhnə insan sifətidir.

 

-  Eyni insan həyata bir dəfə kişi, bir dəfə qadın kimi gələ bilsəydi, xoşbəxtlər çox olardı.

 

-  İtin həyatı kimə hürməsindən, kimə quyruq bulamasından asılıdır, lap insanlardakı kimi.

 

-  Dünyanı bəlkə gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməzlər.

 

-  Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.

 

-  Sevgidə heç- heçə olmur, ya hər iki tərəf udur, ya da hər iki tərəf uduzur.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Gözəl bir şeir ilə sizləri baş-başa qoyacağıq.

 

Burdan bir atlı getdi,

Atı qanadlı getdi...

Yandıran atdı getdi-

Külüm qalıb ortada...

 

-deyən şair həqiqətən də sözdən ilmə toxuyur. 

Çox gözəldir.

Xoş mütaliələr!

 

Külüm qalıb ortada...

 

Çəkilmisən əlimdən-

Əlim qalıb ortada.

Bu eşqi götürən yox-

Ləlim qalıb ortada.

 

Burdan bir atlı getdi,

Atı qanadlı getdi...

Yandıran atdı getdi-

Külüm qalıb ortada...

 

Qılınc var, yox tiyəsi

Kimlərə nə deyəsi?

Hanı bunun yiyəsi-

Ölüm qalıb ortada...

 

“Ədəbiyyat və incəsənət”

(18.12. 2024)

Wednesday, 18 December 2024 17:11

Gülüş klubunda qaban əti

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Quş qanadlarını açıb uçdu, pır-pır-pır. Oyandan qurbağa palçıqdan çıxdı, qur-qur-qur. Onu görüb də küçük hürdü, hav-hav, hav.

-Açığını deyim, biliklıriniz mənə çox səthi göründü. Amma nə edim, sizdın başqa biologiya müəllimliyinə namizəd yoxdur.

2.

Ussuriya pələngindən cəmi 500 dənə qalıb. Onu bütün dünya - prezidentlər, filantroplar, şou-biznes və kino ulduzları qoruyurlar.

Amma məndən cəmi 1 dənə qalıb, di gəl, mənə heç əhəmiyyət verən yoxdur.

3.

Hansı soldur, hansı sağdır? 

Bu bədbəxt oğlu corablarının sağ-solunu seçə bilmir, partiyaların sağ-solunu necə seçsin?

4.

Şirlə canavar meşədə bir qaban ovlayırlar. Şir yeməyə başlayır, yeməyən canavardan təəccüblə soruşur:

-Niyə yemirsən?

Canavar deyir:

-Qaban da donuzdur, donuz yemək bizlərə haramdır. 

5.

Pəis də hamımız kimi adi adamdır. Ancaq o özü bunu bilmir.

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda şair Iqbal Nehmetdir. Şair yaşadığı Yardımlıya yağan qardan vəcdə gəlib və bu şeiri yazıb. Amma şair qəlbi qarın gətirdiyi fərəhə sevinməkdən çox yaranan çətinliklərdən kədərlənir. Axı həqiqətən Bakıya da, bölgələrə də qar yağdımı, uzun müddət altını çəkəsi oluruq.

Xoş mütaliələr. 

 

 

QAR YAĞIR YARDIMLIYA...

 

Şaxta susan dilləri danışdırmaq istəyir,

Çoxu elə düşünür, var yağır Yardımlıya.

Təbiət fəsillərin marağını izləyir, 

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Fikir verənmi qaldı dəlisinə, gicinə,

Gələn olmaz ölənin yeddisinə, üçünə,

Yaşa, sag ol, ya da öl, məmurun nə vecinə,

İşıq pulu yığanlar dayanıblar qapıya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Biri yorulub qalsa, biri ötəndi qardaş,

Gedib-qayıdacağıq,sonu kəfəndi, qardaş.

Qaçıb gedə bilmirik, axı Vətəndi, qardaş.

Düzən belə qurulub kim ac qala, kim doya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Əvvəllər sevinərdik, qar yağanda eşikdə,

Şirin yatan körpələr oyanardı beşikdə,

Gizlənib sevincimiz görən hansı deşıkdə?

Dedim bəlkə səsimi kimsə eşidə, duya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Tökülür göydən yerə tökülür incə-incə,

Təzə məktəb tikilib, hamının ürəyincə,

Uşaqlar donacaqlar, şaxta baba gəlincə,

Yazıq uşaq soyuqdan hansı dərsi oxuya?

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya. 

 

Düzü düz kimi danış düz kəsilsə başın da,

Yalan nadan üçündür, demə ahıl yaşında,

Deyirlər qar olarmış uca dağın başında,

Deyə-deyə veriblər oyaqları yuxuya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya. 

 

Çalış İqbal, düşünmə zay olacaq əməyin,

Əskik olan adamın artığını yeməyin,

Bir gün haqqı yazmasam, mənə şair deməyin,

Bəzən bir həqiqətim bərabərdir orduya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.