“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.
Bir ifadənizi xatırlayıram. “Kaş ki, bəstəkar olardım, xanəndəliyin sirrini onsuz da atam öyrədirdi” deyib təəssüf hissinizi ifadə etmişdiniz. Oxucular üçün bunu daha ətraflı izah edərsinizmi?
Bəli, Aysel xanım siz o ifadəni çox düz xatırlayırsınız. Mənim keçmişdə kaş ki, dediyim sözlər çox deyil. Deyərdim bir və ya iki dənə olar. Çünki mən həmişə yaşam tərzimdən razı qalan insanam. Hər zaman nə qədər çətinliklərdən, hansı keşməkeşdən keçsəm də “bu mənim yaşam tərzimdir” anlayışı ilə çox rahat davranıram. Yəni bu həyatda heç bir peşmançılıqlarım yoxdu. Amma “kaş ki” dediyim bir-iki məsələ var. Onlardan birini oxucular üçün açıqlamaq istəyirəm. Mən 1996-cı ildə Konservatoriyaya daxil olanda kaş ki xanəndəlik yox, bəstəkarlıq üzrə təhsil alardım deyə düşünürəm. Çünki mənim orta ali piano təhsilim olduğu üçün belə bir fürsətə sahib idim. Ona görə də bu cür şansı əlimdən qaçırtdığıma görə “kaşkim” var. Xatırlayıram, Aysel xanım, mən bunu sizə dedikdə siz həmin an özünüz də buyurdunuz ki, indi də gec deyil. Bəli, mən də sizinlə razıyam ki, heç də gec deyil. Yəqin ki, gələcək illərdə mən bu kaşkimi həyata keçirdə bilərəm. Bunu edə biləcəyimi düşünürəm.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)