Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Elə məsələlər var ki, onlar bizim cəmiyyətin mentaliteti ilə heç cür uzlaşmır. Məsələn, yaşlılar evinə münasibət.
Bizdə bir adam yaşlananda onu yaşlılar evinə yerləşdirmək adətən qınanılır. Sanki bu, ailənin dağılması, övladların nankor olması, yaşlının isə tənha və sahibsiz biri olması kimi qiymətləndirilir.
Yaşlılar evindəki şərait də çox vaxt bu münasibətə “əl qatır”. Bizdə yaşlılar evi adətən kasıblar üçün nəzərdə tutulmuş, darıxdırıcı, soyuq və köhnə binalarla assosiasiya olunur. Belə olanda da insan könüllü şəkildə ora getməz, bu addımı yalnız məcbur qaldıqda atar.
Xaricdə isə mənzərə tamam fərqlidir. Bir çox inkişaf etmiş ölkələrdə yaşlı insanlar ömürlərinin son illərini daha rahat, sosial və baxımlı şəraitdə keçirmək üçün könüllü şəkildə yaşlılar evinə üz tuturlar. Bu yerlər bəzən qocalar üçün "second youth" – ikinci gənclik kimi qiymətləndirilir. Onlar burada öz yaşıdları ilə söhbət edir, oyunlar oynayır, hətta yeni münasibətlər qurur və aktiv həyat tərzi yaşayırlar. Üstəlik, bu qərar ailəyə yük olmaq istəməməklə də əlaqəlidir – bir çox insan bilir ki, yaşlandıqca fiziki və psixoloji baxımdan başqasının köməyinə ehtiyac artacaq və bu məsuliyyəti övladlara yükləmək düzgün deyil.
Bizdə isə ailə quruluşu və mentalitet fərqlidir. Valideyn övladını çox zaman gələcəyə yatırım kimi görür – yəni, “Mən bu uşağı böyüdürəm ki, sabah o da mənə baxsın.” Bu isə çox köhnə, zəncirvari bir mexanizmdir. Halbuki uşaqlar bu dünyaya bu məsuliyyəti könüllü şəkildə götürərək gəlmirlər. Əksinə, bir çox hallarda valideynin övladına bu cür yük yükləməsi, onun da azadlığını, gələcəyini məhdudlaşdırır.
Əlbəttə, bu yazı “valideynlərinizi tutub yaşlılar evinə verin” mesajı vermir. Amma məsələni daha sağlam bir şəkildə müzakirə etməyə çağırır. Əgər yaşlılar evində elə bir şərait yaradılsa ki, insan ora məcbur yox, sevinə-sevinə gedə bilsin – bu artıq bir cəza yox, seçim olar. Yəni adam desin: “Hə, yaşlandım, indi bir az da özüm üçün yaşayım.”
Bizdə isə hələ də yaşlılar evi dedikdə ağıla ilk gələn fikir bu olur: “Oğlum-qızım məni atıb bura.”
Əslində, yaşlılar evləri cəmiyyətin yaşa və yaşlılara münasibətinin bir güzgüsüdür. Çünki insan üçün ən böyük ehtiyac təkcə baxılmaq deyil, həm də özünü dəyərli hiss etməkdir.
Artıq bəzi ailələrdə övladlar gizlində valideynin ölümünü gözləyir. Qocalmış, yatağa möhtac ata-ana onlar üçün sevgi yox, yükə çevrilib. Bu yükdən azad olmaq üçün dua edən, içindən “nə vaxt qurtaracağıq bu əzabdan” deyə düşünən insanlar var. Və bu reallıq çox vaxt göz yaşının, fəryadın, “ana-can, ata-can” sözlərinin arxasında gizlənir. Amma hər kəs bilir ki, bu ikiüzlü sevginin alt qatında nə dayanır: bezginlik, narazılıq və bir az da miras ümidi.
Amma gəlin bu insanları dərhal qınamayın. Bu, onların əclaf olması ilə deyil, insan təbiətinin rahatçılıq axtaran mahiyyəti ilə bağlıdır. Hər bir insan çətinlikdən qaçmağa meyllidir, bu da həyatın sərt həqiqətidir.
Əgər həqiqətə baxırıqsa, bizlər elə yaradılmışıq ki, sevgimizi və qayğımızı gələcək nəsillərə ötürmək istəyirik. Valideyn uşağını sevir, sonra həmin uşaq da öz övladına eyni sevgini yönəldir. Bu bir zəncirdir və həmin zəncirin içində heç bir övlad valideynin onu sevdiyi qədər geri qaytara bilmir. Valideynə qulluq çox zaman bir sevgi deyil, bir mənəvi borc, bir vicdan səsi olur.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)