Kökdən düşməmiş piano – ÜZEYİR BƏY BARƏDƏ BİR XATİRƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Görkəmli ədib, dramaturq, bəstəkar, ziyalı Üzeyir Hacıbəyovun dahi bəstəkar olduğu hamıya bəllidir. Bu barədə çox deyilib, çox yazılıb. Amma çoxumuz bilmirik ki, bu böyük şəxsiyyətin necə gözəl insani xüsusiyyətləri olub. İndi sizlərə onun nəcib işlərindən biri barədə danışacağam.

 

Üzeyir bəy musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. Bir dəfə imtahan zamanı imtahanları uğurla vermiş bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi:

 - Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.

Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra – hıçqıra dedi:

 - Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.

  Üzeyir bəy təəccüblə soruşdu:

 - Niyə?

 - Evdə pianom yoxdur.

 - Eybi yoxdur, qızım. Ümidini itirmə.

Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi:

 - Sən tərcümeyi-halını yazmalısan. Orada ünvanını da göstərməyi unutma.

  Axşam evə qayıdarkən qızın anası onu sevinclə qarşıladı:

 - Qızım, evimizə piano gətirdilər, sənin adını soruşdular, sonra pianonu qoyub getdilər. Nə qədər xəbər aldım, heç nə söyləmədilər.

Bu qız sonralar Azərbaycanın görkəmli bəstəkarı olacaq, Şərqdə ilk operanı yazacaq xanım bəstəkar Şəfiqə Axundova idi.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.