Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Sevgini tapmaq lazımdır? Yoxsa sevgi bizi tapmalıdır? Yoxsa sevgini özümüz yaratmalıyıq?
Sevgi hamıya tanış bir mənada hamıya yad hisdir. Əsl sevgilər sevginin nə olduğunu bilməyənlərin əlində tarixə qarışıb. O adamlar sevgiyə küsüb. Axı sevgi əllərdə oyuncaq olmalı deyildi...
Sevgi nədir desələr, bəxtin oyunudu demək olar. Bəxtin gətirdisə, sevginin şahını yaşıyarsan, bu da nəsildən-nəslə ötər. Vay o gündən bəxt gətirməyə... Düşəcəksən bir sevgi bilməz uşağın əlinə.
Osa ancaq anasının gül balası olub. Nə istəyibsə, .... “Anan qurban, bu dəqiqə” deyilən birinə. İrad bildirəndə əlindən sevdiyi oyuncağı alınmış oyuncağa dönər. Həyə öyrəşib yoxu danan formalaşmamış fərdi baxçadan yenidən başlamaq lazımdır.
Bəs sevgi necə olur? Sevgi kimdənsə nəsə ummaq deyil. Sevgi sevəni saflaşdıran duyğudur, necə ki, Xosrovu saflaşdıran sevgi kimi. Sevgi maneələri görməyəndir, necə ki, Fərhadın dağı yardığı kimi. Sevgi sadiq qalmaqdır, necə ki, Leylinin özünü İbn Səlama yar etməyib Məcnunun intizarına qərq edən kimi. Heyif ki, onun da qədrini bilən olmadı.
Heç bir emosiya sevdiyin insan tərəfindən sevilmək hissinə bərabər ola bilməz. Amma bir şey də var ki, sevilməyin də qədəri var. Çox sevmək də, qayğısızlıq da aşiq usandırır.
Peyğəmbərimiz sevdiyi xanıma “Könlümün ruzisi” deyirmiş. Necə gözəl ifadədir. İndikilər çiçək, böcək, dovşan, maral deyə-deyə meşədə nəsnə qoymur. Siz könlünüzün ruzisini tapın, könlünüzü xoş edəni tapın, könlünüzü sevəni tapın. Sevgi nağıllarda dastana dönməsin, könüllərdə dəryaya dönsün!
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)