Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Abdal Qasım Azərbaycan xalq yaradıcılığında hazırcavablıq hiyləgərlik, uzaqgörənlik və bacarıqları kimi xüsusiyyətləri ilə tanınan bir obrazdır. Onunla bağlı olan gülməcələr və lətifələr xalqın gündəlik həyatında rast gəlinən situasiyalara ironik və hikmətli yanaşmaları ilə seçilir.
Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, sonra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır.
Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. O, kitabında qeyd edir ki, Ağdamın Abdal kəndindən olan Abdal Qasım qonaqpərvər, səxavətli, hazırcavab, hiyləgər və qoçaq bir adam idi. Daha sonra mətndə xatırladılır ki, Abdal kəndi Miri kənd, Təkir-Mirik, Tac-Tuğ, Dağdağan kəndləri ilə qonşuluqda yerləşir. Deyilənə görə, Qasım kişi uşaqlıqdan ermənilərlə yaxınlıq etdiyinə görə erməni dilini mükəmməl bilirmiş. Bu dildə danışanda ermənilərin özləri belə onun nə milləti olduğunu seçə bilmirdilər. Rəvayətdə daha sonra deyilir: "Abdal Qasım həmişə erməniləri ələ salar, onlara kələk gələrmiş. Ermənilər onun əlindən dad-aman çəkirmişlər”.
Abdal Qasımın adı ilə bağlı olan lətifələr:
"Toyuq əhvalatı", "Naxırın aparılması", "Mərci uduzduq", "Mat qalmışam", "Bir də eləmərəm", "Ayı və qorodovoy", "İki adam", "Cahangir xan", "Kasıb oğlu"…
Bir dəfə Abdal Qasım eşşəyi yükləyib kəndə doğru gedirmiş. Raykom katibi də Abdal-Gülablıya gedirmiş. Katib sürücüyə deyir ki, gəl Abdal Qasıma sataşaq.
Maşın eşşəyə çatanda sürücü aynanı endirib soruşur ki, ay eşşək, bu yol Abdal kəndinə gedir?
Abdal Qasım hazırcavablıqla deyir:
-Qağa, bu eşşək də sizin kimi buralara nabaləddir.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)