Mənim azadlığım – özümə yaxın olmaqdır. Bəs səninki? - ESSE Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Azadlıq!

Bu söz hər kəsin ağlında başqa bir şəkildə canlanır. Kimisi üçün azadlıq səssiz bir səhrada, kimisi üçün gurultulu şəhər küçələrində gəzib dolaşmaqdır. Mənim üçün isə azadlıq konkret bir məkanda deyil, daha çox qəlbin dərinliyində baş verən bir üsyandır.

 

Bir düşün: göy üzünü yara-yara uçan bir quşu izləyirsən. O, azaddırmı? Yoxsa qanadlarını havada saxlamaq üçün küləklə mübarizə aparır? İnsan da belədir. Azadlıq istəyirik, amma azad olmaq üçün çarpışırıq. Nə qəribədir, deyilmi? Azadlıq bəzən sahib olmaqdan çox, buraxmaqda gizlidir. Mən azadlıq deyəndə, ilk ağlıma gələn, çəkinmədən, tərəddüd etmədən “mən belə istəyirəm” deyə bilməkdir. Amma hər dəfə bu cümləni söyləyəndə ətrafdakı səslər artır, baxışlar sərtləşir. İnsanlar bəzən sənin azadlığını öz qorxularının divarları ilə mühasirəyə alır. “Bunu edə bilməzsən, çünki...” deyə başlayan cümlələr onların içindəki qorxu və ehtiyatkarlığın təzahürüdür.Amma azadlıq belə məhdud deyil. Məncə, o daha çox bir hissdir, bir seçimdir. Gecənin sakitliyində, əlimdə qələm, ağ vərəqin qarşısında dayananda hiss edirəm onu. Sözlər azaddır, düşüncələrim azaddır. Nə danışmağa ehtiyac var, nə də izah etməyə. Heç kim eşitməsə də, mən özümü dinləyirəm. Və həmin an anlayıram ki, azadlıq başqalarını razı salmaqdan imtina edib, öz qəlbinlə razılaşmaqdır.

Bəzən fikirləşirəm: insan azadlığı dərk etdikcə daha da darıxır. Çünki azad olmaq həm də tək olmaq deməkdir. Öz yolunu seçib, bu yolda səssizcə irəliləməkdir. Amma bu səssizlikdə qəribə bir güc var. O səssizlikdə özünü tapırsan, arzularını yenidən doğurursan.

Azadlıq çox vaxt qucaqlaşmaqda deyil, buraxmaqda gizlənir. İstər keçmişi, istər qorxuları, istər də səni anlayıb-anlamayacağını düşündüyün insanları burax. Çünki azad olmaq üçün ən böyük addım içindəki “bacararam” səsini eşidib onun arxasınca getməkdir.

Bir gün hamımız öz azadlığımıza çatacağıq. Amma bu yol, bu axtarış, özü azadlığın ən gözəl hissəsidir. Mənim azadlığım – özümə yaxın olmaqdır. 

Bəs səninki?

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.