Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
-Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
-Mən isə... göyləri verirəm, -dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
-Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi fəaliyyət göstərmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin doğum günüdür.
Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilmişdir. Ordudan tərxis olunduqdan sonra o, bir müddət "Kommunist" qəzetində korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.
1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırır və onu Yazıçılar İttifaqına üzv qəbul edir.
Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edir. Dava böyüyür və dekanın şairi universitetdən qovması ilə nəticələnir. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olurlar.
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışmışdır
Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurmuş və beş övladı dünyaya gəlmişdir. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişmişdir.
1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunmuşdur. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri Təxəllüsünü götürür.
2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirmiş və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)