Super User

Super User

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. “Ulduz ətri

 və ya ağ nəğmə” adlı şeirdə şair nəyi təlqin edir? 

 

Yapışmağa saman qalıb görəsən?

Əliyalın yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

-deyə şair yenə də təəccübləndirir. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

 

Ulduz ətri

və ya ağ nəğmə

 

Çiçək kimi sığalladım xəzəli,

Öz evimdi, öz yaxamdı, öz əlim...

Yaxşı baxsan, qəmin də ən gözəli

Sevgi kimi görünəcək dünyada.

 

Yapışmağa saman qalıb görəsən?

Əliyalın yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

Səni deyib yuxarını gəzirdim,

Göy üzünün axarını gəzirdim...

Mən bəxtimin baharını gəzirdim-

Əzilibmiş çiçək-çiçək dünyada.

 

...O aydı, ya yar gözümə sataşdı?

Tanrı bu gün kor gözümə sataşdı...

Hara baxdım tor gözümə sataşdı,

Hara baxdım- bu hörümçək dünyada.

 

Gülə sığın- gül üzünü itirmə,

Günəşi sev, gündüzünü itirmə.

...Canım durna, göy üzünü itirmə-

Üşüyərsən lələk-lələk dünyada...

 

“Ədəbiyyat və incəsənət”

(09.12. 2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Şahnaz Şahinin şeirləri təqdim edilir.

 

Yarımçıq çay

stəkanda can verir

 

Gecələri yatmıram ki, əzizim,

Gecələrin göz qoyuram üstünə.

Azar-bezar, fikir-xəyal, dərdlərin,

Gecələri duz qoyuram üstünə.

 

Hamı yatıb, bir gecədi, bir də mən,

Yarımçıq çay stəkanda can verir.

Qonşu çırpır qapısını hirs ilə,

Arxasınca gözlər dolub qan verir.

 

Gecə yarı pəncərəmin altında

Qəfil qalxır pişiklərin davası.

Yuvasından hürküb düşür quşcuğaz,

Çırpılacaq yerdə daşa quşcuğaz...

 

Uzaqlarda soyumayan küləklər

Ara-sıra səs gətirir üstümə:

"Anan qurban, sabaha nə qaldı ki,

Gecələrin axı sənlə qəsdi nə..."

 

Bir də görrəm ağarıbdı dan yeri,

Yenə qalxıb işə gedir küçələr.

Səs-küy qalxıb salamlayır şəhəri,

Dalğa-dalğa axıb gedir küçələr.

 

Bu gecə də belə keçdi, əzizim,

Yalqız görüb yaxın gəldi divarlar.

Yazdım, pozdum, tükənmədi həsrətin,

Mənə bir bu şeir qaldı yadigar.

 

Baharın ürək tutması

 

Bir yarpağa vurulub

sevmək də olar payızı,

bir küləyə qoşulub

getmək də olar payızdan,

bir yarpağın xətrinə

lap söymək də olar payızı...

 

Barmaqlarının darağında ucaldı,

qocaldı barmaqlarım,

saçlarım şahmat  taxtasına döndü...

 

Son dəfə nə zaman tüstülənib bu ocaq,

nə zaman boşalıb qolların...

Topuklarında oynaşan kölgəmə

yazığı gəlir köpəyimin də..,

 

İndi mən baharın ürək tutmasıyam,

bayılıram payıza...

 

Qadın-Vətən

 

Güllər sizin üçün açır,

Günəş sizə gülümsəyir.

Ulduzlar göz vurub keçir,

Dağlar düzə gülümsəyir.

 

Gülümsəyir duman, çən də,

Əriyir kədər də, qəm də.

Dodaqlarının ucunda

Şürün busə gülümsəyir.

Yağır buluddan aşağı,

Yağış yerə gülümsəyir,

Bağda bəhrə gülümsəyir,

Ağacda bar gülümsəyir.

Seyr edib gözəllikləri

Bu nur çöhrə gülümsəyir...

 

Saçalrında gümüş tellər,

Telində gül gülümsəyir.

Kipriyində yaş titrəyir,

Gözündə yol gülümsəyir.

 

Müqəddəsdi torpaq, vətən,

Qadın-ana... müqəddəsdi.

Uğrunda qurban gedəndə

Qadın-Vətən gülümsəyir...

Bayraq-bayraq gülümsəyir,

Buta-buta gülümsəyir,

Oğul-oğul gülümsəyir.

 

Sıfırdan aşağı

 

Sıfırdan başlamaq -

hər şeyi sıfırlamaq,

sonra nə varsa bütöv almaqdır.

Sıfırdan başlamaq özün olmaqdır...

 

Sıfırlanmaq -

gözdən düşmək,

sıfra vurulub bölünmək,

sıfırdan yıxılmaqdır...

 

Sıfırlamaq-silmək, yox etmək,

qalan nə varsa itirib batırmaqdır...

Sonra da

ardınca dərin bir köks ötürüb,

rahat nəfəs almaqdır...

 

Sıfırdan aşağı

həddi də var həyatın, birdənəm,

gəl gedək... gedək üzmək öyrənək!

 

Bir gün öldürəcək 

məni xoşbəxtlik

 

Bəbəklərindən mutluluğu dərsəm,

nəğmələşsə barmaqların,

oxusam əllərini bir not dəftəritək...

 

Çiçəkləsə yaxan,

üstündə dava salsa arılar,

sünbül kimi dən tutsa saçların,

uçub gəlsə quşlar,

pıçhapıç başlasa qarılar...

 

Yollar koşaraq gəlsə üstümə,

sarılsa boynuma,

öpüş yığsam ayaqlarından,

tumurcuqlanıb çatlasa dodaqların...

məni öldürəcək xoşbəxtlik,

öldürəcək, yavrucuğum...

 

Bu arılar nə oxuyur 

görəsən

 

Bir çiçəyin ətirinə yığışıb,

Bu arılar nə oxuyur görəsən.

Barılar da qoca qarı misalı,

Səsə düşüb qulaqları deyəsən.

 

Xonça tutub, xəyal qurur zavallı...

O bənd üstə bəndə düşüb, dərdə bax.

"Bir baxmısan, bir də boylan, bir də bax",

Tut günəşə, qumaşda bax, zərdə bax,

Baharda bax, yağışda bax, qarda bax...

 

Dilbilməzmiş, naşı imiş demə bu,

Gəlmədi ki, imana bu, dinə bu.

"Sinə meydan, zülf pərişan..."eyvallah

Ədasından od götürüb yanar bu...

Açıq işvə, naz qarışıq üzə bax,

Yanağında halə tutan közdü, köz..,

Arıların sayı bəlkə yüzdü, yüz!..

 

Arı gələr çiçəklərdən bal çəkər,

Bal çəkdiyi ürəklərə yol çəkər.

Günəş doğar, Ay dolanar, il çəkər,

Səsə düşər qulaqları ellərin.

Əsib keçər sübhün sərin yelləri,

Tel-tel olar ləçəkləri güllərin...

 

Dünya yaz doğurdu 

o doğulanda

 

İndi mən payızın nəyi oluram..,

Yağan yağışımı, əsən yelimi,

Saralan yarpağı, tənha çölümü?..

Bu yağış altında qalıb üşüyən,

Dünənki atəşin soyuq külümü?..

 

Açdım pəncərəni, hava soyuyub..,

Dünənki istidən əsər qalmayıb,

Dünənki istidən kəsər qalmayıb,

Hava kədərlidi, gözü nəmlidi.

Hələ bu, payızdan fağır dünyaya,

Birinci mesajdı, ilkin həmlədi...

 

İndi mən payızın nəyi oluram..,

Qaçıb göy üzünü bulud aşağı,

Dəlisi oluram, səyi oluram.

Uzaqda top atır ildırım baba,

Burda toyxanası, toyu oluram...

Sərxoş buludların qolları üstə,

Mən də əldə qədəh dolandırıram,

Saqisi oluram, meyi oluram...

 

Bir az havalıdı başım mənim də,

Bir az davalıdı başım mənim də...

Bu gedən neçənci yaydı, ilahi,

Bu gələn neçənci payız olacaq...

Elə bu payıza ilk sevinən də,

Elə ilk küsən də o qız olacaq...

 

Dünya yaz doğurdu o doğulanda..,

Yağışlar çöllərədə ot bitirirdi.

Bahar çiçəyiydi o qız eləcə

Yalın meşələrə, boz torpaqlara,

Təbəssüm səpirdi, gül bitirirdi...

Elə ürəkliydi, elə ürəkli..,

Burdan göy üzünə qəmzə satırdı,

Burdan göy üzünə yol bitirirdi...

 

Açdım pəncərəni, hava soyuyub..,

Bir də bu payızdan olmayacaq ta...

O qız da qoşulub payıza getdi,

Elə o qızdan da olmayacaq ta...

 

Çarmıxdakı azadlıq

 

Geniş açılmış qollarında

dünyanı qucmaq arzusu...

Günəş bərq vurur üzündə,

şüa-şüa əriyir duaları...

Əllərinin ortasındakı mismarın altından

köpüklənir dəniz,

Körüklənir sinəsi...

 

Quşlar gəlib

nəğmə oxuyur başında,

acanda dimdikləyir gözlərini...

Ətə yerikləyən vəhşi heyvanlar

diz çöküb qabağında..,

Üzünü

ayaqlarına söykəyib ibadət edir azadlıq...

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə  Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.

 

Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.

Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.

1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu  işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. 

Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.

2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb. 

Səsi – sopranodur.

 

İstərdik dostluqdan danışasınız. Dost dediklərinizdən zərbə aldığınız çox olub yoxsa daha çox sadiqlik görmüsünüz? Dostluq nədir Gülüstan Əliyeva üçün?

 

Dostluq mənim üçün o qədər müqəddəs məfhumdur ki dost üçün mən canımı qurban verərəm. Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbətdəki illərlə zərbələr almışam, illərlə yanılmışam. Hətta 30-40 illik dostlarımı həyatımdan çıxartmışam. Əslində mən düşündüyüm kimi insanlar deyilmişlər. Əslində mən onlar üçün istifadə mənbəyi imişəm. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə edərək yaşayıblar. Cəmi bir-iki dostum var çox artıq deyil. Onlar da sənət həmkarım deyil. Bilirsiniz insan illərlə yaşa dolduqca və kamilləşdikcə düşünür ki əvvəl özünlə dost olmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə getməyi, özünü sevməyi yəni bunları bacarmalıdır insan. O zaman insana düşünürəm ki heç kim də lazım deyil. Bütün bunların hamısı cəfəngiyyat imiş.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Monday, 09 December 2024 16:02

GK TƏQDİM EDİR: Sərhədi keçən oğlan

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.

 

Aydınlıq

Universitetə bu və ya digər şəkildə aidiyyatı olan “Möhtəşəm” şadlıq sarayı kupçada şadlıq sarayı kimi yox, “Şadlıq mərasimlərində xalqın ruh halını və psixoloji durumunu müəyyənləşdirmək üçün universitet laboratoriyası” kimi qeyd olunub.

 

Olmuş hadisə

Qızla oğlan skamyada otururlar. Oğlan qızı qucaqlayır, saçını oxşayır və s. və i. Qız birdən soruşur ki, sənin xarici pasportun var ? 

Oğlan:

- Yox nə olub ki?

Qız:

- Artıq sərhədi keçirsən.

 

 

Frazalar

*Düşünməyi qadağan etmək çətindir. Amma daha çətini – düşünməyə məcbur etməkdir.

*İnsanın hər şeyə gözünü yumduran bir nəsnə var – böyük pul bankomatları.

*Ər və arvad uzun illər birgə yaşayıb da sonda bircə saata boşandılar.

*Eh, indi heç bilirsiniz, çirklənmiş mundirlərin yuyulmasına neçə tonlarla yuyucu vasitələr işlədilir?

*Gördün ki, bir şeyini zorla əlindən alırlar, de ki, bağışlayıram.

 

 “Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Monday, 09 December 2024 15:29

PA – Uğur simvolları barədə

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.        

 

2-ci məşğələ                  

 

«Uğur» nədir? Uğur simvolları hansılardır?

 

«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.

«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.

Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah  edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).

İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).

Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.

Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq,  yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.

Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!

Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda  yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.

Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.

Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.

Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.

Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.

Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.

Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.

Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.

Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.

Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə  o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.

Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.

Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.

Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).

Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.

Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.

Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?

Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.

Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?

Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.

42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.

Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Budəfəki qonağım dəyərli aktyor, həmçinin rejissor kimi də fəaliyyət göstərmiş Habil Xanlarovdur.

 

-Salam dəyərli aktyorumuz Habil bəy. Necəsiniz?

 

-Salam, Xoş gördük. Şükürlər yaxşıyam. 

 

-Haqqınızda daha ətraflı bilmək istərdik. Əgər mümkünsə...

 

-Mən Xanlarov Habil Tehran oğlu 1973-cü il mart ayının 15 də Füzuli rayonunda anadan olmuşam. Ailəliyəm. 5 övladım, 6 nəvəm var.

 

-Bu peşəyə gəlişiniz necə başladı?

 

-İlk peşəkar səhnəyə 1990-cı il Füzuli Dövlət Dram Teatrından başladım. Sənətə müsabiqə birncisi olaraq gəldim. İlk vaxtlardan etibarən tamaşalara baş obrazlarla başladım. İlk rolum S.S.Axundovun "Eşq və intiqam" əsərində Çingiz obrazı oldu.

1993-cü ildə məlum səbəblərdən Füzuli Dövlət Dram Teatrının həyatına qaçqınlıq düşdüyündən həmən ildən Sumqayıt şəhərində Sumqayıt Dövlət dram teatrında məskunlaşmalı olduq. Gəldiyimiz ildən mən həm Füzuli, həm də Sumqayıt teatrlarında yaradıcılığımı davam etdirdim. O illər məni tanıyanlar iki teatrın qəhrəmanı deyirdilər.

2003-cü ildə Mədəniyyət Nazirliyinin göstərişi ilə Füzuli teatrı Horadiz şəhərində fəaliyyətni davam etdirdi və nazirlik məni də Füzuli teatrına rejissor gondərdi. İki il müqavilə əsasında orada həm rejissor, həm də aktyor kimi çalışdım. Teatrın orada yenidən yaranmasında fəal iştirak etmişəm. Həmçinin gənc, istedadli insanları teatra cəlb edərək, teatrın yenidən qurulması və repertuarını genişləndirməsi üçün tamaşalara quruluş vermişəm. Müqavilə müddəti bitdikdən sonra yenidən Sumqayıt Dövlət Dram Teatrına dəvət aldım. Bu günə qədər də Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətimi davam etdirirəm.

 

-Hansı rollarda çıxış eləmisiniz? Ən çox sevdiyiniz obraz hansıdır?

 

-Fəaliyyətimin 33 illiyindəyəm. 100 dən çox baş obraz yaratmışam (bu həm də az gostərici deyil). C.Cabarlının "Aydın"ında Aydın, T.Əliyevanın "Mənim ağ Göyərçinim "də Aqil, C.Cabbarlının "Almaz”ında Balarza, “Yusif və Züleyxa”da Hz Yusif, “Zülmətdə nur”da H.Cavid, "Gecikmiş etiraf”da Mir Cəfər Bağırov, “Hacı Qəmbər”də Hacı Qəmbər, "Təhminə və Zaur"da Zaur, "Varlı qadın"da Qariq, "Varlı ev"də Həbi və s. qeyd edə bilərəm. 

İşlədiyim bu illərdə müxtəlif filmlərdə və seriallarda da rol almışam. "Dolu" filmində erməni zabiti, “Bakı media”nın və Arzu xanım Əliyevanın təşəbbüsü ilə çəkilən "Son iclas" filmində, parlament sədri M.Y.Cəfərzadə və s.

 

-Bir aktyor olaraq bu gün tamaşaçıların teatra marağı, gəlişi sizləri qane edirmi? 

 

-Bir necə il öncəyə nisbətdə, bəli tamaşaçılar artıq könüllü olaraq teatr kassalarından bilet alaraq tamaşalara üz tuturlar. Bu da bizi yaradıcı insan olaraq çox sevindirir. Çünki teatr canli sənət olduğuna görə teatr tamaşaçısız mümkün deyil.

 

-Fəaliyyətiniz zamanı yadda qalan ən maraqlı hadisələrdən birini bizlərlə paylaşa bilərsinizmi?

 

-Maraqlı hadisələr çox olub. Yadımda qalan maraqlı hadisələr çox olsa da biri haqqında məlumat verim. Deməli, 25 yaşımda 60-65 yaşlı Hacı Qəmbər obrazını ifa edərkən nazirlik tərəfindən tamaşanın yoxlanışı vardı. Tamaşa bitdikdən sonra müzakirə zamanı artıq biz obraz paltarlarını soyunub, qrimi təmizləməliydik. Dedilər ki, Hacı Qəmbər obrazını hansı aktyor ifa edib, burdadırmı? Məni göstərdilər ki, Habil müəllim ifa edib. Qonaqlar inanmadılar. Səhnədə məhz həmin yaşda aktyor olduğunu düşünmüşdülər.

 

-Gələcəkdə hansı planlarınız var? 

Mümkünsə qısa da olsa bilmək istərdik.

 

-Planlar barədə nə deyə bilərəm... İnşallah hər şeyi zaman göstərər. Plan olaraq yaradıcılığıma davam etmək və yenə də fərqli, xarakterik obrazlar yaratmaq istəyirəm. Göstərdiyim xidmətlərə görə Cənab prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. “Heydər zirvəsi” fəxri diplomu ilə təltif olunmuşam. Dəfələrlə ilin aktyoru və xarakterik obrazlar nominasiyasında mükafatlara layiq görülmüşəm. Çalışdığım illərin və obrazların müqabilində yəqin ki, fəxri ad da alaram. 

 

-Müsahibə üçün sizə dərin minnətdarlığımı bildirirəm Habil bəy. Çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı III Gəncə Kitab Sərgisinin təşkilatçısı olan Azərbaycan Nəşriyyatlar Assosiasiyası İB-nin sədri Şəmil Sadiqin sərgidə baş verən çox diqqətçəkən bir olayla bağlı qeydlərini təqdim edir. 

 

III Gəncə Kitab Sərgisinin açılışı gününün son saatlarında tələbəlik dostum, dəyərli ziyalımız, Gəncə Aqrar Uiversitetinin rektoru Zəfər Qurbanov zəng etdi ki, cənab nazirlə sərgiyə gəlirik. Rektor təyin olunandan tələbələrin sevimlisi, univetsitetin elmi potensialının yüksəlməsinə daim xidmət göstərən Zəfər müəllim hər sərgimizdə iştirak edirək bizi şərəfləndirir! 

Açığı, o, “cənab nazir” deyəndə ilk ağlıma gələn təhsil naziri oldu… Amma gələndə məlum oldu ki, Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov qonağımızdır. Etiraf edim ki, adətən, bu cür tədbirlərdə, rəsmiləri sərgi ilə tanış edəndə çətinlik çəkirəm… Niyəsini siz təsəvvür edin, mən Məcnun müəllimdən danışım sizə. Bütün stendləri səbirlə, bir kitabsevər kimi gəzdi. Həm də necə… Kitablara baxır, sorğu-sual edir, seçdiyi kitabları alır. Hətta kitablara baxa-baxa arada telefonuna göz atır. Sonra bizə məlum olur ki, bütün kitabxanasını telefonda katoloqlaşdırıb, hansılar var, hansıları oxuyub, baxır, yenidən satıcı ilə dialoqa keçir. Bizim stenddə mən həvəslə Xatirə ədəbiyyatı seriyamızı təqdim edirəm, deyir, bəli, 55 cildi var bunun, ardı çıxıbsa, verin… Naşirlər bir-birinin üzünə baxır… Sanki gözləri ilə deyirlər ki, belə də nazir olar?! Çünki alışmadığımız durumdur… Sonra Teas presə yaxınlaşırıq, Rəşad həvəslə kitablar təqdim edir, bunu almışam, bunu çoxdan oxumuşan, bu seriya da var… Kataloquna baxır, hə, bu seriya yoxdur… 

Sonra Çapar nəşriyyatını soruşur… 

Bildiyiniz şokdayıq… 

Yaza-yaza düşünürəm ki, biz niyə bu qədər təəccüblənirik, ilahi, axı niyə… 

Bir nazir səfərdə olarkən eşidə ki, kitab sərgisi var, yolüstü ora vaxt ayıra bilməzmi? 

Bəyəm bir nazir kitab oxuyan ola bilməzmi?!

Bir nazir heç bir hədiyyə kitab qəbul etməyərək, özü ala bilməzmi? 

Bir nazir nəyi və niyə oxuyacağını özü müəyyən edə bilməzmi?!

Bir nazir kitabla bu qədər yaxın təmasda ola bilməzmi? 

Bir nazir Bakıdakı növbəti sərginin nə vaxt keçiriləcəyini öz qeyd dəftərinə yaza bilməzdimi? 

Bir nazir hansı nəşriyyatın hansı mövzulu əsərlər çap etdiyini bilə bilməzdimi? 

Bir nazir, bir məmur… 

Bu günümüzə rəng qatdığı və sözün əsl mənasında bizi təəccübləndirdiyi üçün hörmətli Məcnun müəllimə və Zəfər müəllimə dərin təşəkkürlərimi bildirirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı Ağalar İdrisoğlunun nəsr əsəsrləri ilə sizlərin tanışlığını davam etdirir. Bu gün sizlərə “Dərəbəylik” novellası təqdim edilir.

                                       

 

 

                      Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması”

                              və “Dolça” povestlərinə nəzirə

 

... Əminə xanım Ağabacının və Ağababanın acığına bağ evini məhz bu kənddə aldırmışdı Bəşir müəllimə. Özü də kimin evini alsa yaxşıdı? Zübeydənin. Bəli. Zübeydə ağır xəstələndiyindən və ona müalicə üçün çoxlu pul lazım olduğundan üç-dörd il bundan qabaq evini dəyər-dəyməzinə satmışdı Əminə xanıma. Zübeydə də həmin pulu götürüb getmişdi müalicəyə. Elə o gedən olmuşdu. Hansı məmləkətə getdiyi də heç kimə məlum deyildi... Nə öldüsündən, nə qaldısından xəbər vardı.

Gözünə döndüyüm Əminə xanım da kənd adamlarının, elə şəxsən Ağabacı və Ağababanın acığına Zübeydənin evini sökdürüb, yerində bir imarət tikdirmişdi ki, gəl görəsən. İki göz istəyirdi ki, tamaşa eləsin. Hələ canım sənə desin, ətraf bağları da alıb qatmışdılar bura. Həyətin ucu-bucağı görünmürdü... Sovet hökuməti dağılandan sonra, yəni bu məmləkətdə dərəbəylik başlayandan Bəşir müəllimin də, Kələntər müəllimin də, necə deyərlər, aşıqları “toxan” durmuşdu. Qorxu yox, hürkü yox. “Dərə xəlvət, tülkü bəy” deyib başlamışdılar min cür fırıldağa... Pul da sel kimi axırdı ciblərinə. Abış yəni Adil instituta girəndən sonra Kələntər müəllim də artıq olmuşdu bu evin məhrəm ailə üzvü... Abış da nə Abış. Uşaq atasından çox Kələntər müəllimin bütün biclik dərslərini yaxşı öyrənmişdi. Və Kələntər müəllimin hesabına bu bazar iqtisadiyyatı, hər şeyin hərraca qoyulduğu keçid dövründə, Abış da cavan yaşında artıq olmuşdu böyük bir şəhərin polis rəisi. Özü də çiynində üç böyük ulduz gəzdirirdi. Yəni olmuşdu polis polkovniki. Söz vardı ki, Allah qoysa Əminə xanım deyən kimi, Adil bala bu yaxınlarda olacaqdı general mayor. Bə nə... Hər uşağın nə Əminə xanım kimi anası, nə də Kələntər müəllim kimi arxası, dayağı ola bilər... Bu yandan da hakimiyyətdə olanların onundan doqquzu onların öz adamları, öz həmyerliləri, öz qohumları, öz çaşqa-loşkaları idi. Özü də bundan sonra daha heç qorxuları da yox idi.  Çünki çox dərinə kök atmışdılar...  Heç tankla da onları bu vəzifələrdən dartıb çıxara bilməyəcəkdilər...

Zübeydənin həyətindən indi əsər-əlamət qalmamışdı. Ağacların, meynələrin çoxu kəsilmişdi. Yerində, dünyanın ayrı-ayrı yerlərindən dekorativ və meyvə ağacları gətirilib əkilmişdi. Həyətdə böyük bir çarhovuz da tikilmişdi. Hətta Əminə xanımın xahişi ilə, çarhovuzun tən ortasında, Bəşir müəllimlə, Kələntər müəllimin bir yerdə böyük heykəllərini yapmışdılar. Bu heykəllər də əl-ələ tutub, Əminə xanım yatan otağa tərəf baxırdılar...

Orta əsrlər qəsrinə oxşar imarətin arxa hissəsində böyük bir boz dağ düzəltmişdilər. Deyilənə görə Bəşir müəllimgilin ta inqilabdan qabaq gavurların əlində olan kəndləri həmin boz dağın döşündə yerləşirmiş. Bəşir müəllimin də ata evləri həmin boz dağın ətəyində imiş. Evlərindən bir az aralıda boz dağın döşündə isə kəndin qəbiristanlığı varmış. Bəşir müəllim də eləmə tənbəllik, bir rəssam gətizdirib əvvəlcə həmin boz dağın şəklini çəkdirib. Sonra da şəkildəki kimi elə həyətdə həmin boz dağı düzəltdirib. O, boz dağın döşündə də öz atasının, anasının, Əminə xanımın atasının, anasının və qohumlarının simvolik baş daşlarını düzəltdirib. İndi hər gün səhər yuxudan duranda, həmin baş daşlarına baxıb, fatihə verir, salavat çevirir. Əvvəllər Əminə xanım, o qəbir daşlarına baxanda əti çimçəşirdi. Deynirdi. Dodağının altında Bəşir müəllimin ünvanına bəzi söyüşləri söyüb və ucadan da bu sözləri deyirdi:

- Sən Allah, bir gör e... Bu kişinin başı vapşe xarab olub. Heç belə şey olar, sən Allah?.. Harda görünüb bu? Həyətdə də qəbiristanq olar sən Allah?.. Ay səni görüm belə kişi...

Sonra Əminə xanımın köpü yatdı. İndi bəzən özü də Bəşir müəllimə və həmin qəbir daşlarına baxıb, dodağın altında fatihəyə oxşar bir şey mızıldanırdı...

Əminə xanımın istəyi ilə həyətdə böyük bir qara it də saxlayırdılar. Adını da Ağabacının və Ağababanın acığına qoymuşdular Dolça. Bu Dolça adlı iti də Həsənulladan almışdılar. Həmin o, Qriqori Mixayloviçdən. Kənddə heç kimin gözmədiyi bir hadisə baş vermişdi. Günrin bir günü həmin o Xanıtı-Mansidən həqiqətən sifəti Həsənullaya oxşayan, ancaq gözləri qıyıq bir cavan kişi gəlmişdi. Demə, bu Həsənullanın oğlu imiş. Zarafat-zarafat sən demə həqiqətən Həsənulla Xantı-Mansidə öz kökünü salıbmış... Gözləri qıyıq, Həsənullaya oxşayan bu cavan kişi bir neçə gün kənddə, onun yanında qalıb. Həsənulla da kənddə kimi görürmüşsə şəstlə deyirmiş:

- Xoroş, moy oğul priyexal... (Mənim oğlum gəlib.)

Bir həftə qalandan sonra isə Həsənullanın gözləri qıyıq oğlu, onu da götürüb özü ilə aparıb, Xıntı-Mansiya. Həsənulla da getməyə razılaşıb. Ona görə ki, daha qarovulçu işləmirdi. Çünki qorumağa daha bir şey qalmamışdı. Zavod, fabriklərin ən lazım olan detallarını, hissələrini rəhbərlər elə özləri satmışdılar iranlara, türklərə. Yel vurub, yengələr oynayan həmin zavodları, fabrikləri də su qiymətinə özəlləşdirmişdilər. Həsənulla kimiləri də çıxartmışdılar öz hesabına məzuniyyətə... Bu məzuniyyət də illərlə davam eləyirdi. İşçilər də daha işə qayıtmaqdan əllərini üzmüşdülər… Bu dərəbəylikdə də onları başqa işə kim götürərdi?.. Həsənullanın da arvadı ölmüşdü. Özü də daha qocalmışdı. Qoca adam, pul yox, dolanacaq yox... Daha neyləməliydi Həsənulla? Oğlu deyən kimi:

- Poyexali so mnoy?  (Gedək mənimlə.)

Həsənulla elə o dəqiqə demişdi:

- Xoroşo.(Yaxşı.)

Elə bil Həsənulla, bu bir həftədə oğlundan ancaq bu sözləri gözləyirmiş.

Əminə xanım da eləmə tənbəllik elə həmin günü, yəni kəndə səs yayılanda ki, Həsənulla qıyıq göz oğlu ilə gedir Xantı-Mansıya, gecəynən hasar qonşuları Həsənulla çağırıb evlərinə. Yağlı dilini işə salıb. Həsənullanın saqqızı oğurlayıb, evini, həyətini, hətta o qara itinə də pul verib alıb. Elə səhəri gün Həsənullanın köhnə hasarını sökdürüb, yerində təzə hasar tikməyə başlayıblar. Həsənulla da bunu görəndə başlayıb, uşaq kimi ağlamağa. Hasar qonşusu Ağababanın ona acıq-acıqlı baxdığını görəndə başlayıb daha ucadan ağlamağa və deyib:

- Ya nevinovat. Jizn zastavil... (Mən günahkar deyiləm. Həyat məcbur elədi.)

Məsələ belə idi ki, Ağababa da eşidibmiş Həsənulla gedəcək. Gəlib ona yaxınlaşıb və deyib:

- Atam-qərdeşim, Həsənulla. Eşitmişəm oğlunla gedəcəksən Amur vilayətinə. Baladadaş ordadı. Məktub yazaq Baladadaşa, qoy orda sənin bu evinin, həyətinin pulunu versin. Ev elə bil ki, sənin özünündü. İstədiyin vaxt gələ bilərsən.

Ağababa Həsənullanın evini Ağagül üçün almaq istəyirdi. Ağagül evli idi. Evi yox idi. Dörd uşağı vardı. Nuhbala da evli idi. Onun da dörd uşağı vardı. Üç ailə bir tirin altında yaşayırdı. Ağabacıgil qızla köçürmüşdü. Subay bircə sonbeşik oğlanları qalmışdı. Həmin o uşaq ki, Ağabacı, həmin gecə yerinə girəndə Ağababaya utana-utana, qızara-qızara demişdi:

- Ağababa, başıva dönüm deyəsən uşaq gözləyirəm... Bax, bu həmin o uşaq idi. Ağababa da bu oğlana atasının adını qoymuşdu. Sonra da Ağabacıya əyri-əyri baxıb demişdi:

- Ağəz, daha bəsdi!

Ağabacı da yazıq-yazıq Ağababaya baxıb, guya təqsirkar təkcə o özüdü. Demişdi:

- Ağababa başıva dönüm, mən nə deyirəm ki... Qoy sən deyən olsun.

Ağagül zabit idi. Qarabağ savaşında iştirak eləmişdi. Hətta gedib Bəşir müəllimgilin Qərb məmləkətində olan kəndlərinə də çıxmışdı. O kəndin gavurlardan azad olunmasında da iştirak eləmişdi. Orduda olan başı pozuqluq, mənəm-mənəmlik, yekə-xanalığa görə heç nə eləyə bilməyib, kəndi yenidən düşmənlərə təhvil verib, geri çəkilmişdilər. Ağagül də bunlara etiraz eləyəndə hətta özümüzkülərdən kimsə torpağı qoruduğuna görə Ağagülü ayağından yaralamışdı. O da hər şeyə tüpürüb, geri qayıtmışdı. Heç kimə heç nə deməmişdi. Evlərinə gəlmişdi. Yaranın şiddətləndiyini görüb axırda getmişdi hərbi hospitala. Bir müddət hərbi xəstəxanada yatandan sonra ayağı sağalmışdı. Ancaq həkimlərə pul vermədiyinə görə müalicəni pis aparmışdılar. Və Ağagül əbədilik şikəst qalmışdı. Həmin vaxt onun adına “fərari” damğası vurub, üstünə də bir-iki şər atıb, tutub salmışdılar türməyə.

Bu hadisə də belə olmuşdu. Ağagül yaralanıb evlərinə gəlmişdi. Sonra da hərbi xəstəxanada müalicə olunmuşdu. Sağalandan sonra, ayağı şikəst qalan vaxtı evlərində istirahət eləyəndə hərbi prokurorluqdan gəlib onu aparmışdılar. Ağagül, həmin hərbi şöbədə rəis işləyən Abışı-Adili görüb tanımışdı. Ağagülün hansı kənddə yaralandığını biləndə, Abış-Adil şəstlə demışdı:

- O bizim kəndimizdi...

Sonra Adil-Abış, Ağagüldən bu işi xətm eləmək üçün pul istəyib. Aralarında böyük dava düşüb. Pulu olmayan Ağagül də əsəbiləşib, Adili - Abışı söyüb:

- Alə, sən niyə kişi olursan? Gedib qoruyaydın da kəndinizi. Nəsillikcə kəndinizi qoyub qaçmışdınız Bakıya... Mən isə bakılı ola-ola sizin kəndinizi qoruyurdum. Sonra da davasız - şavasız kəndi verdilər dığalara. Mən də onlara deyəndə ki, kəndi qoyub arvad kimi hara qaçırsınız, elə özümüzünkülər məni vurub yaralardılar... Alə, mənim pulum var sənə verməyə? Alə, anası göyçək...

Elə bu sözlərinə görə də Ağagülü, ordaca tutub, salmışdılar türməyə fərari adıyla. Guya Ağagülün, Abış - Adilə “anası göyçək” deməsi çox yer eləyib ona. “Aydan arı, Sudan duru” olan anasına Ağagul niyə yalandan şər atıb. Belə söz gəzirdi ki, bu yaxınlarda amnistiya olacaq, Ağagülü də əfv edəcəklər.

Hə onu deyirdim axı. Həsənulla, Ağababaya heç nə deməmişdi. Nə “hə”, nə də ki, “yox”. Bir saatdan sonra isə Əminə xanım onu çağırtdırmışdı. Həsənullaya o qədər pul vermişdilər ki, o, anadan olandan bu qədər amerika dolları görməmişdi, daha doğrusu bu qədər dollar əlində tutmamışdı. Ona görə də sevincindən dili tutulmuşdu. Atasının sevincdən dili tutulduğunu görən həmin qıyıq göz oğlu da o dəqiqə demişdi:

- Mı soqlasnı. Da, oteçs? (Biz razıyıq. Hə, ata?)

Həsənulla da sevinc və təəcüblə gah oğluna, gah da əlində tutduğu dollara baxıb, həm başını dəfələrlə yellətməklə, həm də dililə demişdi:

- Da. Soqlasen. Ya nikoqda ne videl tak mnoqo dollar... (Hə. Razıyam. Mən heç vaxt bu qədər dollar görməmişəm.)  Ona görə də Həsənulla qonşusu Ağababaya yazıq-yazıq baxıb deyirdi:

- Ya nevinovat. Ağababa, əzizim, jizn zastavil... ( Mən günahkar deyiləm. Ağababa əzizim. Həyat məni məcbur elədi.) Həsənulla  oğlu  qıyıqgözlə Xantı-Mansıya  gedən gününsəhəri Əminə xanım da əmr verib, Həsənullanın köhnə həyəti ilə, Ağababanın həyəti arasında düz beş metrlik hasar hördürüb. Hasarın bu tərəfındə də bir tövlə tikdirmişdilər. Orada da atlar saxlayırlar. Atların da peyninin iyi gedirdi Ağababagilə... Məsələ bundadır ki, Bəşir müəllimlə, Kələntər müəllimindi meylrini salmışdılar ata. Ona görə də iki baş, cins at almışdılar. Səhər-axşam, həmin atları minib, ovçu paltarları geyinib, qoşalülə tüfəngrini götürüb, gedirr dənizkənarına ova. Yanlarında da həmin o Dolça. İti də nə təhər öyrətmişdirsə ova gedəndə də, qayıdanda da Dolça düz Ağababagilin evrinin qabağında dayanıb, hürürdü onlara sarı. Ağabacın da dişi bağırsağını kəsirdi. Lakin Ağababanın, gəlinrinin, uşaqlarının, nəvərinin yanında heç nə deyə bilmirdi. Ancaq tək olanda, həmin biədəb söyüşünə bir-iki əlavə də eləyib, Əminə xanımın qarasına deyirdi:

- Vay ciyərüvüz yansın, sizün! Yansın ciyərüvüz! Köpək uşağı, əclaf uşağı əclaf! Bu fahişənin hikkəsinə bax ey... Hə utanmaz-utanmaz evdə də iki kişi saxlayır... Üstəlik bir-birinə qoşub ova da göndərir. Həyasızlığa, dərəbəyliyə bax ki, iti də bizə hürdürür. Bu fahişədə gücə, hiyləyə bax ki, kəndin yarısının ev-eşiyini aldırıb qohum-əqrabasına. Dörd yanımız hamısı bunun qohum-qardaşlarıdı. Tayfasıdı. İydəyənidi. Belə getsə deyəsən bizi öz kəndimizdən vısılka etdirəcəkr!..

Deyəsən Ağabacının bu axırıncı sözri günrin bir günü çin oldu. Belə ki, günrin bir günü Adil-Abış sevincək evə gəlib dedi:

- Vsyo, mamaşa, mən artıq arzuma çatdım.

- Nə arzun mama qurban, - deyə Əminə xanım soruşdu.

- Bu gün axır ki, qərar verildi. Qərar verildi ki, kəndin bizim evimizdən o yandakı evri sökülsün və yerində beynəlxalq standartda cıdır meydançası, stadion tikilsin. Bundan sonra dünyan hər yerindən bura cıdır yarışına gəcəkr. Cıdır oyunları keçiricək. Dünyanın milyonerləri qumara pul qoyan kimi, yarışan atlara da pul qoyacaqlar. Yığılan pulların da bu başdan iyirmi beş faizi olacaq bizim. Kim qalib gəlsə, o da iyirmi bez faizini verəcək bizə. Təsəvvür eyirsən təkcə bir oyundan biz nə qədər dollar qazanacağıq?..

- Nə qədər? - deyə, Əminə xanımın gözləri, pişik siçan görəndə necə parıldayırsa, elə parıldadı.

- En qədər, - deyə Adil-Abış sevincək qışqırdı:- En qədər!.. Bəşir müəllim sevinc oğlunu qucaqladı.

- Malades! Oğul belə olar ey.

-  Mənim yetirməmdi, mənim tələbəmdi, - deyə Kələntər müəllim də əlini sinəsinə vurdu.

- Sabah da mənə general rütbəsi verirlər, - deyə Adil-Abış bir az da ucadan qışqırdı.

- Nə? Necə? General balama maması qurban, - deyə Əminə xanım sevinclə oğlunu qucaqlayıb, öpdü və çırtma çalıb yekə bədənini əsdirdi. Sonra Bəşir müəllimə, Kələntər müəllimə baxıb dedi:

- Bu isə mənim tərbiyəmdi. Hamıyla tez dil tapmağı, öz xeyri üçün yaxşıca rola, qılığa girməyi də ona mən öyrətmişəm. Maması qurban general balama.

... Həmin gün Əminə xanımın bu dörd mərtəbəli qəsrə oxşar evində böyük bir ziyafət oldu. Çoxlu paqonlu, paqonsuz Adil-Abış kimi yekəpərlər gəlmişdi bu ziyafətə. Özü də hamısı xarici maşınlarda. Kənd yaranandan bu günə kimi bu qədər xarici maşın, belə yekəpərlər görməmişdi... Yeyib-içəndən sonra həmin yekəpərlər, bazburtlular çıxıb kəndi piyada gəzirdilər. Gecənin sakitliyində onların səs-küyü, gülüşləri kəndi başına götürmüşdü. Adil-Abış da onlara cıdır meydançasının, stadionun harada olacağı, oturacaqların harada yerləşəcəyini, restoranların, mehmanxanaların, saunaların, qumarxanaların, disko barların harada tikiləcəyini həvəslə danışır və göstərirdi. Dostları, şərikləri də ona diqqətlə, maraqla qulaq asır, hər biri də öz fantaziyalarında, təxayüllərində dünya standartlarına uyğun böyük bir əyləncə mərkəzi yaradacaqlarını və burdan milyonlarla pul qazanacaqları fikirləşirdilər. Elə bir əyləncə mərkəzi ki, bütün dünyada məşhur olacaq. Bütün dünya milyonçuları, Adilə-Abışa və onun dostlarına paxıllıq eləyəcəklər. Hətta mənfur qonşularımız olan erməni gavurla da... O gavurlar ki, sonra məcburən Bəşir müəllimgilin həmin o boz dağın ətəyindəki kəndlərini yalvar-yaxarla onlara qaytaracaqdılar ki, təki Adil-Abış icazə versin həmin erməni gavurları da gəlib cıdır yarışlarında iştirak eləsinlər... Onsuz da müharibədə  Azərbaycan əsgərlərinin qarşısında duruş gətirə bilməyib, Qarabağı verməyə məcbur olmuşdular. Bu gün-sabah Zəngəzur yolu da açılacaqdı. Zəngəzurdan da Abış-Adilgilin kəndlərinə, dədə-baba yurdlarına çox az bir yol vardı.

… Kənddə isə Adilin-Abışın və dostlarının bu planlarından, bu oyunlarından heç kimin xəbəri yox idi. Çünki artıq gecənin yarısı idi. Kənddə hamı yatmışdı. Şirin yuxu görənlər də vardı. Həmin yuxuda çoxlu pul qazananlar, Əminə xanımın evi kimi imarətlər tikənlər, özünə yaxşı gün-güzəran düzəldənlər, uşaqlarının qarnını doydurmaq üçün çörək qazanmaq arzusu ilə yaşayanlar da vardı... Bunlar hamısı şirin, rəngli yuxular, xəyallar idi... Bəli, kənddə hamı yatmışdı. Heç kimin, heç nədən xəbəri yox idi. Xəbəri yox idi ki, sabah onların kəndləri və özlərinin taleləri ilə nə baş verəcəkdi...

Guya xəbərləri olsaydı neyləyəcəkdilər?.. Hakimiyyət də, pul da, güc də, zor da Abış-Adilgilin əlində idi. Onların qabağında ölkə başçısı belə acız idi. Bu tarpatrupun qabağını isə heç kim ala bilməzdi. Heç bəlkə nözənbillah Allah özü də...

 

Sumqayıt  şəhəri,  aprel - oktyabr 2000-ci il.

Bəzi əlavələr 27 may 2023-cü ildə olub.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə  yaşayan Hüseyn Səlahlıdır.

 

Hüseyn Səlahlı

Təbriz

 

III

Cır-cır edir taxtalar

Püflənməyəcək qədər toz var üstümdə. 

Dizlərimdə ola bilər

Bir qrup uşaq mənə sarı qaçırdı.

Səhnəyə çıxmağıma dözə bilmirdilər.

Hoqqa qutuma göz tikmişdilər və mənsə kilidsiz.

Bir xırda pul,

Gözlərini bağla, aç.

İki xırda pul,

Hansını qulaqlarının dalında gizlədim?

Hansını atım göylərə?!

Quş işarətlini qara saçlarının arxasında gizlətdim.

Nə parlaq sırğadır?

Elə bir dovşanı çıxartmalıyam.

Saçları qədər ağzı da qaradır.

Dörd dənə dişi yox idi

Quş işarətlini göyə atıram.

Hansı başmağımı ilk bağlamalıyam?

Bir fırlanır,

Gözlər ona dönür və mən əyilirəm.

Bir əlim sərbəst,

Bir gözüm qızda.

Gülüşləri, dişləri olmayan ağız

İçdən gələn tüpürcəklərinin içi də saçları kimi qara idi.

Əlimin qabarlarına dolur (Bir şeylər becərir)

İki fırlanır.

Balcığımı palçığa basıb, palçığı balcığıma atıram.

Bağcığıma balcığımın palçığı bulaşır.

Dərinliklərinə yendikdən biri təmiz olmayan əllərim ilə bağlayıram.

Örnəyin mən və mən.

Örnəyin sən.

Bağcığmı palçıqdan keçirirəm,

Saymazcasına üstümə silirəm.  

Bağlayıram boğazıma yaraşan düyünü saqqallarım ilə,

Palçığı silmək üçün (Silirəm).

Və üç də yerə düşür, saf.

Tələm-tələsik, qutumu aça bilmirəm.

Bir dəstə bibisiz kart,

Yoxdur, heç nə yoxdur.

Ayağımı bəndə qoyub düşürəm.

Önümdə o,

Əli qulağında,

Əlində dovşanım.

Və mən barmaqlarımda sırğa

Məndən gedənsə dörd diş,

Qolumdan qaçan dovşan və

Məndən qalansa onun önündə dörd diş.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Sumqayıt- 75 layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə “Ədəbiyyat və incəsənət” portalının birgə "Tanınmış qələm adamları" layihəsinin bu günkü qonağı AYB Sumqayıt bölməsinin nəzdində fəaliyyət göstərən "Turan" ədəbi məclisinin həmsədri, şair- publisist, yazıçı-tərcüməçi Rəfiqə Şəmsdir.

 

Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir. 

 

-Necəsiz,Rəfiqə xanım?

 

-Təşəkkür edirəm. Allah deyib durmuşuq.

 

-Bu il Sumqayıtımızın 75 yaşı tamam oldu. Sizin bu şəhərin təhsil sistemində gördüyünüz işlər, qazandığınız nailiyyətlər danılmazdır. Bunu necə bacardınız?

 

-Mən Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakultəsinə ən yüksək balla daxil olub, əla qiymətlərlə bitirmişəm. Ölkənin ən savadlı elm adamlarından- F.Qasımzadə, İ.Şıxlı, Ə.Dəmirçizadə, A.Qurbanov, X.Məmmədov kimi dünyaşöhrətli akademik və yazıçılardan dərs almışam. Bu şəhərə 1974- cü ildə təyinatla qərib qonaq kimi Bakıdan gəlmişəm. Təhsil aldığım müəllimlərimin sayəsində elmin bütün sirrlərinə yiyələnmişəm və aldığım bilgiləri şagirdlərimin beyninə köçürmüşəm. Pak və təmiz əqidəylə xidmət edib, yaşamışam. Şagirdlərimin mənə olan sevgisi, inamı durur böyük uğurlarımın kökündə. Onlarla apardığım rəngarəng tədbirlərin müsbət  nəticəsi Təhsil Nazirliyinin yuxarı səlahiyyətli şəxslərinin diqqətini çəkmiş və əməyim dönə -dönə Fəxri fərman və diplomlara layiq görülmüşdür. Bir sözlə bütün uğurların qarantı kimi zəhmət və vicdanı görürəm. İş təcrübəmi Sumqayıt məktəblərində yaydılar. Məsul vəzifələrə irəli çəkildim. Sumqayıt Təhsil Şöbəsinin inspektoru kimi Moskva, Ukrayna məktəblərinin iş təcrübəsini, müsbət ənənələrini Sumqayıt məktəblərinə gətirib, təhsildə böyük uğurlara imza atdıq.

 

-Siz həm də AYB Sumqayıt bölməsində fəaliyyət göstərən "Turan" ədəbi məclisinin həmsədrisiniz. Hansı işləri görmüsünüz?

 

-Mən təhsil sektorunda işləməklə yanaşı bədii yaradıcılıqla da məşğul olurdum. Respublika, Sumqayıt mətbuatında gedən yazılarımla tanınırdım. AYB Sumqayıt bölməsinin sabiq sədri Sabir Sarvanın əlinə kitablarım hardansa keçmişdi, şeirlərimi oxumuşdu. Məni yanına çağırdı. Mənim AYB üzvlüyünə namizədliyimi irəli sürdü. Mən tərəddüd etsəm də, o, öz fikrində israrlı idi. Beləliklə, mən bölmə yarananda AYB- yə üzv seçilən ilklərdənəm. Bölmə yaranandan bölmənin nəzdində ədəbi dərnəklər fəaliyyət göstərirdi. O, mənə "Zərif " qadın ədəbi məclisinin sədri olmağı təklif etdi. Bu dəfə dinmədim. Bildim ki, faydası olmayacaq. Xeyli işlər gördük. Sonra " Turan" ədəbi məclisinin sədri olmağı mənə təklif etdi. Biz " Turan" ədəbi məclisi üzvlərinin əsərlərini mətbuatda, almanaxlarda çap etdirir, onların ad günlərini, kitab təqdimatlarını keçirir, məktəblərdə görüşlərini təşkil edirdik. Pandemiya dövrü bəzi məhdudiyyətlər qoyulsa da, tədbirlər onlayn şəkildə keçirilirdi.

Hazırda AYB Sumqayıt bölməsində demək olar ki, yeni "era" başlayıb. Mərhum şair Sabir Sarvanın işini davam etdirən, arzularını gerçəkləşdirməyə çalışan yeni sədr Gülnarə Cəmaləddin böyük masştablı tədbirlərə start verib, böyük uğurlara gedən yoldadır.

 

-Siz Sovet dövrünün insanısınız. O dövrün adamları elə bil alayı cür idi. İstər təhsilə, elmə, insanlığa, şeirə, poeziyaya münasibət tamamilə fərqli idi, razılaşırsınız?

 

-Bəli. Bunun səbəbini mən dünyada gedən siyasi, iqtisadi proseslərin dəyişməsində, SSRİ-nin dağılması, milli dəyərlərin Avropa dəyərləri ilə qovuşması, ölkədən xaricə böyük axın, təhsilimizin qarışıq bir dönəm yaşaması, eləcə də intellekt makinalarının, texnologiyanın düzgün istiqamətləndirilməməsi və s. sahələrdə görürəm.

Milli dəyərlər sistemini işə salmaq, öz milli adət- ənənlərimizə dəyər vermək, dərsliklərdə ciddi dəyişikliklər etməklə biz bu halların qarşısını almağa çalışmalıyıq.

Humanist qanunlarla yanaşı, müəyyən qadağalara da yer verməyi bacarmalıyıq.

Müəllim- valideyn münasibətlərinə əl gəzdirilməliyik. Müəllimin  nüfuzunu qorumalıyıq.

 

 -İnsan yoxdan yoxa çəkilən ən ali varlıqdı. Və bunu bilə- bilə pislikdən də əl çəkmir. Sizcə niyə?

 

-Bəzən elə suallar olur ki, onların cavabı da elə özü qədər güclü olur. Yoxdan var olan insan yaradanın möcüzəsidir. Varlığı mümkün insanın yoxluğu da elə Onun möcüzəsidir.

Bir gün yoxa çıxacağını bilən insan dünyadan ikiəlli yapışmaqla uşaqcasına ömrünün uzanacağına ümid edir.

 

 -Adamlarla ara məsafəniz nə qədərdir?

 

-Ara məsafə saxlamaq əslində insanlardan ehtiyatlanmaq, onlara güvənməməyin doğurduğu xofdur. Məncə əvvəl insanları yaxına buraxmaq, onların yaxşı və pis keyfiyyətlərini öyrənib, imkan daxilində onların islah olunmasına yardım etmək lazımdır. Əgər islahedilməzdisə, o zaman məsafə saxlamaq haqqında düşünməyə dəyər.

 

 -Hər kəslə səmimi olmaq mümkündür?

 

-Əslində səmimiyyət insanları bir-birinə yaxınlaşdıran, dərdini, acısını bölmək imkanı verən insani hissdir. Lakin içinizdə "gün üzünə" çıxarılması mümkün olmayan sirrləriniz varsa, səmimiyyətə sədd qoyun. Əks halda doğulduğunuza peşman ola bilərsiniz.

 

-Sizinçün dünyanın başlanğıc nöqtəsi  və son ucu?

 

-Mənim üçün həyatın başlanğıcı ilk dəfə anamın üzünü gördüyüm andır. Son ucu isə hər şeydən əl üzüb, dünyaya arxa çevirdiyim andır.

 

-Alın yazısına inanırsız? Alnımıza yazılanları oxuya bilsəydik görəsən nə baş verərdi?

 

-Əlbəttə! İnsanın bütün cismi Allah sözüylə yazılıb, amma alnında Allah sözü yox, onun bəndəsinə verdiyi qədər- tale yazılıb. Alın Onun möhürüylə möhürlənibsə, Onun yazdığını yaşamağa məhkumuq.

İnsan xərçəng xəstəliyinə tutulanda öləcəyini bilir, çarəsizliyini də bilir, qədərdən qaçılmaz olduğunu dərk edib dözür. Alnımıza nə yazıldığını bilsəydik də yenə  dözəcəkdik, mənə elə gəlir.

 

-Sevgiyə inanırsız?

 

-Sevgiyə inamım birmənalı deyil. Bunun izahı uzun məsələdir. Amma az da olsa inamım var. Sevgi hörmətə çevriləndə, hər iki hiss culğaşıb, ilahi eşq yox sevgi yarada bilir.

 

"Məndə Məcnundan füzun aşiqliq istedadı var, Aşiqi- sadiq mənəm, Məcnunun ancaq adı var” misraları artıq arxivə çevrilmək üzrədir. Az olana da qane olmaq gərək.

 

-Təzədən dünyaya gəlmək imkanınız olsaydı yenə də bu taleyin övladı olmağı seçərdiniz?

 

-Əsla!

 

 -Sumqayıtın sizin həyatınızda rolu və yeri?

 

-Ömrümün 50 ilini Sumqayıta bağlamışam. Bu şəhərdə çoxlu dostlarım var, yetirmələrim var, onların sayəsində xöşbəxtəm bu şəhərdə.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

 

-Bəli! Bu sual məni çox əvvəllərə apardı. Şəhərimizin başçısı cənab Zakir Fərəcovun şairlərlə ilk görüşünü xatırladım. Poeziya Evində onun əMən şairlər qarşısında söz deməyə ehtiyatlanıram. Onlar söz xiridarlarıdırlar" deməsi bu mötədil insanın təvazökarlığı, ədəbiyyata, şeiriyyətə verdiyi yüksək qiymətin ifadəsidir.

Bildiyim qədəriylə o, çox kitabsevərdir. Buna bir neçə dəfə şahidlik etmişəm. Yaxşı kitabların axtarışında olduğunu bəzi məqamlardan duymuşam. O da mənim əməyimi dəyərləndirib xeyli əvvəllər, sağ olsun! Ümumiyyətlə, yaradıcı adamlara verilən  qiyməti elə mənə verilən qiymət kimi dəyərləndirirəm.

 

 -Ömürün hansı fəsli daha gözəldi?* 

 

-Hansı fəsil səni xöşbəxt edən anlarla boldursa, elə o fəsil. Amma şeir yazmaq üçün  ən gözəl fəsil payız fəslidir. Payız duyğu, düşüncə fəslidir.

 

-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?

 

-Tamamən. Mərhum Sabir Sarvan kimi ciddi bir şairin yanında püxtələşən, onun böyük etimadını qazanan Gülnarə xanım kimi bir şairə, o yerə hər kəsdən çox haqq edir. Onun dövri mətbuatda, kitablarda və almanaxlarda  çap edilən şeirləri, həmçinin hələ yüzlərlə işıq üzü görməyən yazılarının ilk oxucusu kimi mənə  bunu deməyə əsas verir ki, AYB Sumqayıt bölməsi etibarlı əlllərdədir. Ona bu yolda uğurlar arzulayıram.

 

-Dünyanın rəngi necədi sizcə?

 

-Dünyanın rəngi "Ührəvi" - yəni rənglərin harmoniyasıdır. Kimə necə görünürsə, elə o rəngdədir.

 

-Ruhunuzun rəngi?

 

-Ruhumun rəngi - Bəyazdır.

Bədənimin ekizidir. Zamanı gələndə məni tərk edib, " Ağ yolla" bəyaz tüstü kimi göyə üz tutacaq.

 

-Sumqayıtın 75 illiyi ilində arzu və təklifləriniz?

 

-Sumqayıt mənim üçün doğma şəhərdir. Onun necə böyüyüb inkişaf etdiyinə 50 il şahidlik etmişəm. Onu dirçəldənlərə təşəkkürümü bildirir və bu gözəl şəhərimizə əbədiyaşarlıq arzu edirəm.

 

“Ədəbiyyat və incəaənət”

(09.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.