“Ədəbiyyat və incəsənət” portalı III Gəncə Kitab Sərgisinin təşkilatçısı olan Azərbaycan Nəşriyyatlar Assosiasiyası İB-nin sədri Şəmil Sadiqin sərgidə baş verən çox diqqətçəkən bir olayla bağlı qeydlərini təqdim edir.
III Gəncə Kitab Sərgisinin açılışı gününün son saatlarında tələbəlik dostum, dəyərli ziyalımız, Gəncə Aqrar Uiversitetinin rektoru Zəfər Qurbanov zəng etdi ki, cənab nazirlə sərgiyə gəlirik. Rektor təyin olunandan tələbələrin sevimlisi, univetsitetin elmi potensialının yüksəlməsinə daim xidmət göstərən Zəfər müəllim hər sərgimizdə iştirak edirək bizi şərəfləndirir!
Açığı, o, “cənab nazir” deyəndə ilk ağlıma gələn təhsil naziri oldu… Amma gələndə məlum oldu ki, Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov qonağımızdır. Etiraf edim ki, adətən, bu cür tədbirlərdə, rəsmiləri sərgi ilə tanış edəndə çətinlik çəkirəm… Niyəsini siz təsəvvür edin, mən Məcnun müəllimdən danışım sizə. Bütün stendləri səbirlə, bir kitabsevər kimi gəzdi. Həm də necə… Kitablara baxır, sorğu-sual edir, seçdiyi kitabları alır. Hətta kitablara baxa-baxa arada telefonuna göz atır. Sonra bizə məlum olur ki, bütün kitabxanasını telefonda katoloqlaşdırıb, hansılar var, hansıları oxuyub, baxır, yenidən satıcı ilə dialoqa keçir. Bizim stenddə mən həvəslə Xatirə ədəbiyyatı seriyamızı təqdim edirəm, deyir, bəli, 55 cildi var bunun, ardı çıxıbsa, verin… Naşirlər bir-birinin üzünə baxır… Sanki gözləri ilə deyirlər ki, belə də nazir olar?! Çünki alışmadığımız durumdur… Sonra Teas presə yaxınlaşırıq, Rəşad həvəslə kitablar təqdim edir, bunu almışam, bunu çoxdan oxumuşan, bu seriya da var… Kataloquna baxır, hə, bu seriya yoxdur…
Sonra Çapar nəşriyyatını soruşur…
Bildiyiniz şokdayıq…
Yaza-yaza düşünürəm ki, biz niyə bu qədər təəccüblənirik, ilahi, axı niyə…
Bir nazir səfərdə olarkən eşidə ki, kitab sərgisi var, yolüstü ora vaxt ayıra bilməzmi?
Bəyəm bir nazir kitab oxuyan ola bilməzmi?!
Bir nazir heç bir hədiyyə kitab qəbul etməyərək, özü ala bilməzmi?
Bir nazir nəyi və niyə oxuyacağını özü müəyyən edə bilməzmi?!
Bir nazir kitabla bu qədər yaxın təmasda ola bilməzmi?
Bir nazir Bakıdakı növbəti sərginin nə vaxt keçiriləcəyini öz qeyd dəftərinə yaza bilməzdimi?
Bir nazir hansı nəşriyyatın hansı mövzulu əsərlər çap etdiyini bilə bilməzdimi?
Bir nazir, bir məmur…
Bu günümüzə rəng qatdığı və sözün əsl mənasında bizi təəccübləndirdiyi üçün hörmətli Məcnun müəllimə və Zəfər müəllimə dərin təşəkkürlərimi bildirirəm!
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)