“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
2-ci məşğələ
«Uğur» nədir? Uğur simvolları hansılardır?
«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.
«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.
Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).
İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).
Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.
Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq, yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.
Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!
Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.
Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.
Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.
Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.
Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.
Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.
Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.
Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.
Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.
Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.
Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.
Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.
Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).
Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.
Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.
Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?
Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.
Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?
Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.
42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.
Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)